
SƏN NECƏSƏN
Neçə ulduz dəstəsi keçibdi ayrılıqdan,
Neçə səhərlərimiz açılıbdı “salam”sız.
Dostlar dostluqdan “itib”, doğmalar doğmalıqdan,
Həyatın rəngi qaçıb, günlər keçir anlamsız.
Sovrulub xəyalımda canlandırdığım nə var,
Yaşıl-yaşıl ümidlər birdən xəzələ batıb.
Üzərimə uçubdu qapı, pəncərə, divar,
Güzgülərdən qaçandan sənə həsrətim artıb…
Unudacağam, -deyib, yaddaşıma daş atdım,
Ləkəli görün deyə, şüşələri silmədim.
Necə oldusa elə hər gün “biz”i yaşatdım,
Unutmaq istəmədim, ya unuda bilmədim?!
Gözlərim yelkən açdı qeyri-müəyyənliyə,
Düşündüm, qəlbim yükü kaş ki, götürməsəydi.
Mən də gəlib çıxmazdım bu cavabsız tənliyə,
O vaxt, orda sevginin bəxti gətirməsəydi…
Səni də qınamıram, qılınc adlı qısqanclıq
Yeri gəldi-gəlmədi ürək paralayırmış.
İtirmək qorxusu da deyirlər buna, ancaq
Qorxular məhəbbəti ağır yaralayırmış.
..Sən də qapıldınmı heç həsrət adlı sellərə,
Səs-səmirin duyulmur, ey çağlayan dənizim.
Baxıb ağladınmı heç danışan şəkillərə,
Mən heç yaxşı deyiləm, sən necəsən, əzizim?
Müəllif: ADİLƏ NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru