SÖZÜN XƏTRİNƏ
Qafiyə xətrinə şeir yazmadım,
Yazsaydım, dəyərdi sözün xətrinə.
Allahın verdiyi təb ilə yazdım,
Dəymədim ağılın, gözün xətrinə.
* * *
Sözümü demişəm cəsarətimlə,
Tanındım, sevildim fərasətimlə.
Hamıyla davrandım ədalətimlə,
Əyrilərdən keçdim düzün xətrinə.
* * *
Boluslu ucaltdı haqqın səsini,
Ailədən alıb tərbiyəsini.
Hər zaman qorudu səviyyəsini,
Həyatda qoyduğu izin xətrinə.
QORXURAM
Yeridiyim addımıma baxıram,
Məzlumun bəd duasından qorxuram.
Zülmət edər bu işıqlı dünyanı,
Alimin bir xətasından qorxuram.
* * *
Haqqı desən sonsuz olar düşmanın,
Düz əməli batil edər nöqsanın.
İmanımı qarışdıran şeytanın,-
anasından, atasından qorxuram.
* * *
Səhvlərimi təkrarlamam bir daha,
Savabımı batırmaram günaha.
Ümidimi bağlayıram Allaha,
Bəndələrin Xudasından qorxuram.
* * *
Uzaq elə qəlbindən pis niyyəti,
İnsan oğlu götürmədin ibrəti.
Qəzəblənsə yağdıracaq lənəti,
Yerin,göyün bəlasından qorxuram.
Məzlumun bəd duasından qorxuram.
ÖZÜM ÖZÜMÜ
Namərd gülləsindən,nadan əlindən,
Qoruya bilmədim özüm özümü.
Qeybət eləyənin “şirin dilindən”,
Qoruya bilmədim özüm özümü.
* * *
Zalımın,qəddarın hər bir işindən,
Üstümə yeriyən “at yerişindən”.
Vücuduma batan dərdin dişindən,
Qoruya bilmədim özüm özümü.
* * *
Ruhuma yurd salan qəm oylağından,
Tikanlar bitirən könül bağından,
Sinəmdə yer edən sinə dağından,
Qoruya bilmədim özümü özümü.
* * *
Güvəndiyim dağın boran,qarından,
Abrı olmayanın həya, arından,
Zamanın,dövranın bəd rəftarından,
Qoruya bilmədim özüm özümü.
* * *
Xətər gəlməz mərdin saf ürəyindən,
Xəsis kəs keçərmi duz-çörəyindən.
Xülasə, şeytanın hər kələyindən,
Qoruya bilmədim özüm özümü.
ÖLÜMÜ YOXDUR
Başıma haranın daşını salım,
Allahın bir ucuz ölümü yoxdur?
Yaxamı qurtara dərdin əlindən,
Günümü, ayımı, ilimi yoxdur?
* * *
Gözümdə kiçilib yaşamaq eşqi,
Şərbət zəhər olub, hər gün içirəm.
Mənəm-yer şumlayan qoca əkinçi,
Möhnəti əkirəm, qəmi biçirəm.
* * *
Mən yaxşı görürəm qohumu,yadı,
Yaxşını, yamanı bir-bir seçirəm.
Mən sülh adamıyam, kiməsə görə,-
Hətta öz dünyamdan belə keçirəm.
* * *
Tamaşa edirəm mən ruh halımla,
Mənasız həyatın çalarlarına.
Bünövrəsi yoxdur, daşı sökülüb,
Bənna yox, daş qoya divarlarına.
* * *
Bəzən düşünürəm, şübhə edirəm,
Nə üçün gəlmişəm Yer kürəsinə?
Bircə istəyim var səndən İlahi,
Cavab ver məzlumun batan səsinə.
VƏTƏN
Qanlar tökülməsin sülh olsun deyə,
Otuz il səbr etdik, bir təhər dözdük.
Boş-boş danışıqlar fayda vermədi,
Səbrimiz tükəndi düşməni əzdik,
Yeni tarix yazdıq tarixə, Vətən.
* * *
Bütün dünya görsün qüdrətimizi,
Yenilməz orduyuq, həqiqət budur.
Qırx dörd gün ərzində biz qalib olduq,
Dağıtdıq başından qara buludu,
Yeni tarix yazdıq tarixə, Vətən.
* * *
Qısa vaxt ərzində bildilər kimik,
Tanındı dostumuz, düşmənlərimiz.
Səni təmizlədik yadellilərdən,
Yaşıla qərq oldu çəmənlərimiz,
Yeni tarix yazdıq tarixə, Vətən.
* * *
İcazə vermədik həddin aşmağa,
Yekə danışanın kəsdik sözünü.
İti qovan kimi qovduq onları,
Sənə xor baxanın tökdük gözünü,
Yeni tarix yazdıq tarixə, Vətən.
* * *
Səni borcumuzdur əziz tuturuq,
İgid oğulların şirin canıyla.
Böyük Yaradanın icazəsiylə,
Səni Vətən edən şəhid qanıyla,
Yeni tarix yazdıq tarixə, Vətən.
ATASAN
Nanəcibi,şərəfsizi,alçağı,
Birdəfəlik sil qəlbindən,at asan.
Mehriban ol, şirin elə dilini,
Nəyə lazım hərəyə söz atasan?!
* * *
Yaxşı dostu dar günündə an asan,
Yaddaşında saxlayasan, anasan.
Namuslunu anan kimi ana san,
Qeyrətlini atan kimi ata san.
* * *
Müsibətə səbr elə nə saçın yol,
Yolçulara ağır gəlməz çətin yol.
Gənc nəsilə göstərginən doğru yol,
Ay Boluslu axı sən də atasan.
Müəllif: BOLUSLU Anar ƏLİOĞLU
BOLUSLU ANAR ƏLİOĞLUNUN YAZILARI
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru