ZAUR USTAC – QİSMƏT HEKAYƏSİ

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

QİSMƏT
(hekayə)
2008-ci il, oktyabrın 11-i, şənbə günü idi. Çiçək qızımın 4 yaşının tamam olmasına hələ 2 ay qalırdı. Çox vaxt axşamlar işdən evə gələndə onun üçün nəsə alıb gətirsəm də hər ayın 11-i mütləq özəl bir hədiyyə olmalıdır.
Bu gün də ona nəfis tərtibatlı rəngləri və meyvələri öyrədən yeni bir kitab almışam. Evə çatana qədər onun kitabı görəndə necə sevinəcəyini təsəvvür edib mən də uşaq kimi sevinirdim.
Bakı şəhərində, “Beşmərtəbə” deyilən köhnə binadan ayaqla 30-35 dəqiqəlik məsafədə, şəhərin ən gözəl, ən səfalı yerində öz əlimlə ürəyim istədiyi kimi tikdiyim yığcam 3 otaqlı fərdi evdə yaşayıram. Elə də böyük olmayan, 3-4 maşın dayana biləcək, güllü-çiçəkli səliqəli kiçik həyətim də var. Çətinliklə olsa da həyətdə bar verən meynə, ərik, albalı, gilas, alma, nar və “yapon əzgili” ağacları əkib-becərmişəm. Bu gül-çiçək və ağaclar hər səhər məni işə yola salır, axşamlar da qarşılayırlar… Səhər işə, axşam da evə gəzə-gəzə, piyada gedib-gəlirəməyi xoşlayıram.
Əlimdə ev üçün aldığım bir-iki xırda-para və Çiçəyimin bükülü kitabı gəzə-gəzə gəlib həyət qapısına çatdım. Qapını ancaq ailə üzvlərinə və bir də tez-tez gəlib-gedən dost-tanışa məlum xüsusi üsulla bayırdan özüm açıb həyətə daxil oldum. Həyətə girən kimi birinci sol tərəfdə qalan meyvələri artıq çoxdan sovulmuş, çiçək açmağa hazırlaşan “yapon əzgili”nə salam verib (qonağa hörmət adətdəndir), nar ağacına tərəf getdim. Batmaqda olan payız günəşinin yaratdığı qıpqırmızı fonda qoşa ovuca sığmayan qanqırmızı narlar qapqara görünürdü. Narlarla da xoş-beş edib, sol tərəfdə qonşu ilə aramızdakı alçaq hasarın dibində sıra ilə əkdiyim ilboyu açan qızılgüllərin də könlünü ala-ala pəncərələrinin önündən keçib evin giriş qapısına çatdım. İşdən gəlməyimə az qalmış Çiçəyin öz otağının həyətə baxan pəncərəsindən məni gözləməsi, hər dəfə pəncərənin önündən keçəndə məni görüb, -“Atam gəldi, atam gəldi”,- deyə-deyə qapıya qaçması da artıq adət etdiyimiz hallardan biri idi. Mən giriş qapısını açıb evə daxil olanda artıq Çiçək qızım anası ilə qapının ağzında hazır dayanmışdı. Salamlaşdıq. Ev üçün olan xırda-paranı həyat yoldaşıma, bükülünü isə Çiçəyə verdim. Hədiyyənin kitab olduğunu anlayanda mən təsəvvür etdiyimdən də çox sevindi. O hər dəfə belə sevinəndə mənim də özümdən asılı olmayaraq gözlərim yaşarırdı. Kövrəlirdim. Bükülü hədiyyəni əlində tutub, qarşımda dayanmış Çiçək ayaqqabılarımı çıxarda-çıxarda adəti üzrə yenə məni sual atəşinə tutmuşdu. Anası da həmişəki kimi, –
“Ay Çiçək, imkan ver ata bir içəri girsin. İşdən indi gəlib axı”, – desə də o məhəl qoymadan, növbəti qəfil sualı mənə ünvanladı:
– Ata, Allah nə bilir ki mən burdayam?
Ayaqqabının birini çıxartmışdım, o biri tayı hələ ayağımda idi. Ani olaraq heç dəxli olmayan bu qəfil uşaq sualından tutulsam da Çiçəyə vaxtında cavab vermək lazım idi. Ağlıma belə bir cavab gəldi:
– Çiçəyim, bax bu əlində tutduğun hədiyyəni apar, öz otağında yazı masasının üstünə qoy gəl.
– Hə qoyub gəldim, – heç bir dəqiqə keçməmiş Çiçək yenə qarşımda peyda oldu.
– İndi öz otağının qapısını ört və yanıma gəl.
– Hə gəldim, – cəld otağın qapısını örtüb yanıma gəldi.
– İndi sənin hədiyyən haradadı? – ondan soruşdum.
– Öz otağımda.
– Daha dəqiq desək…
– Mənim hədiyyəm öz otağımda, yazı masamın üstündədir.
– Sən indi onu görürsən?
– Xeyr. Qapı bağlıdır.
– Qapı açıq olsa, görərdin?
– Xeyr. Onda da divar qoymur görəm…
– Bax belə. Bəs, sən nə bilirsən ki, hədiyyən otağında yazı masasının üstündədr?
– Özüm qoydum. Ona görə bilirəm ki, ordadır.
– Ay sağ ol. Bax, Böyük Allah da belə bilir kim hardadır.
– Bizi Allah baba qoyub bura?
– Ay sağ ol. Bütün insanların ulu babası Adəmi Böyük Allah yaradaraq yer üzünə göndərib. Ancaq Allah elə Allahdır. Ona Böyük Allah, Uca Allah, Mehriban Allah, Bağışlayan Allah deyirlər. Əgər ona baba desək bəs onda Adəm babaya nə deyərik, hə Çiçəyim?
– Bildim. Mehriban Allah. Hər şeyi bilən Allah.
Nəhayət ki, ayaqqabılarımı çıxarda bildim. Əynimi dəyişib, əl-üzümü yumaq üçün hamam otağına keçdim. Çıxanda Çiçək məni hövsələsiz halda dəhlizdə gözləyirdi.
– Bəs onda “qismət” nədir?
– Hə, bax bunu sabah sənə parkda göstərəcəm, indi get sən “kitablarını oxu”, ata da çay içsin, yemək yesin, – deməklə vəziyyətdən çıxmağı bacardım.
Sabah Çiçəyə parkda əyani olaraq nə göstərəcəyim barədə dəqiq fikrim olmasa da bu cür vəziyyətlərdə uyğun ssenarilər qurmaq bacarığıma güvənərək ona belə bir söz vermişdim. O da sevinə-sevinə öz otağına keçdi…
Uzun yay günlərində işdən sonra, bayram və istirahət günləri isə, həmişə Çiçəyi şəhərimizin gözəl parklarına, əyləncə mərkəzlərinə gəzməyə aparıram.
Bu gün də bizim adi istirahət günümüzdür. Səhər oyanar-oyanmaz Çiçək “qismət” marağını yenə büruzə verdi. Səhər yeməyimizi yeyib, geyinib evdən çıxana qədər bir neçə dəfə də “qismət”i görmək üçün necə tələsdiyinin şahidi oldum. Nəhayət hazırlaşıb, həyətimizdəki qonşu ilə aramızda olan gül-çiçəklərlə salamlaşıb, sağollaşıb həyətdən çıxdıq. Əsas küçəyə çıxanda həmişə olduğu kimi məhləmizin girişindəki demək olar gündəlik istifadə olunan bütün malların satıldığı xırda dükandan parkdakı göyərçinlərə vermək üçün 1 manatlıq buğda aldıq. Gəzə-gəzə eyni adlı prospektdə yerləşən Hüseyn Cavid parkına gəldik. Biz parka çatanda saat 9:45 idi. Göyərçinlər hələ gözə dəymirdi. Harda olsalar da indi bir-bir, iki-iki uçub gələcəklər. Göyərçinləri gözləyə-gözləyə bayaqdan bəri axtardığım “qismət”i tapmışdım. Bu arada yeri gəlmişkən şəhər göyərçinlərinin bir maraqlı xüsusiyyətini də sizə deyim, kim inanmasa yoxlasın. Hər gün görməyə adət ediyimiz göyərçinlər iş günləri səhər saat 8:00 – 9:00-dan parklarda olsalar da ilin fəsillərindən asılı olmayaraq, istirahət günləri saat 10:00 –dan tez gəlmirlər. Biz Çiçəklə bir xeyli oynadıqdan sonra göyərçinlər də tək-tək, dəstə-dəstə park ərazisində görünməyə başladılar. Parkda hələ elə də çox adam yox idi. Bir-iki mənim kimi valideyn öz uşaqları ilə oynayırdı. Deyirəm, getdikcə vəziyyət bütün sahələrdə dəyişir. Əvvəllər uşaqlar bir-biri ilə oynayardır. İndi, özüm valideyn olandan sonra fikir vermişəm ki, hətta qışda qartopunu da uşaqlar öz ata-anaları ilə oynayır… Belə müxtəlif fikir xəyallarla və “qismət”i necə yaxalayıb Çiçəyə göstərəcəyimi düşünə-düşünə parkdakı ən sakit guşədə yerləşən oturacaqların birində əyləşib göyərçinlərə dən atmağa başladıq. Çiçək də yanımda oturub dəni quşlara tərəf ətrafa sovururdu. Tezliklə yaxın-uzaq ağaclarda olan bütün göyərçinlər hamısı uçaraq yanımıza gəlməyə başladı. Bir neçə dəqiqə ərzində tamamilə göyərçinlərin əhatəsində qalmışdıq. İşarə ilə Çiçəyə sakit dayanıb, kəskin hərəkətə yol vermədən məni izləməsini bildirdim. Torbadakı dəndən ətrafa sovurur, sonra yenidən ovucumu dolduraraq, yer bərabərində göyərçinlərin içində saxlayırdım. Nəhayət göyərçinlərin ən diribaş olanları dəni ovucumdan yeməyə başladılar. “Qismət”i yaxalamışdım. Belə məqamlarda Çiçəyə işarə ilə ovucumdan yeyən göyərçinlərə diqqətlə baxmasını istədim. Bu qaydada dənlərin hamısını göyərçinlərə səpdik. Göyərçinlər dənləri yeyəndən sonra parkın başqa səmtlərində onlara tum səpən, çörək ovan digər valideyinlərin də uşaqlarını əyləndirməyə getdilər. Çiçək əyləncənin bitdiyini görüncə, – “Ata, bəs qisməti nə vaxt göstərəcəksən?, – deyə, bayaqdan söhbətə başlamaq üçün böyük səbrsizliklə gözlədiyim sualı verdi.
– Hə, indi diqqətlə mənə qulaq as, ağıllı Çiçəyim. Göyərçinlər biz səpən dənləri yeyəndə heç onlara diqqət etdinmi?
– Hə. Baxdım.
– Ovucumdan dən yeyən göyərçinləri gördünmü?
– Hə. Gördüm.
– Fikir verdinmi? Göyərçinlərin çoxu ətrafa səpilmiş dənləri yeyirdi, amma bir-ikisi gəlib ovucumdan yeyirdi. Sən dost olsan hansı göyərçinlərlə dost olarsan, bütün digər göyərçinlərə qarışıb dəni yerdən yeyən göyərçinlərlə, yoxsa ovucumdan yeyən göyərçinlərlə?
– Ovucundan yeyən göyərçinlərlə, – heç düşünmədən Çiçək cavab verdi.
– Nə üçün?
– Çünki onlar qoçaqdı. Onlar qorxmur.
– Əhsən mənim ağıllı balama. Əhsən.
– Bax, həyat da, qismət də belədir. Gördünmü? Dəni ovucumda tutub gözləyirdim. Hansı göyərçin daha cəsurdur, daha qorxmazdır, daha qoçaqdır o gəlib ovucumdan dəni götürüb yeyirdi. Sənin soruşduğun “qismət” də belədir. Bütün uşaqların “qismət”i hardasa durub onu gözləyir. Uşaqlar sadəcə oynaya-oynaya, oxuya-oxuya böyüyüb öz qismətlərinin harada olduğunu öyrənir, sonra da gedib onu götürürlər. “Qismət” bax budur, Çiçək bala, gül bala. Şəkər bala, bal bala. Ağıllı bala.
– Hə. Deməli, “qismət” bu imiş?
– Hə. Ağıllı bala, “qismət” bax budur.
Son.
30.01.2022. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir