HƏYATINA ŞÜKRAN (Nəşr olunmuş yeni kitabımın qısa təqdimatı) Nəşr olunmuş yeni kitabım Cəlilabad ədəbi mühitinin dəyərli nümayəndəsi, yazıçı-şair Sakit Üçtəpəlinin əziz qızı Şükran xanım İsazadəyə həsr olunmuş bir qısa təqdimat və xatirə kitabçasıdır.
Kitabın adı: “Həyatına Şükran” (Əzizimiz Şükran xanımın qısa, amma gözəl həyat xatirəsi) Müəllif: İlqar İsmayılzadə Naşir: “Həməşəra” Mətbu Orqanı, Cəlilabad Çap: “Qazi” Çap Mərkəzi Nəşr olunduğu il: 2026 Çap növbəsi: Birinci Kağız formatı: 60×90 1/16 Səhifə sayı: 52 səhifə.
Kitab barədə: Bu kitab Cəlilabad ədəbi mühitinin tanınmış və dəyərli nümayəndəsi, şəhid qardaşı, “Həməşəra” Fəxri Diplomu laureatı, ziyalı yazıçı-şair Sakit Üçtəpəlinin bu yaxınlarda itirdiyimiz əziz və sevimli qızı Şükran xanım İsazadəyə ithaf və həsr edilmiş qısa təqdimat və xatirə əsəridir. Kitab dəyərlimiz Sakit Üçtəpəli və eləcə də əzizimiz Şükran xanımın yaxınları və əzizlərinə bir növ təsəlli hədəfi ilə ərsəyə gətirilmişdir. Bu kitab el şairi və yazıçı Sakit Üçtəpəlinin ön sözü və müəllifin müqəddiməsindən sonra aşağıda göstərilən iki fəsildə tərtib edilmişdir: Birinci fəsil: Bioqrafik məlumat (Şükran xanım İsazadənin həyat yoluna qısa baxış); İkinci fəsil: Bir əzizin xatirəsi (Şükran xanım İsazadənin vəfatı ilə bağlı deyilənlər və yazılanlar). Həmin fəsildə vaxtsız dünyasını dəyişmiş əzizimiz Şükran xanım haqqında 30-a yaxın tanınmış ziyalı, pedaqoq, elm və incəsənət sahəsinin nümayəndəsi, xüsusilə də doğma elimizdən olan: Hacı Paşa Rüstəmov, Zülfi Vellidağ, Əfrahim Abbas, Şəhla Rəvan, Laləzar Əsədova, Seylan Abbas, Sevinc Şirvanlı, Aydan Nizamiqızı, Arzu Əyyarqızı, Gülbala Teymur, Ədalət Salman, Əlövsət Tahirli, Sakit Orduxanlı, Sakit İlkin (Yardımlı), İman Abdulla, Ehtiram Sevənli, Dadaş Bayramov, Adıgözəl Nuriyev, Qurban Əhməd, Azər Mirzə və s. tərəfindən qələmə alınmış başsağlığı, şeir və esse yer almışdır. Fəsilin davamında isə Şükran xanımın atası, yazıçı-şair Sakit Üçtəpəlinin əziz qızının yoxluğunda qələmə aldığı bir-birindən kədərli doqquz şeiri təqdim edilmişdir…
Təşəkkür və diləklər! Sonda dəyərlimiz yazıçı-şair Sakit Üçtəpəliyə əziz qızı və əzizimiz Şükran xanımın vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verir, Şükran xanıma ilahi rəhmət, əzizləri və yaxınlarına səbir diləyirəm! Eyni halda indiyədək işıq üzü görmüş sayca 52-ci məlum əsərimin nəşrində təmənnasız dəstək olmuş bütün dəyərli insanlara səmimi minnətdarlığımı bildirir, Ulu Tanrıdan onların hər birinə uzun, sağlam və mənalı-məsud ömür, işlərində davamlı uğurlar diləyirəm! Bu arada kitabın çapında xüsusi peşəkarlıqla zəhməti olmuş “Qazi” Çap Mərkəzi direktoru əzizlərimiz: Yasər İsmayılov və çap mərkəzinin əməkdaşı Nurəddin Hüseynova dərin təşəkkürümü bildirirəm!
İlqar İsmayılzadə, fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçıar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist 01.02.2026
Tanınmış şair, tədqiqatçı, araşdırmaçı-yazar Araz Yaquboğlunun yeni kitabı işıq üzü görüb. Məşhur Rəsullular nəslinin tarixindən bəhs edən kitabın ərsəyə gəlməsi prosesi barədə Araz Yaquboğlu belə deyir:
“Uzun illərdi üzərində işlədiyim, tədqiqatlar apararaq Rəsulluların tarixindən, dünənindən, bugünündən bəhs edən “Soyumuz, kökümüz, özümüz” adlı irihəcimli ensiklopedik bir kitabım “Elm və təhsil” nəşriyyatında çap olundu. Kitabda nəslimizin tarixi qəhrəmanları olan Məşədi Qasım və onun əmisi Hacı Balının hələ 1919-cu ildə Azərbaycan hökumətinin baş naziri adına vurduqları teleqramlar, xahişnamələr, ərizələr öz əksini tapmışdır. Bu tarixi sənədlər hətta 1918-1920-ci illərdə nəşr olunan “Azərbaycan” qəzetinin müxtəlif nömrələrində də çap olunmuşdur. Tarixin ən qanlı müharibəsi olan İkinci Dünya müharibəsinə nəslimizdən 15 nəfər səfərbər edilmişdir. Onlardan 6-sı müharibə zamanı həlak olmuş, 9-u isə veteran kimi doğulduqları vətənə qayıtmışlar. Sonrakı illərdə cəlb edildiyimiz Birinci və İkinci Qarabağ müharibəsində də Rəsullunun gəncləri silaha sarılaraq erməni işğalçılarına qarşı mübarizə apardılar. Ümumilikdə 28 nəfər Qarabağ müharibəsinə getmiş onlardan 5-i şəhid olmuşdur. Nəslimizin ilk şəhidi Abbas Qasımov, kəndimizin ilk şəhidi isə Yasif Kərimov olmuşdur. Hal-hazırda Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı, Vətən Müharibəsi Qəhrəmanı Namiq İslamzadə də bizim Rəsullular nəslindəndir. Rəsullular nəsli dəfələrlə doğulduqları kənddən deportasiya olunmuşdur. 1919-cu ildə 10 ailədən ibarət 47 nəfər, 1953-cü ildə 18 ailədən ibarət 88 nəfər, 1988-ci ildə isə 5 ailədən ibarət 32 nəfər deportasiya edilmişdir. Bütün bu sadaladıqlarım kitabda çox geniş şəkildə öz əksini tapmışdır. Kitabda ümumilikdə 200-ə qədər şəxs haqqında bioqrafik məlumat verilmiş, 250-dən çox fotoşəkil çap edilmişdir. O cümlədən bu şəxslərdən 1-i general, 9-u rəhbər işçi, 3-ü alim, 21-i müəllim, 8-i din xadimi, 2-si Qəhrəman ana, 7-si uzunömürlü, 43-ü müharibə iştirakçısı, 13-ü şair və 100-ə qədəri isə digər peşə sahibləridir. 408 səhifəlik kitabın əsas özəyini nəsil şəcərəsi təşkil edir. 75 səhifədən ibarət olan şəcərə təxminən 1838-ci ildən günümüzə qədər olan tarixi əhatə edir. İnanıram ki, bu istiqamətdə olan araşdırmalarımı davam etdirərək bu tarixdən öncəyə aid olan sənədləri də əldə edə biləcəm.”
“Yazarlar” olaraq, Araz Yaquboğlunu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!
OĞUZ TÜRKCƏSİNİN TARİXİ VƏ LEKSİK İNKİŞAFININ FUNDAMENTAL TƏDQİQİ
(Arzu Tofiq qızı İsgəndərzadənin “Tacəddin Əhmədinin «Cəmşidnamə» məsnəvisinin tekstoloji-linqvistik tədqiqi” monoqrafiyası haqqında)
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsi müasir dönəmdə respublikamızda türkoloji araşdırmaların intensiv aparıldığı bir mərkəz sayıla bilər. Hər il Türk dilləri şöbəsinin əməkdaşlarının türkologiyanın müxtəlif problemlərinə dair əsərləri işıq üzü görür. Şöbədəki tədqiqatlar əsasən iki istiqamətdə gedir: qədim türk dillərinin, türkdilli abidələrin tədqiqi ; müasir türk dillərinin müqayisəli tədqiqi.
Şöbənin gənc və istedadlı əməkdaşı Arzu İsgəndərzadənin tədqiqatları əsasən XIV-XV əsr türkdilli abidələrin öyrənilməsini və Anadolu türkcəsinin tədqiqini əhatə edir. Arzu xanınmın bəhs edəcəyimiz əsəri də bu dönəmin abidəsi olan “Cəmşidnamə” nin linqvistik təhlilinə həsr olunmuşdur.
Türkologiya elminin mühüm və aktual istiqamətlərindən biri orta əsrlər yazılı abidələrinin sistemli şəkildə öyrənilməsi, bu abidələr əsasında türk dillərinin tarixi inkişaf mərhələlərinin, dialektoloji və regional xüsusiyyətlərinin müəyyənləşdirilməsidir. Bu baxımdan Arzu Tofiq qızı İsgəndərzadənin 2025-ci ilin son günlərində “Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş “Tacəddin Əhmədinin «Cəmşidnamə» məsnəvisinin tekstoloji-linqvistik tədqiqi” adlı monoqrafiyası müasir türkologiyada mühüm elmi hadisə kimi qiymətləndirilməlidir.
Monoqrafiya AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının 17 noyabr 2025-ci il tarixli iclasının qərarı ilə nəşr olunmuşdur. Elmi redaktoru filologiya elmləri doktoru, dosent Qətibə Quliyeva, rəyçiləri filologiya elmləri doktorları Aygül Hacıyeva və Yadigar Əliyevdir.
Monoqrafiyanın əsas tədqiqat obyekti XIV–XV əsrlərə aid olan və oğuz türkcəsinin erkən yazılı nümunələrindən sayılan “Cəmşidnamə” məsnəvisidir. Müəllif bu abidəni yalnız ədəbi-bədii nümunə kimi deyil, tarixi-linqvistik faktlar toplusu kimi araşdırır. Əsərin İstanbul Universitetinin Nadir Əsərlər Kitabxanasında saxlanılan yeganə əlyazma nüsxəsi əsasında tədqiq olunması monoqrafiyanın elmi dəyərini daha da artırır.
Arzu İsgəndərzadə tədqiqat prosesində tarixi-müqayisəli, tekstoloji, paleoqrafik, leksik-semantik və təsviri-statistik metodlardan kompleks şəkildə istifadə etmişdir. Bu yanaşma təkcə “Cəmşidnamə”nin dilini deyil, bütövlükdə oğuz türkcəsinin formalaşma və inkişaf mərhələlərini izləməyə imkan yaradır.
Monoqrafiyanın türkologiya üçün ən mühüm töhfələrindən biri oğuz türkcəsinin XIV–XV əsrlərdə Anadolu coğrafiyasında ədəbi dil kimi formalaşma prosesinin elmi əsaslarla şərh edilməsidir. Müəllif göstərir ki, “Cəmşidnamə” həmin dövrdə ədəbi dil normalarının hələ tam sabitləşmədiyi bir mərhələnin məhsuludur. Əsərdə fonetik paralelizmlərin, variantlı yazılışların mövcudluğu bu prosesi açıq şəkildə əks etdirir.
Bu faktlar türkologiya üçün olduqca əhəmiyyətlidir, çünki onlar klassik türk ədəbi dilinin təşəkkül mərhələlərini konkret yazılı mənbə əsasında izləməyə imkan verir.
Monoqrafiyada “Cəmşidnamə”nin lüğət tərkibi geniş şəkildə araşdırılmışdır. Türkmənşəli leksika, arxaik sözlər, ərəb və fars mənşəli alınmalar ayrı-ayrılıqda sistemləşdirilmiş, onların funksional və semantik xüsusiyyətləri izah edilmişdir. Müəllifin gəldiyi nəticələrdən biri budur ki, əsərin türkmənşəli leksikası ümumxalq dili üçün səciyyəvi olmaqla yanaşı, bir sıra sözlər bu gün də müasir türk dillərində aktiv şəkildə işlənir.
Bu yanaşma ümumtürk leksik fondunun formalaşması, alınma sözlərin türk dillərində “vətəndaşlıq hüququ” qazanması kimi mühüm məsələlərin aydınlaşdırılmasına ciddi töhfə verir.
Əsərdə “Cəmşidnamə”nin dili “Qutadğu bilik”, “Divani-lüğət-it-türk”, “Kitabi-Dədə Qorqud”, “Codex Cumanicus”, “Dastani Əhməd Harami” kimi klassik türk abidələri, eləcə də Qövsi Təbrizi, Qazi Bürhanəddin, Nəsimi və Füzuli yaradıcılığı ilə müqayisəli şəkildə təhlil edilir. Bu müqayisələr türk dillərində tarixi dəyişikliklərin səbəblərini, dildaxili və dildənkənar amillərin rolunu üzə çıxarır.
Beləliklə, monoqrafiya oğuz türkcəsinin ümumtürk dil sistemi içində yerini aydın şəkildə müəyyənləşdirir.
Əsərin mühüm elmi yeniliklərindən biri də “Cəmşidnamə”nin leksik-semantik sistemində sinonimlər, omonimlər və antonimlərin geniş şəkildə təhlil edilməsidir. Müəllif bu leksik vahidlərin yalnız struktur baxımından deyil, üslubi və funksional dəyər baxımından da əhəmiyyətini göstərir. Bu yanaşma orta əsr mətnlərinin poetik və estetik imkanlarının dildə necə reallaşdığını ortaya qoyur.
Monoqrafiyanın nəticə hissəsində təqdim olunan ümumiləşdirmələr türkologiya elmi üçün mühüm istiqamətverici xarakter daşıyır. Müəllif əsaslandırır ki, “Cəmşidnamə” oğuz türkcəsinin tarixi leksikasını, fonetik və orfoqrafik xüsusiyyətlərini öyrənmək üçün etibarlı və zəngin elmi mənbədir. Əsər gələcək tədqiqatlar üçün möhkəm baza rolunu oynayır.
Arzu Tofiq qızı İsgəndərzadənin “Tacəddin Əhmədinin «Cəmşidnamə» məsnəvisinin tekstoloji-linqvistik tədqiqi” adlı monoqrafiyası müasir türkologiyada orta əsr oğuz yazılı abidələrinin öyrənilməsi sahəsində fundamental elmi töhfədir. Əsər oğuz türkcəsinin tarixi inkişafını, leksik-semantik sistemini və ümumtürk dil məkanındakı yerini müəyyənləşdirməklə türkologiya elmini yeni faktoloji materiallarla zənginləşdirir.
Bu monoqrafiya dilçi alimlər, türkologiya üzrə tədqiqatçılar, magistrantlar və doktorantlar üçün dəyərli elmi mənbə olmaqla yanaşı, klassik türk dili irsinin elmi əsaslarla öyrənilməsinə mühüm töhfə verir.
Belə gözəl və fundamental monoqrafiyanı yazıb ərsəyə gətirmiş Arzu İsgəndərzadə gələcəyinə çox böyük ümidlər bəslədiyimiz türkoloqlardan sayıla bilər. Türkiyə türkcəsini, əski Azərbaycan yazısını mükəmməl bilən Arzu İsgəndərzadə hərtərəfli bilik və savada malikdir. Bu əsər müəllifin ilk monoqrafiyasıdır. Lakin əsəri oxuduqca bir daha əmin oluruq ki, yaxın illərdə Arzu xanımın türkologiyamızı zənginləşdirən digər monoqrafiyalarının da işıq üzü görməsinə şahid olacağıq.
Arzu İsgəndərzadə həm gənc və istedadlı alim, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının ictimai həyatında fəal iştirak edən bir Azərbaycan gəncidir. Artıq bir neçə ildir ki, Arzu xanım Dilçilik İnstitutunun Gənc Alimlər Şurasına rəhbərlik edir. Rəhbərliyi dövründə institutun gənc alimlərinin bütün problemlərinin iştirakında gözəl təşəbbüsləri ilə çıxış etmiş, gənc alimlərin konfrans və tədbirlərinin keçirilməsində fəallıq göstərmişdir. Arzu İsgəndərzadə kimi gənc alimlərin belə dəyərli monoqrafiyalarını oxuduqca bir daha əmin oluruq ki, Azərbaycanda dilçilik elminin sabahı çox güvənli əllərdədir. Arzu Isgəndərzadə onlardan biri – birincisidir!
19 ADDA KITABIN TƏQDİMAT MƏRASİMİ və KONSERT PROQRAMI
22 yanvarda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Azərbaycan Dövlət Nəşriyyatı” və bp-nin birgə layihəsi ilə gözdən əlil oxucular üçün brayl əlifbası ilə nəşr olunmuş 19 adda kitabın təqdimat mərasimi Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 Nömrəli Respublika Xüsusi İnternat Məktəbində baş tutub. Kitab təqdimatında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, bp-nin Xəzər bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Brayl Nəşrləri İnformasiya Resurs Mərkəzinin direktoru, naşir Mayis Muradov və Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyn çıxış edərək layihənin reallaşması və əhəmiyyəti barədə düşüncələrini böllüşüblər. Daha sonra Sabirə Abdullayevanın aparıcılığı ilə iki hissəli konsert proqramı keçirilib. Birinci hissədə gözdən əlillərə həsr edilən mahnı və şeirlər Mütəllim Dəmirov, Yaqut Xəlilzadə, Fəxrəddin Salim, Zülfiyyə Qurbanovanın ifasında, Səxavət Məmmədov, Ağa Əliyev və Səid Cabbarlının müşayiəti ilə eşidilib, ikinci hissədə isə Gözdən Əlil Uşaqlar üçün 38 nömrəli Onbirillik Musiqi Məktəbin şagirdləri altı musiqi nömrəsi təqdim ediblər. Qeyd edək ki, brayl əlifbasında aşağıda adları göstərilən kitablar nəşr olunub: “Azərbaycan nağılları”, İsa Muğanna. “Kollu Koxa”, Anar. “Əlaqə”, Mövlud Süleymanlı. “Dəyirman”, Çingiz Hüseynov. “Adını demədi”. Əli Kərim. “Mavi nəğmənin sahilində”, Sabir Əhmədli. “Yamacda nişanə”, Yusif Səmədoğlu. “Soyuq daş”. Elçin. “Beş dəqiqə və əbədiyyət”, Musa Yaqub. “Payız tənhalığı”, Maqsud İbrahimbəyov. “Bütün yaxşılıqlara ölüm”, Səfər Alışarlı. “Dağlar bizə baxır”, Vaqif Səmədoğlu. “Qəmimizlə salamlaşaq”, Salam Sarvan. “Heykəl tənhalığı”, Aqşin Yenisey. “Zamandan qovulmuş”, Oskar Uayld. “Diqqətdən kənar qalan qadın”, Səbahəddin Əli. “Şüşə saray” Kobo Abe. “İstehkam”, Henrix Heyne. “Hars səfəri”. Layihənin rəhbəri “Azərbaycan Dövlət Nəşriyyatı”nın direktoru, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab Sənayesi Şöbəsinin sektor müdiri Xəyal Məmmədovdur, kitablar “Brayl Nəşriyyatı” və “Zərdabi-Nəşr” tərəfindən çap olunub. Nəşrlərin üz qabılarının müəllifi Ellada Səfərəliyevadır.
ADA Universitetinin rektoru, çox hörmətli Hafiz Paşayevin dəstəyi ilə Azərbaycan Hərb tarixinin və Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin əvəzolunmaz araşdırıcısı Şəmistan Nəzirlinin “QORİDƏN GƏLƏN QATAR” kitabı yenidən nəfis şəkildə çap olunub. Qeyd edək ki, Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi haqqında Şəmistan Nəzirlinin yenidən əldə etdiyi arxiv materialları da kitaba daxil edilmişdir. “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, İlham Pirməmmədov, İctimai Birliyin üzvləri və Qazax mahalının ziyalıları Hafiz Paşayevə Şəmistan Nəzirli irsinə göstərdiyi diqqət və qayğıya görə təşəkkür edir və minnətdarlıq edirlər.
P.S. Yaxın vaxtlarda kitabın təqdimatı keçiriləcəkdir.
Məşhur Özbək yazıçısı ilk dəfədir Azərbaycanda çap olunur
Məşhur Özbək yazıçısı Züleyxa Maşərifovanın kriminal-dedektiv janrda qələmə aldığı “İntiqam hissi” romanı Azərbaycanda “İmza nəşrlər evi” nəşriyyat-poliqrafiya müəssisəsi tərəfindən nəşr olunub. Bu, yazıçının Azərbaycanda nəşr olunan ilk kitabıdır. 384 səhifəlik kitab nəfis tərtibatla çapdan çıxıb. Züleyxa Maşərifova 1956-cı ildə Özbəkistanın Xarəzm vilayəti, Xəzərasp rayonunda anadan olub. 1975 – 1980-ci illərdə Daşkənd Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. Uzun illər vəkil və hakim kimi çalışıb. Özbəkistanda “Damğa”, “And”, “Qisas qoxusu”, “Dəhşətli evlilik”, “Dəli qadın söhbəti”, “Hər şeyin səbəbkarı anam”, “Etiraf edilən günah”, “Xəta”, “Maska”, Türkiyədə “Kabul edilen suç” adlı detektiv kitabları çap edilib. Kriminal-dedektiv romanı Azərbaycan dilinə tərcüməçi Rəhmət Babacan tərcümə edib. Kitab yazıçı Əli bəy Azərinin redaktorluğu ilə hazırlanıb.
Yeni kitab təqdimatı Bu günlərdə Cəlilabad ədəbi mühitinin xanım nümayəndələrindən olan, “Həməşəra” Fəxri Diplomu laureatı, dəyərlimiz şairə xanım Zeynəb Alıhüseynqızının sayca dördüncü şeir kitabı öz şəxsi vəsaiti hesabına işıq üzü görmüşdür.
Kitabın əsas məlumatları: Kitabın adı: “Şəhidlər” (Şeirlər, ağılar və mərsiyələr toplusu) Müəllif: Zeynəb Alıhüseynqızı Redaktor: Arzu Əyyarqızı (“Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi”nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, “Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi saytının idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, “Ziyadar” Mükafatı laureatı, şair-publisist) Məsləhətçi redaktor və ön söz müəllifi: İlqar İsmayılzadə (fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları Laureatı, tərcüməçi, araşdırmaçı, yazıçı-publisist) Naşir: “Elm və təhsil” nəşriyyatı, Bakı Nəşr olunduğu il: 2025 Çap növbəsi: Birinci Kağız formatı: 60×84 1/16 Səhifə sayı: 112 səhifə.
Kitab barədə: Bu kitab Zeynəb xanım Alıhüseynzqızının şeir və poeziya sahəsində oxucularının görüşünə gəlmiş sayca dördüncü kitabıdır. Bundan öncə onun 2017-ci ildə “Nə qədər sualım cavabsız qalıb” ilk, 2018-ci ildə “Allah, məni Əhli-Beytə dost eylə” adlı ikinci, bir müddət öncə isə “Ana sevgisi” adlı şeir kitabları çap olunmuşdur. Şair xanımın bu kitabında əsasən xalq şeiri üslubunda şəhidlərlə bağlı 60-dan çox şeirlər, ağılar və mərsiyələri yer almışdır. Tərəfindən və eləcə də Zeynəb xanım tərəfindən qələmə alınmış iki ayrı ön sözlərdən sonra kitabın birinci fəslində Qarabağ Savaşında canını qurban vermiş əziz şəhidlərimiz, ikinci fəslində isə Peyğəmbər və onun Əhli-beyti haqqında qələmə alınmış ədəbi nümunlər təqdim edilmişdir. Kitab Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, şair-publisist Arzu xanım Əyyaqrızı tərəfindən redaktə edilmiş, tərəfimdən isə məsləhətçi redaktor olaraq şeirlər üzərində müəyyən düzəliş və korrektor işləri həyata keçirilmişdir. Burada fürsətdən istifadə edib Cəlilabad ədəbi mühitinin nümayəndəsi Zeynəb xanım Alıhüseynqızını işıq üzü görən sayca dördüncü şeirlər kitabına görə səmimi qəlbdən təbrik edir, mənə göstərdiyi etimada və səmimiyyətə görə minnətdarlığımı bildirir, eyni halda ona uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram! Bu arada kitabın redaktoru, əzizimiz və dəyərlimiz Arzu xanım Əyyarqızına, eləcə də “Elm və təhsil” nəşriyyatına təşəkkürümü bildirir, onların hər birinə işlərində davamlı uğurlar diləyirəm!
İlqar İsmayılzadə fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları Laureatı, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist 08.01.2026
Nəşr olunmuş yeni monoqrafiya Nəşr olunmuş əsərlərimdən biri də bir neçə il öncə araşdıraraq qələmə aldığım, eyni halda Muğan tarixi və mədəniyyəti ilə sıx əlaqədə olan olduqca maraqlı bir monoqrafiyadır.
Kitabın adı: Maddi-mədəniyyət nümunələrində Svastika simvolu” (Maddi-mədəniyyət nümunələrində mövcud olan Svastika simvolu barədə araşdırma) Müəllif: İlqar İsmayılzadə Naşir: “Həməşəra” Mətbu Orqanı Çapxana: “Qazi” Çap Mərkəzi, Cəlilabad Nəşr olunduğu il: 2025 Çap növbəsi: Birinci Kağız formatı: 60×90 1/16 Səhifə sayı: 44 səhifə.
Kitab barədə: Odlar Yurdu Azərbaycanın bir parçası sayılan sirli Muğan ellərindən tapılmış bir sıra maddi-mədəniyyət nümunələri barədə araşdırma apardıqda, onların üzərində Svastika simvolunun mövcudluğu diqqət və maraq doğurur. Məlum monoqrafiya uyğun mövzuya həsr edilərək aşağıdakı fəsillər əsasında araşdırılmış və təqdim edilmişdir: Birinci fəsil: Svastika simvolu barədə ümumi məlumatlar; İkinci fəsil: Muğan diyarından tapılmış svastika simvolları; Üçüncü fəsil: Svastika simvolu müxtəlif maddi-mədəniyyət nümunələrində. Beləliklə də əziz oxuculara təqdim edilən bu araşdırmada yuxarıda qeyd edilən fəsillər əsasında svastika simvolundan söz açılmış, barəsində əhatəli məlumatlar verilmişdir. Bu monoqrafiyada həm də bu günədək Muğan ellərindən aşkarlanmış dörd Svastika sivmolları barədə fotoşəkillər və lazım olan izahlar da yer almışdır. Bu elmi əsərin qədim və sirli tariximizin qaranlıq səhifələrinə işıq sala biləcəyi ümidi ilə! Sonda indiyədək işıq üzü görmüş sayca 49-cu məlum əsərimin nəşrində təmənnasız dəstək olmuş dəyərli insanlara səmimi minnətdarlığımı bildirir, bu monoqrafiyanın qədim və sirli Muğan tarixi və mədəniyyəti ilə maraqlananlar və uyğun sahədə araşdırma aparan tədqiqatçılar üçün faydalı bir məxəz olacağına inanır, onu bütün səmimi və vətənpərvər insanlara ithaf edirəm. 09.12.2025
İlqar İsmayılzadə, fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, yazıçı-publisist
Etibar Həsənzadənin “Zəfərlərə doğru” kitabı işıq üzü gördü Kitab Etibarın “Qarabağ Azərbaycandır” layihəsi çərçivəsində nəşr olunan 3- cü ktabıdır və layhə çərçıvəsində Tovuz hadisələrindən başlayaraq Şuşa zəfəri də daxil olmaqla Etibarın yazmış olduğu bütün əsərləri, Azərbaycanın Milli Qəhrəmanları, Vətən Müharibəsi Qəhrəmanları, Baykar şirkətinin qurucusu Özdəmir Bayraktar, “Baykar Savunma” şirkətinin texniki direktoru, Baykar Makinanın ortaq sahibi Selçuk Bayraktar, Türkiyə, Azərbaycan və Pakistanın böyük dostluq və qardaşlığı haqqında geniş məlumatları əhatə edir. Kitabın üz qabığının tərtibatı Hikmət Əliyevə məxsusdur.
“BƏXTİYAR VAHABZADƏ ZİRVƏSİ. Elmi araşdırmalar toplusu” kitabı işıq üzü gördü
Vahabzadənin yaradıcılığına həsr olunmuş yeni “BƏXTİYAR VAHABZADƏ ZİRVƏSİ. Elmi araşdırmalar toplusu” kitabı işıq üzü görüb. Bu barədə SƏADƏT KƏRİMİ məlumat verib:
“Hörmətli ədəbiyyatsevər yurddaşlar! Qüdrətli Azərbaycan şairi, bütövlükdə Türk dünyasının görkəmli şairi kimi tanınan Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş yeni “BƏXTİYAR VAHABZADƏ ZİRVƏSİ. Elmi araşdırmalar toplusu” kitabı işıq üzü gördü. Kitabın elmi redaktoru, yayına hazırlayanı və ön sözün müəllifi Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru VAQİF SULTANLIDIR. Xeyirli və uğurlu olsun! Başda Vaqif müəllim olmaqla bütün müəllifləri və Bəxtiyarsevərləri təbrik edirəm.
Kitabda bir bölüm də mənə aiddir. Burada mənim “BƏXTİYAR VAHABZADƏNİN HƏYAT VƏ YARADICILIĞINDA LƏYAQƏT” adlı əsərim yer almışdır, səh. 80- 109. Ləyaqət anlayışı birmənalı deyil. Tədqiqatların (Nordenfelt 2004, 2009, Schroeder 2008, Sulmasy 2013 və b.) nəzəri hissəsində ləyaqətin dörd fərqli anlayışı ortaya çıxır: 1) sosial rütbə və mövqedən asılı ləyaqət (müasir dövrdə isə profesionallıq və kvalifikasiyalarla bağlı), 2) mənəvi mövqe ləyaqəti, 3) şəxsiyyət ləyaqəti 4) insan ləyaqəti. Bu dörd anlayışın hər biri Bəxtiyar Vahabzadə əsərlərində bir-birini tamamlayan, daim inteqrə olunmuş anlayışlar olaraq mövcuddur.”
Kitab haqqında Prof. Dr. VAQİF SULTANLInın (Bakı, Azərbaycan.) fikirləri:
“Bəxtiyar Vahabzadənin yaradıcılığı haqqında çoxsaylı araşdırmalar aparılsa da, onun bənzərsiz bədii irsi hələ də gerçək dəyərini almamışdır. Bu isə şairin yaradıcılığına dəyişən zamanın ədəbi-estetik dəyərləri bağlamında yanaşılması zərurətini şərtləndirir. Müəllifin poetik irsinin sadəcə milli ədəbi sferada deyil, bağlı olduğu böyük Türk mədəniyyəti kontekstində dəyər ləndirilməsi problemi isə fərqli yanaşma tərzi tələb edir. Bəxtiyar Vahabzadənin poeziyası uzun illər güncəlliyini qoruyub saxlayacaq, yeni-yeni nəsillərin mütaliə edəcəyi sənət örnəkləri kimi yaşayacaqdır. Oxucuların mühakiməsi nə verilən, elmi məqalələr toplusundan ibarət olan bu kitab mütəfəkkir şairin bədii portretinin kölgədə qalan bəzi qaranlıq məqamlarının canlandırılması niyyəti ilə yayınlanır.”
Siz də oxuyub fikirlərinizi bildirə bilərsiniz. Qeydlərinizi elə bu məlumatın şərh bölümündə yaza bilərsiniz. Biz dərc edəcəyik.