Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin bu il anadan olmasının 530 ili tamam olur.

Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərmiş dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin bu il anadan olmasının 530 ili tamam olur. Ruhu şad olsun.

Mövlanə Füzulinin sevdiyim qəzəllərindən biri
(Feysbuk xatırladır)

Bağə girdim, səri-kuyin anıb əfğan etdim,
Gül görüb, yadın ilə çaki-giriban etdim.

Baxuban nərgisə, əyyar gözün qıldım yad,
Nərgisi naləvü əfğanıma heyran etdim.

Qönçəvü lalə demə, dağ qarasın qoparıb,
Alü alayə sarıb səbzədə pünhan etdim.

Güli-tər üzrə düşən şəbnəmə düşdü nəzərim,
Gözümü şövqi-cəmalında dürəfşan etdim.

Bərgi-gül sanma ki, xunabə tökən dəmdə gözüm,
Neçə yaprağə ciyər qanı silib, qan etdim.

Görücək sünbülü, andım şikəni-kakilini,
Sünbülü giryəvü ahilə pərişan etdim.

Ey Füzuli, rəvişi-əql məlul etdi məni,
Səhv qıldım ki, cünun dərdinə dərman etdim.

SADƏLƏŞDİRMƏYƏ ÇALIŞMIŞAM. XƏTALARIMI MÖVLANƏ FÜZULİ VƏ SÖZ XİRİDARLARI BAĞIŞLASIN.

  1. Bağa girdim, getdiyim o küçənin başı yadıma düşdü, fəryad etməyə başladım. Gülün açıldığını, yəni köynəyini yırtdığını görüb yaxamı cırdım.

Aşiq küçənin başını gülün qönçə, buta halı ilə, ah-nalə etməsini, yaxasını cırmasını isə gülün köynəyini yırtması, yəni açması ilə müqayisə edir.

  1. Nərgiz gülünə baxanda sevdiyimin gözləri yadıma düşdü,
    Fəryad qoparan o gözlərə heyran oldum.
  2. Bunu açılmamış gül zənn etmə, üstündəki dağ qarasını qopararaq bir alaq otuna büküb yaşıllıqda xəlvət bir yerdə gizlədim.
  3. Tər gülün üstünə düşən şehə gözüm düşdü,
    Məni özünə çəkən o gözəllikdən gözlərim inci saçdı.
  4. Qanlı yaş tökən gözümü gül yarpağı sanma, çünki neçə yarpağa ürəyimin qanını silib qan elədim.
  5. Sünbülü görəndə üzünə düşən o buruq saçın yadıma düşdü. Sünbülü ağlamağımla kədərləndirdim.
  6. Füzuli, ağlımın belə olması məni şikəst elədi, yaman günə qoydu,
    Səhv elədim ki, ağlını itirmiş birinin dərdinə əlac elədim.

Müəllif: ŞAHLAR GÖYTÜRK

ŞAHLAR GÖYTÜRÜN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir