Rəsul Rzanın anadan olmasının 116-cı ildönümü qeyd olunur Bu gün Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Rəsul Rzanın anadan olmasının 116-cı ildönümü tamam olur. Azərbaycan ədəbiyyatında özünəməxsus dəsti-xətti, dərin fəlsəfi düşüncəsi və yenilikçi poetik üslubu ilə seçilən sənətkar milli poeziyanın inkişafında mühüm rol oynayıb. 1910-cu il mayın 19-da Göyçay şəhərində dünyaya göz açan Rəsul Rza Azərbaycan poeziyasına yeni nəfəs gətirən sənətkarlardan biri kimi tanınıb. Onun yaradıcılığı yalnız poetik ifadə zənginliyi ilə deyil, həm də insan, zaman, vicdan və mənəvi dəyərlər haqqında düşündürücü fəlsəfi məzmunu ilə seçilib. Şairin əsərlərində müasirlik, azad düşüncə və vətəndaş mövqeyi əsas xətt təşkil edib. Rəsul Rza uzun illər ərzində Azərbaycan ədəbi-mədəni mühitinin inkişafına böyük töhfələr verib, həm şair, həm dramaturq, həm tərcüməçi, həm də ictimai xadim kimi geniş fəaliyyət göstərib. Onun zəngin ədəbi irsi bu gün də aktuallığını qoruyur, yeni nəsil oxucular və ədəbiyyatsevərlər üçün mühüm mənəvi mənbə olaraq qalır. Xalq şairinin xatirəsi daim ehtiramla anılır, əsərləri müxtəlif dillərə tərcümə olunur, yaradıcılığı ilə bağlı elmi araşdırmalar aparılır. Azərbaycan poeziyasının inkişafında müstəsna xidmətləri olan Rəsul Rza milli ədəbiyyat tarixində əbədi yaşayacaq sənətkarlardandır.
01 aprel 1981-ci il — Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, tərcüməçi və ictimai xadim Rəsul Rzanın vəfat etdiyi gündür.. Rəsul Rza (tam adı: Rəsul İbrahim oğlu Rzayev) 6 (19) may 1910-cu ildə Göyçay şəhərində anadan olmuş, 1 aprel 1981-ci ildə Bakı şəhərində vəfat etmişdir. O, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş, Azərbaycan ədəbiyyatının inkişafında mühüm rol oynamışdır. Rəsul Rza XX əsr Azərbaycan poeziyasında bədii düşüncənin yenilənməsinə güclü təsir göstərmiş sənətkarlardandır. Onun yaradıcılığı fəlsəfi dərinliyi, azad poetik təfəkkürü və insanın daxili dünyasına yönəlmiş bədii axtarışları ilə seçilir. Şairin əsərlərində zaman, vicdan, məsuliyyət, mənəvi bütövlük və həqiqət kimi mövzular aparıcı yer tutur. Bu xüsusiyyətlər onun poeziyasını bu gün də aktual və düşündürücü edir. Rəsul Rza yalnız şair kimi deyil, həm də dramaturq, tərcüməçi və ictimai xadim kimi milli mədəniyyətin inkişafına mühüm töhfələr vermişdir. Onun fəaliyyəti Azərbaycan ədəbi mühitində yeni poetik istiqamətlərin formalaşmasına təsir göstərmişdir. Görkəmli şair yüksək dövlət mükafatlarına layiq görülmüşdür. Bu gün böyük sənətkarın xatirəsini ehtiramla yad edirik. Ruhu şad olsun.
Rəsul Rza – 115 Dama-dama papaqlı, zolaq-zolaq köynəkli
Dama-dama papaqlı, zolaq-zolaq köynəkli… Öncə söz vardı… 28-ci hissə (Bu rubrikanı sözü qutsal sayan şairlərimizə həsr eidrəm)
Mayın 19-da Azərbaycanın Xalq şairi, şeirləri ilə çağdaş poeziyamıza böyük töhfələr bəxş edən Rəsul Rzanın doğum günüdür.Rəsul Rza şeirlərinin oxucusu, onun yenilikçi düşüncəsinə, özünəməxsus deyim tərzlərinə, zəngin poeziyasına bələd olduğumu söyləyə bilərəm. Şadam ki, müəllifi olduğum “Sətirlər” verilişinin bir buraxılışını vaxtilə məhz Rəsul Rzaya həsr etmiş, şairin “Qızılgül olmayaydı” poemasının motivləri əsasında bədii-sənədli film üçün ssenari də yazmışam.Şairin “Mən torpağam”, “ Məndə ixtiyar olsa”, “Dünyanın dərdi”, “Vətən”, “Rənglər” silsiləsi, “Çinar” kimi şeirləri poeziyamızın incisi sayılır. Rəsul Rzaya doğum günü münasibətilə həsr etdiyim “Dama-dama papaqlı, zolaq-zolaq köynəkli…” essemi məmnuniyyətlə sizə təqdim edirəm.
