
Yaşada bilmədik, ay Ana səni!
2019-cü il aprelin 6-da qəfil dünyadan köçən əziz anam Süleymanova Məxluqə Qədir qızının əziz xatirəsinə ithaf edirəm
Gözləmirdik bu ağrını, acını,
Yaşada bilmədik, ay ana, səni!
Tanrı bizdən aldı o baş tacını,
Yaşada bilmədik, ay Ana, səni!
Mən sənin eşqinlə yazdım, yaratdım,
Şeirlərimlə ruhları oyatdım,
Sənin varlığınla müdəm boy atdım,
Yaşada bilmədik, ay Ana, səni!
Sevdiyim bahar da qəhərdi mənə,
Saçımın ağlığı bəhərdi mənə,
Bu dünya anasız zəhərdi mənə,
Yaşada bilmədik, ay ana, səni!
Ömrüm mənasızdır quru can kimi,
Qaralmışam laxtalanmış qan kimi,
Qıvrılıram xəstə bir insan kimi,
Yaşada bilmədik, ay Ana, səni!
Daha üzüm gülməz, getdi xoş anlar,
Məni başa düşər aqil insanlar,
Səsimə səs verin, tənha qalanlar,
Yaşada bilmədik, ay Ana, səni!
Mələklər sordular bəs anan hanı?
Onda ağlar gördüm bütün cahanı.
Kor olaydım, görməyəydim son anı,
Yaşada bilmədik, ay Ana, səni!
Köç etdin dünyadan ağrı-acınla ,
Qovuşdun behiştdə ana , bacınla,
Bağışla, ay ana, bizi bağışla,
Yaşada bilmədik, ay Ana, səni!
Nə deyirdin gözlərinlə mənə sən?
Anlaya bilmədim onu biləsən.
Yadda saxla mən gələndə deyərsən,
Yaşada bilmədik, ay Ana, səni!
Tanrı dərgahına köçün çatdımı,
Cümüoğlu dərd-qəmini atdımı?
Tarıyel oğlun qucağında yatdımı?
Yaşada bilmədik, ay Ana, səni!
Nəvən Elnur sorağını aldımı?
Qonaq olub heç yanında qaldımı?
Çox sevdiyin ruhanini çaldımı?
Yaşada bilmədik, ay Ana, səni!
Səksən doqquz yaşın olsa da tamam,
Anaya möhtacdı hər yaşda insan.
Qara torpaq oldu öz doğma anan,
Yaşada bilmədik, ay Ana, səni!
Sağlığında yazdım ana şeirini,
Aşıq Qərib sazla dedi birini,
Dağlar qızı, tutdunmu öz yerini?
Yaşada bilmədik, ay Ana, səni!
Nə yazsam da yazı məni ovutmaz,
Ana səsi bir də məni oyatmaz,
Köçən ana daha geri qayıtmaz,
Yaşada bilmədik, ay Ana, səni!
Qaranlıq gecələr gözlərimdə yaş,
Məni dincmi qoyar qəlbimdə təlaş,
Səni həkimlərə verməyəydik kaş,
Yaşada bilmədik, ay Ana, səni!
Qəhrəman anatək məğrur yaşadın,
Yaddaşlarda qaldı müqəddəs adın.
Bu fani dünyadan ancaq doymadın,
Yaşada bilmədik, ay Ana, səni!
Başın uca oldu zəngin varınla,
Namusunla, qeyrətinlə, arınla,
Qovuşa bildinmi sən öz yarınla?
Yaşada bilmək, ay Ana, səni!
Qaraldı yurd yeri, ağladı aran,
Bizlərdən heç zaman qalma nigaran.
Müqəddəs ruhuna borcluyuq hər an,
Yaşada bilmək, ay Ana, səni!
Sözün qanun oldu hər bir yaşında,
Övladların səcdə etdi qarşında,
Son sözü yazmışam məzar daşında,
Yaşada bilmədik, ay Ana, səni!
Mənim son bayatım, bu son ahımdı,
Göydə yaşar ruhun tək pənahımdı,
Müzəffərəm, bəlkə öz günahımdı,
Yaşada bilmədik, ay Ana, səni!
Yaşada bilmədik, ay Ana, səni!
aprel 2019-cu il
**** **** ****
Yurd yerində mən Anamı görmədim!
Kör olsun gözlərim, aman Allahım!
Yurd yerində mən anamı görmədim!
Oydu ümid yerim, oydu pənahım,
Yurd yerində mən Anamı görmədim!
Çöhrələr solğundu, xəyallar dalğın,
Bağçalar bəhrəsiz, gülləri solğun.
Sanki yoxsan Ana, neynəsin oğlun?!
Yurd yerində mən Anamı görmədim!
Elə bil ” Zimlə” də alçalıb biraz,
Yas tutub atamdan qalan telli saz,
Bizə dərd gətirdi bu bahar, bu yaz,
Yurd yerində mən Anamı görmədim!
Sanki tufan qopdu qarlı başımdan,
Gen düşdüm anamdan erkən yaşımdan,
İndi də boylanır məzar daşından,
Yurd yerində mən Anamı görmədim!
Yurdun qalmayıb heç bir marağı,
Sönübdür ocağı, yanmır çırağı.
Atamın yanından gəlir sorağı,
Yurd yerində mən Anamı görmədim!
Yurd kimə lazımdır, yoxsa yurddaşı?!
Yurddan köçüb yurd yiyəsi, sirdaşı.
Məzarı isladır gözümün yaşı,
Yurd yerində mən Anamı görmədim!
Ulu Tanrı analara qıymasın,
Dünyamızı kaş anasız qoymasın.
Müzəffər ömürlük tutacaq yasın,
Yurd yerində mən Anamı görmədim!
may 2019-cu il
**** ***** *****
Dünyanın özü də heçdir anasız!
İstəyirsən şah ol, dövlətin olsun,
Dünyanın özü də heçdir Anasız!
Ana əvəzini verməz dünya da,
Dünyanın özü də heçdir Anasız!
İnsan kövrək olur məsum uşaqtək,
Ananın dərdini oğulsansa çək!
Bu ağır bir dərddi, Hər kəs çəkəcək,
Dünyanın özü də heçdir Anasız!
Neçə fağır olur anasız insan,
Onu görməyəndə qəlblər olur qan.
Gülüşlər çox saxra, sevinclər yalan,
Dünyanın özü də heçdir Anasız!
Anasız övlada nə pay, nə sovqat,
Nə xoş gün görəcək, nə xoş bir ovqat.
Müzəffər, ağırdır anasız həyat,
Dünyanın özü də heçdir Anasız!
2019- cu il
**** ***** *****
Qurban olum!
Oruc tutub, namaz qılan
Günlərinə qurban olum!
Həyatının yerdə qalan
İllərinə qurban olum!
Tanrı özü sənə yardı,
Uca başın dümağ qardı,
Hər telində məna vardı,
Tellərinə qurban olum!
Həm anasan, həm də ərən,
Hər bir dərdə sinə gərən,
Müdam xeyir-dua verən,
Dillərinə qurban olum!
Analardı zəfər çalan,
Bir tarixtək yadda qalan,
Hər kəlməsi bir iz salan,
Sözlərinə qurban olum!
Həyat eşqi aşıb-daşan,
Xoş xəyaltək dağlar aşan,
Həyatınla qoşalaşan
Dərd-qəminə qurban olum!
Analardı ərşə çatan,
Qəm-kədərə sevinc qatan,
Dayaq üçün çəlik tutan
Əllərinə qurban olum!
Oxunan müqəddəs “Quran”‘
Odur sənə arxa duran,
Hər bahardan müjdə soran,
Gözlərinə qurban olum!
Varlığında bir şah dağam,
Qoruyacam, hələ sağam!
Qarşında körpə uşağam,
Hər əmrinə qurban olum!
Ömür payın Tanrı payı,
Xoş illərin çoxdu sayı,
Ucaltdın sən Miralayı,
Təpərinə qurban olum!
2015-ci il
*
Mənim
Həyatımın yaraşığı sən oldun,
Sənsiz öz həyatım puç olar mənim!
Gözlərimin nur-işığı sən oldun,
Sənsiz qalan ömrüm heç olar mənim!
Sənsiz nə mənası ulduzun, ayın,
Dağlardan süzülüb axan gur çayın.
Ətri duyularmı baharın, yayın,
Sənsiz xoş baharım tez solar mənim!
Hər nurlu açılan səhərim sənsən,
Mənə ümid verən zəfərim sənsən.
Bütün var-dövlətim, bəhərim sənsən.
Sənsiz dağlarımı çən alar mənim.
Aqil insan varlığıyla öyünər,
Ananı görəndə ruhlar söyünər.
Müzəffərin qəlbi sənlə döyünər,
Sənsiz ağ günlərim qaralar mənim!
2014-cü il
**** ***** *****
Gözlə qayıdacam, gözlə, ay Ana!
Gəldim ziyarətə ucaldı başım,
Gözlə qayıdacam, gözlə, ay Ana!
Səninlə gül açır torpağım, daşım,
Gözlə qayıdacam, gözlə, ay Ana!
Uca dağlar kimi başın qarlıdır,
Sənin varlığınla bu yurd barlıdır,
Cümoğlunun yurdu etibarlıdır,
Gözlə qayıdacam, gözlə, ay Ana!
Halal övladların çıraqdır sənə,
Tanrıya inamın dayaqdır sənə.
Öz baş ucalığın mayakdır sənə,
Gözlə qayıdacam, gözlə, ay Ana!
İstəmirəm yurddan ayıram səni,
Bu yurdun taxt-tacı sayıram səni.
Allaha əmanət qoyuram səni,
Gözlə qayıdacam, gözlə, ay Ana!
O uca dağlara baxıb fəxr eylə,
Tanrı yüz yaşatsın, bax, indən belə.
Müzəffər bağlldır bu doğma elə,
Gözlə qayıdacam, gözlə , ay Ana!
2014- cü il
Müzeffer Süleymanov Miralay