Avropada təhsil alan ilk azərbaycanlı qadın Leyla Şahtaxtinskaya olmuşdur. O, ilk azərbaycanlı həkim mama – ginekoloq Adilə Şahtaxtinskayanın bacısı, maarifçi, publisist, jurnalist İsa Sultan Şahtaxtılının qızı idi. Leyla xanım 1866-ci ildə Qars şəhərində dünyaya gəlmişdi. O, 1902-ci ildə Tiflis Qızlar məktəbini bitirmişdi. Hacı Zeynalabdin Tağıyevin vəsaiti ilə 1904-cü ildə İsveçrədə Tibb Universitetinə daxil olmuşdu, lakin təhsilini başa vurmasına cəmi 2 il qalmış xəstələnərək orada vəfat etmişdi. “Molla Nəsrəddin” jurnalı Leyla Şahtaxtinskayanın ölümü ilə əlaqədar nekroloq da dərc etmişdi. * * * * * Leyla xanım ali təhsil almaq üçün İsveçrəyə getdi, Lozanna Universitetinin tibb fakültəsinə daxil oldu. Lakin üçüncü kursdaykən Leylanın İsveçrədə soyuqdəymədən vəfat etdiyi xəbəri gəldi. Bu xəbər təkcə onun ailəsini yox, Qafqazın mədəni müsəlman cəmiyyətini də kədərləndirmişdi. Çünki o, Avropada təhsil almaq şövqünə çatan ilk azərbaycanlı qadın idi. Ancaq qəfil ölüm buna icazə vermədi. Leyla xanım 21 yaşında dünyadan köçdü… Leylanın soyuqdəymədən vəfat etməyinə Mirzə Cəlil inanmamışdı. “Molla Nəsrəddin” satirik jurnal olmasına baxmayaraq, 1908-ci ildə 52-ci nömrəsində Leyla Şahtaxtinskaya haqqında nekroloq dərc etdi. Burada yazılmışdı: “…İki ildən sonra vətənində biçarə müsəlman övrətlərinin min-min dərdlərinə şəfa verəcəkdi. Əfsus, qismət olmadı. Leyla xanım keçən il İsveçrədə soyuqdəymədən vəfat elədi. Avropaya elm dalınca gedən müsəlman qızlarından Leyla xanımdan savayı bir özgəsini eşitməmişik. Molla Nəsrəddin”in arzularından xəbərdar olanlar gərək bilsinlər ki, bir belə vücudun yox olmağı bizim üçün təskinsiz bir dərddir. Jurnalımızın səhifəsini mərhumun surəti ilə bəzədik ki, gələcəkdə Leyla xanımın vətən bacıları hər dəfə həmin vərəqi görəndə desinlər: bu bacımız vəfat etdi, bəs insafdırmı bunun yeri boş qalsın ? Rəvadırmı bundan sonra İsveçrədə elə bilsinlər ki, dünyada müsəlman qızı tək bircə imiş ? Dəxi dünyada müsəlman qızı yoxdur, bəlkə dünyada heç müsəlman yoxdur! Rəvadırmı ?” Molla Nəsrəddinin yanıqlı harayını sanki ilk dəfə Leylanın kiçik bacısı Adilə eşitdi. Adilə həkim oldu. O, 1930-cu ildə Kiyevdə doktorluq dissertasiyasını müdafiə etdi. Professor elmi məqamına yüksəldi. Adilə Şahtaxtinskaya Azərbaycanın ilk qadın həkim-ginekoloqu oldu. Lakin ərinin Mir Cəfər Bağırov tərəfindən şəxsən güllələnməsindən sonra Adilə həkimin də həyatı böyük təhlükə qarşısında qaldı. …Azərbaycanın ilk həkim mama-ginekoloqu, professor Adilə Şahtaxtinskaya həbsxanaya salındı. Onun nə müdrik zəkası, nə xidmətləri, nə də bu xalqın gələcəyi üçün görəcəyi işlər nəzərə alınmadı. Azərbaycan üçün lazımlı bir qadın Azərbaycandan çox uzaqlara mal-heyvan daşınan vaqonda Potmadakı həbs düşərgəsinə sürgün edildi. Beş il “cəzasını” çəkəndən sonra böyük arzu və ümid ilə Azərbaycana döndü. Ancaq onun Bakıda yaşamağı qadağan edildi. Adilə xanım həyatdan, taleyində küsdü, doğma Vətəndən incidi… Yurdun qapıları üzünə bağlanandan sonra kövrək hissləri onu Tiflisə apardı. Və o, qürbətdə – 1951-ci ildə vəfat etdi.
Mənbələr: 1) “Molla Nəsrəddin” jurnalı, № 52, 1908 2) Əməkdar elm xadimi Fərrux Rüstəmovun 2023-cü il, 11 yanvar tarixində AZƏRTAC – da işıq üzü görən müsahibəsi. 3) Azərbaycan Milli Ensiklopediyası.