Mən istəyirəm; buludlar ağlasın, uşaqlar ağlamasın- analı, ya anasız! Sabirdən səkkiz yaş böyüyəm, Koroğludan on dörd yaş. Ancaq hələ nə Sabir deyəni deyə bilmişəm, nə Koroğlu eləyəni eləyə bilmişəm. Deyirəm,bəlkə çatanda Nizami yaşına mən də bir şey verə bildim insanlığın səadət uğrunda savaşına. İndi ürəkdən ürəklərə, hətta ölkədən ölkələrə qədər rahat yollar uzanır. Bu gün informasiyamız kosmosu, səyyarələri də əhatə edir.O da bizə məlumdur ki, bu səyyarələrin ən kiçiyi Pluton 2006-cı ildə günəş sistemindən çıxarılıb. 9 planetin əvəzinə 8 planet qalıb.Yeri gəlmişkən, Məmməd Araz Rəsul Rzanı necə adlandırırdı? -“Zəmanənin bir də yetirə bilməyəcəyi planet”. Hörmətli, Nasa- “Milli Aeronavtika və Kosmos” idarəsinin 18 min əməkdaşı, vakant yer üçün sizcə düşünməyə dəyməzmi?! -Dəyər! O zaman hörmətli astrofizika alimləri düşünməkdə olsunlar, biz də Rəsul Rza planetinin həndəvərində, bioqrafiyasının kandarında gəzişək. Mən istəyirəm; güllər açılsın, güllələr açılmasın- amanlı, ya amansız! Mirzə İbrahimin oğlu idi Rəsul. Anası da Məryəm ana idi. Ağlınıza hansı Məryəm gəldi ki? Eyib etməz, Həzrəti İsanın anası Məryəmi də nəzərdə tuta bilərsiz. Zira şair anası olmaqla peyğəmbər anası olmaq arasında elə bir fərq yoxdur. Hələ o şairin adı Rəsul –“Allahın elçisi” mənasını verərsə… 1910-cu ildə dağətəyi Şirvanda, qəşəngim Göyçayda doğulub Rəsul. Göyçay qəzasında nüfuz sahibi olan Məmmədxanlıların övladı kimi doğulub.Kənd mirzəsi olan atası Mirzə İbrahim qabaqcıl görüşlü insan sayılırdı. Anası Məryəm xanım yazmaq bilməsə də Füzulidən, Sabirdən, Natəvandan əzbər şeirlər söyləyər, balaca Rəsulu gələcəyə hazırlayırdı. Sonralar Rəsul ədəbi mühitlə Bakıda Abdulla Faruq vasitəsilə tanış olur, 20-ci əsr poeziyamıza qədəm qoyur. Ömrünün baharı-Nigar xanıma da rast gəldiyi şəhərin adı – Bakıdır.
İki ömür baharı (Məmməd Alim) Bakıda görüşdülər ömrün ilk bahar çağı Rəsul Göyçay çinarı, Nigar Göygöl qovağı. Ata yurdundan gəldi Qovağın son sorağı, Çinar ora tələsdi Heykəl gördü qovağı Rəsulun gözlərində Göygölün göy qurşağı Göygölün üzərində Nigar durna çırağı Əbədi qovuşdurub İki qəlbi Xanbağı Şair ömrü yaşayır iki dünya qonağı Rəsul Göyçay çinarı, Nigar Gəncə qovağı. Nigar Gəncə qovağıydı, Rəsul Göyçay çinarı… Tənha günlərdə, məşəqqətli illərdə bir Gəncə qovağının munisi bir Göyçay çinarı olmazmı, əcəba?!… Olardı, amma 1930-cu ildən sonra. Dama-dama papaqlı, zolaq-zolaq köynəkli, 21 yaşlı, 42 manat maaşlı Rəsulun, “Sabir bağı” nın aşağı küncündə Nigarı gözləyəndən bəri.Təsadüfi tanışlığı sevməyən Nigar üçün növbəti məktub yazılan vaxtdan. Sabah Müşfiqlə Dilbər, Yeni tamaşaya gedirlər. Bizi də dəvət edirlər, Razı olsanız əgər. Razı idi Nigar, amma o tamaşanı görmüşdü axı. Olsun! Öz yuxularında da Nigar xanım tamaşalar seyr edərdi.Daha xəyalpərvər, daha kövrək tamaşalar.Özü də o səhnələrin iştirakçısı olmaq şərti ilə.Yozduğuna və yazdığına görə durna olacaqmış yuxuda, çırpıb qanadlarını yerdən üzülən durna. Geniş-geniş havalarda səf çəkən durnaların qatarına düzülən Nigar -durna olacaqmış .Yuxusunda diyar-diyar uçub dağların başına qonaq olacaqmış, Nigar, tezliklə şair Rəsul evinin qonağı olduğu kimi. Mən istəyirəm; qapılar qapansın soyuq olanda hava- gözlər qapanmasın, sözlər qapanmasın! 1942-ci ilin yanvar günləri… Müharibənin idbar vaxtında Rəsul-Nigar sevgisinin hərarəti o yanvar günlərinin şaxta, sazaq havasıyla necə də savaşa giriblər.Rəsul da cəbhədəydi o vaxtlar.Yazıçılar İttifaqının o soyuq, avazımış divarları bəzən Nigarın burada gecə saat 1-ə kimi növbədə qaldığına da tanıq olacaqdı. Mən istəyirəm; yanğınlar sönsün, ümidlər sönməsin! Rəsul Rza ocağının əbədi sakini olmaq eşqiylə gənclər 1937-ci ilin fevralın 11-də ailə qurdular.44 illik möhkəm ailə həyatının rişəsində sevgi, duyğu, böyük hissiyatla yanaşı nikah üçün ödənilməyən “1 manat” da vardı. Zatən Nigarların alın yazısıdır mətin, dözümlü olmaq. Qılınc-qalxan cingilitisi, döyüş nərələri, mərdlik cəngləri, yürüş şeypurları, zəfər təbillərinin gur sədasında dastandakı Nigarımız Koroğlu üçün “kim” idisə, şair Nigarımız da Rəsul üçün “o” idi. Rəsul üçün Nigar gözəl yardı. Bunu mən demirəm ki… ”Məktublar” şeir toplusu deyir. 30-cu illərdə 5 il müddətinə ərsəyə gəlib həmin şeirlər.Bu məktubları “Səndən-sənə” də adlandıra bilərik. Rəsulun misralarında 21 yaşlı bir gəncin 18 yaşlı başqa bir gəncə lətif duyğuları görünür. Təkcə görünmür ki, həm də sevən bir qəlblə etiraf olunur.”Tanış olaq” müraciətinin qarşılığını bir misra “nöqtə işarəsi” bəzəyəndə yəqin ki, Rəsul müəllimin necə hisslər keçirdiyini anlamaq olar. Ancaq “nöqtə dolu sətirlər” dən sonra da Rəsulun Nigara olan kövrək hissləri öləzimədi, vaxt gəldi 1976-cı ildə “Sevinəndə sevincim” şeirini nəşr etdirdi.
Bir gün səni görməsəm, könlümdə tufan olur. Səni qəmli görəndə ürəyim şan-şan olur. Məhəbbətin yolunda qəm olur, hicran olur. Sən məni bu sevdanın yollarına salansan, Sevinəndə sevincim, ağlayanda nalamsan. Gözlərini yumanda könlüm toranlıq olur. Gülüşün, xoş baxışın nədən bir anlıq olur? Həsrətindən gözümdə dünya qaranlıq olur. Hər kəs üz döndərsə də, sən ilqarda qalansan Sevinəndə sevincim, ağlayanda nalamsan. Bilməyənlər də bilsin, mən sevmişəm tək səni. Hamıdan yaraşıqlı, hamıdan göyçək, səni. Dodaqları öpümlü, saçları ipək, səni. Könlümün tellərini həzin-həzin çalansan Sevinəndə sevincim, ağlayanda nalamsan. Nigar ağlayanda da, ağrıyanda da, sızlayanda da naləsi, acısı oldu Rəsulun. 1981-ci ilin aprelin 1-də, Nigarın ağır xəstə olduğunu biləndən 3 saat sonra ürək çatışmazlığından dünyasını dəyişdi şair Rəsul Rza. Yenə də ürək… yenə də şair… yenə də ayrılıq! Nigar xanım 100 gün yaşadı Rəsuldan sonra.Əgər buna yaşamaq demək olarsa.Dünyadan köçmüş sevgisindən də xəbər tutmadı.Tərs kimi gənclik yuxusuna girən durnalar da vəfasız çıxmışdılar həmin an. Rəsuldan heç bir xəbər, heç bir soraq verə bilmədilər Nigara. O sorağı biz almışıq. Nə imiş? Sən demə, durnalar da qıymamış sevənlərə…Sən demə, cəmi 100 gün içərisində sevənlərin bir-birinə qovuşmağından durnalar da hali imiş.Sən demə, Mən istəyirəm; sevinc, səadət bol olsun! Ürəkdən ürəyə, ölkədən ölkəyə açıq yol olsun! -kimi şair arzuları təkcə ölkələr arası yox, həm də dünyalar arasında bir məhəbbət nağılına çevrilərmiş. Mən istəyirəm; sevinc, səadət bol olsun! ürəkdən ürəyə, ölkədən ölkəyə açıq yol olsun!
Düz tapdınız, dama-dama papaqlı, zolaq-zolaq köynəkli Rəsul Rza məhz belə istəyirdi.
Bu misralar “Xatirələrdən” şeirimdəndi. Əslində xatirələr yaşayir və bizi yaşadır, unudulmur… Əlçatmaz olsa belə… Həyatın qəribəlikləri az deyil…
“Ad gunləri qarşıdadı”kitabımıda “Müəllifdən” başlıqlı hissədə tanıdığım, ustad bildiyim sənət adamlarından, qələm dostlarımdan da söz açmışam…
“1973-cü il… Yаdımdаdır… Yаzıçılаr Ittifаqındа «Gənclər günü»ndə yеni yаzılаr охunub müzакirə оlunurdu… Оrаdа rəhmətliк Хəlil Rzа Ulutürк bir nеçə şеrimi və bir şеirimdəкi:
Sulаr təlаtümlənib,
Dаşdı, qаbаrdı yеnə.
Yəqin nеftçilərdi,
tullаyıblаr qоrхunu
yеnə аğr dаş кimi
bu dənizin dibinə.
Misrаlаrımı bədii tаpıntı кimi qiymətləndirdi” Bu misraların Xəlil Rza Ulutürkün ruhuna yaxın olduğunu sonralar anladım… Qorxuya qalib gəlmək… mübarizələrdən-sınaqlardan keçən ömür sahibi olan ustad mənim bu kiçik uğurumu dəyərləndirdi. Kitabda bu xatırlamadan sonra yazmışam:
“Ədəbi nəsil оlаrаq хоşbəхtliyimiz оndаdır кi, sаdə, sаdə оlduğu qədər də dərin düşüncələrin bədii ifаdəsi оlаn Rəsul Rzа pоеziyаsındаn müəyyən örnəкlər götürə bilmişiк.” “Ad günləri qarşıdadı” Bakı-2006
Bu fikir mənim ədəbi taleyimdən yol kimi keçir Universiteti təzə bitirmişdim. Bakıda qalmaq imkanı da tapa bilərdim, ancaq bir dolaşıq xəstəlik buna imkan vermədi… Rayona qayıtmalı oldum. Yazı-pozu işi arxa plana keçdi. Köhnə yazılarım məni özünə çəkirdi, ancaq yeni nəsə yazmağa maraqlı olmurdum, bu istəyimi sadəcə boğurdum. İmkan olduqca önəm verdiyim müəllifləri oxumaqla mənəvi aclığımı dayandırırdım. Məmməd Araz, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk bu sirada idi…
Bir gün hələ 60-cı illərdən adı dünya ədəbiyyatı səviyyəsində tanınan ustad şair Rəsul Rzanın “Seçilmiş əsərləri”nə üz tutdum. İndi mən Rəsul Rzanı müəyyən problemlərlə, bəlkə də həyatın hər sahəsində çatışmazlıqlarla qarşılaşan oxucu kimi oxuyurdum.Bu poeziya iradə və dözüm aşılayırdı. Bu, həyatımızda qarşılaşdığımız çeşid-çeşid problemlərlə mübarizə poeziyası idi. Bəlkə də bu mətnlərə yanaşmam bir qədər dəyişmişdi.Bilmirəm.Əvvəl oxuduğumdan fərqli çox-çox yeni mənalar tapırdım. Bu, bir başqa xəzinə idi.. Sabir idi, Mirzə Cəlil idi, ən əsası, sağlam düşüncə qaynağı idi. Qafiyəpərdazlığa qarşı olması da yaxşı ovqat yadırdı.Bu poeziya məndə belə fikirlər körükləyirdi: Yox, qələm qüdrətli vasitədi. Bədii ədəbiyyat özümüzü silkələməkdi, düzgün yol seçməkdi, sınaqlara hazırlaşmaq, tarixə, yaddaşa qayıtmaqdı. Rəsul Rza poeziyası bizi məhz bu hədəflərə aparan poeziyadı.
Şairin ictimai məzmunlu, satirik- tənqidi ruhlu şeirləri qəlbimə yatır, məni həyata, mübarizəyə, sənətə səsləyirdı
Kimi təzə paltardan qorxur,
Kimi kəfəndən.
İskəndəri soruşdunuz məndən?
İskəndər içərdi,
Ləqəbi də Kefli İskəndərdi.
Gecə-gündüz düşündürərdi onu
Diri ölülərin dərdi.
Yoxsa o da nə qəmlənər,
Nə içərdi.
Ömrü ölülər içində
Sakit-səssiz keçərdi.
Qınamayın İskəndəri.
Yaman olur anlamaq dərdi.
Bu bir həyat həqiqəti deyilmi? Faciələrimizin izahı deyilmi?
Şair “Mən torpağam” şeirındə
insana, soydaşına arxalanır,maddi və mənəvi zənginliklərə güvənir
Mən torpağam, məni atəş yandırmaz;
tərkibimdə kömürüm var,
külüm var.
Mən baharam çəmən-çəmən
Çiçəyim var, gülüm var.
Mən küləyəm, əsməsəm,
kim bilər ki, mən varam.
Mən buludam, səhraları susuz görüb,
ağlaram.
Mən ürəyəm, döyünməsəm
ölərəm.
Mən insanam,
sadə insan əlinin
yaratdığı nemətlərlə öyünməsəm,
ölərəm.
Mən işığam – qaranlığın qənimi.
Mən insanam,
daşıyıram qəlbimdə
dünyaların sevincini, qəmini.
Maraq dolu gözəm mən,
baxmaya bilmərəm.
Qarlı dağdan süzülən çayam mən,
axmaya bilmərəm.
Mən insanam,
vətənim var, elim var.
Ən böyük həqiqəti,
azadlığı, məhəbbəti, nifrəti söyləməyə qadir olan
dilim var.
Mən bir qranitəm ki,
hər parçamda duyulur
bərkliyim,
döyüşdə möhkəmliyim,
ülfətdə kövrəkliyim.
Mən insanam, ülfətsiz –
Ölərəm.
Məhəbbətsiz, nifrətsiz –
Ölərəm.
Mən bulağam,
tapşırıqla axmıram.
Mən həyatam,
Həmişə yoldayam;
nəfəsdəyəm, arzudayam,
baxışdayam, ürəkdəyəm, qoldayam.
Mən torpağam, nemətimi, varımı
zəhmət sevən insanlarla bölərəm.
Mən ürəyəm, doyünməsəm
ölərəm.
Bu torpaq Vətən törpağıdı. Xalqı ilə, yaşanan dəyərlərlə bir, sevilən, qorunan torpaq. Şair Vətən sevgisini o torpağın dərinliklərindən süzülüb gələn bulaqlara bənzədir. Sevgi tapşırıqla olmur…
Mən bulağam,
tapşırıqla axmıram.
Bu şeirdəki insana güvənmək, onunla bir yolda olmaq da bir başqa dəyərdi…
Şeirlərində Vətən sevgisindən yaranan, torpaqla bağlı narahatlıq da var:
Nəsil-nəsil qəlbimizdə yaşayır
onu itirmək qorxusu…
Bu narahatlıq heçdən yaranmamışdı. Enişli-yoxuşlu tariximizdən gəlirdi.
Deyəsən,bu poeziya məni qələmə, yazıya-pozuya qaytaracaq… Qayıdacağam… Belə düşüncələr bürümüşdü məni o vaxt…
Şuşa sevincini yaşadığımız bu çağlarda Ustadın “Şuşam mənim” şeirini xatırlamaq yerinə düşər.
Sinəsi qabarıq,
Nağıllardan gəlmiş
Pəhlivandı Şuşam mənim.
Mərdliklə, gözəlliklə
Qoşam mənim…
Tarix sənin
Torpağında, daşındadır,
hər yan-yörən,
hər dolayın,
hər cığırın
Azərbaycan-Vətən dadır.
…Sənə əyri baxanları
Qəzəbinlə külə döndər,
Yaxıb-yandır.
Uğurlarımız davamlı olar, İnşallah!
Rəsul müəllimi ilk dəfə harda, nə vaxt gördüyümü xatırlayıram. O vaxt birlik yox, ittifaq adlanırdı. Yazıçılar İttifaqı… Şeirləri kimi dolu, təmkinli bir şəxsiyyət görmüşəm. Asta, sakit danışığı yadımdadı. Bəlkə də hər söhbətə qarışmazdı. Əsas mətləbdən kənar danışmağı sevməzdi. Yerində, gərəkli sözünü deyən şəxsiyyət idi. Şeirləri kimi idi… Zaman və gərgin yaradıcılıq yolu da təsirsiz keçməmişdi…
O görüşdə, əslində mən bir dinləyici kimi iştirakçı idim… Ustad bir az bədii ədəbiyyatla bağlı, istedadlı gənclərlə bağlı danışdı, bir az da bağda işləməyindən söz açdı. Sakit, təmkinli, ucuz söz-söhbətdən uzaq, siradan olmayan bir insan kimi yaddaşıma həkk oldu. Elə o ilk görüşdə Rəsul müəllimin uzaq yollar keçib gələn, sayğı və diqqətlə qarşılanmalı bir ustad olduğunu anladım… Bir dəfə ümumi hal-əhvaldan sonra özümdə cəsarət tapıb:
-Sizin bir vaxt qayğı göstərdiyiniz, xeyir-dua verdiyiniz Fikrət Qocadan, İsa İsmayilzadədən indi qayğı görənlərdən biri mənəm-. dedim. Maraqlandı.
-Bir şeir oxu-, dedi.
Tutuldum. Bilmirəm nədənsə təzəcə yazdığım bir təbiət şeirımi yada salmağa çalışdım Şeirin yadımda qalan bir hissəni dedim.
Кüləкlər üfürür, аçılır
“nənəm uç” cücüsütəк
çiçəкlər…
Yаyılır bаhаrın
qаyğılаrı аğаc-аğаc.
Fiкir uçur, хəyаl uçur.
Üstüm-bаşım puçur-puçur…
Rəngli tüstüləri vаr
bаhаr qаyğlаrının…
Fikirlərmi, xəyallarmı
əlvаn, zərrin…
Içindən кеçirəm
аğmtıl, çəhrаyı
tüstülərin…
Yаzın кələ-кötür səmаsındа
Səndələyir günəş.
Dərələrdən bоylаnır çən…
Bаşımın üstə
tumurcuqlаyır hаvа,
yаğış bаşlаyаcаq, dеyəsən…
-O bir neçə misradan da bilinir, yaxşı şeirdi-,dedi.
Rəsul müəllimin şeirləri bizimlə yol gedir… Həqiqətdə, bizdən irəlidə gedir. Bizi bu yolda reallığı görməyə və göstərməyə… ictimai eybəcərliklərə qarşı mübarizə aparmağa, müstəqilliyimizi qorumağa səsləyir. Bizim də mübarizənin ən ön sıralarında olmağımızı istəyir. Mən o qənaətə gəldim ki, Rəsul Rza ədəbi məktəbindən keçmədən ciddi bədii ədəbiyyatla məşğul olmağımız mümkünsüzdü. Onun sərbəstdə yazdığı şeirlər heca şeirimizin də məna-məzmun çəkisinə, silqətinə müsbət təsir göstərib.
Ustad şairin dünyaya gəldiyi ay- may baharın ən gözəl çağıdı. İllər öncə, bahar ayında yazılmış, bayaq xatırladığımız şeiri bütöv halda Sizlərə təqdim edirəm.Ustadın ad gününə təsadüf edir… Ruhu şad olsun…