AZƏRBAYCAN MƏTBUATI – 150

AZƏRBAYCAN MƏTBUATI – 150
MİLLİ MƏTBUAT TARİXİMİZİN DƏYƏRLİ TƏDQİQATÇISI – TURAN HƏSƏNZADƏ
Yüz altı il bundan əvvəl Zaqafqaziyanın inzibati-mədəni mərkəzi sayılan Tiflisdə demokratik düşüncəli ziyalı, böyük mütəfəkkir, yazıçı-publisist Cəlil Məmmədquluzadənin redaktorluğu ilə nəşrə başlayan “Molla Nəsrəddin” satirik jurnalı nəinki Azərbaycanda, yüzillərlə qəflətdə qalan, cəhalətin girdabında boğulan qoca Şərqin taleyinə öz ziyasını saldı. Bu ədəbi-mədəni məcmuədə xalqın həyatında baş verən hadisələr cəsarətlə, həm də böyük fədakarlıqla işıqlandırılır, xalqın ictimai şüurunun formalaşmasına öz təsirini göstərirdi. Təbii ki, “Molla Nəsrəddin” savadsızlığa, mədəni geriliyə, bütün ictimai qüsurlara qarşı məsləkdaşları ilə birgə mübarizə aparırdı. Odur ki, M.Cəlil deyirdi: “Molla Nəsrəddin” tək bir nəfər müəllifin əsəri deyil. “Molla Nəsrəddin” bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam”.

Aydındır ki, “Molla Nəsrəddin”in fasilələrlə 25 il davam edən fəaliyyət tarixi (1906-1931) zaman-zaman öyrənilib tədqiq olunmuşdur. Bu da “Molla Nəsrəddin”in ətrafında böyük bir tədqiqatçı nəslin yetişməsinə şərait yaratmışdır. F.Köçərlidən başlayaraq, Ə.Nazim, Ə.Şərif, M.Qasımov, M.Cəlal, M.Cəfərov, Ə.Mirəhmədov, N.Axundov, Q.Məmmədli, F.Hüseynov, N.Zeynalov, İ.Həbibbəyli və başqalarının elmi araşdırmaları sayəsində “Molla Nəsrəddin”in meydana gəlməsi, xalqın dərdlərini, ağrılarını güzgü kimi əks etdirməsi, ideya-sənətkarlıq xüsusiyyətləri ilə milli mətbuatın inkişafına təkan verməsi ilə bağlı onlarla tədqiqat əsəri, monoqrafiyalar, salnamələr yaranmışdır. Başqa sözlə, jurnalın, Tiflis, Təbriz, Bakı nəşrlərinə müxtəlif aspektdən baxışlar hər zaman elmi-nəzəri prinsiplərlə tədqiq olunmuşdur. Bu gün böyük cəsarətlə, əminliklə demək olar ki, indiyəqədərki tədqiqatlar sırasında jurnalın 1921-ci il Təbriz nəşri “Molla Nəsrəddin” jurnalının tədqiqatçılarından olan Turan Həsənzadənin adı ilə bağlıdır. Doğrudur, yuxarıda adlarını çəkdiyimiz görkəmli ədəbiyyatşünaslar, tədqiqatçılar öz araşdırmalarında jurnalın yaşam tarixinə, eləcə də onun Təbrizdəki fəaliyyətinə də nəzər yetirb, onun cənubi Azərbaycan həyatındakı mövqeyini müəyyən mənada işıqlandırıblar. Lakin M.Cəlilin Təbriz səfəri, jurnalın nəşri ilə bağlı qarşıya çıxan çətinliklərin, problemlərin aradan qaldırılmasına köməklik göstərən mütərəqqi fikirli, maarifpərvər ziyalıların dəstəyi sayəsində “Molla Nəsrəddin”in nəşrinə rəvac verilməsi, bütövlükdə “Molla Nəsrəddin”in Təbriz nəşrinin ictimai-ədəbi taleyi kompleks halda tədqiqatçı T.Həsənzadənin ciddi araşdırmaları sayəsində üzə çıxarılmış, ədəbiyyatşünaslıqda öz elmi təsdiqini tapmışdır.
Məlumdur ki, hər bir tədqiqatçını müəyyən bir sahənin araşdırmalarına cəlb edən daxili bir istək, maraq olur. T.Həsənzadə də “Molla Nəsrəddin”lə hələ ilk gənclik illərindən tanış idi. O zamandan jurnalı böyük həvəslə mütaliə edir, onun həmin dövrdə və sonrakı zamanlarda da böyük təsir gücünə malik olduğunu duyurdu. Bütün bunlar gənc Turanı “Molla Nəsrəddin”in yaşam tarixini, onun yaratdığı ədəbi mühiti öyrənməyə sövq edirdi. Amma bu böyük, faydalı işlərə qədər qarşıda göz işlədikcə uzanan bir yol vardı. Bu yolun başlanğıcında dayanmış balaca Turanın göz açdığı ailəsində xəyallarına qol-qanad verən, düşüncələrini nizamlayan bir ziyalı mühitinin yaşantıları vardı…

Turan Həsənzadə 6 iyun 1926-cı ildə Ordubad rayonunun Əylis kəndində müəllim ailəsində doğulmuşdur. Atası Vahab müəllim ərəb, fars və türk dillərini mükəmməl öyrəndiyindən “Quran”ı əzbər bilirmiş. Doğma Əylis kəndində açdığı məktəbə Mirzə Vahabın məktəbi deyirmişlər. O zaman belə də deyirmişlər ki, Mirzə Vahabın məktəbi bir küp kimidir, ora uşaqları salıb, müəllim çıxarırlar. Balaca Turan da ərəb əlifbasını atasından öyrənmişdi. Vahab müəllimin yaşadığı Əylis kəndində zəngin bir kitabxanası olub. Turan müəllim xatırlayırdı ki, vaxtilə akademik Yusif Məmmədəliyev Ordubaddan piyada Əylis kəndinə gələr, Vahab müəllimin kitabxanasından hər gün bir kitab alıb oxuyar, ertəsi gün qaytarıb, yenisini götürərdi. Həmin dövrdə Naxçıvanda Ədəbiyyat dərnəyi fəaliyyət göstərirmiş. Mirzə Vahab da yazıçı Əyyub Abbasovla birgə həmin dərnəyin məşğələlərində iştirak edirmiş. Lakin Vahab müəllimin taleyi onu başqa sahəyə yönəldib. Sayılıb-seçilən bir ziyalı, maarifpərvər insan olduğuna görə onu Naxçıvanda Maarif komissarı vəzifəsinə təyin ediblər. Ömrünün Bakı dövründə isə bir müddət Akademiyanın Əlyazmalar Fondunda (indiki Əlyazmalar İnstitutunda) çalışıb. Belə bir maarifpərvər insanın tərbiyəsini görmüş Turanın dünyagörüşünün formalaşmasına təbii ki, ailə mühitinin güclü təsiri olmuşdur. Kitablara bağlılıq, oxuyub-öyrənmək, mənəvi zənginlik də elə uşaqlıq çağlarından qəlbində pöhrə tutub.

Turan müəllim ilk təhsilini 7 illik Əylis kənd məktəbində alsa da, ailəsi Bakı şəhərinə köçdüyündən təhsilini şəhər 189 saylı orta məktəbdə davam etdirmişdir. 1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq Vahab müəllimin ailəsi Ordubada qayıdır. Burada Pedaqoji texnikumun üçüncü kursuna daxil olan Turan təhsilini başa vurduqdan sonra Əylis kənd məktəbində fizika-riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlayır. O, həmin illərdə təhsilini davam etdirmək barədə düşünür, nəhayət, 1945-ci ildə böyük arzularla Bakıya qayıdır. Elə həmin il Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars şöbəsinə daxil olur. 1950-ci ildə universiteti müvəffəqiyyətlə bitirdikdən sonra Azərbaycan Maarif Komissarlığının əmri ilə Qubadakı Müəllimlər institutuna müəllim təyin olunur. Bir müddətdən sonra həmin institut bağlandığından Turan müəllim Quba şəhər 3 saylı orta məktəbdə direktor, müəllim vəzifələrində çalışır. Bu illərdə o, uşaqlıqdan vərdiş etdiyi mütaliəsini zənginləşdirir, vaxtının çox hissəsini səylə “Molla Nəsrəddin” satirik jurnalını oxuyub-öyrənməyə həsr edirdi. Gizli imzalarla dərc olunmuş felyetonlarlı yeni düşüncəylə oxuduqca qarşısında təptəzə bir aləmin açıldığını duyur, onun cazibəsindən ayrıla bilmirdi. Jurnal gənc Turanın ictimai şüurunun formalaşmasına öz təsirini göstərirdi. Bu maraq gənci “Molla Nəsrəddin”i daha dərindən dərk etməyə, dövrün ictimai-siyasi hadisələrini ətraflı öyrənməyə həvəsləndirirdi.

T.Həsənzadə 1961-ci ildən bütün fəaliyyətini AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu ilə bağlayıb. Arada iki il (1962-1964) Əfqanıstanda tərcüməçi işləyib. Bundan sonra Ədəbiyyat institutuna qayıdan Turan müəllim “Mətnşünaslıq” və “Yeni dövr Azərbaycan ədəbiyyatı” şöbələrində kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışıb. Və burada elmi fəaliyyətini mətbuat tariximizin parlaq səhifəsi olan “Molla Nəsrəddin” jurnalının tədqiqinə həsr edib. Bu tədqiqatların nəticəsi olaraq 1972-ci ildə “Molla Nəsrəddin” jurnalında İran və Cənubi Azərbaycan həyatının inikası (1906-1921)” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi adını alıb. T.Həsənzadənin tədqiqatı həmin dövrdə böyük maraqla, rəğbətlə qarşılanıb, elmi dəyəri ədəbiyyatşünaslıqda yüksək qiymətləndirilib. T.Həsənzadə Ədəbiyyat institutunda işlədiyi müddətdə bir çox kitabların müəllifi, tərtibçisi olmuşdur. 50-dən artıq elmi, nəzəri, tədqiqat xarakterli məqalələrə imza atmışdır.

C.Məmmədquluzadənin əsərlərini 3 cilddə – tekstoloji tədqiqat işi kimi hazırlamışdır (1964-1967). Yenə də ədibin əsərlərini 6 cilddə tərtib edərək nəşrini həyata keçirmişdir. Həmçinin “Molla Nəsrəddin”in karikaturaları” kitabınının nəşri də onun zəhməti sayəsində işıq üzü görmüşdür. Jurnalın I, II, III, IV, VI cildlərin transfonoliterasiyası, nəşrinin başa çatdırılması T.Həsənzadənin adıyla bağlıdır (VI cildi Əliheydər Hüseynovla bir yerdə işləmişdir). Turan müəllim sonrakı cildlərin redaktəsi və digər məsələlərdə də yaxından iştirak etmişdir.

T.Həsənzadə zəhmətkeş ziyalı, yorulmaz tədqiqatçı idi. O, “Molla Nəsrəddin”ə ruhən bağlılı olduğundan jurnalı böyük məsuliyyətlə, həm də fəxarət hissi ilə tədqiq edirdi. M.Cəlilin, eləcə də onun ən böyük əsəri olan “Molla Nəsrəddin”in yubileylərində mövzu ətrafında yeni yazılarla mətbuatda çıxışlar edirdi. T.Həsənzadənin elmi araşdırmaları “Molla Nəsrəddin”lə tamamlanmamışdır. O, milli mətbuatımızın banisi H.Zərdabinin “Əkinçi” qəzetini yeni əlifbaya transfonoliterasiya edərək tərtib etmiş, həmçinin adlar göstəricisini də göstərməklə 1978-ci ildə nəşrini həyata keçirmişdir. Bundan sonra tədqiqatçı “Molla Nəsrəddin”in təsiri ilə çıxan bir sıra jurnalların tədqiqi, transfonoliterasiyasi işləri ilə də məşğul olmuşdur. Bütün bunlar tədqiqatçının milli mətbuatımızın təşəkkülü və inkişafı tarixinə böyük marağından qaynaqlanmışdır. Onun gördüyü işlər sırasında görkəmli nasir Mir Cəlal Paşayevin “Seçilmiş əsərləri” də (2 cilddə) diqqəti cəlb edir. Turan müəllimin tərtib etdiyi bu kitablar 1986-1987-ci illərdə kütləvi tirajla nəşr olunmuşdur…
(Ardı var)

Hörmətlə: Şəfəq Nasir

Şəfəq Nasirin yazıları

AZƏRBAYCAN MƏTBUATI – 150

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

TƏMİZLİK GÖZLƏNİLMƏLİ, ETİK NORMALARA RİAYƏT OLUNMALIDIR

TƏMİZLİK GÖZLƏNİLMƏLİ, ETİK NORMALARA RİAYƏT OLUNMALIDIR
Şəhərimizə, əsasən Bakının qəsəbələrinə çıxanda bir tərəfdən adamın ürəyi açılır, digər tərəfdən isə bəzi çatışmazlıqlara görə əhval-ruhiyyəsi korlanır. Ətrafa baxdıqda gözəl binalar, müasir geyimli insanlar, dəbdəbəli avtomobillər, parklar, fəvvarələr insanın könlünü oxşayır. Lakin elə nüanslar var ki, bu, şəhərin, yaxud qəsəbənin səviyyəsinə uyğun gəlmir. Elə o son dəbdə geyinmiş qadın və kişilərdən də çox səviyyəsiz hərəkətlər gördükdə bu təzad adamı kədərləndirir. Belə ki, yüksək dəblə geyinmiş qadının günəbaxan tumunu çırtlayıb qabığını yerə atması, yaxud solfet kağızı işlədib yerə tullaması, gənclərin, eləcə də kişilərin siqaret çəkdikdən sonra onun kötüyünü yerə atması və sairə kimi bu hallar insanda ikrah hissi doğurur. Axı nə səbəbə insanların əksəriyyəti son dəbə tez uyğunlaşır, lakin mədəni səviyyəsini artırmaq istəmir? Biz necə evimizi təmiz saxlamaq istəyiriksə, eləcə də yaşadığımız binanın, həyətin, qəsəbənin, küçənin, şəhərin təmizliyinə riayət etməliyik.
Mən (bu yazının müəllifi – F.Ə.) Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində yaşayıram. Onu da qeyd edim ki, Mərdəkan Xəzər rayonunun mərkəz qəsəbələrindən biridir. Hər gün yerə zibil atan kişi və qadına rast gəlirəm. Məsələ burasındadır ki, Mərdəkan qəsəbəsinin mərkəzi küçəsində dayanan, eləcə də hərəkət edən kişi və qadınlar (əsasən kişilər) lap yaxınlıqda zibil qutusu olsa da, zibili qutuya deyil, yerə atırlar. Bir neçə dəfə zibili yerə atan kişiyə zibilin yerə atmamasını başa salmışam. Amma onlardan : “hamı zibili yerə atır da…” – sözünü eşitmişəm.
Bu məsələnin çözülməsində təbliğatdan, ictimai qınaqdan, eləcə də cərimə üsulundan istifadə etmək olar. Magistral yollarda, hətta bəzi daxili küçələrdə yol hərəkəti qaydalarını pozan avtomobil sürücülərini qeydiyyata alıb cərimələməkdən ötrü “radarlar” qoyulur. Bu, müsbət haldır. Belə olduqda, nəticədə yol hərəkəti qaydalarını pozan sürücülərin sayı azalır. Yaxşı olardı ki, küçələrə siqaret kötüyü, kağız, butulka və yaxud hər hansı bir zibili atan şəxsləri cəzalandırmaqdan ötrü bu üsuldan istifadə olunsun. Əgər küçəyə zibil atan şəxs cərimələnsə və yaxud cərimələnəcəyini bilsə, onu lazım olan yerə atar.
Gördüyüm bir əhvalatı oxucuların da diqqətinə çatdırmaq istərdim. Belə ki, 04 aprel 2025-ci ildə səhər saat 10 radələrində piyada yol gedirdim. Mərdəkan qəsəbəsində yerləşən UNİbankın giriş qapısında təxminən 45-50 yaşlı bir kişi çəkdiyi siqaretin kötüyünü yerə atdı və banka daxil oldu. Halbuki zibil qutusu bir metr aralıda idi və həmin kişi siqaret kötüyünü zibil qutusuna ata bilərdi. Dözmədim. Kişinin dalınca UNİbanka daxil oldum və kişiyə siqareti niyə yerə atmasını soruşdum. Kişi sakitcə dedi : “əcəb etmişəm”. Yenidən ona dedim ki, axı, bu, yaxşı iş deyil, niyə siqaret kötüyünü yerə atdınız? Yenə də : “əcəb etmişəm” – dedi. Kişinin geyiminin arxa tərəfində böyük hərflərlə MKTB yazılmışdı. Yəqin ki, kişi Mənzil Kommunal Təsərrüfatı Birliyində çalışır. Ona dedim :
-Bu haqda idarə rəisinə desəm, ona da, “əcəb etmişəm” , – deyərsənmi?
Kişi duruxdu və dedi:
-Mən şəhərdə işləyirəm.
Onun ağ yalan danışması artıq mənə məlum oldu. Əvvəla MKTB tərəfindən ona verilən pencək əynində idi. İkinci məsələ də budur ki, Bakı şəhərindən Mərdəkan qəsəbəsinə banka müraciət etməyə lüzum yoxdur. Çünki Bakıda xeyli sayda müxtəlif banklar mövcuddur.
Kişinin adını özündən soruşmaq istədim. Təcrübəmin çox olmasına görə düşündüm ki, ünsiyyət qaydasına riayət etməyən şəxs, adını düzgün deməz.
Məlumat üçün qeyd edim ki, hər bir rayonda MKTB idarəsi fəaliyyət göstərir. İdarənin funksiyası küçələri, prospektləri süpürmək və küçələrdə, rayon ərazisində fəaliyyət göstərən müəssisələrin zibillərini maşınlarla daşıyıb atmaqdan ibarətdir. Onu da qeyd edim ki, rayondakı Mənzil İstismar Sahələri də MKTB-nin tabeliyindədir.
Elə həmin gün səhər saat 11 radələrində Xəzər rayon MKTB-nə zəng etdim. İdarənin müdiri və yaxud baş mühəndislə danışmaq istədim. Katibə onların işdə olmadığını, iclasa getdiklərini söylədi. Gördüyüm hadisəni katibəyə danışdım və ondan xahiş etdim ki, bu məsələni müdirə məruzə etsin. Bir neçə gündən sonra düşündüm ki, yəqin idarə tərəfindən həmin adam tapılıb və tənbeh edilib. Məsələni öyrənməkdən ötrü 07 aprel səhər saat 11 radələrində yenidən idarəyə zəng etdim. Katibə xanım müdirin yerində olmadığını dedi və söhbət əsnasında qeyd etdi ki, “bizim işçi heç vaxt siqaret kötüyünü yerə atmaz, yəqin həmin şəxs həqiqətən Bakıdan gəlib”. Maraqlıdır, elə deyilmi?
Kişinin “əcəb etmişəm”, – dediyi söz mənə çox pis təsir etmişdi. Həm də kişi bir dəqiqə ərzində nizam-intizamı dörd dəfə pozmuşdu:
1.İş vaxtı onun banka müraciət etməsi, onu deməyə əsas verir ki, o, işdən yayınıb. Amma bəlkə də rəhbərlikdən icazə alıb. Demək çətindir.
2.Siqaret kötüyünü yerə atmışdı. Bu, yolverilməzdir. İstər evdə, istər işdə, istərsə də küçədə təmizlik gözlənilməli, sanitariya qaydalarına riayət olunmalıdır.
3.Üzr istəməkdənsə, “əcəb etmişəm”, – dedi. Deməli, etik normalara riayət etmir, eləcə də ünsiyyət qaylarından bixəbərdir.
4.Mən şəhərdə işləyirəm. Deməli, kişi yalan danışdı. Əgər kişi yalan danışırsa, yəqin ki, vəziyyətdən çıxmaq üçün, o, dəfələrlə yalan danışıb.
Həmin kişinin kimliyini öyrənməkdən və ona müəyyən etik qaydaları başa salmaqdan ötrü, 08 aprel tarixində UNİbankda oldum. Əvvəla bankda əməliyyatlar aparılır. Həm də bankda bir neçə yerdə video kamera var. Bankın maddi məsul şəxsi Hacıqulu Quluzadə ilə görüşüb gəlişimin səbəbini dedim. Ondan xahiş etdim ki, araşdırıb həmin adamın kimliyini mənə desin. Hacıqulu müəllim məni yüksək səviyyədə qarşılasa da, araşdırma aparmağı lazım bilmədi və dedi ki, “biz yalnız məhkəmənin qərarı olsa, araşdırma apara bilərik”.
Bax belə. Nə qədər intizamsız, təmizliyi gözləməyən insanları görüb susacağıqsa, bu, belə də davam edəcək. Belələri isə çoxdur. Lap çox. Küçələrdə, prospektlərdə müşahidə etsəniz, şahidi olarsınız. Azərbaycan respublikasının hər bir vətəndaşı isə, hər bir yerdə təmizliyi gözləməli, etik normalara riayət etməlidir…
Fərhad Əsgərov (Ramizoğlu)

FƏRHAD RAMİZOĞLU YAZIR

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru