Çəmənlimin Şahmar tacı
Unudulmaz müəllimim Şahmar Əkbərzadəyə xatirə günü münasibətilə
İçimdə bir sevgi yaşayır. Haçan dolub ürəyimə, bilmirəm. Həmişə mənimlə olub. Orta məktəbdə oxuyanda da, bütün ümidlərimi kiçicik yol çamadanına yıgıb təhsil almaq üçün o zaman mənə nağıl kimi gələn Bakı yoluna çıxanda da, tələbəçiliyin min əzab-əziyyətinə dözə-dözə, qohumların küncündə, püşkəyində daldalananda da. Qapıdan girib “Ay bala, sənin bu yataqxanan düzəlmədimi?- sualı ilə üzləşməmək üçün baş ağrısı bəhanəsilə ac-susuz yatağa uzananda da…həmişə mənimlə olub bu sevgı…Bilirdim ki, haralardasa yaxındadır, bilirdim ki, axtarıb tapsam, çox sevinəcək.
Cəmi iki il mənə dərs deməsinə baxmayaraq, aramızda sagird-müəllim dostluğu vardı. Hələ beşinci sinifdə oxuyanda onun “Lenin yolu” qəzetində çap olunan “Qara kağızlar” şerindən ilhamlanaraq “Dünya” adlı bir yazı cızma-qaralamışdım. Səhəri gün utana-utana şeri ona uzatdım. Təəccübləndi. Cansız-çəlimsiz uşağı heyrətlə süzdü. Sonra elə ayaq üstündəcə birnəfəsə oxudu. Üzündə qeyri-adi bir təbəssüm var idi. Bu təbəssüm qəlbində bitib tükənməyən Allah nuru olan gənc, gözəl qədd-qamətli bir şair təbəssümü idi. Şerdə adını çəkdiyim adamlardan sual verdi. Cavablandırdım. Qasımov, sən lap əməlli-başlı şair imişsən ki… Sevincimdən uçmağa qanadım yox idi. Mənə qaytardığı dəftər vərəqini səliqə ilə dördqat büküb cibimə qoydum. Neçə il o vərəq dəftər-kitablarımın arasında qaldı. Həmişə o vərəqə baxanda məni bir ümid sarırdı. Fikirləşirdim ki, görəsən mən də onun kimi şer yaza biləcəyəmmi? Sonra o köçüb Bakıya getdi. Uzun zaman onu görmədim. Lakin onu bir də görmək ümidimi itirmirdim. Artıq mən də Bakıda idim. Poeziya klublarının birində dostu Vilayət Rüstəmzadə ilə rastlaşdım. Qarabağlı olduğumu-illah da Çəmənlidən olduğumu biləndə çox sevindi. Dostum Şahmarın həmkəndlisi imişsən, – dedi. Yerini soruşdum. İş yeri cəmi beş addımlıqda imiş. Elə həmin gün “Bakı Soveti” metrosu ilə üzbə-üz binanın dördüncü mərtəbəsində yerləşən “Azərbaycan Gəncləri” qəzetinin redaksiyasına ayaq açdım. Doğrudur, şairlikdə parlaya bilmədim, amma bu qeyri-adi insanla elə-belə ünsiyyətdə olmaq da böyük xoşbəxtlik idi. Onun şerlərini dinlədikdən sonra şer yazmağa kimin hünəri çatardı?
Bir dəfə yenə yolum redaksiyadan düşmüşdü. Hal-əhval tutandan sonra dedi ki, ay Qasımov (Sinifimizdə iki Vahid olduğuna görə bizi həmişə adımızla yox, familyamızla çağırardılar) xaricdən gəlmişəm. Orada bir şer yazmışam. Sən inanmazsan, camaat gedib xarici ölkələri gəzir, görməli yerlərə şerlər həsr edir, mən isə Çexoslavakiyadan Çəmənliyə yazdığım şerlə gəlmişəm. Xahiş elədim ki, şeri versin, oxuyum. O makinada təzəcə çap olunmuş şeri mənə uzatdı. Oxudum. Mən kənd uşağı idim. İndi tale məni doğulub boya-başa çatdığım el-obadan ayrı salmışdı. Qarış-qarış dolaşdığım yerlərdən ötru burnumun ucu göynəyirdi. Ona görə də orada yazılan hər bir söz, hər bir kəlam ürəyimin tellərini titrədir, gözlərimi yaşla doldururdu. İndi üstündən neşə illər keçsə də, indiyəcən mənim könlümü fərəh hissi ilə dolduran o möhtəşəm şeri sizə təqdim etmək istəyirəm.
Çəmənlim
Ümidim söykənib zümrüd düzünə,
O mənim arxamda duran dağımdır.
Sənin torpağını sıxıb gözümə,
Diz çöküb öpməyim ucalmağımdır.
* * *
Bu gecə qürbətdə girdin yuxuma,
Elə bil əmdiyim südə bələndim.
Neçə zirvələrdən boylandım, amma,
Vüqarım sən oldun, sənə güvəndim.
* * *
Yüz il qucağından uzaqda gəzsəm,
Xəyalım yenə də səmanda üzər.
Sənə ürəyimin paytaxtı desəm,
Nə Təbriz inciyər, nə Bakım küsər.
* * *
Tutyadan əzizmiş bir dadım duzun,
Acı yovşanın da şirin-şəkərmiş.
Əlimi qanadıb didən kol-kosun,
Adi çör-çöpün də qançəkərimmiş.
* * *
Umursan adına ad gətirərəm,
Gözətçi balanam qapından ötrü.
Hərdən şəhərlərdə bezib titrərəm,
Kövrək qocaların ğapından ötrü.
* * *
Həm uman yerimsən, həm güman yerim,
Qadanı, bəlanı alasıyam mən.
Haçansa ömürlük qoynuna girib,
Çəmənin, çıçəyin olasıyam mən.
* * *
Laylamın binəsi səndən başlanır,
Çəmənlim, ay mənim könül çəmənim.
Hər səni ananda gözüm yaşarır,
Gözü yolda qalan anamsan mənim.
Şahmar Əkbərzadə,
Çexoslovakiya. 1979-cu il.
Bu şer Şahmar müəllimin doğma kəndinə olan dərin sevgisindən doğan bir nəğmə idi.
O gündən saysız-hesabsız illər keçdi. Görüşürdük…Nədən danışsaq da, axırda yenə Çəmənli ilə bağlı xatirələrə dönürdük. Yaşadığımız şip-şirin anları sanki yenidən yaşayırdıq. Gah gülürdük, gah kövrəlirdik, amma həmişə sevincimiz üstün gəlirdi, şad-xürrəm öpüşüb ayrılırdıq. Bu görüşlərdən sonra qanadlanıb üçmağım gəlirdi. Hardan biləydim, nə zamansa bü görüşlərin biri bizim sonuncu görüşümüz olacaq. Axırıncı dəfə 2000-ci ildə, isti yay günlərindən birində rastlaşdıq. Gülə-gülə, ay Qasımov, saçları yaman ağartmısan, dedi. Ayaqüstü bir xeyli söhbət edəndən sonra vidalaşıb, ayrıldıq. O “Nizami” metro stansiyasına yönəldi, mən Füzuli meydanına tərəf. Bir xeyli gedəndən sonra dönüb geri boylandım. O, ağır-ağır metroya tərəf gedirdi. Dayanıb xeyli baxdım. İnsan selinin işində əriyib yox olanacan baxdım. Hardan biləydim ki, bu sonuncu görüşümüzdür? Hardan biləydim ki, bir gündən sonra Şahmar müəllimin “Səni hardan alım indi” şerinin yanğısğnı ciyərlərimə çəkə-çəkə, elə “Səni hardan alım indi” adlı bu şeri ona həsr edəcəm:
Ay qapımın açar yeri,
Ay dilimin naçar yeri,
Ay bəlamın düçar yeri,
“Səni hardan alım indi?”
* * *
Ay ömrümün qışı, yazı,
Ay könlümün duzu, nazı,
Ay atamın telli sazı,
“Səni hardan alım indi?”
* * *
Gözlərinə gözüm düşən-
Özü kövrək, qəlbi şüşəm,
Bir qom yaralı bənövşəm,
“Səni hardan alım indi?”
* * *
Qarabağım, qəm otağım,
Qəza-qədər öz ortağım,
Ay sinəsi dağlı dağım,
“Səni hardan alım indi?”
* * *
Ay qəlbimin qubar tacı,
Çəmənimin bahar taçı,
Çəmənlimin Şahmar tacı,
“Səni hardan alım indi”?..
Təqdim etdi: Vahid Çəmənli
HACI VAHİD ÇƏMƏNLİNİN YAZILARI
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru