
“Gecəni axtaranlar”ın müzakirə səhifəsinə
Balaca bir roman nə qədər də motivlər ətrafında söhbətə ayaq verdi:
-Apokalipsis, qiyamət günü; hərçənd orda dayandıq ki: gənc bir yazıçının, aya, hansı həyat və yaşam baqaji olmalıdır ki, Bakını mistik şərin fitvası ilə aguşuna almış, heç vəch kəsmək bilməyən Leysanın fonunda Cəmiyyət, ya İnsanlıq adına axirət sevdasının altına girə bilə… Heç roman da bu gümana axıracan dayanmayıb, başqa bir hekayətə keçir…
-Yusifin hekayəti; həyatdan küskün və həm həyata bayğın gənclik, Yusif, Şəms, Seymur, Lav, Elxan, Nərmin və daha bir neçə də adı keçən Yusifin dostları… – çağdaş gəncliyin həyatını illüstrə edən psixoloji roman. Gecəni axtaranlar – intiharçılar, intihar həvəskarları, yarı yolda dayananlar; biz də yarıda dayanmalı oluruq: təzə olmasa da, səbəblər də var; bir az mifoloji-mistik talesizlik – həmincə Şərin qızı Məğra himayəsi, bir az köksüzlük-sevgisizlik-həyata yadlaşma… – freydist komplekslər… Kimsə sosial narazılıq amilləri də axtardısa da, tapammadıq; evləri-eşikləri, keyfləri-damaqları, sevgi əyləncələri, “sevgili” epotajları və hətta bezginlikləri… Bu yerdə istər-istəməz kənara ekskurslarımız da oldu; Orxan Həsəni və başqa gənc qələmlər yada düşdü; hələ bir az da şübhə elədik, dogrudan da mı, düşünən-daşınan-yaşayan gəncliyimizin həyatıdır bu?, ya bəlkə gənclərin təxəyüllüdür, daha çox əcnəbi romanlardan qopub gəlir istək-arzu kimi… Çün baş verənlərin cəmisi təkcə gəncliyə xas sevgi maksimi üzərində deyil, həm də ədəbiyyat-sənət-yazıçılıq iştahları üzərində qərar tutur…
-Ədəbi mühit romanı; günün başqa yazarlarına və ədəbi mühitə aşkar və gizlin göndərmələr, açıq və gizli prototiplər… Belə bir fikir oldu ki, Gecəni axtaranlar bizim gənc yazarların yalan-gerçək ədəbiyyat mühitini açan, astarını üzünə çevirmək niyyətinə köklənmiş romandır (məxsusən də dəbdə olan “intihar” motivində). Olsun; amma mən çox da razılaşmadım, “materiallar”, hətta prototiplər aşkar buradan olsa da, roman mətninin nə mövcud ədəbi mühitin (və ümumən də ədəbi mühit ekzistensiyasının) anatomiyasına, nə parodiyasına, nə də acı dramatizminə fokuslandığını, açığı, görə bilmədim…
-Yazıçı başlanğıcı; fəlsəfi romanmı? – yox; ekzistensial romanmı? – yox; polifoniyadan söhbət getdi, qəhrəmanın və ayrı-ayrı personaijların təhkiyəsində təqdim olunsa da, romanda müəllif obrazının da qabarıq olduğu, mətnin paralel yazıçı düşüncəsinə açıldığı qeyd olundu. Bəlkə roman-esse? – belə bir mülahizə də səsləndi. Təkcə ona görə yox ki, Rəvan Cavidin uğurlu esseistikası və esseizmi müzakirə gedişində hər dəfə bir daha rəğbətlə xatırlanırdı; həm roman strukturunda bu başlanğıca da yer vardı – buna görə. Belə ki, müəllif Yusifin hekayətini sadəcə təqdim-təsvirə, bu və ya digər təfsirə (psixoloji romana) qane olmayıb, həm də bütöv bir fikir süzgəcindən keçirməyə ipucu-ehtimal verir: “Leysan”ın fonunda “Ayrılıq” – “Uşaqlıq” – “Ümid” – “Bağışlamaq” – “Xatırlamaq” – “Elxan” – “Yuxular” – Rəvan Cavid… (belə bir ardıcıl konseptuallıq cəhdini sonuncu dəfə Nərmin Kamalın “Aç mənəm” romanında görmüşəm)…
-Eynən düşüncə-esseizm havasını Rəvan Cavid sanki bütövlükdə kitabına da hopdurmaq istəmiş; hər biri bir ayrı dürüstlüklə qələmə alınmış hekayələrinə epiqraflar: “Şəmsi axtaran Mövlanəyə” (“Dəvələr, atlar, şarlar”) – “Bizdən ən tez ayrılanlara…” (“Buludlar uçur!”) – “Olanlara və yaxud heç vaxt olmayanlara…” (“Səfikürd nağılı”) – “Bizi xatırlaya bilməyənlərə…” (“Soyuq qəhvə”) – “Gəncliyimizə və bütün sevdiyim qızlara…” (“Onun sorağında”) və roman: “Bir də heç vaxt qayıtmayanlara…” (”Gecəni axtaranlar”) – həm də bunu deyir…
-Rəvan Cavid, gənc olmasına rəğmən, peşəkarlığı yerində olan, nəyi necə bilərəkdən yazmağı bacaran yazıçıdır (hərçənd ki, aşağı yarusda xeyli redaktə xətalarına da diqqətimiz oldu); Bakıya gətirdiyi Leysanı romanın mifoloji-metaforik düşüncə sırasında(n) tüm Cəmiyyət, ya İnsanlıq adına axirət divanına çevirə bilməsə də fokuslandığı gəncliyin, bircə-bircə obrazların həyatından keçirib oxucunu sikələyə bilir (aya, gənc bir yazıçının başqa hansı həyat və yaşam baqaji olmalıydı ki!). Hardasa Qiyamət xofuyla mətnə girən Oxucu – bir az həyat, bir az arxası, bir az dərinləri, bir az dayazları, düşüncə sırası və ricətləri… – “balaca roman” civarında çimib də Günəşin üzünə gülümsünə bilir…
-Çox da uzağa qaçmayıb, bu qənaətə gəldik ki: ilk nəsr kitabı və vur-tut 20-22 yaşında romanı Uğur vəd edən gənc istedad milli varlığımızın da romanını yaza biləcək…
15 aprel 2025
Müəllif: Tehran ƏLİŞANOĞLU
Mənbə: Yeni Ədəbiyyatı Tanıyaq müzakirə səhifəsi
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru