Cahangir Namazovun şeirləri

Cahangir NAMAZOV, Furqət oğlu 1997-ci ilin 24 yanvarında Nəmənqan vilayətinin Pap rayonunda anadan olub.
Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin tələbəsi.
“Bütöv Azərbaycan” qəzetinin və
“Yazarlar” jurnalının redaksiya həyatı üzvü Özbəkistan üzrə təmsilçisi.
Azərbaycan Mədəniyyət Nazirliyi və ədəbiyyat portalının “Ədəbiyyat və incəsənət” saytı üzrə Özbəkistan müxbiri.
Azərbaycan Jurnalistlar birliyinin üzvü.
Turkiyə dövləti “SİİR SARNİCİ” elektron jurnalının Özbəkistan üzrə nemayəndəsidir.
Qırğızıstan Respublikasında təşkil edilən “Dünya talantları” beynəlxalq birliyinin üzvü, “Abay” medalının, “Beynəlxalq Əmir Teymur Xeyriyyə Cəmiyyəti Fondunun
Usman Nasir,
“Berdak Karagbay oğlu”
xatirə nişanları”nın sahibidir.
Türkiyənin “Güzel Alanya”
mükafatı laureatı.
Qırğızıstan Respublikası “Qırğız şair və yazıçıları” ictimai fondunun üzvüdür. Gənc yazarların ənənəvi seminarlarının iştirakçısıdır.
Şeirləri “Müjdə”, “Flaşmob” toplularına daxil edilib.
Yaradıcılıq nümunələri Kazaxıstan, Qırğızıstan, Türkmənistan, Keniya Azərbaycan, Türkiyə, Danqladeş, Nepal,Iran,Yunanıstan, Əlcəzair,
Iran, İraq, Yunanıstan, Vyetnam, Serbiya, Hindistan, Rusiya, Makedoniya, Belçika, İtaliya, Çin, Koreya, İspaniya,Italya, Kosovo, Misir, Dubay, Kosovo, Pakistan Albaniya, Koreya, Almaniya, Venesuella, Avstraliya, Amerika dövlətlərinin qəzet –jurnallarnda, həm də Ədəbi internet saytlarında dərc olunub.
2021-ci ildə “İçimdə üsyanlar adlı şeir kitabı nəşr edilib.
Həmmüəllifliktə
“Müqəddəs yer” tarixi kitabı , “Günəşin nəfəsi” poetik kitabı Türkiyənin Beygenç nəşriyyatında, “Pain” adlı şeir və məqalələr kitabı Amerikanın “Amazon” saytında nəşr edilib.
Onun tərcüməsində Türkiyənin “Baygenc” nəşriyyatında Özbək şair və yazıçılarının “Mujde” (2022) və “Gunce Yayinlari” nəşriyyatında “Soze Asik Gonuller” (2024) antologiyaları nəşr olunub.
Koreya və Vyetnam “Lotus in the Land of the Calm Morning” antologiyasında bir sıra şeirləri ingilis və koreya dillərində çap olundu.”
2025-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyevanın əziz xatirəsinə həsr olunmuş kitabda da onun məqaləsi dərc olunub.
Beynəlxalq mətbuatda mütəmadi olaraq dünyanın müxtəlif ölkələrindən olan şairlər, yazıçılar, jurnalistlər, tərcüməçilər, ədəbiyyatşünaslarla ədəbi-elmi söhbətləri dərc olunur.

ÖZÜMÜ MƏHKƏMƏYƏ ÇƏKDİM

Özümü məhkəməyə çəkdim –
Nə şahid var,
nə vəkil,
nə də ittiham oxuyan qınayıcı.
Yalnız bir güzgü…
O da sınıq, lal.

Mən cavab verdim,
günahsız günahıma –
cavablarım uzandıqca uzandı.
Ağlamadım – amma içimdə
çırpınıb bir şey… sınandı.
Dilimdə söz dondu,
göz yaşım axdı.
Qarşımda özüm –
amma yad bir adam kimi dayandım…
Heç bir yerdə özüm ola bilmədim.
Ancaq özlüyümdə – hər kəsə çevrildim.

Gözümün sual işarələrini
yaşlarım sildi apardı.
Əlimdə – dəftər,
sözlər belə çəkindi,
Mən yazmadım –
Sözlər yazılmaqdan boyun qaçırdı.
Bu – musiqi, məclis deyil –
məhkəmə iclasıdır.

Qanımda axan – sükut.
Dırnağım altında yığılan həsəd –
sükut qədər yumşaq,
ağrı qədər iti.
Mən özümü bağışladım.

Özümü məhkəməyə çəkdim…
Qanun — VİCDAN,
Təqsirkar — ÖZÜM.
Bütün günahı çiynimə aldım,
Öz qarşımda qaraldı üzüm…

ÖZÜMÜ UNUTDUGUM GÜN

Mən özümü unutduğum gün —
güzgüm məni xatırladı.
Adım — sükut oldu,
Nəfəsim — şübhə.

Kölgəm məndən qaçdı,
nədən yenə ardımca gəldi?
Mən geriyə baxmadan irəli qaçdım,
və zaman — məni yarıb keçdi.

Mən həqiqəti yalanlarda tapdım,
yalanlarım məni xilas etdi.
Çünki bəzən ən doğru söz —
deyilməmiş olandır.

Mən ölü fikirləri diriltdim,
yeni düşüncələri basdırdım.
Yaşamağım — ölümə qarşı üsyan,
Ölməyim — həyata hörmət idi.

Mən güldüm —
göz yaşlarım gülüşümdən xəcalət çəkdi.
Mən ağladım —
qəhqəhəm sükuta çevrildi.

Mən yazdım —
sözlər ox oldu, mən isə nişan.
Mən susdum —
və bu ən gurultulu fəryada döndü.

İndi mən yoxam —
amma hər yerdə varlığım duyulur.
Mən heç kim deyiləm —
lakin hər ürəkdə adım anılacaq!


Səni —
bağışlamaq üçün sevmişdim,
bağışlanmaz bir yerdə tapdım özümü.
Əllərim sənin üçün deyil,
məhəbbətdə qalmaq üçün duaya açıldı.
Gələndə yaralarımı sarıyarsan, — dedim,
amma sən qəlbimi açıb
böyük bir yaraya çevirdin.
Dərman olmağını gözlədim,
amma sən xəstəliyimə ad qoydun.
“Ayrılıq” dedin.
Və o adla daha da çox ağrıtdın…

Mən arzularımı sənin gözlərində gördüm,
unutmaq üçün isə dodaqlarına baxdım.
İlk öncə sən qəlbimi fəth etdin,
axırda isə mən
sənin eşqinin əsiri oldum.

Səni ağlayaraq dilədim —
hər göz yaşımda bir parça məhəbbət,
hər ahımda bir böyük həqiqət.
Və indi —
“Yaralarımı özüm sarıyaram”,
deyə gedərkən
ən ağır zərbən —
“gecikmiş məhəbbətin” oldu.

SƏNİ ELƏ UNUDACAĞAM Kİ…

Səni elə unudacağam ki,
gözlərin külə dönəcək,
xatirən qaranlıq bir dənizdə
dalğa-dalğa udulacaq.

Unutmayacağın tək şey,
mənim səssiz çığırtım olacaq,
külümün içində gizlənən alov
hər gecə qəlbinə sancılacaq.

Adım — zamana vurulmuş bir yara,
dodaqlarında çarəsiz bir heca.
Unutmaq yox, unutdurmaq istəyirəm,
amma mən elə bir fırtınayam ki,
sənin dünyan dağılacaq,
özünlə yanıb kül olacaqsan.

Səni unutmaq —
bir qiyaməti səssizcə başlatmaq,
bir ulduzun gecəni parçalaması kimi;
səssiz, amma sonsuz sarsıntılarla…

Unutsan əgər,
mənim unuduşumun yükünü daşıyarsan,
üzləşərsən kölgəmlə,
qaçışın yox, gizlənməyin boş.

Çünki mən —
unutmağın ən qaranlıq cəhənnəmiyəm;
səni elə unudacağam ki,
sən əsla unuda bilməyəcəksən…


Xəyallarımı danışa bilmədim,
sükutumun belə dili vardı halbuki.
Amma mən —
qorxdum suya pıçıldamaqdan,
çünki su
yalnız şəffaflığı deyil,
qaranlığı da daşıyır.

Tutummu özümü,
yoxsa buraxıb getsəmmı
sularla birgə?
Amma içimdə
zaten bir ömür
axıb duran bir çay var —
adı hüsran,
adı sükut,
adı: “danışa bilmədiklərim.”

Suya demədim,
göyə də hayqırmadım…
çünki yuxumun yozumu yox idi —
bəlkə də taleyi belə yox idi,
ya da vardı,
amma mən o qapını
heç döymədim.

Sular eşitməsin istədim
ürəyimin içindəki
o qara qorxuları.
“Bəsdir” dedim,
bir ömür
yalnız içimdə axıb getsin
göz yaşlarımla bərabər.

Çünki bəzi yuxular
yalnız içimizdə böyüyər,
yalnız içimizdə ölər
və yalnız içimizdə
daşar…

AH, SƏNƏ BİR SARILSAM…

“Ah, sənə bir sarılsam indi,
qırılsa tənhalığımın sümükləri.”

(Özdemir Asaf)

“Ah, sənə bir sarılsam indi,
qırılsa tənhalığımın sümükləri.” *
Bir anlıq toxunuşla
qırılmadan öncə içimdəki o dərin boşluq
yoxa çıxsa,
zamanın axışı dayansa
və həmişə səninlə qalsam,
bir ömür boyu o istiliklə.

De, nə olar, bir an daha ver mənə,
içimdəki tənhalıqda boğulmadan,
bir sarılmanın gücüylə
bütün qaranlıqları yıxım…

Ah, sənə bir sarılsam indi,
işıqsız gecələrdə itmiş xəyallarım
sənə toxunuşla oyansa
və bir daha heç yatmasam.

Bir tək sarılmağınla
bütün incikliklər silinsə,
içimdə buz tutmuş ürəyim
bir azca isinib çözülə bilsə.

Ah, sənə bir sarılsam indi,
qırılsa tənhalığımın sümükləri
və bir daha yalnız qalmasam…

Bütün dünyaya səni danışardım,
bir tək sarılmağınla
yenidən doğulsam.

Müəllif: Cahangir NAMAZOV,
Azərbaycan Jurnalistlər Birliyinin və
Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü

Murad Məmmədovun yeni şeirləri

OLUR
Ölüm yaşa baxmayır,
Aclıq aşa baxmayır,
Fikir başa baxmayır,
Boş başı da tərlədir.

Gözlər gördüm badamı,
Yaman alır qadamı,
Bəzən olur adamı,
Bir naşı da çərlədir.

Yağış yağır nəm verir,
Hərdən fələk çəm verir,
İnsanoğlu dəm verir,
Sal daşı da hərlədir.

Murad səhvdi, ya çaşır?!
Səhv içində dolaşır.
Əl-ayağa yaraşır,
Xına qaşı kirlədir.

SÖZƏ QURBAN KƏSƏRƏM
Dərd boğazdan yuxarı,
Artıq keçib zülümdən.
Deyən çəkmir buxarı,
Ağrı keçib külümdən.

Yan-yörəmdə kimsə yox,
Nə gedən var, nə gələn.
Məni yoran göylərin
Səs-küyüdü mən bilən.

Fikir məni çox yorur,
Yuxum olmur yatmağa.
Gecə gözümə durur,
Tək sözdü baş qatmağa.

Günlərim sıralanır,
Aylara, ilə dönür.
Ömür ki uralanır,
Saralır, külə dönür.

Bu yolun gedişi var,
Qayıdışı yox ancaq.
Gecə, gündüz baş qatar,
Əvvəl-axır duracaq.

Söz deməyə ar edən!
Söz üstündə əsərəm!
Sözdü məni var edən,
Sözə qurban kəsərəm.

GƏRƏK GÜNAHLARI İNDİ YUYAQ BİZ
Həyat bir güzgüdü, baxma ötəri,
Ayıq ol həmişə, əksinə düz bax.
Ölüm son deyil ki, daha betəri,
Unudulmağıymış, bax, ondan qabaq.

Dümdüz yeriyən var, nəfəs alan var,
Ruhu çoxdan ölüb gözünə baxsan.
Nə qohum soruşar, nə qonşu sorar,
Yaddan çıxmısansa, deməli yoxsan.

Həyatın pozulmaz qanunları çox,
Nə varı, nə pulu vecinə almaz.
İçində “mən ölüm, sən ölümü” yox,
Dirəyər divara, sualın olmaz.

Hər gün hesabat ver özün özünə,
Dar gündə yıxılma, xar olma birdən.
Hər zaman qulaq as ağlın sözünə,
Ürək çox şey istər, bənd olma hərdən.

Azalan deyil ki, onsuz dərdimiz,
Qucağa sığınan buyruq quluyuq.
Gərək günahları indi yuyaq biz,
Nə qədər diriyik, üzü suluyuq.

QOŞMA
Sözü hörük kimi ifçin hörərdim,
Günahı danışan dilimdə deyil.
Özümə bələdəm, çox iş görərdim,
Təbimin açarı əlimdə deyil.

Mətləbi düz anlat cavana, gəncə,
Hər sözə qulp qoymaq azar, işgəncə.
Fikrin doğru- düzgün izahı məncə,
Nə başda, nə yaşda, elmdə deyil.

Nəsillər dəyişir, il təzələnir,
Elə bil bu dünya qana bələnir.
Səssiz dəyirmandı, gəlir, ələnir,
Qaydadı, səbəbi ölümdə deyil.

Ay Murad, bu dünya açıq bazardı,
Heç nə dəyişməyib, köhnə güzardı.
Ölümün kökü də dərddi, azardı,
Gördüyün möhnətdə, zülümdə deyil.

OLMUR
Yaxşılıq et,
Danan olmur.
Səni yaxşı
Sanan olmur.

Yaddısa iç,
Başından keç.
Dərdinə heç
Yanan olmur.

Çaşma darda,
Dərd var varda.
Səni orda
Qanan olmur.

Bəxtin ağsa,
Canın sağsa,
Qar da yağsa,
Donan olmur.

Hulu, çaşı,
Bir boş başı,
Boz sərt daşı
Yonan olmur.

Ürəkdə taxt
Qurmasan bax.
Səni heç vaxt
Anan olmur.

Murad, qarı,
Sevmə xarı.
Özgə yarı
Canan olmur.

BUDUR
Nə varlıyam, nə kasıb,
Danım?! Olanım budur.
Səni qaramı basıb?!
Canım, qalanım budur.

Nə dara düş, nə qınan,
Qəlbdi, şüşə tək sınan.
Nə deyirəm, gəl, inan,
Düzüm, yalanım budur.

Gündə səbir diləyən,
Ağ kəfənə bələyən,
Məni məndən eləyən,
Dərdə salanım budur.

Əlindən hara qaçım,
Yoxdu başqa əlacım,
Niyə sənə əl açım,
Ürək alanım budur.

Tez alışan, tez daşan,
İlləri bir-bir aşan,
Dərd-azarla çarpışan,
Fikrə dalanım budur.

Murad dinsə, düşər qan,
Ürək sınsa, çökər can,
Məni vurub ayıldan,
Təbil çalanım budur!

OLA
Könül istər bu yaşda da dərdə dözən canım ola,
El içində xar olmayam, babat bir imkanım ola.

Xeyir saçan əməllərə hey yol açam, yorulmayam,
Heç vaxt şərə qul olmayam, içimdə vicdanım ola.

Öz nəfsimə hakim olam, qismətimə şükür deyəm,
Xeyir güdən deməsinlər, quruca ad-sanım ola.

Allah mənə səbir verə, öz dilimdən alışmayam,
Bir kimsəni incitməyən ədəbü- ərkanım ola.

Təbiətim imkan verməz, insanlardan başda duram,
İstəmərəm mən seçiləm, çox şöhrətim-şanım ola.

Yaxşı yazsam oxuyarlar,buna mənim şübhəm yoxdu,
Murad, ruha ətir saçan sözdən gülüstanım ola.

QOŞMA
Göz açdım dünyaya, gözüm böyüdü,
Dilləndim, danışdım, sözüm böyüdü.
İçimdə qətiyyət, dözüm böyüdü,
Qıymadı yıxılam, sürünəm Allah.

Bilirəm günah var mənim dilimdə,
Nə dedim yüklədi, qaldı belimdə,
Ayırdı obamdan, doğma elimdə,
Qoymadı palaza bürünəm Allah.

Qisməti tam verdi, yarı bölmədi,
Gül açdı arzular, gözə gəlmədi,
Ay Murad güc verdi, ruhum ölmədi,
Duymadı off deyəm, ərinəm Allah.

ABIR, HƏYA, AR SANIRAM
Arzular çox, macalım dar,
Çatdırmağa azdı güman.
Karvan keçməz yollarım var,
Qışım boran, yayım duman.

Yol gedirəm dayanmadan,
Bir Tanrıya yolum bəlli.
Bu həyatda kimdi udan?!
Sağım bəlli, solum bəlli.

Kimdən aldım görən əmri?!
Bu yollarda tələsirəm.
Günə bölüb gödək ömrü
Bir ucundan hey kəsirəm.

Beynimdəki sualların
Səsi-küyü yorur məni.
Yol umduğum susur, sanki
Pula satır bir kəlməni.

Gözü bağlı savaşıram,
Gücüm, qüvvəm hara çatar.
Mən biləni dağ aşıram,
Enişinə ümidmi var?!

Ürəyimdən çox şey keçir,
Dillənməyə utanıram.
Bu yaşımda arzuları,
Abır, həya, ar sanıram.

Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI

MURAD MƏMMƏDOVUN KİTABI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Həməşəra” Mətbu Orqanının 10 illik yubileyi

“Həməşəra” Mətbu Orqanının 10 illik yubileyi
Bu gün (29.11.2025) Cəlilabad Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Cəlilabad şəhər Heydər Əliyev Mərkəzində “Həməşəra” müstəqil, elmi, tarixi, mədəni və ictimai rüblük mətbu orqanının 10 illik yubileyi ilə əlaqədar təntənəli tədbir keçirilmişdir.
Vətən və dövlətçilik yolunda canını qurban vermiş əziz şəhidlərimizin xatirəsinə hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla başlayan tədbir rayonun tanınmış elit və ziyalı simaları, Cəlilabad ədəbi mühitinin parlaq nümayəndələri, Yardımlı rayonundan olan qonaqlar və Cəlilabad MKS-nin xanım əməkdaşlarının iştirakı, eyni halda fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist İlqar İsmayılzadənin aparıcılığı ilə olduqca səmimi və mənəvi aurada keçirilmişdir.
Tədbirdə çıxış edən İlqar İsmayılzadə dəvəti qəbul edib tədbirə qatılmış ziyalılar və qələm əhlinə təşəkkür edərək belə bir gözəl məkanda tədbirin keçirilməsi üçün təşəbbüs göstərmiş təşkialtçı, Cəlilabad MKS-nin direktoru Qənimət xanım İsrafilovaya minnətdarlığını bildirdi və “Həməşəra” Mətbu Orqanının 10 illik çətin və keşməkeşli yolundan, görülmüş işlər və xidmətlər, eləcə də mətbu orqanının üzləşdiyi problemlərlə yanaşı uğurlarından söz açdı.
Ardınca tədbirdə iştirak edən rayon ziyalıları və tanınmış simaları: “Əmək zərbəçisi” və “Əmək veteranı” Hacı Paşa Rüstəmov, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçısı Cahangir Muradov, Azərbaycan Respublikasının Əməkdar məşqçisi Telman Quliyev, rayonun elit-ziyalı xanımları və pedaqoqlarından olan Xatirə xanım Quliyeva, Musavat Partiyasının Cəlilabad Rayon Təşkilatının sədri, ziyalı pedaqoq Azər Əsgər, tanınmış ziyalı pedaqoq Dadaş Bayramov və tanınmış bədii qiraətçi və ziyalı pedaqoq Adıgözəl Nuriyev, Yardımlı rayonundan gəlmiş dəyərli qonaqlar: AYB-nin üzvü, tanınmış şair Sakit İlkin və gənc şair Ülvi Aydın, Cəlilabad ədəbi mühitinin tanınmış və dəyərli nümayəndələrindən: AYB-nin üzvü, həkim, şair Əfrahim Hüseynli, AYB və AJB-nin üzvü, yazıçı, şair-publisist Əfrahim Abbas, Cəlilabad Rayon Ağsaqqallar Şurasının üzvü, veteran pedaqoq, ədəbiyyatşünas, şair Zülfi Vellidağ, AYB və AJB-nin üzvü, “Sözün işığı” mətbu orqanının təsisçisi və baş redaktoru, Prezident təqaüdçüsü, Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri, şair-publisist Ədalət Salman, AYB-nin üzvü, “Həməşəra” Fəxri Diplomu laureatı, qəzəlxan, ümumrespublika teatrlar festivalının qalibi, şair-dramaturq İman Abdulla, “Həməşəra” Fəxri Diplomu laureatları: bədii qiraətçi, şair Mikayıl İnçəçaylı, “Qızıl Qələm” Media Mükafatı və “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı-publisist, şair Ehtiram Sevənli, şəhid qardaşı, yaçızı-şair Sakit Üçtəpəli, I Qarabağ Savaşının iştirakçısı, qazi, yazıçı-şair Qurban Əhməd və şair Azər Mirzə, həmçinin, Cəlilabad ədəbi mühitinin xanım nümayəndələrindən: “Qızıl Qələm” Media Mükafatı laureatı, şair Gülşən xanım Şahmuradlı, Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbinin direktoru, Cəlilabad ədəbi mühitinin tanınmış və görkəmli nümayəndəsi, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları və “Ziyadar” Mükafatı laureatı, ədəbiyyatçı, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair Şəhla xanım Rəvan, “Həməşəra” Fəxri Diplomu laureatı, bədii qiraətçi və şair Müşahidə Nərimanova, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı Sevinc xanım Şirvanlı və “Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi”nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, “Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi saytının idarə heyətinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, AYB və AJB-nin üzvü, şair-publisist Arzu xanım Əyyarqızı öz çıxışlarında “Həməşəra” Mətbu Orqanının rayonumuzun tarixi, mədəniyyəti, folkloru, elm, təhsil, idman, tarix, ədəbiyyat və digər sahələrdə olan dəyərləri simalarına göstərdiyi 10 illik xidmətindən söz açaraq yazıçı-publisist İlqar İsmayılzadənin gördüyü işləri yüksək dəyərləndirdilər və ona belə bir müqəddəs, gözəl və tarixi işdə davamlı uğurlar arzuladılar.
Tədbirin davamında rayonumuzun bir neçə tanınmış ziyalı siması, xüsusilə də Cəlilabad ədəbi mühitinin bir sıra görkəmli nümayəndəsinə “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları və müqəddəs Azərbaycan bayrağı nişanı təqdim edildi. Tədbir xatirə fotoşəkillərinin çəkilməsi ilə yekunlaşdı. Tədbirdən fotolar:

YAZARLAR olaraq biz də həm “Həməşəra”nı yubileyi münasibətilə, həm də laureatları təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

TƏNQİD MƏDƏNİYYƏTİ haqqında

TƏNQİD MƏDƏNİYYƏTİ haqqında
2-ci kursda oxuyanda ədəbi tənqiddən dərs deyən Anna Andreyevna hərəmizə bir əsər verdi ki, resenziya yazaq. Mənə Pavlo Zaqrebelninin “Pervomost” romanı düşdü. Bu o dövr idi ki, yenicə Bulqakovun, Soljenitsının əsərlərini samizdat şəklində tapıb oxuyurduq, təfəkkürümüzdə sosialist realizminə qarşı qiyam baş qaldırırdı. Bir sözlə “Pervomost”u və onun müəllifini “yıxıb-sürüdüm” və resenziyamı müəllimə təhvil verdim. Səbirsizliklə müzakirə gününü gözləməyə başladım ki, məşhur yazıçıdan daha ağıllı olduğumu hamıya nümayiş etdirim.
Həmin gün gəlib çatdı. Anna Andreyevna müzakirəyə yaşlı bir kişi də dəvət etmişdi. Seminar başlayan kimi müəllim üzünü bizə tutub dedi:

-Bu gün Rafiq İsmayılovun “Pervomost” romanı haqqında resenziyasını müzakirə edəcəyik. Mən əsərin müəllifi, hörmətli yazıçımız Pavlo Zaqrebelnini də dəvət etmişəm ki, müzakirəmiz maraqlı və canlı keçsin. Buyur, Rafiq.
Sanki içimdə nə isə qırıldı, həyəcandan hətta qarnım ağrımağa başladı. Resenziyada müəllif haqqında kəskin ifadələr işlətmişdim, onu «бесталанный коньюктурщик» adlandırmışdım. Nə isə, mızıldana-mızıldana resenziyanı oxudum, sözsüz ki, oxuyarkən kəskin ifadələri ixtisar etdim. Müzakirə pis keçmədi, Zaqrebelni əsl ziyalı səbri və etikası nümayiş etdirdi, hətta mənim cəsarətli tənqidçi olduğumu dedi (yəqin ki, sarkazmla).
Sonralar Anna Andreyevnadan soruşdum: “Siz yazıçını qəsdən dəvət etmişdiniz?” O da gülümsəyib dedi: “Bir adamı yazıda tənqid edəndə həmişə nəzərə al ki, nə vaxtsa onunla üzbəüz gələ bilərsən”.

P.S. Bu yazımı təhqir səviyyəsində tənqid etdiyi adamla üz-üzə gələndə əzilib-büzülən, bir andaca nəzakət simvoluna çevrilən “qəhrəmanlar”a həsr edirəm.

Müəllif: Rafiq İsmayılov

RAFİQ İSMAYILOVUN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

TƏBİİ GÜL VƏ SÜNİ ÇİÇƏK

TƏBİİ GÜL VƏ SÜNİ ÇİÇƏK
(təmsil)

Evdə süni Çiçəyi
Qoymuşdular güldana,
Təbii Gül də vardır
Onunla lap yan-yana.
Bura gələn hər bir kəs
Sevirdi Gül ətrini,
Gözəl sözlər söyləyib
Xoş edirdi xətrini.
Çiçək bunu görüncə,
Həsəd çəkdi bu Gülə.
Kinayəli baxaraq
Gəldi həmən də dilə.
Dedi: “Bura gələnlər
Zövqsüzdürlər yaman çox ,
Məndəki gözəlliyi
Bir hiss edib duyan yox.
Məgər təbii olan
Bu qədərmi cəlb edir?
Onu sevir adamlar,
Məndən isə yan gedir.”
Eşidincə Gül bunu
Dedi: “Ey süni Çiçək,
Həsəd çəkmək yerinə
Bunu bilməyin gərək.
Süni olan heç bir şey
Vermir təbii yerin
Bu yaranış sirridir
Mənası da, çox dərin.
Olmayanlar həqiqi
Çox tez nəzərdən düşür
Təbiilik hər zaman,
Xoş duyğular bölüşür.”

Müəllif: VALEH HEYDƏR

VALEH HEYDƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Şəmil Sadiq – Mənim sevgim

Mənim sevgim
Mənim sevgim bir dəryadır,
Orda üzən batmaz heç vaxt.
Fırtınatək coşar, daşar,
Gəzdirər hey həsrətini ləpələrdə,
Sahillərə atmaz heç vaxt.

Döyünər o, eşq məkanı ürək kimi,
Öyünər o, dağdan aşan külək kimi,
Könüllərə işıq salar mələk kimi,
Gecələri, gündüzləri sevər daim,
Gözün yummaz, yatmaz heç vaxt.

Xəyalla yox, bu günlərlə yaşar, əlbət,
Hərdən küsüb taleyindən ağlar xəlvət,
Düşsə əgər candan ayrı, çəkər həsrət,
Yaşadığı əlvan dünya olsa dəhşət,
Dərdin elə satmaz heç vaxt.

İşıqdan da sürətlidir, ərşə uçar,
Günəşdən də şəfəqlidir, işıq saçar,
Haqq istəyər, ədalətə yollar açar,
Xeyirdən də xeyirhaqdır, şərdən qaçar,
İblis ona çatmaz heç vaxt.

İlkin mənbə: AXTARIRAM ALLAHI

Müəllif: Şəmil Sadiq

Şəmil Sadiqin yazıları

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

General-polkovnik Elçin Quliyev

General-polkovnik Elçin Quliyev

Elçin Quliyevin adı Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır. O, hərbçilərə xas olan dəmir intizamı ilə seçilir.

Elçin Quliyev 22 sentybar 1967-ci ildə Sumqayıt şəhərində anadan olub.

1984-1988-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə təhsil alıb.

Gənc zabit Quliyev 1988-1992-ci illərdə sovet ordusnun tərkibində Polşada xidmət edib.

1992-ci ildən Azərbaycan Ordusunun sıralarında xidmət etməyə başlayıb. 1992-1996-cı illərdə Xudat şəhərində əlahiddə nəzarət buraxılış məntəqəsinin rəisi, 1996-2001-ci illərdə isə Xudat şəhərində sərhəd dəstəsinin rəisi vəzifələrində xidmət edib.

Elçin Quliyev 27 mart 2001-ci ildə milli təhlükəsizlik nazirinin müavini – Sərhəd Qoşunlarının Komandanı təyin olunub. 2001-ci il avqustun 15-də isə Elçin Quliyevə general-mayor hərbi rütbəsi verilib.

Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2002-ci il tarixli Fərmanı ilə Elçin Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini – Sərhəd Qoşunlarının komandanı vəzifəsindən azad edilib və Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı təyin olunub.

Elçin Quliyevə 2003-cü ildə general-leytenant, 2014-cü ildə general-polkovnik hərbi rütbəsi verilib.

58 yaşlı general müxtəlif illərdə 32 orden və medalla təltif olunub.

Bu siyahıya “Zəfər” ordeni, “Azərbaycan Bayrağı” ordeni, “Rəşadət” ordeni, “Vətənə xidmətə görə” ordeni kimi nüfuzlu təltiflər daxildir.

Tabeliyində olan əsgər və zabitlər general-polkovnik Quliyevi qayğıkeş komandir kimi xarakterizə edirlər.

İlkin mənbə:


YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Azərbaycan musiqisində yeni nəfəs

Azərbaycan musiqisində yeni nəfəs

Azərbaycan musiqi mədəniyyəti tarixində yeniliklər və ilk addımlar hər zaman xüsusi əhəmiyyət daşıyıb. Milli musiqi ənənələrinə sadiq qalan və eyni zamanda dünya musiqisinin yeniliklərini diqqətlə izləyən Naxçıvan musiqi mühiti bu dəfə daha bir ilkə imza atdı. Naxçıvan Dövlət Filarmoniyasının simfonik orkestrinin kino musiqilərindən ibarət konsertində ilk dəfə olaraq pan fleyta aləti səhnədə səsləndi. Bu yeniliyi auditoriyaya təqdim edən gənc ifaçı Aysel Eminli isə bu uğuru Azərbaycan musiqisinin inkişafına böyük və çox önəmli bir töhfə kimi dəyərləndirir. “Mənim üçün bu addım fərqli ifa ilə yanaşı, həm də məsuliyyət dolu bir missiya idi. Pan fleyta Azərbaycanda indiyədək dinləyiciyə təqdim olunmamışdı və onun ilk səslənişi həm ifaçı, həm musiqi ictimaiyyəti, həm də tamaşaçılar üçün yeni bir təcrübə idi. Simfonik orkestrin müşayiəti pan fleytanın zərif və nəfəsdolu tonunu daha da vurğuladı. Xüsusilə kino musiqilərinin emosional xətti alətin yumşaq tembrinə uyğun gəlirdi. Konsert salonunda yaranan musiqi atmosferi bir çox tamaşaçının ifadə etdiyi kimi “fərqli, incə və ruhu dincəldən” bir auraya çevrildi” , – deyə Aysel bildirir.
Pan fleyta qədimdən müxtəlif xalqların mədəniyyətində mövcud olub. Lakin Azərbaycan musiqisində bu alət indiyə qədər istifadə edilməyib. Aysel Eminli bildirir ki, pan fleyta həm texniki, həm də nəfəs idarəsi baxımından çətin alətdir:“Klassik leytada barmaq və dodaq aparatının rolu əsas yer tutur. Pan fleytada isə barmaq, demək olar ki, istifadə olunmur. Səs başın fərqli istiqamətlərdə hərəkət etdirilməsi ilə alınır və alətin idarəsi, əsasən, əl ilə tutularaq ifa edilir. Nəfəsin hərəkəti, istiqaməti, gücü ayrıca idarə tələb edir. Bir notasız belə səsi təmiz almaq üçün bəzən saatlarla məşq etmişəm”.
Naxçıvan Dövlət Filarmoniyasının simfonik orkestri ilə hazırlanan konsert həm repertuar seçimi, həm də orkestr uyğunlaşdırması baxımından xüsusi yanaşma tələb edib. Aysel deyir ki, orkestrlə məşqlər zamanı pan fleytanın səslənməsi üçün müəyyən harmonik düzəlişlər də edilib: “Alətin səslənməsi orkestrdə ənənəvi alətlərdən fərqlidir. Dirijorla birlikdə çox işlədik ki, orkestr pan fleytanın zərif səsini örtməsin, əksinə, tamamlasın. Bu, bir komanda işi idi”.
Konsertin sonunda alətin yaratdığı ab-hava həm orkestr üzvləri, həm də tamaşaçılar tərəfindən xüsusi olaraq qeyd edildi.
Aysel Eminli bu təqdimatı sıradan bir çıxış yox, Naxçıvan musiqisi üçün irəliləyiş adlandırır: “Bizim musiqi mühitimiz həmişə yeniliyə açıq olub. Pan fleytanın burada səslənməsi də bunu göstərdi. Naxçıvanda belə bir ifanın baş tutması mənim üçün qürurdur.”
Gənc musiqiçi deyir ki, bu addım gələcək ifaçılar üçün də yeni imkanlar yarada bilər. Çünki pan fleytanın səsi Azərbaycan xalq və kino musiqisi üslubuna olduqca uyğun gəlir.
Aysel Eminli pan fleytanı geniş repertuara daxil etmək, bu aləti həm klassik, həm də xalq musiqiləri ilə uyğunlaşdırmaq və yeni layihələrdə təqdim etmək niyyətində olduğunu bildirir: “İstəyirəm ki, pan fleytanı təkcə bir dəfə yox, davamlı şəkildə eşidək. Azərbaycan bəstəkarlarının əsərlərini bu alətlə ifa etmək, yeni adaptasiyalar hazırlamaq istəyirik. Hətta gələcəkdə pan fleyta üçün xüsusi kompozisiyalar da yazıla bilər”.

Aysel Eminlinin ilk pan fleyta ifası Azərbaycan musiqisində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu alətin səhnəyə gətirdiyi yeni səs, yeni nəfəs musiqi dinləyicilərinin zövqünü zənginləşdirir və yerli musiqi mədəniyyətinin inkişafına töhfə verir.
Gənc ifaçının bu uğuru Naxçıvan musiqi mühitində yeniliyin və yaradıcılığın hər zaman özünə yer tapdığını bir daha sübut edir. Pan fleytanın Azərbaycandakı səsi isə görünür ki, bundan sonra daha tez-tez eşidiləcək.

Müəllif: Elnurə Cəfərova

Elnurə Cəfərovanın yazıları


YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Gülər Nizamiqızının “Sənsizlik” kitabından

“Sənsizlik” – Sevgisi bitməyən, qovuşa bilməyən iki taleyin hekayəsi

Bəzən sevgi qovuşmaqla yox, qovuşa bilməməkdən doğur. “Sənsizlik” kitabı da məhz bu yanğının, bu susqunluğun içindən yaranıb. Uşaqlıqdan bir-birini sevən iki qəlbin hekayəsi… lakin toxunmadan,danışmadan, eyni şəhərdə yaşayıb, fərqli talelərdə itən iki insanın dramı.Onların arasına həyat yox, məsafə yox inamsızlıq, qısqanclıq və qürur girdi. Elə üç duyğu ki, iki ürəyi bir-birindən ayırmaq üçün bəzən bütün dünyanın gücü yetməz, amma qürur yetər…Eyni şəhərdə yaşadılar, eyni küçələrdən keçdilər, eyni dənizin qoxusunu içlərinə çəkdilər. Amma bir evdən o biri evə gedən yol, qəribəsi budur ki, dünyanın ən uzun məsafəsinə çevrildi. Onlar yaxın idilər, amma yaxınlaşa bilmədilər; sevdilər, amma etiraf etmədilər; gözlədilər, amma addım atmadılar.
“Sənsizlik” təkcə ayrılığın deyil, söylənməmiş sözlərin ağırlığının kitabıdır. Bu əsərdə oxucu sevginin necə yarandığını deyil, necə susdurulduğunu görür. Bəzən sevgi bitmir,sadəcə danışa bilmir. Bəzən iki insan sevir, amma iki qürur icazə vermir.Və bütün bunlara baxmayaraq… onların bir-birinə sevgisi tükənmədi.Nə illər, nə yollar, nə ayrılıqlar onu öldürə bilmədi. Çünki bəzi sevgilər müqavimət göstərmir sadəcə yaşayır.Bu kitab oxucunu bir cümlənin içində dayandırır:
“Bəzən ayrılıq iki ürəyin yox, iki qürurun yazdığı hekayədir.”
“Sənsizlik” sevməyin əzabını, ayrılığın sükutunu,qovuşmamağın ağrısını yaşadan bir əsərdir. Oxuyanı düşündürən, düşündürdükcə yandıran…
Bu kitabda sevgi məğlub olmur. Sadəcə səssiz qalır.

Müəllif: Gülər Nizamiqızı

“Sənsizlik” kitabının müəllifi

GÜLƏR NİZAMİQIZININ YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustacın “Beyin qurdu”: – Cəmiyyətin gizli parazitləri üzərinə satirik bir baxış

Zaur Ustacın “Beyin Qurdu”: – Cəmiyyətin gizli parazitləri üzərinə satirik bir baxış
Zaur Ustacın hekayələri arasında “Beyin qurdu” xüsusi yeri olan, həm bədii, həm də satirik dəyəri ilə seçilən nümunələrdən biridir. Əsərdə müəllif gündəlik həyatımızda adiləşmiş, lakin mahiyyətcə dərin sosial problemlərin alt qatını yumor, satira və hiperbolik obrazlar vasitəsilə açır. Burada təkcə bir ailənin səhər yeməyində baş verən hadisələr deyil, bütöv bir təfəkkürün, düşüncə tərzinin, sosial münasibətlərin iç üzünü görürük.
Fərd mənsub olduğu ailəni təmsil etdiyi kimi, ailələr də daxil olduğu  cəmiyyətin güzgüsüdür.
Hekayədə Tutaqalxanovlar ailəsi əslində cəmiyyətin müxtəlif təbəqələrini simvolizə edir:
-Ata Tutaqalxanov – imkanlı, hakimiyyətə yaxın, sərt görünən, amma əslində isə çaşqın və məntiqsiz qərarların içində itib-batan tipik məmur obrazı.
-Xanım Tutaqalxanova – zahiri mədəniyyət, daxilən isə körpə kaprizlərinin əsiri olan ana arxetipi.
-Gənc xanım – ərköyün, kaprizli, sosial sərhədlərdən xəbərsiz yeni zəngin nəsli.
-Oğul Tutaqalxanov – böyümüş, amma hələ də uşaqlıq xüsusiyyətlərindən xilas ola bilməmiş simvolik bir obraz.
-Nənə – keçmişin səsi, köhnə mif və inamların daşıyıcısı.
-Fətulla (Fətiş) – bu ailənin həm quludur, həm də əslində ən “sağlam” olanıdır, ancaq onlar tərəfindən ən çox məsxərəyə qoyulanıdır.
Bu ailə təkcə bir ailə deyil – varlı-karlı təbəqənin özlərinin süni şəkildə yaradaraq indi də içində boğulduqları çirkabın, düşüncə pozuntularının karikaturasına çevrilmiş kiçik bir cəmiyyət modelidir.
Hekayənin əsas süjet xəttini “beyində qurd” metaforası təşkil edir. Zaur Ustac burada həqiqi parazitdən deyil, məcazi parazitin – tənbəllik, irrasional düşüncə, kapriz, boş həyat tərzinin insan beyninə necə yerləşdiyini göstərir.
Oğul Tutaqalxanovun Fətullaya baxıb: –  “Mən o qurddan istəyirəm. Mən də kişi kimi olmaq istəyirəm.” – deməsi sadəcə məzəli deyil – faciəvi dərəcədə düşündürücüdür. Çünki bir ailədə, bir cəmiyyətdə dəyər ölçüləri bu qədər alt-üst olanda:
-iradə yox olur,
-düşüncə tənbəlləşir,
-məsuliyyət hissi ölür,
-insan özünü başqasının “qurdu” vasitəsilə inkişaf etdirməyə çalışır.
Bu mənada “qurd” – yalnız parazit deyil, zatən düşünməyi bacarmayan insanların beyninə yerləşmiş təzadlı düşüncə formasıdır.
Satiranın gücü və müəllifin ironiyası ilk nidadan son zərb-məsələ qədər bütün hekayə boyu səngimir. Zaur Ustac əsasən dialoq üzərində qurulmuş bu kiçik həcmli mətndə bir ailənin üzvləri olsalar da bir-birindən kəskin şəkildə fərqlənən müxtəlif xarakterli insan obrazları yaratmağa müvəffəq olmuşdur.
Hekayədə dialoqlar sürətli, yumorlu, teatrvari qurulub. Ustac satiranın dilini ustalıqla işlədərək:
-absurdu adi hal kimi göstərir,
-dramatik olanı komik, komik olanı dramatik edə bilir,
-cəmiyyətin eybəcərliklərini oxucunun gözünə dik tutur.
Eyni zamanda hekayə boyunca “qurd” ifadəsi müxtəlif məna çalarları qazanır: bioloji, məcazi, sosial, psixoloji. Bu da əsərin çoxqatlılığını təmin edir.
Əsərdə həkim obrazı sanki məntiqin son qalası –  xaricdən gəlmiş bir “realist” kimi təqdim olunur. O, vəziyyətin absurdluğunu başa düşsə də, ailənin təfəkkür sistemi onun məntiqi izahlarını belə əritməyə qadirdir. Sonda həkim də ironiya ilə danışmağa başlayır – çünki bu mühitdə məntiqin səsi eşidilmir.
Bu obraz vasitəsilə müəllif:
-elmi düşüncənin,
-məntiqin,
-sağlam təfəkkürün
cəmiyyətlərdə necə boğulduğunu göstərir.
Əsərin sosial mesajı da zamanla səsləşir.
“Beyin Qurdu”nun mesajı sadədir, amma çoxqatlıdır:
-Zehnində qurd olanlar, əslində düşünə bilməyən insanlardır.
-Əsl qurd insanın öz daxilindədir – tənbəllik, məsuliyyətsizlik, kobudluq, laqeydlik.
-Cəmiyyətin bəlası savadsızlıq deyil, düşüncənin deformasiyasıdır.
-Xəstəliyin özü yox, xəstəliyə inanma tərzi daha təhlükəlidir.
Zaur Ustac bu hekayəsi ilə göstərir ki, insanın ağlına yerləşən qurdlar ən qorxulularıdır; çünki onları nə mikroskop göstərir, nə dərman sağaldır. Onlardan xilas olmağın yeganə yolu – düşünmək, ayılmaq, dəyər ölçülərini yenidən qurmaqdır.
“Beyin Qurdu” həm güldürür, həm düşündürür, həm də sarsıdır. Müəllif satiranı güclü silah kimi işlədərək cəmiyyətin eybəcərliklərini ustalıqla ifşa edir. Bu hekayə göstərir ki, problem qurdun özündə deyil – insan beynində özünə yer tapmasına şərait yaradan təfəkkürdədir.
Zaur Ustac bu əsərilə bir daha sübut edir ki, satira təkcə gülüş deyil, həm də düşüncə mədəniyyətini olduğu kimi əks etdirən güzgüdür.

Müəllif: Günnur Ağayeva

ədəbiyyatşünas, tənqidçi

GÜNNUR AĞAYEVANIN YAZILARI

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I