NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVA – QOZ MÜRƏBBƏSİ

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI

Qoz mürəbbəsi

Amilənin  atası Amil müəllim uzun illər rayonda sayılıb seçilən, müxtəlif vəzifələrdə çalışmış hörmətli ziyalı idi.

O, övladlarının təlim-tərbiyəsinə xüsusi  diqqət yetirirdi ki, layiqli peşə sahibləri  olsunlar, vətənpərvər, ailə ənənələrinə sadiq oğul-qızlar kimi  böyüsünlər.

Ailədə iki oğul və iki qız  böyüyürdü. Orta məktəbi bitirər-bitirməz qızlara  elçilər çıxır,  ana gizlicə onları: “hələ tezdir”-deyə qaytarırdı. Şəhər mühitində böyüsələr  də ev işlərində ana qayğısı görən qızlar müxtəlif  xörəklərin  bişirilməsinə  diqqət edirdilər. Amilənin böyük bacısı Nailə ondan  fərqlənirdi  belə ki,  Amilənin oxumağa  həvəsi olmadığı  halda Nailə  dərslərinə ciddi  yanaşır, müxtəlif fənn olimpiadalarının  qalibi olurdu.

Nailə məktəbi əla qiymətlərlə bitirib ali məktəbə qəbul olundu. Amilə  də bir il sonra məktəbi bitirdi, lakin təhsilini davam etdirmək fikri yox idi…

Bəli, elçilər  nəhayət, məktəbi bitirən qızlar üçün qapını döyməyə başladılar.

 Nailənin  ərə getməyə fikri yox idi. O, yalnız ali təhsilini bitirərək, elmi  işlə məşğul olmaq arzusunda idi.

Amilə isə ailə qurmaq üçün meylli olduğuna görə  anasdı ona gələn  elçilərə “fikirləşərik”-cavabını verdi.

 Əlbəttə, “yaxşı, razıyıq” sözünü birdən deyə də bilməzdilər. Çünki, ailə qurmaq, getdiyi yerə  uyğunlaşmaq, həmin ailənin  daxili “konstitusiyasına “ əməl etmək üçün  tam hazır olmaq lazım idi.

Özü də kənd həyatına alışmaq, ailədə  qaynana, keçmişin zabitəli qaynatası,  baldız və qayınlar  olduğuna görə  ana razılıq verməyə çətinlik  çəkirdi,  elçilər isə əl çəkmir, qızı alacaqlarını deyib dururdular.

Nəhayət, qohumlar arasında ümumi razılığa gəlindi, Amiləni nişanladılar. Olmağına oğlan da pis oğlan deyildi:- ali təhsilli mühəndis idi.

Nailə üçün də gələn elçilər fürsətdən istifadə edərək “həri”ni aldılar…

Günlərin  xoş bir payız günündə  gözəl bir çal-çağırla  Amiləni rayona yaxın kəndlərdən birinə gəlin apardılar.

Qısa müddətdə Amilə getdiyi yerdə özünü hamıya sevdirə  bildirdi. Ailədə hamı ataya hörmət edir, o, evə gələndə  əl-ayağa  düşürdülər. Çünki, uzun  illər kolxoz sədri işlədiyindən  hökmlü, zabitəli, cüssəli kişi idi. Ona yalan demək, sözünü iki eləmək,  yanında yersiz hərəkətlərə  yol vermək qətiyyən ağla belə gəlməzdi.

Amilə bu evə gəlin gələli ağzındakı “yaşmağ”ı hələ açmamışdı. Bunu  özünə ayıb bilir, qaynata  ilə danışmağa  da cürət etmirdi. Hərdən  qaynatasının “gəlin,  çayın hazırdır?”- deməsinə  də  “bəli” deyirmiş kimi başını yelləyərdi. Gəlinin abır həyanı  gözləməsi onu  qaynatanın gözündə  daha hörmətli edirdi.

İşdən yorğun gələn kişi birdən: “ay gəlin, ocağın üstündəki nədir elə qaynayır?”-deməsindən diksinən Amilə səssizcə  qaynatasının yanına gəlib, yaşmağını aşağı saldı, ilk dəfə: -“su”-dedi və yenidən yaşmağını ağzına çəkib ona çay süzdü. Onun bu qəfil hərəkətinə qaynanası və baldızı  xəfifcə  qımışdılar.

Amilə hələ də anlamadı ki, onlar nəyə gülümsədilər. Belə söhbətlərdən biri də ertəsi gün baş verdi.

Həyat yoldaşı işdən çox yorğun qayıtdığından yeməyini yeyib, yataq otağına keçərək taxtında  uzandı.  Ev iki mərtəbəli  olduğundan kənd evlərinə məxsus  ikinci mərtəbədə də ayaqyolu və əlüzyuyan  eyvanın yuxarı başında yerləşirdi. Amilə süfrəni yığışdırdı,  qab-qacağı  yuyub yerləşdirdi,  ocağa  iki odun da atdı ki, otaq gecə soyumasın. Sonra gedib əllərini yumaq üçün əlüzyuyanın yanına  gəlmək istəyəndə gördü ki, ayaqyolunun  qapısı  aralıdır, içəridə  yataq paltarında adam var. Əvvəlcə duruxdu, sonra elə bildi ki, yoldaşıdır, zarafatla  ehmallıca çiyninə vurub-“elə bildim dədədir”-dedi, keçib əllərini yudu, sakitcə otağına qayıtdı,  gördü əri taxtda yatıb. Əvvəlcə  duruxdu,  bir anlıq həyəcan  keçirdi.

Sən demə bu sözləri elə qaynatasına  deyibmiş… Təsəvvür edin, daha xəcalətdən qaynatanın üzünə çıxa bilərdimi?!

Günlərin bir günü Amilə baldızına dedi ki, o kiçik qozlardan  gəl qoz mürəbbəsi bişirək . Bağlarında  iri qoz, fındıq ağacları  ilə yanaşı, bağdan keçən arxın  o biri  tərəfində də müxtəlif meyvə ağacları var idi. Bağda gəzməyi çox sevirdi Amilə.

Hər tərəf  yaşıllıq idi. Elə mürəbbəni də burada  bişirmək  qərarına gəldilər. Baldızı  evdən  iri  mürəbbə  tiyanını gətirdi, Amilə şəkər tozunu tiyana tökdü. Ocaq hazırlandı; iki iri kərpic gətirib, üstünə  tiyanı  qoydular və şəkər tozuna hər kiloya  bir stəkan su əlavə etdilər, hardasa 10 kiloluq  mürəbbəyə hazırlıq  gördülər. Ağaclardan  yığdıqları göy qozları yudular.  Ocağın altına bağdan topladıqları oduncaqları səliqə ilə düzdülər.

Quru çubuqlar yandıqca  tiyandakı şərbət yavaş-yavaş qaynağa düşdü, yuyulmuş gömgöy qozları tiyana  tökdülər. Xeyli gözlədilər,  arabir qarışdırırdılar. Hərdən  evə də gedib atanın işdən gəlib-gəlməməsini də yoxlayırdılar. Axı,  ona qoz mürəbbəsi bişirirdilər. Həm də bu mürəbbə gəlin-baldızın ilk bişirdikləri mürəbbə olacaqdı.

 Nəhayət, bişirdiklərini dadmaq istəyəndə…Vay, bu nədir? Acı  zəhər! Bir-birinin üzünə baxdılar. Axı,  onların  yedikləri  qoz mürəbbəsi çox ləzzətli, şirin idi.

Amilənin nitqi qurumuşdu,  bilmirdi nə etsin…Baldızı  tez  evə qaçıb  məsələni anasına danışdı. Ana elə qızını  özbaşına, məsləhətsiz  belə iş gördüklərinə görə  danlayırdı ki, atası gəldi və  “nə olub?”-deyə soruşdu. Qız qorxudan  tez, “heç nə”, “anamdan söz soruşurdum”-dedi.  Ana işdən gələn yorğun ərini yuxarı apardı.

Amilə həyəcanla baldızını  gəlməsini gözləyirdi. Nə edəcəklərini hələ bilmirdi:-həm məsləhətsiz  bu işi gördüklərinin, həm də xeyli miqdarda şəkər tozunu israf etdiklırinin, həm də  bilmədikləri işə görə danlanacaqlarının həyəcanını  keçirirdi ki, baldızı qaçaraq gəldi və  Amilə,  gəl tiyanı otlarına arasına çevirib tökək, heç kəs bilməsin,- dedi.

Eləcə də etdilər. On kiloya yaxın  “mürəbbə”ni  otların arasına töküb, tiyanı arxda yudular, səssizcə gətirib həyətdəki mətbəxə qoydular.

Əminliklə yəqin etdilər ki,  kişi heç nə bilməyəcək. Çünki, onun dilinə düşsələr danlanacaqlar.

Bir neçə gün keçdi. Hava xoş idi.  Amma  bağı yaman  vızıltı  səsi bürümüşdü. Amiləgilin  bundan xəbəri yox idi. Qaynatası arıların vızıltısını eşidib, öz-özünə-burda arılar  olmur axı,  bəlkə ağacda pətəkləri var-düşüncəsi  ilə “hadisə yerinə” yaxınlaşdı.

Vay… burada  nə qədər arı, milçək və başqa böcəklər var.  Ehtiyatla arılardan uzaqlaşıb evə gəldi. Və… bağda gördüyündən baş aça bilmədiyini söylədi.

Amilə  baldızına gözucu baxdı və baxışları toqquşanda  hər ikisinin üzündə  kədər dolu təbəssüm  göründü.

İllər keçdi…Sonralar  Amilə də, baldızı da  qoz mürəbbəsinin  bişirilməsini  biləndə  və onu bişirib süfrəyə qoyanda “naşı bacarıqlarını” xatırlayır və övladlarına danışıb gülürdülər.

14.02.2022-Bakı.

Müəllif: Nəzakət KƏRİMOVA-ƏHMƏDOVA

“Yazarlar” jurnalının ictimaiyyətlə əlaqələr üzrə meneceri, yazar.

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.