Azərbaycan Yazıçılar Birliyi katibliyinin 2025-ci il 3 saylı qərarı ilə “Məhəmməd Füzuli medalı” təsis edilib. Bu haqda xəbəri AYB-nin beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlu paylaşıb.
Məhəmməd Füzuli medalının təqdimetmə komissiyasının rəhbəri olan Səlim Babullaoğlu qeyd edib ki, əsasnaməyə görə bu medalla yalnız “yüksək ədəbi uğurlara görə” əcnəbi şair və yazıçılar təltif ediləcək. Nominantlar həm öz ölkəsində, həm də xaricdə yüksək ədəbi uğurları ilə təsdiq və təqdir olunan ədiblərin, eləcə də Azərbaycan ədəbiyyatını, həqiqətlərini öz ölkələrində və dünyada təbliğ edən, sənət əsərlərimizin tərcüməsi sahəsində fəaliyyətlərinə görə fərqlənən ədəbiyyat xadimlərinin sırasından seçilir.
Medalın bürüncdən hazırlandığını, ortasında Məhəmməd Füzulinin barelyefinin əks olunduğunu, xüsusi hazırlanmış diplomla birgə təqdim olunacağını bildirən komissiyasının rəhbəri Səlim Babullaoğlu “Ədəbiyyat qəzeti”nə açıqlamasında deyib:
– Ötən il dahi şairimiz Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi idi və Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevin sərəncamı ilə “Füzuli ili” elan olunmuşdu. İl çərçivəsində həm ölkə səviyyəsində, həm də beynəlxalq səviyyədə çoxlu konfrans və simpoziumlar, tədbirlər keçirildi. Çoxsaylı kitablar, tədqiqatlar çap edildi. AZB-nin “Füzuli ili”nin məntiqi yekunu kimi təsis etdiyi medal il ərzində yalnız 3 əcnəbi ədibə veriləcək.
Azərbaycan Yazıçılar Birliyi katibliyinin qərarı ilə bu il Məhəmməd Füzuli medalı 2 nəfərə – böyük qazax şairi, ədibi, mütəfəkkiri Oljas Suleymenova və görkəmli rumın şairi və alimi, Mihay Eminesku Akademiyasının prezidenti İon Deakoneskuya veriləcək. Azərbaycanın böyük dostu olan Oljas Suleymnovu ədib kimi ölkə ictimaiyyəti yaxşı tanıyır. Onu Azərbaycanda elə öz klassiklərimiz qədər sevirlər. Üstəgəl, bu il onun məşhur “Az I Ya” əsərinin 50 illiyi qeyd olunacaq.
İon Deakonesku isə həm öz ölkəsində, həm də Şərqi Avropada yaxşı tanınan məşhur şair, ədəbiyyat təşkilatçısı və ölkəmizin dostudur. Rumıniyada keçirilən bir çox ədəbiyyat tədbirlərində zaman-zaman ölkəmizin və ədiblərimizin təmsil olunmasına şərait yaradıb. Türklərə, Azərbaycana və azərbaycanlılara hörmətlə yanaşır.
Sonda Səlim müəllim vurğulayıb ki, bu ilin may ayında medallar sahiblərinə təqdim ediləcək.
Bu gün Mətbuat Şurasında “Olaylar” qəzetinin 30 illik yubileyi ilə bağlı toplantı keçirilib.
“Olaylar” İnformasiya Agentliyi 24 aprel 1994-cü ildən fəaliyyət göstərir.
Olaylar.az Azərbaycan dilində on-line xəbər saytıdır. Saytda “Olaylar” İA-nın və “Olaylar” qəzetinin xəbərləri, siyasət, sosial, mədəniyyət, şou-biznes, idman, kriminal, Güney Azərbaycan, din və digər mövzularda araşdırma yazıları, analitik təhlilləri yerləşdirilir.
“Olaylar” İnformasiya Agentliyinin direktoru və “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuzdur. YAZARLAR olaraq, dəyərli dostumuz Yunus Oğuzu və “Olaylar” kollektivini bir daha təbrik dirik! Uğurlarınız bol olsun!
Albert Kamyu (1913–1960) XX əsr Avropa ədəbiyyatının və fəlsəfi fikrinin ən özünəməxsus simalarından biridir. Onun əsərlərində ölüm, üsyan, həyatın mənasızlığı və insanın ona qarşı duruşu dərin poetik-fəlsəfi dillə əks olunur. Kamyu nə ekzistensialist olduğunu qəbul edirdi, nə də nihilist sayılmaq istəyirdi. O, özünü “absurd filosofu” adlandırmağı daha uyğun görürdü.
Əslən Əlcəzairliydi – Fransız diliylə yazan Şimali Afrikalı
Kamyu Fransız ədəbiyyatının ulduzu sayılsa da, o, Əlcəzairdə, yoxsul bir ailədə doğulmuşdu. Atası I Dünya Müharibəsində öldükdən sonra, anası onu yoxsulluq içində tək böyütdü. Kamyu uşaq yaşlarından əməkçi təbəqənin çətinliklərini yaşamış, bu təcrübə onun yazılarında tez-tez öz əksini tapmışdır. Əlcəzairin yandırıcı günəşi, dənizi və sakit küçələri onun estetik dünyasını formalaşdırmışdır.
Futbol Kamyu üçün sadəcə idman deyildi
Gəncliyində qapıçı kimi futbol oynamış Kamyu deyirdi: “Mən futboldan ədəbiyyatdan öyrəndiyimdən daha çox şey öyrəndim.” Ona görə, futbol ədalət, kollektiv ruh və məğlubiyyəti qəbul etməyi öyrədirdi – bu da onun həyat və absurd haqda düşüncələrinə birbaşa təsir etmişdir.
Kamyu üçün “absurd” nədir?
Kamyuya görə absurd, insanın sonsuz mənalı həyat axtarışı ilə dünyanın səssizliyi arasındakı uçurumdur. İnsan həyatın məqsədini axtarır, amma kainat cavab vermir. Bu qarşıdurma “absurd vəziyyət” adlanır. Onun məşhur “Sizif əfsanəsi”ndə olduğu kimi, insan daş daşısa da, hər gün yenidən başlasa da, o işi davam etdirməklə azad olur.
Nobel mükafatını ən gənc alan yazarlardan biri
1957-ci ildə, cəmi 44 yaşında Kamyu Nobel Ədəbiyyat Mükafatına layiq görüldü. Bu, o dövrdə böyük sensasiya doğurmuşdu. Kamyu Nobel nitqində yazıçıların vəzifəsini belə ifadə edirdi: “Həqiqətə və azadlığa xidmət etmək.” O, heç vaxt özünü “elitist” yazıçı hesab etmədi – onun üçün ədəbiyyat mübarizə aləti idi, səsizlərin səsi olmaq idi.
Sartrla yolları niyə ayrıldı?
Jean-Paul Sartre və Kamyu bir dövr yaxın dost olsalar da, ideoloji baxımdan ciddi ziddiyyətlərə sahib idilər. Sartr marksizmi və inqilabı müdafiə etdiyi halda, Kamyu totalitarizmin hər növünə qarşı idi. O, insanların məcburi şəkildə “xoşbəxt” edilməsinə qarşı çıxırdı. Bu ziddiyyət onların yollarını ayırdı və Kamyu tək qaldı – öz sükutunda, absurdun içində.
Kamyu 1960-cı ildə avtomobil qəzasında faciəvi şəkildə vəfat etdi. Maraqlıdır ki, cəmi bir neçə gün əvvəl o, dostuna belə demişdi: “Ən axmaq ölüm maşın qəzasıdır. Mən qatarla gedəcəm.” Ancaq son anda fikrini dəyişdi və dostunun maşını ilə yola çıxdı…
Albert Kamyu öz dövrünün vicdanı idi. Onun qəhrəmanları – Meursault, Ryu, Sizif – sakit, dərin və inadkar surətlərdir. Onlar nə dünyanı dəyişir, nə də özlərini. Sadəcə dururlar və müqavimət göstərirlər – mənasızlığa qarşı, ölümə qarşı, soyuqluğa qarşı. Və bəlkə də bu duruş – ən böyük mənadır.
Uşaqlarda və yeniyetmələrdə milli dövlətçiliyimizə, dəyərlərimizə məhəbbət, qanunlarımıza hörmət hissinin fomalaşdırılması həmişə vacib və aktual məsələlərdən olub. Bu işdə təbliğat xüsusi yer tutur və hər bir ziyalının üzərinə məsuliyyət düşür. Sənəti, səsi, cəmiyyətdə adı və davranışı ilə insanlarımıza, gənclyə nümunə olan Xalq artisti Eldost Bayramla elə redaksiyamızda bu barədə söhbət etmişik. Məlumat üçün bildirək ki, Eldost Əlövsət oğlu Bayramov 1947-ci ildə yanvarın 25-də Kürdəmir rayonunun Çöl-Ərəb kəndində dünyaya gəlib. 1965-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub, 1969-cu ildə təhsilini başa vurub. Ağsu rayonunun İlxıçı kəndində tarix müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 1972-ci il aprelin 1-də Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinə (indiki Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti) diktor vəzifəsinə qəbul olunub. Eldost Bayram 2006-cı ildə “Respublikanın əməkdar artisti” fəxri adına, 2008-ci ildə “Tərəqqi” medalına, 2016-cı ildə Cəfər Cabbarlı mükafatına və Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə “Xalq artisti” fəxri adına layiq görülüb.
Televiziya kanallarımızda şəxsi nümunələri önə çıxarmalıyıq.
Eldost müəllim deyir ki, televiziya və radionun insanlara təsir gücü son dərəcə böyükdü. Bu istər müsbət, istərsə də mənfi cəhətdən olsun, belədir. Odur ki, bu təbliğat sistemindən düzgün istifadə etmək lazımdır. Son illərə qədər Azərbaycan ailə dəyərlərinə, Ailə institutunun möhkəmliyinə görə dünyada ən nümunəvi ölkələrdən biri olub. Sonra müəyyən təsirlər, yad düşüncələr, bəzi xoşagəlməz təbliğatlar bizi bu vəziyyətə gətirdi. Amma o demək deyil ki, bu gün nümunəvi ailələrimiz azdı. Əlbəttə ki, indi də möhkəm ailə bağlarımız var, nümunəvi gənclərimiz çoxdur. Televiziya, radiomuzda da, bax, belə gözəl nümunələri önə çıxarmalıyıq. Yoxsa, milli dəyərlərimizə uyğun olmayan, bizə yaraşmayan ailə dramlarını, şəxsi məsələləri insanlara, xüsusilə də, uşaq və yeniyetmələrə nümayiş etdirəndə əlbəttə ki, bu onların mənəviyyatına mənfi təsir göstərəcək. Onda gənclər bu cür davranışları adi hal kimi qəbul edər, böyüyə-kiçiyə hörməti, bir vətəndaş kimi məsuliyyət hissini unudarlar.
Bütün dünya oğullarımızın qəhrəmanlığına şahid oldu
İkinci Qarabağ müharibəsi, şəhidlərimiz, qazilərimiz, igid Vətən övladları nəinki özümüzə, bizi bütün dünyaya tanıtdı. Vətənpərvərlik qandan, gendən gələn bir hissdi, söyləyir hörmətli sənətkarımız. Demək ki, qanımız hələ safdı, sanki bu duyğular illərlə köz kimi kül altında bu günü gözləyirmiş. Müharibə başlayanda o köz elə alışdı ki, oğullarımız gülə-gülə, rəqs edə-edə döyüşə, torpaqlarımızı azad etməyə, Vətən uğrunda can verməyə yollandılar. Bəlkə orta məktəbdə oxuyanda nadinc, hərdən dərsə hazır olmayan, müəllimlərinin narazı qaldığı o gənclər qanları ilə tarix yazdılar. Vətən, torpaq naminə yaralı vəziyyətdə döyüşdülər, ölümün üzərinə getdilər. Şəhidlərimizin, qazilərimizin hər biri bu günkü gəncliyimizə bir nümunədir. Bütün dünya Azərbaycan oğullarının qəhrəmanlığına şahid oldu…
Bu gün hər birimiz Qərbi azərbaycanlıyıq
Bu il Zəngəzur mahalının Qarakilsə rayonunun Şəki kənd icması Şəki kəndində vaxtilə qeyd edilmiş “Baca-baca – ilaxır çərşənbə” adlı möhtəşəm bir tədbir keçirdi. Novruz şənliyində Eldost müəllimin söylədikləri yaddaşıma yazıldı. O, çıxışında deyirdi ki, Qərbi Azərbaycan torpağı olduqca istedadlı insanlar yetişdirib. Onlar həm yaradıblar, həm də yaşadıblar. Bu bölgədən olan ziyalılarımız da söyləyirlər ki, Eldost müəllimin səsi, nəfəsi onlara ilham verib. Onun özünəməxsus şirin-şirin söylədiyi bayatılar, xalqın yaddaşından süzülüb gələn folklor nümunələri bu torpağın yetirmələrinin yaradıcılığına güclü təsir edib. Eldost müəllim illərdi bu istedadlı insanların dostu, sirdaşına çevrilib. Onlar o qədər doğmadılar ki, görənlər bəzən elə bilirlər ki, Eldost müəllim o torpağın yetirməsidi. Düzü, mən də, əvvəlcə elə zənn eləmişdim… Axı bu gün biz hamımız Qərbi azərbaycanlıyıq… Eldost müəllimin səsində Azərbaycan bir yumruq kimidir.
Savab işlər, xeyirxah əməllər…
Eldost müəllim illərlə gözdən əlillər üçün mətnlər, əsərlər oxuyub, onların maariflənməsində əlindən gələni əsirgəməyib. Bəzən imkan, şərait çətin olub. Amma o, bu həssas, incə rulu insanlarla təmasdan ayrılmayıb. Məlumdur ki, bu qrupdan olan adamlar yaxşını-pisi daha aydın hiss edirlər. Onların içərisində də olduqca istedadlı insanlar var. Onlar Eldost müəllimi illərdi ki, özlərinin yaxın adamı, doğması kimi çox sevirlər.
Gənclər valideynlərini çox istəsinlər…
Söhbətimizin sonunda Eldost müəllimdən gənclərə nə demək istədiyini soruşduq. O, bildirdi ki, iki məsələdə çalışsınlar ki, səhv etməsinlər; biri ailə quranda, digəri isə peşə seçimində. Çünki, bunlar çox önəmlidir. Bir də, onu arzuladı ki, gənclərimiz Vətəni, məxsus olduqları xalqı və onlara min bir əziyyət çəkən valideynlərini çox istəsinlər…
—Oğlum, musiqi müəllimin Əlişircani gördüm. Səni çox tərifləyirdi. O qədər sevindim ki, az qala ağlayırdım. “Rəhimcanin şirin səsi var. Onu tərbiyə etmək lazımdır. Yaxşı bir müəllim tapmaq gərək,” dedi. Ruxsar ana, nazik boylu, isti baxışları olan, qara gözlü, qara saçları alnına düşən kiçik oğlunu qucaqlayaraq, ərköyünlədi. – Böyük müğənni olsan, sənin sayəndə Daşkəndi də gəzib görərik, oğlum. – Allahın izni ilə, anacığım! Təhsil alıb bitirəndən sonra, ilk işim sizi böyük şəhərdə gəzdirmək olacaq. Uzun zamandır bunu arzulayıram. Amma… konservatoriyaya qəbul edərlərmi, anacan? – Edərlər, oğlum, edərlər. Səsini eşidib, onlar da sənə heyran olacaqlar. – Anacan, çox böyütmüsünüz, mənə bənzəyənlər nə qədərdir? – Heç biri yoxdur. Allah hər kəsi öz rizki ilə yaradır, oğlum… Rəhimcan məktəbi bitirdikdən sonra gedə bilmədi. Yalnız anasının qazancı ilə nə olar. Musiqi məktəbinə daxil oldu. Müəllimlərinin köməyi ilə qəzəlləri düzgün oxumağı öyrəndi. – Hələ böyük müğənniləri də rahatlıqla ifa edə biləcək səviyyəyə çatacaqsan, oğlum, – deyirdi ustadı Ganibəy də, şagirdinin istedadından sevincini ifadə edərək. Məktəbi bitirəcək ili bölgədə keçiriləcək Gənclər Festivalında Nizaminin qəzəlləri ilə ifa edilən “Qara gözüm”, “Gəlmədi” mahnılarını ifa edərək birinci yerin sahibi oldu. Jüri heyətindəki tanınmış müğənnilərdən biri, özünü Müsli deyə tanıdan yaşlı, geniş bədənli kişi Rəhimcani qucaqlayaraq deyir: – Oğlum, gələcəyin çox parlaqdır. Bu – mənim ünvanım. Bakıya gedəndə məni tap. Təhsilinə başlamağa kömək edərəm, – dedi. O gün Rəhimcanin sevinci sonsuz idi. Sanki göylərdə uçurdu. Evə gələn kimi: – Anacığım, məni təbrik et, – dedi. – Birinci yer verdilər. Bir neçə aydan sonra Bakıya gedəcəyik. Əgər orada da yer alsam, konservatoriyaya imtahansız qəbul olunacam. – Özümün ağıllı oğlumdan öyrənirəm. Səsinə göz dəyərsə, Allah qorusun, oğlum. – Dediyin olsun… Festivalda ikinci yeri tutan Muhsincanin içində işıq yanıb yanmamışdı. – Bütün zəhmətlərim, əməklərim havaya uçdu mu? Bakıdakı böyük səhnələrdə mahnı oxumağı arzulayıram, axı… Muhsin evdə otura bilmədi. Anasının: – Ay, ay, gecə hara gedirsən? – dediyinə baxmayaraq, ustadının yanına yola düşdü. – Sülh olsun, Muhsincan, nə xəbər? – deyə qarşısını aldı ustadı. – Bu gün-erməni dincəl, dedim ki! – Usta, mən də yarışmaya qatılacağam. Bakıya gedirəm. Məqsədim budur. – Dostunun mahnısını özün eşitdin. Həqiqətən də onun səsi çox güclüdür. Amma sənin səsin də pis deyil. Allahın izni ilə, gələn il sən gedəcəksən. Mən bu məsələni həll edəcəyəm. İndi evə gedib dincəl. – Yox, usta, mən gedəcəyəm dedimmi, gedəcəyəm. Bu il mən də təhsil almağa başlayacağam. – Onda… Rahimjonu getməməyə inandırmalısan… O zaman sənə yol açılacaq. – İnandıraram. Əlbəttə, inandıraram… Muhsincan o günü səhnədə Rəhimcanin sevinclə parlayan gözlərini, qucağında gül dolu olduğunu xatırlayaraq, acıdan barmaqlarını sıxdı. – İndi heç vaxt bu qədər sevincli olmayacaqsan, dostum! Ertəsi gün şəhər mərkəzindəki bağda böyük ziyafət oldu. Ustazlar, şagirdlər, tanınmış musiqiçilər, müğənnilər toplanmış ziyafət daha çox tədbirə bənzəyirdi. Çünki, ətrafındakılar hər biri sevdikləri mahnıları oxuyur, maraqlı əskiyalar söyləyirdi. Növbə Rəhimcanin idi. O, anasına ithaf etdiyi mahnını ifa etdi. Alqışlar səsləndi. Hətta tətilə gələnlər də mahnı bitəndə onu alqışladılar. Hamı qədəhlərini doldurdu. Rəhimcan: – Bağışlayın, mən içmirəm, – dedi. – Bəli, bəli, bu ziyafət əslində sənin şərəfinə təşkil olunur, gəlin, bir dəfə, başqa içməyəcəksən? Rəhimcan nə edəcəyini bilmirdi, hamı onun üzünə baxırdı. Həya etdiyi üçün, əlacsızlıqdan bir dəfə qədəhi qaldırıb içdi. – İndi biz sənə inandıq. Həqiqi oğlan oldun! Lakin Rəhimcan, içkini içdiyi zaman əvvəl boğazı, sonra içi qızarmağa başladı, gözlərindən titrəyərək yaş axdı. Könlü narahat oldu. Otura bilmədi. Bağışlayıb yerindən durdu və bağın küncünə doğru getdi… Arxaya dönmədi. Evə necə çatdığını bilmədi. Oğlunun vəziyyətini görən ana isə göz yaşlarını tutaraq: – Oğlum, sənə nə olub, oğlum? Rəhimcan bir həftə yattı. Dəfələrlə öksürdü, heç bir şey yeyə bilmirdi. Demək olar ki, iki ay şəhərdəki böyük xəstəxanalardan birində müalicə olundu. Müalicənin təsiri görünməyə başlasa da, sağalmaq mümkün olmadı. Niyə belə oldu, bunu heç kim başa düşə bilmirdi… Günlər boyu xəstəxanada yatarkən, bezdikdən sonra rəngli kağızlardan gül düzəltməyi öyrəndi. Bu gözəl gülləri həkimlərə, tibb bacılarına, xəstələrə paylayardı… Rəhimcan tükənirdi. – Məni apar, anacan… sağalmayacağam. Evə gələndə xalçasının üzərindəki dutoru gətirmələrini istədi. – Çalmağa başlayacağam… Mağazanın ahənginə uyğunlaşdırmağa çalışdı, amma səsi çıxmadı. O, dutoru yerə qoyub ağlamağa başladı. – Mən artıq heç vaxt mahnı oxuya bilməyəcəyəm, anacan? Niyə, niyə?! Mənə nə oldu? Ruhsal düşkünlük, xəstəlik onu məğlub etdi. Yatdığı yerə bağlandı. Muhsinjon isə o günlərdə Təşkənddə idi. Seçimlərdə iştirak edib, yer tutduqdan sonra qəbul olundu. O çox xoşbəxt idi. – Müəllim, məqsədimə çatdım. Mən çox xoşbəxtəm, – dedi qayıdanda. – İndi yaxşı oxu. Axtarışa davam et. – Əlbəttə. – Dostunun xəstə olduğunu eşitdim. Xəbər aldınmı? – Bu gün sağlam-aman gəlib çatarsam, onu görməyə mütləq gedəcəyəm… Hazırlıqla o qədər də əlaqə qura bilmədim. – Belə et. O çox istedadlıdır. Sağalsın, inşallah… – Allahın izni ilə… Muhsincan belə dedi, amma daxili düşüncəsində: «O artıq heç vaxt mahnı oxuya bilməyəcək, sağalmayacaq», – deyə düşünürdü. Həmin vaxt etdiyi pis işi yalnız Allah və özünə məlum idi. Rəhimcan dərdinə şəfa tapılmadı. Bibilərinin gətirdiyi yaşlı həkimin dediyinə görə, arağa civə əlavə edilməsi mümkündür. Amma qana sürətlə qarışdığı üçün bunun dəqiq olub-olmaması və müalicəsi çətin idi. Gəncin canına qəsd edildiyi məlum olsa da, günahkar tapılmadı. Payız fəslinin, daha dəqiq desək, oktyabrın 28-də, Rəhimcan cavan, 20 yaşında dünyadan keçdi… Onun üçün kədərli, ağlamayan heç kim qalmadı. O gün yağış fasiləsiz yağıb… Muhsincanin şöhrəti isə artmağa başladı… Böyük toplantılara, toy məclislərinə çağırılmağa başlandı. Zənginləşdi, maşın aldı. Daşkənd ona daha yaxınlaşdı. Belə günlərin birində, qarın sıx yağan yanvarın 20-lərində işdən evə gedərkən, Muhsincan avtomobil qəzasına uğradı. Maşın uçuruma düşdü… Son nəfəsində nələr düşündüyü məlum deyil. Amma o, öz günahına uyğun cəza aldı. Bu hadisə illər əvvəl baş verdi. Rə himcanin anası da yaşlanıb dünyadan getdi. Amma həmin dutor və onun şəkli xalçada hələ də asılıdır.
Tərcüməçi: Cahangir NAMAZOV, “Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi. Azerbaycan Jurnalistlar birliyinin üzvü.
Hər yay Novxanıda olan bağ, Arif və Gülnazın həyatının bir parçası olmuşdu. İki ciddi jurnalistin, hər ikisi ağır iş günləri, stress və qarışıq dünyadan qaçmaq üçün təkcə bir neçə günlük sükut və tənhalıq axtardıqları bir yer idi. Yolda təndir, pendir, qarpız, pivə alıb yola düşdükləri anlarda, hər şey onlar üçün sadə və doğma olurdu. Ancaq bağa çatdıqda Gülnazın “yenə gəldik də bu xaraba xanaya” ifadəsi hər şey dəyişib, alt-üst edirdi.
Arif, sanki hər şeyin fərqində olan bir adam kimi, kaset pivələrini alıb, bağın köhnə hasarlarının yanında özünə bir yer tapırdı. Gülnaz isə, yavaş-yavaş bağın dörd hasarı arasında sıxılır, narahat olurdu. Arifin sadəcə sakitcə pivə içməsi və keçmiş günlərin xatirələrinə dalması onun qarşısında sadəcə bir divara bənzəyirdi. Kənddən uzaq olan bu bağda həm içindəki tənha, həm də bağın dəyişən havası onları narahat edirdi.
Qonşuluqdakı bağ isə, Mirzə kişinin 3 il əvvəlki vəfatından sonra, nizam-intizamsız şəkildə böyüyən yabanı bitkilərlə dolmuşdu. Bu bağın təsiri onların bağlarına da sirayət etmişdi. Həmid Herisçinin dediyi kimi, “hər Bakılı öləndə, Abşeronun bir bağında ölər”, deyə düşünürdü Arif, amma bu dəfə bu bağda çox şey ölmüşdü.
Bağdan sonra isə dənizə getdilər. Dənizdə turistlər, idmançı oğlanlar, narahatlıqla ətrafa göz gəzdirən gənc qızlar vardı. Dənizin qoynunda sükut vardı, amma gülnazın içindəki sözləri durmadan çıxırdı. Arif başını aşağı salıb, pivəsini içdi və onun sükutuna qayıtdı.
Bir vaxtlar çox xoşbəxt idilər. İndi isə, Gülnaz özünün fərqli bir yerə getmək arzusunu açıqca bildirdi. “Ayda başlama da, insan gəzməlidir, başqa ölkələr görməlidir, camaat antalyada, kəmərdə, bodrumda kef eləyir, sən də elə novxanıdan, o cındır, iyvermiş bağdan yapışmısan, başa düşə bilmirəm, nə var o bağda axı, vallah adam özünü orda asmaq istəyir” dedi, amma bu sözlər Arifi sanki zamanın və məkanın gerçəkliyindən tamamilə uzaqlaşdırmışdı. Arif isə düşündü: “Bir vaxtlar yaşayırdım, indi isə buradayam, burada təkrar-təkrar, özümü həbs etmiş kimi hiss edirəm.”
Gülnazın nə qədər danışdığına, nələr dediyinə fikir vermədən Arif, əslində heç nəyi dəyişə bilmədiyini anladı. Onlar artıq bağda deyil, yaşadıqları bir dövrün əksini görürdülər. Arifin içindəki suallar çoxdan cavabsız qalmışdı və indi, sahildəki o sükutda yalnız keçmişi xatırlamaq istəyi vardı. Arif özünü Xəzərin qoynunda tapdı, o arxası üstə üzməyi çox sevirdi, Sahildə sifətindən zəhrimar yağan gülnaza baxıb, elə burdan üzə üzə Qazaxıstana, Türkmənistana getməyi düşündü, orada, Mərkəzi Asiyada geniş səhralar, meşəliklər, uca dağlar, böyük məscidlər var idi, bu böyük əraziləri gəzmək həmişə arzusu olmuşdu, lakin, ailə-məişət qayğıları bu arzuların önündə sədd idi.
Bəlkə də bir vaxtlar şeir yazdığı, konsertlərə getdiyi o dövr artıq arxada qalmışdı. Artıq onun arxasında uzun saçlar yox, tökülən saçlar və böyüyən qarnı vardı. Pivə, araq artıq zəhərli bir alışqanlıq olmuşdu. Gülnaz isə çoxdan artıq danışmağa başlamışdı. Arif düşünürdü: Bəlkə də bir vaxtlar daha fərqli yaşadım, səhvlər elədim, içdim, gəzdim, şeir yazdım, dedim, güldüm, ağladım, sevdim, sevildim amma indi hər şey bozdur, bir birinin təkrarıdır…
Bir neçə saat keçdi. Arif sahilə çıxıb, Gülnazın yanında uzandı, o, həmişəki kimi Gülnazın deyinməklərinə yenidən qərq oldu. O, başını aşağı salaraq düşündü:
“Mən bir vaxtlar yaşayırdım… Mən bir vaxtlar azad idim… Mən bir vaxtlar gənc idim…”
Bir neçə il əvvəl biz, bir qrup özbəkistanlı gənc, Rusiyanın şəhərlərində yerləşən ali məktəblərdən birində təhsil alırdıq. Universitet binası yataqxanamızdan o qədər də uzaqda deyildi. Piyada da gedə bilərdik. Bəzən isə nəqliyyatdan da istifadə edirdik. Bir gün dərsimizin birinci saatı olmadığı üçün, vaxtımız bir az geniş idi. Mömüncan adlı dostumla piyada yola çıxdıq. Ətrafda insanlar gur idi. Hər kəs öz işinə tələsirdi, heç kimin başqası ilə işi yox idi. Biz piyada yoluyla gedərkən, birdən gözümüz bir parça ağ çörəyə sataşdı. Mömüncan tez qaçıb çörəyi götürdü və: — Vay, namərdlər e, çörəyi yerə atıblar! – deyib, onu “puf-puf” edərək təmizlədi, öpdü, gözünə sürtdü və mənə uzatdı. Mən də eyni hərəkəti etdim və çörək parçasını yol kənarındakı ağac budaqları arasına qoydum. Yolumuza davam etdik ki, arxamızdan bir səs eşitdik: — Ребята, постойте на минутку… Biz dayandıq və arxaya çevrildik. İnsanlar axını arasından bir rus kişi bizə tərəf sürətlə gəlirdi. Təxminən 50-55 yaşlarında olan bu insan nədənsə həyəcanlı idi. Dostumla ikimiz bu vəziyyətə təəccübləndik. Üstündəki geyimləri özünə yaraşırdı. Sinəsində bir çox nişanlar vardı. Bizə yaxınlaşdıqda: — Haralısız? – deyə soruşdu. — Özbəkistandan, Namangan şəhərindənik – dedik. — Hə, elə fikirləşirdim ki, bu oğlanlar buralı deyil. Eşitmişəm, “Namanganskiye yabloki” (Namangan almaları) mahnısını – dedi, gözləri parlayaraq. Həqiqətən də o vaxtlar bu mahnı çox məşhur idi, rusca versiyası da dillərdə gəzirdi. — Həqiqətən orada bizim Miçurinskdəki qədər alma olur? – deyə maraqlandı. Biz Namanganda təkcə alma deyil, digər meyvələrin də çox olduğunu, həmçinin şəhərin güllər şəhəri kimi tanındığını dedik. — Mənim adım Nikolaydır. Sadəcə Kolyə əmi də desəniz olar – deyə özünü təqdim etdi. – Yolunuzdakı məktəbdə hərbi təlim fənnini tədris edirəm. İndicə gördüyüm hərəkətiniz məni çox sevindirdi. Belə gənclərin varlığı qəlbimi şad etdi.
— Eh, oğlanlar, bir parça çörəyin qədrini biz yaxşı bilirik – deyib dərindən ah çəkdi. Və bizim az əvvəl ağac budaqları arasına qoyduğumuz çörək parçasını götürüb çantasına qoydu. — Bilin ki, bu bir parça çörəyə neçə-neçə insan möhtac olub… İkinci Dünya Müharibəsinin alovlu illəri… Hər yer yanır. Faşist işğalçıları kənd və şəhərləri müvəqqəti ələ keçirib, insanları qovmuşdular. Uşaqlar da, böyüklər də aclıq içində. Hər yer çörək kartı ilə işləyirdi. Bir adama düşən gündəlik pay 30-50 qram idi. Bizim batalyon cəbhənin ön xəttində vuruşurdu. Belarusiyanın kiçik bir kəndini faşistlərdən azad etdik. O zaman yanımıza 9-10 yaşlarında bir oğlan qaçaraq gəldi və bizi evlərinə apardı. Evə daxil olduqda, 40 yaşlarında bir qadın halsız halda uzanmışdı. Bu, həmin oğlanın anası idi. Bir neçə gündür ki, duz belə dadmamışdı. Faşistlər onların bütün ərzaqlarını alıb aparmışdı. Qızardılmış kartof qabıqlarını yeyirdilər. Onların bu acınacaqlı vəziyyətini görüb, əsgərlərimizdə faşistlərə qarşı daha da çox nifrət hissi yarandı. Yanımdakı əsgərlər öz çantalarından bərkimiş çörək, suxarı və konservlər çıxarıb qadının yanına qoydular. Qadın çörəyi alıb gözünə sürtdü, ağladı və oğluna baxaraq: — Al, Grişenka, ye, qarnını doyur! – dedi. Uşaq isə: — Yox, yox, ana, sən ye. Axı bir neçə gündür ki, heç nə yeməmisən! – deyirdi. Bu mənzərəni görən əsgərlərimiz, faşistləri torpağımızdan tez bir zamanda qovmaq gərəkdiyini bir daha hiss etdilər. — Bəli, mən bu cür hadisələrin şahidi olmuşam – dedi Kolyə əmi. — İndicə sizin etdiyiniz hərəkəti görüb o günləri xatırladım. Yerə atılmış bir parça çörəyin yanından laqeyd keçən insanlara baxıb demək istəyirdim: “Eh insanlar, insanlar! Siz bu çətin illəri belə tez unutdunuzmu?” Biz Kolyə əmi ilə sağollaşarkən, o bizə ünvanını verdi. — Evimə gəlin, sizə müharibə xatirələrimi danışaram – dedi.
Biz, o müharibənin dəhşətli illərini görmüş bir insanla sağollaşarkən, onun dedikləri qulaqlarımızda səsləndi.
Və bir daha dərk etdik ki, hər şeyin qədrini bilmək lazımdır. Xüsusilə də çörəyin – bu əvəzolunmaz nemətin bir parçasını belə israf etməmək, ona ehtiram göstərmək lazımdır.
Mahmudjon SOLİYEV, Tərcüməçi: Cahangir NAMAZOV, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi
1965-ci ildə Füzuli rayonunun Seyid Əhmədli kəndində dünyaya göz açıb. Bu kənddə boya-başa, ərsəyə çatıb. Və bir gün də doğma ata-baba yurdundan pərvazlanaraq Bakıya üz tutub, ali təhsil alıb, ev-eşik sahibi olub…
Deyir ki:- “Orta məktəb illərində dövrü mətbuatı, jurnalları oxuyurdum. Jurnalistikaya məndə həvəs yaranmışdı. O zaman Füzulidə “Araz” adlı qəzet çıxırdı. Məqalələrim həmin qəzetdə dərc olunsa da, nədənsə göndərdiyim şeirləri çap etmirdilər. Görünür ki, zəif şeirlər idi. Yaxşı ki, tez başa düşdüm ki, məndən şair çıxmaz, ona görə şeir yazmağın daşını atdım. Amma məqalələr yazırdım. Sonra respublika səviyyəli mətbuatda, “Azərbaycan gəncləri”ndə yazılarım, müəyyən xəbərlərim çıxırdı. Və Bakı Dövlət Universitetinə qəbul olundum. Jurnalistika fakültəsinə sənəd verməyə çalışdım, ancaq sənədlərimi götürmədilər. Tofiq Rüstəmov mənə dedi ki, qəbul edə bilmərik, sənədlərinizi başqa fakültəyə verin. O zaman jurnalistika və hüquq fakültəsinə sənəd vermək üçün ən azı 2 il iş stajı, ya da hərbi xidməti başa vurmaq tələb olunurdu. Fikirləşdim ki, sənədləri hara vermək olar, nisbətən təcrübəli abituriyentlərdən biri mənə məsləhət gördü ki, sənədlərimi kitabxanaçılıq fakültəsinə verim, sonra jurnalistika fakültəsinə dəyişərəm. O məqsədlə də kitabxanaçılıq fakültəsinə sənəd verdim və qəbul oldum. Elə oldu ki, birinci kursdan sonra hərbi xidmətə getdim. O vaxt qayda elə idi. Hərbi xidmətdən qayıdandan sonra yazılarım qəzetlərdə dərc olunmağa başladı. Jurnalistika fakültəsinin tələbələri ilə qaynayıb-qarışdıq. Fikirləşdim ki, fakültəni dəyişdirməyə də ehtiyac yoxdur. İş belə alındı ki, bu sahəni seçdim. Amma orta məktəbdə oxuyandan jurnalistliyə qərar vermişdim. Odur ki mətbuata gəldim…”
2006-cı il mayın 18-də beş nəfər naməlum şəxs tənqidi yazılarına görə qarşısını kəsərək, onu zorla avtomobilə əyləşdiriblər. Bakının kənarına apararaq, huşunu itirənədək döyüblər. Ayağının bir neçə yerdən sındığını, zədələrini görən yerli sakinlər onu xəstəxanaya çatdırıblar. Bu acı olaydan sonra bir il əziyyət çəkib, intensiv müalicə alıb…
“Bu, mənim həyatımın ən ağır məqamlarından biri idi. Təbii ki, insan həyatında cürbəcür çətinliklərlə qarşılaşır. Mən də bir çox çətinliklərlə qarşılaşmışam. Amma o hadisə, mənim həyatımda ən böyük sarsıntıdır. Heç vaxt yadımdan çıxmaz. Hələ də mənəvi ağrı-acılarını yaşayıram. Yəqin ki, heç vaxt da keçməyəcək.”- söyləyir.
İstedadlı jurnalist, yazışı-publisistdir. Maraqlı yazıları ilə ətrafına geniş oxucu audetoriyası toplaya bilib, həvəslə oxunur. Eyni zamanda, gözəl poeziya nümunələri yaradır. Necə deyərlər, dərd onu şairlik səviyyəsinə qaldıra bilib. Şeirlərinə, yazılarına hopan bu dərd, misra-misra, sətir-sətir ah çəkir, qəlbləri göynədir…
Ailədə yeddi uşaq olublar. Atası Füzuli rayonunda Suvarma Sistemləri İdarəsində fəhlə işləyib. Anası isə fəhlə olub…
Deyir ki:- “Mən ailədə üçüncü uşaq idim. Bizim ailə bir sıra qəzetləri, hətta rus dilində “Literaturnaya qazeta”nı da alırdı. Orta məktəbdə tatar müəlliməmiz vardı, bizim kəndə təzə gəlin gəlmişdi, ondan rus dilini öyrənmişdim. Artıq orta məktəbin son siniflərində rusca qəzetləri də oxuyurdum. Fəhlə ailəsi olsaq da, qəzet, kitab oxumaqdan qalmazdıq. Evimizdə çoxlu kitab vardı…”
Həssas təbiəti var. Möhkəmlik, dözümlülük, güclü iradə onun ən əhəmiyyətli xüsusiyyətləri sırasındadır. Kimsə onu asanlıqla istiqamətləndirə, idarə edə bilməz. Həyat yolunda sabit, mühafizəkar davranmağı xoşlayır. Sülh və əminamanlıq tərafdarıdır, amma mübarizəsindən heç zaman dönməz, əqidə adamıdır. İti zəkası var. Etibarlı və sədaqətlidir, əmanətə xəyanət etmək ruhuna ziddir. Dəyişkən, xəbis adamlardan həmişə uzaq dayanır. İradəsi güclü olduğundan çətinliklərin qarşısında ümidsizliyə düşmür, sarsılmır…
“Mən jurnalistikaya bir missiya kimi baxıram. Bu, mənim işimdir. Mən bu işdən ləzzət alır, bu işlə yaşayıram. Cəmiyyət nə qədər varsa, media da olacaq. İstərdim ki, bundan daha yaxşı şərtlər yaransın, jurnalistika ilə daha yaxşı məşğul olaq. Şükür ki, “Bizim Yol” qəzeti hələ də yaşayır və çalışırıq ki, sözümüzü deyək, cəmiyyəti daha da maarifləndirək.”- söyləyir.
Onu həyatda cəmi bir, ya da ki, iki dəfə görmüşəm. Yerişindən, duruşundan, davranışından az da olsa xəbərim var. Yazılarından isə, onu maraqlı və məzmunlu adam kimi tanımışam. Obrazlı desəm, çeşmələr kimi saf, dağ çayları kimi coşqun, dəniz kimi təlatümlüdür…
Ən böyük arzusu ailəsinin problemlərini həll etməyə qadir olmaq, övladlarının cəmiyyətdə layiqli yer tutmasıdır. Ümumi ictimai arzusu isə, ölkəmizi həmişə azad, insanlarını xoşbəxt görməkdir…
…Yəqin ki, söhbət zamanı işlətdiyim “Bizim yol qəzeti” kəlmələri kimdən danışdığımı sizə xatırlatdı. Bəli, mən “Bizim yol” media resurslarının rəhbəri şair, yazıçı-publisist, jurnalist Bahəddin Həzidən danışıram…
Aprelin 28-i Bahəddin bəyin yubileyidir, 60 yaşı tamam olur. Qoy bu söhbət, onun şəninə deyiləcək fikirlərə bir SİFTƏ olsun. Bahəddin bəyə möhkəm can sağlığı, firavan həyat, yaradıcılıq uğurları arzulayıram. Çox yaşasın!