BİR ZAMANLAR MƏNİM DƏ ATAM VAR İDİ… – VÜSAL AĞA.

BİR ZAMANLAR MƏNİM DƏ ATAM VAR İDİ…
(12.08.2016 – 12.08.2023)

Əziz və dəyərli dostlarım. Gözəl insanlar. Bu gün 12-avqust 2023-cü il atamın ölümünün 7 (yeddi) ili tamam olur. 7 (yeddi) il keçməsinə baxmayaraq inanın ki, yoxluğuna alışa bilmirəm. Hər zaman xatirəmdədir. Atamı 7 (yeddi) ildir ki axtarıram… Elə bil dünən idi… Mən atamı 7 (yeddi) ildir ki, görmürəm… ancaq bu 7 (yeddi) ildə bir gün də olsun onu unutmadım… Hər sözümdə, söhbətimdə atam oldu…
Bu gün isə düz 7 (yeddi) ildir ki, atasızlıq ağrısından yanıb qovruluram. Heç nə, heç kim atamın yerini vermir. Atamdan sonra kimsə, könlümü onun kimi ala bilmədi. Hansı məqamını xatırlayıramsa, elə bilirəm ki, dünən idi. Atamsız heç nəyin dadı, tamı, gözəlliyi yaraşığı yoxdur. Axı bütün uşaqlar, qızlar, oğulların dediyi kimi, mənim atam da dünyanın ən yaxşı, ən gözəl, ən mehriban atası idi.
O gündən bu günə qədər hər gün atam üçün darıxıram…

Dünyanın ən böyük ağrılarından biri də, sevdiyin adamı son mənzilə uğurlayarkən qucaqlayıb doyunca öpə bilməməkdir… Bunu mənim kimi atasız olanlar çox gözəl bilir. Xoş günün olur, fikirləşirsən ki, kaş atam da yanımda olaydı. Uğur qazanırsan, deyirsən, sağ olsaydı, bizimlə qürur duyardı. İnsan hər işində valideyninin yanında olmasını istəyir. O hiss bizdə əskikdir. Ona görə də nə eləyirsən elə, hiss eləyirsən ki, nəsə çatmır. Bu 7 (yeddi) ildə qazandığım uğurlarda, sevinclərdə ilk axtardığım atam oldu. Həmin dəqiqə fikirləşdim ki, atama bu xəbəri versəydilər, və ya desəydim gör bir nə qədər sevinərdi… Sevincimi böldüyüm dostlarıma da “Gör bir atam bu xəbərə necə sevinərdi…” deyərəkən, hər dəfə gözlərim dolur…

Atamdan çox şey öyrəndim: düz danışmağı, mərdanəliyi, haramdan qorunmağı, kimsənin malına göz dikməməyi, yetim malı yeməməməyi, kimsənin yanında gözükölgəli qalmamağı… sərt cavab qaytarmağı…

Bəli bir zamanlar mənim də atam var idi. Və bu gün atama o qədər deyiləsi sözlərim var ki…. Eh.. necə deyim, necə edim bilmirəm. Bəlkə də bütün bunları sağlığında ona deməli idim. Ancaq demək istərkən deyə bilmədiklərim də vardı. Deyə bilmədiklərimi isə elə bu gün deyəcəm.

Öncədən deyim ki, onunla bağlı arzularım daha çox idi. İndi bu arzularım ümmansız bir gəmitək sahillərdə çırpınır. Sözlərim yarımcıq, fikirlərim sönük, hərarətsiz bu gün. Ancaq hər zaman deyə bilmək istərkən deyə, bilmədiklərim üçün məni bağışla. 7 (yeddi) ildir artıq bizi tərk etdiyin…

Mən sənin haqqında ‘öldü’ ifadəsini heç zaman qəbul edə bilmədim, canım atam!!! Ona görə də ‘tərk etdi’ ifadəsini deyirəm. “Ölüm” sözü sənə heç yaraşmadı, ata! Həm də axı sən ölməmisən. Mənim ürəyimdə yaşayırsan. Düz 7 (yeddi) il öncə… 12 avqust… hər zaman ürəyimdə yara olacaq o məşum tarix… Həmin gün səhərə yaxın gözlərim önündə canlanır. Yoxluğun bu günlərdə qəlbimi elə üşüdür ki, bu yoxluğuna belə məni inandıra bilmir. Çünki ölüm adlı bir fələyi sənə heç kim yaraşdırmazdı. Amma fələyi görüm ki, felindən qalsın. Qalsın ki, bu adı sənə çox tez yaraşdırdı. O qədər xatirələr qoymusan ki, canım atam… Onları belə kiçik həcmli yazıya sığışdırmaq mümkünsüzdür. Sadəcə sənə, sənin ruhuna üzr borcum var. “Ata! Sənə bir şey olsa ölərəm” deyirdim. Amma mən sənsiz ölmədim, yaşayıram. Bağışla məni, ata! Çox darıxıram sənsiz, ata! Sənsizlik çox çətindi. Səsini eşitməmək, səni görməmək, iyini hiss etməmək, darıxdığında yalnız şəkillərə baxaraq keçmiş günləri xatırlayıb, səni bu cür yaşamaq çox çətin imiş, ata! Getməyinlə, hər şeyi dəyişdin. Evimiz dəyişdi, həyatımız dəyişdi. Hər şey bir anın içində dağıldı sanki. Amma… Amma bir şey dəyişmədi. Sənə olan SEVGIMIZ. Sənin yoxluğuna alışa bilmədik ki, sevgimiz də dəyişsin. Həyatının sevincini itirmək nə qədər acıymış ay ata! Bu acını yaşadım sənin yoxluğunla. Həyatda ən qorxduğum şey, səni itirmək idi. İlk səni itirdim. Yoxluğuna görə o qədər təsəllilər, oxşar hekayələr eşidirəm ki, saysız-hesabsız. Amma heç bir təsəlli, heç bir söz ovundurmadı məni. Sənin yoxluğunu heç cür qəbul edə bilmədim. Səndən sonra doğmalarımı, dostlarımı, sevdiyimi itirdim ata. Bu qədər ağrıya, bu qədər acıya ürək dözər? Yox ata dözməz… Mənim də ürəyim dözmədi ata… Ürək tutmasından xəstəxanada yatası oldum. 7 (yeddi) saat açıq ürək əməliyyatından sonra həkimlərin səyi nəticəsində həyatda qaldım. Amma yarıcan… Ömürlük dava-dərmanla yaşamağa məhkum edildim… Yenə də ağrılarımla, acılarımla baş-başayam…

Sən yoxsan… Gerçəklikdən başqa bu fani dünyada hər bir şey demək ki, yalandır. Artıq səninlə addımlamağa başladığım bu həyat yolunu sənsiz addımlamaq məcburiyyətindəyəm. Yoxsan, artıq düşüncələrimi, hərəkətlərimi, etdiyim səhvlərimi sənə deyil kənarından dayanıb ancaq baxa biləcəyim məzarına danışıram…

Allah sənə rəhmət eləsin ata!
Səni, dərin hüznlə, böyük sevgi ilə anırıq!
Ruhun şad olsun!

Və sonda bütün dostlara səslənirəm. Valideynlərinizi qoruyun! Onlar əvəzolunmaz varlıqdırlar. Daha sonra çox gec olur…

Hörmətlə: Vüsal Ağa
Neftçala rayonu, Qaralı kəndi.
12-08-2023 – cü il.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir