Hacı Arif Buzovnalı – “Yaşa, Azərbaycan!”


“Yaşa, Azərbaycan!”

Ey müqəddəs Vətənim, ey gözümün nuru mənim,
Ey mənim ruhumun ustadı cəfakeş Vətənim.
Ey bu dünyada məhəbbət sözünün timsalı,
Ey məhəbbət becərən alilərin amalı.
Ey Xəzərtək sözü eşq ilə coşanlar Vətəni,
Kür kimi, ey həvəsi, hissi daşanlar Vətəni.
Ey şəhid qanları ilə suvarılmış yurdum,
Xain əllərdə qalıb bağrı yarılmış yurdum.
Bu rəzalətlərə qalib gələcəksən, bilirəm,
Qurtulub faciələrdən güləcəksən, bilirəm.
Bir nida yüksələcək göylərə yerdən o zaman:
Yaşa, Azərbaycan, çox yaşa, Azərbaycan.

Bu təbiət salıb azadlığa meylin, həvəsin,
Çalışır sındıra dünyada rəzalət qəfəsin.
Yığılıb bir yerə ahlar qoparır zəlzələlər,
Yerin ahın göyə doğru aparır zəlzələlər.
Silkələndikcə yerin köksünə çökmüş dağlar,
Çevirib göz yaşını gur selə çağlar, çağlar.
Ağ buludlar həyəcandan sarılar zirvələrə,
Küləyin nəfsi dayanmaz bu şirin cilvələrə,
Sovurar qumları coşqun Xəzərin sahilinə,
Bu təbiət dili birdən dönər insan dilinə,
Yayılar aləmə nitqindəki titrək həyəcan:
Yaşa, Azərbaycan, çox yaşa, Azərbaycan.

Qana doymaz ayaq altındakı çat-çat torpaq,
Vay o gündən ki, üzü düşmənə olsun tapdaq.
Qara torpaq ki, nə canlar uyuyur altında,
Günbəgün isti bədənlər soyuyur altında.
Ey vətən oğlu, onun hər ovucu insandır,
Həmin insan sənin öz kimliyinə ünvandır.
O atandır, o babandır, ulu əcdadındır,
Qara torpaq sən özünsən, sənin övladındır.
Öp, qoru, tut gözün üstündə, müqəddəsdir o,
Vətən övladı adın almaq üçün bəsdir o.
Elə nemətdi ki, ruhundadı keçmiş-gələcək,
Səni də ağuşa aldıqda dilindən deyəcək
Kainata açaraq ağzını yarğan-yarğan:
Yaşa, Azərbaycan, çox yaşa, Azərbaycan.

Dədələrdən, babalardan bizə mirasdı Vətən,
Qoyma yurdunda sənin at çapa hər yoldan ötən.
Bu Vətən tarixini qanla yazıb yaddaşına,
İnsafından gəlib axır nə gəlibsə başına.
Yoxsa, bir dövləti olmuş ki, dənizdən-dənizə.
O nəhəngdən kiçicik parça gəlib çatdı bizə.
Vətəni tariximizdən alıb ibrət qoruyaq,
Əbədi andımız olsun bizim üç rəng bayraq.
Hər kiçik zərrəsi yurdun dağımızdır şəksiz,
Bu Vətən torpağı son torpağımızdır şəksiz.
Ululardan bizə qiymətli əmanətdi, bilək,
Başı vermək onun uğrunda səadətdi, bilək.
Yazacaq torpağa qanilə gedən hər qurban:
Yaşa, Azərbaycan, çox yaşa, Azərbaycan.

İftixarla adına ey Vətənim söylədiyim,
Şad günündə sevinib, qəmli günü göynədiyim.
Ey bu şair ürəyin sevgisi, sevdası Vətən,
Ey bütün varlığımın məqsədi, mənası Vətən.
Varsa ruhumda dəyanət, əzəmət səndəndir,
Məndə hər yaxşı əməl, yaxşı cəhət səndəndir.
Sənin eşqindi vücudumda yanır məşəltək,
Sənin eşqinlə keçir oddan, alovdan bu ürək.
Sənin eşqindi bu dünyada həyatım, nəfəsim,
Sənin eşqindi bu könlümdəki hissim, həvəsim.
Məndə eşqim qədər olsaydı əgər istedad,
Sən böyüklükdə sözü sözdən edərdim icad.
Elə bir nərə çəkərdim ki, eşitsin bu cahan:
Yaşa, Azərbaycan, çox yaşa, Azərbaycan.

Allah rəhmət eləsin!

İlkin mənbə: Edebiyyatqazeti.az

Müəllif: ARİF BUZOVNALI

ARİF BUZOVNALININ YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Xalq şairi Vahid Əziz “Şərəf” ordeni ilə təltif edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq şairi Vahid Əziz oğlu Cəfərovun (Vahid Əziz) “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

525.az xəbər verir ki, Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vahid Əziz oğlu Cəfərov (Vahid Əziz) “Şərəf” ordeni ilə təltif edilsin”.

Qeyd edək ki, sabah Xalq şairinin 80 yaşı tamam olur.

İlkin mənbə: Vahid Əziz “Şərəf” ordeni ilə təltif edilib

Şair Hacı Arif Buzovnalı bu gün vəfat edib

ARİF BUZOVNALI VƏFAT EDİB

Şair, qəzəlxan, Azərbaycan Yazıçılar Birliyinin Xəzər (Bakı) bölməsinin sədri Hacı Arif Buzovnalı bu gün vəfat edib.

Yaxınlarının mətbuata verdiyi açıqlamaya görə, şair Buzovnada yaşadığı evdə dünyasını dəyişib.

Qeyd edək ki, ARİF BUZOVNALI imzası ilə tanınan Əliyev Arif Rauf oğlu 1972-ci ilin 6 sentyabrında Bakının Buzovna qəsəbəsində anadan olub. Birinci Qarabağ Müharibəsinin iştirakçısıdır, 1993-1994-cü illərdə Əzizbəyov adına Könüllülər Batalyonunda döyüşüb.

Ədəbi yaradıcılığa erkən yaşlarda başlayan və əsasən klassik üslubda şeirlər qələmə alan şairin müxtəlif vaxtlarda “Ömrün ötən anları”, “Mərifətdən həqiqətə”, “Səhərimə nə qalıb ki?”, “Xəzərim”, “Sarı güllər”, “Vadi”, “Qəzəllər” kitabları çap olunub. Məqalələri, düşüncələri isə “Xətai və Füzuli… Düşüncələr”, “Nəsimi bir baxışda”, “Qırx qəzəl – Qırx şərh”, “Çün “əhsəni təqvim” idi” kitablarında toplanıb.

Şairin nəşi bu gün Buzovnada torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!

İlkin mənbə: Edebiyyatqazeti.az

“Tanrılar meşəsi” Baltik sahillərindən başlayan insan faciəsi

KƏDƏRİ GÜLDÜRƏN ADAM
(yaxud GÜLƏN ADAMIN KƏDƏRİ)

Balis Sruoganın Tanrılar meşəsi insan əzabının son dərəcə sərt iqlimli coğrafiyası, qanla çəkilmiş xəritəsidir. Miqyası kartoqrafik təsvirlərlə bir kitab formatına qədər kiçildilmiş. Gerçəkdə isə “Tanrılar meşəsi” Baltik sahillərindən başlayan insan faciəsinin dünyanın ucqarlarınadək ayaq açan, yeriyən və xoşbəxt təsadüf nəticəsində bizim günəşli vətənimizədən də keçən uzantısıdır…
“Tanrılar meşəsi”nin danışdıqlarını dinləmək mənim kimi bir Azərbaycan oxucusu üçün o qədər də çətin olmadı: buna kimi hər iki babamı ikinci dünya müharibəsində artıq itirmişdim; qanlı repressiya illərinin qurbanları – ünlü ziyalılarımızın qətli yaxın keçmişimdir, hələ nə mürəkkəbi quruyub, nə də qanı. Üstəlik, ali məktəbi bitirəndən dərhal sonra hərbi jurnalist kimi qismətimdə kənd-kənd, rayon-rayon işğal olunan torpaqlarımızı – Qarabağı bir insanın fiziki imkanları daxilində qarış-qarış gəzmək də vardı. Burada gördüklərimin rəsmini yazılarımın birində təsəvvürümün formalaşdırdığı obrazlı cümlə ilə çəkmişdim: müharibədən güllə-mərmi səslərindən çox, körpə çığırtısı, uşaq fəryadı eşidilir. O ağrı-acını bizə yaşadan sovet imperiyası idi. Həm də indinin özündə də Azərbaycana aul kimi baxan sovet imperiyasının ideoloji varisi Rusiya imperiyası…
Amma yenə də “Tanrılar meşəsi”nin danışdıqlarını dinlədikcə bir gözüm ağlayır, bir gözüm gülürdü. Ağlayan gözümə görə məsuliyyət daşıyan güclərin əsas koordinatlarını artıq tanıtdım. Hələ daha çox ünvana yollana, daha artıq qapını döyə bilərdim…
Amma gülən gözümə görə yalnız və yalnız bir insana – professor Balis Sruogaya minnətdaram. Kədərin-faciənin içində tapdığı yumora, satiraya, sarkazma, ironiyaya görə…
Balis Sruoga ölümü gülə-gülə qarşılayan qəhrəmandır! Mənə daha çox Tolstoyun “Hərb və sülhünü”, “Hərb və sülh”dəki obrazları, müharibə səhnələrini xatırladır. Amma onların heç biri deyil! Balis Sruoga özüdür!..
Üərk çırpıntıları, ağrı-acılı yaşantıları ilə ciddi münasibət və məsuliyyət tələb edir.
Nə əsərin ümumi məziyyətlərindən danışacam, nədə ayrı-ayrı nümunələrə tribuna verəcəm. Onda müəllifin ürəyinə toxunmaq, ruhunu incitmək risqi var. Çünki Balis Sruoga bütovdür. Tamdır!
Balis Sruoga “Tanrılar meşəsi” ilə nəhəng bir ədəbiyyat abidəsi, böyük mədəniyyət hadisəsidir!..
“Tanrılar meşəsi”ni yuxusuz gecələri, çoxillik əziyyəti və davamlı axtarışları ilə ustalıqla tərcümə edən və Azərbaycan oxucusunun öhdəsinə buraxan Mahir Həmzəyevə minnətdaram. Əsərdə yer alan çoxsaylı frazeoloji ifadələri, folklor nümunələrini, söz birləşmələrini Azərbaycan türkcəsinə o qədər yaxın və doğma bir formatda etap edib ki, Balis Sruoganın “Tanrılar meşəsi”ni bir azərbaycanlı yazıçının əsəri kimi oxudum.
İnsanlığın, sevginin, mərhəmətin və ziyalılığın vətəni olmur. Onun üçün sərhəd anlayışı yoxdur. İnsanlığın, sevginin, mərhəmətin və ziyalılığın vətəni, insanlığa, sevgiyə, mərhəmətə və ziyalılığa dəyər verən insanların ürəyidir…
Mahir Həmzəyevin mükəmməl təqdimatı çağdaş tərcümə mədəniyyətimizin ən sanballı nümunəsi və uğuru, bənzərsiz hadisəsidir…
Sonda Balis Sruogaya, “Tanrılar meşəsi” əsərinə görə, Litva xalqına Balis Sruoga kimi işıqlı bir insanı bəşəriyyətə bəxş etdiyinə və o qanlı-qadalı ağır illərdə milli kimliyini, simasını, azadlıq duyğusunu sonadək ləyaqətlə qoruduğuna görə dərin hörmət və ehtiramımı əsgəri salamımla ifadə edirəm…

Müəllif: İbrahim RÜSTƏMLİ 

Əməkdar jurnalist

İBRAHİM RÜSTƏMLİNİN YAZILARI

İlqar İsmayılzadə təbrik edir

Təbriklər!
Bu günlərdə Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair Şəhla xanım Rəvan (Sehla Revan) Azərbaycanın Xalq şairi akademik mərhum Bəxtiyar Vahabzadənin (1925-2009) xatirəsini əziz tutmaq və 100 illik yubileyinə ədəbi töhfə olaraq onun poeziya nümunələrinin təhlilinə həsr etdiyi “Ədəbi təhlillər” adlı kitabına görə “Yazarlar” Jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə təqdim edilən “Ziyadar” mükafatı ilə təltif olunub.
Bununla bağlı ona “Ziyadar” mükafatı laureatının xüsusi diplomu və döş nişanı təqdim edilmişdir.

Bu uğura görə əzizimiz və dəyərlimiz Şəhla xanımı ürəkdən təbrik edir, ona uzun, sağlam və mənalı-məsud ömür, yeni yaradıcılıq uğurları arzulayıram!
Eyni halda bu dəyərə və təqdimata görə tanınmış şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü və “Yazarlar” Jurnalının baş redaktoru hörmətli Zaur Mustafa oğlu Mustafayevə ( Zaur Ustac)-a dərin minnətdarlığımı bildirir, həyatda həmişə məsud olmasını arzulayıram!

22.11.2025

İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB və AYB-nin üzvü, yazıçı-publisist, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, “Ədəbiyyat və incəsənət” portalının Cənub təmsilçisi

İLQAR İSMAYILZADƏNİN YAZILARI

ŞƏHLA RƏVANIN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

HƏSƏN İBRAHİM oğlu MİRZƏYEV

ADPU-nun Filologiya fakültəsində fəaliyyət göstərmiş məşhur alimlərimiz

HƏSƏN İBRAHİM oğlu MİRZƏYEV

Həsən İbrahim oğlu Mirzəyev 26 noyabr 1927-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalının Qovuşuq kəndində anadan olmuşdur. 1948-ci ildə orta məktəbi bitirdikdən sonra o, 1948-1950-ci illərdə Naxçıvan Dövlət Müəllimlər İnstitutunda, 1951-1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil almışdır.

Həsən Mirzəyev əmək fəaliyyətinə 1950-ci ildə doğma kəndində orta məktəb müəllimi kimi başlamış, 1955-ci ildə ali təhsilini başa vurduqdan sonra rayon xalq maarif şöbəsinin inspektoru və Qovuşuq kənd orta məktəbinin müəllimi, 1957-1959-cu illərdə isə məktəb direktoru işləmişdir. H.Mirzəyev 1959–1962- ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturada oxuyub, aspiranturanı bitirdikdən sonra ömrünün sonunadək həmin institutda çalışmışdır. O, müxtəlif illərdə müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrində işləmişdir.
Həsən Mirzəyev 1965-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş və 1990-cı ildə professor elmi adını almışdır.

Azərbaycan filologiya elminin inkişafında Həsən Mirzəyevin müstəsna xidmətləri vardır. O, mövzu seçərkən həmişə mübahisəli, tədqiq olunmamış, dilçilərin və folklorşünasların toxunmadığı məsələləri tədqiqata cəlb etmişdir. Professor Həsən Mirzəyev Azərbaycan dilçiliyində feil bəhsi üzrə məktəb yaratmış, monoqrafiyalar yazmış, 150 il müddətində türkologiyada mübahisə doğuran bir çox mövzuları (feili sifət, feilin təsir kateqoriyası) tədqiq etmiş və mübahisələrə son qoymuşdur. “Dərələyəzin toponim və şivə sözləri”, “Dərələyəz folkloru”, “Qərbi Azərbaycanın Dərələyəz mahalı” (ensiklopedik məlumat) kimi sanballı monoqrafiyaları o, ilk dəfə yazıb ortaya qoymuşdur. Onun yazdığı 14 cildlik külliyyatı (770 çap vərəqi) dilçiliyimiz, folklorumuz, tariximiz və coğrafiyamız üçün tükənməz bir xəzinədir.

Uzun illər Azərbaycan Dövlət Pedaqoji Universitetində, AMEA-nın Dilçilik İnstitutunda, Bakı Dövlət Universitetində Dilçilik üzrə ixtisaslaşdırılmış müdafiə şuralarının üzvü olmuş, ömrünün 50 ilini ali məktəb auditoriyalarında mühazirə oxumuş, 60 ildən artıq əmək fəaliyyəti dövründə müxtəlif vəzifələrdə çalışmış, çoxlu qurultay və konfranslarda iştirak etmişdir. Dövlət nümayəndəsi kimi bir neçə ölkədə səfərdə olmuşdur.
Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırışlarında deputat seçilmişdir. Həsən Mirzəyev 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə “Şöhrət” ordeninə, 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi fəxri adına, 13 aprel 2009-cu ildə Prezidentin fərdi təqaüdünə layiq görülmüşdür.

Onun ictimai-siyasi fəaliyyəti və şəxsiyyəti ilə bağlı kütləvi informasiya vasitələrində 260-dan artıq mənbədə xoşməramlı fikir və rəy vardır. İxtisasçıların onun yazdığı kitablar haqqında 120, namizədlik və doktorluq dissertasiyaları haqqında 39, elmi məqalələri haqqında 34 müsbət rəy çap olunmuşdur. Respublikanın 90-dan artıq şair və şairtəbiətli adamları onun şəxsiyyətinə və yaradıcılığına 170-dən artıq şeir və 4 poema həsr etmişdir. Bunların ümumi həcmi 6000 misradan çoxdur. Əmək fəaliyyəti dövründə 50-dən artıq rəğbətləndirməyə (fəxri fərman, fəxri ad, yazılı təşəkkür, adresat və s.) layiq görülmüşdür. O, Respublika ali məktəb əlaçısı, əmək veteranı, YAP Siyasi Şurasının, Yazıçılar və Jurnalistlər birliyinin üzvü, Qızıl Qələm və Şərəf media mükafatlarının sahibi olmuşdur. 16 aprel 2010-cu ildə Almaniyanın Hanover şəhərindəki Avropa Akademiyasının həqiqi üzvü, 17 iyul 2010-cu ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademik üzvü (həqiqi üzvü) seçilmiş və Türk dünyası ədəbiyyatı və mədəniyyətinə göstərdiyi xidmətlərə görə Uluslarası Qızıl Ulduz medalı ilə təltif edilmişdir.

Həsən Mirzəyev 25 fevral 2015-ci ildə Bakı şəhərində vəfat etmiş, İkinci Fəxri xiyabanda dəfn edilmişdir.

ADPU-nin Filologiya Fakültəsi

PAYIZDAN SÖZ DÜŞƏNDƏ

YETMİŞ İKİNCİ YAZI
PAYIZDAN SÖZ DÜŞƏNDƏ
(Təvəkkül Goruslu yaradıcılığında payız lövhələri)
Salam olsun, çox dəyərli oxucum! Laçını bir neçə dəfə al-əlvan, güllü-çiçəkli görmüşdüm. Onun payızı da yazından heç geri qalmır. Müdhiş mənzərə adamı lap uzaqlara – qarşıdakı dağların ötəsinə götür. Mənzərə qeyri-iradi olaraq düşüncədə Gorus assosiasiyası yaradır. Gorus isə özlüyündə Təvəkkül Goruslu imzasını xatırladır. Bu məqamda – Laçında goruslu şairi xatırladığım üçün – gərək laçınlı ustadlar; Nazim Əhmədli, Adil Cəfakeş məni bağışlasın. Mənim bir təqsirim yoxdur. Bu məsələdə üç səbəbkar var:
-mudhiş mənzərə,
-mənzərəni yaradan payız,
-payızı nəzmə çəkən şair Təvəkkül Goruslu.
Payız – Azərbaycan poeziyasında həm bolluq fəsli, həm də düşüncələrin dərinləşdiyi, zamanın yavaşıyıb insanın özünə qayıtdığı bir hal kimi təqdim edilir. Bəndəniz hələ də bu fikirdədir:
Dağ-dərədə deyib-gülən,
Düzdə dolan gözdü payız.
Təbiətin möcüzəsi,
Bizə olan sözdü payız.
Bəli, payız (güz) insanın olğun, sözün dolğun çağıdır. Obrazlı şəkildə desək, payız var olanın yetkinlik dövrünü əks etdirir. Təvəkkül Goruslunun poetik dünyasında da payız yalnız fəsillərin ardıcıllığından biri – növbəti fəsil kimi deyil, məhz həm də insanın həyat təcrübəsini, əməklə topladığı qazancı, ömür yolunun sınaqlarını ifadə edən simvolik bir mərhələ kimi təqdim olunduğna görə diqqəti cəlb edir və müasir dövrümüzdə şairin müasirləri tərəfindən yaradılmış digər nümunələrdən yaxşı mənada seçilir. Necə deyərlər:
Ustac dəyər verər sözə,
Qabda nə var çıxar üzə, …

Onun “Payıza düşər” və “Payız yağışı” şeirləri payızın poetik ovqatını təkcə təbiətlə yox, insanın iç dünyasıyla da birləşdirir. Bu şeirlərdə payız həm zəhmətin mükafatı, həm də taleyin bir sınağı kimi görünür.
“Payıza düşər” şeirində şair fəsillərin yarışını təsvir edir. Təbiətin dəyişməsi yalnız təbiətin yox, həm də insan əməyinin dövri prosesləridir. Baharın təravəti, yayın istisi, qışın sərtliyi – hamısı payızda öz nəticəsini verir:
“Yarpaqlar qızılı, qırmızı rəngdə,
Fəsillərin nuru payıza düşər.”

Burada payız, əslində, il boyu görülən işin yekunudur. Bu səbəbdən kəndlinin (zəhmətkeş insanların) ən çox ümid bağladığı vaxt da payızdır. Şair sadə kəndli həyatının ritmini poeziyanın içindən keçirərək göstərir ki, payıza çatan zəhmət artıq “bar-bəhər” olur:
“Gəlincə gətirər barı-bəhəri,
Kəndlilər lap sübhdən açar səhəri.”

Bu misralar kənd əməyinin poetik salnaməsidir. Bir ilin son sorusu, son nəfəsi, son imtahanı payızda verilir. Uşaqlıqdan çoxumuzun yaddaşına ömürlük yazılmış: – “cücəni payızda sayarlar” – məsəlində də məhz bu anlam vurğulanır. Maddi bolluq – bağ-bağçanın, mal-heyvanın yekun məhsulları – hamısı kəndlinin gözləntisinin gerçəkləşdiyi məqamdır. Bəndəniz:
Yarpağı tökülüb olsa da sarı,
Payızda yetişir tutların xarı,
Deyirlər, payızda qarşıla yarı,
Nar sulu, alma bol, heyvası sarı…
Görək ustad sənətkar Təvəkkül Goruslu necə deyir:
“Fəsillərin varı payıza düşər!”
Məşqdən bir cümlə ilə – sənətkarlıq da məhz budur.
Təvəkkül Goruslunun payızı – zəhmət fəlsəfəsi üzərində qurulan milli həyat lövhəsidir.
Payız yağışı – ovqatın, taleyin və təkliyin işarəsi
“Payız yağışı” şeirində isə şair payızı daha fərqli rakursdan təqdim edir. Bu dəfə payız insana ağırlıq gətirən, düşüncələri dərinləşdirən, bəzən də yorğan kimi çökmüş köhnə hissələrin simvoludur. Şair payızın yağışından çəkinir, onu özünə yaxın buraxmaq istəmir:
“Sil gözün yaşını, ağlama payız,
Yağma üzərimə payız yağışı.”

Burada payız yağışı artıq əməyin bəhrəsini yığan fəsil deyil, insanın içində yığılıb qalmış kədərin metaforasıdır. Təvəkkül Goruslu kədəri təbiətlə danışdırır, sanki yağış insanın üstündəki yükü daha da ağırlaşdıran bir varlığa çevrilir.
“Yağış islanmışın nəyinə lazım…”
Bu misra həm həyat müşahidəsi, həm də daxili yorğunluğun qısa, lakonik izahıdır. Payız bəzən insana rahatlıq gətirmir, əksinə, içində gizlənmiş xiffəti oyadır. Şeir boyunca aydın görünür ki, şairin payıza münasibəti həm isti, həm də ehtiyatlıdır. Bir tərəfdən payızın bolluq fəslidir:
“Payız məhsul fəsli, evlər tikəndi,
Varını, barını önə tökəndi.”

Digər tərəfdən payız insana “tez tükənən” ömür hisslərini xatırladır. Şairin sözündə burada melanxoliyaya meyillilik boy göstərir:
“Yerdən qaldırmamış nə tez tükəndin…”
Beləcə, payız yağışı həm təbiətin hadisəsi, həm də insan ömrünün metaforası kimi verilir.
Payız obrazlarının poetik mahiyyəti
Təvəkkül Goruslunun payız poetikası üç əsas xətt üzrə formalaşır:
Əmək və zəhmət fəlsəfəsi
Payızın kəndli həyatındakı əhəmiyyəti şairin şeirlərində geniş şəkildə təqdim olunur. Şair üçün payız – əməyin nəticəsi, zəhmətin sevinci, ilin hesabatıdır.
İnsan ömrü ilə paralellər
Payız həm də insanın həyat dövrlərindən biridir. Yaz – gənclik, yay – yetkinlik, payız – müdriklik, yığım mərhələsi, qış – ömrün qapanışı kimi verilir.
Ovqatın dərinləşməsi
Payız yağışında kədər, sis, duman, yorğunluq kimi hisslər toplanır. Şair bu hissləri təbiətə köçürür və təbiət də insan kimi dərdə bürünür.
Təvəkkül Goruslunun yaradıcılığında payız fəsli yalnız təbiət hadisəsi deyil, həm də həyatın, zəhmətin, taleyin və insan duyğularının güzgüsüdür. Onun payız lövhələrində həm kənd həyatının reallığı, həm də insan ruhunun poetik çırpıntıları var.
“Payıza düşər”də zəhmətin bəhrəsi, bolluq və fəsillərin harmoniyası ön planda dayanırsa, “Payız yağışı”nda hüzün, yorğunluq və daxili təlatüm çalarları görünür. Bu müxtəliflik şairin həm həyatsevərliyini, həm də müşahidə qabiliyyətinin gücünü açıq şəkildə göstərir.
Payızdan söz düşəndə, Təvəkkül Goruslunun misralarında təbiətin nəfəsi ilə insanın nəfəsi eyni ritmdə səslənir. Bu da onun poeziyasını oxucuya həm doğma, həm də düşündürücü edən əsas cəhətlərdən biridir.
Ümumilikdə isə Təvəkkül Goruslu (“Gorus”, “Gorussuz” necə yazsanız da hamısında Gorus var, nəticə bütün hallarda “Gorus”lu olursunuz) müasir Azərbaycan poeziyasının klassik imicdə keşiyində (hər gün) ayıq-sayıq dayanan barmaqla sayılacaq qədər çox az saylı nümayəndəlarindən biridir. Ustad sənətkarı bu yazımla salamlayır, məzmunlu, bəndi-bərəsi yerində, əsl poeziya nümunələrini şairin öz dilindən tezliklə Zəngəzurda, Gorusumuzda, Göyçə gölünün sahilində dinləyəcəyimə inanıram. Ürəkli, tərəddüdsüz şeirlərinin sonuna “Təvəkkül Goruslu” yaz, Ustad!
Çox dəyərli oxucum, sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Allah amanında. Deyirəm, Laçında salamlaşıb, Bakıda sağollaşmağın ləzzəti bir başqadır. Böyük Allah dövlətimizin bayrağını daim uca etsin İnşəAllah!

11.11.2025 Laçın – 22.11.2025 Bakı

Müəllif: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

TƏVƏKKÜL GORUSLUNUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana