Pərvanə BAYRAMQIZI yazır


“Kitablardakı günlər”

Uşaqlıq illərimə ad qoymuşam – “Kitablardakı günlər”. Onda elə bilirdim, həyat da, həyatdakılar da kitablardakı kimidir. “Əlifba”, “Oxu” kitablarında çörək şəkli görürdüm, elə gözəl çəkirdilər, kürsüdə bişən çörəyi yemirdim ki, kitabdakından istəyirəm. Alma bağları əsrarəngiz idi. Mənə elə gəlirdi, təsvir olunanlar hardasa uzaq bir yerdədir, nə vaxtsa oraya çatacam. İstəyirdim, kitablardakı çörəkdən yeyim, kitablardakı uşaqlarla oynayım, kitabdakı ağacdan alma dərim. Hətta “mən kitablardakı yazıçılardan olacam” deyirdim. (El arasında tanınan şairlər kimi yazmamağı nəzərdə tuturdum.)
Təsvir olunan nənələri üz-gözü qırış, başı şallı gördüyümdən elə bilirdim, nənə ancaq bu cür olmalıdır. Baxırdım nənələrimə ikisi də boy-buxunlu, qırışsız idi, zövq ala bilmirdim.
İstəyirdim evimiz də nağıllardakı kimi balaca və taxtadan olsun.
Qəribə istək, maraqlı arzu idi.
Kitabın cildini açanda səhifələr mənə möhtəşəm şəhər kimi görünürdü. Sanki bir-bir gəzirdim. Ətrafımda nə qədər adam olsa da, kitabdakı imzaların yerini vermirdi. Tanıdığım adamlardansa onlar mənə doğma görünürdülər, onlarla söhbət etmək istəyirdim. Kimin bir yaxşı şeirini, yaxşı hekayəsini oxuyanda onu tanıdığımı zənn edirdim. Elə bilirdim, o da məni tanıyır. Kitablardakı adamlarla sözümüz tuturdu. Ürəyimi oxuyurdular. O vaxtdan indiyədək kitablardakı adamları axtarıram. Hər mənada.
Ciddi, qaradinməz olmuşam. (Yazılardakı yumor sizi aldatmasın, həyatda zarafatcıl deyiləm) Yaşıdlarım kimi əylənmirdim. Kitab oxuyurdum, yazırdım, oynayanda da müəllimə olub uşaqlara şeir əzbərlədirdim. O qədər ağırtəbiətli idim ki, böyüklər məni özləri yaşda bilirdilər. Bir dəfə qonşunun nəvəsini ovutmaq üçün özümü saz çalırmış kimi göstərəndə camaat məəttəl qalmışdı. Heç kəs mənə (on yaşım vardı) bu cür “şitliyi” yaraşdırmamışdı. Məndən başqa kimin 10-15 yaşı vardısa, istədiyi kimi oynayırdı. Adam özünü necə tanıdırsa, elə də gedir. O vaxtdan indiyədək əyləncə ilə aram olmadı.
“Sən uşaq deyilsən” deyə boynuma məsuliyyət qoyanlardan çoxu həyatda yoxdur, hamının halına yanmağı bacardığıma, kiçiklərin qeydinə qala bildiyimə, güclü məsuliyyət hissimə görə böyükləri hörmətlə anıram.
Məktəb kitabxanasından ayrıla bilmirdim. Kartondan arakəsmə ilə düzəlmiş balaca otaqdan ötrü evimizdə darıxırdım. Kitabların qoxusuna bayılırdım. Ən hündür yerə kitabxanaçı məni çıxarırdı, istədiyim kitabı tapıb götürəndə qələbə qazanmış kimi fərəhlənirdim. Amma kitabxanaçı olmaq arzum yox idi. Ağlıma da gəlmirdi. Həyat ürəyimə başqa şeylər salsa da, qarşıma ona əks olanları çıxardı. Çox şeyə peşman oldum, təkcə kitabxanaçı olmaqdan başqa… Məktəbin karton kitabxanasının xoş təəssüratı məni ömrüm boyunca “müşayiət” etdi, işlədiyim kitabxanada darıxmadım. Ən doğma, ən rahat ünvan sandım. Kitabxanaçılığı özüm sevdiyim kimi sevdirməyə də çalışdım.
Məncə, şəkillərimdə də narazı kitabxanaçı obrazı görünmür.
Bir də şəxsi istəklər, duyğular, arzular var… onları qələmə alanda ilk cümlə kimi “Nəyi arzuladımsa həyata keçmədi” yazmaqdan başqa ürəyimdən heç nə gəlmir. Gözlədiklərimdən kəskin fərqli şeylər yaşadım. Axırda arzu etməyi “tərgitdim”. İndi həyat nə versə, onu qəbul edirəm. Daha heç nədən qorxmuram. Xoşbəxtlikdən çox bədbəxtliyə hazıram. Böyük arzular arzulamaqla həyatımızı çətinləşdirib özümüzü depressiyaya salırıq. Yaşamaq o vaxt asan olur ki, insanlardan yaxşı heç nə gözləmirsən, cəmiyyətin inkişaf edəcəyinə ümid etmirsən, yuxarılardan ədalət ummursan. Onda rahat yaşayırsan, çünki istəyinin ürəyində qalacağına hazır olursan. Canın qurtarır dərd çəkməkdən.
Bir diləyin ola, onu ömrün boyu arzulayasan, arzulayasan, çatmayasan. Adamı od götürür, çırthaçırt elə yanırsan ki, heç ocaqdan belə səs eşidilmir.
Hələ bir arzulamağı da yasaq edələr, onda alov “geniş miqyas alır”, yanğınsöndürənlər də (məsləhət verənlər) hadisə yerinə gecikmiş olurlar.
Uşaqlığım arzulamaqla, gəncliyim onları öldürməklə keçdi. Qırx üç yaşda qəlbim məzarlığa döndü.
Gənclik bir yana, heç uşaq olmadım. Deyəsən, qoca doğulmuşam.
Gəncliyi ancaq hər il fevralın 2-də kiçik statuslarda “yaşayıram” o da yadıma düşsə.
Qocalıram. İp kimi bir-birinə dolaşan qırışların düyünü qaşlarıma ilişib. Ürəkdə ölən arzulara od vurmuşam. Od tutan arzuların yerində qalan külün rəngi saçlarıma dağılıb.
Həyatla mübarizə aparmıram, əksinə onunla razılığa gəlib dostlaşmışam.

Müəllif: PƏRVANƏ BAYRAMQIZI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI

Pərvanə Bayramqızı digər mənbələrdə


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səadət Qərib – Eşqinə bir ömür qurban olduğum

23 Aprel 1987- ci il –
BU GÜN EVLİLİK İLDÖNÜMÜZ
SƏNSİZ SƏNİNLƏYƏM ƏZİZİM
SƏN MƏNİM ƏN GÖZƏL XATİRƏMSƏN
SƏNİ UNUTMAYACAM!
DAİM MƏNDƏ YAŞAYACAQSAN!
MƏNİM ÖMÜR-GÜN YOLDAŞIM❤️🥀

Eşqinə bir ömür qurban olduğum

Neyçün sevdiyini bilməz ki insan ,
Ağlıma gəldiyi anda dolduğum,
Qəlbimi qəlbinə verdiyim adam,
Eşqinə bir ömür qurban olduğum…

Nə qədər uzaqda olsan da bil ki,
Ruhuna daha çox yaxınlaşıram.
Yerlə göy arası kölgəyəm sanki,
Belə hiss edəndə yalqızlaşıram.

Gözümü göylərdən çəkə bilmirəm,
Çünki, göyüzündə günəşim sənsən,
Cismən ayrılsaq da, ruhən məndəsən,
Sən sonu bitməyən tək şeirimsən.

Neçin sevdiyini bilməz ki insan ,
Ağlıma gəldikcə o an dolduğum,
Qəlbimi qəlbinə verdiyim adam,
Eşqinə bir ömür qurban olduğum.

MÜƏLLİF: SƏADƏT QƏRİB

SƏADƏT QƏRİBİN YAZILARI

SƏADƏT QƏRİBİN KİTABLARI:

  1. SƏADƏT QƏRİB. MƏN BİR HƏYAT HEKAYƏSİ
  2. SƏADƏT QƏRİB. ONUN ACI TALEYİ


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Müstəqillik havasını içənlər – HƏMİD HERİSÇİ

Müstəqillik havasını içənlər… lap yaxından. Seirimizin gümüş dövrünü cızanlar: HƏMİD HERİSÇİ…

…Söz ki, şeir və Şair mövqeyindən düşdü; yaşca da, savaşca da Həmid Herisçi üzərinə gəlməliyik, məncə. Onu da 1980-cilərin sonundan izləyirəm yazılarımda, bəlkə Muraddan da çox; və təbii, öz qənaətlərimi daha dürüst bilirəm…
…Həmid Herisçinin ardıcıl ideya və estetik təkamülünü mən yazıçının daim oyaq yaradıcılıq stixiyası ilə bağlayıram; o cümlədən Həmidin şeirləri bu kontekstdədir; Yazılarının birində o özü sənət baxışlarını bu cür təlqin edir: “Ədəbi mətn isə rasionalizmə yox, mistikaya söykənir…” (bax: Kultaz-da, “Ölümün 17 anı”); sənətin bilavasitə şüurun deyil, məhz şüurun işləmədiyi ərazilərin (alt və üstşüurun) yetirməsi olması bəllidir; amma bunu təkcə mistik qatla bağlamaq vacib deyil, bədii idrakın, duyğu-intuisiya-təxəyyül qanadlarının kontakta girdiyi hər növ aləmlər, görünməz dünyalar sənət üçün yaşam predmeti ola, mətnə girə bilər. O başqa məsələ ki, Həmid Herisçinin öz yaradıcılıq stixiyasında mistikaya marağın yeri ümdədir; bunu mən proses yazılarımda dəfələrlə qeydə almışam: habelə onu Qərb simvolizminə bağlayan da lap əzəldən mistikaya aludəçiliyi, gerçəklərin altyapısında aradığı hər növ mistik işarələrdir; fərqi yoxdur, bu gizlinlərin mənbəyi Şərq, ya Qərb biliklərindən gəlir…
…“peyğəmbərlik” məqamına gəlirik; əgər mistikin missiyası varıb da, faniliklər arxasındakı gizlinlərə qovuşmaqdırsa, fərqli olaraq şair, sənətçi bir ilham-vəcd dəmində həmin qata çatıb da götürə bildiyini mətnə gətirir, oxucuya çatdırır və heç vəch mistikanın yox, məhz mətnin yiyəsi-subyekti olduğunu unutmur. Həmid Herisçi sanki müasir nəzəriyyələrə söykənərək deyəndə ki: “Bədii mətnin hökmü isə həmişə müəllif iradəsindən asılı olmayaraq daha dərin mənalara malikdir…” (“Ölümün 17 anı”), həm onu da unutmamalı ki: bu, mətndə müəllif iradəsizliyi, “hökmsüzlüy”ü demək deyil. Bu yalnız o deməkdir ki: müəllif bir mətn yazır, amma bahəm nə qədər də başqa (gizlin, mistik) qatları ehtiva etdiyinin fərqində olmaya bilər; bax elə bu anda istedadla (ilham-vəcd dəmində) ərsəyə gələn bir Mətn, müəllifindən daha çox söz deyə bilir və şeir Şairdən ayrıla bilir. Həmid Herisçinin ilhamla qələmə aldığı gözəl şeirlər var, burda mistik duyum və yaşamlar da yerində-qədərincə olur, son şeirlərindən məsələn, “Herisçi- Ey mənə bənzər insan” kimi; bir çox şeirləri, yazıları da var ki, Həmid özünü burda bir mistik, gizli mənalar yiyəsi (“peyğəmbər”mi?) bilsə də, məhz bu “bilmək” məqamı (“rasio”mu, rasionalizmmi? ) mətnləşməyə əngəl olur, gizlin qatlarla (mistikamı?) kontakt baş tutmur, ya da çox çox zəif olur; bu halda Şair mövqeyi daha çox publisist, esseist mövqeyi ilə əvəz olunur…
…Mən o fikirdəyəm ki, Həmid Herisçi şeirinin mistik haləsi də, təsir gücü də Şairin üsyankar ruhuna bağlıdır; elə bu önəmdə də poeziyamızda yerini almış. İdeya mövqeyindən asılı olmayaraq, nə qədər ki bu ehtiras var, diridir, hər an Şairin yeni şeirlərini, publisist ritorikasını, prozaik gəzişmələrini oxumaq şansı da açıqdır; mistik kontaktların qəfildən oxucuya bəxş eləyəcəyi mətnləri də hakəza…

Müəllif: Tehran ƏLİŞANOĞLU

TEHRAN ƏLİŞANOĞLUNUN YAZILARI

MənbəYeni Ədəbiyyatı Tanıyaq müzakirə səhifəsi

Yeni ədəbiyyatı tanıyaq

Mətanət Vahiin yazıları

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elman Eldaroğlu – İnsanlığın PƏRVANƏSİ…

İnsanlığın PƏRVANƏSİ…

Bu gün cəmiyyətimizin çatışmayan cəhətlərindən biri də odur ki, paxıllıq, xəbislik, nankorluq baş alıb gedir. Sanki insanlar bir-birini ruhlandırmağı, xoş söz deməyi yadırğayıblar. Əksəriyyət kimdəsə şahidi olduğu müsbət xüsusiyyətlərdən danışıb təbliğ etmək istəmir. Bunun üçün ya arada hansısa maraq olmalıdır və ya da ki, təmənna. Amma nə yaxşı ki, az da olsa ürəyigeniş, mərd insanlar var. Onlar tanıdı-tanımadı yaxşıya yaxşı deməyi bacarırlar. Bu həm yaxşıları həvəsləndirir və həm də yaxşılıqların artmasına təkan verir…

Bu gün sizə 1982-ci il aprelin 23-də Gədəbəy rayonunun Əli-İsmayıl kəndində dünyaya gələn Pərvanə Bayramqızından danışmaq istəyirəm. O da, hətta şəxsən tanımadığı insanların yaradıcılığı barədə xoş söz deməyi bacaran qələm adamlarındandır…

Gəlin əvvəlcə onun ömür yoluna işıq tutaq. Pərvanə xanım orta məkətəbi bitirdikdən sonra, 2000-ci ildə ailəliklə Bakıya köçüblər. Sonra filologiya və kitabxanaçılıq ixtisası üzrə təhsilə yiyələnib. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında çalışır…

Deyir ki:- “”Kitabxanaçı” deyəndə kitab alıb-vermək işindən başqa ağlına heç nə gəlməyənlər üçün kitabxana işinin elmi-nəzəri biliklərindən mühazirə deyib, onları bu sahədən xəbərdar etmək çətin məsələdir. Dinləməzlər. Amma həmin bilgilər, peşənin məsuliyyəti, maraqlı tərəfləri poeziyaya gətirilsə yaxşı təbliğat vasitəsi olar. Bu bir təşəbbüsdür, dəyərləndirib yazan olsa, mütaliə, kitabxana işinə müsbət təsir göstərər…”

Peşəsinin vurğunudur, mütaliə etməyi, daha çox öyrənməyi xoşlayır. Amma yuxarıda qeyd etdiyim kimi, bir şözəl şakəri də var:- Yazmaq, yazmaq, yenə də yazmaq. Odur ki, saysız-hesabsız publisist yazılar yazıb. Bu yazılarda həm gündəmlə, həm cəmiyyətin ictimai-sosial həyatıyla və həm də yaradıcı insanlarla bağlı fikirlərini mətnlərə çevirib. İndiyədək esselər, resenziyalar, ana dili məsələsi ilə bağlı tanınmış ziyalılardan aldığı müsahibələrdən ibarət altı kitabı çap olunub…

“Məncə, yaxşı danışana, ağzından dürr tökülənə, maraqlı söhbət edənə qulaq asan olmur, hətta sözünü kəsib özləri danışırlar. Mənasız məişət söhbəti adamları daha çox cəlb edir. Qonşunun yaşayış tərzindən, qohum-əqrəbasının pisliyindən danışanı, çoxu həvəslə dinləyir. Belələrini söhbətcil adlandırılır. Onların “dinləyici auditoriyaları” üstünlük təşkil edir. Nəylərinə gərəkdir, sənin sağlam mənəviyyatından, zəngin təfəkküründən bəhs edən mövzuların. Qərəzsiz danışırsansa, obyektiv fikirləşirsənsə, özünü tanımadan kiminsə sözü ilə kimisə asıb-kəsmirsənsə maraqsız adam təsiri bağışlayırsan.”- söyləyir.

Uşaq yaşlarından yazıb-yaradır. Amma ilk dəfə 2003-cü ildə “Mən də övladıyam Azərbaycanın” şeiri ilə tanınıb. “Qəlbimin istəkləri” adlı birinci kitabının nəşr tarixi isə 2008-ci ilə təsadüf edir. Vətən, yurd, el-oba sevgisini, müharibənin fəlakətlərini, fərdi yaşantılarını, sevginin paklığını, ayrılıq əzablarını əks etdirən mətnlərlə zəngin “Yaza bilməyən yazıçı adlı kinci kitabından sonra, pandemiya dövrünün ağrı-acıları, maddi çətinlikləri, sərbəstlik məhdudiyyəti, ölümü, ayrılıqları, ana dilinin qorunması, cəmiyyətin problemləri, sosial şəbəkələrin faydalı-zərərli tərəfləri haqqında geniş yazıların toplaşdığı “Karantin zədəsi” kitabı isə onun üçüncü kitabıdır. “Bir də gördüm…” adlı dördüncü kitabını atasının xatirəsinə həsr edib. Bu ilin mart ayında ərsəyə gətirdiyi bədii-publisist yazıları əhatə edən “Asan çətinliklər”in ardınca yalnız hekayələrin sıralandığı “Siz harda yaşayırsınız?” kitabını da oxucuların ixtiyarına verib. “Asan çətinliklər” kitabı naşir Əli Aslani tərəfindən əski əlifbaya çevrilərək, 2025-ci ilin yanvar ayında İranın Miandoab şəhərində “Tərz” nəşriyyatında çap olunub…

Deyir ki:- “Nadanların yanında dan görünmək üçün gərək onların tayı olasan, yoxsa təklənirsən. Adamın yaxşı insanlara canı yanır, duyğularına, xoş hisslərinə heyfi gəlir. Onların ali keyfiyyətlərini dəyərləndirmək əvəzinə, ya paxıllığını çəkirlər, ya da ruhən öldürməyə çalışırlar. Ətraf doludur bu cür “qatillərlə”.”

Cəmiyyətdə raslaşdığı problemlər- nadanlıq, bir-birinə hörmətsizlik, xəbislik hissləri onu çox narahat edir. Düşünür ki, bunun qarşısını yalnız marifləndirməklə almaq olar…

“Tez-tez qarşılaşdığım məqamdır- hansı qadın kollektivində oluramsa, mənə ağzımı açıb bir kəlmə deməyə imkan vermirlər. Ya hamı eyni vaxtda danışıb xor yaradır, ya da hər kəs özü danışır, özünə maraqlı olan mövzunu ortaya atır. Mən də günahkarcasına onlara baxıram. Özümü danlayıram: necə maraqsız adamam… bu qadınların güldüyü söhbətlərə niyə gülməyim gəlmir? Niyə mən də başqalarının yaşayış tərzi ilə maraqlanmıram? Niyə bunlar özgəni müzakirə edəndə mən “İnsanı öldürmək” hekayəsindən danışmaq istəyirəm? Niyə cəmiyyətin problemlərini özümlə o başa-bu başa daşıyıram? Kimə lazımdır axı? Əcəb olur mənə. Yaxşısı başını aşağı salıb yazmaqdır.”- söyləyir.

Oxucu qıtlığından gileylənir. Gənclərdə kitablar haqqında gözəl təsəvvür formalaşdırmaq, gələcək nəslin mədəni yetişməsi üçün gücümüzü toplayıb yaxşı işlər uğrunda çalışmağı təklif edir. Onun bu təklifinə gülməyi tutanları, mənasız iş sayanları “laqeyd vətəndaşın millətə zərəri” maddəsi ilə mənəvi məsuliyyətə cəlb olunmasını istəyir.

Qəlbi təmiz adamdır. Heç kimə pis nəsə arzulamır. Həyat enerjisi yüksəkdir. Çox məsələlərdə təfərrüatlı və diqqətlidir. Əsas xüsusiyyətləri isə ağıllı, mərd və müdrük olmasıdır. Onu çox bəyənirlər, elə buna görə də ətrafındakı qadınların bəziləri onu qısqanır, paxılığını çəkirlər…

Deyir ki:- “Ürəyimdə, beynimdə nə varsa, dilimə də onu gətirirəm. Bildiyim təkcə obyektivlik və ədalətdir. Günahım olarsa, üzr istəyər, olmazsa adamların pis üzündən sarsılaram. Xoşuma gəlməyən simadan uzaq dursam da özünü ustalıqla gizləyən hiyləgərlərə inanıram. Əgər gözümün qabağındakı saxtakar, hiyləgər özünü saf kimi tanıtmağı bacarıbsa, həqiqətən saf olana da yaxınlaşmağa adam tərəddüd edir.
Neynəyim dodağısözlü, qeybətcil, paxıl, təfəkkürü mətbəxdən o yana inkişaf etməyən qadınlarla sözüm tutmur…”

Duyğularını tam şəkildə hiss etməyi sevir. Olduqca qayğıkeşdir, mehriban xarakterlidir. Etibarlılığı və mülayim təbiəti ilə fərqlənir. Tez qərar verməyi, onu qısa müddətdə həyata keçirməyi bacarır. İnadkar, xarizmatik xanımdır. Bəzən sərt, bəzən isə həssas olur. Duyğusal olduğundan romantik, sakit və ciddi adamları bəyənir. Ümumiyyətlə, insanları tanımaqda çətinlik çəkmir…

“Yaxşı insanlar onlara dəyər verən, yaxşı insanların yanında dəyərlidir. Bir qanmaz, yaxud paxıl əsl insanın layiq olduğu münasibəti ona göstərməz. Xainin gözündə yaxşı insan yaxşı kimi yox, maneə kimi görünər. Paxıl adam insanlığı dəyərləndirə bilməz. Ona gic kimi baxar. Yazıq yaxşı adam yenə günahı özündə axtarır. Hər şey “zər palan”(zəfəran) məsəlidir.”- söyləyir.

Üstün xüsusiyyətlərindən biri də odur ki, o, həmişə qürurludur və sabit bir şəkildə həyatda necə davam edəcəyini yaxşı bilir. Gözəlliklərdən maksimum həzz almaq istəyi bütün varlığına hakim kəsilib. Necə deyərlər, həyatın gözəlliklərini çox sevir. Və gözəl görünən hər şeyə dəyər verməyi bacarır…

Xülasə, düşünürəm ki, onun haqqında bildiklərimi sizə çatdıra bildim. Söhbətimin sonunda isə, onu ad günü münasibətilə təbrik edir, möhkəm can sağlığı, səadət arzulayıram.
Yeni yaşı mübarək olsun!..

…Yeri gəlmişkən, 23 aprel həm də Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür…

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI

Pərvanə Bayramqızı digər mənbələrdə

Hörmətlə, Elman Eldaroğlu

QULU AĞSƏSİN YAZILARI

Elman Eldaroğlu təbrik edir

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Dünyaya işıq tərəfdən baxan şair

Dünyaya işıq tərəfdən baxan şair

Ömrünün bu çağında da sevgidən doymayan , ayla , ulduzla həmsöhbət olan , tərtəmiz duyğularını aramla hecaya sığdıran , yoluna , izinə sadiq şair Fəxrəddin Teyyubun dünyaya göz açdığı gündü səhər. Həm də yubiley yaşıdı. İstədim bir -iki kəlməylə şablon doğum günü təbriki yazam. Böyük Sözə sığışmayan şairin duyğularından doğan şeirləri məni bu fikirdən uzaqlaşdırdı. Dünyanın , elə Sözün də işıq tərəfindən baxan şairi ürəkdolusu təbrik etmək keçdi könlümdən. Tərifsiz , filansız . Özü də bilir ki, qeyri -səmimiyyəti sevmirəm və özü də bilir ki, hər yazı doğulmalıdı. Sözə Tanrı sığal çəkmədisə , heç.
Fəxrəddin Teyyub duyğularına köklənən şairdi. Sözə irfan yanaşanlardandı. Pakdı. Paxıllıqdan və intriqadan çox uzaqdı . Söz ətrafında müzakirə aparmağı sevir. Tənqiddən qaçan şair deyil. Heç kimə yuxarıdan aşağı baxmır. Bu yaşında da öyrənməyə çalışır. Təvazökardı. Sözdə yerini və çəkisini bilir. Bəziləri kimi efirlərin və mətbu orqanlarının yolunu ağartmır . Qətiyyən özündən razılıq hissi yoxdu. Ayda bir kitab çap etdirmir. Onunçun kəmiyyət yox, keyfiyyət önəmlidi. Zəif şeirlərində də işıq var. Nəyi var özünündü. Kiminsə qələmindən keçib şair olmayıb. Bütün yazılarında Fəxrəddin Teyyubdu. İmzası , möhürüylə..Əsl sözü uzaqdan tanıyan yazardı. Bilmədiyi işin qulpundan yapışmağı sevməz və bu cəhətdən də gözümüzü yağır edənlərdən çox fərqlənir. Hecaya bağlıdı. Özü demiş Tanrı Sözü hecada göndərir onunçun. Məhsuldar şairdi. Yazmaqdan doymur və bezmir. Sevgiyə Göy üzündən baxır. Yazdıqlarına ürək qoyur. Ona görə də sevilir. Əsl Sözü görəndə uşaq kimi sevinənlərdəndi. Hamının uğurunu özününkü bilir. Əlbəttə bu uğur ədalətdən və həqiqətdən keçirsə. Bəlkə də bu xüsusiyyət onun uzun müddət hüquq-mühafizə orqanlarında işləməsindən irəli gəlir. Qanunlara sadiqdi. Elə şeirdə də qanunlardan kənara çıxmır. Hərdən qaydaları, sədləri və hasarları da aşmaq lazımdı desək də öz yolundan çıxmır. Bu baxımdan da özünə bağlıdı. Elə sözünə də. Sözü olmayanların iradını qəbul etmir. Düz də edir. Bu baxımdan oxşarıq. Sözdə öz kürsüsü var, kimsə onu ordan düşürə bilməz. Vətənə , torpağa və ailəyə bir özgə sevdası var ( şair kimi) elə Sözə də. Hərdən zamandan və yaşından şikayətlənir. Vaxt tapanda. Ancaq ruhdan düşmür. Sələflərinə sadiqdi , gələcəyə də inanır. Hər şeyə sevgiylə baxır–yağışa da, küləyə də, çiçəyə də , torpağa da , ağaca da , kola da…
Bu xüsusiyyətinə görə də Fəxrəddin Teyyubu sevənlər sevməyənlərdən daha çoxdu. Sözündən böyük danışmağı sevmir . Dedim axı Sözdə yerini və çəkisini bilir. Səmimiyyət olan yerdə Fəxrəddin Teyyub da var. Unutqan deyil . Həssasdı , adamı sözündən tanıyır. Hər adama da ürək qızdırmır.
Yeni yaşında qələm dostumuza bol-bol can sağlığı , sevgi və ruh yüksəkliyi arzulayıram . Ruhun yüksək olduğu yerdə xoşbəxtlik , uğur və səadət həmişə var. Bir il də gəldi keçdi. Sözünün üstə söz , yaşının üstə yaş gəldi. Bu yaşın da mübarək , şair! Tanrı ömrünə və Sözünə bərəkət versin!

Müəllif: Təranə DƏMİR

AYB – nin və AJB -nin üzvü

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru