
SÖZ
(Rəməl bəhri, növ-2, variant I)
Həm qohumsan, həm yaxınsan, həm dönürsən yadə, söz!..
Həm şirinsən, həm zəhərsən, tez çönürsən dadə, söz!..
Bə’zən almırlar vecə, hallansa da milyon kərə,
Bə’zən ən müşkül işi səhman edər bir sadə söz…
Ən müasir bir silahdır, mərmidən sür’ətlidir,
Ləl cəvahirdən dəyərli, xəznədir dünyadə söz…
Qan yatırdan, ac doyurdan, müştərək zamin duran,
Korda göz, karda qulaq, bumbuz bulaq səhradə – söz…
Əyrini pərt eyləyən, gözdən salan, keçməz yalan,
Düzgünü həm sevdirən, həm eyləyən Şahzadə – söz…
Cahili yoldan sapırdan, varlığın inkar edən,
Kamili tez mindirən həm şöhrətə, həm adə – söz..
Əjdəra, heç düz yolundan dönmədin əsla müdam,
Sən çox erkən nuş edib haqqın «şərabın – badə» – söz…
04.12.2023