AKİF ABBASOV – YOXLAMA

YOXLAMA

(hekayə)

         Səid özünə yer tapa bilmirdi. Anası açıq-aydın  tərslik edirdi. Səid srağagün küçədən 5 manat pul tapmışdı. Yerdə pulu görəndə və onu götürəndə ətrafına çox boylanmışdı. Bir ins-cins görməmişdi ki, pul tapdığını desin və pulu yiyəsinə qaytarsın. Əlacsız qalıb pulu evə gətirmiş, anasına verərək: “Küçədən tapmışam”, – demişdi.

         Pərvanə xala bunu  gizlətməyib ona dediyindən xoş hal olsa da,  həm də yaman  pis olmuş, halı dəyişmiş, oğlunu çoxsaylı suallara tutmuşdu: 

         -Düzünü de, oğlum, qorxma, səni cəzalandırmaram. Bəlkə ətrafında kim isə varmış, amma pul tapdığını onlardan gizlətmisən?

         Səid anasını inandırmağa çalışdı:

         -Yox, ay ana, bu nə sözüdür! Olanı dedim. Uşaq-zadam?!

         Səid and-aman eləsə də, Pərvanə xala əl çəkmirdi. Səidi atasız böyütmüşdü. Ərini erkən itirmişdi. Uşaq onun yadigarı idi. Bu həyatda Pərvanə xalanın varı-yoxu bir Səid idi. Övlad sarıdan yəni. İstəyirdi onu vicdanlı, namuslu, ədalətli, xeyirxah, doğrucul bir insan kimi böyütsün. Baxıb ona fəxr eləsin.

         -Səid, az-azacıq pul deyil, iki balon qatıq,  2-3 litr süd, 10 dənə çörək, 1 kilo pendir edir. Gərək götürməyəydin.

         Səid də özünü pis hiss edirdi. Anası ona niyə inanmır?

         -Ay oğul, bəlkə…

         Səid qıpqırmızı qızardı:

         -Ay ana, deyirsən bəlkə 5 manatı oğurlamışam?

         -Elə demirəm, oğlum, ağlıma min şey gəlir. Nə bilim…

         Pərvanə xala daha bir söz deməyib üzünü çevirdi, yarımçıq qalmış işləri ilə məşğul olmağa başladı. Amma Səid gördü ki, onun eyni hələ də açılmayıb. 

         Həmin axşam sorğu-sualsız keçdi. Pərvanə  xala 5 manatı stolun üstündəki örtüyün altına qoymuşdu. Yadına düşəndə dilxor olurdu. Oğluna inanırdı. Yalançı deyildi,  Düzlük, doğruçuluq tərəfdarı idi. Pis işlərlə arası olmazdı. Davranışı nümunəvi idi.

         Həmin hadisədən 2 gün keçmişdi. Pərvanə xala hələ də fikirli idi.  O, Səidə pul verib kənd dükanına göndərdi. Bir kilo uzun düyü, bir də 1 kilo qənd almağı tapşırdı. 

         Səid yola düzəldi. Dükanda satıcı Səlim  kişidən başqa adam yox idi. O, Səidin dükana yaxınlaşdığını görüb ayağa qalxdı. Səid içəri girəndə döşəmədə 10 manatlıq gördü. Əyilib götürdü.

Səlim kişi Səidə müraciətlə soruşdu:

-Oğlum, nə alacaqsan?

Səid Səlim kişiyə salam verib onluğu ona uzatdı:

-Səlim dayı, 10 manatlığı yerdən tapdım.

Səlim kişi razılıqla başını tərpədib pulu aldı:

-Yəqin müştərilərdən birinindir. İtirib. Gec-tez dalınca gələcək.

Səlim kişi Səidi yola saldı. Səid uzun düyü ilə  qəndi anasına verib uşaqlarla oynamağa getdi. Axşamüstü evə gələndə anasını üzügülər gördü. Qadın sevincdən az qalırdı qanadlanıb uçsun:

-Oğlum, Allah səndən razı olsun!  Ürəyim yerinə gəldi.

Səid təəccüb içərisində idi.

-Ana, nə olub? Nə baş verib? İki gün idi halı pərişan gəzib-dolanırdın? Birdən-birə nə dəyişdi?  

Pərvanə xala:

-Tamam əmin oldum ki, sən o 5 manatı həqiqətən küçədən tapmısan?

Səidi gülmək tutdu:

-Yəni əmin oldun ki, oğurlamamışam?!

-Yox, elə demədim. Nə isə, pisimə gəlirdi. Hər şey aydınlaşdı…

Səid diqqət kəsildi:

-Necə?

Sən demə Pərvanə xala dərdini dayısı oğlu Səlim kişiyə deyibmiş O da Səidi yoxlayıb? Necə? Uzaqdan Səidin gəldiyini görüb döşəməyə 10 manat pul atıbmış. Səid də pulu götürüb Səlim kişiyə verib. Səlim kişi Pərvanə xalaya:

-Sənin oğlun saf uşaqdır. Ondan nəbadə şübhələnəsən. O, özünü vicdanının tələb etdiyi kimi aparır. Pula həris olsaydı, 10 manatı qaytarmazdı…

26 avqust 2023-cü il

Müəllif:   Akif ABBASOV 

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

MAHİRƏ NAĞIQIZNIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru