Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz Qara Yusif haqqında yazdığı iki kitabın birincisini- “Qara Yusif və Əmir Teymur” kitabını başa çatdırıb.
Müstəqil.Az xəbər verir ki, kitabda türk dünyasının böyük oğlu Qara Yusif barədə geniş ictimaiyyətə məlum olmayan məlumatlar əksini tapıb. Geniş araşdırma və tədqiqat işi olan kitabda Qara Yusif haqqında tarixi mənbələrə əsaslanmış həqiqətlər yer alıb. Kitabın müəllifi Yunus Oğuz qeyd edib ki, Qara Yusif haqqında yazmağa dəyər: “İki türkməndən biri Qaraqoyunlu, biri Ağqoyunlu, ikisi də eyni Azərbaycan tayfalarından olmaqla aralarında mübahisələr olub və ayrılıblar. Əvvəl Qaraqoyunlular dövlət yaradıb, sonra Ağqoyunlular. Hər ikisi diqqətə layiqdir”. Onu da qeyd edək ki, ikinci kitab “Qara Yusif və Teymurilər” adlanacaq. Xatırladaq ki, yazıçının onlarla tarixi romanı çapdan çıxıb. Onun əsərlərinin böyük əksəriyyəti xarici dillərə tərcümə olunub, bir çox kitabları xarici ölkələrdə çap edilib.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ortaq türk əlifbası ilə hazırlanmış ilk poeziya antologiyası “Elm” nəşriyyatında işıq üzü görüb
“Azərbaycan və Türk dünyası: ortaq əlifbada poeziya” adlı antologiyada Azərbaycan və Türk dünyası arasında tarixi və müasir ədəbi əlaqələr poeziya nümunələri vasitəsilə ortaq əlifbada təqdim edilib. Qeyd edək ki, nəşrdə istifadə olunan latın qrafikalı 34 hərfli ortaq türk əlifbası Beynəlxalq Türk Akademiyasının rəhbərlik etdiyi Türk Dünyası Ortaq Əlifba Komissiyası tərəfindən 2024-cü ildə Bakı şəhərində keçirilmiş toplantıda qəbul edilmiş yekun qərara əsaslanır. Antologiyada çap olunan hər bir türk xalqına aid bədii nümunələr yazıldığı türkcədə və ortaq əlifbaya uyğunlaşdırılmış şəkildə verilib. Nəşrdə Azərbaycan şairlərinin Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr, Tatarıstan, Başqırdıstan və İraq-türkmanları haqqında şeirləri Azərbaycan dilində, həmin türk ellərindən olan müəlliflərin Azərbaycan mövzusunda yazdıqları şeirlər onların öz türkcələrində yer alıb. “Azərbaycan və Türk dünyası: ortaq əlifbada poeziya” antologiyası AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin ideya müəllifliyi ilə hazırlanıb və “Türkoloji qurultayın dərsləri və zəfəri” adlı ön sözü ilə nəşr edilib. Kitabın tərtibçisi və redaktoru filologiya elmləri doktoru Mehman Həsənlidir. Kitabın tərtibatı üzərində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Pərvanə Kərimova, mətnlərin ortaq əlifbaya uyğunlaşdırılmasında isə Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Qətibə Quliyeva çalışıb. Kitabdakı şeirlərin bir çoxu Türk respublikalarının kitabxana fondlarından, digər resurslarından toplanmışdır və ilk dəfədir ki, bir kitabda nəşr edilir. Nəşr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı ilə başlayır. Akademik İsa Həbibbəylinin “Türkoloji qurultayın dərsləri və zəfəri” adlı ön sözündə Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyəti, son yüz ildə türkologiyanın inkişaf yolu və perspektivləri şərh olunur, latın qrafikasına keçid haqqında qəbul edilmiş qərarın əhəmiyyətindən danışılır. Antologiyanın ədəbi mətn hissəsi Azərbaycanın xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeiri ilə açılır. Nəşrin Azərbaycan-Türkiyə bölməsində Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” və Yavuz Bülent Bakilərin “Azərbaycan ürəyimdə bir şahdamardır” şeirləri verilmişdir. Azərbaycan-Özbəkistan bölməsində Xəlil Rza Ulutürkün “Özbəkistan” və özbək şairi Abdulla Aripovun “Azərbaycan” şeirləri yer almışdır. Antologiyanın Azərbaycan-Qazaxıstan bölməsində Zəlimxan Yaqubun “Əhməd Yəsəviyə Zəlimxan Salamı” və qazax şairi Ədilkərim Əhmədovun “Salam, Azərbaycan!”, Azərbaycan-Qırğızıstan bölməsində Xəlil Rza Ulutürkün “Azərbaycan–Türk Salamı” və qırğız şairi Alıkul Osmanovun “Paravoz”, Azərbaycan-Türkmənistan bölməsində Süleyman Rüstəmin “Aşqabad” və türkmənlərdən İtalmaz Nuriyevin “Azərbaycan” şeirləri oxuculara təqdim olunmuşdur. İlk dəfə olaraq Azərbaycan-Şimali Kipr bölməsində xalq şairi Qabilin “Kipr” və Kiprdən Mahmut İslamoğlunun “Hazar” şeiri diqqətə çatdırılır. Azərbaycan-Tatarıstan bölməsində Bəxtiyar Vahabzadənin “Abdulla Tukay” və qarşı tərəfdən Məhəmməd Mirzənin “Bakı-Kubarık Jil”, Azərbaycan–Başqırdıstan bölməsində Əli Nəcəfxanlının “Başqırdıstana” və Başqırdıstanın xalq şairi Mustay Kərimin “Xuş Kildeqez!”, Azərbaycan-Altay bölməsində Sabir Rüstəmxanlının “Oxu, Altay Gözəli” və Altaylardan Pasley Samıkın “Azerbaycan poeti Fikret Gocağa” şeirləri oxuculara çatdırılır. Azərbaycan-İraq-Türkman bölməsində isə xalq şairi Nəriman Həsənzadənin “Kərkük yaylağı” və Fevzi Əkrəm Tərzinin “Azerbaycan Destanı” şeirləri yer alıb. Kitabda Azərbaycan və Türk dünyasından hər ölkənin səhifəsində həmin respublikanın tarixi memarlıq irsini əks etdirən foto-kollajlar da təqdim olunub. Milli Elmlər Akademiyasının nəşr etdiyi “Azərbaycan və Türk dünyası: ortaq əlifbada poeziya” antologiyası Azərbaycanda yeni ortaq latın qrafikası ilə nəşr olunmuş ilk kitab kimi Birinci Türkoloji Qurultayın 100 illiyinə töhfədir.
Azərbaycanda Dr. Şəmsəttin Kuzəçinin “Kərkükün günəşi” adlı kitabı təqdim olunub
16 fevral 2026-cı il tarixdə Azərbaycan Yazıçılar Birliyinin Natəvan salonunda Azərbaycan Yazıçılar Birliyinin, Vektor Beynəlxalq Elmlər Akademiyasının və Kərkük Kültür Dərnəyinin birgə təşkilatçılığı ilə tanınmış tədqiqatçı, ictimai xadim, şair, Dr. Şəmsəttin Kuzəçinin “Kərkükün günəşi” adlı şeir kitabının təqdimatı keçirildi.
Naxçıvada yaşayıb, yaradan tanınmış pedaqoq, şair Tofiq Qəbulun “Bütöv Yurdun duası gərək” adlı şeir kitabı (Naxçıvan şəhəri.”Əcəmi”dövlət nəşriyyatı) işıq üzü görüb. Kitaba ön sözü AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair Elxan Yurdoğlu yazıb. Önsöz “Tofiq Qəbulun Bütöv Yurd duasını dinləyərkən” adlanır. Kitab aşağıdakı bölmələrdən ibarətdir:
1.Zaman haqq işini gördü axır ki. 2.Poema: “Ağcabədi şəhərinin ilk şəhidi”. 3.Sevgi duyğuları. 4.Təkbəndlər. 5.Düşüncələrim. Kitab 7,5 çap vərəqi həcmindədir.
Xatırladaq ki, bu şeir kitabı 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şair Tofiq Qəbulun 9-cu kitabıdır.
Yazarlar.az olaraq, biz də öz növbəmizdə Tofiq Qəbulu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
ADA Universitetinin və “Qazax” Xeyriyyə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Atatürk Mərkəzində Azərbaycan Hərb tarixinin və Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin əvəzolunmaz araşdırıcısı, “Qazax” Xeyriyyə İctimai Birliyinin Ağsaqqallar Şurasının üzvü, tanınmış yazıçı, publisist, nasir, tərcüməçi, tədqiqatçı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, polkovnik-leytenant mərhum Şəmistan Nəzirlinin QORİDƏN GƏLƏN QATAR kitabının təqdimatı keçirildi. Tədbirdə ADA Universitetinin rektoru, professor Hafiz Paşayev, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, Şəhid ailələri, ADA Universitetinin əməkdaşları, ziyalılar, elm adamları, millət vəkilləri, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri, Şəmistan Nəzirlinin ailə üzvləri, media nümayəndələri iştirak edirdilər.
Kitab ADA Universitetinin təşəbbüsü ilə çap olunmuşdur. Şəmistan Nəzirlinin əziz xatirəsinə həsr olunur. Əsər müəllifin sağlığında etdiyi düzəlişlər və əlavələr nəzərə alınmaqla yenidən nəşr olunmuşdur. Kitabda Qori Müəllimlər Seminariyasının Azərbaycanın maariflənməsi və mədəniyyət tarixindəki rolundan, eləcə də bu təhsil ocağının yetirmələri, xüsusilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri və ictimai xadimləri haqqında tarixi-sənədli tədqiqatlardan bəhs edir. Kitabda maarifçilik ideyaları və yetişən ziyalıların fəaliyyəti işıqlandırılır. Qori Seminariyasının Azərbaycan üçün maarifçi kadrlar yetişdirməsinin önəmi vurğulanır. Əsərdə həmin Seminariyanı bitirən görkəmli şəxsiyyətlər haqqında məlumatlar verilib. Kitab tarixi faktlara, arxiv materiallarına əsaslanır. Əsər Azərbaycan maarifçilik tarixinin qaranlıq qalan səhifələrini aydınlaşdıran mühüm tədqiqat əsəridir.
Tədbiri giriş sözü ilə akademik Nizami Cəfərov açaraq Şəmistan Nəzirlinin Azərbaycan hərb tarixində və Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin araşdırılmasında xüsusi xidmətlərindən, Şəmistan Nəzirli yaradıcılığının tarixi əhəmiyyətindən danışdı. Qoridən gələn qatar kitabının yenidən və nəfis şəkildə çap olunmasına görə Hafiz Paşayevə minnətdarlığını bildirdi.
Sonra çıxış üçün söz “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədova verildi. İlham Pirməmmədov Şəmistan Nəzirlinin dostluğa sədaqətindən, Qazağa qəlbən, ruhən bağlılığından, əsərlərini Qazax sevgisi ilə yazdığından, onunla olan görüşlərindən söhbət açdı: “Hafiz müəllim, biz tez-tez görüşərdik. Yeni kitabı çap olunan kimi zəng edərdi ki, Qağa təzə kitabım çapdan çıxıb. Sonuncu görüşümüz ölümündən bir az əvvəl avqust ayının 12-də oldu. Qazaxlı ziyalılarla bərabər Şəmistan müəllimin ad gününü qeyd etdik. Sonuncu dəfə Qazağa gedəndə də bizimlə əlaqə saxladı. Qazağa getdiyini dedi. Qoridən gələn qatar kitabı özündə olmadığı üçün həmin kitabdan istədi. Puşkin Əhmədovda 5 kitab qalmışdı. Həmin kitabları Şəmistan müəllimə göndərdi. Şəmistan müəllim sonuncu danışığımızda sizin dəstəyinizlə Qoridən gələn qatar kitabının yenidən çap olunacağını da söylədi. Hörmətli Hafiz müəllim, Şəmistan Nəzirli yaradıcılığına hər zaman diqqət və qayğı göstərmisiniz. Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinə yeni həyat bəxş etmisiniz. Sizin diqqət və qayğınız sayəsində Qazaxda möhtəşəm elm məbədi fəaliyyətə başladı. Bütün bunlara görə sizə öz adımdan, Qazax mahalının ziyalıları adından təşəkkürümü bildirirəm”.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Qoridən gələn qatarın Azərbaycana saçdığı işıqdan danışdı: “Bu qatar simvolik məna daşıyır. Qatar Qoridən Azərbaycanacan gəlib çatır. Qatar fiziki cəhətdən Qazaxda dayansa da, onun içində olanlar, onun daşıyıcıları, onun gətirdiyi maarif işığını bütün Azərbaycana yayan insanlar olubdur. Qoridən gələn Qatar kitabının yenidən və nəfis şəkildə çap olunmasına görə Hafiz müəllim sizə təşəkkür edirəm. Kitabın işıq üzü görməsində zəhməti keçən insanlara, çox sağ olun, deyirəm”.
Millət vəkili, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, ADA Universitetinin ABŞ-dakı mərkəzinin direktoru Qalib Məmməd, millət vəkili Azər Allahverənov, filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlili, Əməkdar jurnalist Gülbəniz Hüseynova, Azərbaycan Beynəlxalq Radiosunun proqramlar şöbəsinin rəisi Natəvan Dəmirçioğlu, , yazıçı Məti Osmanoğlu, tənqidçi alim Rüstəm Kamal, professor Ədalət Tahirzadə, publisist Ramiz Göyüşov, dünya şöhrətli yazıçı Varis, Türkiyədən olan qonaq Ufuq Aydın çıxış edərək Şəmistan Nəzirli yaradıcılığı haqqında ətraflı danışdılar. Onun Azərbaycan xalqının tarixi köklərinə bağlılığını xüsusi vurğuladılar. Qoridən gələn qatarın Azərbaycan elmi üçün verdiyi misilsiz töhfələrdən söz açdılar. Çıxış edənlər qatarın bir əsr öncə Qoridən Qazağa gələndə Azərbaycana elm işığı yayıldığını, illər sonra isə Bakıdan Qazağa gedən qatarın təkcə Azərbaycana deyil, dünyaya elm işığı bəxş etdiyini təbdir iştirakçılarının diqqətinə çatdırdılar. Seminariyanın bərpasına və yenidən elm məbədinə çevrilməsinə görə Hafiz Paşayevə təşəkkürlərini bildirdilər. Natiqlər Şəmistan Nəzirli yaradıcılığının tarixi əhəmiyyətindən söhbət açdılar. Şəmistan Nəzirli yaradıcılığını qədirbilənlik məktəbi, tarixin şərəfli səhifəsi adlandırdılar. Çünki Şəmistan Nəzirli şərəfli tariximizin qəhrəmanlığını, elmini yorulmadan qələmə aldı. Gələcək nəsillərə əvəzsiz tarixi irs qoyub getdi.
Professor Hafiz Paşayev Qazax Müəllimlər Seminariyasının tarixi-mədəni irsinin bərpası, köklü maarifçilik ənənələrinin dirçəldilməsi, milli təhsil dəyərlərinin qorunması və inkişaf etdirilməsi istiqamətində göstərdiyi ardıcıl, məqsədyönlü və səmərəli fəaliyyətinə, habelə yüksək ictimai əhəmiyyətə malik xidmətlərinə görə “Qazax” Xeyriyyə İctimai Birliyi tərəfindən “Xalq şairi Səməd Vurğun adına Fəxri Diplom”la təltif olundu. İlham Pirməmmədov Xalq şairi Səməd Vurğun adına “Fəxri Diplom”u Hafiz Paşayevə təqdim edəndə ona ADA Universitetinin Qazax mərkəzini elm məbədinə çevirdiyi üçün təşəkkür etdi. Qazax mahalının ziyalılarının təşəkkür və salamlarını Hafiz müəllimə çatdırdı: “Hörmətli Hafiz müəllim, 2018-ci ildə rəhmətlik Şəmistan müəllim mənə dedi ki, biz Seminariyanın 100 illiyinin qeyd olunması ilə əlaqədar Cənab Prezident İlham Əliyevə məktub yazmalıyıq. Biz “Qazax” Xeyriyyə İctimai Birliyinin adından Cənab Prezident İlham Əliyevə məktub ünvanladıq. Cənab prezident İlham Əliyev 2018-ci il 3 noyabr tarixində Azərbaycan təhsil sisteminin inkişafında müstəsna xidmətlərini nəzərə alaraq, Qazax müəllimlər seminariyasının yaradılmasının 100-cü ildönümünün layiqincə qeyd olunmasına dair sərəncam imzaladı. Və həmin sərəncamda qeyd olunduğu kimi Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Qazax Rayon İcra Hakimiyyətinin təklifləri nəzərə alınmaqla, Qazax müəllimlər seminariyasının 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlandı. Həm Qazaxda, həm Bakıda Seminariyanın 100 illik yubileyi yüksək səviyyədə qeyd olundu. Hörmətli Hafiz müəllim, siz Qori Müəllimlər Seminariyasının Azərbaycan Şöbəsinə yeni həyat bəxş etməklə, Cənab prezidentin Azərbaycan elminə göstərdiyi diqqət və qayğıya öz böyük töhfənizi verdiniz. Sizin gördüyünüz işlər bir məktəbdir. Biz həmişə düşünürdük ki, Qori Müəllimlər Seminariyasının binası necə olacaq. O bina yenidən təmir olunacaqmı? Siz bizim suallarımıza cavab verdiniz. Siz həm də bizim ürəyinizin səsinə səs verdiniz. Artıq ADA Universitetinin Qazax mərkəzi elm, təhsil Brendinə çevrildi. Bu müqəddəs və xeyirxah işlərinizə görə sizə təşəkkür edirik və deyirik: Hörmətli Hafiz müəllim, biz Sizinlə fəxr edirik”.
ADA Universitetinin rektoru, Professor Hafiz Paşayev öz çıxışında Şəmistan Nəzirli yaradıcılığını yüksək qiymətləndirdi: “Şəmistan Nəzirli unudulmaz tariximizi yazdığı əsərlərində, kitablarında yaşadıb. Səməd Vurğun haqqında yazdığı kitabda Mir Cəlal Paşayevin Səməd Vurğun haqqında dediyi fikirləri ustalıqla qələmə almışdır. Ümumiyyətlə Şəmistanın yazdıqları hər zaman oxunub, xalq tərəfindən sevilib. Bizim onunla birlikdə çox planlarımız vardı. Allah Şəmistan müəllimə rəhmət eləsin. Mən hər zaman deyirəm: Nə iş görürsünüz, çalışın nümunə olsun. Biz ADA Universiteti olaraq Qazaxda Seminariyanın bərpasına başlayanda bilirdik ki, Seminariyaya yeni həyat bəxş etməklə, nümunəvi iş görürük. Bu həqiqətən belə oldu. Artıq ADA Universitetinin Qazax mərkəzi bir elm məbədinə çevrildi. Şəmistan müəllimin “Qoridən gələn qatar” kitabı ADA Universitetinin Qazax mərkəzinin tarixi keçmişini özündə əks etdirir. Bildiyiniz kimi, Seminariyanın ətrafında evlər var idi. Biz həmin evləri sahiblərindən onların razılığı ilə aldıq və həmin ailələri onlara rahat olan mənzillərə köçürdük. Bu işdə bizə Qazaxdan olan sahibkar Məmməd Musayev kömək etdi. Elm yolunda göstərdiyi dəstəyə görə Məmməd Musayevə çox sağ ol, deyirəm. Qoridən gələn qatarın tarixini bizə irs olaraq qoyub gedən Şəmistan Nəzirlinin ruhu şad olsun”.
Şəmistan Nəzirlinin oğlu Aslan Nəzirli atasının yaradıcılığına göstərilən diqqət və qayğıya görə Hafiz Paşayevə təşəkkürünü bildirdi. Şəmistan Nəzirlini həm sağlığında, həm də vəfatından sonra unutmadığı üçün İlham Pirməmmədova və Şəmistan müəllimin xatirəsini əziz bilib tədbirdə iştirak edən hər kəsə minnətdarlığını bildirdi.
Sonda professor Hafiz Paşayev tədbirdə iştirak edən Şəhid leytenant Teymur Abbaslının anası Başxanım Abbaslı və Əfsanəvi Kəşfiyyatçı, kapitan rütbəsində Xüsusi Təyinatlı Qüvvələrinin Kəşfiyyat Tabor Komandiri vəzifəsinə yüksəlmiş ilk və yeganə zabiti Şəhid Mühüd Orucovun ailəsi və övladları ilə görüşüb, səmimi söhbət etdi. Mühüd Orucovun övladlarının təhsili ilə ətraflı maraqlandı. Daha sonra tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirildi. Tədbirdən fotolar:
Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış yazıçı Xəlil Mirzə:
“Dəyərli dostum, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Xəzan” jurnalının təsisçisi və baş redaktoru, Prezident təqaüdçüsü Əli Bəy Azəri redaktoru olduğu, tanınmış özbək yazıçısı Züleyxa Maşərifovanın Azərbaycan dilinə tərcümə edilmiş “İntiqam hissi” kitabını (romanını) mənə hədiyyə etdi. Yenicə çapdan çıxmış bu roman müəllifin Azərbaycan oxucuları ilə ilk görüşüdür və kriminal-dedektiv mövzusunda yazılmışdır. Əsəri özbəkcədən Rəhman Babacan dilimizə tərcümə etmişdir. Dəyərli hədiyyə üçün Əli bəy Azəriyə dərin təşəkkürümü bildirirəm!”
Tanınmış şair, yazıçı, publisist, tərcüməçi, naşir Aysel Nəsirzadənin yeni şeirlər kitabı işıq üzü görüb. “Kritika” nəşriyyatında “Poeziya seriyası – 1” silsiləsindən nəfis şəkildə çap olunmuş kitab “Gerisi nağıl” adlanır. Arıq kitabın içindəkilər barədə müəyyən fikir oyadan adı uğurlu seçim kimi dəyərləndirmək olar. Aysel xanım yeni kitabı haqqında öz təəssüratlarını bölüşüb:
“Əziz dostlar, Sevinclə bölüşmək istəyirəm ki, “Gerisi nağıl” adlı şeirlər kitabım artıq çapdan çıxıb. Kitab Kritika nəşriyyatında işıq üzü görüb və bu, nəşriyyatın poeziya seriyasında ilk kitabdır. Bu mənim üçün həm qürurverici, həm də çox həyəcanlı bir başlanğıcdır. “Gerisi nağıl” – içimdən keçənlərin, susub danışan duyğuların, xatirələrin və ümidlərin misralara çevrilmiş halıdır. Hər şeir bir az yol, bir az yaddaş, bir az da ürək söhbətidir. İnanıram ki, bu kitabın səhifələrində hər kəs özündən bir parça tapacaq. Kitabın redaktoru Gündüz Sevindik, korrektoru Yeganə Əhmədovadır. Ön sözün müəllifi isə dəyərli xalq şairi Sabir Rüstəmxanlıdır. Hər birinə ayrı ayrılıqda təşəkkürümü bildirirəm.
Çəkdikləri zəhmətə, göstərdikləri diqqətə və bu məsuliyyətli işə ürəklə yanaşdıqlarına görə kitabımın naşiri Zaur Həsənzadə və dəyərli Sayalı xanıma səmimi təşəkkürümü bildirirəm. Bu kitabın ərsəyə gəlməsində onların əməyi və dəstəyi xüsusi yer tutur.
Kitabı artıq aşağıdakı mağazalardan əldə edə bilərsiniz: Libraff mağazalar şəbəkəsi Kitabevim.az Qlobus 28 may filialı Milli book cafe 28 may filialı Çinar kitab evi Akadem kitab – Elmlər Akademiyası Ali Nino mağazalar şəbəkəsi Sinkod kiyab evi Kitabyurdu kitab evi Kitabıstan Kitabevin book cafe – Xırdalan Məktəbli kitab evi – Qəbələ
Oxuyan, paylaşan, dəstək olan hər kəsə əvvəlcədən təşəkkür edirəm. Sözün yolçuluğunda sizin varlığınız ən böyük gücdür.”
Yazarlar.az olaraq, biz də öz növbəmizdə Aysel Nəsirzadəi təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq.!
Azərbaycan Yazıçılar Birliynin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, tanınmış şair-publisist Zaur Ustacın “Gül ətirli kitab” adlı yeni kitabı işıq üzü görüb.
Yazarlar.az xəbər verir ki, “Kitab haqqında kitab” seriyasından növbəti nəşrin redaktoru Günnur Ağayeva, naşiri isə Tuncay Şəhrilidir. Zaur Ustacın “Gül ətirli kitab”ı tanınmış şair-ədəbiyyatşünas alim Qəndab Haqverdinin (Əliyeva) “Ətirli güllər” kitabının təhlilinə həsr olunmuşdur.
Kitab ölkənin əsas kitabxanalarına hədiyyə olunmaqla yanaşı, bir neçə stabil platforma üzərindən elektron kitab formasında da yayımlanır.
“Yazarlar” jurnalının Azərbaycanın Milli Qəhrəmanı şəhid Rövşən Hüseynovun xatirəsini əbədləşdirmək məqsədilə hər il həyata keçirdiyi “25 yarpaq” layihəsi çərçivəsində 2026-cı il üçün Əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Akif Əlinin “Özgə dünya” povesti ayrıca kitab şəklində çap olunub.
AZƏRTAC xəbər verir ki, tələbə tağımının komandiri olmuş Azərbaycanın Milli Qəhrəmanı şəhid Rövşən Hüseynovun doğum günü fevralın 22-si olduğuna görə hər il fevral ayında bu layihə çərçivəsində bir kitab nəşr olunub oxuculara təqdim edilir.
Kitabın redaktoru Gülü – Gülüzə Mustafayeva, naşiri Tuncay Şəhrili, layihə rəhbəri isə “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacdır.
Kitab ölkənin əsas kitabxanalarına hədiyyə olunmaqla yanaşı, bir neçə stabil platforma üzərindən elektron kitab formasında da yayımlanır.