
Çağrışı, diləyi eşidilən insan
İnsan var səsindən tanınır, insan da var baxışından. Əkbər müəllim baxışından tanınanlardandır. Onun sevinci, həsrəti, kədəri sözündən qabaq gözündən bilinir.
30 il gözündə həsrət gəzdirən insanın sevinci nə gözəl olurmuş. Artıq Əkbər müəllimin gözü özündən qabaq gülür.
Bu səmimi, sadə insanın içi sözlə, Vətən sevgisiylə, ümidlə dopdoludur.
Bu illər ərzində Əkbər müəllim çox insanları ümidiylə yaşadıb bu günə daşıya bildi.
Fikri, sözü “VƏTƏN” olan insanın gələcəyi hər zaman inamlı oldu. “O yerlərə mütləq qayıdacağıq!” “Mütləq!” – deyərək. Hamı da bu mübariz, dönməz insana inandı.
Əkbər müəllimi harda görsən, istər tədbir olsun, istər adi söhbət, orda mütləq mövzu vətən, Qarabağ olmalıdır! Bu möhkəm, dözümlü insanda torpağa, yurda çox böyük bağlılıq var, sevgi var.
Əkbər müəllim torpaqlar işğal olduqdan sonra başına papaq qoymadı. “Papağımızı Qarabağda qoyub gəldik”, – dedi. Get-gedə çallaşan saçlar qışın soyuğunda, sazağında saçında Vətən həsrəti gəzdirən insana papaq oldu.
Əkbər müəllimin özü, həsrəti haqqında düşündükcə, yadıma o vaxtlar yazdığım bir şeirim düşür. Yurdundan didərgin düşənlərin və bu məqamda Əkbər müəllimin dilindən deyildiyi kimi:
Yolçu, ordan quş göndər,
dimdiyində torpağım
Baxışımı göndərim
yoluna həmdəm kimi.
İçimdə qıvrılıram
ruhsuz bir sərsəm kimi.
Kol-kos basmış yollarda
quruyub iz yarpağım.
Yolçu, ordan quş göndər,
dimdiyində torpağım.
Yel üzümə tutulan
tor qapını açdımı?
Uşaqlığım dururmu?
Baş götürüb qaçdımı?
Daşıdılar qalmadı
torpağımı, daşımı.
Qoymağa yer qalıbmı,
ayağımı, başımı?
“Vətən çağırır bizi!” – deyən Vətən sevdalı Əkbər müəllim əsgərlərinə aşıladığı Vətən, Torpaq, İnsan sevgisini indi də gənclərə, yeniyetmələrə aşılayır.
Əsgərlərinin sevimli komandiri döyüş günlərini – gündəliyini, içinin yanğısını, həsrəti yazıya köçürüb kitablarda cəmləşdirir.
Qapısını Vətən döyən Hacı Əkbər Rüstəmovun başqa kitablarında olduğu kimi “Qayıt gəl!” kitabında da yaxın tariximizi yaşadaraq gənclərdə döyüş ruhu oyadır. Hamımızı doğma yurda, yolumuzu gözləyən Qarabağa qayıtmağa tələsdirir.
Əkbər müəllimin müqəddəs arzusu reallaşdı, doğma Qarabağımız işğaldan azad olundu. Bunu görmək hamımız kimi onun da ən böyük arzusu idi.
Bütün arzularınıza qovuşasınız, əziz Əkbər müəllim! Sizin arzunuz xalqın, millətin, dövlətin müstəqil, gözəl, firəvan yaşaması və Bütöv Azərbaycan arzusudur!
Qarabağda, Ağdamda yaşamaq diləyiylə…
Müəllif: Rəfail TAĞIZADƏ.
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru