Ziya Mikayıl oğlu Həsənli yazır

Sosial medianın təsiri altında gənclərin şəxsiyyətinin formalaşması

Sosial media gənclərin birbaşa daxili aləminə, həyatlarına həm müsbət, həm də mənfi təsir göstərir. Gənclər sosial medianı yeni biliklər öyrənmək və yaxud yaxınları ilə əlaqələr qurmaq üçün istifadə edirlər. Müsbət tərəfi olaraq daha böyük kütlə ilə tanışlıq, bəzi mühüm məlumatların daha rahat əlçatan olması və s. göstərmək olar. Müsbət tərəfləri olduğu qədər mənfi tərəfləri də var: özünə inamı, özgüvəni azaltması, insanları asosiallaşdırması və gəncləri telefondan asılı hala salması. Araşdırmanın aparılmasında əsas məqsəd sosial medianın gənclər üzərində mənfi, müsbət təsirləri və mənfi tərəflərini maksimum dərəcədə azaltmaq üçün müxtəlif yolların tapılması və platformaların məqsədyönlü şəkildə istifadəsini təmin etməkdir.
Sosial medianın təsiri altında şəxsiyyət formalaşması bu dövrün ən aktual problemlərindəndir. Telefonlar, kompüterlər və s. elektron vasitələr həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. Orta yaş və ya onlardan yuxarı yaşda olan təbəqə telefonlardan əlaqə üçün, ünsiyyət qurmaq üçün yararlanırlar. Lakin gənclər və azyaşlılar telefonları, sosial platformaları həm müsbət, həm də mənfi şəkildə istifadə edirlər. Texnologiyanın sürətli şəkildə inkişafı indiki dövrdə TikTok, Facebook, Instagram kimi sosial şəbəkələrin yaranmasına gətirib çıxarmışdır. Daha az yaşdan başlayaraq saatlarla sosial mediada vaxt keçirmək indiki dövr uşaqları üçün “əyləncəli” görünsə də, onların gələcəyi üçün bu, fəlakətdir. Həmin platformalardakı bayağı videolar şüuraltı olaraq azyaşlının və ya gəncin xasiyyətinə, xarakterinə və davranışına çox böyük təsir göstərir. Məqalənin yazılmasının əsas səbəbi və adı da bununla bağlıdır: şəxsiyyət formalaşması. Məktəb şagirdi olan bir uşaq günün çox böyük bir hissəsini sosial şəbəkələrdə keçirdərsə, təbii ki, orada gördüyü hərəkətləri təqlid edəcək. Azyaşlıların şüuru və təfəkkürü, ətrafına, izlədiyi müəyyən videolara əsasən formalaşır. Təkcə mənfi deyil, müsbət, maarifləndirici tərəfləri də vardır; saniyələr içində bir məlumatı digər insana ötürmək, faydalı bilgilər əldə etmək, bilmədiyin və yaxud öyrənmək istədiyin məlumatı ən sadə, ən asan üsulla tapmaq. Mən özüm də daxil olmaqla bir neçə yoldaşım coğrafi, fiziki, riyazi və bir çox terminləri, xəritələri sosial şəbəkələrdən öyrənmişik. Bu, əlbəttə, müsbət haldır. Fəqət sosial platformalar əksər hallarda emosionallığı qaldıraraq yaxşı bir şey olduğunu düşündürür. Lakin bir videoda emosionallıq qalxdıqda digər videoda aşağı düşür, bu da insanın daxili aləminə böyük zərərdir. Günün böyük bir hissəsini telefonda keçirdikləri üçün bu hal gənclərin, azyaşlıların asosial bir həyat yaşamasına, əlaqəni, sadəcə, sosial şəbəkə üzərindən qurmasına gətirib çıxarır. Hər nə qədər fərqində olmasaq da, bu, insanlara mənfi təsir göstərir. Ritmi xoş gələn bayağı mahnılar da psixologiyanın, zövqün pozulması deməkdir. Bütün günü həmin mahnını təkrar-təkrar dinləmək, başqa şeyə diqqət verə bilməmək bunun nümunəsidir. Sosial platformalarda vulqar sözlərin, qeyri-etik ifadələrin normallaşdırılması, açıq-saçıq geyimin adi hal kimi görünməsi onu izləyən kütlənin də cəmiyyətə yararsız bir fərd kimi böyüməsi deməkdir. Sosial platformalarda paylaşılan insanların öz həyatları haqqında (geyimləri, bəzək əşyaları və s.) videolar isə FOMO (Fear of Missin Out), yəni ki “Qaçırma qorxusu” adlı psixoloji bir fobiyə çevrilir. Bu fobidə gözündə ideallaşdırdığı birinin həyatını yaşaya bilməmə, başqalarının uğurları ilə və həyat tərzi ilə öz həyatını müqayisə etmə əsas əlamətlərdir.. Bu, insanın öz yaşadığı həyatı gözündə kiçiltməyə, həyatından bezməyə, hətta intihara kimi gətirib çıxara bilər. Sosial şəbəkələrin ən böyük siyasəti isə “aşağı sürüşdürmə” kimi adlanan əksər platformalarda istifadə olunan videoları aşağı sürüşdürərək izləməkdir. Bu, insanlarda asılılıq yaradır, yuxu sistemini pozur, əsəb xəstəlikləri ortaya çıxarır. Təbii ki, belə problemləri olan bir insan nə ailəyə, nə məktəbə, nə də cəmiyyətə xeyirli bir şəxsiyyət olmayacaq. Bütün günü bullinqə baxaraq, söyüş eşidərək keçirən bir fərd onu təqlid edərək insanlara pislik aşılayacaq. Hər şeyin olduğu kimi, bunun da bir həll, çıxış yolu var. Mən məsləhət görərdim ki, 9-cu sinfə çatmamış hər hansı bir şagirdin şəxsi telefonu olmasın. Məlumdur ki, təkcə pis yox, yaxşı işlərə də işlədilə bilər. Amma təfəkkürü tam inkişaf etmədiyi üçün sosial mediada hansı hərəkəti görsə, onu təqlid edəcək və pis bir şəxsiyyət kimi yetişəcək. Yeniyetmə və ya gənclər üçün isə vaxt məhdudiyyətlərini məsləhət görərdim. Müəyyən günləri “Detoks” günləri elan edərək sosial mediadan tamamilə uzaqlaşmaq isə ən yaxşı variantdır. Bu vaxtları xoşladığınız bir hobbi ilə, ailənizlə, dostlarınızla keçirin. Nəticə olaraq bir azərbaycanlı gənci kimi məsləhət görərdim ki, cəmiyyətə yaxşı şəxsiyyətlər, xeyirli fərdlər yetişdirmək üçün bu məsələlər daha da aktuallaşdırılsın.

Ziya Mikayıl oğlu Həsənli
araşdırmaçı – yazar

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir