
PAYIZA QOŞULUB GETMƏ, AMANDI
Baxıb təbiətin xəzan vaxtına,
Belə qəmli-qəmli ötmə, amandı.
Özün də kövrəksən, payız da kövrək,
Payıza qoşulub getmə, amandı.
Buludlar üstünü ala bilərlər,
Meşənin içində tala bilərlər,
Kimsəsiz, sahibsiz qala bilərlər,
Payıza qoşulub getmə, amandı.
Bu arzum, istəyim vallah, hədərdir,
Üç ay ömür nədir? Gəldi gedərdi.
Payızın sevdası qışa qədərdi,
Payıza qoşulub getmə, amandı.
Yolunun üstündə qarlı qışı var,
Mənzili gödəkdir, meydanısa dar.
Rəngindən “ı” düşər, dönüb olar sar,
Payıza qoşulub getmə, amandı.
Elə bilmə gedib kama çatarsan,
Şirin həyatına acı qatarsan.
Yarı yolda qoyar, itib batarsan…
Payıza qoşulub getmə, amandı.
Ürəyim sinəmdə müqəddəs ada,
Etibar etmərəm heç zaman yada.
Vəfasız dünyada, yalan dünyada,
Payıza qoşulub getmə, amandı.
Ruhumda sazaqlı yel əsər sənsiz,
Sevincim sonuna tələsər sənsiz.
Getsən de neyləyər Qəzənfər sənsiz?
Payıza qoşulub getmə, amandı.
Müəllif: Qəzənfər MƏSİMOĞLU
QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI