Ana dilim Bu dünyanın yaşı qədər tarixin var, Sonu qədər, başı qədər tarixin var. Dağı qədər, daşı qədər tarixin var, Ha baş vursam bitməz qatı, ana dilim, Dədəm-babam amanatı, ana dilim! * * * Orxonlardan üzü bəri yazın qalıb, Altaylardan Balkanlara izin qalıb. Çox dillərdə rəddin qalıb, izin qalıb, Qurdnan görər qiyamatı, ana dilim, Dədəm-babam amanatı, ana dilim! * * * Ucsuz Qıpçaq çöllərindən havalandın, Qədim Oğuz ellərindən havalandın, Qopuzumun tellərindən havalandın, Sənlə atdım qaramatı, ana dilim, Dədəm-babam amanatı, ana dilim! * * * Yurd yaratdın, xalqıma ev-eşik oldun, Laylalarla ruhumuza beşik oldun. Dünyamızın sərhədinə keşik oldun, Millət etdin el-elatı, ana dilim, Dədəm-babam amanatı, ana dilim! * * * Nizaminin hikmətini sən yaratdın, Nəsiminin qüdrətini sən yaratdın, Füzilinin fitrətini sən yaratdın, Hikmət dolu söz büsatı, ana dilim, Dədəm-babam amanatı, ana dilim! * * * Yasaların kəmfürsətə ox olacaq, Yadlar səndə əriyəcək, yox olacaq. “Azərbaycan”, “Heydər baba” çox olacaq, Onlar övlad hesabatı, ana dilim, Dədəm-babam amanatı, ana dilim! * * * Sən şahidsən, kimlər gəldi, kimlər getdi, Oğlun-qızın haya çatdı, dada yetdi. Bələdçisi Həsən Mirzə səni etdi, Mahirənin kainatı, ana dilim, Dədəm-babam amanatı, ana dilim!
QİSMƏT (hekayə) 2008-ci il, oktyabrın 11-i, şənbə günü idi. Çiçək qızımın 4 yaşının tamam olmasına hələ 2 ay qalırdı. Çox vaxt axşamlar işdən evə gələndə onun üçün nəsə alıb gətirsəm də hər ayın 11-i mütləq özəl bir hədiyyə olmalıdır. Bu gün də ona nəfis tərtibatlı rəngləri və meyvələri öyrədən yeni bir kitab almışam. Evə çatana qədər onun kitabı görəndə necə sevinəcəyini təsəvvür edib mən də uşaq kimi sevinirdim. Bakı şəhərində, “Beşmərtəbə” deyilən köhnə binadan ayaqla 30-35 dəqiqəlik məsafədə, şəhərin ən gözəl, ən səfalı yerində öz əlimlə ürəyim istədiyi kimi tikdiyim yığcam 3 otaqlı fərdi evdə yaşayıram. Elə də böyük olmayan, 3-4 maşın dayana biləcək, güllü-çiçəkli səliqəli kiçik həyətim də var. Çətinliklə olsa da həyətdə bar verən meynə, ərik, albalı, gilas, alma, nar və “yapon əzgili” ağacları əkib-becərmişəm. Bu gül-çiçək və ağaclar hər səhər məni işə yola salır, axşamlar da qarşılayırlar… Səhər işə, axşam da evə gəzə-gəzə, piyada gedib-gəlirəməyi xoşlayıram. Əlimdə ev üçün aldığım bir-iki xırda-para və Çiçəyimin bükülü kitabı gəzə-gəzə gəlib həyət qapısına çatdım. Qapını ancaq ailə üzvlərinə və bir də tez-tez gəlib-gedən dost-tanışa məlum xüsusi üsulla bayırdan özüm açıb həyətə daxil oldum. Həyətə girən kimi birinci sol tərəfdə qalan meyvələri artıq çoxdan sovulmuş, çiçək açmağa hazırlaşan “yapon əzgili”nə salam verib (qonağa hörmət adətdəndir), nar ağacına tərəf getdim. Batmaqda olan payız günəşinin yaratdığı qıpqırmızı fonda qoşa ovuca sığmayan qanqırmızı narlar qapqara görünürdü. Narlarla da xoş-beş edib, sol tərəfdə qonşu ilə aramızdakı alçaq hasarın dibində sıra ilə əkdiyim ilboyu açan qızılgüllərin də könlünü ala-ala pəncərələrinin önündən keçib evin giriş qapısına çatdım. İşdən gəlməyimə az qalmış Çiçəyin öz otağının həyətə baxan pəncərəsindən məni gözləməsi, hər dəfə pəncərənin önündən keçəndə məni görüb, -“Atam gəldi, atam gəldi”,- deyə-deyə qapıya qaçması da artıq adət etdiyimiz hallardan biri idi. Mən giriş qapısını açıb evə daxil olanda artıq Çiçək qızım anası ilə qapının ağzında hazır dayanmışdı. Salamlaşdıq. Ev üçün olan xırda-paranı həyat yoldaşıma, bükülünü isə Çiçəyə verdim. Hədiyyənin kitab olduğunu anlayanda mən təsəvvür etdiyimdən də çox sevindi. O hər dəfə belə sevinəndə mənim də özümdən asılı olmayaraq gözlərim yaşarırdı. Kövrəlirdim. Bükülü hədiyyəni əlində tutub, qarşımda dayanmış Çiçək ayaqqabılarımı çıxarda-çıxarda adəti üzrə yenə məni sual atəşinə tutmuşdu. Anası da həmişəki kimi, – “Ay Çiçək, imkan ver ata bir içəri girsin. İşdən indi gəlib axı”, – desə də o məhəl qoymadan, növbəti qəfil sualı mənə ünvanladı: – Ata, Allah nə bilir ki mən burdayam? Ayaqqabının birini çıxartmışdım, o biri tayı hələ ayağımda idi. Ani olaraq heç dəxli olmayan bu qəfil uşaq sualından tutulsam da Çiçəyə vaxtında cavab vermək lazım idi. Ağlıma belə bir cavab gəldi: – Çiçəyim, bax bu əlində tutduğun hədiyyəni apar, öz otağında yazı masasının üstünə qoy gəl. – Hə qoyub gəldim, – heç bir dəqiqə keçməmiş Çiçək yenə qarşımda peyda oldu. – İndi öz otağının qapısını ört və yanıma gəl. – Hə gəldim, – cəld otağın qapısını örtüb yanıma gəldi. – İndi sənin hədiyyən haradadı? – ondan soruşdum. – Öz otağımda. – Daha dəqiq desək… – Mənim hədiyyəm öz otağımda, yazı masamın üstündədir. – Sən indi onu görürsən? – Xeyr. Qapı bağlıdır. – Qapı açıq olsa, görərdin? – Xeyr. Onda da divar qoymur görəm… – Bax belə. Bəs, sən nə bilirsən ki, hədiyyən otağında yazı masasının üstündədr? – Özüm qoydum. Ona görə bilirəm ki, ordadır. – Ay sağ ol. Bax, Böyük Allah da belə bilir kim hardadır. – Bizi Allah baba qoyub bura? – Ay sağ ol. Bütün insanların ulu babası Adəmi Böyük Allah yaradaraq yer üzünə göndərib. Ancaq Allah elə Allahdır. Ona Böyük Allah, Uca Allah, Mehriban Allah, Bağışlayan Allah deyirlər. Əgər ona baba desək bəs onda Adəm babaya nə deyərik, hə Çiçəyim? – Bildim. Mehriban Allah. Hər şeyi bilən Allah. Nəhayət ki, ayaqqabılarımı çıxarda bildim. Əynimi dəyişib, əl-üzümü yumaq üçün hamam otağına keçdim. Çıxanda Çiçək məni hövsələsiz halda dəhlizdə gözləyirdi. – Bəs onda “qismət” nədir? – Hə, bax bunu sabah sənə parkda göstərəcəm, indi get sən “kitablarını oxu”, ata da çay içsin, yemək yesin, – deməklə vəziyyətdən çıxmağı bacardım. Sabah Çiçəyə parkda əyani olaraq nə göstərəcəyim barədə dəqiq fikrim olmasa da bu cür vəziyyətlərdə uyğun ssenarilər qurmaq bacarığıma güvənərək ona belə bir söz vermişdim. O da sevinə-sevinə öz otağına keçdi… Uzun yay günlərində işdən sonra, bayram və istirahət günləri isə, həmişə Çiçəyi şəhərimizin gözəl parklarına, əyləncə mərkəzlərinə gəzməyə aparıram. Bu gün də bizim adi istirahət günümüzdür. Səhər oyanar-oyanmaz Çiçək “qismət” marağını yenə büruzə verdi. Səhər yeməyimizi yeyib, geyinib evdən çıxana qədər bir neçə dəfə də “qismət”i görmək üçün necə tələsdiyinin şahidi oldum. Nəhayət hazırlaşıb, həyətimizdəki qonşu ilə aramızda olan gül-çiçəklərlə salamlaşıb, sağollaşıb həyətdən çıxdıq. Əsas küçəyə çıxanda həmişə olduğu kimi məhləmizin girişindəki demək olar gündəlik istifadə olunan bütün malların satıldığı xırda dükandan parkdakı göyərçinlərə vermək üçün 1 manatlıq buğda aldıq. Gəzə-gəzə eyni adlı prospektdə yerləşən Hüseyn Cavid parkına gəldik. Biz parka çatanda saat 9:45 idi. Göyərçinlər hələ gözə dəymirdi. Harda olsalar da indi bir-bir, iki-iki uçub gələcəklər. Göyərçinləri gözləyə-gözləyə bayaqdan bəri axtardığım “qismət”i tapmışdım. Bu arada yeri gəlmişkən şəhər göyərçinlərinin bir maraqlı xüsusiyyətini də sizə deyim, kim inanmasa yoxlasın. Hər gün görməyə adət ediyimiz göyərçinlər iş günləri səhər saat 8:00 – 9:00-dan parklarda olsalar da ilin fəsillərindən asılı olmayaraq, istirahət günləri saat 10:00 –dan tez gəlmirlər. Biz Çiçəklə bir xeyli oynadıqdan sonra göyərçinlər də tək-tək, dəstə-dəstə park ərazisində görünməyə başladılar. Parkda hələ elə də çox adam yox idi. Bir-iki mənim kimi valideyn öz uşaqları ilə oynayırdı. Deyirəm, getdikcə vəziyyət bütün sahələrdə dəyişir. Əvvəllər uşaqlar bir-biri ilə oynayardır. İndi, özüm valideyn olandan sonra fikir vermişəm ki, hətta qışda qartopunu da uşaqlar öz ata-anaları ilə oynayır… Belə müxtəlif fikir xəyallarla və “qismət”i necə yaxalayıb Çiçəyə göstərəcəyimi düşünə-düşünə parkdakı ən sakit guşədə yerləşən oturacaqların birində əyləşib göyərçinlərə dən atmağa başladıq. Çiçək də yanımda oturub dəni quşlara tərəf ətrafa sovururdu. Tezliklə yaxın-uzaq ağaclarda olan bütün göyərçinlər hamısı uçaraq yanımıza gəlməyə başladı. Bir neçə dəqiqə ərzində tamamilə göyərçinlərin əhatəsində qalmışdıq. İşarə ilə Çiçəyə sakit dayanıb, kəskin hərəkətə yol vermədən məni izləməsini bildirdim. Torbadakı dəndən ətrafa sovurur, sonra yenidən ovucumu dolduraraq, yer bərabərində göyərçinlərin içində saxlayırdım. Nəhayət göyərçinlərin ən diribaş olanları dəni ovucumdan yeməyə başladılar. “Qismət”i yaxalamışdım. Belə məqamlarda Çiçəyə işarə ilə ovucumdan yeyən göyərçinlərə diqqətlə baxmasını istədim. Bu qaydada dənlərin hamısını göyərçinlərə səpdik. Göyərçinlər dənləri yeyəndən sonra parkın başqa səmtlərində onlara tum səpən, çörək ovan digər valideyinlərin də uşaqlarını əyləndirməyə getdilər. Çiçək əyləncənin bitdiyini görüncə, – “Ata, bəs qisməti nə vaxt göstərəcəksən?, – deyə, bayaqdan söhbətə başlamaq üçün böyük səbrsizliklə gözlədiyim sualı verdi. – Hə, indi diqqətlə mənə qulaq as, ağıllı Çiçəyim. Göyərçinlər biz səpən dənləri yeyəndə heç onlara diqqət etdinmi? – Hə. Baxdım. – Ovucumdan dən yeyən göyərçinləri gördünmü? – Hə. Gördüm. – Fikir verdinmi? Göyərçinlərin çoxu ətrafa səpilmiş dənləri yeyirdi, amma bir-ikisi gəlib ovucumdan yeyirdi. Sən dost olsan hansı göyərçinlərlə dost olarsan, bütün digər göyərçinlərə qarışıb dəni yerdən yeyən göyərçinlərlə, yoxsa ovucumdan yeyən göyərçinlərlə? – Ovucundan yeyən göyərçinlərlə, – heç düşünmədən Çiçək cavab verdi. – Nə üçün? – Çünki onlar qoçaqdı. Onlar qorxmur. – Əhsən mənim ağıllı balama. Əhsən. – Bax, həyat da, qismət də belədir. Gördünmü? Dəni ovucumda tutub gözləyirdim. Hansı göyərçin daha cəsurdur, daha qorxmazdır, daha qoçaqdır o gəlib ovucumdan dəni götürüb yeyirdi. Sənin soruşduğun “qismət” də belədir. Bütün uşaqların “qismət”i hardasa durub onu gözləyir. Uşaqlar sadəcə oynaya-oynaya, oxuya-oxuya böyüyüb öz qismətlərinin harada olduğunu öyrənir, sonra da gedib onu götürürlər. “Qismət” bax budur, Çiçək bala, gül bala. Şəkər bala, bal bala. Ağıllı bala. – Hə. Deməli, “qismət” bu imiş? – Hə. Ağıllı bala, “qismət” bax budur. Son. 30.01.2022. Bakı.
Hava soyuq deyildi,ancaq mən üşüyürdüm.Niyə? Bəlkə çiynimə aldığım yüklər məni taqətdən salmışdı? Mən niyə üşüyürdüm,Tanrım?
Tanrıma səsləndiyim zaman kiminsə çiynimə palto atdığını hiss etdim.Arxama dönüb baxdıqda heç kəsi görmədim.Tək məktub vardı.Məktubu açıb oxumaq istədikdə üzərində yazılan yazını görüb dayandım,sanki mən deyil,əllərim bu məktubu açmağa izn vermədi:
-“Yar deyə qollarına alma kimsəni.Ruhun qürbətdədir,səninlə deyil,ondan çox üşüyürsən.Yarına qovuşduqda bu məktubu açıb oxuyarsan”
Kim yaza bilərdi axı?Mən arxama dönüb baxmadıqda 1,2 dəqiqə öncə nə baş vermişdi? Yoxsa sirrlərimi bilən başqa biri yenə vardı?
Həmişə qaçıb gizlənərdim bu uçurumun təpəsində.Axı burada heç kəs olmazdı.Lap əvvəllər bu uçuruma neçə-neçə insan tövbə etmişdi ki,yaxınlaşmayacaqlar.Səbəbi isə çox dərindir.Sən də dərdimə çarə olmayacaqsan,ancaq dinləmək istəyirsənsə,yaxın əyləş…
Bu qürbət ellərdə Siyah və Bəyaz adlı iki dəli-dolu gənc varmış.Onlar bir-birini sevməzmiş,bir-birinin dəlisiymiş.Bunun adı sevgi deyil,sevdaymış! Bu dəli-dolu iki gənc heç vaxt bir-birlərinin gözlərinə baxıb etiraf etməyiblər.Biz ta qədimdən görmüşük ki,oğlan etiraf edər,qız da ona cavab verər.Ya hə deyər,ya da yox.Beləliklə,sevgi də yarına qovuşar.Sual yaranır ki,bəs niyə bu gənclər bir-birlərini bu cür sevə-sevə ayrılıq yaşayıblar? Siyahın bir sözü vardı: “Mən vücudumda Bəyazın sevdasını daşıyıram.Əcəl gəlsə belə,bizi ayıra bilməz.Bizim bir-birimizə etiraf etməyimizə ehtiyac yoxdu.Biz elə bir canda bütövük!”- deyərmiş.
Günlərin bir günü Bəyaz bu uçuruma gəldi.Siyahı da çağırıb onunla danışacağını söylədi.Bəyazın ağır xəstəliyi vardı.Nə xəstəliyi olduğunu heç kəs bilməzdi.Bəyaz düşünürdü ki,Siyah da bilməz,hətta bilməsin.Bu vicdan əzabını ona yaşatmasın.Onların görüşdüyü yer bu uçurumun kənarı imiş.İlk dəfə bu uçurumun kənarında yelləncəkdə sallanarkən Bəyazı görübmüş Siyah.Onlar gözlərinə baxdıqca qəlbinin döyüntülərini hiss edib bir-birləri ilə elə danışıblar.
O gün isə tam fərqli idi.Bu gün Bəyaz intihar edəcəkdi,həm də Siyahın qollarında! Bəs bu necə ola bilər? Bəyaz Siyahı bu uçurumun kənarına çağırıb ondan bu yelləncəkdə əyləşməsini rica edib.Siyah isə “Bəyaz,bu yelləncək sənin haqqındır,həm də sən əyləş,mən səni göylərə uçurum”-demiş.Bəyaz da cavabında: -“Mən zatən göylərə uçacam bir azdan” ürəyindən pıçıldamış,ancaq Siyah bunu duymamışdı.Bəyaz Siyaha sarılıb ondan xahiş edib ki,ona bir layla söyləsin.Gəlin bir az da onların dillərindən dinləyək:
-Siyah,mənə bir layla söyləsən..
-Söyləyim,gülüm,ancaq niyə məhz layla?
-Uşaqkən anamın başımın ucunda olan laylasına həsrətəm.Mənə yetişməyən baharım o gün anama məzar daşını verdi.Mən heç vaxt anamın səsini duymadım.Söyləsən?
-Söylərəm,gülüm,təki sən istə…
Sizi bir az yaxın keçmişə səyahət etdirdim.Siyah Bəyazın saçlarına sığal çəkərkən laylanı deyərmiş.Bəyazın gözlərindən uzun illər göz yaşı axmazmış.Məhz o gün göz yaşları Siyahın dizlərinə axdıqdan sonra Tanrının hüzuruna qovuşubmuş.İlk başlarda Siyah anlamayıb.Elə bilib ki,Bəyaz yuxudadır.Daha sonra əllərinin,ayaqlarının buz kəsildiyini görüb.Bu anda nə edə bilər? Saatlarla onun saçlarına sığal çəkib.Hər sığal çəkdikcə soyumuş cəsədin simasına Siyahın qaranlıq göz yaşları axıdılıbmış.Son göz yaşı töküldükdə söyləyir ki, “Mən siyaham,sevgilimi də öz qaranlığımla kirlədə bilmərəm!”-deyib uçurumdan atlayıb.
Bu ömürü çalan əzrailmidir,yoxsa Tanrıdır? Niyə Siyah və Bəyaz bir-birinə qovuşa bilməyib?
O gündən bu uçuruma gələn insanlar tövbə ediblər ki,bir daha gəlməyəcəklər,hətta bu uçurum haqqında deyərdilər ki, “bu uçurumda ölən sevdalıların ürəyi itib-batıb! Bizə haramdır yaxınlaşmaq!” Ancaq mən tövbəmi pozub yenə gəldim.Nə olacaqsa olsun artıq!-deyib gəldim!
Çox üşüyürəm,Tanrım! Çiyinlərimdə olan palto belə məni isitmir.İndi yanımda yanğın başlasa da,yenə üşüyərəm.Niyə qaranlıq bu qədər tənhadır,Tanrım? Niyə payızda yarpaqlar ağaclardan qaçır? Niyə hər dəfə qar yağarkən insanlar isti çayını ovuclarının arasına alıb isinməyə çalışır? Başqası bu söylədiklərimi eşitsə,sən naşükürsən söyləyər bəlkə.Bəlkə yox,həqiqətən də elə söyləyər! Bəlkə sən də elə düşünürsən.Bilmirəm…Bax,hər cümlənin başında bir “bəlkə” var! İnsanlar o qədər alışıb ki, “bəlkələrlə” və “kaşkilərlə” yaşamağa.Ancaq mən alışa bilmirəm! Mən xoşbəxtliyimi nə itirdim,nə də tapa bilirəm…
Diz çöküb qəlbimi dinləyərək dərindən hönkürtü çəkdim.Bir insan divardan yapışıb barmaqlarıyla qan çıxana qədər özünə əzab verər elə deyilmi? Baxın,mənim barmaqlarım indi ağrını belə hiss etmir! Həqiqətən də ağrı nədir? Göz yaşı nədir? Sənə söyləyirəm,Tanrım,Siyah və Bəyazın göz yaşlarının yanında mənim göz yaşlarım nədir axı?
Bilirsinizmi insan nə zaman ağlayar? Mən söyləyim.Bu sualın cavabı nə tərk edilmək,nə ağrı hiss etmək,nə də acı yaşamaqdır.İnsan çarəsiz qaldıqda ağlayarmış.Bəyaz əzrailin gəldiyini hiss etmişdi.O çox çarəsizdi.Bəli,çarəsiz! Ondan da göz yaşları axırdı.Mən də qaranlıq taleyimdə boğulub,hətta itib-batmaqdan ağlayıram! Mən nə qədər də bu kainatda var olsam da,tənhayam! Mən yaşayarkən əzrailə təsliməm! Ağacdan düşən yarpaqtək çarəsizəm..Çarəsiz…
-Sən çarəsiz deyilsən,gülüm!
Bu kim idi? Göz yaşlarımı əllərimlə silməyə çalışdıqda kiminsə arxadan qaça-qaçla gəlib əllərimdən tutduğunu hiss etdim.
-Siz kimsiniz?
-Aç məktubu.
-Nə? Məktub?
-Artıq zamanı gəlib.Aç məktubu! Sən də Bəyazın Siyaha etdiyi zülmü mənə etmə!
-Sən? Sən kimsən?
Dedikdən sonra dönüb arxama baxdıqda təəccüləndim.O an dilim lal oldu.İllər sonra yenə qarşı-qarşıya idik.Bu vaxt,deyəsən,Tanrım tamaşa edirdi.O Siyah idi.Necə yəni? Siyah ölməmişdi? Bəs? Bəs mən?
-Üşüyən çiyinlərini paltoyla örtən mən idim,Bəyaz.Sən ölməmisən.Sən yenə mənimləsən!
-Necə? Bu necə ola bilər,Siyah? Axı..Axı mən..
-Tanrım bizi ayırmadı! Mən bilirdim! Bilirdim ki,sən bu uçurumun kənarına yenə gələcəksən!
Bəli,bu dəfə zaman deyil,Tanrı bizə bir oyun oynamışdı.Əslində,oyun deyildi.Tanrı bizi imtahana çəkmişdi..Tanrının göy üzündə göründüyünü görüb ikimiz də gülümsəyib:
-Bəli,əzizim,Bəyaz.Mən Siyahın sənə etiraf etməyini gözləyirdim.Siz iki sevdalını ayrı-ayrı şəhərlərə salmadım,çünki sevgi elə bir varlıq ki,onu yalnız iki bir-birini sevən insan öldürə bilər…İndi cavabın nədir,qızım? Siyaha hə,yoxsa yox deyirsən?
Siyahın gözlərinin dərinliyində sevdasının vüsala çatan həsrətli,yanğılı baxışları gördüm.Bu sevda bütün vücuduna hopmuşdu.
-Əlbəttə ki,hə!
Siyah qəfildən mənə sarılıb hönkürtü çəkdi və saçlarıma həmişə olduğu kimi sığal çəkərək dedi:
-O zaman sən qollarımda kabus yaşayırdın,ondan göz yaşlarım qaranlığa bürünmüşdü.Mənim qaranlığımın yanan çırağı sənsən,gülüm!
Bir-birimizə sarılıb hönkürtü çəkdik.Elə bir hönkürtü çəkdik ki,insanlar bu hayqırtının ətrafına toplaşdı.Bəli.Bu uçurum “ölü sevdalıların məskəni” deyil, “sevdanın vüsal qoxan həsrət” məskəni oldu…
Bu gün gözəl insan, əsl ziyalı, el-obasına bağlı, Yurdunu sevən, təəssübkeş araşdırmaçı – yazar Araz Yaquboğlunun doğum günüdür! Şad günü münasibətilə onu təbrik, edir yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Araz müəllim!