Uşaq ürəkli böyük adam var. Üzü nurlu, gözləri həyat eşqi ilə dolu, qəlbi insanları sevib yaxşılıq etmək hissi ilə zəngin böyük adam! İllər keçsə də, zamanın insanlardan, hadisələrdən götürüb gətirdiyi yaxşılıqlarla yanaşı yaxşılıqların əksi olan pislikləri insanlara, onların ürəklərinə bulaşdırdığı anlarda uşaq ürəkli böyük adam insanın uşaq yaşlarında olduğu kimi sevgi və səadət içində qalmağı bacaran, qəlbi Günəş kimi parlayan, əməlləri insanlığa yaxşılıq etmək əlamətləri ilə müşayiət olunan kəsdir. Uşaq ürəkli böyük adam öz həyatı ilə çoxlarına nümunə ola biləcək addımlar ataraq “yaxşıya yaxşı”, “doğruya doğru”, “pisə pis”, “yalana yalan” deyir fərdi və kollektiv münasibətlərdə. Nə bir cümlə o yana, nə də bir cümlə bu yana danışar fikrində və fikirlərin mübadiləsi zamanı. Qəlbi müsbət hisslərlə zəngin olan uşaq ürəkli özündən ətrafa daim müsbət enerji saçar və kiməsə mənfi əhval-ruhiyyə ötürməz bu dünyada. Həyatda insan üçün mühüm dəyərlərdən biri olan canın sağlam olması da uşaq ürəklini bu mövzuda həssas etmiş, daim müsbət hadisələrə, hər zaman xoşluqlara köklənən uşaq ürəkli özündən mənfi enerji axınını dayandırar soruşulan “Necəsən?” sualına cavab verərkən mirvari dişlərini təbəssüm etdirərək gözlərindən sevgi dolu enerji ötürərək “Yaxşıyam!”, “Hər şey qaydasındadır”-deyər dərin sevgi və minnətdarlıq hissi ilə. Uşaq ürəkli böyük adam illərin insanı dəyişmədiyinin bariz nümunəsi olduğunu bildirməklə bərabər, həmçinin, insanın öz həyatında təcrübə etməklə davranışların xarakterə gətirib çıxararaq həyatın mənalanması fikrini daha aydın təqdim edir, insan üçün maraqlı qalan nöqtələri aşılayır. Odur ki, həyatınızda olan hər bir insana, baş verən istənilən hadisəyə diqqətlə yanaşaraq uşaq ürəkli böyük adamın timsalında, eləcə də, digər əhvalatlar misalında nümunələri görüb onları həyatın bu və digər sahələrində canlandıraraq uşaq ürəkli böyük adam tək Günəş kimi parlamaq mümkündür. 15.04.24
2016-cı idə bir ay Amerikada (Los-Anceles) oldum. Mənə görə, bizim qadınlarımız da, kişilərimiz də yaraşıqda, gözəllikdə amerikalılardan üstündülər. Onlar dolu bədənli, həddən artıq kökdülər. Səfərimin axırına yaxın böyük bir marketdən çıxanda, dostumdan əvvəl gəlib maşına əyləşdim. Birdən gözüm marketin qarşısında dayanmış cavan, sarışın qadına sataşdı. Çox gözəldi. Dostum maşının qapısını açıb oturarkən dedim: “Nəhayət, Amerikada gözəl bir qadın gördüm”. Soruşdu: “Hanı?” Əlimi uzadıb göstərdim. Dostum tez aşağı düşdü. Gedib həmin qadına nəsə dedi. O da üzünü mənə tərəf çevirib, təbəssümlə baş əydi. Dostumdan soruşdum: “Qadına nə dedin?” Dedi, ona dedim ki, azərbaycanlı qonağım bir aydı Amerikadadı, bir nəfər də gözəl qadın görmədiyini söyləyir. Nəhayət, sizi görüb çox gözəl olduğunuzu etiraf etdi. Qadın da gözəlliyini qiymətləndirdiyinə görə, sənə öz təşəkkürünü bildirdi…
Bezmişəm hay-küydən, qarışıqlıqdan, Ruhumu oxşamır nə axşam, nə dan. Əzaba, möhnətə necə dözsün can? Umudan, küsüdən bıxıb gedəcəm, Bir gün bu şəhərdən çıxıb gedəcəm.
Yaşıl zəmiləri qalmasın dənsiz, Zirvələr olmasın dumansız, çənsiz, O meşələr mənsiz, talalar mənsiz, Həsrətlə güləşib, yıxıb gedəcəm, Bir gün bu şəhərdən çıxıb gedəcəm.
Dərdim dil-dil ötən simli tavarsa, Qəlbimdə çəkdiyim qəmim avarsa, Burda ürəyimə dəyən nə varsa, Üzünə ötəri baxıb gedəcəm, Bir gün bu şəhərdən çıxıb gedəcəm.
Ümiddən qanadlı yelə dönəcəm, Sevgidən sədalı telə dönəcəm, Ümman məhəbbətli selə dönəcəm, Sevən könüllərə axıb gedəcəm, Bir gün bu şəhərdən çıxıb gedəcəm.
Qəzənfər, o yerlər gözdə-qulaqda, Yamanca darıxıb Soyuq bulaq da. Əlimin sığalı qalıb yarpaqda, Arzumu sinəmə sıxıb gedəcəm, Bir gün bu şəhərdən çıxıb gedəcəm.