
Payızın rəngi
Payızın rəngi nə sarıdı, nə qırmız
Yuxu rəngidi payız
alatoran,
tənhalıq duyğusuyla ruhu saran,
ağla qaranın,
xatirəylə xəyalın,
gerçəklə röyanın qarışığıdı
Payızın rəngi bozdu.
küləyin havasına rəqs edən
o yarpaqların rəqsi deyil,
bir az yerlə göyün,
bir az ağacla torpağın rəqsidi.
Göz-gözə, əl-ələ
amma qolsuzdu.
Təkcə ağacdan yarpaq qopmur
adam da içindən tökülür, ömür-ömür
öz içində payıza çevrilir.
Rəssamın ən dəyərli rəsminin
kənarında qalmış fırça izi kimi,
alnındakı qırışlar gəldikcə dilə,
üzün bər-bəzəyi artır
yaza dönmək ümidi ilə…
Müəllif: Aysel Nəsirzadə