
Nazlı, sən!
Nazlı-nazlı baxışına heyranam
Heyranam ki, doğulandan nazlısan.
Hər sözünə, dürr sözünə vurğunam,
Bəxtəvərəm, anam oldun, Nazlı, sən!
Doğulandan ruhun oldu beşiyim,
Abrın oldu, həyan oldu keşiyim.
Halallığa ocaq, evim-eşiyim,
Sabahıma inam oldun, Nazlı, sən.
Hara getsək, hardan gəlsək yuva – sən,
Nəsil-nəsil gələnlərə yuvasan.
Güclülərin güc aldığı havasan,
Gücsüzlərə güman oldun, Nazlı, sən!
Ağam olub evimizin yarağı,
Əllərinlə yandı onun çırağı.
Oğlu, qızı, on bir oğul-uşağı,
İsitməkçün yanan oldun, Nazlı, sən.
Hamımızın anasısan duymadım,
Özüm sevdim, başqalara qıymadım.
Mahirəyəm, baxmağınan doymadım,
Nazla baxan sonam oldun, Nazlı, sən!
Müəllif: Mahirə NAĞIQIZI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru