
XİTAB
Yenə də ürəyimin qanı axdı gözümdən,
Göynədi barmaqlarım yol gözləyən sözümdən.
Yenə də nigaranam, narahatam özümdən,
Mənə bir az səbr ver, bir az təsəlli göndər,
Fələyin üzü dönmür, barı çarxını döndər…
Bədirlənmiş ayına baxdım bir gecə vaxtı,
Göydə ulduzun kimi, yerdə gözlərim axdı.
Gördüm özgə nə varsa, hamsı səndən uzaqdı,
Sən mənim ürəyimdə çatılmış ocağımsan,
Sən ata nəfəsimsən, Sən ana qucağımsan!..
Mən yaşayan həyatda hər şey alovdu-közdü,
Nə əyrisi əyridi, nə də ki, düzü düzdü.
Ölüm də ölüm deyil, ölüm də ölü sözdü,
Sözümü külək çapar, şaxta vurar, qar döyər,
Gəl indi bu sazaqda tumurcuq qədər göyər…
Bu boyda var içində, görən, nədir ac olmaq,
Nədir nəfsə yüyürmək, qılınca möhtac olmaq?!.
Qurumuş ormanında ağırdı ağac olmaq,
Saralır yarpaqlarım, lalam, lalına səs ver,
Budağıma, gövdəmə, kökümə bir nəfəs ver…
Mən nəğmə oxudum ki, bəlkə, torpaq cücərdi,
Bəlkə, boz sinəsində bircə fidan becərdi,
Nəfəsimdən, səsimdən, sözümdən su içərdi…
Axı mənim nəğməmin havası var adında,
Sən də ona pıçılda nəsə qalsa yadında…
Sevgindən gileyim yox, əzabın da gözəldi,
Yazında yamyaşıldı, payızında xəzəldi.
Bir də gördün həyatım rənglərindən süzüldü,
Əgər xoşuna gəlsə, onu tək mənə göstər,
Sonra daşda şəklimi gəlib-gedənə göstər…
Müəllif: İbrahim RÜSTƏMLİ
Əməkdar jurnalist