XOCALI -TARİXİN İZİ İLƏ

LƏTAFƏT BEYBUTOVA ƏLƏSGƏR QIZININ YAZILARI

XOCALI -TARİXİN İZİ İLƏ

Azərbaycan  Respublikası müstəqillik  qazandıqdan  sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə etmiş və uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.

1813-cü və 1828-ci illərdə  imzalanan  Gülüstan  və Türkmənçay müqavilələri Azərbaycan  xalqının   parçalanmasının,  tarixi   torpaqlarımızın bölünməsinin əsasını qoydu.  Azərbaycan  xalqının  bu milli  faciəsinin davamı  kimi onun torpaqlarının zəbti başlandı. Rusiya  imperiyasının Cənubi Qafqaz ilə  bağlı planı burada yaşayan türk-müsəlman xalqlarının milli mənlik şüurunu və qədim dövlətçilik  ənənələrini  məhv etmək və həmin  əraziləri  mənimsəməklə  Rusiyanın tarixi arzusunu  həyata keçirmək idi.  Məhz bu  məqsədlə də, bir tərəfdən imperiyanın ayrı-ayrı yerlərindən Azərbaycan ərazisinə müxtəlif mənşəli xristian əhali köçürülüb gətirilir, digər tərəfdən də yerli əhalinin xristianlaşdırılması və ruslaşdırılması siyasəti yeridilirdi. Bundan əlavə bu siyasətin daha uğurla həyata keçirilməsi üçün həmin bölgələrdə ermənilərin sayı süni  surətdə çoxaldılır və nəticədə ermənilərin Azərbaycana qarşı ərazi iddialarının  baş  qaldırmasına və erməni-müsəlman qırğınlarının törədilməsinə səbəb olurdu. Azərbaycanın  ərazisində məskunlaşdırılan ermənilər sayca azlıq təşkil etsələr də, sonralar  öz  havadarlarının  himayəsi  altında  inzibatı bölgü yaradılmasına  nail  olmuşdular.  Bununla  da  iki yüz  ildən artıqdır ki, erməni-daşnak quldur birləşmələri və onların havadarları Azərbaycan türklərinə qarşı qətliamlar  həyata  keçirir, torpaq iddiaları irəli sürür, böyük  fəlakətlər  törədirdilər. Demək  olar ki, iyirminci yüzillik başdan-başa  azərbaycanlıların  kütləvi qırğınları, yerini-yurdunu  tərk  etmələri, sürgünlük  taleyi  yaşamaları ilə müşayiət  olunmuşdur.

“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirmişlər. Ermənilərin Bakıdan başlayan vəhşilikləri Azərbaycanı və indiki  Ermənistan   ərazisindəki  Azərbaycan kəndlərini əhatə edirdi. Yüzlərlə  yaşayış  məntəqəsi dağıdılıb yerlə yeksan edilmiş, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər.

Daha sonra birinci dünya müharibəsi  zamanı Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı  ünsürlərlə  mübarizə şüarı  altında  Bakı Kommunası tərəfindən ümumən   Bakı quberniyasını  azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər  Azərbaycan  xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı  əhali yalnız milli  mənsubiyyətinə  görə  məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük  bir  hissəsini  xarabalığa çevirmişlər.

Cənubi  Qafqaz  sovetləşməsindən  öz  çirkin  məqsədləri  üçün  istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etmiş və sonrakı dövrlərdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədi ilə yeni vasitələrə əl atmışlar. Bu vasitələrdən biri də SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına əsasən 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olmuşlar.

Azərbaycan  xalqına qarşı ermənilərin törətdikləri kütləvi cinayətlərdən Xocalı  soyqırımı  antibəşəri  mahiyyəti,  faciənin miqyası, qəddarlığı  və  amansızlığı ilə xüsusi olaraq seçilir. Məlum olduğu kimi, 1988-ci ilin əvvəllərində ermənilər Dağlıq Qarabağı birmənalı şəkildə ayırmaq və onu Ermənistana birləşdirmək məqsədilə tarixi planlarını həyata keçirmək üçün Azərbaycana qarşı təcavüzkar   fəaliyyətlərə   başlamışlar. 1991-ci ilin sonunda və 1992-ci ilin əvvəlində silahlı əməliyyatlar və Ermənistanın  Azərbaycana qarşı hücumları daha da artmış və Dağlıq Qarabağ regionunda  yerləşən rayonlardan biri olan münaqişədən öncə 7 min və  əksəriyyəti  azərbaycanlılardan  ibarət əhaliyə malik olan Xocalı bu  əməliyyatların   hədəfinə  çevrilmişdir.

Bütün  beynəlxalq  hüquq normalarına zidd olaraq təcavüzkar Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunun və ətraf rayonlarımızı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. Belə ki, 1992-cil fevral ayının 26-da həyata keçirilən Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

            1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirmişlər. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki şəhər 4 aydan artıq mühasirədə qaldığı və blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində idi. O müsibətli gecədə gözləri önündə balası süngüyə keçən analar havalanmış, ata-anasının vəhşicəsinə öldürüldüyünə şahidlik edən balaların bağrı çatlamışdı. Xocalı sakinləri şaxtanın qılınc kimi doğradığı qarlı havada ayaqyalın, başıaçıq çöllərə, düzlərə, meşələrə üz tutaraq canlarını qurtarmaq istəmişlər. Bu günahsız insanlara təbiət rəhm etsə belə faşist xislətli erməni cəlladları aman verməmişdi. Dörd bir tərəfdən mühasirəyə alınan şəhər günahsız insanların al qana boyanmışdır. Cinayətkar ermənilər qoca, qadın, uşaq demədən qarşılarına çıxanı ya vəhşicəsinə öldürmüş, ya da əsir götürülərək olmazın işgəncələr vermişlər. Xocalı soyqırımı zamanı 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca olmaqla 613 nəfər ödürülmüş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından  əlil  olmuş,  8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər  valideyinlərindən birini itirmişdir. Faciə baş verən gecə 1275 nəfər dinc sakin  girov  götürülmüş, onların 150-nin taleyi indi də məlum  deyildir.

           Bu faciənin dünyada soyqırım kimi tanınması və haqq işimizin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan xalqı yorulmadan mübarizə aparır. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli iradəsiylə başlanmış İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatmışdır. Müzəffər Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı. Bu haqq döyüşündə tarix yazan Azərbaycan ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının cəlladları da vardı. Tarixi qələbə qazanan ordumuz bu qətliamın günahsız qurbanlarının qisasını aldı. Xocalıda, eləcə də Qarabağ uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.

Müəllif: LƏTAFƏT BEYBUTOVA ƏLƏSGƏR QIZI

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”

Elmi Araşdırmalar, Ekspozisiya və Fond şöbəsinin müdiri              

Mob: 055 543 55 28, qubatovaltaft@gmail.com

LƏTAFƏT BEYBUTOVA ƏLƏSGƏR QIZININ YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir