Fatma Nabieva: –“Anton Çexov həm yazıçı, həm həkim olub. Çox oxumuşam onun kitablarını. Nə səbəbdən bilmirəm, mənim yaşadığım Tomsk şəhərini sevməyib. Tom çayının kənarında Çexovun heykəli qoyulub və bütün Tomski sakinləri burnunu sıxmaqdan burnunun rəngi gedib.”
Təhsil Nazirliyindən inspektor gəlmişdi. Həsənqulu müəllimin fizika dərsində əyləşmişdi. Əliqurumuş kimsə Həsənqulu müəllimdən yazmışdı. İnspektor da məktubu götürüb gəlmişdi Həsənqulunun canından ötrü. Həsənqulu müəllim inspektoru tanıyırdı. Yaxşı fizika müəllimi idi. Özü də elmlər namizədi idi.
Zəng vuruldu. Dərs başlandı. Həsənqulu müəllim hazır qayıb edib yerində əyləşdi. Dərsdə nazirliyin inspektoru ilə yanaşı məktəbin direktoru və onun tədris işləri üzrə müavini də iştirak edirdi.
Artıq dərsin başlamasından 10 dəqiqə keçirdi. Müəllim yalnız bircə dəfə:
-Uşaqlar, dərsimizdə qonaqlar iştirak edir. Təhsil Nazirliyindən də gələn var. Qonağa hörmət lazımdır. Sakit oturun. Danışmaq olmaz.
Şagirdlər də, müəllim də on beş dəqiqə idi ki, lal-dinməz oturmuşdular. Məktəb direktoru dillənmək istədi. Nazirliyin inspektoru əlinin işarəsi ilə onu saxladı. Sakitcə:
-Müdaxilə etməyin. Sonunu gözləyək.
45 dəqiqə başa çatdı. Zəng vuruldu. Həsənqulu müəllim ayağa qalxıb şagirdlərlə xudahafizləşib çıxdı. Qonaqlar da onun dalınca. Müəllimlər otağına gəldilər.
Məktəbin direktoru özünü birtəhər ələ alıb xəbər aldı:
Həsənqulu müəllim, bu nə oyun idi çıxartdın?!
O da öz növbəsində heç nə olmayıbmış kimi:
Başa düşmədim, nə oyun? – deyə soruşdu.
Məktəbin direktoru davam etdi:
-Dərsdə nə üçün bir kəlmə danışmadın?
Nazirliyin inspektoru söhbətə qarışmadan onun nə cavab verəcəyini gözləyirdi.
Həsənqulu müəllim dedi:
-Danışsaydım, yüz dənə, min dənə irad tutacaqdınız. İndiki halda vur-tut bir irada yol verdim: danışmadım.
Mavi geyimdə olan qız məktublarla birlikdə dənizə atıldı. Saçları islanmış halda, əlləri taqətdən düşmüş, paltarı da çox islaq idi.. O, xoşbəxt görünürdü, lakin bir yandan qəmginlik biraz da olsa gözlərinə çökmüşdü.. Qayıtmaq istəsəydi də qayıda bilməzdi, çünki uzun bir yol qət etmişdi.Günəşə doğru addımlayırdı, hey gedirdi çata bilmirdi.. Dodaqlarının arasında bir məktub tutmuşdu gözümdən qaçmadı. Özü ilə birgə o qədər yol keçib gətirmişdi o məktubu.. Arabir dənizin ortasında dayanaraq, ətrafa nəzər yetirib yenidən davam edirdi.. Kədərli gözləri qarışmışdı dənizə.. Onun kədərini, dəniz də apara bilməzdi uzaqlara.. Onun tək çıxış yolu getmək idi. Hara gedəcəkdi? Uzsuz , bucaqsız dənizin ortasında yəqin ki, itib batacaqdı… O, əslində çoxdan günəşə, göyüzünə, dənizə qovuşmuşdu. Sadəcə o məktubda, onun dənizlə bağlı xəyalları yazılmışdı. Onun ən böyük xəyalı, dənizə, günəşə, göyüzünə qarışmaq idi.. O, dənizin ortasında yorularaq, ucalmışdı göy üzünə. Məktubda itib yox olacaqdı, necə ki, özü arxada iz buraxmadığı kimi..
* * *
Yalnız başına, məzarlığa getmək heç də qorxulu deyildi əslində. Mən hər zaman yalnız getməkdən qorxurdum. Yuxularımda belə görüb, qorxudan ayılırdım. Ağacları, təbiəti demək olar çox fərqli idi. İnsan burada daha çox yaza bilərdi. Çünki burada, kimisi xoşbəxtlikdən, kimisidə arzularını gerçəkləşdirə bilmədən ölmüşdü. Burda səs yox idi, amma mən ölü insanların çığlıqlarını duya bilirdim. Bunu duymaq ürək istərdi. Yaşanmışlıqlar onları duymağa imkan verirdi. Şəkillərin hər biri mənim üzümə baxırdı sanki. Onlar mənə nəyisə başa salmaq istəyirdilər. Onların çoxusu sevgisizlikdən əziyyət çəkirdi. Hər birinin öz hekayəsi var idi. Cismən ölsələrdə, ruhları bir yerlərdə yaşayır. Sevdiklərini izlərkən, nifrətdən soyuğa dönmüş qəlbləri onları fəth etmişdi bir ömür ölməyə. Ruhları şad olmasa belə, göyüzünün ən gözəl yerlərinə ucalmışdılar. Hər birinə dayanmadan şeir yazmaq istərdim. Lakin ağlamaq istəmirdim. Onun üçün yazmadan getdim oradan, göz yaşlarımı, beynimdə qalan yazılarımı götürdüm özümlə. Mənim də öldüyümü görsünlər istəmədim. Mən o məzarlıqda ruhumu dəfn etdim.
* * *
Gedirəm bu axşam… Dağları, çiçəkləri, yaşıllıqları, dənizi, ayı geridə qoyub gedirəm… Xoşbəxt günlərimi, şəkillərdə, yazılarımı kitablar da, sevdiklərimi nağıllarda, sevdiyimi şeirimin ən gözəl misrasında qoyub gedirəm. Üzümə toxunan küləyin rahatlığını, getdiyim yollar da qalan izləri, yalnız insanlar və maşınlar təmizləyəcək. Arxamda heç bir şey qoymadan gedirəm… Yaddaşımdan silinməyən, xatirələri də pəncərədən atıram… Mən bu gecə heç bilmirəm hara gedirəm.. Ayaqlarım hara aparacaq… Amma ayağımın getdiyi yerə ürəyim getməyəcək bilirəm.. Mən bu gecə, ayın gecəni işıqlandırması ilə birlikdə, əllərimlə üzümü örtərək gedirəm.. İndi ayın işığı belə, həyatıma rəng qata bilmir.. Mənim həyatımda bir şeylər əksikdi.. Əsil ayın işığı, üzümə toxunan əllər, ayaq addımlarımın arxasınca gələn xəyalı…
Nəfəs almağım üçün əllərini boğazımda boşaltdı, mənə ” Pəncərəyə bax ” dedi. Səs özgənin xırıltılı səsiydi. Artıq dəqiq bilirdim, mən nənəmin yanında öləcəm, xəbəri olmayacaq. Axı nənəm sovet arvadıdır, gərək yuxusu yüyrək ola. Pəncərəyə baxıram, heç kim yoxdu. Kimdi bilmirəm, üstümdən düşdü, mənim boğazımı buraxmadan ayağa qaldırdı, pəncərəyəcən apardı. Çox su içdiyimdən altımı islatmamağıma özüm də təəccüblənmişdim. Naməlumun yanında çoxdan biabır olmalıydım. İstər-istəməz bağın içindəki tualetə baxmalı oldum. Normalda həyətə baxmalıydım. Tualetdə xarabalıqdan əsər-əlamət qalmamışdı. İlahi, bu nədir? Tualetin bəzəkli qapısı açıq, işıqlı, içində körpə uşaq, mənə gülümsəyir. Deyəsən, ölməmişdən əvvəl adama havalanmaq gəlir. ─Əxlaqsız, öldürəcəm səni! –əcaib, xırıltılı səsi yenə eşitdim. ─O uşaq…. O uşaq…. Cümləmi heç cür tamamlaya bilmirdim. Məni boğan kimiydisə, çox arifiydi. ─Bicindir. Xatırladım, ailəli olanda bir dəfə hamilə qalmışdım. İki həftəlikiydi. Boşanmağa qərar verdiyim gün ürəyimin dərinliyində ana olmaq istəmirdim. Ehtiyyatsızlıqdan bətnimdəki körpəmi itirdikdən sonra anlamışdım, körpəm bətnimdə olan gündən artıq mən anaydım. Uzun müddət özümə gələ bilməmişdim. Televizorda körpələrlə bağlı reklamları gördükcə ixtiyarsız ağlayırdım. Lakin mənim uşağımın atası məlumuydu. Həqiqətdə həyətdən pəncərəyə düşən işıqdan məni öldürmək istəyən naməlumu görməliydim, mümkün olmadı. Üzü qapqaraydı, kişi xəylağı olmağı mümkün deyildi.
Fiqurasından nağıllardakı ifritəyə bənzər varlığın mənimlə zarafat etməsini istəmək indiyəcən arzularımın ən birincisi olmuşdu. Yaşamağın dəyərli olduğunu o an hiss eləmişdim. Təpiklə iki qıçının arasından vurmağa çalışdım. Necə ki baxdığımız kinolarda qadın ona təcavüz edən kişini eləcə vurub belini bükürdü ha, bax, mən də çalışdım, alınmadı ki, alınmadı. Əvəzində iki ayağım yerdən əlini üzdü, havadan asılı qaldı. Gücüm əllərimlə əllərini boğazımdan ayırmağa çatırdı. Güclə son nəfəsimi aldığımı hiss edirdim. Son dəfə tualet tərəfə baxdım, mənə baxan körpə ağlamağa başladı. Mənim də gözümdən yaş gəlirdi. Ölməyimə ağlayırdım. İfritə boğazımdan əllərini çəkdi, yerə dəyərək sərildim. Otağın işığı yananda gözlərim yumulmuşdu. Gözlərimi açanda evdəkilər başımın üstündəydi. Hardansa tapdıqları molla qardaş onlardan daha yaxın stulda oturub mənim üçün dua oxuyurdu. Özümü xortdayıb ölümdən qayıdan kimi hiss elədim. Gərək hamı şoka düşəydi, anamın ürəyi gedəydi. Yox, mənimki ölüb-dirilmək məsələsi deyildi. ─Qıza pis toxunublar – ilk eşitdiyim səs molla qardaşın səsi oldu. Molla qardaş cavanıydı, deyərdim üzdən də uşağa oxşayır. Əlində “Qurani-Kərim”, hansı surəsiydi bilmədim, dua oxumağa davam edirdi. Rəfiqəm adama toxunan varlıqlar haqqında danışanda gülərdim, gecə başıma gələnlərdən sonra daha hər şeyə inanmağa hazırıydım. Yenə də danışa bilmirdim, su istəyirdim, dilim-dodağım qurumuşdu. Anama baxdım, dilimlə dodağımı islatdım. Deyirlər balanı anadan yaxşı heç kim duya bilməz, vallah, düz söhbətdi. İslanmış dodağımdan anam ciyərimin yandığını başa düşdü, suyu beş saniyəyə gətirdi, bir əlini kürəyimin altına saldı, bir az qaldırıb suyumu içizdirdi. Suyu içəndən sonra danışa biləcəyimi hiss elədim. Molla qardaşın dualarını bitirməyə hövsələm çatmadı. Birbaşa anamdan soruşdum: ─Məni boğan kimiydi? Nənəm: ─Sənə toxunublar, bala. İşığı yandıranda yerdəydin, -dedi. ─Məni qadın boğurdu. Tualetdə uşaq vardı. Molla qardaş astaca ” Bismillahir rəhmanir rəhim ” dedi, sonra davam elədi: ─Bacı, gözünə cin-şeytan görünüb. ─Mənə “Adımızı batırmısan!” deyirdi. Bağdakı tualetdə uşaq vardı. Gözümlə gördüm. Dədəm: ─Şəfi, tualetdə uşaq nə gəzir? Gözünə görünüb, –dedi. Nənəmin yadına nə düşdüsə, molla qardaşdan soruşdu: ─Bir söz soruşum, bizim evlə bağlı nəsə bilirsən? Molla qardaş nənəmə cavab verməyə tərəddüd edirdi. ─Vallah, evlə bağlı rəvayətlər eşitmişik. Onda mən heç yoxuydum. Qoca nənəm var, ondan eşitmişəm. Atam soruşdu: ─Nə eşitmisən? ─Guya evin otaqlarından biri tamam yanıb. ─Hansı otaq? –həyəcanla soruşdum. ─Onu bilmirəm. Molla qardaş bir az da dua oxuyandan sonra məni sabah dədəmlə öz evində gözləyəcəyini dedi. Qorxuluğumu canımdan çıxartmalıydı. Günortadan sonra nənəmlə dünən qatıq aldığımız evə getdik. Nənəm cin-min söhbətlərinə qız vaxtından inandığı üçün bu işin axırına çıxmaq istəyirdi. Qapını döydüm, yenə dünənki gəlin açdı. Salamlaşdıq, nənəm qaynanasını görmək istədiyini dedi. Bizi evə dəvət elədi. Qaynanası Cəvahir nənə ( Ümumiyyətlə, nənəm yaşında, babam yaşında olanlara nənə-baba deyirəm) bizə xoşgəldin elədi, gəlini çay süfrəsi açdı, bişirdiyi gilas mürəbbəsindən də qoydu süfrəyə. Yarım saatdı nənəm gəlməyinin səbəbindən söhbət açmır, hövsələm daralır, arvadla gəldiyim üçün peşman oluram. Sonunda nənəm əsl səbəbə gəldi. ─Cəvahir bacı, dünən başımıza qəribə iş gəlib. Gecə uşağa da, mənə də toxunublar. İlahi, otuz yaşımı tamam eləmişəm, arvad hələ də mənə uşaq deyir! Elə mənə uşaq dedikləri üçün özümü qadın kimi hiss edə bilmirəm. Və bu minvalla belə qərara gəlirəm ki, müsəlman ölkələrində valideyinlər övladlarına sərbəst qərar vermələrinə geniş imkan yaratmadığından hər birimizin görünüşü böyüyür, ruhumuz uşaq olaraq qalır. Valideyinlərimiz köçdükdən sonra ağsaqqal, ağbirçək statusunu 100 % qazanırıq. Nənəm bir gecədə başımıza gələn hadisəni bir kitablıq əsər formasında danışdı, ürəyim üzüldü. “ Ürəyin üzülsün, nənə! Qısa kəs dəə! ” Hiss elədim, gəlinin də ürəyi sıxıldı. Ağıllı gəlindir, məni yataq otağına dəvət elədi, mən öz taleyimdən, o öz həyatından danışdı. Sənubərin məndən on yaş kiçik olduğunu biləndə inanmamışdım. Görünüşü yaşından on dəfə böyük idi…Necə deyərlər, sümüyü iri qızlardandı. Yoldaşı rayonda Coğrafiyadan dərs deyir, açılan kursların birində də uşaq hazırlaşdırırdı. Sənubərin çoxlu kitabları vardı. İstər dünya ədəbiyyatından olsun, istər yerli ədəbiyyatdan. Sağollaşanda bir-iki kitab da verdi ki, oxuyub qaytarım. ─Arvad nə dedi sənə? Nənəm dizinə vurub, başını yellədi: ─Zibilə düşmüşük, ay toba! Atana dedim də, dedim, evi almamış soraqlamaq lazımdır! On beş minə üç otaqlı, geniş bağı olan evi satarlar? Əməllicə poxa düşmüşük! ─Ay nənə, hövsələmi niyə daraldırsan? Düzəmməli de görüm nə dedi də! ─Evdə ruh var. Ayaqlarım tərpənmədi. Nənəm bir az qabağa gedəndən sonra gəlmədiyimi bildi, geri boylandı. ─Az, sən niyə dayandın? Gəlsənə! ─Nənə, dəqiq evdə ruh var? Arvad dəqiq elə dedi? ─Az, səyləmə, düş qabağa! Nənəm yanımacan gəldi, qolumdan tutub özündən qabağa itələdi. ─Mən bilirəm neyləmək lazımdır. O mollanı çağırarıq, Quran oxuyar, keçib gedər. ─Hə də… bizdən əvvəl alan ev sahibinin ağlına gəlməyib, axı! Nənəm kinayəylə dediyimi bildi. ─Nə varsa bizim yatdığımız otaqda var. Axşam qonaq otağında yatarıq. ─Mən dədəmgillə yatacam! ─Sənin başın üçün elə! Tək qoyacaqsan az, məni? Hərdən mənə elə gəlir ki, nənəmdən olsa, əzrayılın yanına da cüt gedərik. Hara getsə əri kimi məni qoşur yanına. Hara getmək istəsəm, dədəmdən əvvəl soruşar. ─ Kimlə görüşürsən? Rəfiqən kimlərdəndir? Haralıdır? Yersiz suallarından bezib o qədər yalan danışmışam ki! Eh nənə…. Axşam şam yeməyindən sonra dədəm balaca araq butulkasını yemək yeyə-yeyə öncə bizim, sonra şəhərdə yaşayan nəvələrinin sağlığına əlli-əlli vurandan sonra kefi kök, hamımızdan əvvəl yatmağa getmişdi. Bir az sərxoş idi, amma özünü idarə edirdi. Dədəm araqdan sonra çaxırı və ya pivəni içəndə özünü idarə edə bilməyənlərdən olurdu. Yeyib-içdikdən sonra əsəbləşdirən olmasa, danışıb-gülürdü. Bu halı, bilmirəm niyə, mənim çox xoşuma gəlirdi. Gecə anamla yerimizi qonaq otağında saldıq. Bu otağın da işığını yanılı qoyduq. Saat altıdan sonra hər ehtimala qarşı su içmədim. Tərslikdən yuxum gəlmir, ağılsızlıqdan Sənubərdən götürdüyüm kitabı dünənki otaqda qoymuşam. Kitab oxumamış yata bilməyəcəkdim. Nənəm çoxdan yatmışdı. Doqquzuncu sinifdə oxuyanda yuxuda əzbərlədiyim ayətül-kürsünü oxuya-oxuya nənəmlə vahiməmizə səbəb olan otağın qapısına yaxınlaşdım. Otaq anamgilin yatdığı otaqla üzbəüz olduğu üçün bir az ürəkliydim. Əlimi qapının cəftəsinə yaxınlaşdırıram, cəftəyə toxunmamış əlimi çəkirəm. Qapı cırıltısının səsini eşitdim, qanım bədənimdə dondu, qorxudan üşüdüm.