Mayıl DOSTU – XOCALI dərdi

Xocsalı soyqırımı – 26 fevral 1992 – ci il.

XOCALI DƏRDİNƏ
DƏRMAN GƏZİRƏM

Xocalım, qəlblərə dağın çat salıb,
İntizar gözlərin yollarda qalıb,
Səni çox zəhərli bir ilan çalıb,
İllərdir, dərdinə dərman gəzirəm.
***
O dəhşəti bircə-bircə görmüşəm,
Qəm meyvəsin elə onda dərmişəm,
Sünbüllü qəmimdən taya hörmüşəm,
Dərdimi döyməyə xırman gəzirəm.
***
Boynu bükük qalıb hər Qarabağlı,
Ədalət gəzirəm — qapılar bağlı,
Nə qədər qalacaq ürəyim dağlı?
Dağ üyüdən bir dəyirman gəzirəm.
***
Nə vaxtacan qanım yerdə qalacaq?
Analar nə qədər saçın yolacaq?
Allah, zəfər günüm haçan olacaq?
Qisasa çağıran fərman gəzirəm.
***
Söhbətlə əzabım deyil düzələn,
Qisasım təzələn, kinim təzələn!
Üzü Qarabağa səf-səf düzülən,
Xocalı ünvanlı karvan gəzirəm.
***
Deyə bilməmişəm hələ sözümü,
Qəm basıbdı yerə baxan gözümü,
Xəcalətli, hələ qara üzümü,
Gizlətməyə bir sıx orman gəzirəm.
***
Düşmən əlindədir o qeyrət Tacım,
Eşit, ay qardaşım, ay əziz bacım,
Qisasdır! Qisasdır, yalnız əlacım,
Qüdrətli bir təbib, loğman gəzirəm.
Qisası almağa meydan gəzirəm!
25 fevral 2016-cı il

Mayıl Dostu, şair, alim, pedaqoq.

Müəllif: Mayıl DOSTU

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir