Pərviz Yəhyalı – Bir dəstə yarpız

Bir dəstə yarpız
(hekayə)

  • Elə mehribanlıqla danışırsan satıcı ilə lap paxıllığım tutur
  • Neyniyim, kobudluq edim?
  • Yox, niyə. Sadəcə hamlya xoş münasibətin olur. Təkcə məni görəndə elə bil ilan-qurbağa görürsən. Həmən hirsini tökürsən üstümə
  • Yox, elə deyil- gülümsəyərək əlavə etdi:
  • Əslində ilanlar da, qurbağalar da ziyansızdı.
  • Hətta məni ilan-qurbağadan da….
  • Yox ee, sənin sözünə deyirəm ki, əksəriyyət ilanları pis tanıyır, amma onların quyruğun tapdamasan adamı sancmazlar.
  • Sənin ilan sevdan da varmış?
  • Yaxşı da. Söz düşdü dedim. Bilirsən, danışmışdıq axı. Bu gün biz ciddi qərar vermək üçün görüşdük. Xahiş edirəm birdəfəlik başa düş, bizdə alınmır və alınmayacaq. Səninlə əbədi dost olaraq qala bilərik. Sən mümkünsüzdən yapışıb qalmısan
  • Axı niyə?
  • Ona görə ki, olmaz
  • Bilirsən sevdiyimi, özü də dünyalar qədər. Onu da bilirsən ki, sənsiz yaşamaq mənim üçün mümkün deyil.
  • Heç kəs, heç kəs üçün ölmür. Bircə sən allah demə ki, gedib intihar edəcəksən
  • Bilsəm ki, nə vaxtsa bir dəstə güllə qəbrimi ziyarət edəcəksən onda ölərəm
  • Yaxşı sən allah, ciddi ol!
  • Düz sözümdü vallah
  • Bura bax, birinci ölmə, ikinci heç vaxt mən gedib hardasa sənin qəbrini axtaran deyiləm.
  • Elə bilirsən zarafat edirəm
    Bəlkə ürəyində kimsə var. Açıq de bilim.
  • Yoxdu, olsa belə özüm bilərəm. Birdəfəlik xəyal qurmaqlarını qurtar. Ümid də xəyal eyləmə.
  • Demirsən ürəyini, bilsəm ki…
  • Xahiş edirəm. Nə zəng et, nə görüşək.
    Xüdafizləşib azacıq aralananda çevrilib, gülə-gülə -ziyarət edəcəyimə arxayın olub ölmə! -dedi

Göz işlədikcə qırmızı və yaşıl əsrarəngizlik könül oxşayırdı. Qızılgül dərəsi onun üçün dünyanın əvəzolunmaz məkanı idi. Hər il may ayında bura baş çəkir, təbii qızılgül ətrindən doyunca çiyərlərini qonaq edirdi. Qızılgül dərəsi həm də gözdən-könüldən uzaq yerdə olduğu üçün buralarda bir inni-cinni olmazdı. Nadir hallarda yaxınlıqdakı kənddən mürəbbə bişirmək üçün uşaqlar ləçək yığmağa gələrdilər.
Uzun illərdi gəldiyi bu dərə əvvəlki illərdə olduğu kimi gəlmədi ona. Heç fikrindən çıxmırdı ki, ona söz vermişdi bura gətirəcəyini. Amma bu arzu olaraq qaldı. Hər ikisinin arzusu.
Dəfələrlə Qızılgül dərəsinə necə gedə bilərəmi soruşmuş, hər dəfə də yolu desə də oranın harada olduğu, yolu yadında qalmamışdı. Mütləq sənə oranı göstərəcəm demişdi. Çətin, ağlabatan yerdə deyil. Heç oranın yerini bilən adam barmaqla sayılacaq qədər az olduğunu da bildirmişdi.
Zəif yaz mehi qızılgülləri dərə boyu dalğalandırır, bihuşedici ətri dalğa-dalğa ətrafa yayırdı.
Ürəyində özünü məzəmmət edir, niyə onu bir dəfə bura gətirəmmədim təəssüfündə yanırdı. Bura nə qədər füsnkar olsa, dünyanın ən məsum baxışlarının həsrətindən qəmli olacaq həmişə keçdi ağlından. Niyə həyat belə amansızdır sualı bütün vicudunu yandırırdı. İlahi eşqi hicran alovunda yandırıb külünü küləklərə verməkdə qəsdi nədi fələyin deyə bitib-tükənməyən sualları özü-özünə pıçıldayırdı.
Birdən ağlına gəldi ki, heç burdan qayıtmasın geri bir daha. Qalsın burda bütün ömrünü. Qaçıb qurtarsın canını pis adamlardan. Eləcə tərki-dünya yaşasın ömür payının qalan hissəsini Qızılgül dərəsində.
Tez də ruhdan düşdü. Bu da asan deyil. Yaşam üçün daxma lazım. Yenə gedib qida, su gətirmək. Görüb, biləcəklər yerini. Qonaqlar, dostlar baş çəkəcək ona.
Bəlkə… bəlkə, allahdan arzu edim; yarəbbim məni insandan başqa bir canlıya çevir, qalım burda. Hətta ağlına gələndən özü də gülümsədi. Ən ülvi arzumu eşitmədi tanrı, indi bunu eşidəcək?
Nə fikirləşdisə heç özü də anlamadı. Əllərini cütləyib ovcunu göylərə açdı. Yarəbbim, məni bir ilana çevir, qalım burda, dönməyim bir də insanların içinə. Orada hər sözdə, hər səsdə, hər yerdə xatirəsi yandiran əlçatmazlığım onsuz da məni özümü unutdurub. İstəmirəm məni barmaqla göstərib dəli desinlər, tənə etsinlər. Unutmağımın mümkünsüz olduğu sevgimi unuda bilmədiyimi başa düşüb mənə rişxəndlə baxsınlar. Çevir məni bir ilana, mən onsuz insan olaraq qalmağı istəmirəm!
Bu nədi? Bu nə möcüzə!
Mən ilan oldum?
Gecə-gündüz zamanla dua edib, sevgimə qovuşmaq arzumu eşitməyən tanrı bir andaca məni ilana çevirdi?

  • Bunlardan soruşaq, hardasa bu yaxınlarda olmalıdır
  • Vallah, sən mənim başıma
    ip salıb hərləyirsən. Ora sür, bura sür. Buralarda sənin axtardığın Qızılgül dərəsi filan yoxdu. Qayıdaq gedək evimizə.
  • Yox bircə saxla maşını, mən özüm soruşaram.
    Maşından düşüb, yolun kənarında tərsinə çevrilmiş yeşiklərin üstə cürbəçür dəstələr satan adama yaxınlsşdı
  • Dayı hər vaxtınız xeyir. Bazar olsun. Buralarda Qızılgül dərəsi olmalıdır, ora necə gedə bilərik?
    Yaşlı kişi təəccüb dolu nəzərlərlə ondan söz soruşan xanıma baxdı
  • Ay qızım siz hardan eşitmisiz Qızılgül dərəsini?
    Deyim sizə, amma bir az çətin gedəcəksiz.Torpaq və narahat yoldu. Yol deyəndə yolu yoxdu ha. Eləcə maşın gedənə qədər gedər, sonra piyada.
    Sevindiyindən qərara aldı ki, bu dayının satdıqlarından nə isə alsın. İki-üç dəstə kəvər, qulançar və yarpız alıb, pulunu verdi.

-İlahi, bura cənnət imiş. Bir gör nə gözəllikdi.

  • Hə, düz deyirsən, məni bezdirməyinə dəyirmiş. Di sən allah nə qədər selfi edirsən et, gedək.
    Xeyli ləçək dərdilər, uzaqdan iki-üç 13-14 yaşlı oğlan uşaqlarının da qızıgül ləçəkləri topladığını gördülər. Maşının yanına qayıdanda günəş qürub qızartısını dağların arxasına çəkə-çəkdə idi.
  • Ayyy!!! İlannn!!!
  • Qorxma! -deyib xanımın ayağının altından qaçan ilana sarı daş atmaq istəyəndə
  • Dəymə, sən allah!
  • Necə dəymə! Bir rənginə bax, ağapbaq oldun. Bir də elə qışqırdın elə yarı ölü kimidi qorxudan ilan, qoy öldürüm canı qurtarsın.
  • ilan yazıq neynəsin, mən tapdadım da onu.
    -Dayan bir görüm, öldürəcəm.
  • Gəl sür gedək!
    -Yox e odur orda uşaqlar gül yığır, çalar oları. Bir də ilan öldürmək gərəkli bir şey. Diogenin bir fikri var kim bir alma ağacı əkib, bir ilan öldürübsə, demək ömrü hədər getməyib. Mən alma ağacı əkməmişəm, amma ilan öldürmək şansımı əldən verə bilmərəm. Yəqin bilirəm daşın altına girdi deyib əlini böyük daşa tərf uzatdı.
  • Sən allah dəymə, gəl gedək.
  • Bax o çantalar o uşaqlarındı. Qoyublar bura. Qayıdanda götürməyə sancar onları.
  • Dayan, belə bir məsəl var ilanın zəhləsi yarpızdan gedər, o da gəlib onun yuvasının ağzında bitər. Bilirsən? Biz də yarpız qoyaq bura o daşın altından çıxmayacaq, çıxsa da əks tərəfə gedəcək. Uşaqlara da xətər yetirməz -deyib maşından bir dəstə yarpızı böyük daşın yanına qoydu. Lap kənardan başdaşının önünə gül qoymağa oxşadı.

Qəfil əsən külək pəncərəni hirslə açdı. Havadan yağış qoxusu gəlirdi. Pəncərənin taqqıltı səsinə hövləng yuxudan ayıldı. Hiss etdi ki, qan-tərin içindədi. Gördüyü yuxunun yuxu olduğuna əmin olmaq istəyirdi. Dəli yaz küləyi isə arxdöşü yarpızların ətrini otağa doldurmuşdu

ÖMRÜN HARMONİYA YAŞINDA – MÜSAHİBƏ

“Ulduz”un aprel sayında Xalq yazıçısı Çingiz AbdullayevTaleh Mansur un müsahibəsi yayımlanıb. Həmin müsahibəni təqdim edirik:

ÖMRÜN HARMONİYA YAŞINDA

Xalq yazıçısı Çingiz Abdullayevlə Azərbaycan Yazıçılar Birliyindəki iş otağında görüşdük. Bura həm də əfsanəvi Dronqonun yaşadığı ünvandı… Bura həm də Çingiz Abdullayevi yaşadan ünvandı. Yaşayan və yaşadan ünvandayam… Bilənlər bilir, Çingiz müəllimin Yazıçılar Birliyindəki kabinetinin böyük bir hissə­sini fərqli dillərdə çap olunmuş kitabları­nın saxlandığı rəflər tutur. Divar boyu uza­nan kitab rəfləri qala divarlarını xatırladır. Belə demək mümkünsə, Çingiz Abdulla­yev öz kitablarından inşa edilmiş qəsrin içərisində qərar tutub. “Qurub-yaratmaq”, “tikmək”, “qələmə almaq” kimi leksik mə­nalara malik olan “inşa etmək” ifadəsi bu məqamda və sözün bütün mənalarında yerinə düşür. Bu qəsrin qala divarlarının hər daşı bir kitabdı. Bu kitab qəsr Çingiz Abdullayevi, Çingiz Abdullayev də bu qəsri qoruyur. O bu qalanı ucaldıb ki, şöhrəti dünyanın hər yerindən görünsün. Onunla həmsöhbət olmaq üçün bu qala di­varların kitab ruhundan keçməlisən. Dünyanın gördüyü – dünyanı görən yazı­çımızın 66 yaşı tamam olur. Yaşına hardan baxsan, 66-dı, elə əsərlərinə də hardan baxsan, yazıçıdı.Onu dünya oxucusu asan­lıqla qəbul edir, biz özümüz qəbul etməkdə ləngiyirik. Siyasi detektiv janrının ən böyük tələbi həqiqət və yazıçı təxəyyü­lünü bir araya gətirməkdir. Çingiz Abdul­layev həqiqətlə təxəyyülü bədən və ruh kimi qovuşdurmaqla hadisələri insan, dü­şüncə halına salır. Elə buna görədir ki, qə­ləmə aldıqları dünyanın düşünən insan­larına doğma və tanış gəlir. Soyuqqanlı və polad kimi möhkəm bədii obrazları bəzən elə humanist şəkildə özünü büruzə verir ki, ən daşürəkli oxucunun belə ürəyi muma dönür. Onun haqqında yazmaq çətindi, çünki haqqında deyilməli olanları milyon­lar xorla, bir ağızdan, əsər kimi, şərqi kimi oxuyurlar. Onun çevik qəhrəmanları ilə ayaqlaşmayan oxucuları çox vaxt qisası yazıçının özündən alır. Aramızda sadə və sakit şəkildə dolaşan yazıçıya hansı tərəf­dən baxsan, böyükdür. Görünüş və görünən arasında çək-çevir onun haqqında mürək­kəb və çətin anlaşılan fikirlər formalaşdı­rır. Məncə, Çingiz Abdullayev bu mənada çətinlik çəkmir, əsərlərindəki obrazları
yaradarkən özünə fərqli rakurslardan baxmağı kifayət edir. Onun qəhrəmanlarının cisminə görünən yazıçının görünməyən ruhsal bir əksi düşür.

  • Çingiz müəllim, müsahibələrinizi izləyirəm, jurnalistlər sizinlə daha çox Azərbaycan Yazıçılar Birliyinin katibi olaraq həmsöhbət olurlar. Sanki Xalq yazıçısı Çingiz Abdullayev bir balaca arxa plana keçib. Sizə katib olaraq da­nışmaq xoşdu, ya yazıçı olaraq?
  • Mən insan olaraq danışmaqdan zövq alıram. Mənimçün yazıçı sözü böyük əhəmiyyət kəsb edir. Mənim düşüncəmdə qələm sahibi dünya və dünyalar yarada bilən bir varlıqdı: Nizami kimi, Homer kimi, Tolstoy kimi, Dante kimi… Heç vaxt özümə böyük yazıçı deməmişəm. Həmişə deyirəm ki, Yazıçılar Birliyinin 2800 dahi üzvü var. Burda dahi olmayan bir tək mənəm.
  • Həyatınızda və yaradıcılığınızda hər şey sürətlə dəyişir. Səhv eləmirəmsə, əsərləriniz 34 dilə çevrilib. Əsərləriniz hansı dildə özünü yaxşı hiss edir, hansı dildə rahat nəfəs alır?
  • Onu dəqiq deyə bilmərəm. Bilirəm ki, əsərlərim Rusiyada, Qazaxıstanda, Fransada, Almaniyada, Polşada, Rumıniyada, Böyük Britaniyada, Türkiyədə, Çin­də, Vyetnamda, ərəb ölkələrində, xüsusilə Latviyada sevilir. Bəlkə də, əsərlərimin Latviyada daha çox sevilməsinə səbəb çoxseriyalı “Dronqo” serialına latviyalı aktyor İvar Kalnınşın çəkilməsidir. Görünür, hansısa mətləblərə toxuna bili­rəm ki, bir-birinə bənzəməyən, fərqli mə­dəniyyətə və ədəbiyyata malik xalqlar mə­ni yazıçı olaraq qəbul edirlər. Əsərlərim hansı ölkədə sevilirsə, o ölkənin dilində də rahat nəfəs alırlar. Yazıçı dünyanı və in­sanları sevməlidir. Bir ölkəni yazıçıya həm də həmin ölkənin oxucuları doğmalaşdırır. Bax Ukraynada illərdi davam edən müha­ribəni hamı kimi, mən də ürək ağrısıyla iz­ləyirəm. Ukraynada mənim çoxlu oxucu­larım, sevənlərim var. Mən həm də yazıçı olaraq oxucularımın müharibə qurbanları­na çevrilməsinə kədərlənirəm. Dünyanın harasında yaşamalarından asılı olmayaraq, yazıçı hər bir oxucusunun qayğısına qal­malı, sevincinə sevinməli, kədərinə də kə- dərlənməlidi.
  • Detektiv əsərlərin oxucusu praq­matik və intellektual olmalıdır. Ürək, duyğular, düşüncələr öz yerində, mən­tiqi təfəkkür və fəhm də hər zaman iş başında olmalıdır. Bu mənada, oxucu­larınızın hazırlığı sizi qane edirmi? De­mək istədiklərinizi bütövlüklə anlaya bilirlərmi?
  • Mən oxucularımdan yerlə göy qədər razıyam. Bəzən qərəzli şəkildə yazdıqlarımı və oxucularımı görməzdən gəlirlər. Düşünmürlər ki, oxucularım arasında tanınmış simalar, incəsənət və siyasət adam­ları da var. Bax bu yaxınlarda Şuşada Gürcüstanın şahmat əfsanəsi, 16 il şahmat tacını özündə saxlamış Nona Qabrindaşvili yaxınlaşıb dedi ki, siz mənim ən sevimli yazıçımsınız. Moskvaya yolum düşəndə yalnız sizin kitablarınızı alıram. Bəlkə də, kiməsə bu, sıradan bir etiraf kimi gələ bilər, amma əfsanəvi idmançının bir azərbaycanlı yazıçıya rəğbəti, həqiqətən, böyük əhəmiyyət kəsb edir. Buna təkcə Çingiz Abdullayev yox, hamı sevinməlidir. Yaxud Qırğızıstanın birinci prezidenti Əs­gər Akayev öz ölkəsində oxucularım tərə­findən yaradılmış klubun fəaliyyət göstər­diyini demişdi. Sonralar Yazıçılar Birliy­inin mətbuat katibi Xəyal Rza Qırğızıstana səfər edəndə mənə zəng vurmuşdu ki, həqiqətən, burda belə bir klub fəaliyyət göstərir. Sədri də bir zamanlar Qırğızıstanın prezidenti olmuş Roza Atumbayevadı. Yeri gəlmişkən, bir neçə dövlət başçısı əsərlərimi oxuyur. Fəxr edirəm ki, ölkəmiz­in prezidenti, Ali Baş Komandan İlham Əliyev mənim əsərlərimi oxuyur, qiymətləndirir. Dmitri Medvedyev də Rusiya Pre­zidenti olanda məni mükafatlandırmışdı. Ümumiyyətlə, 11 ölkənin orden və me­dalları ilə təltif olunmuşam, 5 universite­tin fəxri professoruyam. ABŞ-nin “Chris­tian Science Monitor” qəzeti məni siyasi detektiv janrı üzrə ən yaxşı yazıçılardan biri olaraq qəbul edir. Əsərlərim əsasında iki serial və 8 film çəkilib. Görünür, an­layırlar ki, şəxsimə və əsərlərimə bu cür yüksək qiymət verirlər.
  • 208 əsərin müəllifisiniz. Gərgin iş qrafikində işləyir, gün ərzində 4-5 saat yatır, bəzən isə 27 saat durmadan işlə­yirsiniz. Özünüz belə demisiniz. Düşün­mürsünüz ki, çox yazmaqla oxucularınızı yora bilərsiniz?
  • Mən səkkiz il “Neftçi”nin müşahidə şurasının sədri olmuşam. Digər illərlə müqayisədə bu zaman kəsiyində nisbətən az yazmışam. O illərdə oxucularım durmadan məndən yeni əsərlər tələb edirdilər. Hətta bir xeyli oxucum buna görə məndən küsmüşdü.Bilirsiniz, mən yazmaqdan zövq alıram. Yazmaqdan zərrə qədər də olsa, diksinsəydim, bir sətir belə yazmazdım. Bir dəfə rəhmətlik atam soruşdu ki, qonorar verməsəydilər də, bu qədər çox yazardın? O sual indinin özündə də məni düşündürür. Bilmirəm, necə yaşayardım. Nə maqazinlərim var, nə də restoranlarım. Qazanc yerim də, ümid yerim də elə ədəbiyyatdı, kitablarımdı və kinodu. Yəqin, qazancım olmasaydı da, yazardım. Çünki mən hər kitabım çapdan çıxanda uşaq kimi se­vinirəm. Mən bu sevinci davamlı yaşamaq istəyirəm, bir ömür boyu.
  • Bu məqamda Çexovun “Yazıçı çox yazmalıdır, bir şərtlə ki, tələsməsin” fikrini xatırlayıram. Tələsərək, ya rahat və aramlı yazmaq?.. Yazı prinsipiniz necədi?
  • Çexovun fikriylə tamamilə razıyam. Yazı prosesini yazıçının vicdanı sahmana salmalıdır. Özünü tərifləmək kimi çıx­masın, şükürlər olsun, məni dünyada az-çox tanıyırlar, nəşriyyatlara göndərdiyim istənilən əsər müsbət qarşılanır, yüksək dəyərləndirilir. İmzadan əlavə, görünür, həm də inanırlar ki, pis əsər yazmaram. Bax mənim ən böyük yazı prinsipim bu inama əmanət kimi baxıb ona xəyanət etməməkdir. Yəni mən hansısa yeni əsərimdə, sadəcə, «Ata, ana… ana, ata» yaz­sam da, qəbul ediləcək, dəyərləndiriləcək. Amma mən heç vaxt belə əsər yazmaram,
    qəbul edə bilmərəm. Yazıçı vicdanım buna yol verməz.
  • Öz əsərlərinizi yuxuda gör­düyünüzü demisiniz. Halbuki az yatıb, çox yazırsınız. Bu paradoksu nə cür izah edərdiniz?
  • Mən mənə lazım olan yuxunu elə burdaca, qısa müddətdə, sizinlə söhbət edərək də yatıb görə bilərəm. Olmayıb ki, nə vaxtsa yatım, lakin yuxu görməyim. Mütəmadi olaraq yuxular görürəm, hər gün, hər yatanda. Görünür, beyin hər zaman düşünür deyə, hər yatanda azı 2-3 yuxu görürəm. Yuxu mənim ikinci həyatımdı. Orda da real həyatdakı kimi səfərlərə gedirəm, səfərlərdən qayıdıram, tədbirlərə qatılıram, insanlarla söhbətləşirəm və s.
  • Görmək istəmədiyiniz, lakin tez- tez gördüyünüz yuxu varmı?
  • Xeyr, qətiyyən.Yalnız görmək istə­diyim yuxuları görürəm. Adətən, uşaqlar pis yuxulardan qorxurlar. Mən hələ uşaq­lıqdan özümə təlqin eləmişdim ki, gör­düyüm yuxuların sahibi mənəm, orda heç nə və heç kim məni qorxuda bilməz. Nə cür yuxu görməyimdən asılı olmayaraq, böyüdükcə yuxularımda cərəyan edən ha­disələri idarə etməyi öyrəndim. Hökm edə bilmədiyim, idarəçiliyimdən çıxan yuxu­lardan dərhal oyanırdım. Bəlkə də, bu, yazıçı xarakterimdən irəli gəlir: hər şeyi ürəyimə yatan kimi, düşündüyüm kimi görmək.
  • 23 yaşınızda qələmə aldığınız “Mavi mələklər”i indi – 43 il sonra tək­rar qələmə alsaydınız, nələri dəyişər­diniz? Yoxsa 23 yaşınızda yazdıqlarınız hələ də sizi qane edir?
  • Dəyişməzdim, sadəcə, çox şeyi redaktə edərdim. İndinin özündə də yazıb bitirdiyim əsərləri dəfələrlə redaktə edi­rəm. Deyirlər ki, Balzak əsərlərini 11 dəfə redaktə edir, əlavələr edir, hətta yenidən yazırmış. Tolstoy «Hərb və sülh»ün 8-9 dəfə üzünü çıxarıbmış. Düzdü, özümü
    Balzak və ya Tolstoy hesab etmirəm, sadəcə, mən də onlar kimi əsərlərimi daha mükəmməl hala salmaq üçün dönə-dönə redaktə etməli oluram. Bir əsərimi yazıb bitirəndən sonra itirsəm, onu ikinci dəfə yaza bilmərəm, bacarmaram. Əvəzində yeni bir əsər yazmış olaram.
  • İlk baxışdan soyuqqanlı təsiri bağışlayırsınız. Bu yaxınlarda Xalq yazıçısı Mirzə İbrahimova həsr edilmiş tədbirdə xatirələrinizi bölüşərkən səsiniz titrədi, gözləriniz doldu. Adam var, mərhəmətli deyil, elə görünməyə çalışır. Siz isə ək­sinə, soyuqqanlı görünməyə çalışırsınız. Bu nədən irəli gəlir?
  • Görünür, bu, yazıçılığımdan yox, peşəmdən qaynaqlanır. Unutmayın ki, mən həm də hüquqşünasam. Təmkinli ol­maq, olduğum kimi deyil, lazım gəldiyi ki­mi görünmək kimi davranışlarım peşəmdən irəli gəlir. Belə demək mümkünsə, hisslərimi idarə etmək peşəmin diktəsidir.
  • “Əclafların qanunu”, “Əclafların əqidəsi” və “Əclafların vicdanı” kimi əsərləriniz var. Əclafların obrazının ya­ratmaq çətindi, ya vicdanlı və dürüst adamların?
  • O əsərlər yazılanda Azərbaycan mürəkkəb bir tarixi dövrdən keçirdi: siyasi çəkişmələr, müharibələr-filan… Kimiydi əclaflar, yalnız var-dövlət düşünənlər, torpağı satanlar, əli günahsız insanların qanına batanlar… Belə adamların nəinki vicdanı, heç Allahı da olmur. “Əclafların qanunu” rus dilində “Закон негодяев”dir. Tərcümə ediləndə təklif elədilər ki, «Yaramazların qanunu» kimi getsin. Etiraz elədim, dedim, daha sərt söz olmalıdı, elə «Əclafların qanunu» kimi. Bu söz daha çox əsərin ab-havasını ifadə edir. İndi də belə insanlar var, amma o vaxt daha çox idi.
    Əclafların və ya vicdanlı adamları yarat­mağa gəlincə, pis adamların obrazını ya­ratmaq yazıçıdan daha çox bacarıq tələb edir. Belə obrazları yaratmaq mürəkkəb və maraqlıdı. Nifrətlə qarşılansa da, əsərlərə marağı elə bu cür mənfi obrazlar yaradırlar. Qeyd edim ki, mənim «Abırlı adam» adlı əsərim də var. O əsər də “Abırlı adam necə olmalıdı?” sualının cavabıdı.
  • Müsahibələriniz də əsərləriniz kimi çox oxunur. Belə bir fikir yaranır ki, sizi daha çox tanıyırlar.
  • Məncə, məni daha az tanıyırlar. Misal üçün, indiyəcəndə təəccüblə yanaşan adamlar var ki, 20 Yanvar faciəsindən bəhs edən ilk kitabın -“Qara Yanvar”m müəllifi Çingiz Abdullayevdi? Bu kitabı iki gün ərzində ərsəyə gətirmişəm. İndi-indi bilirəm ki, bu kitaba görə məni həbs eləməyə hazırlaşırmışlar. Sovet ordusunun Bakıda qırğın törətdiyi bir dövrdə bunu etmək böyük cə­sarət tələb edirdi. İndi qəhrəman olmağa nə var ki?
    Çoxları bilmir ki, siyasi detektiv jan­rında yazılmış əsərlərlə yanaşı, tarixi və publisistik kitabların da müəllifiyəm. Bir zamanlar «Bakinski raboçi» qazetində dərc etdiyim məqalə ilə Zori Balayanın Azərbaycan xalqına qarşı yönəlmiş böhtan və yalanlarını tarixi faktlarla ifşa etmişəm. Zori Balayan və Ter-Petrosyanla bağlı kitablarım nəşr olunub.
  • Qorki deyirdi ki, əlimə qələm al­mazdan öncə üç sual verirəm özümə: nəyi yazmaq istəyirəm, necə yazmaq istəyirəm və nə üçün yazmaq istəyirəm? Siz yazmağa başlayarkən nə düşünür­sünüz?
  • Mən ona görə yazıram ki, susa bilmirəm. Kimsə Çingiz Abdullayev yaza bilmir deyəndə elə bilirəm, ən sevdiyim qadına olan sevgimi, sevmək bacarığımı ələ salırlar, inamsızlıq edirlər. Mən əsər­lərimi təkcə yazmıram, o əsərlərin içəri­sində yaşayıram, qəhrəmanlanmla danışıram, onlar evimə qonaq gəlirlər, mən onlara qonaq gedirəm. Onlarla daha yaxından tanış oluram ki, əsərlərim daha inandırıcı, daha təsirli alınsın. Mən ya­zanda xoşbəxt oluram, sevinirəm. Belə demək mümkünsə, həm də özümü inan­dırmaq, xoşbəxt etmək üçün yazıram. Həmişə gənclərə də tövsiyə edirəm, yazıçı qonorarı, ordeni, medalı, mükafatı fikirləşməməlidi, yazdığı əsərin qayğısına qal­malıdı, özünə oxucu toplamağın yollarını axtarmalıdı. Əgər yazdığın əsər özünə maraqsız gəlirsə, doğmalarının zövqünü belə oxşamırsa, səni dünya necə qəbul edə bilər? Bu gün milyonlarla kitab, yüz minlərlə əsər var. Bu qədər əsərin içərisində yazdıqlarının özünə yer tutması çox çətin məsələdi. Məndən soruşurlar ki, istərdinizmi övladlarınız yazıçı olsun. Cavab verirəm ki, xeyr, Allah eləməsin. Hətta Allah eləməsin. Yazıçılıq faciəvi peşədi. İndi hətta rəssamları və bəstəkarları belə müəyyən qədər başa düşür, qəbul edirlər. Yazıçıların bu mənada bəxti o qədər də gətirməyib. Çətindi bu yolu getmək, heç kim uğurlu olacağına zəmanət verə bilmir. Ümumiyyətlə, ömrünü yazmağa həsr elə­miş yazıçının ən böyük faciəsi onun oxunmamağıdı.
  • Müsahibələrinizin birində əfsanəvi qəhrəmanınız “Dronqonu öldürə bil­mərəm” demişdiniz. Bəs o necə, sizi öl­dürə bilərmi?
  • Mən Dronqonu bir dəfə öldür­müşdüm, Emin Sabitoğlu zəng vurdu ki, sən neynirsən, Dronqonu öldürmək olar? Onda özümə söz verdim ki, bir də Dron­qonu öldürməyəcəm. Mən bundan sonra Dronqonu öldürə bilmərəm, əksinə, o mə­ni öldürə bilər. Dronqo məndən də güclü və məşhurdu. Ondan nə desən, gözləmək olar. Onu mən yaratsam da, məni kölgədə qoya bilib. Dünyanın fərqli ölkələrində, Moskvada, Kievdə, Dərbənddə və başqa şəhərlərdə Dronqonun adını daşıyan restoran və klublar var. Dünyada Dronqonun adını daşıyan 6 qadın klubu var. Hətta klublardan birinin 137 nəfər üzvü var. Belə klublara kişilər üzv qəbul edilmir.
    Yalnız Bakıdakı qadın klubuna bir kişini qəbul ediblər, o da mənəm (gülür).
  • Amerika yazıçısı Con Qrin sözün addımlamağını, fikrin isə uçmağını ya­zıçı əzabı hesab edir. Bəs Çingiz Abdullayeva görə, yazıçının səfası nədir?
  • Yazıçı səfası nə mükafatdı, nə qonorardı, nə də təltif. Yenə deyirəm, əsl yazıçı səfası onun əsərlərinin oxunmasıdı. Onun sevilməsidi, hörmət və nüfuzudu. Hüqo deyirdi ki, yazıçın 80 oxucusu olmalıdı. Bu fikirlə razılaşmıram, mənim 80 oxucum olsaydı, ürəyim dayanardı. Əsərlərim təxminən 32 milyona yaxın tirajla çap olunub. Bunu, sadəcə, statistika olaraq demirəm. Bu əsərlərin konkret siyahısı da var. Həmin siyahıda hər bir ki­tabın harda, nə zaman və hansı tirajla nəşr olunduğu öz əksini tapıb. Bax mənim iş ota­ğımda dünyanın fərqli ölkələrində və fərqli dillərində çap edilmiş əsərlərimin bir hissəsi-təxmini 180 adda kitab var…
    Söhbətin bu yerində Çingiz müəllim ayağa qalxıb divar boyu uzanan rəfləri açır. Bir-bir kitabları göstərir.
  • Bax bu, İsveçdə nəşr olunmuş kitabımdı, bu, Fransada, bu, Bolqarıstanda, bu da Türkiyədə, Latviyada, Gürcüstanda, Almaniyada, Estoniyada, Ruminyada, Polşada, Böyük Britaniyada, Bosniya və Hersoqovinada, ABŞ-də və s. Burda 400 min tirajla çıxmış bir kitabım da var. Bəzi millət vəkillərimiz deyir ki, biz Avropa parlamentində oturub əsərlərinizi oxuyan əcnəbi parlamentarilər görmüşük. Bir yazıçı üçün bundan böyük xoşbəxtlik ola bilməz. Ancaq o da həqiqətdir ki, yazıçının əzabları daha çoxdur. Ən böyük əzab elə yazı prosesidi.
  • Heç yazıçı olduğunuza görə, hansısa əsəri yazdığınıza görə peşmanlıq hissi keçirmisinizmi?
  • 50 yaşımda soruşdular ki, bu günədək yaşadıqlarımzdan nəyisə dəyişmək istərdinizmi? Cavab verdim ki, xeyr. Nə ömrümün yaşanmış hansısa bir günü üçün təəssüflənmişəm, nə də yazdığım bir əsər üçün peşmanlıq hissi keçirmişəm. Nə yaşamışam, ömrümdəndi, nə yazmışam, mənimdi. Amma ömrümdə iki gün var ki, onların mümkün qədər ertələnməsini istəyərdim. Həmin iki gün anamı və atamı itirdiyim günlərdi… Belə deyəndə sual verirlər ki, valideynləriniz dünyasını cavan dəyişib? Deyirəm, yox, atam 81, anam isə 87 yaşında yaşında dünyasını dəyişib. Təəccüblənirlər, soruşurlar ki, valideynlərinizin nə qədər yaşamaqlarını istəyir­diniz? İstəyirdiniz, 200 il yaşasınlar? De­yirəm, bəli, hətta daha çox yaşamaqlarını istərdim. Naşükürlük kimi çıxmasın, mən o xoşbəxtliyi ömrümün sonuna qədər yaşamaq arzusundaydım. Onlar nə qədər ki sağ idilər, mən özümü uşaq kimi xoşbəxt hiss edirdim. Uşaq xoşbəxtliyi böyük xoş­bəxtliyinə nisbətən daha zövqverici, daha mənalıdı.
  • 50 yaş demişkən, 50 yaşınızda 14 min adamdan təbrik almışdınız. 66 yaşa gəlib çatmısınız. Təbrik edənlərin sayı azalıb, ya çoxalıb?
  • Təbii ki, artıb. Canlı təbriklər, telefon zəngləri, sosial şəbəkələr üzərindən olan təbriklər və s. Bunlar öz yerində. Mən təkcə mənə çatan təbrikləri deyil, məni sevən oxucularımın göndərmək istəyib göndərə bilmədikləri təbriklərini də qəbul etmiş hesab edirəm özümü. Bütün təbrik­ləri və xoş sözləri eşitmək gözəldi. Təb­rikləri, qazandığım sevgini, hörməti öm­rümün uğuru, ən böyük hədiyyəsi hesab edirəm. Mənə çatan və çatmayan bütün təbrikləri əsərlərim, kitablarım qədər çox sevirəm.

Söhbətləşdi: Taleh Mansur

ÇİNGİZ ABDULLAYEİN YAZILARI

TALEH MANSURUN YAZILARI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“QIZ QALASI” VƏ “BAKI” OYKONİMLƏRİNİN (YAŞAYŞ MƏNTƏQƏLƏRİ) ETİMOLOGİYASI

“QIZ QALASI” VƏ “BAKI” OYKONİMLƏRİNİN (YAŞAYŞ MƏNTƏQƏLƏRİ) ETİMOLOGİYASI
(TOPONİMİSTLƏRİN YANAŞMASINDAN FƏRQLİ BAXIŞLAR)

Qız Qalası Azərbaycanın paytaxtı Bakı şəhərinin qədim tarixi rəmzlərindən biridir.
Bu gün toponimik mənbələrdə həm Bakı şəhərinin, həm də İçəri Şəhər Dövlət Tarix – Memarlıq Qoruğu ərazisində yerləşən Qız Qalasının etimoloji araşdırmaları müxtəlif variantlarda təsvir edilmişdir.Məhz təsvirlə olduğuna görə çox variantlıq yaranmışdır.İstər coğrafiyaçı, istər tarixçi, istərsə də dilçi araşdırmaçılar hər 2 məfhumun etimologiyasına fonoloji qaydada yanaşmamış, əfsanə və rəvayətlər əsasında real semantikadan uzaq düşmüşlər.
Qız Qalası haqqında olan əfsanə özünə elə bir möhkəm kök salmışdır ki, onun elmi şəkildə araşdırılmasına lüzum qalmamışdır.
Doğrudanmı Qız Qalası və Bakı şəhəri haqqında aparılan etimoloji araşdırmalar elmi əsaslara söykənir?
Əslində Qız Qalasının adı Bakı şəhərinin adından qədimdir.Qız Qalası memarlıq abidəsinin təyinatı müxtəlif variantlarla təsvir edilmişdir.Bir qisim tədqiqatçılar onu atəşpərəstlərin sitayiş məbədi, digərləri rəsədxana, mayak, məqbərə, keşikçi-nəzarətçi (göz qalası) qalası və s. kimi təyinatlandırmışlar.Bu versiyaların hər biri öz növbəsində tədqiqatçılar tərəfindən əsaslandırılmağa çalışılmışdır.
Əgər hər hansı bir toponimik coğrafi obyekt tədqiq edilirsə, birinci növbədə həmin obyektin adının mənasını fonoloji qaydada öyrənmək tələb olunur.Toponimin tarixlə bağlı arealları nəzərdən keçirilməli, daha sonra həmin arealın dilinə müraciət olunmalıdır.Bu üçlük (coğrafiya, tarix və dilçilik) toponimika elminin əsasıdır.
Hələ b.e.ə. V əsrdə yaşamış qədim yunan tarixçisi Herodot (b.e.ə. 484-425) özünün tarix kitabında Araz (Araks) çayının və Xəzər (Caspian) dənizinin sahilində yaşayan xalqları Massagetlər adlandırmışdır.O, massagetlərin hökmdarı və sərkərdəsi Tomris Xatunun (xanum-xatın qadın) Əhmənilər hökmdarı II Kiri məğlub etməsi və onu öldürməsini tarix kitabında sevgi ilə geniş təsvir etmişdir.
Maraqlıdır Herodot “MASSAGET” nominasiyasını haradan mənbələşdirmişdir?
Ondan da maraqlı burasıdır ki, heç bir tədqiqatçı alim nə Massaget sözünün, nə də Tomris Xatunun adının etimologiyasını önə çəkməmiş və bu adlar barədə heç bir təsəvvür belə yaratmamışlar.(Çox yəqin ki, hər iki məfhumun Qədim Oğuz dilində olmaması səbəbindəndir)
Araşdırmaçı məntiqi cəhətdən sözün hansı dildə məna daşımasını tarixi yazan müəllifin dilinə fokslanmalıdır.Bu səhv yanaşma yunan coğrafiyaşünası Strabonun Azərbaycanın xəritəsində göstərdiyi yer adlarının etimologiyasını oğuz dillərində axtarışlarının səmərəsiz nəticələri kimidir.
” MASSAGET” sözünü öyrənək.“Mas” latın dilində “kişi, adam”; sagetta” – “ox” deməkdir.Herodot Qədim Oğuz xalqlarının inancının “ox” olduğunu bilərək, onları “Ox inanclı adamlar” kimi tərcümədə vermişdir.(müəllif)
Tomris Xatunun adı latınlar tərəfndən adlanmadır.To- Teo -Tanrı; 2-ci heca “mirus”- “heyrətləndirici,möcüzəli” deməkdir.TOMRİS – “ Tanrının Heyrətamiz Qadını” kimi mənalanır.(müəllif)
Hər 2 məfhumda: məntiq + semantika + teolinqvistika + psixolinqvistika + sözduyumu + fonoloji tətbiq.(mənbə soruşanlara cavab)
Əgər biz Qız Qalasının əsl semantikasını bilmək istəyiriksə, birinci növbədə onun adını fonoloji qaydada öyrənilməsi tələb olunur.Qız Qalası paleotoponiminin yaşı qalanın tarixi ilə yaşdaşdır.
Əgər “massaget” sözü Herodotla həmyaşıddırsa, Qız Qalasının adı da b.e.
əvvəlki dövrlərə təsadüf edir.Bu məntiqlə yanaşmadan aydın olur ki, “Qız Qalası” məfhumu həmin dövrdə bu ərazilərdə yaşayan xalqların tarixinə nəzərən qalanın ilk adı “OĞUZ QALASI” olmuşdur.Ərəblərin Azərbaycana gəlişi səbəbindən Oğuz Qalası “QIZ QALASI” kimi işlənməyə başlamışdır.Ərəb dilində “o” səsi aktiv olmadığından Oğuz sözündən “o” səsi düşmüş (eliziya), Oğuz sözü “quz, qız” kimi işlənmişdir.(Ağdam rayonunda Quzanlı kəndi kimi)
O ki qaldı qalanın ərəb kufi xətti ilə yazılışında olan daş kitabəyə, “Qulleyi Məsud ibn Davud”, bu kitabənin qala divarına sonradan pərçim edilməsi onun səliqəsiz görünüşündən nəzərə çarpır.
Çox maraqlıdır ki, bu günə qədər tədqiqatçılarımızdan heç biri Məsudun kitabəsindən yuxarıda olan boş çərçivə haqqında heç bir kəlimə də olsun fikir söyləməmişlər.(?)Əslində kitabənin yaşı və adı o kitabədə olmuşdur.Xilafətin nümayəndəsi Məsud öz adını əbədiləşdirmək üçün atəşpərəstliyin paleoheroqlifini müsəlmançılığa zidd hesab edərək, onu əvəzləşdirmişdi.
Bəlkə də Qız Qalasının coğrafi mənbələrdə “Xunsar” kimi getməsi onun tarixi izlərini açıqlamağa şərait yaradır.Tədqiqatçılar “XUNSAR’ sözünün 1-ci hecası olan “xun” sözünü “gün” kimi doğru tapmış, 2-ci heca “sar” sözünü isə ”tərəf” kimi “sarı” sözündən yarandığını güman edərək bütövlükdə sözü “günəşə tərəf yönəlmiş, günəşə sarı əyilən” kimi səhv mənalandırmışlar.
Əslində isə Xunsar sözünün 2-ci hecası “sarı” Qədim Oğuzca “ay” deməkdir.Dilimizdə olan “sarı rəng” özü də ayın rəngindən yaranmadır.
Buradan aydın olur ki, Qız Qalasının müəyyən vaxtlarda təyinatı “Monastr” olmuşdur.”MONASTR” sözü də latınlarda “mon” – “ay”; “astra” isə – “ulduz” deməkdir.Yəni səma cisimlərinin hərəkətini izləyən rəsədxana.Xristianlıq qəbul edilərkən bu hazır monastrlar kilsələrə çevrilmişdir.
“kilsə” sözü latınca “krist”(xrist-xristian) sözündən alınmadır.İsanın çarmıxa çəkilməsinin simvolikasıdır.(Fars dilində “kiş” – “məzhəb yeri” sözü də “kilsə” sözündən yaranmışdır.Şəkidəki Kiş məbədi)
Qalanın 3-cü mərtəbəsindən 7-ci mərtəbəsinə kimi uzanan keramik borulardan qaz xəttinin keçməsi qalanın günbəzində od yanmasını işarələndirir.Bu həm onun atəşpərəstlik, həm də mayak rolunu oynamasını təsdiqləyir.
Əgər mən birbaşa Bakı şəhərinin adının Qız Qalasının adından yarandığını desəm, yəqin ki, bu təəccüblü görünə bilər.Əslində isə bu qaçılmaz bir həqiqətdir.Sadəcə olaraq söz psixolinqvistikanın məhsuludur.
Bütün substantlar kimi Ərəb Xilafətinin Azərbaycana yürüşü zamanı ərazinin xəritəsi çıxarılaraq idarəetmə üçün vəsait kimi istifadə olunurdu.Ərazidə olan yer adları sakinlərdən öyrənilərək tərcümə ilə öz dillərində ərazinin xəritəsi tərtib olunurdu.Yerli əhalinin qədim dövrlərdən gələn əfsanəyə görə bu qalanın “Qız Qalası” kimi adlandırılması səbəbindən ərəb dilində “qız” sözünün “bakirə” kimi tərcüməsi qalanın yerləşdiyi yaşayış məntəqəsinin (Bakı) nominasiyasını yaratmışdır.Həqiqətən də ərəb coğrafiyaçılarının yazılı mənbələrində ərazinin adının ilk vaxtlar “Bakiyyə, Bakuyyə, Baki” və s. kimi getmişdir.Bu gün də yerli bakılılar Bakı sözünü Baki kimi tələffüz edirlər.
Qız Qalasının ingiliscə “THE MAİDEN TOWER”, rus dilindəki “DEVİÇYA BAŞNYA” nominasiyaları3nda “maiden” və “deviçya” sözləri də “bakirə qız” kimi anlaşılır.İstər ingilis, istərsə də rus dillərində “qız” sözü “girl”, “devoçka” kimi vardır.
Araşdırmadan aydın olur ki, günümüzə gəlib çıxan “QIZ QALSI”ının ilkin adı “OĞUZ QALASI”, “BAKI” şəhərinn adı isə “BAKİYYƏ” (bakirə) olmuşdur.”BAKI” toponimi “QIZ QALASI” nominasiyasından alınan psixolinqvistik toponimdir.
P S Bu yazını yazmaqda əsas məqsədim BDU da dərs dediyim tarixçi və coğrafiyaçı tələbələrə bilik dairələrinin genişlənməsi və onlarda öz üzərlərində toponimik terminlərin öyrənilməsinin tətbiqi yollarını aşılamaqdır.
Əgər tələbələr yazdıqlarıma inansalar, onlar mütləq 35-40 min ili yaşı olan AZIX mağarasının adının da mənbələrdəki “ayı” sözü kimi yox, OĞUZ sözündən yarandığına inanacaqlar.AZIX – OĞIZ – OĞUZ…
“XƏZƏR” –ğuz, ğəz, ğəzər – OĞUZ…(“ər” sonluğu latın dilindəki “mas” sözü kimi “adam, kişi” deməkdir, yəni xəzərlilər, kaspilər, oğuzlar)
Bu yazıdan sonra alimlərimizin Oğuzların bu coğrafiyadakı sakinlik yaşlarının 3000 ildən bir azca da olsa, çoxalda biləcəklərinə inam yaranır…

DİLÇİLİKDƏN ETÜDLƏR

Müəllif: Həsən ƏLİYEV

SÖZ YARADICILIĞI

ALTERNATİV DÜŞÜNCƏ

>>>> DAHA ÇOX MƏLUMAT

HƏSƏN ƏLİYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Zabitlər

ZABİTLƏR
Bu çox həssas hekayə;
Duymaz onu hər ürək.
Duymaq üçün bu qəlbi,
O yoldan keçmən gərək!


Bu sözün anlamını
Bilməz hər yoldan ötən.
Bu sözün sinonimi
Gərək yazılsın Vətən!


Zabit hava, zabit su,
Zabit yol, zabit torpaq.
Zabit tənha bir ağac,
Zabit zirvədə bayraq!


Hələ lap körpəlikdən
Uşaqlıqdan vaz keçər.
Yeniyetmə olanda
Sədaqət andı icər!


Yaşıdları yatanda,
İsti yorğan-döşəkdə.
Çovğun, boran olsa da,
O dayanar keşikdə…


Bəzən sərhəd dirəyi,
Bəzən də körpü olar.
Bir ömür səfərdədir,
Bələdçisidi yollar…


Xidmət edər vətənə,
Sorğulamaz heç kimi.
Oğrunu qoruyantək,
Həm də qorur hakimi.


Şaxtada şaxı sınar,
Gündə çıxar cızdağı.
Palçıqlı çəkmələri
Daşır Vətən torpağı…


Al qanının rəngidir,
Al qırmızı lalələr..
Hər bahar salamlayır,
Onları Xürrəmilər…


Qanıyla suvardığı
Torpaq bitib yurd olar.
Yalançı, düz aramaz,
Hamıçün şəhid olar…


Sorğulamaz heç kimi,
Xidmət edər vətənə…
Onları tay tutmayaq,
Gəlin yoldan ötənə…

Müəllif: Zaur USTAC

“YAZARLAR” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair – publisist

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru