
ULULARDAN, BABADAĞDAN SORAQ ALDIM
Tarixdən: “Xosrov şahənşah elan edilsə də, ətrafına ümid etmədiyindən Mədaini tərk etdi. Əvvəl Azərbaycana getdi, oradan Bizans imperatoru Mavrikinin sarayına… “
Bizans imperatorundan kömək alsın deyə, Xosrov nə edə biləcəyini, hansı güzəştlərə gedə biləcəyini düşünmüşdü… Bizansla müttəfiq olan Hun qoşunlarını özünə tərəfdaş edə biləcəkmi? Bizanzdan alınan türk torpaqlarıni da Bizansa qaytarar,təki taxt-taca sahib olsun… Daha nələr olacağını bilərmi?..
Bizans sarayında sığınacaq tapmış Xosrov, imperator Mavriki ilə danışıqlar apararaq, ona hərbi yardım göstərəcəyi təqdirdə, gürcü və ərmən vilayətlərini Bizansa güzəştə gedəcəyinə söz verdi…
Mavrik də düşündü ki, baxmayaraq ki, bu vilayətlərin əhalisi əsasən ər saklar, qıpçaqlar, oğuzlar-türklərdi, eyni dildə danışan əhalidi, ancaq onlarla hardasa dil tapmağı bacarar… Əqidəsi zəifləri,var-varidat hərislərini,vəzifə düşkünlərini öz tərəfinə çəkməklə, idarəetməsini yarada bilər… Qafqaz türkləri xristianlığı ilk qəbul edən ellər olsa da, Bizans elə bu dindən istifadə etməklə bu əraziləri özünə tabe etməyə çalışacaq…Artıq uzun illərdi ki, Bizans dövləti bu yolla- hətta xristianlığı parçalamaq yolu ilə, bəli, dini
paçalamaqla belə özəl məqsədinə çatmağa çalışır…Bizansda hazırlanmış xüsusi dini nümayəndələrin iştirakı ilə bu iş heç də pis getmir: Bu ərazilərin kilsələri Bizansın təsirində olacaq. Bu da bir imkandı…Bu imkanı əldən vermək olmaz… Bunları edə bilsə, idarəetmə asanlaşacaq…Hər necə olsa, illik vergiləri toplayacaq… Addım-addım da irəli gedə bilər. Bu ərazilərdə yaşayan qədim-qaim türk ellərindən Bizansı qoruyan yeni qoşun hissələri də yaranacaq… Bu qoşunlarla ən güclü düşmənlərlə də vuruşa bilərlər. Elə türklərin özü ilə də vuruşmaq olar!..
Bu ərazilərdə hələ Şumer dövründən güclü dövlətlər yaratmış, buradan Batiya, Doğuya yayılmış türklərin burada müstəqil dövlətlər yarada biləcəyini nə bizanslılar, nə də sasanilər nədənsə ağıllarına gətirmirlər, bəlkə də o fikri heç özlərinə yaxına buraxmaq istəmirlər… Tarixdən məlumatları yox kimi görünməyə çalışırlar…
Xosrov ümidli baxışlarla hökmdar Mavrikə baxaraq:
-Mənə hər hans bir tapşırığın olsa, oğul kimi yanındayam.
-Bilirəm, oğul kimi yanımdasan, danışdıq axı… Darıxma, qızım Məryəmlə toyunuz olsun, beləliklə, sən mənim ən yaxın ailə üzvüm olursan, mənim də borcum sənə yardım etməkdi. Toydan sonra Bizans qoşunu da hazır olacaq. Dediyin, kömək almaq istədiyin cəngavər hunlar da bizim qoşunun tərkibindədi, bizimlə müttəfiqdi… Hakimiyyət sənin olmalıdı, narahat olma…
…Bəhram Çubin bir ciddi müqavımətlə rastlaşmadan Mədainə daxil oldu. O, vəzirlə, saray əyanlarıyla ilk görüşdə:
-Mən intiqam almaq üçün gəlməmişəm, ancaq haqsızlığa etraz etməyə gəlmişəm. Mənə olan münasibətə aydınlıq gətirilməsini istəyirəm. Yaxşı, siz mənə olan haqsızlığa niyə etraz etmədiniz, siz Hörmüzün yanında deyildiniz? Mənə özümü tərifləmək yaraşmaz. Mənim İran üçün nələr etdiklərimi nədən unutdunuz?.. İpək yolun İrana biz qazandırmadıqmı? Bugün bu İranın istifadəsində zaman-zaman bizim türk ellərinin gücü ilə açılan yollar var!..İndi siz nə fikirləşirsiniz?.. Biz yollar açdıq,o yolların çoxu da böyük türk ellərindən keçən yollardı.Bunu fikirləşin… Söhbət tək mənə olan haqsızlıqdan getmir, döyüşən igid oğulları düşünün… Belə görürəm, siz yaxşılığa qiymət verməyi bacarmırsınız… Yaxşılığa pislik edənlərin də bir adı var… Xosrov Pərviz hanı? Kor edilmiş atanı atıb gedib, onu kor edənlərin onu qətlə yetirəcəklərini də düşünməyib?.. Hətta belə fikir yaranır ki, Xosrov Pərviz hakimiyyətə gəlmək üşün atasını kor edib…
Vəzir ayağa qalxaraq:
-Hörmətli Şahənşah, bu səhv fikirdi…Bu hadisələrdə Xosrov Pərvizin iştirakı olmayıb…
-Burada kim nə edib, ola bilər, siz məndən yaxşı bilərsiniz… Aydındı… Yaxşı, bizim Bizansa uduzmağımızın səbəbini düşündünüzmü? Bizans hunlarla-türklərlə dost oldu, müttəfiq oldu, biz də döyüşdə, əsasən hunların qarşısında dayana bilmədik…Uduzmağımızın səbəb budu!.. Hunlar deyəndə hunların ünlü sərkərdəsi Atillani da yadınıza salın. Avropa imperatoru Atillanı!.. Bunu da düşünün…
Yaxşı,nəyə görə mərhum Hörmüzün da olduğu nəsil türkzad adlanır? Bilərsiniz, babaları Ənüşürəvan Adil Xəzər xaqanının qizi ilə evlənmişdi. O da bunu bu əraziləri qorumaq, dövləti gücləndirmək üçün etmişdi. Bəs indi sizin türklərə münasibətiniz necədir?..
Siz türklərə dost münasibətinizdən necə danışa bilərsiniz, mənə deyin. Türklərə aid əraziləri ələ keçirmək, yer adlarını dəyişmək- buna dostluq deyəcəkniz?..
Bir eli öz yurdundan başqa yerə köçürməkdə sizin məqsədiniz nədir? Azərbaycanlılar-türklər yaşayan əraziyə farsları, kürdləri köçürüməklə qarşıdurma yaratmaqdı niyyətiniz?
Millətləri bir-biri ilə vuruşdururb, tamaşaya baxmaq, budu istəyiniz?.. Millətin əsəbləri ilə oynamayın! Xəbərdar edirəm, belə yaramaz əməllərə bir mənalı son qoyulsun!
Bu dediklərimi unutmayın!.. Ancaq indiki halda mən təqsirkar axtarıb,cəzalandırmaq fikrində də deyiləm… Sağlam münasibət, anlaşma olmalıdı idarəetmədə… Ədalətli idarə etmə güclü ölkə deməkdir.Qanunları pozanların uyğun cəzası verilməlidi… Kəndliyə şərait yaradılsın, kömək edilsin, torpağı becərə bilsin… Döyüşdə həlak olanların ailəsinə yüksək səviyyədə qayğı olmalıdı…
Qəbula gələn insanları diqqətlə dinləməli, problemlərini həll etməliyik.. Hansı eldən olmasından asılı olmayaraq bacarıqlı adamlar dövlətin idarə edilməsində iştirak etməlidi… Dövlət maraqları şəxsi maraqların ayaqları altında qalmalı deyil!.. Mən türkəm, İranı müdafiə edirəm, mənə qarşı, ümumən türklərə qarşı niyə haqsızlıq edirsiniz?! İranı qorumaq istəyirsinizsə, belə haqsız əməllərə son verin!.. Mən bu fikirlərlə şahənşahlıq taxtına əyləşdim…
…İlk olaraq Naxçıvanda Bəhram şahın adına sikkələr zərb edilib,dövrüyəyə buraxıldı…
Azərbaycandan, vilayətlərdən nümayəndələr Mədainə dəvət edildi. Yeni əmrlər yazıldı, tapşırıqlar verildi…
…Bəhram şah düşünür, kimlərlə, hansı dövlətlərlə dostluq münasibəti yaratmalıdı? Uzun illər Göy türklərlə vuruşub… hansı üzlə onlara yaxın getsin?… Qarşısında həlli çətin suallar var… Azərbaycan- doğma eli-ər sak elləri, Şumerlərdə tarix yazan kuti elindən-Albaniyadan Varaz Qor ona necə kömək edə bilər.Bayandur xan, Qazan xan, oğuz eli bu çətin məqamda ona necə əl uzada bilər?..
Düşdüyü vəziyyəti hər tərəfli düşünəndən sonra Bəhram Çubin ilk əvvəl Bayandur xana məktub yazdı.
“Oğuz elinə, Bayandur xana,salam. Siz oğuz eli olaraq zaman-zaman bizlə-ər saklarla bir hərəkət etmisiniz. Azərbaycan ocağının közü ilə zirvələrdə birlik, döyüş tonqalı qalayan şanlı elsiniz. Bu gün bizi birliyə,birləşməyə çağıran tonqallara daha çox ehtiyacımız var.
Mənə qarşı Sasani şahənşahı Hörmüz haqsızlıq etdi. Bu haqsızlıqla barışa bilmədim. Mədainə gəldim, indi şahənşah taxtındayam… Hörmüzün oğlu Xosrov kömək almaq niyyəti ilə Bizans hökmdarı Mavrikin sarayına sığınıb. Bildiyimə görə bir ortaq fikrə gəliblər, Bizans qoşunu şahənşahlıq taxtını Xosrova geri almaq üçün döyüşə hazırlaşır. Çox təəssüf ki o qoşunun tərkibində türklər də-Hun cəngavərləri də var… Mən də bir türk oğluyam, sasani deyiləm! Etraf edim ki, mən də özümüzə qarşı- göy türklərə qarşı vuruşmuşam.Ən böyük səhvimdi bu… Bilmirəm, məni bağışlayan olacaqmı?.. Səhvlərimi düzəltməyə imkan olacaqmı, bilmirəm…
Sizin Göyçə gölü sahillərindəki hərbi düşərgələrinizin olduğunu, Bizansla qarşılaşdığınızı, vuruşduğunuzu bilirik. Ölçüb-biçib, indi daha güclü, birləşmiş qüvvələrlə Bizansın üstünə getsəniz, mənə ən yaxşı kömək, yardım etmiş olarsınız… Bizans qoşununun bir hissəsi sizə görə bölünər, bizim üstümüzə bütün gücü ilə gələ bilməz… Bizansın diqqətini mümkün qədər bizdən ayirmağa çalışın. Hörmətlə: İran şahənşahı Bəhram Çubin.”
Məktub yaxın bir adamla Bayandur xana göndərildi…
Çapar ehtiyatla yola çıxdı. Xudafərindən keçdi, bir neçə elə- obaya döndü, soraq aldı… Bayandur xan Göyçə gölünün kənarındakı oğuz düşərgəsində idi…
Məktubu Bayandur xana təqdim etdilər. Məclis çağrıldı…Məktub oxundu, müzakirə edildi…
Bayandur xan:
-Bəhramın üstünə Bizansla bərabər hun qoşunu da yeriyəcək…Bu, milli faciədi!.. Bunun qarşısı alınmalıdı… Bacarsaq…
Ancaq ola bilər, ər sak eli ilə bərabər, türk elləri Bəhram Çubini müdafıəyə qalxsın.
Dədə Qorqud da məclisə üz tutdu:
-Oğuz eli, igidimizi yalqız qoymayaq… Bəhram təklənməsin!..
Biz ona arxa olmalıyıq, Tanrı yolun uğurlu etsın…
Qazan xan:
-Mən də Bəhram Çubinin təklifin qəbul edirəm. Bu bir imkan ola bilər, işğalçılara qarşı birləşmiş qüvvələrimizi yarada bilərik. Bizans ərazilərimizi işğal etmək üçün tez-tez basqın edir. Çavabını da alır… Güclənmiş, birləşmiş döyüş qüvvələri ilə Bizansa daha layiqli cavablarımız olmalıdı.
…Bəhram Çubin hərbi vəziyyətlə bağlı sərkərdə Mehranın məlumatlarını dinlədi. O,oğuz elindən, Bayandur xandan gələn cavab məktubunu da Mehranla oxuyub, müzakirə etdi.
Bəhram Çubin:
-Mehran, oğuz elinin köməyi bizə uğur gətirər, ancaq başqa türk elləri ilə də birlik yarada bilsələr, bir də əks tərəfin bizə qarşı türklərdən istifadəsinin qarşısı alınsa!..
Ancaq Mədaində vəziyyət Bəhram Çubinin xeyrinə deyildi.
Sasani-fars nəslindən olmayan bir şəxsin hakimiyyətə yiyələnməsi, əyanlarından haqq-ədalət tələb etməs, sarayın oturuşmuş təbəqəsinin ona qarşı hərəkətə gətirmişdi. Zahirən özlərin Bəhrama yaxın göstərsələr də gizlində ordu haqqında, ordunun harada yerləşməsi, Bəhramın nə etdiyi, nə edəcəyi haqda Xosrova məlumatlar göndərirdilər…
…Bizans hökmdarı Mavrikidən hərbi yardım alan Xosrov sərhədləri keçərək, Mədain istiqamətində yürüşə başlamışdır.
Bu zaman Bəhramdan üz çevirmiş, əllərinə sərvət toplamış bəzi İran feodalları ələ aldıqları adamlarla Xosrovun tərəfınə keçməyə başlamışdılar. Azərbaycanın- Atropatenanın Mədain şəhəri civarında, Qanzaka yaxınlığında baş vermiş həlledici döyüşdə, təəssüf ki o vaxt Bizansa müttəfiq olan hunların köməyi ilə Xosrovun ətrafında olan ordu qalib gəlmişdir…
Müəllif: Musa ASLANXANLI
AYB-in üzvü. Prezident təqaüdçüsü.
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru