Niyazi, Həcər və Ceyhun

Azərbaycanın məşhur sənətkarı, dirijor Niyazi ilə dünyalar qədər sevdiyi Həcər xanımın izdivacından övladları olmayıb. Bu səbəbdən qohumlarının oğlu Ceyhunu övladlığa götürüblər. Amma Niyazi və Həcər xanımın böyütdüyü bu oğlan məşhur ailəyə, sözün həqiqi mənasında, fəlakət gətirib. Bütün qayğısız uşaqlıq dövrünü bu ailədə, Niyazinin evində keçirən Ceyhun həddi-büluğa çatandan sonra narkotik alüdəçisinə çevrilir. Elə ailənin acı günləri də bundan sonra başlayır. Ceyhun narkotikə qurşandığı gündən etibarən Niyaziyə və Həcər xanıma olmazın əziyyətlərini göstərir. Bu əziyyətlər 1990-cı ilin sentyabrında Ceyhunun analığı Həcər xanımı qətlə yetirməsi ilə başa çatır…
Niyazinin sağlığında ona oğulluğa Ceyhunun narkotik aludəçisi olması barədə “yuxarılardan” məlumat verilmişdi. Aldığı xəbər qarşısında çarəsiz qalan ata, Ceyhunu evdən qovmuş və dünyadan köçənə qədər onu əhv etməmişdi. Ancaq Maestro Niyazinin ölümündən sonra tək qalan Həcər xanım oğlunun ağıllandığını, daha pis vərdişlərdən əl çəkdiyini düşünərək onu evə almışdı. İlk günlər qalmaqaldan, söz-söhbətdən uzaq olan Ceyhun çox keçmir ki, həqiqi üzünü göstərməyə başlayır. Həcər xanımın evdən dəyərli əşyaların itməsi ilə bağlı Ceyhuna verdiyi ardı-arası kəsilməyən suallar (əslində həmin əşyaları Ceyhun oğurlamışdı) yavaş – yavaş Ceyhunu özündən çıxarır. Analığı ilə tez-tez dava etməyə, onu təhqir edib, narkotik üçün pul tələb etməyə başlayır. Bu mübarizənin axırı, bir az əvvəl də qeyd etdiyimiz kimi, qanla, ölümlə qurtarır…
Bəzi məlumatlara görə, narkotik almaq üçün pul dalınca evə gələn Ceyhun istədiyini əldə edə bilməyəndə analığı Həcər xanımı öldürmək qərarına gəlir. O, əvvəlcə analığının başından vurur, huşsuz vəziyyətdə yerə yıxılan Həcər xanımın ölmədiyini görəndə isə onu boğur və evi qarət edərək qaçır. Lakin dəqiq mənbələrdən oxumuşam ki, qətl hadisəsi belə olmayıb. Deməli, Ceyhun Həcər xanımdan pul almaq üçün evə gəlir. Əvvəlcə ac olduğunu deyir və analığından ona yemək verməsini istəyir. Həcər xanım mətbəxə keçib qatilinə yemək hazırlayır. Çörək doğramaq üçün götürdüyü bıçağın küt olduğunu görür və bıçaq itiləyən daşla bıçağı yaxşıca itiləyir. Çörəyi doğradıqdan sonra həmin bıçağı masanın üzərinə qoyur. Bu zaman stol arxasında oturub yeməyə məşğul olan Ceyhun fürsətdən istifadə edib analığından pul istəyir. Həcər xanım isə cavabında ona belə deyir:

-Mənim sənə verəcək pulum yoxdur!
Həcər xanım bu sözü deyib yataq otağına getmək üçün mətbəxdən ayrılır. Əsəbdən gözü dönmüş Ceyhun isə masanın üzərindəki iti bıçağı götürüb analığının arxasınca özünü yataq otağına çatdırır. Faciə də elə bu anda baş verir. O, Həcər xanımın ağzını əli ilə möhkəm sıxır, səsinin çıxmadığından əmin olandan sonra iti bıçağı analığının boğazına çəkir… Həcər xanım elə yerindəcə dünyasını dəyişir. Bu hadisə 1990-cı il, sentyabr ayının 29-da baş verir…
Tarixçi-alim, dosent Zaur Əliyev yazır: “…İndi Niyazinin ev-muzeyində sahibinə məxsus xatirə əşyalarının və əlyazmalarının çoxu yoxdur. Deyilənə görə, o əşyaların bəzilərini (məsələn, Maestronun həmişə barmağına taxdığı brilliant qaşlı üzüyü) Ceyhun evdən çıxararaq satıb, puluna narkotik alıb.
Ceyhunun taleyi də acınacaqlı olub. Bəzi məlumatlara görə, o, həbs olunub və 2000-ci ildə azadlığa çıxıb, səfil həyatı keçirib. Deyilənə görə, azadlıqda olduğu müddətdə atalığının mənzilinə də ara-sıra baş çəkib. Onun əşyalarına, paltarlarına baxıb fikrə dalırmış, ağlayırmış, özünü söyürmüş…
Son məlumatlara görə, Ceyhun qanunsuz silah gəzdirdiyinə görə 2012-ci ildə həbs edilib. Onun hazırda həbsxanada olduğu qeyd edilir…”

Mənbə: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>

“Qələm qılıncdan itidir”: Gənc yazarın “Debüt” uğuru – FOTOLAR

“Qələm qılıncdan itidir”: Gənc yazarın “Debüt” uğuru

8 aprel 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində son dövrlərdə artıq ənənə halını almış növbəti kitab təqdimatı mərasimi keçirilib. Bu dəfə müəllimlər, tələbə yoldaşları və oxucular fakültənin III kurs tələbəsi Südabə Məmmədovanın müəllifi olduğu kitabın təqdimatında bir araya gəldilər.

Tədbiri giriş sözü ilə dekan müavini Samir Xalidoğlu açdı. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və şəhidlərimizin ruhu sükutla yad edildi. Müəllif, kitab və onun ərsəyə gəlmə prosesi barədə məlumat verdikdən sonra

Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu tələbələrin uğurlarından bəhs edərək, bu nailiyyətlər içərisində Südabə Məmmədovanın da xüsusi payı olduğunu qeyd etdi.
Professor Cahangir Məmmədli Südabənin ilk gündən seçilən, daim axtarışda olan və gözdən qaçan aktual mövzulara toxunan tələbə olduğunu vurğuladı. O, bu uğurun təsadüfi olmadığını qeyd etdi.
Tədbirin moderatoru Samir Xalidoğlu daha sonra sözü kitabın işıq üzü görməsində böyük əməyi olan “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustaca verdi. Zaur müəllim Bakı Dövlət Universitetinin şəhid tələbəsi, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynovun döyüş yolu və onun xatirəsini əbədiləşdirmək məqsədilə həyata keçirilən “25 yarpaq” layihəsi haqqında geniş məlumat verdi. Bildirdi ki, kitabın “Debüt” adlandırılması tərtibçi-redaktor Ayətxan Ziyadın (İsgəndərov) ideyası olub və ümumilikdə kitabın ərsəyə gəlməsində onun zəhməti böyükdür.

Zaur Ustac Südabə Məmmədovaya “Debüt” kitabının nəşri münasibətilə “Ziyadar” mükafatını təqdim etdi. Tədbirin gedişində Zaur Ustac və Qərənfil Dünyaminqızı Südabə Məmmədovanın yazılarını hər oxuyanda kövrəldiklərini qeyd etdilər. Hətta Zaur Ustac dedi ki, “Sonuncu dəfə nə vaxt kitab oxuyanda kövrəldiyimi xatırlamıram. Bu kitabı iki dəfə oxudum və hər dəfə göz yaşlarıma hakim ola bilmədim. Hər dəfə xatırlayanda yenə kövrəlirəm.
Zaur Ustac çıxışını belə tamamladı:”Südabə, heç kimə fikir vermək lazım deyil, ancaq irəli!”

“Bütöv Azərbaycan” qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu Jurnalistika fakültəsinin öz ənənələri olan müqəddəs ocaq olduğunu bildirərək, qeyd etdi ki, fakültəmizin müəllimləri yalnız təhsil verib, elm öyrətmırlər. Burda həm də milli dəyərlərimizə sahiblənməyi öyrədirlər. Estafet etibarlı əllərdədir. Südabə Məmmədova mətbuat aləmində debütü məhz “Qansız davranışlı qanlı düşmən ” adlı ilk yazısı ilə “Bütöv Azərbaycan” qəzetində edib. Onu nübar kitabının çap olunması münasibətilə təbrik edirəm və təhsildə, gələcək fəaliyyətində uğurlar, şəxsi həyatında xoş günlər arzulayıram!
Kitaba ön söz yazmış

Qərənfil Dünyaminqızı Südabəni çalışqan araşdırmaçı və özünə qarşı tələbkar bir tələbə kimi səciyyələndirdi. Bildirdi ki, müəllif şübhə doğuran hər məsələyə dönə-dönə qayıdaraq onu dəqiqləşdirməyə çalışır. “Qansız davranışlı qanlı düşmən” adlı yazı isə onu xüsusilə sarsıdıb, oxuyarkən göz yaşlarına boğulduğunu və həyəcanlandığını qeyd etdi. “Ümid həyatın sərmayəsidir” əsərində isə bir qızın uşaqlıqdan pis yollara düşməmək üçün göstərdiyi səylər və nəticədə uğur qazanması oxucu yaddaşında dərin iz buraxıb.
Fakültənin müəllimi

Aygün Əzimova qeyd etdi ki, Südabə Məmmədova “Azərbaycan Jurnalistikasının Görkəmli Publisistləri” dərsi çərçivəsində yazdığı yazılarda keçmiş dövrlərin problemlərini müasir dövrün problemləri ilə müqayisə edərək samballı yazılar ərsəyə gətirmişdir. Dərslər bitsə belə Südabə Məmmədovanın axtarışları, sualları bitmirdi…
“Xəzan” jurnalının baş redaktoru, yazıçı-publisist Əli bəy Azəri isə kitabın bəzi məqamları haqqında öz tənqidi fikirlərini bildirib və müəllifə növbəti yaradıcılıq işlərində belə nüansları nəzərə alması üçün tövsiyələr verib.
BDU Jurnalistika fakültəsinin məzunu və Südabənin ilk qələm təcrübəsinə dəstək olmuş

Əsgər İsmayılov tələbələr adından çıxış edib. O, Südabəyə uğurlar arzulayıb və tələbələrə göstərdikləri dəstəyə görə universitet və fakültə rəhbərliyinə təşəkkürünü bildirib. Oxucu qismində çıxış edən Tərlanə Abdullayeva da öz tələbə yoldaşına uğurlar arzulayıb.
Sonda söz müəllifə – Südabə Məmmədovaya verilib. O, gələcək planlarından danışaraq ona dəstək olan hər kəsə təşəkkürünü bildirib. Çıxışını isə öz sitatı ilə tamamlayıb: “Qələm qılıncdan itidir, o qələm ki, doğrunu və ədaləti əks etdirir.”
Tədbirin sonunda iştirakçılarla xatirə şəkilləri çəkdirilib.

Məlumatı hazırladı: Təhmasib İSAYEV
FOTOLAR

“Qələm qılıncdan itidir”: Gənc yazarın “Debüt” uğuru


AZƏRBAYCAN MƏTBUATI – 150

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ağdaban faciəsinin qurbanlarının xatirəsi yad edilib

Ağdaban faciəsinin qurbanlarının xatirəsi yad edilib

Ağdaban faciəsinin 33-cü ildönümündə Mahmud Kaşqari adına Beynəlxalq Fondun təşəbbüsü və Yasamal rayon Mərkəzi Kitabxanasının tərəfdaşlığı ilə anım tədbiri keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin, faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı tədbiri giriş sözü ilə açaraq Ağdaban kəndində erməni vandalları tərəfindən törədilən qanlı cinayət haqqında məlumat verib. O, bildirib ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni quldur dəstələri Ağdərə rayonunun Çapar yaşayış məntəqəsindən Kəlbəcərin Ağdaban kəndinə hücum edərək 130 evdən ibarət kənddə xalqımıza qarşı soyqırımı cinayəti törətmişlər. Hadisə zamanı onlarca insan xüsusi amansızlıqla qətlə yetirilmiş, diri-diri yandırılmış, bədən üzvləri kəsilib-doğranmışdır. Xüsusilə uşaqları, qadınları və yaşlı insanları hədəf seçən erməni quldurları insanlar arasında qorxu və vahimə hissini daha da artırmaq üçün kəndi tamamilə yandırmış və qarət etmişdilər. Qanlı cinayət zamanı klassik Azərbaycan ədəbiyyatının ustad sənətkarı Ağdabanlı Qurbanın və onun oğlu, XX əsr ədəbiyyatımızın və aşıq sənətinin görkəmli nümayəndəsi Dədə Şəmşirin zəngin arxivi və nadir əlyazmaları tamamilə yandırılaraq məhv edilmişdir.
Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyev çıxışında bildirib ki, Ağdaban kəndində törədilən faciə, əslində, bir günün hadisəsi deyil, iki yüz ilə yaxın müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi.
Beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulduğu Ağdaban faciəsi Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalıda, Goranboy rayonunun Ballıqaya kəndində və digər yerlərdə azərbaycanlı əhalini kompakt şəkildə məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir.
Millət vəkili vurğulayıb ki, bu faciəyə ilk hüquqi-siyasi qiymət verən ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.
Daha sonra çıxış edən tarix üzrə fəlsəfə doktoru, fəxri mədəniyyət işçisi, Kitabxananın direktoru Lətifə Məmmədova hadisələrin tarixinə nəzər salıb, hələ 1990-cı ilin qanlı yanvarından başlayaraq 2023-ci ilin Zəfər günümüzə qədər Azərbaycan xalqının qət etdiyi mübarizə yolundan bəhs edib. Çıxışının sonunda L.Məmmədova “Mahmud Kaşqari adına Beynəlxalq Fond”un rəhbəri, millət vəkili Cavanşir Feyziyevin təşəbbüsü ilə yaradılan və bu gün auditoriyaya təqdim olunan kitab sərgisini və Ağdaban faciəsinin dəhşətlərini özündə əks etdirən foto-qalereyanı hadisələri gənc nəslə unutdurmayacaq unikal addım olduğunu söyləyib. Qeyd edək ki, Fondun tərtib etdiyi kitab sərgisində xalqımızın başına gətirilən müsibətləri özündə ehtiva edən, ötən 35 il ərzində Azərbaycanda və ölkə xaricində işıq üzü görən tarixi-filoloji, nəzəri-publisistik ədəbiyyatlar: “Azərbaycan faciələrinin təqvimi”, “Şəhidlərimiz – qürur yerimiz”, “Ağla qərənfil, ağla”, “Qan borcu”, “Parçalanmış millətin harayı”, “Vətən”, “Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri”, “Bir ölümün acığına”, “Müdaxilə”, “Qara gündəlik”, “Şəhidlər dastanı”, “Mən şahidəm ki…” və digər kitablar yer alıb.
Azərbaycan Beynəlxalq Radiosunun Proqramlar şöbəsinin rəisi, filologiya üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu çıxışında bildirib ki, ermənilər heç kimlə qonşuluq edə bilmədiklərini Ağdaban kəndinin sakinlərini diri-diri odlara qalamaları ilə bir daha sübut etdilər. 1992-ci il aprel ayının 7-dən 8-nə keçən gecə Çapar kəndində yaşayan daşnak tör-töküntüləri Ağdabana qəfil hücum etməklə onu yer üzündən sildilər. Kəlbəcər ilk şəhidlərini məhz orada verdi. Bu dəhşətli hadisə tarixə “İkinci Xocalı” kimi yazıldı.
Mədəniyyət Nazirliyi “Xatirə” kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, “Dövlət və Qanun” qəzetinin baş redaktoru Yasəmən Möhübbət qızı, yazıçı-publisist Nüşabə Məmmədli, “Mədəniyyət” qəzetinin baş redaktor müavini Fariz Yunisli çıxış edərək bu tarixin unudulmaması üçün belə anım tədbirlərinin vacibliyindən söz açıblar.

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səyyad Əhmədli (Göyçəli)nin şeirləri

Səyyad Əhmədli (Göyçəli)nin şeirləri

Sevirəm
Səninlə bir yola gedə bilmərik,
Öz dünyam var,orda bir can sevirəm.
Kəc baxmaram bir kimsənin malına,
Gözü bağlı ötməyi yan,sevirəm.

Dəyişmirəm zaman-zaman ,,gülləri,”
Çox naşıyam,bilməm fəndi-felləri,
Yalquzaqtək dolaşıram çölləri,
Sən saraylar,mən biyaban sevirəm.

Qeyrət,namus, pul-parayla ölçülməz,
Ucalanlar ad qoruyar,kiçilməz,
Namərdlərin körpüsündən keçilməz,
İsbat edib bunu zaman,sevirəm.

Ağlına qar yağsın, yaşından utan,
Mənliyini ,,şana-şöhrətə” satan,
Halal ,,mayasına” haramlıq qatan,
Qoysunlar belinə palan,sevirəm.

Şümür gözü əymə sola,gah, sağa,
Xain olma əyləşdiyin budağa,
Zəhrimar dilinə ola qadağa,
Çıxa yara,bata tikan,sevirəm.

Səyyadam dolandım təmiz adıyla,
Xoş davrandım həm qohumla,yadıyla,
Dostluq edib fəqirlərin ,,oduyla”,
,,Alışmağı”,bil ki, yaman sevirəm.


Gedirəm
Şəhərin çiskini qorxulu deyil,
Göyçənin həsrəti üzdü,gedirəm.
Tamarzı qalmışam buz bulaqlara,
İçdiyim su lildi,duzdu,gedirəm.

Bir xəyalmış o dağlarda səkdiyim,
Bənd-bərədə at nalını tökdüyüm,
Neçə-neçə qollar əyib bükdüyüm…,
Şəhər məni ,,əydi,büzdü”,gedirəm.

Öyrəndik nə’rəni dağlar selindən,
Şikar saldırmağı qartal əlindən,
Sonalar çıxardıq ayna gölündən,
Sanki,nağıl, ya boş sözdü,…gedirəm.

Yox!
Yaşa boylanıb, qoca demirəm ,
Hələ onu həzm eləyib ,,yemirəm”,
Sanırdım ki, sarsılmazam,dəmirəm,
Demə əyən nəzər, gözdü,gedirəm.

Səyyad şəkk eləmir dediyi sözə,
Allahın lənəti gəlsin bəd gözə.
Bir vaxt deyirdim ki,çataram yüzə,
Erkən dedim yetdim ,,yüzə,” gedirəm.


Vətəndə – vətənsiz
Elə kövrəlmişəm,bir himə bəndəm,
Axıtmağa, gözlərimin yaşını.
Vətəndə, vətənsiz;-çəkilməz dərddi…,
Yuxumda öpürəm torpaq- daşını.

Çox üz-üzə qaldım yaxşı-yamanla,
Ümidlər bəsləyib keçən zamanla,
Ötürdüm ömürdən böyük gümanla,
Neçə-neçə baharını, qışını.

Allahdan dilə sən qovuşdurmağı,
Qoyma xəzan olsun könül yarpağı,
Az axıt göz yaşı, deməynən ağı,
Səyyad,dik tutarsan sən də başını.


Bilin
Mənim öz dünyam var,öz aləmim var,
Orda paxıllığa yer yoxdu bilin.
İnsanlıq deyilən sadə məkandı,
Qapısı açıqdı hər vaxtı,bilin.

Ora girən məyus olmaz, üzülməz,
Çöhrəsində peşmançılıq sezilməz,
Güvənlidi,usanılmaz,bezilməz,
Qəlbi qaralara yay-oxdu,bilin.

Leysan olar,buludlardan axılar,
Şimşək olub atəş kimi çaxılar,
Sevincə sevinər,qəmə sıxılar,
Saxtakar əməldən uzaxdı, bilin.

Səyyad sərvət üçün zarımaz,sınmaz,
Şükr edər payına,olanı danmaz,
Kələfli işlərdən anlamaz, qanmaz,
Şər-böhtan əməldən qaçaxdı,bilin.


Düşdü
Elə qəribsədim,elə darıxdım,
Göyçəmiz yadıma düşdü,nə düşdü.
O zərli kəndimin tamarzısıyam,
Yandı bağrım başı,bişdi,nə bişdi.

Dilim qabar oldu dad diləməkdən,
Usandım xatirə il “bələməkdən”,
Yadıma düşdükcə sel ələməkdən,
Kor oldu gözlərim,şişdi,nə şişdi.

Allahdan ümidin üzməyib Səyyad,
Ünü ərşə qalxsa,etsə də fəryad.
Qınamasın qohum,qınamasın yad,
Günü qəm-qüssəylə keşdi,nə keşdi.
[08.04 11:53] Səyyad G: ~Gülür ~
Yenə bahar gəlir ana yurduma,
Çəmən gülür,çiçək gülür,gül gülür.
Günəş öz nurunu yayır dağlara,
Sellər aşıb daşır,güzən, çöl gülür.

Bozarmış meşələr geyir tər libas,
Bülbüllər güllərə edir iltimas,
İnsanlar sevinir,quraraq təmas,
Hər kəs bayramlaşır,dodaq,dil gülür.

Səyyad təbrik edir misralarında,
Səadət diləyir dualarında.
Gözəl havaların sədalarında,
Qız gəlin oynayır,incə bel gülür.


Odunda yanım
Sən bir şəm ol,mən pərvanə,
Alışdır, odunda yanım.
Ürəyindən hərarət ver,
Bəlkə dinclik tapa canım.

Hər bir kəlmən məlhəmimdi,
Həm zilimdi,həm bəmimdi,
Bu günümdə həmdəmimdi,
Qoymur dərd-qəmdən talanım.

Səyyadın müştaqdı gülə,
Bənzərsən şeyda bülbülə!
Qurban olum şirin dilə,
Qıyma yansın din-imanım.
Məni ,,atəşə”salanım.


Amandı
Ömrümə yazılan ay ömür payım.
İnciyib qaş-qabaq salma, amandı.
Himə bənddi, patlamağa çalışan,
Ürəyimi nişan alma, amandı.

O xəznədə bil, xüsusi payın var,
Deyiləm vəfasız, ya da biilqar.
Dünyada hamının bir gedişi var,
Bulud kimi belə dolma, amandı

Anam yoxdu ağı deyib ağlasın,
Qızım yoxdu ürəkləri dağlasın,
Ata deyə qəlbi qübar bağlasın,
Bu,həyatdı,məyus olma, amandı.

Ruhum dolanacaq,başının üstə,
Gülər gözlüm, şirindil, boyubəstə,
Ara-sıra sızlayanda ahəstə,
Dərd əlində əsir qalma, amandı.

Hər gələn nəfsini tökdü də getdi,
Könül taxt-tacımı viranə etdi,
Səyyad,ta, ömrünün sona yetdi,
Xiffət edib, gülüm,solma, amandı.


Kimi
Mənə bir sevgi ver,başına dönüm,
Daşıyım mən onu məzara kimi.
Qoruyan mələyim olsun həyatda,
Məhv etsin bədliyi…, azara kimi.

O sevgi səs salsın bütün düyaya,
Sorağı yayılsın ulduza, aya.
Bütün dərdlərimi döndərib ,,suya,”
Qoparsın sinəmdən bir yara kimi.

Səyyadı yandırıb kül eləsin,kül,
Səsinə səs versin hər şeyda bülbül.
Qaşları bir kaman,saçları sünbül,
Məlhəm ol dərdimə bir çara kimi.
[08.04 11:53] Səyyad G: ~ Eh, paxıllıq,paxıllıq~…

Əmması olmasa hər deyilənin,
Dünyada gözəllik aşıb-daşardı.
Paxıllıq qəlblərə yol tapmasaydı,
İnsanlar şad-xürrəm ömür yaşardı.

Özün üstün bilən xamdı,naşıdı,
Düşünsün ki,Süleyman nə ,,daşıdı”?!
Abır,ismət,insanlığın ,,başı”dı,
Dədələr beləcə el dolaşardı.

Şeytan ara qatıb nifaq salmasa,
Ət-dırnaq arası girən olmasa,
Dərd əlindən saralmasa,solmasa,
Səyyad da ürəkdən nəğmə qoşardı.

Məzar başında ,,söhbət”

Uzat əllərini qoy sinəm üstə,
Məlhəm olub dərdlərimi kiritsin.
İllərdi ki,göynək olmuş yaramı,
Misqal-misqal,gilə-gilə çürütsün.

Gözləmirdim bu sevdanın sonunu,
Fələyin varıymış özcə qanunu!
Buza dönmüş sevdamızın donunu,
De, kim nəfəs versin,de,kim əritsin?!

Səyyad nələr çəkir,yoxdu xəbərin,
Əsiri olubdu qəmin-kədərin!
Üstünə şığıyan külli-ləşkərin,
Hansın dayandırsın,hansın,,yeritsin”.


Çəkdilər başa
Öz-özümə düşündümkü, yaşadım,
Sən demə ömrümü vermişəm boşa.
İnanıb hər sözə, ürək qoyan mən,
Məclisdə gədanı çəkdilər başa.

Fənd-felim olmadı gəlmədim kələk!,
Duymadım qarşımda şeytan,ya mələk!,
Üyünüb ələndim hey ələk,ələk,
Sirdaş sandıqlarım etdi tamaşa.

Səyyad,çabalamaq gecdi, biləsən,
Duymadınmı tez alışar tələsən?!
Məkirli işlərdə xamsan hələ sən,
Barış dərdlərinlə, yaşa baş-başa.

Müəllif: Səyyad Əhmədli (Göyçəli)

SƏYYAD ƏHMƏDLİ (GÖYÇƏLİ)NİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Aktau şəhərinin 2025-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub

Aktau şəhərinin 2025-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması münasibətilə Türk dünyasının mədəniyyət təşkilatlarının rəhbərləri Aktauda toplaşıblar. Möhtəşəm mərasim Qazaxıstan Prezidentinin tədbir iştirakçılarına ünvanladığı müraciətlə başlayıb, Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balaeva çıxış edərək Prezident Kasım-Jomart Tokayevin adından ünvanlanmış təbrik məktubunu səsləndirib. Tədbirin təşkilatçıları qismində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk MədəniyyətiQazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi, eləcə də Manqıstau vilayəti və Aktau şəhəri akimliyi çıxış ediblər.
Qeyd edək ki, Aktau şəhəri 2025-ci il üçün Türk dünyasının mədəniyyət paytaxtı statusunu 2024-cü ilin noyabrında Türkmənistanın Anau şəhərindən təhvil alıb.
“Paytaxtın Şuşa, Anau, Aktau olmasından asılı olmayaraq bizim missiyamız türk xalqlarının mədəni cəhətdən yaxınlaşmasına xidmət etməkdir, – deyən TÜRKSOY-un baş katibi, Qırğızıstanın xalq yazıçısı Sultan Rayev yazarlar.az əməkdaşımıza açıqlamasında təşkilatın prioritetlərindən, Azərbaycanda həyata keçirdiyi təşəbbüslərdən və planlarından danışıb.
Son 30 ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) türk xalqları arasında mədəni əlaqələrin möhkəmləndirilməsində, ortaq tarixi irsin qorunub saxlanılmasında, incəsənətin inkişafında və vahid mədəniyyət məkanının formalaşmasında mühüm rol oynayıb.
Baş katib vurğulayıb ki, TÜRKSOY-un əsas missiyalarından biri türk ölkələrinin mədəniyyət sahəsində inteqrasiya, yaxınlaşma və əməkdaşlıq yolu ilə birləşməsidir. TÜRKSOY son 30 ildə bu istiqamətdə fəal iş apararaq həqiqətən də Türk dünyasını birləşdirən, mədəniyyətimizin qorunub saxlanması və təbliği ilə məşğul olan təşkilata çevrilib.
TÜRKSOY-un Azərbaycanla bağlı mədəni təşəbbüslərindən danışan Baş katib bildirib ki, son üç il ərzində Azərbaycanda bir çox əlamətdar tədbirlər keçirmişik. Bu istiqamətdə mədəni-humanitar forumlar, media forumları və mədəniyyət məsələlərinə həsr olunmuş tədbirlər xüsusi əhəmiyyət kəsb edir. O qeyd edib ki, Azərbaycanda həm də bir sıra teatr festivalları təşkil etmişik. Bizim ilk teatr festivalımız məhz Azərbaycanda baş tutdu, daha sonra isə kino festivalı keçirildi. Ənənəvi Xarıbülbül festivalında hər il Türk dünyasının sənətçiləri fəal iştirak edirlər – bu, bizim sevimli festivalımızdır. Biz mütəmadi olaraq Şuşada keçirilən bütün tədbirlərdə iştirak edirik. Bundan başqa Azərbaycanda Türk dünyasının tanınmış rəssamlarının sərgisi təşkil edirik.
TÜRKSOY-un ədəbi layihələrindən, türk xalqlarının ədəbi irsinin qorunub saxlanılması və təbliği ilə bağlı planlarından danışan Sultan Rayev diqqətə çatdırıb ki, biz Azərbaycan yazıçılarının əsərlərinin başqa dillərə bədii tərcüməsi ilə fəal məşğul oluruq. Bu il Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyini qeyd edirik və bu dahi şairin şeirlərini Türk dünyasının bütün dillərinə tərcümə edirik. Onun yaradıcılığı bütün Türk dünyasının sərvətinə çevrilməlidir. Aprel ayında Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək, bu günlər çərçivəsində biz Bəxtiyar Vahabzadənin qırğız dilində kitabını təqdim edəcəyik.
2025-ci ildə Aktau şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı olmasından danışan Baş katib vurğulayıb ki, 2026-cı ildə Özbəkistanın şəhərlərindən biri Türk dünyasının növbəti mədəniyyət paytaxtı elan olunacaq. 2023-cü ildə bu status Şuşaya məxsus olub, ondan sonra isə Türkmənistanın Anau şəhərinə verilib.
Yaxın vaxtlarda TÜRKSOY-un təşkilatçılığı ilə Azərbaycanda Türk dünyasının ilk cizgi filmləri festivalını keçirməyi planlaşdırdığını bildirən Baş katib hazırda bu tədbirə fəal hazırlıq getdiyindən söhbət açıb. Sultan Rayev xüsusi vurğulayıb ki, animasiya incəsənətin çox yaradıcı və müasir istiqamətidir və biz bunu Türk mədəniyyət məkanı çərçivəsində inkişaf etdirməkdən çox şadıq.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə müştərək görülən işlərin müsbət nəticələrini diqqətə çatdıran Baş katib ümumilikdə ilin sonuna kimi Azərbaycan Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ondan çox proqram keçiriləcəyini bildirib.
Sultan Rayev mətbuata açıqlamasında hal-hazırda Azərbaycanda Mahmud Kaşqari adına Beynəlxalq Fondla yaxından əməkdaşlıq etdiklərindən məmnuniyyətini dilə gətirib. Kaşğarinin ana vətəninin İssık-kul gölünün sahilində Barskan şəhəri olduğunu bildirən Sultan Rayev məhz Kaşğarinin adını daşıyan Fondla əməkdaşlığın onun üçün həm simvolik, həm də mənəvi dəyəri olduğundan söz açıb. O bildirib ki, məhz bu gün – aprelin 7-də Qazaxıstanın Milli Universitetində Mahmud Kaşğari Barsqaniyə və Əl-Fərabiyə həsr olunmuş beynəlxalq konfrans keçirilir. Kaşğari Fondunun rəhbərliyi də bu konfransda geniş məruzə ilə iştirak edir.
O bildirib ki, Kaşğari Fondu rəhbərliyinin TÜRKSOY-un gördüyü işləri yüksək qiymətləndirməsi, AMEA Elmi Şurasında bizim müştərək fəaliyyətimizdə səmərəli tərəfdaşlığı, şəxsimə böyük ehtiramla “fəxri professor” təltifi ilə bağlı təşəbbüsdə bulunmaları bizləri əlahiddə məmnun edib və bu xeyirxah düşüncələr görəcəyimiz işlərdə bizi daha məhsuldar işləməyə sövq edib.
Baş katib vurğulayıb ki, Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyevin milli təəssübkeşliyi və təşəbbüskar fəaliyyəti, rəhbərlik etdiyi yaradıcı kollektivin məsuliyyətli iş birliyi bizim birgə icra edəcəyimiz mədəniyyət layihələrinin, akademik nəşrlərin həyata keçirilməsi üçün böyük imkanlar yaradır. Fondun oxuculara yenicə təqdim edilən Virtual kitabxanasında görmə imkanları məhdud olan insanların mütaliəsinə dəstək məqsədilə yaradılan “danışan kitab” projesinin, kitabxanada oxuculara səsli təqdim olunan audio kitabların təkcə sosial layihə deyil, insani keyfiyyət üstünlüyünü vurğulayan Baş katib bu cür ali vətəndaşlıq borcunu kütləviləşdirməyi digər kitabxana və ictimai birliklərə də tövsiyə edib. “Müşahidələrimdən çıxış edərək əminliyimi ifadə etmək istəyirəm ki, Cavanşir Feyziyevin başqanlığında Kaşqari Fondu çox yaxın gələcəkdə öz loqosunu Türk mədəniyyəti aləmində brendə çevirəcəkdir”, – deyə Sultan Rayev əlavə edib.
TÜRKSOY bütün türk dünyasının beynəlxalq səviyyəli ortaq mədəniyyət evidir. Ötən dövrdə böyük inkişaf yolu keçən TÜRKSOY bu günümüzə kimi tarixi nailiyyətlərə imza atdığı kimi hesab edirəm ki, yeni-yeni layihələri reallaşdırmaqla bütün türk dünyasının ortaq etimadını bundan sonra da doğruldacaqdır” – deyə Sultan Rayev fikirlərini yekunlaşdırıb.

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunda Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib. Elmi sessiyada akademik Teymur Kərimlinin, professor Esmira Fuadın, ədəbiyyatşünas alim Qiymət Məhərrəmlinin xalq şairinin yaradıcılığına həsr olunmuş məruzələri dinlənilib. Bəxtiyar Vahabzadənin ailə üzvü Rəna Rzayeva çıxış edərək ailəsi və doğmaları adından tədbirin təşkilatçılarına dərin minnətdarlığını bildirib.
Milli Məclisin deputatı Cavanşir Feyziyev Türk dünyasının İstiqlal şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ərəfəsində keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. Deputat bildirib ki, məhz bu elmi sessiyanın keçirildiyi elm məbədi Məhəmməd Füzulinin adını daşıdığı üçün biz də bu günkü məruzəmizi rəmzi olaraq “Bəxtiyar Vahabzadə yaradıcılığında Füzulinin bədii obrazı”na həsr etmişik.
Cavanşir Feyziyev: “Şəbi – hicran” Bəxtiyar Vahabzadənin qəlbindən Füzuli dünyasına gedən bədii yoldur…”
Çağdaş Azərbaycan ədəbiyyatı zəngin və çoxəsrlik tarixi kökləri olan mənəvi qaynaqlar üzərində bərqərar olmaqdadır. Bu mənada, Məhəmməd Füzuli mənəvi fikir tariximizin məhvərində dayanan və yüzillərdir qələminin işığı söz dünyamızı rövnəqləndirən poetik dühalardandır. Yaşadığı dönəmdən 5 əsrdən çox zaman keçməsinə baxmayaraq bu gün çağdaş Azərbaycan ədəbiyyatında, o cümlədən qardaş türkdilli ədəbiyyatlarda Füzuli yaradıcılığından bəhrələnmələrə geniş rast gəlinir. Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə də Füzuli sözünün sehrində yazıb-yaradan, öz mənəvi dünyasında və əsərlərində Füzuli ruhunu yaşadan aydın məfkurə adamlarındandır.
Milli mədəniyyət, milli əxlaq və milli mənəviyyatımıza son dərəcə sadiq qalan Bəxtiyar Vahabzadə müdrikliyində Dədə Qorquda, monumental epik təsvirlərində Nizamiyə, incə, hüznlü lirikasında Füzuliyə, dünyanın ilahi mahiyyətinə varmasında, müqəddəs hissləri dilləndirməsində Nəsimiyə, Sözü Fatehlik qüdrətinə çatdırmasında Şah İsmayıl Xətaiyə, varlığımızı didən cəhalətə, idraksızlığa qarşı üsyan etməsində Mirzə Fətəli Axundzadəyə, Mirzə Ələkbər Sabirə, Cəlil Məmmədquluzadəyə, romantik duyğuların qanadlandırılmasında Hüseyn Cavidə, Məhəmməd Hadiyə, milli ideologiyanın poetik-fəlsəfi laylarını açmasında Əli bəy Hüseynzadəyə, Məhəmməd Əmin Rəsulzadəyə, mənəviyyatımızı musiqi ladlarında duymasında və publisistik kəsərində Üzeyir bəy Hacıbəyliyə, Vətən torpağının ülviyyətini real cizgilərlə canlandırmasında Səməd Vurğuna bənzəyir. Amma, əlbəttə ki, bütün bunlarla yanaşı, Bəxtiyar Vahabzadə hər yerdə özüdür və öz Sözünün Ustadıdır.
“Şəbi-hicran” poemasında dahi ustadı Füzulinin sözə olan heyranlığının yeni çalarlarını qələmə alan Bəxtiyar Vahabzadə həm də bu ilahi heyranlıqdan Füzulinin özünə də müstəsna dərəcədə böyük pay ayırırdı. Bəxtiyar Vahabzadə Mövlananın Şəms Təbriziyə olan ilahi bağlılığı qədər Füzuliyə bağlıydı, onun heyranıydı. Sənətin hansı gizlininə baş vururdusa, qarşısında Füzulini görürdü və bu düşüncələri şeirin ölməz dili ilə belə ifadə edirdi:

Qəvvas olub o dəryada mən çox üzmək istədim,
Batdım bircə damlasında, damlası da dərindi.

Və yaxud:
Dərk etmədim hikmətini, can heyrətdən uçundu…
Bu, Bəxtiyar Vahabzadənin Füzuli dühasına olan heyranlığının bədii ifadəsi idi. Ədibin Füzuli haqqında publisistik müstəvidə söylədikləri də bədii şəkildə dediklərini addım-addım izləməkdədir: “İnsanlığın yönünü Tanrıya çevirən Füzulinin səsi bütün zamanları dəlib keçir, bizi həqiqətə, sədaqətə, ədalətə, böyüklüyə, ülviliyə və yüksəkliyə səsləyir. O, bizimlə bərabər yaşayır… Şairlər var ki, biz onları bəyənirik. Şairlər var ki, biz onları sevirik, şairlər də var ki, biz onların sənəti qarşısında sükut edir, onun sehrinə düşürük. Füzulinin özü demişkən: “Sürəti-halın görən surət xəyal eylər məni”. Beləliklə, Füzuli şeirinə, Füzuli xatirəsinə ən böyük hörmət, bizim heyrətimiz və bu heyrətdən doğan sükutumuzdur” (Bəxtiyar Vahabzadə, M.Füzulinin 500 illik yubileyindəki çıxışından, (Türkiyənin Bilkənd Universiteti), Zaman və Mən, Bakı-1999, səh. 225).
Həm Füzuli, həm də Bəxtiyar Vahabzadə üçün poeziya, ümumiyyətlə, sənət aləmi eşqin təranəsi, insan düşüncəsinin uçuş mərkəzi kimi dəyərli idi. Bu münasibət Bəxtiyar Vahabzadənin “Şəbi-hicran” poemasının “Can yanğısı” fəslində yetərincə mükəmməl şəkildə öz ifadəsini tapmışdır:
Biri deyir: Həyatın hüsnü, süsüdür sənət
Biri deyir ürəyin döyüntüsüdür sənət.
Biri deyir ki, sənət təbiətin səsidir,
Biri deyir ki, sənət eşqin təranəsidir.
Biri deyir ki, sənət hər şeydən öncəsidir,
…Biri deyir ki, sənət insan düşüncəsini,
Fikrini, xəyalını uçurur göylərə.
Əsərin əsas surətlərindən biri olan Əbdül Kərimin dedikləri isə əslində, böyük müdriklərin – ilk növbədə Füzulinin və Bəxtiyar Vahabzadənin öz münasibətini ifadə edir.
Sənət dəryaya bənzər,
Onun min bir halı var
Onun sirlərlə dolu öz cahi-cəlalı var.
Kiminin bu dəryada gördüyü çör-çöp olur,
Kimi də dibindəki incilərə vurulur.
Məncə, can yanğısıdır şeir, sənət əzəldən…
Poemanın başqa bir səhnəsində Leyla ilə Məhəmmədin qarşılıqlı söhbəti əsasında sənətə, sənətkara olan müanasibətini Füzuliyanə bir tərənnümlə Bəxtiyar belə ifadə edir:

  • Yanırsan, əzizim, alış, yan yenə,
    Sənət dediyin də yanar çıraqdır.
    Elin kədərinə, elin qəminə,
    Sən də yanmayanda, kim yanacaqdır?
    Bəxtiyar Vahabzadə ustadı Füzuliyə xas müdrikliklə sənətkarı yanan şama, çırağa bənzədir. Eyni zamanda, fərqinə varır ki, Füzulinin, bir növ özünün prototipi kimi yaratdığı Məcnunun özü də əbədi, sönməz bir eşq çırağıdır. Onun şölələri milyonların könlünə eşq şəfqəti əta edir. Buna görə də Bəxtiyar Vahabzadə “Heyrət, ey büt!” məqaləsi boyunca dahi şairin sənətkarlıq məziyyətlərinə bu yöndən nəzər salmağı vacib bilirdi: “Füzulinin tərənnüm etdiyi eşqin özü böyükdür. Bu eşq insanı fədakarlığa çağıran, onu daxilən böyüdən, mənən yüksəldən, qəhrəmanlıq dərəcəsinə ucaldan eşqdir. Füzuli nə üçün Məcnunun tablosunu cızdı? Məcnun nəyin dəlisidir? Məcnun idrak Məcnunudur, hər şeyi dərk etmək, hər şeyin mahiyyətinə, cövhərinə varmaq ehtirasının timsalıdı… Məcnun cəmiyyətin məhdud qayda və qanunlarına qarşı idrakın üsyanıdır… Bir sözlə, Füzuli böyük təbiətli, böyük idraklı cəmiyyətin fövqünə ucalmış əfsanəvi Məcnun obrazında özünü, öz mənəviyyatını tapmışdır. Məcnunu Füzuliyə sevdirən ondakı üstünlük, ondakı böyüklük və yüksəklik idi. Bəxtiyar Vahabzadə M.Füzulini “sözlərində nəfəs alan, fikirlərində yaşayan, duyğularında fəryad çəkən insanlar insanı, şairlər şairi, ariflər arifi” kimi qəbul edir, xüsusi bir duyğusallıqla onun havasına uçunur və bu barədə olan fikirlərini belə ifadə edirdi: “Füzuli tədqiqatçılarından hər biri onun böyüklüyünü bir cəhətdən görmüşlər. Mən isə onun böyüklüyünü ilk növbədə dilinin sehri ilə dünyadakı böyük türk xalqlarını birləşdirməsində, bu çırağın ətrafında toplaya bilməsində görürəm. Kim iddia edə bilər ki, Füzuli yalnız azəri türklərinin şairidir? Yox! O, həm azəri, həm türkmən, həm Kərkük, həm özbək, həm də Türkiyə türklərinin dahisidir. Bir sözlə, Füzuli türk xalqlarının kökü, bizsə onun qolları, budaqlarıyıq”. (Bəxtiyar Vahabzadə, “Mənəviyyat bayrağı”, “Ədəbiyyat qəzeti”, 17 fevral 1995).
    Bəxtiyar Vahabzadə Füzulinin böyüklüyünü hər şeydən əvvəl dilinin sehrində görürdü və bu həm də Füzulinin ruhunun sehriydi. Dahi şairin dünyadakı bütün türk xalqlarının böyük sənətkarı olması onun ruhundan, ruhən Türk dünyasına yaxın, doğma olmasından qaynaqlanırdı. Onun bənzərsiz üslubu, poetik dili bu ruh birliyinin təcəlli etdiyi həqiqətdən qidalanırdı. Dilə, milli ruha, milli kökə bağlılıq həm də Bəxtiyar Vahabzadənin özünün böyüklüyündən intişar tapırdı. Bəxtiyar Vahabzadə sovetlər dönəminin ən kəsərli çağlarında belə sistemli, dayanıqlı şəkildə doğma ana dili mücadiləsi aparmış, öz ana dilinə biganə, yad olanları birmənalı şəkildə qınağa tutmuşdur. O, məşhur “Ana dili” şeirində öz dilinə xor baxan rusbaşlı “obrozovon”lara qarşı qəzəbini gizlətmir və “qoy bütün vəzifə, kreslo hərisliyindən irəli gələn bədxahlığınıza ananızın verdiyi süd qənim olsun, əvəzində bu yurdun “Segah”ı, “Rast”ı, “Şahnaz”ı, doğma dili mənim olsun” yazırdı. Bu, onun milli kökə, milli kimliyə bağlı olan qəlbinin, vicdanının səsiydi. Bəxtiyar Vahabzadəni doğma ana dilinə böyük eşqi, qədirbilənliyi, vətəndaşlıq qayəsi bağlayırdı. O, doğma dilinin aşiqi, məcnunu idi. Öz doğma dilinə məcnunanə bir sevgi bəsləyirdi. Və heç də təsadüfi deyildi ki, “Şəbi-hicran” poemasında dönə-dönə bəyan edir, ürək ağrısı ilə vurğulayırdı: “Bu qəmdir ki, millətin qəlbinə də, eşqinə də, ruhuna da qəsd edirlər, ay aman”… Bu, eyni zamanda Füzulinin harayı, qəlbinin səsi idi.“Şəbi-hicran” poemasında ancaq “sərvəti deyil, ürəyi də parçalanan” bir məmləkətin, xalqın taleyi sanki həm Füzulinin, həm də Bəxtiyar Vahabzadənin dilindən, yaşamından belə ifadə olunurdu:
    Arzusunu, eşqini
    O, tapmadı həyatda.
    Həyata güldüyündən
    Ağlatdı zülüm-zülüm
    Füzulini həyat da!..

Burda böyük dərdimiz yadıma düşdü mənim,
Hələ birlik görməmiş mənim böyük vətənim.
Qəsbkarlar əlində didildi, parçalandı,
Ancaq sərvəti deyil, ürəyi də talandı.
Sərvət getsə qəm deyil,
Sərvət gələr yenə də.
Bu qəmdir ki, millətin
Qəlbinə, eşqinə də,
Dilinə, ruhuna da
Qəsb edələr, ay aman!
Ələmlərin, dərdlərin
Hamısından bu yaman!
Bəxtiyar Vahabzadə öz böyük ustadı Füzuli kimi, bu milli faciə və dərdlərin ilk növbədə dövrün, zamanın xarakterindən irəli gəldiyini bəyan edirdi. Füzulinin də ən böyük gileyi, tənqid hədəfi zəmanədən idi. Zəmanədən şikayət ilk növbədə Füzulinin “Şikayətnamə” əsərinin meydana gəlməsinə zəmin yaradırdı. Öz növbəsində Bəxtiyar Vahabzadənin “Şikayətnamə”si “Gülüstan”, “Şəbi-hicran” idi. Həm Füzulinin, həm də Bəxtiyar Vahabzadənin əsərləri öz zəmanələrinin manqurt təfəkkürünə üsyan faktları, lövhələri kimi qəbul edilirdi və Füzulinin
“Şikayətnamə”si Bəxtiyar Vahabzadənin “Gülüstan”ı, “Şəbi-hicran”ı ilə tamamlanırdı:
Hərəsi bir diyarda qalan qardaş-bacılar,
Füzulinin şeirilə tanıdı bir-birini.
O çatdırdı qardaşa qardaşın əllərini.
Könüllərə bir ümid,
Nəşə verdi Füzuli
Parçalanmış milləti
Birləşdirdi Füzuli.
Dərin minnətdarlıq hissi ilə qeyd etməliyik ki, Füzulinin XVI yüzildə gerçəkləşdirməyə çalışdığı kimi, XX yüzilin totalitar sovet basqıları altında eyni birləşdirici, oyadıcı, səfərbəredici missiyanı Bəxtiyar Vahabzadə fenomeni cəmiyyətimiz üçün yerinə yetirdi, millətin böyük dərdini çiyinlərində ləyaqətlə daşıdı, hər misrasında, hər beytində ikiyə bölünmüş doğma Azərbaycanımızın azad olmaq, birləşib bir olmaq ideyasını ifadə etdi və bu məqamda həmişə Füzuli ruhən, fikrən onun yanında oldu. Ona mənəvi dəstək verdi. Parçalanmış milləti birləşdirmək istəyinə güc qatdı. Füzuli dilinin sehrli, qüdrətli varlığı ilə yaratdığı “Gülüstan”ı, “Şəbi-hicran”ı ilə Bəxtiyar Vahabzadə böyük Türk dünyasını milli birliyə, bütövlüyə səslədi. Bütün bu dillər əzbəri olan əsərləri o, ilk növbədə Füzulinin ana laylasına bənzər poeziyasının həmrəyliyi, həmdərdliyi hücrəsinə etiqad və zikr edə-edə yaratdı, böyük ustadının poetik irsi barəsində həmişə xüsusi iftixar hissi ilə söz açdı: “Ana laylasına bənzər bu misralardakı dilin sehri dünyanın o başında yaşayan bir türklə, bu başında yaşayan türkü eyni kökə qovuşdurur, bir-birinə tapındırır. Budur, Füzuli şerinin tilsimi, böyüklüyü və qüdrəti” – deyən Bəxtiyar Vahabzadə bütün yaradıcılığı boyunca Füzuli irsinə mənən sədaqətini sərgiləmiş oldu.
Qapadı gözlərini yana-yana Füzuli
Zülmündən usandığı bu cahana Füzuli…
Bütün bu misralarda o, həm də Füzuli obrazını əbədiləşdirir. “Şəbi-hicran” poemasında Türk dünyasının Bəxtiyarı türkün ulu ruhunun tərcümanı Füzulinin bədii-estetik doğuluşunu qələmə alır. Türkçülük və Azərbaycançılıq məfkurəsi üzərində əbədiləşən bu Söz heykəli böyük şairi oxuculara hər misrası ilə sevdirməkdədir. “Şəbi-hicran” Füzuli dünyasına gedən bədii yoldur, şair Füzulinin ilahi eşq fəlsəfəsini çiyninə alıb bu yolla haqqın dərgahına doğru gedir. Bu yol əslində şairliyin əzablı, fəqət şərəfli yoludur. Bəxtiyar Vahabzadənin çox sevdiyi sözlə desək, İnam yoludur. Füzuli Tanrıya inanardı – Füzulinin Tanrısı Eşq idi. Bu dünyaya göylərdən Eşq bəlasına mübtəla olmaq üçün gəlmişdi Füzuli…
Ömrünü ahlarla vermədin bada,
Arzu dəryasında bir yelkən oldun.
Zaman özgəsini yandıranda da
Alışan o oldu, yanan sən oldun.

Ağladın, yayıldı səsin hər yana,
Bülbül bağçalarda ötdü – dedilər.
Gələndə Məhəmməd gəldin cahana
Gedəndə: “Füzuli getdi” – dedilər.
M.Füzuli tarix durduqca duran, sənəti ilə ölümsüzlük qazanan, zamanların ötəsində insanlığın qəlbində, iç dünyasında əbədiyaşar bir obrazdır. Hər iki sənətkarın “Şəbi-hicran”ı – Füzulinin “Şəbi-hicran” və Bəxtiyarın “Şəbi-hicran” poemaları ilahi bir eşqlə sevən, sevgisiylə kamilləşən İnsanın özünüdərk yoludur.
Yüzillər ötsə də, bu yol mənən kamilləşməyə doğru varan hər bir Türkün ruhuna işıq, düşüncələrinə aydınlıq olacaq.

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bu gün “Təzadlar” qəzetinin 32 yaşı tamam olur

Bu gün “Təzadlar” qəzetinin 32 yaşı tamam olur

…Hər bir yaradılan nəyinsə arxasında insan ideyası, eləcə də iradə və inadı dayanır. Məsələn, “Kalaşnikov” avtomatının istehsalında minlərlə adam iştirak etsə də, onun yaradılması rus konstruktoru Mixail Kalaşnikova məxsusdur. “Təzadlar” qəzetinin də öz yaradıcısı var. Bu gün otuz iki yaşını qeyd etdiyimiz “Təzadlar”ın kollektivinə göz aydınlığı versəm də, ən böyük təbrik onun yaradıcısına-təsisçisinə düşür. Odur ki, bu gözəl gündə sizə “Təzadlar” qəzetinin, o cümlədən “Tezadlar. Az” saytının rəhbəri yazıçı, publisist, jurnalist Asif Mərzili haqqında danışmaq istəyirəm…

Deyir ki:- “Səhv etmirəmsə, 2010-cu ildə Milli Mətbuat gününə iki gün qalmış gördük ki, işi-gücü nəşriyyatın koridorlarında söhbət etmək olanlara MŞ və KİVDF-dən dəvətnamələr verilib, bizə zəng edən yoxdur. Süleyman Osmanoğlu, mən və Rövşən Kəbirli danışdıq, zəng etdik MŞ-a, Rəhim Hüseynzadə ilə danışdıq. Dedi ki, bizlik deyil, aparatdan siyahını veriblər və s. Zəng etdik KİVDF-yə, yenə də eyni cavab. Süleyman bəy dedi ki, həmin gün birbaşa gedək “Gülüstan” Sarayına, qoy bizi tədbirə buraxmasınlar. Mən etiraz etdim, dedim, qoy bayram eləsinlər, Allah bu haqsızlığı və vicdansızlığı bağışlamaz… Amma Süleyman bəy təkid etdi, bizlərə olan bu münasibətdən çox pərt idi. 22 iyulda getdik “Gülüstan” sarayına. Gəlib-keçən “jurnalist”lərin kimliklərini seyr etdik, 70 faizini tanımadıq, çünki peşəkar, az-çox yazı-pozusu olanları sifətindən tanıyırdıq. Hətta nazirliklərdən, qohum-əqrabalardan da rastımıza çıxanlar oldu, irəli duran Süleyman bəyi buraxmadılar. Halbuki həmkarımız sayılanlar içəri maneəsiz keçirdilər, amma biri demədi ki, axı bu insanlar mətbuatımızda yetərinncə adı və imzası olanlardır. Nə isə… Dedim, Süleyman bəy, gedək nəşriyyata. O, kənara çəkilib “Gülüstan” Sarayının qarşısındakı daş pilləkanın üstündə oturdu, üzünü tutub bir ağlamaq elədi ki… Bu səhnəni sözlə ifadə etmək çox çətindir…
Səhəri gün Süleyman bəyin sorağı xəstəxanadan gəldi. Ona edilən haqsızlığın xəstəliyini tapmışdı, bir neçə ay sonra dünyasını dəyişdi. Ey milli mətbuatımıza iddialılar, özünü peşəkar sayanlar, yuxarı başda görənlər, biz bunları yaşaya-yaşaya gəlmişik, adını yaza bilməyənlər “Əməkdar jurnalist” oldu, “Tərəqqi” medalı aldı, “Şöhrət”ləndi, mənzil aldı”…

Onu qınamağa dəyməz, bu kəlmələr xidmətinə dəyər verilməyən bir insanın harayını, giley-güzarını özündə ehtiva edir. Axı müqayisə edəndə, indiyədək müxtəlif mükafatlara layiq görülən bir çox jurnalistdən istedadına və xidmətlərinə görə geri qalmır…

Ömrünün böyük bir hissəsi mətbuatla bağlıdır. O vaxtki Nеft Kimya Sənayеsi Nazirliyinin “Böyük kimya uğrunda” çoxtirajlı qəzetinə baş redaktor təyin olunanda cəmi iyirmi doqquz yaşı var idi. Özünəməxsus yazı tərzi, üslubu ilə fərqləndiyinə və istedadlı qələm adamı olduğuna görə, onun 1982-1988-ci illərdə Azərbaycan Dövlət Tеlеviziya və Radiо Vеrilişləri Kоmitəsində ştatdankənar əməkdaş kimi fəaliyyətinə şərait yaradılıb.
1990-cı ildən Azərbaycan Nazirlər Sovetinin orqanı olan “Respublika” qəzetində müxbir kimi çalışsa da, bir il sonra Milli Məclisin indiki “Azərbaycan” qəzeti redaksiyasında parlament müxbiri vəzifəsinə təyin olunub. 1992-ci ildə “Ədalət” qəzetinin baş redaktorunun birinci müavini işləyib, 1993-cü ildən isə “Təzadlar” qəzetinin, həm də qəzetin internet versiyası olan “Tezadlar. Az” saytının baş redaktorudur…

“Mətbuat cəmiyyətin güzgüsü olmalıdır. Güzgü cəmiyyəti ən azı olduğu kimi göstərmirsə, o heç kimə gərək deyil. Azərbaycan mətbuatının bu günkü durumu nəinki pisdir, çox pisdir. Təsəvvür edin, Prezident məmurları tənqid edə bilir, mətbuatımız isə susur. Susmaq razılıq əlamətidir. Tənqid yazan KİV-lər isə susdurulur, əsasən də MŞ tərəfindən. Bu çox pis haldır. Jurnalistikada araşdırma yazılar yoxdur, çünki araşdlrma yazı bəzilərinin gözündə tənqid etməkdir, pisləmək və əleyhinə yazmaqdır”– söyləyir.

“Biz əyilmədik”, “Yеrin görünəcək”, “Mərzili və Mərzililər” (Ənvər Çingizoğlu və Asif Mərzili),”Qalxın, jurnalist gəlir!”, “Təzadlar”, “Əfsanəvi kəşfiyyatçı Orxan Əkbərov” kitablarının, ötən il isə Dövlət Mükafatları siyahısına salınmış “Sonuncu əmr” romanının müəllifidir, 10-a yaxın kitabın isə rеdaktоrudur. Baş redaktoru olduğu qəzеt 2008-ci ilin yеkunlarına görə mərkəzi qərargahı Cеnеvrədə yеrləşən “Cеntury Intеrnatiоnal Quality Еra Award” Bеynəlxalq Təşkilatının “QC-100 İdarəеtmənin Ümumi Kеyfiyyət Mоdеlinin Əsrin Bеynəlxalq İnkişafı üzrə Qızıl ЕRA” mükafatına layiq görülüb…

Bir vaxtlar onun rəhbəri olduğu qəzeti “reket” kimi qələmə verənlər də az olmayıb. Adətən araşdırma, tənqidi yazılar yazan jurnalistlərin əksəriyyətini zəmanəmizdə əsl reket jurnalistlərə qatıb, belə adlandırırlar. Amma qırx ildən çox jurnalistika təcrübəsi olan, ölkənin rəsmi mətbu orqanlarında çalışan bir jurnalist və ya qəzeti belə adlandırmaq, heç də insafdan deyil.
Peşə fəaliyyətinə görə başına nələr gəlməyib ki? Elşad Abdullayevin universitetində baş verən neqativ halları ictimailəşdirdiyinə görə, 2009-cu ildə onu həbs ediblər. Evini, avtomobilini yandırıblar. Heç zaman geri çəkilməyib. Bəlkə də, Azərbaycan jurnalistika tarixində ən çox müqavimətlə üzləşən jurnalistlərdən biri də o, olub…

Ciddi görkəmi, mehriban davranışı, qüruru, cəsarəti onu çoxlarına sevdirə bilib. Əzmkar, işgüzar, azad düşüncəli insandır. Hər zaman cəmiyyətə faydalı olmağa, xeyirxahlıq etməyə tələsir…
1960-cı ildə Ağdamda, Azərbaycanın böyük oğullarından biri, Xudu Məmmədovla eyni kənddə- Mərzilidə dünyaya gəlib. Yurd həsrəti onu heç zaman rahat buraxmayıb. Doğma yurdu haqqında qələmə aldığı yazıları oxuyanda, onun nə böyda ürəyə sahib olduğu aydın görmək olur…

Bəli, hələ əsgəri xidmətdə olarkən, 1979-1981-ci illərdə Pribaltika Hərbi Dairəsinin “Za Rodinu” qəzetinin ştatdankənar müxbiri kimi jurnalist fəaliyyətinə başlayan Asif Mərzili Azərbaycan jurnalistikasının dəyərli nümayəndələrindən biridir. Elə buna görə də, “Təzadlar”ın ad günündə onu təbrik etməyə tələsdim. Axı “Təzadlar” deyəndə Asif Mərzili, Asif Mərzili deyəndə isə “Təzadlar” yada düşür…

Hörmətlə, Elman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ziyodulla Həmidullayev (HƏMİDİ)

ŞUŞA İLƏ QARABAĞ

Çırpınır Şuşada Azərbaycan bayrağı,
Qarabağdir azərnın müqəddəs, boyuk dağı,
Heç kimlər mümkin deyil bunları unutmaqı —
Şuşa ilə Qarabağ — Azərbaycan ürəyi.

Düşmənlər etmasın nə qədər nifrət,
Əbədi olmayacaq zülm, adəvət,
Doğru insana həmişə yoldaş ədalət,
Şuşa ilə Qarabağ — Azərbaycan ürəyi.

Qaliblar qayıdıblar ana torpağa,
Qapilər açilacaq qardaş qonağa,
Yol yoxdur zalım, yavuz daşnağa,
Şuşa ilə Qarabağ — Azərbaycan ürəyi.

Birləşiniz ey türklər, yox başqa imkan,
Qardaşlər, candaşlər olmasun qurban,
İndi uşbu torpaqda tökülmür qan,
Şuşa ilə Qarabağ — Azərbaycan ürəyi.

Ziyodulla Həmidullayev (HƏMİDİ)

… o alim deyilmiş, peyğəmbərimiş…

O günü mən getmişəm qəbir üstə, ağlamışam, ayılmamış, görürəm iki qadın durub yanımda. Onlar mənə deyirlər ki, niyə özünü öldürürsən ki? Biz neçə illərdi burda işləyirik, ancaq hələ belə ölüm görməmişik.

Danışdılar ki, dünən Dağıstandan bir qoca arvad gəlib onun məzarının başına hərlənirdi. Onun yanına gəlib soruşduq ki, sən kimsən? Dedi:

Məni oğlum gətirib bura. Oğlum üç il qəbul imtahanından kəsilib. Dördüncü il bileti çəkib, bilib. Deyiblər ki, bilmirsən, çıx.

Ağlaya-ağlaya çıxanda yolda bir kişi görüb bunu. Deyib niyə ağlayırsan? Oğlum deyib ki, üç ildi kəsilirəm, bildim, yenə qaytardılar məni.

O oğlanı qaytarıb aparıb univerisitetə. Özü oturub imtahanda. Oğlum çəkib bileti, bilib, qəbul eləyiblər onu.

Uşaq deyib ki, o alim imiş.

Anası deyib: “A bala, o alim deyilmiş, peyğəmbərimiş. Məni apar onun məzarının başına hərlənim”

Ay bacı, onu ağlama sən, o cür ölüm görməmişik, nə qədər millət gəlir onun üstünə.

Məhbubə xanım Əzimova – Xudu müəllimin bacısı. “Xəzər” dərgisində gedən yazıdan bir parça.

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru