ZAUR USTAC. ŞEİRLƏR.

ZAUR USTACIN YAZILARI


SÜBH ÇAĞI
Pozur addım səsləri,
Gecənin kor sükutun.
Uzaqdan yeyin-yeyin
Yeyir ürəyin qutun…
* * *
Qəfil başlayır quşlar,
Necə gəlirsə buyruq.
Sanki komanda verir,
Gözəgörünməz çubuq…
* * *
Bürüyür bircə anda,
Hər yanı sübh nəğməsi…
İfa edir təbiət,
Əsər Tanrı bəstəsi…
* * *
Getdikcə addım səsi
Eşidilir yaxından.
Gecə qaranlığında,
Ötüb keçir yanımdan…
* * *
Tələsik addımlarda,
Təlaşlı qəlbin səsi…
Elə tələsir, sanki,
(Ta dünyanın sonudur,)
Tükənəcək nəfəsi…
* * *
Uzaqda dan sökülür,
Gecənin rəngi qaçır…
Yaxında purç tumurcuq,
Qətran ətrini sacır…
* * *
Addımlar uzaqlaşır,
Səngiyir sübh nəğməsi…
“Allahu Əkbər”- deyə,
Ucalır azan səsi…
* * *
Aydın olur səbəbi,
O təlaşlı yerişin…
Avazıyır qaranlıq,
Anlamı var gərdişin…
* * *
“La ilahə illəllah”,
Yenə də çökür sükut…
Əllər açılır göyə,
Möminlər tutur qunut…
* * *
Gecənin bağrın yarıb,
Gündüz sıyrılır qından…
Kimisi tövbə edir,
Neçəsi çıxır dondan…
* * *
Həmin şəxs yenə keçir,
Qayıdanbaş yanımdan.
İndi özü görünür,
Səs çıxmır addımından…
17.11.2022. Bakı.

TURAN DEYİLSƏ
Cavid dünyasına əyri baxanlar,
Bu gün baş verənlər siz deyin nədir?!
“Tuncaya” şerini topa tutanlar,
Bu gün baş verənlər siz deyin nədir?!
* * *
Nəhayət, “yar qonaq gələcək bizə”,
Min yol qurban ollam, “o qara gözə”,
Uzağı, “lalər çıxacaq düzə”,
Bu gün baş verənlər siz deyin nədir?!
* * *
İllərin həsrəti hopmuşdu sözə,
Ay ulduz dönmüşdü sözdə qaş-gözə,
Əbədi qardaşlıq hakimdir düzə,
Bu gün baş verənlər siz deyin nədir?!
* * *
Bilirəm bağrınız alışıb yanır,
Nədənsə, çoxları əslini danır,
Ustac bu günlərdə Turqutu anır,
Bu gün baş verənlər siz deyin nədir?!
15.11.2022. Bakı.

ARAZ
Halına acıdım lap əzəl gündən,
Bu qədər qınanır bilmirəm nədən,
Arazı heç zaman qınamadım mən,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Sarıyıb Yurdumun şırım yarasın,
Açmayıb, bağlayıb qardaş arasın,
İndi mən qınayım bunun harasın?
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Çəkib acıları, yığıb suyuna,
Sakitdir, bələddir hamı huyuna,
O da qurban gedib fitnə, oyuna,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Xudafərin qucaqlayan qoludur,
Keçidləri salam deyən əlidir,
Bayatılar pöhrələyən dilidir,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
O tayda çifayda deyir Şəhriyar,
Bu tayda dardadır indi Bəxtiyar,
Yarını gözləyir hər gün Lütfiyar,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
15.11.2022. Bakı.

ÜZÜMÜZÜ GÖRMƏ!
Könlü işıqlı olanın,
İşi yox gün işığıynan!
Ruhu təmiz olduğundan,
Yeyəcək öz qaşığıynan!
★ ★ ★
Heç dərdini çəkməginən,
Nə yaxşı görmürsən bizi.
Könlün saf, ruhun pak qalsın,
Görməyəsən belə üzü…
★ ★ ★
Çalış, duyma səsimizi,
Xəbərsiz ol halımızdan.
Xoş halına xəbərsizsən,
Boş-boş qeylü-qalımızdan…
★ ★ ★
Dərdin çəkmə bu dünyanın,
Öz dünyanı xürrəm yaşa!
Sənin gözün bizdən iti,
Ayağın dəyməsin daşa!
★ ★ ★
Əzada gözü sağlar var,
Görsə də ruhu sikəstdir.
Gözün deşəni görməyir,
Çünki ruhən o nakəsdir!
13.11.2022. Bakı.

QATIQ
Qatıq deyib, fors eləmə qardaşım,
Bir çox evdə süfrələrin padşahı.
Baxırsan ki, bığlarınıda “bığ yağı”,
Fors eləyir, cibində yox bir şahı.
* * *
Qatıq deyib, fors eləmə qardaşım,
Bir çox evdə onun adı yavanlıq.
Baxırsan ki, düz əməlli adamdır,
Yazıq olub, evin yıxıb cavanlıq.
* * *
Qatıq deyib, fors eləmə qardaşım,
Bir çox evdə kiçik dünya ibrəti.
Nehrə onu elə qəşəng çalxayır,
Söz artıqdı, tutan tutdu söhbəti…
* * *
Qatıq deyib, fors eləmə qardaşım,
Ustac görüb tuluq-tuluq turş qatıq,
İndi “yağ”dır “vitrin”ləri bəzəyir.
Ya “şor” olub, ya “turş ayran”, ya “atıq”…
12.11.2022. Bakı.

MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM
Qutlu zəfər sancağım,
Sancılmağa yer gəzir!
Alınası öcüm çox,
Bu gün ruhumu əzir!
* * *
Dərbəndi, Borçalını
Unuduruq həmişə…
Kərkük, Mosul bağrı qan,
Boyun əyib gərdişə…
* * *
Yudumun dörd bir yanın
Hürr görmək istəyirəm!
Şanlı zəfər tuğuma
Zər hörmək istəyirəm!
* * *
İrəvan peşkəş olub
Beş sətirlik kağızla…
Zəngəzuru naxələf
Verib quru ağızla…
* * *
Bədnam Araz illərdir
Olub qargış yiyəsi…
Top doğrayan qılıncın
O taydadır tiyəsi…
* * *
İstəyirəm bu bayraq
Dalğalansın Təbrizdə!
Urmuda üzsün balıq,
Sanki üzür dənizdə…
* * *
Xoyda, Mərənddə bir gün,
Olum qonaq üzü ağ.
Ərdəbilə, Tehrana
Qurulmasın ta duzaq…
* * *
Qarsdan, Ağrıdan baxım,
Qaşqayadək görünsün!
Qapıcıqdan, Qırxqıza
Ağ dumanlar sürünsün!
* * *
Bu arzular həyata
Keçməsə, mən heç nəyəm!
Neynim, mayam belədir,
Mən zəfərə təşnəyəm!!!
08.11.2022. Bakı.

BU GÜZ
Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!
* * *
Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…
* * *
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!
* * *
İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!
* * *
Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!
06.11.2022. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN ŞEİRLƏRİ


ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir