Qazi kimə deyilir? – Alimdən AÇIQLAMA

 Zaur UstacQazi, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist.

Qazi kimə deyilir? – Alimdən AÇIQLAMA

“Dilçilikdə tarixizmlər, arxaizmlər adı altında deyilən köhnəlmiş sözlərin bəziləri tarixin təkərinin fırlanmasından asılı olaraq – çərxi-fələyin tərsinə dövran eləməsi kimi – yenidən kütlə tərəfindən işlək dövriyyəyə daxil olub, ümumişlək sözlər sırasında öz yerini bərpa edir. Bu cür sözlər milli sözlər də ola bilər, alınma sözlər də. Belə sözlərdən biri də xüsusən də II Qarabağ müharibəsindən sonra ümumişlək səviyyədə müşahidə olunan ərəbmənşəli qazi ifadəsidir”.Bu sözləri Yenisabah.az-a açıqlamasında Filologiya üzrə fəlsəfə doktoru Şakir Albalıyev deyib. O qeyd edib ki, tarixin əski dönəmlərində qazi sözü təkcə adi söz kimi yox, həm də yüksək döyüşçülük, sərkərdəlik məharəti olan şəxslərə verilən (hərbi) titul kimi də mövcud olub:“Məsələn, ədəbiyyatımızda tuyuq janrının banisi kimi məşhur olan divan ustası Qazi Bürhanəddin Əhmədə verilən Qazi təxəllüsü həm də onun yüksək sərkərdəlik bacarığı hesabına qazandığı tituldur.Bu gün qazi kəlməsi ümumxalq kütləsi tərəfindən ümumişlək statusunu təzədən qazansa da, bu sözün özündə ehtiva etdiyi məna sərhədlərinin dar çərçivədə başa düşülməsi halları ilə rastlaşdığımdan bu söz üzərində ümumi bir açıqlama vermək istəyirəm. Belə ki, qazi sözünü sadəcə olaraq müharibədə döyüşüb sağlamlığını itirmiş, şikəst, əlil olmuş döyüşçülərə şamil etməklə sözün məna çevrəsini daraltmaq düzgün deyildir”. Alim bildirib ki, qazi sözü ərəbcədəki qəzənfər, qəz, qəzavət və s. sözlərlə eyni kökdən olub mənası qalib (qalib gələn, müzəffər olan) deməkdir:“ Deməli, qazi sözünün dilimizə tərcüməsi, leksik baxımdan ümumi mənası qalib əsgər, qələbə çalan döyüşçü kimi anlaşılmalıdır. Bu baxımdan da qazi ifadəsi təkcə yaralı döyüşçüyə, döyüşlərdə sağlamlığını itirən, əlil olan əsgərə deyil, ümumiyyətlə, qalib gəlmiş bir ordunun bütün əsgər və zabit heyətinin hər bir üzvünə şamil edilməlidir, müharibə qəhrəmanı olan əsgər, döyüşçü, zabit mənasında düşünülməlidir. Qanlı döyüşlərə qatılmaq isə el dilində mövcud olan bəxti-xuda kimi, hər kəsin öz alın yazısı, tale yazısı kimi fərdi ola bilər: şəhidlik zirvəsinə də ucala bilərsən, müharibə əlili də ola bilərsən, heç bir güllə yarası almayan, fiziki olaraq döyüşlərdən tam salamat çıxmış bir döyüşçü də ola bilərsən”.Həmsöhbətimiz sözlərinə görə, qazi olmaq o demək deyildir ki, mütləq yaralı, əlil döyüşçü olasan:“Bir sözlə, qazi sözü müharibəni şərəflə udmuş qəzənfər şəxsə-qalib döyüşçünün hər birinə döyüş zamanı sağlamlığına xətər toxunub-toxunmamasından asılı olmayaraq aiddir. Sağlamlığını itirən qazinin tibbi ekspertizanın rəyinə əsasən, əlillik dərəcəsi və s. alması prinsip baxımından məsələnin mahiyyətini dəyişmir. Bu artıq qazi olan şəxsin fərdi taleyi, qəzavü-qədərin qisməti olan alın yazısıdır”. Şakir Albalıyev eyni zamanda veteran sözünə də aydınlıq gətirib: “Veteran kimdir? Müharibədə gedən döyüşlərin iştirakçısı ümumi mənada veteran adlanır. Müharibə veteranı deyildikdə həmin müharibədə iştirak etmiş döyüşçülərdən ( əsgərdən, zabitdən) söhbət gedir. Həmin veteranlardan da döyüşlərdə sağlamlığını itirən şəxslər olur ki, onlara müvafiq qruplara bölünməklə həkimlər tərəfindən tibbi ekspertiza rəyi əlillik dərəcəsi verir. Deməli, müharibə iştirakçısı sayılan kəslər hamısı müharibədə sağlamlığına ziyan dəyib-dəyməməsindən asılı olmayaraq ümumi olaraq veteran hesab olunur. Veteranların içərisindəki xüsusi bir qrup şəxslər – müharibə əlilləri də həmçinin veterandırlar. Başqa sözlə, bütün əlillər veteran (və ya müvafiq olaraq qazi) sayıla bilərlər, ancaq bütün veteranlar ( və ya qazilər) əlil sayıla bilməzlər. Veteran (eləcə də qazi) ifadəsi müharibə veteranları və əlillərini leksik-semantik baxımından öz əhatə dairəsinə alır. Yəni filankəs müharibə veteranıdır, eyni zamanda müvafiq olaraq neçənci qrupsa əlildir ifadəsini işlədib aydınlıq verə bilərik.. Sual verə bilərsiniz ki, I Qarabağ müharibəsi veteranları da qazi sayılır? Birmənalı şəkildə konkret cavab verirəm: Bəli! Yenə çaşqınlıq yarana bilər ki, axı qazi kəlməsi qalib döyüşçüyə-qalib bir ordunun əsgərinə verilən addır. Axı o döyüşlərdə torpaq itirmişdik, məğlub olmuşduq?! Burada da məsələyə geniş müstəvidən yanaşsaq, cavab tapa bilərik. Birincisi, bizim döyüşümüz tarixən haqq döyüşü olub, yəni doğma torpaqlarımıza göz dikib, işğalçılıq siyasəti yürüdən mənfur düşmənə qarşı haqq mübarizəsi aparmışıq. Doğma dədə-baba torpaqlarımızın müdafiəsi uğrunda vuruşmuşuq. Məhz həmin döyüşlərdə çoxlu qurbanlar verdik,qəhrəman oğullarımızı şəhid verdik. Qəhrəman əsgərlərimiz sağlamlıqlarını itirib əlil oldular və eyni zamanda topsuz, tüfəngsiz, texnikasız halda döyüşə-döyüşə geri çəkildik, arxalı köpək qurd basar məsəli sayaq, düşmənlərimiz havadarlarının hesabına bizi məğlub etmişdi. Yəni bizim ordumuzun döyüşçüləri qorxaqlıqdan, ya asanlıqla məğlub edilməmişdi. Kifayət qədər mübarizə aparmışdıq. I Qarabağ müharibəsində döyüşçülərimizin əzmkar mübarizəsinə aşağılayıcı tərzdə ədalətsizcəsinə qiymət vermək olmaz. Həmin döyüşüh sadəcə erməni-müsəlman müharibəsi şəklində düşünüb qiymətləndirmək çox sadəlövhlük olardı. Bu döyüşdə ermənilərin arxasında dünyanın güclü ölkələri dayanmışdı və bu səbəbdən də məğlub olmuşduq. Ancaq bu məğlubiyyət müvəqqəti idi və xalqımızın ruhunu məğlub edə bilməmişdilər. Ona görə də müharibə bitməmişdi və bizim yenilməz, məğlubedilməz ruhumuz toparlanmaqla, özümüzdə yenidən güc tapmaqla II Qarabağ müharibəsi adı ilə müzəffər bir döyüşə atıldı. Ən başlıcası, I Qarabağ müharibəsində döyüşün sonu olan məğlubiyyət olmadığından, üstəlik də II Qarabağ müharibəsi də həmin müharibənin tərkib hissəsi olmaqla qələbəmizlə nəticələndiyindən, bizim veteranlarımız qazi adlanırlar”.

“Ən başlıcası, I Qarabağ müharibəsində döyüşün sonu olan məğlubiyyət olmadığından, üstəlik də II Qarabağ müharibəsi də həmin müharibənin tərkib hissəsi olmaqla qələbəmizlə nəticələndiyindən, bizim veteranlarımız qazi adlanırlar”.Şakir ALBALIYEVFilologiya üzrə fəlsəfə doktoru.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir