A SİMSAR
Salam olsun, sənə şanlı ixtiyar!
Mizrab tutan əlin, qolun var olsun!
Şükür, əlindədir külli-ixtiyar!
Mizrab tutan əlin, qolun var olsun!
* * *
Nə deyim, a simsar, elə sim sarı,
Simsar sinsidərmi, belə simsarı,
Hələlik dönüş var, hələ sim sarı,
Mizrab tutan əlin, qolun var olsun!
* * *
Rəvamıdır, bu edilən Ustaca!?
Diqqət istər sim sarıyan ustaca…
Al dil ilə deyər halın ustaca,
Mizrab tutan əlin, qolun var olsun!
05.02.2021. Bakı.
BƏRK YAPIŞ
Ay Zaur, deyirlər ən yaxşı vaxtdır,
Bir az daha qeyrət, güləş, bərk yapış!
“İgid odur, atdan düşə, atlana.”
Bu işdə dönüş yox, dirəş, bərk yapış!
* * *
“Kor qızın baxtı”ndan yeyindi baxtın,
İlikdən tacın var, sümükdən taxtın,
Olmasa da adan, ya da ki, “yaxt”ın,
Olanları qoru, çalış bərk yapış!
* * *
Ay Ustac, bilirsən, yastığın üç gül,
Göydə ulduz sayır basdığın müşkül,
Bir türlü dolmayır asdığın kəşkül,
Haqqın ətəyindən sallaş, bərk yapış!
HÜSNÜ PÜNHANA
(birinci şeir)
İsmipünhan deyib, yazıb şairlər,
Mənim müsahibim hüsnü pünhandı.
Səmimi, mehriban, həm zarafatcıl,
Mənim müsahibim hüsnü pünhandı.
* * *
Ürəyi yuxadı, xasiyyəti xoş,
Nəyi var, nəyi yox, verər, deyər:-“Nuş”!
Camalın gizlədib, deyir:- “Nəğmə qoş”!
Mənim müsahibim hüsnü pünhandı.
* * *
İsmin bağışlayıb; “Nurlu ləçəkdi”,
Cənnət bağçasında şehli çiçəkdi,
Ustacam, bu iş də bir görəcəkdi,
Mənim müsahibim hüsnü pünhandı.
07.10.2021. Bakı.
Müəllif: Zaur USTAC,
“Yazarlar” jurnalının baş redaktoru,
şair-publisist.
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru