Mahirə Nağıqızı – Şeirlər

MAHİRƏ NAĞIQIZININ YAZILARI

Sənsən
Bu səhra dünyamın yuxularının
Hər gecə gəzdiyi ormanı sənsən.
Yaralı qəlbimin, xəstə canımın,
Yeganə davası, dərmanı sənsən.
***
Bikəsin ahıdı, zarıdı dünya,
Bəxtəvər dövləti, varıdı dünya.
Bilmədim kimlərin yarıdı dünya,
Şahanə dünyamın fərmanı sənsən.
***
Ruhum özüm oldu, göz aldatmadı,
Şeytana uymadı, üz qaraltmadı.
Adını çəkməyə gücüm çatmadı,
İçimin yaşayan dövranı sənsən.
***
Eşq ilə dikələn dərd sarayıymış,
Başqa cür deyilən hay- harayıymış.
Sənsiz yaşadığım gün haramıymış,
Ömrümün-günümün hər anı sənsən.
***
Mənə varidatdır bir adın-sanın,
Salma ürəyinə, sağ olsun canın.
Bu dünya cənnətmiş, İsmi Pünhanın,
Cənnətdə sirdaşı, qılmanı sənsən.

Yığıram
Dinib dillənmədim ki mən,
Pıçıltımnan, lal yığıram.
Tanrım, göndərdiyin dərdi
Zənn elədim bal, yığıram.
***
Ər öyüdünnən topladım,
Qəmi düyünnən topladım.
Ana südünnən topladım,
Nə yığdım halal yığıram.
***
İbadətdir şeirlərim,
Hər sətrində sənin yerin.
Kağız üstə düşən tərim,
Bir cəhlil-cəlal, yığıram.
***
Özüm bilən əzəl gündən,
Əl mənnəndir, ətək səndən.
Dərdimin pəncərəsindən,
Nə versə hilal, yığıram.
***
Ömrüm tamamdır, ya yarı,
Niyə bitməz qovğaları.
Mahirənin duaları,
Olsun sənə bal, yığıram.

Göz yaşıdı “Kərəmi”
Yüz illərdi ruhumuzla yol gəlir,
Nakam eşqə başdaşıdı “Kərəmi”.
Qoşulubdu karvanına kədərin,
Yorulmadı, qəm daşıdı “Kərəmi”.
***
Bu dünyanın hikmətini bilən az,
Bu dünyada ağlayan çox, gülən az.
Deyirlər ki, axar, axar, qurumaz,
Başdan- başa göz yaşıdı “Kərəmi”.
***
O, vüsalsız məhəbbətin nərəsi,
Ancaq Tanrı mərhəməti çarəsi.
Qərarlaşan “Dilqəmi”də pərdəsi.
Bu dünyaynan savaşıdı “Kərəmi”.
***
Onda itər, onda doğar gümanın,
Onda çatar haqq yanına üryanın.
Açılmayan tilsimidir dünyanın
Göy üzünün yer daşıdı “Kərəmi”.
***
Mizrab sazın dərdlərini oynadar,
İçindəki ruhu, eşqi qaynadar.
İniltinin özündə bir ümid var,
Təsəllinin yoldaşıdı “Kərəmi”.

Salam olsun!
Ey tarixi sətir-sətir yaradanlar,
Nə şanlısız, şanınıza salam olsun!
Qalacaqdır bu tarixdə var olanlar,
Silinməz ad-sanınıza salam olsun!
***
Rəzil oldu bizi qüvvə saymayanlar,
Qanda batdı qan içməkdən doymayanlar.
Bu milləti yıxılmağa qoymayanlar,
Dünyada hər anınıza salam olsun!
***
Adı qalar zaman-zaman Sər doğanın,
İzi qalmaz hər olanın,hər doğanın.
İlham, sənin, Rəcəb Təyyub Ərdoğanın,
Həmişə var canınıza salam olsun!
***
Şəhidlərim,haqqınız var çiynimizdə,
Kəfən geydik, qalacaqdır əynimizdə,
Çıxmayacaq, yaşayacaq eynimizdə,
Tökülən al qanınıza salam olsun!
***
Ələm idi, qüssə idi hər çağımız,
Otuz ildən sonra güldü növrağımız.
Dalğalandı Şuşada al bayrağımız,
Qurban olum, hamınıza salam olsun!

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Təranə Məmməd – Tələsməyin

TƏRANƏ MƏMMƏDİN YAZILARI

TƏLƏSMƏYİN

(hekayə)

Rəisim məni çağırıb bir həftəlik Gürcüstana ezamiyyətə gedəcəyimi dedikdə çox təəccübləndim. Axı o mənim həyat yoladaşımı yaxşı tanıyırdı və toyumuzdan cəmi iki ay keçdiyini və yoldaşımın kifayət qədər qısqanc olduğunu da bilirdi.

– Rəfiqəniz tək getməli idi. Sonra belə qərara gəldik ki,ikinizi də göndərək. Həm bir az gəzərsiz , həm də təcrübə keçərsiz.

– Mən…- deyə etiraz etmək istədim,lakin o, məni heç dinləmədən.

-Get hazırlaş! Sabah qatarla gedirsiz!- dedi.

Bu xəbəri yoldaşıma deməyə çəkinirdim, çünki əmin idim ki, heç vaxt məni tək başqa ölkəyə buraxmaz. Ona görə belə qərara gəldim ki,axşam rəfiqəm də bizə gəlsin və biz bu xəbəri ona birlikdə çatdıraq.

Axşam şam yeməyinə gələn rəfiqəm bütün söz ehtiyatını toplayıb söhbətə başladı:

– Xəbərin var? Mən Gürcüstana ezamiyyətə gedirəm?- deyə o mənim həyat yoldaşıma müraciət etdi.

Kişi çəngəli nimçəyə qoyub rəfiqəmə sərt baxdı və:

-Təək? – deyə soruşdu

Qız özünü itirsə də “yoox!”- deyə cavab verdi.

-Bəs kiminlə?-deyə ərim soruşdu.

-Sənin …sənin həyat yoldaşınla,- dedi rəfiqəm.

İkimiz də nəfəsimizi içimizə çəkib gözləyirdik.

Bir neçə saniyə ərzində hər ikimiz indi nələr olacağını təsəvvür edib diqqətlə gözləyirdik.

-Aaaa! Bu başqa məsələ! Elə olar. Yoxsa tək Gürcüstana.. Tək olmaz!- deyən həyat yoldaşımın belə cavab verəcəyi heç ağlımıza da gəlmirdi.

İkimiz də rahat nəfəs aldıq.

-Nə vaxt gedirsiz?-deyə o, sakitcə soruşdu.

-Sabah, qatarla.

-Mən elə bildim sən razı olmazsan. Ona görə dedim, birlikdə xəbər verək sənə.

-Niyə ki? Get. Gedin gəzin. Gürcüstan gözəl ölkədi. Sabah mən maşınla apararam sizi. Həmişə gəzməkdə!-deyə o gülümsədi və siqaret götütüb eyvana çıxdı.

– Nə yaxşı buraxdı səni?-deyə rəfiqəm pıçıldadı

-Nə bilim. Heç gözləmirdim belə cavabı.

– Çox yaxşı oldu. Gedib gəzərik sərbəst. Qürçülər də qonaqpərvər olurlar.

-Orası elədi, amma…

-Nə amma?

-Bu nə yaxşı məni yollayıb tək qalmağa razı oldu? Bəlkə bir adamı var ?

-Sən dəlisən? Nə adamı? Siz təzə evlənmisiz.

-Bəs niyə belə tez razılaşdı?

– Gör ee! Qadın ki, qadın! Razılaşır, deyir niyə razılaşdı. Razılaşmasaydı, deyəcəydin, niyə razılaşmır.

– Yox ee!Görmədin? Heç təəccüblənmədi də. Məni yola salan kimi gedəcək kiminsə yanına!

-Ay qız, yaxşı sən Allah. Neçə illərdir tanıyırıq onu,bir yerdə illərdir işləyirik. Bir adamı olsa, bilərdik.

Ertəsi gün mənim həyat yoldaşım geyinib kecindi,lazım olanları alıb gətirdi və bizi maşınla vağzala aparıb qatara otuzdurdu.

-Yaxşı yol. Özünüzdən muğayət olun!- deyib getdi.

Ürəyimdə bir narahatlıq var idi.

-Gör necə də geyinib! Heç olmasa məni yola salıb sonra geyinib gedərdi. Əhvalı da əladır! Heç ayrılanda məni öpmədi də. Yüz faiz bunun kimisə var..

-deyə düşünürdüm.

Nə isə.Qatar artıq Biləcəri stansiyasına yaxınlaşırdı. Biz yavaş- yavş Bakını tərk edirdik.

İkimiz də pəncərədən baxıb xəyala dalmışdıq.

Biləcəridə bir qədər dayandıqdan sonra qatar yenə yola düşdü və çox sevdiyim qatar səsi ətrafa yayıldı.

Elə bu vaxt vaqonun qapısı açıldı

Əlində bir şüşə şampan şərabı mənim həyat yoldaşım içəri girdi.

– Düşündüm ki,mənsiz darıxarsan, əzizim! -deyib üzümdən öpdü.

Sonradan bildik ki,məzunuyyətə əvvəl tək onu göndərmək istəyiblər.O, məni qoyub gedə bilməyəcəyini dedikdə, bizə belə bir sürpriz variantı düşünülüb.

Sevdiyiniz insan haqda mənfi qərar verməyə tələsməyin. Bəlkə o sizi siz onu sevdiyinizdən daha çox sevir?! Bunu həmişə nəzərə alın! Yersiz qısqanclıq etməyin. Siz sadəcə sevin! Sevilmək üçün sevin!

Müəllif: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Afaq ŞIXLI – Laçın (Афаг ШИХЛЫ – Лачин)

AFAQ ŞIXLININ YAZILARI


Laçın
Dün gecə yuxuda Laçını gördüm:
Vüqarlı başında dümağ saçları,
Gözləri yol çəkən yüksəklikləri,
Həsrətə bürünmüş boz yamacları…
***
Qulağı səsdəydi, fikirli, yorğun…
Əyni də nimdaşdı, kimsəsiz kimi.
Keçilməz yollarda itmişdi sanki,
Torpaq yaddaşına düşən iz kimi.
***
Susurdu, yamanca qəribsəmişdi,
Gileyi donmuşdu baxışlarında.
O hardan biləydi gələcəyik biz
Hansı bir ilinsə son baharında.
***
Sarılmaq istədim qanadlarına:
Tövrünlə sızlatma ürəyimizi!
Bitəcək ayrılıq, qurbanın olum!
Yamanca gecikdik, bağışla bizi!..

Перевод на русский язык:
Флора НАДЖИ
 (Flora NACİ)

Лачин
Прошлой ночью мне приснился Лачин:
С гордо поднятой седой головой,
С тоской во взгляде могучих вершин
И посеревших в разлуке равнин…
***
Весь в ожиданьи вестей, усталый,
В бедной одежде предстал предо мной.
Словно потерян он был в дороге,
Как памятный след на коре земной.
***
Был молчалив и смотрел, как чужой,
В глазах его застыл упрек немой,
Откуда знать ему, что мы придём,
Что этой встречи с ним давно мы ждём.
***
Так захотелось мне его обнять,
Как мучила разлука, рассказать…
Уже осталось мало, потерпи!
Мы долго шли к тебе, ты нас прости.
Müəllif: Afaq ŞIXLI

AFAQ ŞIXLININ YAZILARI


FLORA NACİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ulubəyov Emin – XX əsrin əvvəllərində Quba qəzasında baş vermiş hadisələr

ULUBƏYOV EMİNİN YAZILARI

XX əsrin əvvəllərində Quba qəzasında baş vermiş hadisələr

XX əsrin  əvvəllərində  Quba  qəzasında baş vermis hadisələrin sadəcə olaraq “faciə” sözü ilə  ifadə edilməsi  vəhşiliklərin  mahiyyətini tam açmır. Dinc  əhalinin, qadınların, uşaqların və qocaların  əzab və  işgəncə ilə qətlə  yetirilməsi dəhşətli və ağlasığmaz soyqırımı idi. Bunu başa düşmək üçün  Quba  hadisələrinə  bir  qədər dərindən nəzər  salmaq  lazımdır. Onu  erməni  daşnaklarının  törətdikləri  başqa  qırğınlarla, məsələn, həmin il Şamaxıda aparılmış soyqırımı ilə tam eyniləşdirmək olmaz. Şübhəsiz, bunların hər ikisinin mahiyyəti eynidir. Lakin Şamaxıda belə  soyqırımı  yalnız  milliyyətcə  azərbaycanlı olan əhaliyə qarşı yönəlmişdisə, Quba qəzasında həyata keçirilən etnik təmizləmə azərbaycanlılarla yanaşı,burada yaşayan etnik qruplara – (ləzgilərə, qrızlara, buduğlara, ceklərə,  tat və.s) əhalisinə  qarşı  yönəlmişdi.  Bakı  quberniyasının  digər  ərazilərində  olduğu kimi, Quba  qəzasında da ermənilər bir neçə dəfə soyqırımı aktları həyata keçirmişlər. Sovet hakimiyyəti qurulanadək oradakı boşluqdan, hakimiyyətsizlikdən  maksimum istifadə etməyə səy göstərən daşnaklar Azərbaycanın bir sıra rayonlarını müsəlmanlardan təmizləyərək, çoxlu erməni rayonları yaratmağa, beləliklə də gələcək planlarının  təməlini  qoymağa çalışırdılar. Odur ki Azərbaycanın digər  bölgələrində  də fəallaşmış, bütün cəbhəboyu  hücuma keçmişdilər.

1918-ci il  mart qırğınlarından  sonra Bakıda  qurulmuş  bolşevik-daşnak hökuməti – Bakı Xalq Komissarları Sovetinin sədri Stepan Şaumyanın göstərşi ilə Quba qəzasına gələn David Aleksandroviç  Gelovani  200 əsgərdən ibarət silahlı dəstə ilə şəhərə daxil olur və qubalıları fakt qarşısında qoyur. Gelovani ilk olaraq Qubanın erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün  tədbirlər  görülmüşdü. Bu tədbirlərdən biri özünün qeyri-adiliyi ilə fərqlənirdi: Qubada yaşayan onlarla erməninin (40-dan 200-dək) həyatını hər hansı təcavüzdən qorumaq məqsədilə müsəlmanlar onları yerli camaatdan təcrid etməyi lazım bilmiş və etibarlı mühafizə təyin edərək şəhər həbsxanasında yerləşdirmişdilər. Qubalılar “məhbusları” yaxşıca yedirdir, müsəlman qonşuları onları ziyarət edir, özləri ilə yemək gətirir, onların evlərindən və əmlakından muğayat  olurdular. Şəhərdə vəziyyət o dərəcədə sakit və nəzarət altında idi ki, Sovet hakimiyyətinin  Qubaya gəlmiş ilk “müjdəçisi” – D.Gelovani, ermənilərə qarşı hər hansı bir təhlükənin  gözlənilmədiyini  qərara  alaraq  dərhal onları “azad edir”. Lakin az sonra məlum olur ki, Sovet hakimiyyətini tanımaq və ona tabe olmaq haqqında Gelovani tərəfindən irəli sürülən ultimatum qəbul edilməyəcəyi təqdirdə,artıq bütün şəhəri təhlükə gözləyir.

Bakı və Şamaxı  hadisələrindən  sonra  kifayət qədər qorxmuş və “imtina edildiyi halda şəhər yerlə yeksan ediləcək” hədəsi ilə düşünməyə cəmi 2 saat vaxt verilmiş Quba sakinləri ultimatumu qəbul edirdilər və düz 8 gün Sovet hakimiyyəti altında yaşadılar. Bu qısamüddətli hadisə dərhal Bakı bolşeviklərinin qəzetlərində əks olunur və göstərilir ki, aprelin 23-də Qubada, şəhər meydanında təntənəli surətdə Sovet hakimiyyəti elan olunmuş və “zəhmətkeşlər bu hadisəni böyük ruh yüksəkliyi ilə qeyd etmişlər”. Gelovani özünü Qubanın qəza komissarı elan edir.

 Yeni hakimiyyəti qəbul etməyən və tanımayan ətraf kəndlərin əhalisi tərəfindən hadisələrə müdaxilə edir və şəhərin yəhudi məhəlləsi tərəfindən  silahlı hücum başlanır. Gelovaniyə Xaçmazdan 2 topla birlikdə Ağacanyanın rəhbərlik etdiyi və yalnız ermənilərdən ibarət olan 150 nəfərlik hərbi dəstək gəlir. Üç gün davam edən şiddətli döyüşlərdən sonra yerli dəstələr  bolşeviklərin ilk “komandasını” Qubadan qovub çıxarırlar.

Hadisələrin sonrakı gedişi göstərdi ki, qubalılara dinc yaşamaq üçün cəmi iki həftəlik fasilə verilibmiş. 1918-ci ilin may ayının 1-də Hamazaspın komandanlığı altında 3 minlik erməni ordusu üç tərəfdən Quba şəhərinə daxil olaraq onu toplardan, pulemyotlardan və tüfənglərdən atəşə tutur. Dəhşətli çaxnaşma və təlaş başlanır.

Hamazaspın məqsədi yeni hakimiyyətin qurulması deyil, sırf cəza missiyasını yerinə yetirdiyi qəza sakinlərində heç bir şübhə doğurmurdu. Hamazasp şəxsən özü qubalıları Cümə məscidinin qarşısındakı meydana toplayaraq onlara təxminən aşağıdakı məzmunda nitqlə müraciət etmişdir: “Mən əslən Ərzurumdanam. Uzun müddət türklərlə vuruşmuşam. Mən erməni xalqının qəhrəmanıyam və onun mənafelərinin müdafiəçisiyəm… Mən buraya qayda-qanun yaratmağa və sovet hakimiyyəti qurmağa yox, sizdən qisas almağa göndərilmişəm”.

Quba şəhəri və Quba qəzasının kəndlərində törədilmiş zorakılıq halları Fövqəladə Təhqiqat Komissiyasının istintaq materiallarına əsasən 3 cilddə 451 vərəqdən ibarət sənədlər toplusunda əks etdirilmişdir. Belə ki, 1918-ci ilin aprel-may aylarında Hamazaspın dəstələri tərəfindən Quba qəzasında 167 kənd yandırılmış və talan edilmiş, Quba qəzası üzrə öldürülən insanların sayı 16 min nəfərə yaxın, əhaliyə dəyən maddi ziyanın miqdarı isə 121.824.819 rubldan artıq təşkil  etmişdir.Hamazasp dəstəsi tərəfindən hadisələrin 9-cu günü qəzanın mərkəzi Quba şəhərindən Xaçmaz dəmiryolu vağzalına 35 arabada talan edilmiş xalça və silahlar daşınmışdır. Bolşevik və daşnak Şaumyanın rəhbəri olduğu Bakı Sovetinin əsasən ermənilərdən ibarət və daşnak Hamazaspın komandanlığı altında olan  quldur  dəstələrinin Qubada törətdikləri vəhşiliklər vətəndaş müharibəsi və ya Sovet hakimiyyətinin qurulması deyil, bütöv bir xalqın kütləvi şəkildə məhv edilməsi- soyqırımı hadisəsi idi.

Hadisələri xronoloji ardıcıllıqla izləyən tarix elmləri doktoru Əlisultan QuliyevGelovaninin Qubadan çıxarılması ilə bağlı dediklərindən, şahidlərdən; Ağaxanov Harun Şahbala oğlu, Şahverdiyev Hacı Ağa İbrahim oğlu, Hacı İsmayıl Orucov və başqalarının izahatlarından, həmçinin Quba şəhər rəisi Ə.Əlibəyov və D.Gelovaninin verdikləri məlumatlardan görünür ki, 1918-ci ilin aprelin əvvəllərində on gün ərzində Qubaya təpədən dırnağa kimi silahlanmış 800 nəfərdən çox əsgər gəlib. Təbii ki, bu qədər böyük bir qüvvəni Qubadan qovmaq asan məsələ deyildi. Əliyalın və yaxud “dayan doldurum”la silahlanmış mülki əhali bunu bacarmazdı. Bundan ötrüsilaha və təcrübəyə malik olanQubaqəzasının  Milli Müqavivət  hərəkatının fəal üzvləri o, cümlədən  Möhübəli Əfəndi Kuzunvi və Hatəm ağa Cağarvinin qaçaqları idi.

İlk dövrlərdə Möhübəli Əfəndinin 500, Hatəm ağanın 300-dən çox qaçağı var idi. 1920-ci illərin əvvəllərində isə bu qaçaq dəstələrinin  sayı ümumilikdə 3 minə çatırdı. Möhübəli Əfəndi və Hatəm ağa  ömürlərinin sonuna kimi bolşevik hakimiyyətinin əleyhinə mübarizə aparmış, əqidələrinə sadiq qalmışlar. Maraqlıdır ki, 1917-ci ilin fevral burjua inqilabından dərhal sonra Əlibəy Zizikskinin təşəbbüsü ilə Quba qəza komissarlığı yaradılmışdı. Yerli mülkədarların və varlıların mənafeyini təmsil edən bu komissarlığa Qazı Əhməd bəy Məmmədbəyov, Əhməd əfəndi (Triniç), Bəybala bəy Alpanski, İbrahim bəy Şıxlarski, Hacıbala Məmmədyarov (Ə.Zizikskinin ögey qardaşı, tacir), Əlipənah bəy Şəfibəyov (Qubada Müsavat Partiyası qəza komitəsi sədrinin müavini işləmişdi, iri mülkədar) və başqa tanınmış adamlar daxil idi. Həmin komissarlıq da bolşevizmin əleyhinə idi.

Möhübəli əfəndinin və Hatəm ağanın dəstələri Aladaş düzündə Qızıl Ordu hissələrinin qarşısını kəsərək, onları Dağıstandan Azərbaycana keçməyə qoymurdu. Sonralar Lenin bu məsələnin yoluna qoyulması üçün Nəriman Nərimanova müraciət etmiş və N.Nərimanov onu mühafizə edən 27 əsgərlə Qusarin Hil kəndinə gələrək, yuxarıda adını qeyd etdiyim Hacıbaba Babayevin atasının evinə düşmüş, beş gün burada qalaraq, qaçaqlarla danışıqlar aparmışdı.

            Rusiyada hərbi təhsil alan, polkovnik rütbəsinə kimi yüksələn Hatəm ağa Çağarvi    1918-ci ildə Möhübəli Kuzunvi və  Əli bəy Zizikskinin  dəstələri ilə birlikdə  Azərbaycan Xalq Cümhuriyyəti ərazisinin bərpa edilməsi uğrunda qırmızı qvardiyaçılara qarşı, həmçinin Bakı quberniyasının qəzalarında yerli əhaliyə müsibətlər yaşadan erməni daşnaklarına qarşı vuruşmuşlar. Onlar 1918-ci ilin may ayında Quba rayonunun Digah kəndində yerləşən “Qanlı dərə”də Hamazaspın silahlı erməni qoşunları ilə qızğın döyüşlər apamış və həmin erməni dəstələrini darmadağın etmişlər.

Möhübəli əfəndinin  ruslara, və yaxud müsəlman olmayan başqa xalqlara qarşı da düşmənçilik hissləri yox idi. Möhübəli əfəndinin bolşeviklərə qarşı  mövqeyini onun vaxtilə Türkiyədə təhsil alması və ruslara dinimizə yad adamlar, gavurlar kimi baxması ilə izah edirdilər. O, deyirdi: “Qurtuluşumuz nə bolşeviklərdə, nə də onların silahlı dəstələrindədir. Bizə varlını əzib kasıb üçün dövlət yaratmaq deyil, varlının dövlətindən faydalanib kasıbın güzəranını yaxşılaşdırmağı bacaran, xalqın qədrini bilən hökumət lazımdır. Bu hökuməti özümüz yaratmalıyıq, bolşeviki çağırıb ixtiyaratı onlara verməməliyik”. Çoxlu sürülərə, naxıra və ilxıya malik Möhübəli əfəndi özü kənddə məktəb tikdirmiş, bölgədə bir neçə məscidi təmir etdirmiş, kasıblara müntəzəm yardım göstərmişdi.

1920-ci ildə Qubada Sovet hakimiyyəti qurulduqdan sonrabolşeviklər Möhübəli əfəndi və  Hatəm ağanın bölgədə böyük hörmət və nüfuz sahibi olduqlarını bildiklərinə görə onları həbs etməkdən ehtiyat etmişdilər. Əksinə, onların  ikisi ilə də yeni hökumətlə əməkdaşlıq təklif olunmuşdur. Möhübəli əfəndi bundan birmənalı imtina etmiş,  Hatəm ağa isə bir neçə il Quba milis şöbəsinin rəisi işlədi. Lakin yeni hökumətin siyasətini və mahiyyətini anlayandan sonra Sovetlərə qarşı mübarizəsini davam etdirməyi qərara almışdı. 1922-ci ildə vəzifəsindən imtina edərək, Qusar rayonunun Cağar kəndinə qayıtmış, ətrafina 500-dək qaçaq toplamışdı. Bundan qorxuya düşən bolşevik hakimiyyəti Qusar polkunu səfərbər etməklə yanaşı, Bakıdan da bölgəyə yaxşı silahlanmış 300 əsgər və 12 pulemyot göndərdi. Sonrakı günlərdə gəlmiş əlavə kömək də nəzərə alınsa, Hatəm ağa Cağarvi 3 mindən çox qırmızı əsgərlə döyüşlərə başladı. Cağar kəndinin ətrafında baş verən döyüşlərdə ilk günlərdə 70 əsgər və 23 qaçaq həlak oldu.Ay yarım davam edən döyüşlərdə Hatəm ağa Cağarvi də igidliklə həlak olmuşdur. Bundan sonra bolşeviklər hiyləgərcəsinə Möhübəli Əfəndini də qətlə yetirmişlər.

Quba şəhəri və Quba qəzasının kəndlərində törədilmiş zorakılıq halları Fövqəladə Təhqiqat Komissiyasının istintaq materiallarına əsasən 3 cilddə 451 vərəqdən ibarət sənədlər toplusunda əks etdirilmişdir. Belə ki, 1918-ci ilin aprel-may aylarında Hamazaspın dəstələri tərəfindən Quba qəzasında 167 kənd yandırılmış və talan edilmiş, Quba qəzası üzrə öldürülən insanların sayı 16 min nəfərə yaxın, əhaliyə dəyən maddi ziyanın miqdarı isə 121.824.819 rubldan artıq təşkil etmişdir.

Müəllif:ULUBƏYOV EMİN

 Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin

Elmi Araşdırmalar, Ekspozisiya və fond şöbəsinin əməkdaşı.                                               

Mob:0775364388

emin.ulubekov@mail.ru

ULUBƏYOV EMİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru