EY GİDİ DÜNYA
(hekayə)
Yunus müəllim dünyasını dəyişdi. Aparıb hörmət-izzətlə dəfn etdilər. Üçü, yeddisi, qırxı verildi, ehsanını yeyib “Allah rəhmət eləsin” deyib çəkildilər. Qəbirüstü götürüldü, baş daşı qoyuldu. İli də qeyd olundu. Saqqal saxlayanlar saqqallarını qırxdılar. Qara paltar geyinənlər üst geyimlərini dəyişdilər, qara örpək bağlayanlar örpəklərini açdılar. Yaxın qohumlar, övladları, bacı-qardaşları yasdan çıxdılar.
Yunus müəllimin arvadı beş il əvvəl haqq dünyasına qovuşmuşdu. Qızı qız övladını gətirmişdi atasının mənzilinə ki, ona qulluq eləsin, çayını, çörəyini, yeməyini versin, pal-paltarını yuyub ütüləsin, ev-eşiyi yığışdırsın.
Yunus müəllim son vaxtlara, xəstə olub yatağa düşənə qədər işə gedib-gəlirdi. Zavodların birinin baş mühəndisi idi. Yaxşı bədii təfəkkürü də vardı, hekayələr, romanlar, pyeslər yazırdı. Bir neçə pyesi tamaşaya qoyulmuş, romanlarının təqdimetmə mərasimləri keçirilmişdi. Tarixi romanlar yazırdı, özünə xeyli oxucu, tamaşaçı toplamışdı.
Yunus müəllimin zəngin kitabxanası vardı. Burada kitab mağazasından aldığı, özünün yazdığı və avtoqrafla ona təqdim olunmuş çox müxtəlif səpgili kitablar vardı. Qədim kitablar da çox idi. Nadir kitabları bukinistdən, küçədə kitab satanlardan alıb gətirmişdi.
Yavaş-yavaş atanın yoxluğuna alışdılar. Arada xatırlayar, “Allah rəhmət eləsin!” deyib salavat çevirərdilər.
Yunus müəllimin qızının qız övladı da yığışıb gəlmişdi atası evinə. Tək-tənha orada nə edəcəkdi ki? Həm də qızın orada tənha yaşamasına valideynləri də razı olmazdı. Qız uşağı gərək ata-ananın gözü qabağında ola.
Nə isə. Son zamanlar Yunus müəllimin qızının oğlan övladı tez-tez bu mənzilə gəlib gedirdi. Məlum oldu ki, elan veriblər, dəllalla danışıblar. Mənzili satırdılar.
Aslan yaxınlıqdakı qəzet köşkündə işləyirdi. Şəhərdəki qəzet köşklərinin adı vardı. Qəzetlə bərabər hər nə gəldi satırdılar: siqaret, alışqan, məktəb ləvazimatı – dəftər, qələm, pozan, kitab, üzqırxan, su, saqqız, sabun, diş fırçası, bir sözlə, vanna-vedrədən başqa hər şey.
Aslan köşkü çox da yükləməmişdi. Qəzet, bir də siqaret satırdı. Balaca köşk idi. Yunus müəllimlə Aslan tanış idilər. Yunus müəllim qonşuluqda yaşayırdı. Qəzet, siqaret almağa gələndə dayanıb Aslanla söhbət edər, dərdləşərdi. Avtoqraf yazıb öz kitablarından neçəsini Aslana vermişdi.
Yunus müəllimin qızının oğlan övladı – Fikrət də Aslanla tanış idi. Oğlan buralarda dolaşanda Aslanla salamlaşardı. Bir gün Aslana yaxınlaşıb:
-Kitablar var, yaxşı kitablardır, gətirsəm satarsan?
Aslan onun kim olduğunu bilirdi:
– Yunus müəllimin kitablarıdır?
Fikrət tez:
-Həə. Öz yazdığı kitablar da var, başqa kitablar da. Təp-təzədir.
Aslan cavabında dedi:
-Fikrət, mən kitab satmıram. Məni kitab satan görsələr, vergimi artıracaqlar. İki-üç kitaba görə gərək çoxlu vergi ödəyəm. Gəl bunları inandır ki, satışda vur-tut iki kitab olub.
Fikrət aydınlaşdırdı:
-İki kitab deyil, Aslan dayı, 200-300, ondan da çox.
Aslan razılaşmadı:
-Fikrət, üz vurma. Özümə problem yaratmaq istəmirəm.
-Yaxşı, oldu.
Ertəsi gün Fikrət dörd-beş kitabı gətirib Aslana uzatdı:
-Bilirəm kitab həvəskarısan, hədiyyə verirəm.
Avtoqrafla Yunus müəllimə verilən kitablardan idi.
-Çox sağ ol, payın artıq olsun.
Fikrət getmək istəyəndə Aslan onu saxladı:
-Eşitdim Yunus müəllimin mənzilini satırsınız.
-Hə, yiyəsiz qalmışdı. Satmışam artıq, indi mənzili boşaldırıq.
Aslan axşamüstü köşkü bağlayıb evinə gedəndə gözü Yunus müəllimin mənzilinin qarşısındakı həyətdə beş-on, bəlkə də çox yağ qutusuna yığılmış kitablara sataşdı. Ayaq saxladı. Bu zaman Fikrət göründü. Salamlaşdılar. Aslan çəkinə-çəkinə:
-Fikrət, olar bu kitablardan dörd-beşini götürüm.
Fikrət:
Fikrət:
-Dörd-beş nədir? İstəyirsən hamısını götür. Onlar daha bizə lazım deyil. Onsuz da atacaqdım.
Aslan təəccüblə ona baxdı: “Necə yəni atacaqdım? Hər kitabı çıxanda rəhmətlik Yunis müəllim az qala qanad açıb uçur, oturub sevinclə həmkarlarına avtoqraf yazardı.
Yunus müəllim ömrünü bu kitablara həsr etmiş, nə qədər əziyyət çəkmişdi. Gecələri diri gözlü açmış, dəyərli əsərlər yaratmışdı. Yazıçı, tərcüməçi, şair dostları, yoldaşları da gərgin zəhmət bahasına qələmə aldıqları kitablarını ona bağışlamışdılar. İndi belə qiymətli xəzinəni çölə, zibilliyə atmağa hazırlaşırdılar”.
Fikrətin sözlərinə şübhə ilə yanaşan Aslan alnının tərini silib ona:
-Fikrət, doğrudan bu qiymətli kitabları zibilliyə atacaqdın? – deyə xəbər aldı.
Fikrət heç nə olmayıbmış kimi:
-Hara aparım? Niyə aparım? Evdə yer tutacaq. İxtisasıma uyğun deyil, həyat yoldaşımın da sənətinə gərəkli kitablar deyil…
Aslan əyilib kitablardan birini götürdü. Səliqə ilə qorunub saxlanmışdı. O biri kitablar da belə idi. Sanki çapdan indi çıxmışdı. Atılsaydı toza-torpağa bürünəcəkdi, istifadəyə yaramayacaqdı. Oradan da zibil maşına yükləyib aparıb zibbilliyə tullayacaqdılar, sonra da od vurub yandıracaqdılar.
Aslanı tər basdı:
-İcazə verirsən bu kitabların hamısını götürüm?
-Götür, Allah köməyin olsun.
Aslan rəhmətlik Yunus müəllimi yadına salıb:
-Ey gidi dünya! – dedi. Əl eləyib bir taksı saxlatdırdı. Kitabları aparıb səliqə ilə evindəki kitab rəflərinə düzdü.
Bakı şəhər, 28 fevral 2021-ci il
Müəllif:Akif ABBASOV
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru