Qreys Oqot – ELİZABET

QREYS OQOT  /  QRACE OQOT

Akİf ABBASOVUN TƏRCÜMƏSİNDƏ


Qreys Oqot  /  Qrace Oqot

Qreys Oqot 1932-ci ildə Keniyanın Nyanza vilayətinin Asembo kəndində anadan olmuş, 2015-ci ildə vəfat etmişdir.

Qreys Oqot məşhur Keniya yazıçısı olmaqla yanaşı, eyni zamanda tibb bacısı, jurnalist, dəyərli siyasətçi və diplomat kimi də tanınırdı.

O, Keniyanın ilk parlament üzvlərindən biri, o vaxtkı prezident  Daniel Arapa Moinin kabinetində  yeganə qadın nazir köməkçisi olmuşdur. Atası  Jozef  Nyanduqa Asembo kəndində Qərb təhsili alan ilk şəxs idi.  Nqii Kilsəsində Qızlar məktəbində dərs deyirdi. Qreys Oqot da əvvəlcə bu məktəbdə, sonra isə Buterdə orta məktəbdə təhsil almışdı.  O, nənəsindən xalq nağıllarını öyrənmişdi. Londonda Müqəddəs Tomas anaları və uşaqları üçün xəstəxanada çalışmışdı.

Qreys Oqot Uqandada tibb bacıları hazırlayan xəstəxanada  təhsil almışdı. Sonradan Qreys Oqot ingilis dilində əsərləri nəşr olunan Keniyalı ilk qadın idi. O, Birləşmiş Millətlər Təşkilatının  Baş Assableyasında Keniyadan olan deputat kimi fəaliyyət göstərmişdir (1975). YUNESKOda Keniya nümayəndə heyətinin üzvü olmuşdu.

Keniyada Yazıçılar Assosiasiyasının əsasının qoyulmasında yaxından iştirak etmişdir.

Qreys Oqot  /  Qrace Oqot (Keniya yazıçısı)

ELİZABET

(hekayə)

Səhər saat səkkiz tamamda Elizabet kon­­­torun qapısını açdı. Bundan belə o, burada qulluq edə­cəkdi. Bu ara telefon zəng çal­dı. Elizabet tələsik dəstəyi qal­dırdı:

– Allo.

– Cənab Cimbonun katibəsidir?

– Bəli, eşidirəm. – Elizabet dəstəyi çənəsi ilə sıxıb stolun gözündən bloknot və karandaş çıxartdı.

– Məni şeflə calaşdırın.

– Təəssüf ki, hələ gəlməyib. Zəhmət olmasa, yarım saatdan sonra zəng edin.

– Telefonda qırıq bir səs eşidildi:

-Yaxşı.

Elizabet əsəbi halda dəstəyi tulladı:

 – Heç özünü də təqdim etmədi.

Cənab Cimbonun kabinetinə açılan qapı azca aralı idi. Elizabet otağa nəzər saldı. Otaq çox böyük idi. İçəridə qızıl ağacından qayırılmış böyük yazı masası qoyulmuş, döşəməyə tüklü yaşıl xalça salınmışdı. Pəncərələrin jalüziləri qaldırılmışdı. Bu, o demək idi ki, səhərlər kabinetə günəş şüası düşmür. Bütün əşyalar ciddi bir səliqə ilə düzülmüş, stolun üstündə qəşəng bir qadınla iki uşaq şəkli qoyulmuşdu. Elizabet fotoşəklə baxıb sonra onu yerinə qoydu. Qəbul otağına qayıdıb çox da böyük olmayan pəncərəyə yaxınlaşdı, küçəyə baxdı. Küçədə saysız-hesabsız maşın görünürdü. Sağa və sola doğru şütüyürdü.Maraqlıydı, təzə iş yerində çoxmu qərar tutacaqdı? Son yarım ildə bu, üçüncü iş yeri idi. O, dörd ay Amerikanın böyük idarələrinin birində qulluq etmiş, sonra topdansatış ticarət firmasında bir ingilisin katibəsi olmuşdu. Görəcəyi işdən çox şefini Elizabetin gözəlliyi maraqlandırırdı. İki ay birtəhər işlədikdən sonra qız xəbərdarlıq etmədən çıxıb getdi…

Təzə iş yerində ona ildə 790 funt təklif etmişdilər, halbuki əvvəllər o, 850 funt alırdı.

Pilləkəndə eşidilən addım səsləri onu düşüncələrdən ayırdı. Qız stolun arxasına keçdi və makinadakı kağızı düzəltdi. Qapı açıldı. Cənab Cimbo astanada göründü. Elizabet cəld yerindən sıçrayıb kabinetin qapısını taybatay açdı:

– Sabahınız xeyir, ser!

Şef bir müddət başdan ayağadək onu süzüb tələsmədən özünü yırğalanan kürsüyə yaydı, Elizabet üsulluca qapını örtüb makinada yazmağa başladı. Az sonra zəng çalındı və telefonun işığı yandı. Elizabet dəstəyi qaldırdı.

– Bura gəl. Məktub diktə edəcəyəm.

Elizabet:

– Baş üstə, ser! – deyib stenoqrafiya üçün bloknot və karandaş götürdü və kabinetə keçdi.

– Əyləş.

Şefin stolu üzərindəki telefon səsləndi. Cənab Cimbo etinasız halda dəstəyi qaldırdı. Bədənini geriyə atıb kürsüyə söykəndi.

Elizabet oğrun-oğrun yeni müdirinə baxdı. Onun yaşı qırxa yaxın olardı. Hündürboylu, kök və qarabuğdayı adam idi. Üzü tərtəmiz qırxılmışdı. Sir-sifətindən sağlam adam olduğu bilinirdi. Dişləri o qədər ağ idi ki, adam onların süni olduğunu zənn edirdi. Gur səsi ilə qıza müraciət edəndə səsində bir ata qayğısı duyulurdu. Və onu qadınların tumanı ardınca sürünən o biri şeflərə bənzətmək olmurdu… Nə eybi, gələcək göstərər.

– Deməli, arvadınızla saat səkkizdə sizi gözləyirəm. Hələlik.

Şef dəstəyi  asıb diqtə etməyə başladı. Saat on birə yaxın Elizabet bütün məktubları makinada yazıb imzalatmaq üçün cənab Cimboya apardı. Cənab Cimbo heyrət içərisində gözlərini qıydı:

– Maşallah, nə tez yazmısan!

Elizabet gülümsədi və çıxdı. Ona xəbərdarlıq etmişdilər ki, cənab Cimbonun işi çox olur, lakin qız onların öhdəsindən gələcəyinə inanırdı. Birə on beş dəqiqə işləmiş o, stolun üstünü yığışdırıb nahara getdi.

Bazar ertəsi cənab Cimbonun qəbuluna bir qadın gəldi. Elizabetə elə gəldi ki, haradasa onu görüb, ancaq xatırlaya bilmədi.

Qadın hündürboylu və tökməbədənli idi, dərisi süd qarışıq şokolad rənginə çalırdı və səliqəli saç düzümü vardı. Qadın ehti­yatla:

– Məşğuldur? – deyə soruşdu.

– Bəli. İclas gedir. Zəhmət olmazsa, adınızı deyin. Daxili telefonla xəbər verim.

Qadın mehribancasına gülümsəyib:

– Mən onun arvadıyam, – dedi.

– Hə, yadıma düşdü. Sizin şəklinizi onun kabinetində görmüşəm. Əyləşin, missis Cimbo. Bu saat gəlişinizi bildirərəm.

Elizabet düyməciyi basıb dəsətəyə pıçıldadı:

– Arvadınız gəlib. Xahiş edim gözləsin?

– Yox. Bu saat çıxıram.

Elizabet sözünü qurtarmamış cənab Cimbo kandarda göründü.

– Ami, əzizim, bağışla. İclasım var. Sürücü səni evə aparar. İclas qurtaran kimi zəng edərəm.

– Yaxşı, gözlərəm.

Qadın Elizabetə sarı dönüb gülümsədi:

– Təşəkkür edirəm.

Ami Cimbonun görünüşündən hiss edilirdi ki, həyatından razıdır. Elizabet onların xoşbəxt nikahına inanır və ürəyində sevinirdi ki, bu idarəyə düşməkdə bəxti gətirib. O, ah çəkib Amerikaya oxumağa getmiş nişanlısını xatırladı. Sonra kədərli fikirləri başından qovub yenə işlə məşğul oldu.

Həftələr, aylar sezilmədən ötüb keçdi. Nəhayət, Milad bayramı gəlib çıxdı. Elizabet iki rəfiqəsi ilə bayramı keçirmək üçün Mombasaya getdi. Onlar çimərlikdə üzdülər, isti qum üzərində nazlandılar, şirniyyat yedilər.

Elizabet Allahı qəzəbləndirsəydi, günaha batardı. Odur ki, öz yalvarışları, duaları ilə xudavəndi-aləmin dərgahına pənah apardı: onunla işləyən adamların hamısı qıza qarşı mərhəmətli olublar. Nə cənab Cimbo, nə də klerklər onun qadınlıq heysiyyatına toxunacaq xırda bir cəhd də göstərməyiblər. Doğrudur, gər­gin işləmək lazım gəlirdi, bəzən işdən sonra da saatlarla qalmalı olurdu. Axşamlar tək-tənha idarədə oturmaq dəhşətdir. Amma Cimbo hiss edilmədən qızda rəğbət hissi oyatmışdı, onunla davranışında heç bir qüsura yol verməmişdi.

Bir dəfə qıza müraciətlə: “Səni belə gec yalqız evə buraxmaq istəməzdim, – dedi. – Amma ötürmək fikrində də deyiləm. Bu söz-söhbətə səbəb olar. Nahaqdan böhtana düşərsən. Səninsə bütün həyatın hələ öndədir. Öz gözəl ləyaqətini qoru, mənim balam”.

Qızlar gecə qatarına minib bazar ertəsi səhər tezdən Mombasadan qayıtdılar və vağzaldan birbaşa işə yollandılar.

Nayrombidə ümumdünya konfransı keçirilirdi. Cənab Cimbonun stolunun üstü kağızlarla dolu idi. Elizabet hər axşam idarədə ləngiyirdi. Qız xoflanmasın deyə cənab Cimbo gözətçiyə tapşırmışdı ki, kontorun həndəvərindən uzağa getməsin.

Şənbə günü bərk isti idi. Elizabet saatına baxanda artıq ikinin yarısı idi. Nahara gecikməmək üçün tələsməli idi. Bu vaxt cənab Cimbo qapının ağzında göründü. Onun sifətinə xoş bir təbəssüm qonmuşdu:

– Yazıq qız, sən hələ də işləyirsən? Qoy qalan işlər bazar ertəsinə qalsın.

-Təşəkkür edirəm, ser. Mən artıq getməyə hazırlaşıram. Konfrans qurtarandan sonra dincələrəm.

Cimbo öz kabinetinə keçdi. Elizabet çantasını və jurnal götürüb qapıya sarı addımladı:

– Mən gedirəm, ser.

– Bir dəqiqə.

Cimbo gözdən keçirdiyi sənədlərdən ayrılıb qıza baxdı.

– Səhər yeməyində mənə kömək edərsənmi? O qədər çoxdur ki, təkbaşına öhdəsindən gələ bilmərəm.

Qız etiraz etmək qərarına gəldi. Axı Cənab Cimbonun bu təklifi nəzakət xətirinə idi.

– Təşəkkür edirəm, ser. Rəfiqələrim yataqxanada oturub məni gözləyirlər.

– Boyun qaçırma, rica edirəm.

Qız kabinetə girib divanda əyləşdi. O, şefin sözünü yerə salıb nəzakətsiz adam təsiri bağışlamaq istəmirdi. Şef həmişə onunla çox nəzakətli davranmışdı. Cənab Cimbo yeməyi ona sarı çəkdi. Qız yumurtalı buterbrod götürdü. şef ağır-ağır nəfəs alıb onun yanında əyləşdi.

– Səndən olduqca razıyam, mənim balam. Sən bura gələndən hər şey dəyişib. Yaxşı katibədən çox şey asılıdır.

O susdu və əlini buterbroda uzatdı:

– Minnətdaram, ser. Mən də sizdən olduqca razıyam. Sizinlə işləmək xoşdur.

– Bunu eşitməyimə şadam. Məni bir məsələ narahat edir, mənim balam.

O, Elizabetin sol əlindəki brilyant nişan üzüyünə toxundu:

– Səni  itirmək istəməzdim.

– Ah, ser, hələ toya azı iki il var. O vaxta qədər çox şey baş verə bilər.

– O xoşbəxt kimdir? Nə ilə məşğul olur?

– Hələ oxuyur…

 Elizabetin səsində ovqattəlxlik duyulurdu.

– Bəxtəvər onun başına. Sən elə işgüzar, elə incə və qə­şəng­sən ki…

Ağır əl möhkəmcə Elizabetin bədənindən yapışdı.

– Oy… xahiş edirəm, ser. Yalvarıram, lazım deyil…

O, yaxasını zorla şefin əlindən qoparıb ayağa sıçradı. Cənab Cimbo, demək olar ki, qışqıraraq:

– Qulaq as, Liz, – dedi. – Sənə heç bir yamanlıq etmərəm, and içirəm.

O, ehtiraslı nəzərlərlə qızı süzdü. Elizabet özündə-sözündə deyildi, havası çatışmırdı.

– Rica edirəm, ser, izn verin gedim. Mən dua etmişəm. Arvadınızı, uşaqlarınızı düşünün.

Hıçqırıqlar onu boğurdu. Cənab Cimbo:

– Di sakitləş. Eşidən olar, heç bir yamanlıq etmərəm, – deyə təkrar edə-edə qapını qıfıllayıb açarı pencəyin cibinə qoydu.

Qız cəld stolun arxasında gizləndi, sonra pəncərəyə sarı yüyürdü, sonra yenə qapıya, daha sonra stola doğru qaçdı. Cimbo onu yaxaladı və divana tərəf apardı. O, qızın dodaqlarını gəzdi, amma qız yumaq kimi büzülüb donunun ətəkləri ilə sifətini örtdü.

Cimbo:

– Liz! – deyib qızın qulaqlarını, yanaqlarını, əllərini öpdü. – Sən elə qəşəngsən ki… – O pıçıldadı. -Sənin dərin hamar və qı­zıl­gül ləçəyi kimi zərifdir. Mən heç bir pis iş tutmaram.

Qız ondan yaxasını qurtarmaq üçün bir xeyli çabaladı, nəhayət, ixtiyarı əldən getdi. Və… hər şey… xoşagəlməz yuxuda olduğu kimi baş verdi…

… Qaş qaralanda o, yataqxanadakı çarpayısında uzanmışdı. Yastıq göz yaşlarından tamam islanmışdı. Nişanlısının əzik-üzük edilmiş şəkli döşəməyə düşüb qalmışdı. O, ağır-ağır qalxıb pəncərəyə sarı getdi. küçə bom-boş idi, avtomobillər ötüb keçirdi.

Elizabet pərdəni çəkdi. Şəhər həyatı onun üçün deyildi. Öyrəşə bilmirdi. Qız kənddəki evlərindən, böyük və səmimi ailəsindən ötrü darıxdı. O özünü yalnız orada təhlükəsiz hiss edə bilərdi. Onun dincliyi, rahatlığı pozuldu, qəlbinə qüssə və kədər çökdü.

Bazar ertəsi səhər tezdən həmişə olduğu kimi yataqxanadan çıxdı. Ancaq avtobusa əyləşmək əvəzinə parkın içərisiylə pay-piyada vağzala sarı yollandı. Saat səkkizə az qalmış artıq əmək birjasının qarşısında idi. Yüzlərlə qadın, qoca və cavan dayanıb idarənin açılmasını gözləyirdi. Ağsaçlı qarılar dövrə vurub oturmuşdular. Astadan söhbət edirdilər. Qüssə və əzab onların sifətlərində hamarlanması mümkün olmayan qırışlar açmışdı. Elizabetin ürəyi ağrıdı, onların halına acıdı.

Adamlar get-gedə çoxalırdı. Qəmgin çöhrəli bu adamlar Allaha inanan, dua etmək üçün ağzına qədər dolmuş kilsəyə gələn adamları xatırladırdı.

O vaxt uşaq idi… Allah, yəqin ki, artıq ondan üz döndərib. O günahkardır…

Kimsə əlini onun çiyninə qoydu. Qız səksəndi və cəld çevrildi.

– Liz, burada nə edirsən? Bir bəri gəl, görüm.

O, miss Kimanininin ardınca arakəsmənin yanındakı kabinetə keçdi və ona təklif edilən stulda əyləşdi.

– Yenə işsizsən?

Elizabet dinməzcə başını yırğaladı.

– Bu dəfə nolub?

Elizabet cavab vermədi.

Ortayaşlı missis Kimanininin birjada çoxdan işləyirdi və arif adam idi. Əlüstü məsələni başa düşdü.

– Nə isə, təkid etməyəcəyəm, mənim balam. Sadəcə, bu şəhərdə qadınların həddindən ziyadə əziyyət çəkdiyini görəndə adamın ürəyi ağrıyır. Rüsvayçılıqdır. Oradakı qızları görürsən? Onlar hamısı işsiz katibə və stenoqrafçıdır.

Elizabet missis Kimaninin  iti və ağıllı gözlərinə baxdı:

– Elə buna görə də yanınıza gəlmişəm. Mənə başqa iş tapın, eybi yox, qoyun lap iki dəfə az maaş alım.

– Liz, axı sən şəhərdəki  ən yaxşı katibələrdən birisən. Yaxşı, eybi yox, gəl kilsədə və xeyriyyə cəmiyyətində iş axtaraq. Di, ruhdan düşmə.

Missis Kimanini xeyirxah qadın idi. Qızların çoxuna kömək etmişdi. O, Lizin də xoşuna gəlirdi.

– Keçən dəfə deyirdiniz  mənim şefim afrikalı olacaq. Yadınıza düşür? Bu tamam başqa məsələdir. Ona görə ki, o, ölkə qarşısında öz məsuliyyətini hiss edəcək. Gördünüz? O heç də ağlardan yaxşı deyilmiş. Qorxuram kilsə idarələrindən  də bir şey çıxmasın. Bütün kişilər bir bezin qırağındandırlar.

– Hər halda cəhd göstərək. Bir yer var, zəng çalım, get, bax. Sonra xoşuna gəlib-gəlmədiyini mənə bildirərsən.

Həftənin axırında Elizabet kiçik yetimxanadan zəhmət haqqı olaraq bir qədər qəpik-quruş aldı. İş ondan dözüm və səbir tələb edirdi. Yetimxananın sahibəsi rahibə Yelena bacı ona dırnaqlarını qısa kəsdirməyi buyurdu. Qıza ağ xalat, ağ ləçək və dabansız tufli geyindirdilər. Güzgüyə nəzər salan Elizabet özünü güclə tanıdı. O, ləçəyin altından çıxan tellərini düzəldib Yelena bacının ardınca uşaqların oynadığı böyük zala keçdi. Uşaqların bir qismi şəkil çəkir, lap balacaları isə kubiklərdən ev qururdular. Rahibə astaca:

– Yazıqlar ana məhəbbətindən və nəvazişindən məhrum olublar, – deyə sözə başladı. – Başqa uşaqların ata-anaları, bacı-qardaşları var, bunların isə heç kimi yoxdur. Onlara nə veririksə, qane olur, bütün həyatları boyu unutmurlar.

Qayğıya möhtac olan otuz cüt göz Elizabetin sifətinə zilləndi. Göz yaşları onun gözlərinə tor gətirdi. Özü çirkab içərisində olduğu halda onlara nə təlqin edəcəkdi?! Nə bilmək olar? Bəlkə də o, günahsız uşaqların arasında təsəlli, dinclik və sakitlik tapa bildi. Onlar yalvarıcı nəzərlərlə qadına baxırdılar. O, bu gözlərdən: “Bizim gələcəyimiz sənin əllərindədir. Bizə elə məhəbbət bəxş et ki, hələ heç kimdən beləsini görməmiş olaq” sözlərini oxuyurdu.

Elizabet həyəcanını bir təhər özündən kənar edib:

– Bacı, siz böyük və müqəddəs bir iş görürsünüz, – dedi. – Mən sizə kömək etməyə çalışacağam.

Birinci həftənin sonunda qız tam ümidsizliyə qapılmışdı. Uşaqlar onu ələ salır, hirsləndirir, sözünə qulaq asmırdılar. O, kömək üçün missis Kimaniniyə müraciət etmək qərarına gəldi, lakin özündə qüvvə tapmadı. Bir ay keçdi və uşaqlar Elizabetə isinişdilər. Onların həyəcan oyadan məhəbbəti qızın iqtidarını əlindən aldı. Balacaların ona böyük ehtiyacı olduğunu anladı və ona qüvvə versin deyə Allaha yalvardı.

İyunun ortalarında birdən-birə Elizabet yatağa düşdü. Yelena bacı öz qayğısını qızdan əsirgəmədi. Bir gün, iki gün keçdi. Qızın halı daha da xarablaşdı. Onu xəstəxanaya aparmaq lazım gəldi. Xəstəxanada o, üç gün yuxusuz və narahat gün keçirdi. Dördüncü gün halı bir qədər yaxşılaşdı və Yelena bacıya xəstəyə baş çəkməyə  icazə verildi. Rahibə onun əlini ovcunun içərisində sıxıb üzünü yana çevirdi:

– Oh, Elizabet, həkim dedi ki, sənin uşağın olacaq….

Gənc qadının ürəyi tez-tez döyündü, sifəti qıpqırmızı kəsildi. O, hamilədir. Rahibə tənə ilə ona nəzər saldı. Bu baxış: “Yetimin biri də artacaq” deyirdi.

liz hələ xəstəxanada ikən başa düşdü ki, onu tez, ya gec yetimxanadan qovacaqlar. Odlu məhəbbətlə sevdiyi nişanlısı onu bağışlamayacaq. O, evə – valideynlərinin, nənəsinin yanına qayıtmağa ürək etmədi. Hamilə olanları işə də götürmürdülər. Birdən gözü qarşısında Ami Cimbonun surəti canlandı. bu neçə vaxtda ilk dəfə həmin qadın haqqında düşündü. Xoşbəxt, məmnun və tamamilə təmin olunmuş bu qadın onun tam əksi idi. Yox, bu, ədalətsizlikdir. Cimbo onunla – Elizabetlə gör necə də amansızcasına davranmış, onu biabırçı vəziyyətdə qoymuş, dilənçiliyə məhkum etmişdi. Öz məxsusi arvadını isə mələk kimi bəsləyir.

Nahardan sonra Elizabet uşaqları yatırıb bərbərxanaya yollandı. Onun saçlarını düzəldən usta:

– Sənin gözlərin elə belə də parlaqdır, – dedi. – Görüşə hazırlaşırsan?

Liz:

 – Bəli, – deyə pıçıltı ilə cavab verib kürsünün arxasına söykəndi və gözlərini qıydı.

– Sən qəşəngsən. Onun bəxti gətirib.

– Təşəkkür edirəm. O özü də çox yaraşıqlı və xeyirxahdır.

Açıq sezilən istehzadan Lizin gözləri bir az da parladı. axşam o, Yelena bacıya bazar gününü qohumlarıgildə keçirəcəyini bildirmişdi. rahibə ilə xudahafizləşib avtobus dayanacığına yollandı.

Cənab Cimbonun evində heç kim yox idi. Bərk külək əsirdi. O, ayaqları keyləşənə qədər darvazanın kiçik qapısı ağzında gözlədi. Yağış başladı. Həyətdə qarajla yanaşı gözünə kiçik saray dəydi. Sarayın qapısı açıq idi. Çantasından bloknot çıxarıb bir parça kağıza: “Sizinlə görüşməyə gəlmişəm. Küçədə soyuqdur. Sarayda gözləmək qərarına gəldim” sözlərini yazıb qeydi qapının dəstəyinə keçirdi.

Cimbonun ailəsi evə xeyli gec qayıtdı. Ami bükülü qeydi açaraq:

– Bizdə kimsə olub, – dedi. Sonra ucadan onu oxudu. Cənab Cimbo kağızı arvadının əlindən qapıb nəyisə izah etməyə çalışdı. Lakin rabitəsiz sözlər yığınından heç kim heç nə anlamadı. O, cəld saraya doğru getdi. Arvadı və uşaqları çaşqın halda onu izlədilər.

Cimbo qapını taybatay açdı. Və qorxudan dizləri büküldü. Elizabet boğazında qırmızı şərf ilgəkdə yırğalanırdı. Cimbo: “Bir Allah şahiddir ki, mənim heç bir günahım yoxdur. Nədən qorx­malıyam ki…” – deyə həyəcanla düşündü: “Bircə bu hadisə firmanın mənafeyinə xələl gətirməsin”.

Elizabetin ölümündən xəbər tutan Yelena bacı onun unudub yetimxanada qoyduğu qeyd kitabçasını polis idarəsinə apardı. Kilsə intiharı pisləsə də, rahibə ürəkdən bədbəxt qız üçün kədərləndi.

İngilis dilindən çevirəni:  Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor.

AKİF ABBASOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Gülnarə Acalova (“Nar Çiçəyi”) bu günlərdə AYB-nə fəxri üzv qəbul olnub

NAR ÇİÇƏYİNİN YAZILARI

TƏBRİK EDİRİK, GÜLNARƏ XANIM

Uzun illərdən bəri qürbət eldə,-Rusiyanın Belqorod şəhərində yaşasa da dünyaya göz açdığı Borçalı mahalına və ana vətənimiz Azərbaycana qəlbən qırılmaz tellərlə bağlı olan Gülnarə Acalova (“Nar Çiçəyi”) bu günlərdə Azərbaycan Yazıçılar Birliyinə fəxri üzv qəbul olunmuşdur. Azərbaycan və rus dillərində yazdığı şeir və esseləri ilə tanınan Gülnarə xanımın son illərdə “Ədalət”, “525-ci qəzet”, “Kredo”, “Mingəçevir” qəzetlərində, “Xəzan”, “Azad qələm” ədəbi dərgilərində, bir sıra elektron portallarda, AYB Mingəçevir bölməsinin bu il iyun ayının əvvələrində çapdan çıxan “Ruhumuzun yaz havası” almanaxında dərc olunan əsərləri insanlara unudulmaz anlar bəxş etməklə, nəcib hisslər aşılamaq gücündədir.

Son üç ildən bəri AYB Mingəçevir bölməsinin tədbirlərinə onlayn şəkildə qatılan Gülnarə Acalovanın imzası mingəçevirli oxuculara da yaxşı tanışdır.

Uzaq qürbət eldə soydaşlarımızın təmsil olunduqları icmada fəallığı ilə də seçilən xanım həmkarımızı Mingəçevirli yazarlar adından təbrik edir, ona ailə-övlad xoşbəxtliyi, könül xoşluğu, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!

06.08.2022

 İsmayıl İMANZADƏ

   Azərbaycan Yazıçılar Birliyi Mingəçevir Bölməsinin sədri, şair-publisist.

İSMAYIL İMANZADƏNİN YAZILARI

NAR ÇİÇƏYİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mirvarid Dilbazinin 110 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI

Dünən avqustun 7-sində Xudafərin Şadliq Sarayında M.Dilbazi Poeziya Məclisi və Dirili Qurbani Məclisinin birlikdə təşkilatçılıgı ilə Azərbaycanın ilk qadın xalq şairi Mirvarid Dilbazinin 110 illiyinə həsr edilmiş yubiley tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə Dirilli Qurbani Məclisinin sədri Yusif Dirili acdı.O, D.Qurbaninin “Bənövşə”şeirini söylədi.Sonra sözü D.Qurbani Məclisinin elm bölməsinin rəhbəri Tariyel Abaslıya verdi.O, bu məclisin uzunmüddətli fəaliyyətində bir çox şairlərin həyat və yaradıcılıgının işıqlandırıldıgını və bu gün isə Azərbaycanın ilk qadın xalq şairi M.Dilbazinin110 illiyinin qeyd olundugunu elan etdi.
M.Dilbazi Poeziya Məclisinin sədri Güllü Eldar Tomarlı M.Dilbazi yaradıcılından, onun xüsusi önəmliyindən danışdı və sözü D.Qurbani Məclisinin təşkilat işləri üzrə rəhbəri Malik Əhmədogluya verdi.Ondan sonra “Nur Ocagı” Ədəbi Məclisi, şairlərdən Səadət Buta, Aqşin Agkəmərli ,Südabə Irəvanlı,Tahir Şirvanlı,Nəcibə Ilkin,Şərqiyyə Süleymanova ,Qəzənfər Məsimoģlu,Mənzurə Qaçayqızı, Firudin Şahbuzlu ,Tahir Baģırov adına 59 saylı məktəbin şaģiirdləri çıxış etdiilər..
DAMM vəSIM IB – nin Fəxri üzvü, “Yazarlar”jurnalının əməkdaşı,AJB-nin üzvü,”Xarıbülbül”Ədəbi Məclisinin sədri Nəzakət Kərimova Əhmədovaya söz verildi.O,xalq şairinin yaradıcılıģından danışdı və yaradıcı şairə Yadigar Təvəkgülün “Səni unutmarıq şair Mirvarid”şeirini söyləyərək hərbi polkovnik – şair Ramiz Duygunun “Qalibiyyət Dastanı”kitabını Güllü xanıma hədiyyə verdi.
Tədbir iştirakçıları arasında Azərbaycanın Milli Qəhrəmanı aģdamlı Allahverdi Baģırovun qardaşı Millli Qəhŕəman Eldar Bagırovun könüllü batalyonunda bir neçə dostu ilə birlikdə 1992-93cü illərdə “Qara Qaya” deyilən əraziyə gələrək yüzlərlə Xocalı sakininin mühasirədən çıxmazına kömək etmiş,xeyli yaralının döyüşdən çıxarılmasında fəal iştirak etmiş, əsir və girov götürülmüş Xocalı sakinlərinin azad olunmasında yaxından iştirak edərək öz qorxmazlıģı və cəsarəti ilə fərqlənmiş Arif Vəli oglu Məhərrəmovun olması və maraqlı məlumatları iləXocalı soyqırımına dair söylədikləri hamini təsirləndirdi…..O,vaxtiilə ona verilən Milli Qəhrəman adından imtina etmişdi…..
Arif Məhərrəmov 20 yanvar , Qarabag qazisi, Xocalı döyüşləri veteranı olmaqla II qrup müharibə əlili,Çeçenistanın Milli Qəhrəmanıdïr…
Haqqında “Zəngəzurun səsi”qəzeti xüsusi buraxılışını məhz Arif Məhərrəmova həsr etmiişdir.
Arif müəllim tədbirlə baglı təəssüratlarını da bölüşərək hamıya təşəkkür etdi
Sonda xatirə şəkilləri çəkildi. Fotolar:

Müəllif: NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVA

AJB -nin üzvü,”Yazarlar”jurnalının əməkdaşı,”Bizim Qala”jurnalının redaktoru, ”Qürur”bədii Yaradıcılıq Mərkəzi nəzdində ”Xarıbülbül” əbəbi məclisinin sədri.

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Bayatı

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

Mən aşiq ağ əllərə,

Sübhdən şehli güllərə,

Tanrım zaval verməsin

Şirin dinənən dillərə…

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Erskin KOLDUELL – KRİSTİ  TÖKERİN  ÖLÜMÜ

ERSKİN KOLDUELLERSKİNE PRESTON CALDWELL

AKİF ABBASOVUN TƏRCÜMƏSİNDƏ

Erskin KOLDUELL

Amerika

Erskin Preston Kolduell – ədəbiyyatda realist yönümün nümayəndəsidir. Amerika yazıçısıdır. 1903-cü ildə  Corciya ştatının Uayt-Ouk şəhərində ruhani ailəsində  anadan olmuş, 1987-ci ildə dünyasını dəyişmişdir. Yazıçılığa 1931-ci ildə “Amerika torpağı” ( ingiliscə: American Earth) novellalar toplusu ilə başlamışdır. Sonralar “Tütün yolu” (“Tobacco Road”, 1932), ”Allahın payı” (“God’s Little Acre”, 1933) romanlarını yazmışdır. 1941-ci ildən Moskvada  müxbir olmuş, təəssüratları əsasında  “Moskva od içində” (“Moscow Under Fire”) kitabını, “Bütün gecə boyu” (“All Night Long”, 1942) romanını qələmə almışdır.

Erskin KOLDUELL

KRİSTİ  TÖKERİN  ÖLÜMÜ

                                         (hekayə)

Kristi Töker axşamtərəfi qatırın tərkində plantasiya şəhərciyinə gedirdi. O,  bütün günü yaşadığı evin ətrafını səliqəyə salmış, təzə payalar yonub çəpərin uçuq-sökük yerlərini düzəltmişdi. Öz işindən yerdən-göyə qədər razı qaldığından indi kefi ala buludlarda idi. Yol boyu fit  çalırdı. O, plantasiya şəhərciyinə az-az gedirdi. Amma bir iş üçün çağırılanda vaxt itirmir, tez yola düşürdü. Kristi qatırı dükanın arxasındakı mıxçaya bağladı. Zəncilər bu gün nədənsə onunla görüşməyə tələsmirdilər.

Kristi üç ay olardı ki, arvadını da götürüb bu yerlərə köçmüşdü. O vaxtdan rəngi rənglərinə, taleyi talelərinə bənzəyən qara dərililərlə mehriban münasibətdə idi. İndi isə zəncilər nədənsə özlərini görməməzliyə vurub ona yaxın düşmürdülər. Kristi heyrət içərisində və tələsmədən plantasiya idarəsinə sarı yollandı. Froqqi Miller onun qarşısına çıxdı. Froqqi dönməyə macal tapmamış Kristi onun əlindən yapışdı.

– Başa düşmürəm, siz camaata nə olub?

Froqqi Miller onun evindən bir mil aralıda – üzbəüz evdə yaşayırdı. Onların evlərini uzanıb gedən pambıq plantasiyaları ayırırdı. Qonşuluqda yaşadığından  hamıdan çox onu tanıyırdı.

– Nə olub, Froqqi?

Froqqi hündürboylu, saçlarını qısa vurdurmuş zənci idi. O, bir ayağını qaçaraq qoymuşdu. Kristi yenidən onu tutub saxladı. Həyəcanlı halda:

– Qulaq as,- dedi. – Özünüzü niyə belə qəribə aparırsınız?

Froqqi:                                                                         

– Cənab Li Krossmən sənin dalınca adam göndərib?  – deyə soruşdu.

– Hə, göndərib, nə olsun ki?  Yəqin təsərrüfatla əlaqədar nə isə demək istəyir. Başa düşmürəm siz…

O, sözünü qurtarmamış Froqqi aralandı və yola düzəldi. Kristi onu narahat edən suallara         cavab almaq üçün tələsik plantasiya idarəsinə girdi. Plantasiyanın mühasibi Hendriks və Li Krossmənin kiçik qardaşı Morqan birinci otaqda əyləşib ayaqlarını pəncərənin artırmasına qoymuşdular. Hendriks Kristini görən kimi  qalxıb o biri otağa keçdi. Mühasib gələnədək Morqan Krossmən sakit və davamlı nəzərlərlə zəncini süzdü. Qonşu otaqdan mühasibin səsi eşidildi:

– Bura gəl!

Kristi çevriləndə plantasiyanın sahibi və bossu Li Krossməni astanada dayanmış  gördü. Kristi:

– Eşidirəm, ser, – dedi.

Li Krossmən əyninə kip tikilmiş bozumtul minici şalvar – brici, mixəyi rəngli köynək və dizlərinə qədər gəlib çatan uzunboğaz çəkmə geyinmişdi. O, kənara çəkilib otağa keçmək üçün Kristiyə yol verdi, sonra arxa tərəfdən qapını bağladı. Kristi otağın ortasında dayanıb Li Krossməni gözləməyə başladı.

Kristi plantasiyaya ilin birinci yarısında – üç ay əvvəl gəlmişdi. O ilk dəfə idi ki, Corciyada olurdu. Həmin yerlər onun xoşuna bu vaxta qədər yaşadığı Alabamadan daha çox gəlirdi. Arvadı ilə onu Corciyaya köçməyə vadar edən torpağın məhsuldar, maldarlıq işinin əlverişli olması idi. Kristinin dediyinə görə,

onlar bir qarın tox, bir qarın ac dolanırdılar. Buraya isə xoş gün həsrəti ilə gəlib çıxmışdılar.

Li Krossmən qayıtmaq bilmirdi. Kristi stulların birində əyləşdi. Yenicə yanını yerə qoymuşdu ki, qapı açıldı. O, ayağa sıçradı. Gülümsünərək:

– Hər vaxtınız xeyir, cənab Li, – dedi. – Torpağı yoxladım. Əgər bir dənə də qatırım və çox gavahınlı kotanım olsaydı, çalardım. Belə kotanla iki qat artıq pambıq yetişdirərdim. Torpağa söz ola bilməz. Ovcumun içi kimi təmizdir. Nə kötük var, nə də bir qamış. Kol-kos sarıdan da nigarançılıq yoxdur. Heç yerdə çala-çuxura rast gəlmədim. Əgər mənə bir dənə də qatır və kotan verilsə, iki yardardan çox pambıq becərərdim.

Kristi danışıb qurtaranadək Li Krossmən gözlədi. Sonra qapını möhkəmcə örtüb otaqda var-gəl etdi:

– Zəncini mən sənin dalınca göndərmişəm, yoxsa sən mənim?

– Elədir, cənab, Li, siz göndərmisiniz…

– Elə isə sənə icazə verilməmiş heyvərə ağzını az açıb-yum!

– Günahkaram, ser, cənab Li, – deyə Kristi arxası divara söykənənədək dalı-dalı çəkildi. Li Krossmən stulda əyləşib nəzərləri ilə onu «yedi».

– Günahkaram, ser, cənab Li,- deyə Kristi tutuquşu kimi təkrar etdi.

– Sən də o heyvərə zəncilərin tayısan, haradan peyda oldun, bilmirəm. Sən ki, Corciya zəncilərindən deyilsən.

Kristi başını yırğalayaraq:

– Xeyr, ser, cənab Li, – dedi,- mən  Alabamada doğulub boya-başa çatmışam.

–  Orada  özünü  yaxşı aparmağı sənə öyrətməyiblər?

– Öyrədiblər,  ser, cənab Li.

– Bəs niyə  Corciyada   qudurğanlıq edirsən?

– Bilmirəm, cənab Li.

Kristi ovcunun içərisilə  üzünü sildi. Başa düşmədi ki, nə üçün Li Krossmənin   ona acığı tutub. Bayaq zəncilərin  yaxın gəlib onunla kəlmə kəsməmələrinin səbəbi yalnız indi  ona aydın oldu.  Onlar bilidilər ki, Kristi Li Krossmənin qəzəbinə düçar olub və ser öz adamını onun dalınca göndərib. Plantasiya sahibinin  və bossun gözündən düşmüş adamla söhbət etmək isə özünü  diri-diri  oda atmaq demək idi.

– Özünə radio almısan?- deyə Li soruşdu.

– Bəli, ser.

– Haradan almısan?

– Möhlətlə  almışam.

– Sənin pulun haradan idi?

– Bir az varım idi. Arvadım da cücə saxlayır.

– Nə üçün radionu plantasiyadakı mağazadan götürməmisən?

– Başqa yerdən almaq daha münasib idi. Orada bir qədər ucuzdur.

– Plantasiyada  yaşayan zəncilər  lazımi  şeyləri buradakı mağazadan alırlar.

– Sizə borclu qalmaq istəmədim, cənab Li. İstəyirəm ilin axırında plantasiyadan mənə  çatacaq məbləği tam alım.

Li Krossmən  arxasını kresloya söykəyib ayağını ayağının   üstünə aşırdı. Cib bıçağını çıxarıb dırnağını təmizləməyə başladı. Otaqda bir müddət sakitlik oldu. Kristi divara söykənmişdi. Bunu görən Li:

– Düz dayan, zənci!- deyə  bağırdı.

– Baş üstə,  ser,- deyə Kristi qəddini düz saxlamağa çalışdı.

– Çəpərini nə ilə təmir etmisən? Mənim  meşəmə girmişdin? 

– Bəli, ser, cənab Li.

– Bəs nə üçün icazə almamısan?

– Axı mən o yerdə yaşayıram. Gördüm çəpər amana-məəttəldir, uça bilər. Fikirləşdim ki, köhnə payaları yeniləri ilə əvəz etsəm, yaxşı olar.

– Özünü pis aparırsan! Çox pis! Demək, məni saymırsan?  İstədiyini edirsən. Özünü mənim torpağımın və evimin sahibi kimi aparırsan? Öz kefinə iş görür, özünü ağ adam kimi ləyaqətli hesab edirsən?

– Xeyr, ser, cənab Li, – Kristi etirazını bildirdi.  – Belə şeylər yatar-yuxuma da girməz. Sadəcə, bekar oturmaqla aram yoxdur. Əyilmiş çəpəri düzəltməyincə, odunu doğramayınca, pambığı yığıb qurtarmayınca rahatlıq tapmıram. Bu günün işini sabaha qoymuram, ser.

– Xəbərin var ki, sənin kimi qudurğan zəncilərin başına nə oyun açırlar?

– Xeyr, ser.

– Biz onlara öz burunlarını hər yerə soxmamağı, öz yerlərini bilməyi öyrədirik.

Li Krossmən ayağa qalxıb şkafa sarı getdi. Şkafın qapısını açıb əlini içəri saldı. O, geri dönəndə əlində uzun dəri qamçı tutmuşdu. Qamçıya ağır mis toqqa bənd edilmişdi. Li otaqda gəzişərək qamçını uzunboğaz çəkməsinin yanına çırpmağa başladı.

– Mənim plantasiyamda cücə saxlamağa sənin arvadına kim icazə verib?

– Heç kim, cənab Li,- Kristi dedi,- sizin etiraz edəcəyinizi bilmirdik. Həyətdə bunun üçün şərait var. Mən balaca hin də düzəltmişəm.

– Mənimlə mübahisəyə girişmə, zənci!

– Göz üstə, ser.

– Elə bilirdin məhsulun cücələr tərəfindən tərg edilməsi mənim xoşuma gələcək?

– Xeyr, ser.

– Radionun pulunu necə ödəmisən?

– Qurduğum tələyə bir-iki dovşan düşmüşdü. Onların dərisini satıb bir az pul əldə etdim.

– Mən istəmirəm ki, mənim plantasiyamdakı dovşanlara toxunsunlar.

O, ağır qamçını qaldırıb çəkməsinə vurdu:

– Nə üçün bizim mağazanın kitabında sənin adına heç nə yazılmayıb?

– Mən borca düşmək istəmirəm. İlin axırında plantasiyadan mənə çatacaq məbləği tam almaq fikrindəyəm.

Krossmən:

– Sənin bəri başdan, yaxud o başdan borclu qalacağın artıq mənim öz  işimdir,- deyib döşəmədəki sökük yeri Kristiyə göstərdi:

– Köynəyini çıxart, şalvarını aşağı sal. – Ağ adam sözünə davam edib, – Dizi üstə orada dayan!

– Fikriniz nədir, cənab Li?

– Darıxma, görəcəksən. Köynəyini, şalvarını çıxart, dediyim şəkildə dayan.

– Cənab Li, razı olmaram ki, məni döyəsiniz. Xeyr, ser, cənab Li. Mənimlə belə rəftar etməyinizə icazə vermərəm. Yox, nə danışırsınız?!

Li Krossmən acığından gömgöy göyərdi. Onun bağırtısı otağı başına götürdü:

–  Qaraağızlı, qarakürəkli köpək!!! – deyib  ağır mis toqqalı qamçını qaldırdı və Kristini döyməyə başladı.

Kristi yaxasını qurtarmağa çalışdı. Li ikinci dəfə qamçını  endirəndə zənci havada tutub buraxmadı. Li əvvəlcə çaşqın nəzərlərlə ona baxdı, sonra qamçını dartdı, almaq istədi.   

– Cənab Li, mənim sizə  heç bir  yamanlığım keçməyib. Yalnız bir-iki  dovşan tutmuşam, bir-iki cücə  saxlayıram. Sizə qarşı pis fikrə düşməmişəm. Elə bilmişəm bir-iki paya ilə   çəpəri təmir etməyimdən narazı qalmazsınız.

– Mumla, dediyimə əməl elə. Köynəyini, şalvarını çıxart!- deyə Li əsib-coşdu.- Dartıb əlindən almamış qamçını burax!

Kristi tərpənmədi. Qamçını ovcunda daha möhkəm sıxdı. Li  o qədər qəzəblənmişdi ki, dili söz tutmurdu. O, şkafa sarı qaçıb tapançanı götürdü .  Kristiyə sarı dönüb üç dəfə atəş açdı. Kristinin qamçı tutan əli boşaldı və  o, yerə sərildi.

Linin qardaşı Morqan və mühasib Hendriks  qaçaraq arxa otağa gəldilər.  Linin qardaşı Kristi Tökeri  döşəmədə sərəli görüb:

– Nə olub?- deyə xəbər aldı.

Li boğula-boğula:

– Sən bir buna bax! Məni hədələyirdi!- deyib şkafa sarı getdi, tapançanı oraya qoydu. – O heyvərə məni öldürməklə hədələyirdi. Hendrikslə sən bunun canlı şahidisiniz. Öz həyatımı xilas etmək üçün zəncini o dünyaya göndərdim!

Onlar arxa otağı tərk edib idarəyə keçdilər. Plantasiya mağazasından qaçaraq bir neçə klerk gəldi. Nə hadisə baş verməsi ilə maraqlandılar. Li əlini krantın altında yuya-yuya:

– Qudurmuş zənci idi. – dedi. – İki-üç ay əvvəl Alabamadan gəlmişdi. Bu gün onun dalınca adam göndərmişdim. Dedim gəlib izah etsin, görüm. məndən icazəsiz evinin ətrafındakı çəpərə niyə təzə payalar basdırıb. Sorğu-suala tutanda başladı mənə qara-qorxu gəlməyə. Yaman yaramaz zənci idi!

Klerklər qayıdıb plantasiya mağazasına getdilər. Hendriks kitablarını açıb plantasiyanın haqq-hesab işləri ilə məşğul olmağa başladı. Li qardaşına:

– Arxa qapını aç,- dedi. Qoy hamı görsün ki, Alabamadan gələn zənci kimi qudurğanların aqibəti necə olur!

Morqan arxa qapını açıb yola sarı boylandı. Zəncilər gözə dəymirdilər. Yalnız Kristi Tökerin bayaq minib plantasiya şəhərciyinə gəldiyi qatır dayanıb öz sahibini gözləyirdi.

                    ERSKİNE PRESTON CALDWELL                  

İngilis dilindən çevirəni:  Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor.

AKİF ABBASOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru