İnsan həmişə həyatı anlamağa , dərk etməyə çalışır. Hər kəs bir pəncərədən , bir prizmadan baxır həyata. Bir pəncərənin işığı o biri pəncərəyə düşmür. Hamı özünü haqlı sayır. Heç kimin ağlına gəlmir ki, bəlkə ən haqsız tərəfdədi həqiqət? Əgər həyat ana bətnində başlayıb yerin bətnində başa çatırsa ortada qalan zaman çərçivəsi nədi bəs? Bəlkə insanın bir qaranlıqdan digər qaranlığa inteqrasiyasıdı həyat?. Bəlkə insan rüşeymi inkişaf edə -edə neçə qat qaranlıqdan keçir özünə çatanacan? Bəlkə həyat insanın özü özünə min kərə qayıdışıdı?. Ruhun neçə canda dünyaya neçə yol dönüşüdü bəlkə həyat? Suallara cavab tapmayanda gah elmə , gah Tanrıya söykənirik. Fikirlər düyünə düşəndə də bir ayrı nöqtədən baxırıq dünyaya. Şüurumuzun yetdiyi qədər, görmək istədiyimiz tərəfdən baxırıq. Ölənəcən , yəni bir qaranlıqdan o biri qaranlığa keçənəcənsə çox şey bizə sirr olaraq qalır. Bəlkə də heç bir sirr yoxdu. Həyat biz bildiyimizdən də asandı bəlkə. Bəlkə biz özümüz çətinləşdirmişik həyatı , elə ölümü də. Hərdən adama elə gəlir ki, köç etdiyimiz və əbədi dünya adlandırdığımız dünya da heç əbədi deyil. Orda insan təzədən doğulur , yaşayır və ordan da bir ayrı dünyaya keçid edir. Beləcə insan min kərə doğulur. Ayrı cilddə , ayrı adda, ayrı məkanda min kərə gəlir dünyaya. Ya bəlkə əsl həyat ölümdən sonrakı həyatdı? Amma nə olursa olsun hər yerdə özünə xoşbəxtlik axtarır insan . Bəs hər kəsin əli çatırmı o məchul nöqtəyə–Xoşbəxtliyə? Qaçaqaçda , qovhaqovda nə qədər xoşbəxt ola bilirik? Zamanımız və gücümüz qalırmı xoşbəxt olmağa? Mənə elə gəlir ki, bədbəxtliyin açıqlaması bu qədər mürəkkəb və çətin deyil. Göz yaşı, həsrət, itkilər, səfalət, ayrılıqlar ( növündən asılı olmayaraq) , sevgisizlik , tənhalıq və sair və ilaxır ..bunlar bədbəxtliyi ifadə etməkçün ən primitiv ifadələrdi. Demək bunlar varsa heç bir xoşbəxtlikdən danışmaq olmaz. Üstündə olduğumuz bu həyat özü də faciədi mənim aləmimdə . Xeyirlə şərin, işıqla zülmətin , güclüylə gücsüzün mübarizəsi çox vaxt biz gözlədiyimiz nəticəni vermir. Bizə taleyi həmişə Tanrımı cızır ? Bütün günahları Onun və İblisin boynuna yıxmaqla əlimizə nə keçir? Özümüzü aldadırıq . Özü də bilə-bilə , sevə -sevə aldadırıq. Bu da ən böyük faciədi. Hər kəs xoşbəxtliyə can atır, eyni zamanda da ondan qaçır. Eyni yerdə , eyni havada yaşaya bilməyənlər məkan dəyişdirməyə ürək eləmir. Bütün talelər cəmiyyətin qarmağına keçib. Heç kəs ətrafın , toplumun , bütövlükdə sosial mühitin düşüncəsindən kənara çıxa bilmir. Düşündüyünü deyən , ürəyi istədiyi kimi hərəkət edənlərə “əxlaqsız, şərəfsiz , vicdansız , namussuz ” damğası vurulur. Buna görə əksəriyyət bu baryeri keçməyə qorxur. Yolun bu tayında qalanlar o taydakıları topa tutur. Aradakı səddin adınasa ictimai qınaq deyirlər. Nəticədə ailələr yalandan , xəyanətdən , göz yaşından , nifrətdən asılır. Qadınla kişi münasibətlərində yaranan uçurumdansa danışmağa dəyməz. Bütün münasibətlərisə cəmiyyət formalaşdırır. Heç kimin öz azad fikri yoxdu. Düşüncələri qorxuyla idarə edirlər. Stress, həyəcan , psixoloji gərginlik insanların həyat tərzinə çevrilib. Hər şeyi taleyin üstünə yıxmaq nə dərəcədə doğrudu? Hər şey alnımızda yazılıbmı? Hamı öz taleyini yaşayırmı ? Bəlkə mən dostumun , qardaşımın , bacımın , qonşumun, oğlumun, ya heç tanımadığım , dünyanın o başındakı insanların taleyini yaşayıram , ya bəlkə əksinə? Kimsə kiminsə sevgi payına ortaqdı bəlkə ? Bəlkə elə bütün talelər bir -birinin davamıdı? Film kimi. Kiminsə yarımçıq taleyi kimdəsə tamamlana bilmir bəlkə? Bəlkə ona görə heç kim xoşbəxt olmur? Ömrümüzün yarısı yuxuda , yarısı gerçəkdə keçir. Yuxuda yaşadıqlarımızdı bəlkə elə əsl gerçəklər. Bəlkə bu yazdıqlarım da mənim deyil. Kiminsə nə vaxtsa düşündükləridi kimsə mənim əlimlə diktə edir bu gün . Bəlkə min il əvvəl yazmışam bu yazını , indi oxuyuram. Suallar çoxdu . Cavablarsa havadan asılıb qalıb. Bütün təsadüfləri zərurət adlandırdığımızçun bu düşündüklərimizi də zərurətə bağlayacağıq çox güman ki. Ən asan yol budu axı. Amma nə etsək də xoşbəxtliyin qafiyəsini tapa bilmirik. Hadisələrsə faciələrin ətrafında cərəyan edir .Bir qaranlıqdan o biri qaranlığa yol gedir hamı. Həyat budurmu?
Fotoda görkəmli dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin oğlu Azər Rəsulzadədir. O, 1920-ci ildə, bolşeviklərin Azərbaycanı işğal etdiyi bir dövrdə, üçrəngli Azərbaycan bayrağı azad Vətən göylərindən yerə endirilən o qaranlıq ilin yayında dünyaya gəlmişdi. 1920-ci il, iyun ayının 15-i… Məhəmməd Əmin bəy oğlunu cəmi bircə dəfə görmüşdü. Bir neçə dəqiqəlik bu görüşdən onun ağlında balasından qalan bircə xatirə bu idi: “Atasının öpüşündən oyanan uşaq ağlayır…” Azər Rəsulzadənin çox ağırlı – acılı, keşməkeşli həyatı olub. O, 1937-ci ildə, cəmi 17 yaşında olanda sürgünə göndərilib. Demək olar ki, ömrü sürgündə, Vətəndən uzaqda keçib, 73 illik həyatının böyük bir hissəsini Azərbaycan həsrətiylə yaşayıb. Qazaxıstanda rəssam, pedaqoq kimi fəaliyyət göstərən Azər Rəsulzadə yalnız ölümündən sonra vətənə “dönüb”… O, 1993-cü ildə Qazaxıstanda – Karaqandada dünyasını dəyişib və Novxanı məzarıstanlığında dəfn edilib. Azər bəyin məzarı üstündə “Məhəmməd Əminin ailəsindən doğma vətəndə uyumaq 56 il sürgündən sonra yalnız sənə nəsib oldu” sözləri yazılıb…
“Ulduz”lu görüşlər”in növbəti qonağı Azər Turan olub Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbu orqanı “Ulduz” ədəbiyyat dərgisinin layihəsi davam edir. “Ulduz”lu görüşlər”in növbəti qonağı tənqidçi, publisist, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan olub. AYB-nin Natəvan klubunda keçirilən görüşdə Azərbaycan Universitetinin tələbələri iştirak ediblər. “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs türk məfkurəsini öz həyat amalına çevirən Azər Turanın həyat və yaradıcılığının əsas məqamlarına nəzər salaraq, görüşü açıq elan edib. “Ulduz” jurnalının şöbə redaktoru Taleh Mansur dəyərli kitablar müəllifi olan Azər Turanla görüşün tələbələr üçün əhəmiyyətli olacağını vurğulayıb. Azər Turan görüşü təşkil etdiyinə görə “Ulduz” ədəbiyyat dərgisinə minnətdarlığını bildirib. Qonaq zəngin milli düşüncə tariximizə nəzər salaraq, ədəbiyyatımızda geniş yer tutan türk təfəkkürü, özünüdərk, vətən və millət mövzuları ətrafında fikirlərini bölüşüb. Nizami Gəncəvi, Əhməd Cavad, Hüseyn Cavid, Məhəmməd Hadi, Əli bəy Hüseynzadə kimi dühaların yaradıcılığının öyrənilməsinin əhəmiyyətini qeyd edib. Sözügedən mövzularda tələbələri maraqlandıran suallar cavabalandırılıb, onlara Azər Turanın imzalı kitabları hədiyyə edilib.
Layihənin növbəti qonağı şair Baba Vəziroğlu olacaq.
Yazıçı, tərcüməçi Əlfi Qasımov və şair, dramaturq İslam Səfərli. Onlar yalnız qələm yoldaşı deyildi, həm də çox yaxın dost idilər… Allah rəhmət eləsin!
Gôydə Allah, yerdə həkimlər! Bəlkə də yaxınlarımızın, özümüzün səhhətində ciddi problem olan kimi bu ifadəni nə qədər işlətmişik, elə deyilmi? Kimdir həkim? Əlini qəlbində daşıdığı vicdanın üstünə qoyub, öz psixologiyasını heçə sayıb, pasientlərinin nəinki səhhətindəki problemlərlə, həmçinin həyatında onun sağlamlığına ziyan verə biləcək bütün dərdləri ilə maraqlanan ağ xalatlı mələk! Günümüzün reallığı budur ki, hər ôzünü həkim adlandıran, hər o diplomu götürəndə and içən kəs həkim deyil. Barəsində yazacağım şəxs həqiqi, dürüst vicdanlı həkimlərdəndir.Onun alicənablığı, pasientlərin şikayətlərini gülərüzlə dinləyib cavablandırması, heç bir halda bezməməsi, işini sevməsi, doğrusu, diqqətimdən yayınmadı. Söhbət dəyərli həkim Vüsal İbrahimovdan gedir. Vüsal həkim 1995-ci ildə Şəki şəhərində anadan olub. 2013-2019-cu illərdə Rusiya Federasiyası Sankt-Peterburq şəhəri I.I.Mechnikov adına Şimal-Qərb Dövlət Tibb Universitetində təhsil alıb. 2019-2021-ci illərdə Azərbaycan Respublikası dövləti hesabına Moskva N.İ. Pirogov adına Rusiya Milli Tədqiqat Tibb Universitetində ordinatura oxuyub. O, 2021-ci ildə Rusiyanın Moskva şəhərində 115 saylı şəhər poliklinikasında, 2021-2023-cü illərdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində oftalmoloq vəzifəsində çalışıb. Hazırda Şəki Rayon Mərkəzi Xəstəxanasının oftalmoloqudur. 2022-ci ildən Rusiya Fedarasiyası Səhiyyə Nazirliyi – Rusiya Tibbi Fasiləsiz Peşəkar Təhsil Akademiyasının Oftalmologiya kafedrasında Azərbaycan Respublikası dövləti hesabına aspirantura təhsili alır. O, hər zaman öyrənmək, bilmək, insanların dünyanı tam fərqli, aydın gözlə görməsi üçün çalışır.Vüsal həkim bir sıra təkmilləşdirmə kurslarında və seminarlarda iştirak edib, sertifikatlarla təltif edilib. O, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin, Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyinin üzvü, eləcə də Türk Oftalmoloji Dərnəyinin fəxri üzvüdür. Həmişə sadəliyi, səmimiliyi, biliyi ilə seçilən həkim Vüsal İbrahimova işlərində uğurlar arzu edirik!
QƏRİBSAMİŞƏM Bu axşam nədənsə yaman kövrəyəm Közərib od alır fikrim, xəyalım. Bu axşam həsrətlə vuran ürəyəm. Dağılıb, pərişan olubdur halım, Sənsən, doğma yurdum, könlümə düşən, Bu gün səndən ötrü qəribsəmişəm.
Hanı bir mahnının tilsimiylə mən, Bir yaşıl çəməndə yatıb qaldığım? Qaçan cüyürlərin çəhrimiylə mən, Yorub yollarını əldən saldığım, Ay damğacı düzüm, ay yanıq meşəm, Bu gün səndən ötrü qəribsəmişəm.
Hanı dalğa-dalğa coşub-kükrəyən Sevgi fərəhimin uçan gülüşü? Zalım qardaşından qorxub titrəyən Bir qız dodağının qaçan gülüşü? Görüşə gecikən, gözü-bənövşəm, Bu gün səndən ötrü qəribsəmişəm.
Görəsən, fikrindən keçirir nələr? Gözü yolmu çəkir anamın indi? Beşiyim başında uzun gecələr Yuxuma da layla çalanım indi. İstərəm bu dərdi sənlə bölüşəm, Ana, səndən ötrü qəribsəmişəm.
Avarların Qara dəniz sahillərinə gəlməsi də maraqlı bir dövrü əhatə edir. Eramızın VI əsrində başda İstemi xan olmaqla göytürklər Qərbə yürüş edirlər. Göytürklərdən qaçan avarların vəziyyəti ilk baxışdan çox pis görünür. Çünki arxadan güclü bir ordu gəlirdi. Odur ki, onların əsas məqsədi göytürklərdən daha uzaq məsafədə olmaq idi. Bu zaman Orta Asiyada eftalitlər fəallaşmağa başladılar və İstemi xanın fikrini avarlardan yayındırdılar.
Göytürklərdən yayınan avarlar özlərinə müttəfiq axtarmağa başladılar. Onlar alan başçısı Sarosdan Bizansla dostluq əlaqələrinin qurulmasını xahiş etdilər. Alan başçısı Saros avarların Bizansla əlaqə qurmasına kömək etdi və avar səfirini Konstantinopola göndərdi. Amma Bizans paytaxtında Yustinianın avarlara münasibəti birmənalı olmasa da və onlara inamsız yanaşsa da, cavab olaraq imperator onların məskunlaşdığı bölgəyə müxtəlif hədiyyələrlə birlikdə səfir göndərir və təklif edir ki, avarlar, imperiyanın əzəli düşmən olan sasanilərin üzərinə hücum etsinlər. İmperiyanın düşmənləri üzərinə yerimək əvəzinə avarlar müttəfiqlərinin üzərinə hücuma keçirlər..
VI əsrin ortalarında avarların birinci qurbanı sabirlər oldu, hansı ki, sabirlər onların yeni bir xalq kimi qəbul edərək “var” adlandırırdılar. Bu anlaşılmazlıq avarların tam qələbəsini təmin etdi. Daha sonra avarlar Bizansın müttəfiqlərini bir bir sıradan çıxarmağa başladı. Qafqazda əgər avarların müttəfiqləri alanlar idisə, Qara dəniz sahilində kuturqurlar onları daim dəstəkləyirdi.
Sabirlər tərəfindən avarların “var” adlandırılmasını L.N.Qumilyov “böyük olmayan linqvistik səhv” adlandırır. Lakin bu fikirlə razılaşmamaq da olar. Belə ki, göytürklər də avarları “varxunit” adlandırır. Məsələn, L.N.Qumilyov Bizans tarixçisi Menandra istinadən yazır:
“Türksanf səkkiz əylətdən birinin knyzı idi və o, Bizans səfiri Valentini qəbul edərək deyir: “Sizin şah zamanı ələndə cəzalanacaq ona görə ki mənimlə dostluq söhbətləri etdiyiniz halda, qullarım olan varxuintlərlə… (avarları nəzərdə tuturdu – L.N.Qumilyov) müqavilə bağlayırsınız. Amma varxunitlər (türküt – LN.Qumilyov – göytürk – Y.O.) türkün təbəəsi kimi, mən istədiyim zaman yanıma gələcəklər…”
Bu zamandan başlayaraq avarlar artıq Mərkəzi Avropaya sahiblik edirlər. Avarlar o qədər güclənmişdilər ki, Bizans imperiyasından və Avropanın digər ölkələrindən bac alırdılar. Hətta birinci avar xanı Bayan 10 min kuturquru Bizansın üzərinə göndərmişdi.
Biz bilərəkdən VI əsrdə avarların fəaliyyəti haqqında bir qədər geniş yazdıq, hərçənd “var” və “varxunit” etnosları, onların müqayisəli analizi ilə də kifayətlənə bilərdik. Lakin bizi məsələnin başqa tərəfi daha çox maraqlandırır. Nəzərə alaq ki, L.N.Qumilyovun qeyd etdiyi “var/varxuintlər”, yaxud avarlar VI əsrdə Avropada kifayət qədər möhkəmlənmişdilər. İstemi xanın əlindən qurtulan avarlar, əvvəlcə Şimali Qafqaza, sonra Don sahillərinə, daha sonra isə Qara dənizin şimal hissələrinə və Mərkəzi Avropaya qədər gedib çıxmışdılar.
Beləcə məntiqi bir sual meydana gəlir; Strabonun Avropanın qərbində yerləşdirdiyi var-avarlar nə zaman buraya gəlib çıxıb? Burada var-avarlar nəinki yaşamış, hətta Varon adlı şəhər də salıblarmış. VI əsrdə göytürklərin əlindən qurtulan, Şərqdən Qərbə böyük axın edən avarlar imperiya qurmamışdan 600 il öncə, sən demə var-avarlar Avropada yaşayırlarmış. Haradan gəlibmiş bura var-avarlar? Bəlkə onlar aborigendilər? Yaxşı dalan olsa da çıxış yolunu tapmaq çox çətindir. Amma mümkündür. Türklərin Şərqdən Qərbə axınından öncə, tarixin müəyyən qırılmış anında Qərbdən Şərqə böyük türk axınları olmuşdur.
Eramızdan çox-çox əvvəllər Avropada yaşamış var -avarların bir hissəsi hansısa səbəbdən (bu səbəblər müxtəlif ola bilər; müharibə və quraqlıq təbii fəlakət – sel, daşqın, zəlzələ və sair) Şərqə köç etmiş və sonradan bu kontekstdə olduğu kimi, göytürklərin təzyiqi nəticəsində məğlub olaraq yenidən Qərbə köç edib, bu dəfə böyük imperiya qura bilmişlər.
Bunun səbəbini L.N.Qumilyov belə göstərir:
“Bizi etnosun tarixi, etnogenezi – etnosların yaranması və yox olması maraqlandırmalıdır. Belə ki, birincisi bizə qədər etnosların yaranma və yox olma prosesi açılmamışdır, ikincisi isə bu prosesi açıb göstərmək üçün bizə o material lazımdır ki, arxiv məlumatları ondan imtina edir. Belə olduqda problemin həllinə yaxınlaşa bilərik. Beləsi isə tarixi hadisələr, onların əlaqələri və ardıcıllığıdır” .
Bu tarixi hadisələri, onların əlaqə və ardıcıllığını L.N.Qumilyov “Qədim türklər” kitabında gözəl verir,ancaq bir xətt üzrə – Şərqdən Qərbə axın üzrə. Əks proses yoxdur. O yazır:
“…Beləliklə, türkütlər (göytürklər-Y.O.) ilyarım ərzində bütün Mərkəzi Qazaxıstanı, Yeddisuarasını və Xarəzmi özlərinə tabe etdilər. Sonra da çox çətinliklər başladı. Aral dənizinin şimalında göytürklər, xuni, var və oqor tayfalarının müqaviməti ilə üzləşdilər. Yalnız 558-ci ildə bu tayfalar darmadağın edildi və türkütlər (göytürklər – Y.O.) Volqaya çıxıb, onlara tabe olmayanları bu yerlərdən qovub uzaqlaşdırırdılar. Bu var və xuni tayfalarının 20 min adamı qalmışdır ki, sonradan bu iki tayfa birləşərək avar adını aldı”. Göründüyü kimi L.N.Qumilyov tarixi prosesləri, etnosların yaranmasını ardıcıllıqla versə də, bu birtərəfli olub. Ola bilməzdi ki, hörmətli professor Q.Stratanovski tərəfindən 1964-cü ildə tərcümə edilmiş “Coğrafiya” kitabı ilə tanış olmasın. Bu kitabda göstərilən türk toponimləri, hidronimləri və etnonimləri nəzərdən keçirilməsin. Sual açıqdır.
Strabondan iqtibas çəkdiyimiz sətirdə o “bermet”lərin də adını çəkir. M.Kaşğaridə “ber”dən yaranmış sözlər aşağıdakı mənaları verir:
“Ber = vermək, gəlmək
Beriqsə = vermək, istəmək
Beril = verilmək
Bergə = qamçı, qırmanc (bərkə)
Berklək = qorutdurmaq
Bert = ağanın kölədən aldığı vergi.
“Qədim türk sözlüyü”ndə “ber” sözü demək olar ki, eyni mənaları verir.
Ber = vermək, təqdim etmək, bağışlamaq.
Ber = ərə vermək (qızımin qalinsiz bertdim – qızımı ərə verəndə qan bahasını almadım).
Ber = ödəmək
Beri = bura
Berkit = möhkəmləndirmək, tutmaq
Bert = ağanın kölədən aldığı vergi
Bertü = gödəkcə
Berü = bura”.
Eləcə də Strabonun qeyd etdiyi “bardul”lar da az maraq kəsb etmir. Bu sözün açmasını iki mənada vermək olar. Belə ki, “bardul” sözünü bar+dul, həm də bard+ul kimi oxumaq olar. “Bard” sözündə “a” hərfinin “o” hərfinə fonetik dəyişməsi nəticəsində “börd” kimi də oxuna bilər.
Bəllidir ki, saitlər sistemində tarixi dialektologiya baxımından gözə çarpan xüsusiyyətlərdən biri o – a səs uyğunluğu ilə bağlıdır. Müasir türk dillərində bir sıra sözlərə (avlax, çavqun, qavurma) yazılı mənbələrimizdə o – a formasında təsadüf edilir. Məsələn, “ov” sözü “Dədə Qorqud”da “av” kimi oxunur; “av ovlayıb”, “ava çıxdı”, “qara qavurma” (100) və s. yaxud, “Gözü can avutmağa xumar imiş” (Q.Burhanəddin), “Avlıxda bu gün avlar ikən yarə yoluxdum” (Xətai), “Əyninə geyib qırmızı, yalav-yalav yanır üzü” (Qurbani), “Avçısı olmuşam sən tək maralın” (101). Göründüyü kimi “a/o” səs əvəzləməsi nəticəsində “bard” sözü “börd” kimi də oxuna bilər. Bord/borü/buri isə qədim türk dilində “qurd” mənasını verir. Əlavə edək ki, qurd totemi “Dədə Qorqud” eposunda önəmli yerlərdən birini tutur. Məsələn, “qara başım qurban olsun qurdum sana”, “Azvay qurd əniyi erkəgində bir köküm var” və s. buna bənzər ifadələr əsatir vaxtlarda ulu babalarımızın qurdu soykök-totem saymalarına işarədir.
Daha sonra Strabon Astur, Kallan, Saqobrid, Bilbilis şəhərlərinin adını çəkir.
Məlumdur ki, müasir Azərbaycan və digər türk dillərində bil-bilmək sözü çox geniş yayılıb. “Qədim türk sözlüyü”ndə “bil” sözü müxtəlif mənalar verir:
“1. Bil = bilmək
2.bil = öyrənmək, dərk etmək;
3. bil = məsuliyyət hiss etmək;
4.bil = bilmək, fikirləşmək;
5.bildür = xəbər vermək;
Bilgə = aqil, çox bilən;
Bilgə bilig = ağıllı, hər şeyi dərk edən” .
M.Kaşğaridə bu söz demək olar ki eyni mənanı verir:
“Bil = bilmək;
Bildüz = bildirmək, öyrətmək;
Bilməsin = bilirmiş kimi görünmək;
Bilgə = bilgə, ağıllı, müdrik, alim, hakim;
Biligsə = ağıllı olmağı istəmək”.
Yaddan çıxarmayaq ki, qədim şumerlərdən bizə gəlib çatan dastanın baş qəhrəmanı da Bilqamısdır. F.Ağasıoğlu “Azər oğlu” kitabında bu barədə yazır:
“Bilqamıs adında “Gilikli” anlamı olduğu üçün şumerlər də bu qəhrəmanı “hər şeyi bilən”el başçısı kimi öygüləmişlər. Akkadlar da bu dastanın ilk misrasını “Dünyagörmüş barədə” sözləri ilə vermişlər. Bilqamısın adı türk dövlət başçılarına verilən “Bilgə” titulu ilə də izah oluna bilər, məsələn, 581-ci ildə göytürklərin batı qolunda xaqan elan edilən Tardu xaqan “Bilgə” titulu almışdı, məşhur Tonyukuk da bu titulu daşımışdır”.
Göründüyü kimi, təkcə Strabonun “Coğrafiya” kitabında nə qədər türkmənşəli hidronimlər, toponimlər, etnonimlər var. Onlardan bir neçəsini- Avropada göstərilən sözləri sizə təqdim edirik:
Toponimlər Hidronimlər Etnonimlər Şəxs adları
Abu Akuti Akarnan Aqis
Albiy Albiy Aliy Alet
Albu Albula Aksibiy Arat
Alor Ana Albek Bark
Alp Araq Aparn Qarpaq
Apatur Asay Artabr Palak
Arelat Atgis Arvak Tarkon
Asta Atak Arver Tarkvin
Burxani Bat Astur Temen
Elatey Batiy Atamon Timux
Et Duriy Azan Tusnel
Etay İlissu Balar Us
Evbey Kallant Bard Tumelik
Girmin Qalat Bardul
Xalkis Sal Dondar
Kalpa Taq Etrusk
Kamarin Tavr Gel
Kamik Tirren Karpatan
Karsul Var Kuri
Kumar Kimmer
Kor Qaba
Kenay Parat
Kenoba Sabin
Menova Sakvan
Olbiy Salas
Onoba Salar
Salas Talar
Salqan Turdul
Tusk
Varaç
Biz hələ bu siyahını xeyli uzada bilərdik. Amma məqsəd bu deyil. Məqsəd odur ki, faktlar əsasında yazdığımız nəzəriyyəni bir daha sübut edək, yəni L.N.Qumilyovun “Şərqdən Qərbə axın” nəzəriyyəsi öz-özünə əhəmiyyətini itirmiş olur. Bu yaxınlarda işıq üzü görmüş “Şumer kilidi” kitabının müəllifi Rizvan Cəbiyev yazır:
“Türklərin Şumer əsilli olmasını əngəlləyən ən başlıca maneə – tarixdə ilkin geniş miqrasiyasının Qərbdən Şərqə deyil, Şərqdən Qərbə, yəni Orta Asiyadan Avropaya doğru olması barədə yanlış ideyadır. Şübhə etmirəm ki, bu ideyanı siyasətçilər düşünmüş və “elm dəllalları”nın əli ilə həyata keçirmişlər. Məqsəd türkləri öz köklərindən qoparmaq və Orta Asiyanın qızmar günəşi altında “susuzluqdan” qurudub məhv etmək olmuşdur. Amma yüzlərlə, minlərlə təkzibolunmaz dəlil bunun əksini sübut edir: xalqların ilk “Böyük köçü” batıdan doğuya doğru idi, yoxsa 6 min il əvvəl Nippurda və digər Şumer şəhərlərində tikilən çoxpilləli zikkuratların eynisini e.ə. I minillikdə Altun-Təpədə tapılmasını başqa nə ilə izah etmək olar?”
Türk dövlətlərinin yaranmasına gəldikdə isə professor Fazil Qaraoğlunun bu barədə maraqlı fikirlər vari: “İndiyə qədər aparılan tarixi araşdırmalar üzərində ən çox durulan və işlənən yerlər Ön Asiyadır… Tarixin qədim dövrlərində qurulmuş bir çox dövlətlər və mədəniyyətlər vardır…
Türklərin ana yurdu Orta Asiya olduğuna görə tarixən qədim türk dövlətlərinin də buralarda qurulmuş olması təbiidir. Fəqət, Orta Asiyada aparılan araşdırmalar hələ o qədər də irəli getməyib. Çin və yunan mənbələrindən əldə edilən məlumatlar da m.ö. I və II minillərdən o yana aşa bilmir. Belə səbəblər ən qədim türk dövlətlərinin zaman ölçüsündəki sırasını və yerini hələlik Ön Asiyaya buraxmışdır. Bu etibarla tarixdə qurulmuş türk dövlətlərini sıralarkən isə Ön Asiya məmləkətlərindən başladıq”.
ARDI VAR
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Azərbaycan qadını öz iradəsi və cəsarəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayıb. Sədaqət xanımı da əsl Azərbaycan qadını olaraq həyatında, ömür yollarında üzləşdiyi çətinliklər, sınaqlar qorxutmayıb. Mübarizələrdə qazanıb bütün əldə etdiklərini: uğurları da, sevgini də, dostluqları da. Müsahibimiz Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovadır
– Beləliklə, Sədaqət xanım, uzun illərdir ki, dövlətə, dövlətçiliyimizə xidmət edirsiniz. “Əməkdar dövlət qulluqçusu”, “Əmək” və “Şöhrət” ordenlərinə layiq görülmüsünüz. 2023-cü ildə isə “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edildiniz. Təbii ki, sadaladığım bu mükafat və təltiflər alın təri, əmək və zəhmət tələb edir. Sizcə, dövlət orqanlarında fəaliyyət göstərmək üçün hansı insani keyfiyyətlərə malik olmaq lazımdır?
– Dövlət orqanlarında uğurla çalışmaq üçün ilk növbədə hər birimiz “İnsan həyatda niyə yaşayır” sualına cavab tapmalıyıq. Yaşamağın mənası, anlamı olmalıdır. Əlli ildən çoxdur ki, müxtəlif dövlət strukturlarında, müxtəlif vəzifələrdə çalışıram. Ümumiyyətlə, bu illər ərzində çalışmadığım zaman kəsiyi olmayıb. Daim işləmişəm. Mən qadınam. Qadınların inkişafı mənim üçün həmişə maraq dairəsi olub, çünki özümün yolum çox enişli, yoxuşlu olub. Bilirsiniz, qadının karyera yüksəlişində ən vacib məsələ onun ləyaqətidir, ədəb-ərkanı, sonra mükəmməl iş qabiliyyətidir. Bu fəaliyyətdə nə qabaga qaçmaq lazım deyil, nə də geridə qalmaq olmaz. Orta istiqaməti seçin, o yol sizi yüksəklərə aparar.
Komitəmiz ailə qadın və uşaq siyasətini həyata keçirir. Biz daim insanların arasında oluruq, gənclərlə, qadınlarla görüşlər keçiririk. Ailələrin düzgün istiqamətləndirilməsi, milli-mənəvi dəyərlərə cavab verməsi yolunda fəaliyyət göstəririk. Ailənin gələcəyi isə uşaqlardır.
Bütün görüşlərdə gənclərə tövsiyəm bu olur ki, həyatı sevin, hansı işdə çalışmağınızdan asılı olmayaraq, işinizi sevin. Əgər işini sevmirsənsə, o işdə bir nəticə qazanmayacaqsan. Misal üçün, mən əmək fəaliyyətimə pioner baş dəstə rəhbəri, sonra Şəhər Partiya Komitəsində makinaçı olaraq başlamışam. İşimi elə görürdüm ki, bir vergül, bir hərf səhvi belə olmasın. Hər bir yazını diqqətlə yazar, dönə-dönə oxuyub, sonra rəhbərliyə təqdim edərdim. Yalnız bir amalım olub, gördüyüm hər bir işə görə “bərəkallah” qazanım. Məni həyatda irəli aparan qüvvə məhz bu düşüncə olub.Elə həyatın mənası da budur, işinə dəyər vermək, nəticə, uğur əldə etmək, təşəkkür qazanmaq. İlk təşəkkürü iş yoldaşlarından, rəhbərliyindən alırsan. Bundan sonra ümumilikdə cəmiyyətin təşəkkürünü almağı bacarmalısan. Çalışmalısan ki, vəzifənə görə deyil, insanlığına, şəxsiyyətinə hörmət olunsun.
– Sizi “Heydər Əliyevin kadrı” adlandırırlar…
– Hə, mənim əmək fəaliyyətim təxminən Ulu Öndərin Azərbaycana rəhbərlik etməyə başladığı ildən başlanır. Heydər Əliyev mənə çox doğma və əziz insandır. Ona görə yox ki, dövlət başçısı olub, ona görə ki, insan kimi dəyərli idi. Yadımdadır, təlatümlü 90-cı illərdə bir çox siyasi partiyalar formalaşırdı. Mən siyasətdə olduğum üçün hər yeni yaranan partiya sıralarına dəvət alırdım. Yeni Azərbaycan Partiyasının (YAP) yaranması məsələsi qalxan kimi biz də təşkilatlanmağa başladıq. O zamanlar bu partiya xalq arasında adı ilə deyil, “Heydər Əliyev Partiyası” kimi tanınırdı. Hamı böyük məmnuniyyətlə bu partiyanın sıralarına daxil olurdu. Mən o zamanlar Əli Bayramlı (indiki Şirvan) şəhərində Şəhər Sovetinin sədri vəzifəsində çalışırdım. Baxmayaraq ki, hakimiyyətdə Xalq Cəbhəsi idi və mən rəhbər vəzifəli şəxs idim, heç nədən çəkinmədən bu partiyanın təşkilatlanmasını həyata keçirirdim.
Heydər Əliyevin hər sözü mənim üçün bir tapşırıq idi. Onun hər çıxışını diqqətlə izləyər və tədbir görməyi sevərdim. YAP-ın I qurultayına hazırlıqla baglı Heydər Əliyev İdarə Heyətinin yığıncagını keçirəndə mən televiziya vasitəsi ilə izləyirdim. Heydər Əliyev dedi ki, artıq YAP kirayədə yerləşə bilməz. YAP-ın öz əmlakı olmalıdır. Səhəri gün mən YAP Əli Bayramlı şəhər təşkilatının İdarə Heyətinin iclasını çagırdım və dedim ki, YAP üçün bina inşa etməliyik.
YAP üzvlərindən ibarət xeyriyyə marofonu təşkil etdik. 30 min manat vəsait toplandı. YAP şəhər təşkilatının sədrinə dedim ki, mənə bir məktub yaz torpaq sahəsinin ayrılması üçün. Beləliklə, I qurultaya qədər biz YAP şəhər təşkilatının binasını inşa etdik və şəkilini çəkib Heydər Əliyevə təqdim etdik. YAP-ın ilk binası Əli Bayramlıda inşa edildi. Qurultaydan sonra ilk regional müşavirə orada keçirildi.
– Sədaqət xanım, bildiyimiz kimi, Ulu Öndər Heydər Əliyevin sizin həyatınızda müstəsna rolu olub. Həyatınızın hər dönəmində böyük şəxsiyyətin qayğısı, diqqəti sizin ictimai-siyası fəaliyyətinizi müşayiət edib. Lap əvvəllərdən danışaq…
– Ulu Öndərin xeyir-duası, diqqəti mənim ömür yoluma hələ gəncliyimdən işıq tutub. Lap əvvələ qayıtsaq, deyə bilərəm ki, Ali Partiya Məktəbini bitirəndən sonra təyinatımı təlimatçı kimi Əli Bayramlı Şəhər Partiya Komitəsinə verdilər. Bir ilə yaxın orada işlədim. Həmin dövrdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Əli Bayramlıda ictimai iaşə, ticarət, məişət sahələrində yoxlamalar keçirmişdi. Ciddi pozuntular aşkarlandığına görə həmin sahələrin rəhbər vəzifəli şəxsləri işdən azad edilmişdi . Bir gün birinci katib məni çağırıb dedi ki, bəs səni Qarışıq Mallar Ticarəti İdarəsinə müdir göndərmək istəyirəm. Dedim, axı mən partiya işçisiyəm, ticarətçi deyiləm. Məni o vəzifəyə necə təyin edə bilərsiniz? Üstəlik, o vəzifəyə getmək istəyən çox adam var, birini təyin edin, gedib işləsin. Etiraz elədi ki, yox, sən bacarıqlısan, bilirəm, öhdəsindən gələcəksən. Orada qayda-qanun yaratmaq lazımdır. Mərkəzi Komitənin qərarı var, ora sənin kimi təmiz və vicdanlı adam rəhbərlik etməlidir.
Düz bir ay apar-gətir oldu. Nəhayət, Əli Bayramlı Şəhər Partiya Komitəsi bürosu qərar verdi ki, Sədaqət Qəhrəmanova Qarışıq Mallar Ticarəti İdarəsinə müdir vəzifəsinə tövsiyə olunsun. Təsəvvür edin, gəlmişəm Ticarət Nazirliyinə hamısı yaşlı-başlı adamlar, oturublar, bircə arıq və çəlimsiz, 29 yaşlı gənc qız mənəm. Növbə mənə çatanda elan elədilər ki, Əli Bayramlı Qarışıq Mallar Ticarəti İdarəsi– Qəhrəmanova Sədaqət. Hiss elədim ki, hamı mənə dodaqaltı gülür. Xülasə, işə təsdiq olundum, göz yaşı tökə-tökə başladım orada işləməyə. İşim könlümcə olmasa da işlədiyim altı ayda şəhər ticarətini demək olar ki, ideal vəziyyətə gətirdim. Rüşvət yığışdırıldı, bütün mağazalar satılan mallara görə ayrı-ayrı qruplaşıdırıldı, ərzaq mağazası ayrı, tekstil ayrı, ayaqqabı mağazası ayrı və s. Vaxt keçdi, partiya təşkilatlarında hesabat-seçki yığıncaqları başladı. Bugünkü gün kimi xatırlayıram, “Şirvanneft” partiya təşkilatının hesabat-seçki yığıncagı keçirilirdi. Məni də ticarət təşkilatının rəhbəri kimi çağırmışdılar. Bununla əlaqədar Mərkəzi Komitədən kuratorumuz Mixail Konstantinoviç Bolotnikov da Əli Bayramlıya gəlmişdi.
Fasilədə Bolotnikovla qarşılaşdıq. Məni tanıyırdı, Ali Partiya Məktəbini bitirəndə bizi qəbul eləyib, xeyir-dua vermişdi. Bolotnikov məni görən kimi hal-əhval tutdu, yeni vəzifəmə görə təbrik elədi. Axıracan dinlədim və dedim siz məni ciddidən təbrik edirsiniz? Dedim, bilsəydim ki, partiya məktəbi ticarətçi yetişdirir, heç ora ayağımı da basmazdım. Əlavə elədim ki, siz partiya kadrlarını itirirsiniz. Kurator dondu qaldı, bilmədi nə desin. Demə, sözüm kişini bərk tutubmuş. Yığıncaqdan sonra gedib Əli Bayramlı Şəhər Partiya Komitəsinə, ümumi şöbənin müdiri Əlikram Əskərovdan soruşub ki, məgər Qəhrəmanova ticarətə getmək istəmirdi? O da hər şeyi olduğu kimi danışıb. Bolotnikov da deyib ki, üçüncü katib axtarırsınız. Qəhrəmanova hazır kadrdır. Bir neçə gündən sonra məni çağırdılar Mərkəzi Komitəyə. Getdim, Bolotnikov məni qəbul elədi, dedi, otur tərcümeyi-halını yaz, anketi doldur, səni partiya işinə geri qaytaracagıq. Sənədlər hazırlanandan sonra məni apardılar Mərkəzi Komitənin katibi Həsən Seyidovun yanına. Həsən Seyidov da məni tanıyırdı. İşlərimi, əhvalımı soruşdu. Dedim, çox sağ olun, işlərim yaxşıdır, yavaş-yavaş işləməyi öyrənirəm, çox qısa zamanda “julik” bir ticarətçiyə çevriləcəyəm.
Sözümə xeyli güldü. Bir xeyli yenə işlə bağlı söhbət elədik. Xoş təəssüratla Əli Bayramlıya qayıtdım. Heç kimə bu barədə bir kəlmə də demədim. Açığı, katib seçiləcəyimə inanmırdım da. Üstündən iki ay keçdi, partiya komitəsinin plenumunda Şəhər Partiya Komitəsinin rəhbər orqanına əvvəl birinci katibi seçdilər, ardınca da ikinci katibi. Nəhayət, 3-cü katibliyə mənim namizədliyim irəli sürüldü. Adım çəkildi, tərpənmədim, birinci katib qayıtdı ki, Qəhrəmanova, deyəsən, ticarətdə işləmək xoşuna gəlir, dur, gəl bura. Bax beləcə üçüncü katib seçildim. O zaman üçün bu, sensasiya idi. Çünki nəinki ticarətdə işləyənləri, heç qohumları orada işləyənləri belə partiya komitəsinə işə götürmürdülər. Yaxşı yadımdadır, mən işimlə bağlı Mərkəzi Komitəyə gedəndə Heydər Əliyev Moskvada idi. Qayıdandan sonra ona mənim məsələm məruzə olunub, o da sənədlərimə baxıb, müsbət rəy vermişdi.
Beləliklə, Heydər Əliyev mənim karyerama xeyir-dua verib. Ondan sonra yüksəliş xətti ilə gəlirəm. İkinci dəfə 1995-ci ildə məni Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edəndə düşdüyüm o çətin situasiyadan qurtuldum.
– Rəhbər vəzifədə işləmək özü bir məsuliyyətdir, üstəlik də ailə qayğıları, dörd uşaq. Bunların öhdəsindən necə gəlirdiniz?
– Bir şeyi ürəkdən istəyirsənsə onun öhdəsindən gəlmək olar. Ailə qurmaq mənim üçün mütləq idi. Qadının ailəsi olmalıdır, dünyaya uşaq gətirməlidir, onları gözəl tərbiyə etməlidir. Bu, qadının missiyasıdır. Eyni zamanda, qadın cəmiyyətin bir üzvü kimi oxumalıdır, işləməlidir, nailiyyətlər əldə etməlidir. Mən orta məktəbdə oxuyanda çox fəal idim. İşləyəndə isə ideyalarım, təşəbbüslərim bitmirdi. Hər iki sahəni ürəkdən istədiyim üçün yorulmaq bilmirdim. Evdə elə olurdu ki, gecə saat 3 olurdu mən yuyurdum, bişirirdim,lşlərimi sabaha saxlamırdım. İndi də yorulmuram, nə qədər gərgin işləyirəmsə, o qədər gümrah oluram, özümü yaxşı hiss edirəm.
– Sədaqət xanım, 1990-cı illərin əvvələrində Heydər Əliyevə qarşı çirkin kampaniyalar yürüdülürdü. Xarici havadarlara satılmış xəyanətkar rəhbərlər, heç bir idarəçilik bacarığı olmayan Xalq Cəbhəsi rejimi ölkəni məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Xalqın sönməkdə olan ümid çırağını bu məqamda yalnız Heydər Əliyev zəkası yandıra bilərdi. O illərin qara buludları içərisində ölkəmizə günəş kimi işıq saçan Heydər Əliyev fenomeni yaddaşınızda nə cür qalıb?
– Heydər Əliyevin ölkəyə qayıdışını gözü götürməyənlər çox idi. Amma onu güclü edən xalqın etimadı, sevgisi və inamı idi. Milli Məclisin deputatı Arif Rəhimzadə hər zaman Heydər Əliyevi müdafiə edirdi. Heydər Əliyev çıxış edəndə ayaqlarını yerə döyənlər kim, səs-küy salanlar kim, etiraz edənlər kim, çox idi belələri. Onların çoxu elə Heydər Əliyevin sayəsində vəzifə sahibi olan satqınlar idi. Heydər Əliyev çox qətiyyətli şəxsiyyət idi. Yeri gələndə sözünü deyən, addım atan şəxs idi. 20 Yanvar faciəsi baş verən zaman hadisəyə də ilk siyasi qiyməti Ulu Öndər vermişdi. Bütün qadağalara baxmayaraq Moskvada Azərbaycanın Daimi Nümayəndəliyinə gəlib öz münasibətini bildirdi. Bakıda bütün rəhbər,vəzifəli şəxslər gizlənmişdilər. Şəhidlərin dəfn mərasimini Şeyxülislam Allahşükür Paşazadə idarə edirdi. Rəhbərlik demək olar ki, yox idi. Baş verənləri Əli Bayramlı şəhər ictimaiyyəti olaraq biz də dərin kədər və qəzəb hissi ilə izləyirdik. O günlərdə şəhər rəhbərliyi qeyri-müəyyən vəziyyətdə idi. Bildirdim ki, biz də etiraz eləməliyik. Bildirdim ki, millətimiz qanına qəltan edilib, mərkəzi meydanda mitinq təyin olunub. Biz də getməliyik. Hadisəyə siyasi qiyməti biz verməliyik, biz auditoriyanı ələ almalıyıq. Razılaşdılar. Saat 12-də getdim ora, amma heç bir rəhbər vəzifəli şəxs gəlməmişdi. Çiskinli bir hava idi, xalq etiraz edirdi, partiya və komsomol biletləri yandırılırdı. Yeri gəlmişkən, partiya biletlərini yandıran cəbhəçilərin birinə dedim, bu biletləri yandırırsınız burada tüstülənir, heç kim də görmür, duymur etirazımızı. Yığın biletləri, göndərin lənətə gəlmiş Qorbaçova, qoy etirazımız gedib ünvanına çatsın. Razılaşdılar mənimlə, biletləri atdıqları tonqalı söndürdülər. Həmin gün axşam deputatların sessiyasında 20 Yanvar hadisələrinə qiymət verilirdi. Deməli, qərar oxunanda bəzi rəhbər vəzifəli şəxslər etiraz elədilər ki, bu nədi ağzınıza gələni yazmısınız-filan. Fikirlərini bununla əsaslandırdılar ki, bu günün sabahı var, deməzlərmi nə haqla Qorbaçovu söyürsünüz? Təşkilat şöbəsinin müdiri Mirzəyev yanımda əyləşmişdi, qərar layihəsini aldım ondan, əlimi qaldırdım, söz istədim, qalxdım kürsüyə. Dedim, siz nəyə etiraz edirsiniz? Burada hadisəyə düzgün siyasi qiymət verilib. Bu faciənin səbəbkarı da Qorbaçovdur. Xalqımızın qan içində boğulmasını kənardan sakitcə izləyə bilmərik. Heç nədən çəkinmədən hamını bu qərara səs verməyə çağırdım. Çox adam mənimlə həmfikir oldu və biz o qərarı qəbul elədik.
Bütün qadağalara baxmayaraq Heydər Əliyev Moskvadan Bakıya qayıtdı. Bu, Bakıdakı hakimiyyət strukturları üçün arzuolunmaz idi. Lakin xalq Heydər Əliyevi çagırırdı.
Mən o vaxt Əli Bayramlı Şəhər Sovetinin sədri idim. Səlahiyyətim çərçivəsində deputatların sessiyasını çagırdım. Sessiyada adi vətəndaşlar da iştirak edirdilər və əsas mövzumuz olan Heydər Əliyevin hakimiyyətə gəlməsi tələbi ilə qərar qəbul elədik. Qərarı da məktub şəklində Naxçıvana göndərdik. Sonralar Ulu Öndərlə görüşəndə bunların hamısını ona xatırlatdım. Bildirdi ki, bütün sənədləri arxivimdə saxlayıram. Sonra respublikanın 91 ziyalısı Heydər Əliyevə müraciət elədi və beləcə Yeni Azərbaycan Partiyası yarandı. Hakimiyyətdə olan Xalq Cəbhəsi, Prezident Əbülfəz Elçibəy özü Heydər Əliyevi hakimiyyətə dəvət etdi.
1993-cü ilin iyununda Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi. Təəssüf ki, o günlər tariximizə həm də Sürət Hüseynovun Gəncədə qiyam qaldırması kimi də yazıldı. Həmin vaxt Sürət Hüseynovun adamları Hacıqabul və Əli Bayramlıda müxtəlif yerlərdə yerləşmişdilər. İstədiklərini zor gücünə edirdilər. Xalq Cəbhəsi tərəfindən təyin edilmiş icra başçısı Loğman Abdullayevi Sürət Hüseynovun adamları götürüb apardılar. Şəhər qaldı başçısız. Sürət Hüseynovun adamları İlyas Muxtarov adlı birisini şəhərə icra başçısı təyin eləmək istəyirdilər. Bununla əlaqədar şəhərin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə icra hakiminin müavininin otağında iclas çağırıldı. Akt əsasında həmin adam icra başçısı təyin olunmalı idi. Təbii ki, aktla icra başçısı təyin edilə bilməzdi. Dedim siz aktı tərtib eləyənə kimi bir işim var, həll edim, qayıdıram. Otağımdan Ali Sovetin sədr müavini rəhmətlik Afiyəddin Cəlilova zəng vurub mövcud vəziyyəti məruzə elədim. Afiyəddin müəllim dedi, sən idarəçiliyi bilən adamsan, uyğun bildiyin kimi davran. Qapıdan çıxmaq istəyəndə onların nümayəndələri ilə qarşılaşdım. Dedi müəllimə, sizi çağırırlar. Getdim, etiraz elədim ki, mən o sənədə qol çəkməyəcəm. Nümayəndə heyətinin başçısı durdu gəldi ki, bizim işi pozursunuz, zəhmət olmasa, akta qol çəkin. Dedim xeyri yoxdur, mən ora qol çəkə bilmərəm, icra başçısı invertar deyil ki, aktla təyin edilsin. Əlavə elədim ki, bu qanunsuz sənədə qol çəkə bilmərəm, məni buna görə həbs edib, Gəncəyə–Sürət Hüseynovun yanına da apara bilərsiniz. Gözlənilməz cavabım bunları şoka saldı, özlərinə gələnə kimi oradan uzaqlaşdım. Bir müddət sonra Sürət Hüseynovun adamları ikinci dəfə vertolyotla Hacıqabula, oradan da Əli Bayramlıya gəldilər. Məndən tələb elədilər ki, deputatların sessiyasını keçirim və sessiyanın qərarı ilə bunların istədikləri başqa bir adamı icra başçısı təyin eləyim. Yenə etiraz elədim, dedim icra başçısını sessiya təyin eləmir, Prezident təyin eləyir. Ağır zamanlar idi, əl çəkmədilər, bir də gördüm, qəfildən iki silahlı ilə bir nümayəndə girdi içəri. Bir silahlı durdu qapının ağzında, biri də dayanırdı başımın üstündə. Başlayırdılar danışıqlar aparmağa. Bir dəfə gələndə dedim, bu nədir, mən qadınam, mənim burada cəbbəxanam var ki, silahla gəlib durursunuz başımın üstündə? Xüalasə, icra hakimiyyətinin binasını mühasirəyə aldılar. Yerli deputatları evlərindən yığıb gətirdilər icra hakimiyyətinə. Məni də heç yerə buraxmadılar ki, bəs gəl, iclası keçir. İclas keçirildi və Hacı Əlizadə adlı birini icra başçısı təyin elədilər. Tələb elədilər ki, qərarı hazırla, ver bizə. Dedim, gecə saat 11-dir, işçilərimdən heç kim burada yoxdu, qərar yazılıb, çap edilməlidir. Siz gedin, sabah qərarı hazırlayıb verərəm nümayəndənizə. Səhər işə gəldim, müavinə göstəriş verdim ki, dünənki deputatların iclasının, protokulunu hazırlayın. Özü də sessiyanın yox, deputatların yığıncağı. Çünki sessiyaların çağırılma qaydası var. Qaydalara əməl edilməyibsə, bu, sadəcə, deputatların yığıncağıdır. Protokolda açıq-aşkar yazılmışdı ki, Surət Hüseynovun səlahiyyətli nümayəndələrinin təkidi ilə keçirilən deputatların yığıncağı. Ardınca da nə baş vermişdisə, hamısını qeyd edib, qoydum konvertə verdim nümayəndəyə. Özüm də protokolun bir nüsxəsini də götürüb getdim Bakıya. Ali Sovetə yaxın düşmək olmurdu. Gəldim Prezident Aparatına. Arif Rəhimzadə Dövlət katibi idi. Dedi, sən düz eləmisən, amma burada boşuna vaxt itirmə. Ona görə də oturdum maşına qayıtdım Əli Bayramlıya. Bundan sonra mənə qarşı təqiblər başladı.
İki dəfə oğlumu və qızımı qaçırmağa cəhd elədilər. Bir dəfə də işdən çıxıb evə gedirdim, bloka girəndə gördüm bütün işıqlar sönüb. Hənirti, insan nəfəsi hiss elədim, qeyri-ixtiyari geri çəkildim. Həyətdə qonşu kişilər dayanmışdılar, heç nə olmamış kimi gəlib dayandım bunların yanında. Yarım saat sonra gördüm blokdan iki nəfər çıxdı. Qonşulardan soruşdum ki, o adamları tanıyırsınızmı? Dedilər tanımırıq, nəsə bura adamları deyillər. Bunlar çıxıb gedəndən sonra qonşulara hər şeyi yerli-yataqlı danışdım.
Nə bilim, Allah qoruyanda qoruyur. Ümumiyyətlə, YAP şəhər təşkilatının sədri olduğum müddətdə mənə qarşı tez-tez təzyiqlər olurdu. Hətta icra başçısı mənim yerimə təşkilatın sədri olmaq istəyirdi. Təsəvvür edin, partiya üzvü olmayan biri sədr olmaq istəyirdi. Bir dəfə də yenə də YAP şəhər təşkilatının konfransını keçirməliydik. Siyavuş Novruzovla Səyyad Salahlı da konfransda iştirak etmək üçün Əli Bayramlıya gəlmişdilər. Konfransın keçirilməsinə əngəl olunmasın deyə polisə müraciət elədim. Hətta polis rəisinin özü də əvvəldən sonacan konfransda iştirak elədi. Digər pozuçu təxribatların qarşısını almaq üçün konfrans iştirakçılarına xüsusi mandat təqdim eləmişdik. Polislərə də tapşırıq vermişdim ki, mandatı olmayanları içəri buraxmasınlar. Bu yolla pozuculuq və təxribat etmək istəyən icra hakimiyyətinin işçilərini ordan uzaqlaşdırmağa nail olduq.
Qonaqlarımız gedənə qədər bizi nömrəsiz maşınlar təqib edirdilər. Bax belə çətinliklərlə Yeni Azərbaycan Partiyasının konfranslarını keçirirdik.
– Heydər Əliyevlə görüşünüzü necə xatırlayırsınız?
– Bilirsiniz, mən heç vaxt hansısa vəzifəyə iddialı olmamışam. Hər zaman fəallığıma görə hansısa vəzifəyə təyin olunmuşam. Heç vaxt da mənə təklif olunan postu, vəzifəni ilk dəfədən, düşünmədən qəbul etməmişəm.
1995-ci ilin sentyabr ayı idi. İşdən evə gəldim. Axşam saat 7-8 olardı zəng gəldi. Prezident Aparatından Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdirü Yusif Hümbətov idi. Dedi ki, təcili gəl Bakıya, Heydər Əliyev səni qəbul edəcək. Dedim bağışlayın gecdir, indi mən Bakıya gələ bilmərəm. Uşaqlar da balacadır onları tək qoya bilmərəm. Təəccüb elədi, dedi ay qız, deyirəm ki, Heydər Əliyevin qəbuluna gəlməlisən. Dedim başa düşürəm, amma hazırkı ailə vəziyyətim buna imkan vermir. Bilirsiniz, mənim ailə vəziyyətim gerçəkdən imkan vermirdi, bir də içimdə qorxu hissi vardı. Təqib olunduğum üçün düşünürdüm ki, gecə mənə qarşı sui-qəsd ola bilər. Yusif müəllim bir az fasilə verdi və sonra dedi sabah saat 12-00 da Bakıda ol. Səhər gəldim Bakıya, Prezident Aparatına. Yusif Hümbətovun qəbulunda məlum oldu ki, YAP mənim deputatlığa namizədliyimi irəli sürüb.
Görüşəndə Heydər Əliyev soruşdu ki, namizədliyimin irəli sürülməsinə necə baxıram? Dedim ki, çox pis baxıram. Niyəsini soruşdu. Dedim, deputat olmaq böyük məsuliyyətdir, böyük arzudur, mənim üçün əlçatmazdır. Amma bəzən arzularla imkanlar üst-üstə düşmür. Dedim mən ilk növbədə anayam, dörd övladım var. Övladlarımın ikisi məktəblidir, ikisi də körpə. Uşaqlarım orada, mən Bakıda, ailəmdə problemlər yarana bilər. Bildirdim ki, Şəhər Sovetinin rəhbəri, YAP şəhər təşkilatının sədriyəm, bunun özü böyük məsuliyyətdir. Heydər Əliyev mənimlə düz saat yarım danışdı. Səhəri gün məni yenidən qəbul elədi və Əli Bayramlıya icra başçısı təyin elədi. Tapşırıq verdi ki, get, orada həm dövlətçiliyimizi qoru, həm də ailənin başında ol.
Mən Ulu Öndərin təyinatını ali tapşırıq hesab edirdim. Hesab edirdim ki, Heydər Əliyev hər bir davranışımı, addımımı görür, qiymət verir.
Yeri gəlmişkən, mən icra başçısı təyin olunanda iqtisadiyyatda çətinliklər hələ də qalmaqda idi. Əli Bayramlı fəhlə şəhəri idi. Təsəvvür edin, sənaye çökmüş vəziyyətdə və biz insanların maddiyyatını təmin etməli idik. Müharibədən yenicə çıxmışdıq, şəhərdə nə qədər məcburi köçkün, şəhid və qazi ailələri var idi. Onları idarə etmək üçün onlardan biri olmaq lazım idi. Bir şəhid ailəsinə imkan vermirdim ki, icra hakimiyyətinə gəlsin, özüm gedirdim evlərinə, bir-bir hər birinin vəziyyəti ilə maraqlanıb, problemlərini həll edirdim.
Hər bir şəhidin doğum günündə ailəsini ziyarət edirdim. Elə bir şəhid xanımı qalmadı ki, evlə təmin olunmasın. Yeni evlər tikilmirdi, amma Mənzil Kommunal İdarəsinin balansında olan təmirsiz evləri təmir elətdirib, şəhid ailələrinə verirdim. Bu gün də Şirvan şəhərinin Birinci Qarabağ müharibəsində sağlamlığını itirmiş qaziləri mən yaxşı xatırlayırlar. Hətta onurğasından güllə yarası alaraq əlil olan bir gənc, İlham Məhərrəmov var idi, müalicədən imtina edib, intihar etmək istəyirdi. Getdim, düz bir saat onunla söhbət elədim, yola gətirdim, müalicə olundu. Ona nişan taxdıq, toyunu elədim və ev verdim. İllər sonra həmin qazi ilə “Hilton” otelində bir qazinin yubileyində yenidən qarşılaşdıq. İlk əvvəl onu tanımasam da yenidən xatırladım onu. Sevindim ki, ömrümü gözəl məqsəd və amallar uğrunda xərcləmişəm. Bax, biz belə çətin və mürəkkəb zamanlardan keçmişik.
– Tarix yazan da var, tarixə yazılan da… Ulu Öndər Azərbaycan tarixini yenidən yazdı, eyni zamanda, öz adı da tarixə yazıldı. Bu gün hər kəs bilir ki, Heydər Əliyev olmasaydı Azərbaycan dövləti yox idi. Ulu Öndərin uzaqgörən siyasəti bu gün göz önündədir. Ümummilli Liderin Prezident İlham Əliyev haqqında dediyi “Mən ona özüm qədər inanıram…” fikri bu gün öz təsdiqini tapır.
– Bəli, 2000-ci illərdə müxalifət cəbhəsində dedi-qodular gəzirdi ki, Heydər Əliyev öz yerinə İlham Əliyevi hazırlayır. Yeni Azərbaycan Partiyasının yaranmasının 10-cu ildönümü münasibəti ilə keçirilən toplantıda çıxış üçün mənə söz verdilər. Çıxış edəndə dedim ki müxalifət cəbhəsində cənab İlham Əliyevlə bağlı müxtəlif dedi-qodular gəzir. Dedim, burada təəccüblü heç nə yoxdur, mənim iki yaşlı oğlumdan soruşanda böyüyəndə kim olacaqsan “Heydər Əliyev olacağam” deyir. Əcaba, Heydər Əliyevin oğlu nədən Heydər Əliyev olmasın, nədən onun yolunu davam etdirməsin? İkincisi də bu gün İlham Əliyevi gənclərin lideri hesab eləyirlər. Bu gün İlham Əliyev o statusu aşıb, o beynəlxalq səviyyədə tanınan ictimai-siyasi xadimdir, dövlət adamıdır. İlham Əliyev Heydər Əliyevin yolunu davam etdirə biləcək ən layiqli namizəddir. Və bu gün Heydər Əliyevin “Mən ona özüm qədər inanıram” fikri öz təsdiqini tapıb. Uzaqgörən Heydər Əliyev hər atdığı addımın sonunu görürdü. Konkret siyasi strategiyası və taktikası vardı. Cənab İlham Əliyev də nəyi, nə vaxt və necə etməyi bilir və edir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan möhtəşəm nailiyyətlər əldə edib. Sosial-iqtisadi inkişaf, sosial rifah , beynəlxalq əlaqələr və diplomatiya, ordu quruculuğu, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası. Hələ elə bir ölkə yoxdur ki, işğal olunmuş torpaqlarını azad edə bilsin.
Həyatda şərəflə yaşamaq lazımdır. Hər şey bu dünyada qalır. Ən vacibi odur ki, sən gedəndə nə qoyub gedirsən. Söhbətləşdi: Gülşən Behbud
“Milli Dəyərlər üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri,