TƏHSİLDƏ MİLLİ KİMLİK VƏ DƏYƏRLƏR Dünyada sürətlə dəyişən sosial, iqtisadi və texnoloji münasibətlər cəmiyyətin bütün sahələrində, xüsusilə təhsildə yeni yanaşmaların tətbiqinə ehtiyac yaratmışdır. Artıq ənənəvi pedaqoji metodlar qlobal çağırışların təzyiqi altında yenilənməli, müxtəlif elmi sahələrin inteqrasiyası, fərqli mədəniyyətlər və yenilikçi texnologiyalar ilə vəhdətə gətirilməlidir. Bu şəraitdə, yalnız biliklərin ötürülməsi deyil, həm də mənəvi, əxlaqi, sosial və emosional bacarıqların formalaşdırılması təhsil prosesinin əsas məqsədinə çevrilir. Milli və bəşəri dəyərlərə əsaslanaraq, müasir dövrün tələblərinə cavab verən çevik zəkalı, yaradıcı və bacarıqlı insanlar yetişdirməyi hədəfləyən bir təhsil modeli həmişə diqqət mərkəzində dayanır. Dəyərlər təhsil prosesinin fəlsəfi əsasını və təhsil siyasətini müəyyən edən mühüm faktordur. Dəyərləri yalnız bir ölkənin təhsil sisteminin məqsədini deyil, eyni zamanda həmin ölkənin gələcəkdəki sosial və mədəni inkişafını müəyyən edir. Artıq 10 ildir ki, təcrübədən keçirdiyimiz “Hədəf Konsepti” beş əsas prinsipə (özünüdərk, sağlamlıq, bacarıq, yaradıcılıq və bilik) əsaslanır ki, onlardan biri də özünüdərkdir. Bu prinsiplər birgə insanın daxili dünyasını və onun sosial mühitlə əlaqəsini hərtərəfli inkişaf etdirməyi nəzərdə tutur. Müasir tədqiqatlar (P.Gardner, 2010; M.Asad, 2015) göstərir ki, əgər təhsil yalnız biliklərlə məhdudlaşırsa, bu, uşaqların psixoloji və sosial tələbatlarını yetərincə ödəyə bilmir. Nəticədə, innovasiya, komanda işi, tənqidi düşüncə və ən əsası mənəvi bütövlük kimi keyfiyyətlər arxa planda qalır. Bu sahədə biz zəruri olan bilik və texniki bacarıqları, milli, mənəvi və bəşəri dəyərlər kontekstində formalaşdıran bir yanaşma təklif edirik. Həmçinin “Təhsildə Beşlik” konsepti adlandırdığımız bu yanaşma məhz bu çağırışlara cavab olaraq, təhsil prosesində özünüdərk anlayışını milli və bəşəri dəyərlərin inteqrasiyası əsasında daha geniş şəkildə təqdim edir. Özünüdərk insanın kimliyini anlama və dərk etmə prosesidir. Bu proses, tarixi, psixoloji və mədəni kontekstlərdə araşdırılaraq, şəxsin həm özünə, həm də ətrafına qarşı daha sağlam və məsuliyyətli mövqe tutmasına kömək edir. Özünüdərk prosesi, ilkin olaraq milli və bəşəri dəyərlərdən başlayır, çünki dəyərlər bizim düşüncə və davranışlarımızın etik çərçivəsini formalaşdırır. Bizə görə, özünüdərk edən insan vicdanlı, ədalətli, humanist və öz hüquqlarını bilən, daim özünü təkmilləşdirən fərddir. Bu xüsusiyyətlər insanın mənəvi sütunlarını gücləndirir və cəmiyyətin inkişafına zəmin yaradır. Elmi araşdırmalar ( Toker-Gökçe, 2021: Öngider, 2013: Yüksel,2009 ) göstərir ki, insanların dəyərlər sistemi erkən uşaqlıq dövründə formalaşır. Uşaqların ətraf mühitdən, ailə və məktəb mühitindən aldıqları mənəvi mesajlar, sosial qaydalar və mədəni örnəklər onların şəxsiyyət quruluşunu müəyyən edir. Azadlıq, cəsarət, güc, novatorluq və özünəinam kimi dəyərlər insanın özünüdərk səviyyəsini formalaşdırır. Beləliklə, özünüdərk yalnız şəxsi inkişafın deyil, eyni zamanda mədəniyyətə və tarixi mirasa bağlılıqdan törəyən kompleks bir prosesdir. Milli kimlik və bəşəri dəyərlər Özünüdərk prosesi, bir qanadı milliliyə, digər qanadı isə bəşəri dəyərlərə bağlı olan şəxsiyyətin möhkəm və tarazlı şəkildə yetişməsinə kömək edir. İnsan milli olduğu qədər bəşəri də ola bilər və olmalıdır. Milliliyi olmayanın bəşəriliyi də möhkəm təməl üzərində dayana bilməz. Məsələn, Hallın (1992) “Mədəniyyət və Kimlik Nəzəriyyəsi” insan kimliyinin formalaşmasında qlobal dəyərlər qədər milli dəyərlərin də həlledici rol oynadığını vurğulayır. Müxtəlif ölkələrdə aparılan sorğular (PISA, TIMSS və s.) göstərir ki, öz mədəni və tarixi köklərinə sahib çıxan, lakin qlobal dəyərlərə də açıq olan şagirdlər, tənqidi düşünmə və yaradıcı tətbiq kimi bacarıqlarda daha yüksək nəticələr əldə edirlər. Sosioloji araşdırmalar da (Hofstede 2009) sübut edir ki, milli kimlik və bəşəri dəyərləri bir arada yaşadan toplumlar daha dayanıqlı sosial inkişafa nail olur. Bir gəncin özü haqqında “Mən kiməm?” sualına aydın cavab tapa bilməsi üçün, ona həm milli köklərini, həm də dünya mədəniyyətinin universal dəyərlərini tanıdacaq mühit qurmaq lazımdır. Bu sual daima mütəfəkkirləri düşündürmüş, bunula bağlı məqalə və kitablar yazmış, hər bir insanın öz kimliyini dərk etməsinin önəmini vurğulamışdır. Təsadüfi deyil ki, Əhməd bəy Ağaoğlunun “Mən kiməm?” kitabı, Əhməd Cavadın “Mən kiməm?” şeiri, Cəlil Məmmdəquluzadə Azərbaycan məqaləsində “Mənim anam kimdir?” sualını verir və ürək yanğısı ilə insanın özünüdərkin vacibliyindən danışır. Bununla bağlı təhsil müəssisələri müxtəlif mədəniyyətlərə dair layihələr həyata keçirməli, şagirdləri həm yerli, həm də qlobal kontekstdə fəal iştirakçı olmalarına təşviq etməlidir. Bu, şagirdlərdə ətraf mühitə qarşı empati, tolerantlıq və sosial məsuliyyət hissini gücləndirir. Milli kökləri tanımaq üçün nə edilməlidir? Ailəsini, məhəlləsini, kəndini, şəhərini, rayonunu, ölkəsini sevmək və tanımaq üçün uşaqlara doğma mühitlərinin tarixi, mədəniyyəti, folkloru öyrədilməlidir. “Hədəf konsepti”nin ana xəttində qeyd olunur ki, insan məhsuldar bir özünüdərk üçün millətinin tarixini, elm adamlarının uğurlarını, sərkərdələrinin cəsarətini, rəvayət və nağıllarını, ədəbi irsini dərindən öyrənməlidir. Tarixi araşdırmalar (Təhlükəsizlik nəzəriyyəsi, Kimlik Nəzəriyyəsi və s.) sübut edir ki, xronoloji faktlar və tarixi şəxsiyyətlərlə tanışlıq, gənclərin şəxsiyyət kimi inkişafına iki şəkildə təsir edir. Birincisi gənclərdə özünəinam yaradır. Öz tarixi qəhrəmanlarını, məşhur alimlərini, ixtiraçılarını, sənətkarlarını tanıyan gənc, “Mənim millətim bunları bacarıb!” duyğusu ilə böyüyür. Bu “Millətin bir parçası olmaq” hissi insanın ruhunda mənlik dəyərini artırır, öz imkanlarına inamı qüvvətləndirir. İkincisi isə gəncləri əzilmişlik kompleksindən xilas edir. Tarixdə parlaq şəxsiyyətlər, uğurlar və nailiyyətlər görməyən cəmiyyətlərdə “özünə güvənsizlik” sindromu yaranır. Bu sindrom zamanla həm fərdi, həm də sosial həyatda passivliyə, fatalizmə gətirib çıxarır. Şagirdlər Tonyukukdan, Bilgə Kağandan, Orxon-Yenisey kitabələrindən, Nəsirəddin Tusidən, Əl-Fərabidən, Əl-Xarəzmidən, Piri Rəis və Həzərfan Əhməd Çələbidən, Yusif Məmmədəliyevdən, Lütfi Zadə və Əziz Sancardan xəbərdar olduqca, onların elmi və mədəni fəaliyyətinə dərin maraq göstərdikcə, onlarda “mən də bacararam” düşüncəsi formalaşır. Özünüdərk, həmçinin psixoloji bir prosesdir. İnsan özünü tanıdıqca daxili motivasiya, emosional idarəetmə və mənəvi dəyərlərlə bağlı daha sağlam mövqe qazanır. Erik Eriksonun psixososial inkişaf mərhələlərinə əsasən, yeniyetməlikdə formalaşan kimlik qazanma prosesi yetkinlik dövründə özünüdərk səviyyəsini müəyyən edir. Yəni gənc nəyə inandığını, kimə dəyər verdiyini və öz rolunu dəqiq müəyyən edir. Maslovun “özünü-gerçəkləşdirmə” nəzəriyyəsi də göstərir ki, şəxsin özünə dəyər verməsi, bacarıqlarını tanıması və məqsədlərini formalaşdırması onun tam şəkildə inkişaf etməsi üçün vacibdir. Bu mərhələdə məktəbin rolu əvəzsizdir. Divarlardakı plakatlardan tutmuş, zənglər üçün seçilmiş musiqilərə qədər, şagirdin cəlb olunduğu hər bir nüans onun emosional fonuna və özünüdərk səviyyəsinə təsir edir. Məktəbin dizaynından dərs prosesinin sonuna qədər sistemli yanaşma vacib şərtdir.
Respublikainfo.com xəbər verir ki, Referans Medianın “Musiqi saatı” rubrikasının növbəti qonağı bəstəkar, pianoçu, musiqişünas, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Respublika Beynəlxalq müsabiqə və “Gənclər Mükafatı” laureatı Vəfa Bağırzadədir.
– Xoş gördük Vəfa xanım! Əvvəlcə istərdim ki, oxucularımıza, özünüz haqqında qısa da olsa məlumat verəsiniz! Vəfa Bağırzadə kimdir?
Mən 29 oktyabr 1990-cı ildə Lənkəran şəhərində anadan olmuşam. Musiqi təhsilimə erkən yaşlarımdan, Biləcəri qəsəbəsində yerləşən Fikrət Əmirov adına 6 saylı Uşaq İncəsənət məktəbində Və Xan Şuşinski adına Ağdam Muğam Musiqi məktəbində başlamışam. Peşəkar təhsilimi 2007–2011-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin fortepiano şöbəsində aldıqdan sonra, Azərbaycan Milli Konservatoriyasında Bəstəkarlıq ixtisası üzrə (2012–2019, bakalavr və magistr) ixtisaslaşmışam. Bu illərdə bəstəkar, Əməkdar İncəsənət xadimi Cəlal Abbasovun və bəstəkar-pianoçu Pikə Axundovanın sinfində dərs almışam ki, bu da yaradıcılıq yolumun formalaşmasında əsas rol oynayıb. Karyeram ərzində müəllim kimi də fəaliyyət göstərmişəm; 2018–2020-ci illərdə Bakı Xoreoqrafiya Akademiyasında çalışmışam. Eyni zamanda, 2024–2025-ci illərdə Üzeyir Hacıbəylinin Ev-Muzeyində şöbə müdiri vəzifəsini icra etmişəm. 2022-ci ildən isə Azərbaycan Bəstəkarlar İttifaqının üzvüyəm.
– Ümumiyyətlə sizin musiqiyə, xüsusilə də fortepianoya olan sevginiz nə zamandan yaranıb?
Musiqiyə olan sevgim çox erkən yaşlardan yaranıb. Valideynlərimiz bizi klassik musiqi ilə böyüdüblər. Yadıma gəlir ki, uşaq vaxtı hətta yatanda belə evdə daima Betoven, Şopen, Motsart kimi dahi bəstəkarların əsərləri səslənirdi. Bu mədəni mühit mənim musiqiyə marağımın yaranmasında və sənət yolumu seçməyimdə həlledici rol oynadı. Əvvəlcə yalnız səslərin harmoniyasından zövq alırdım, lakin sonralar musiqinin ruh oxşayan emosional dərinliyi məni özünə valeh etdi, həyatımın ayrılmaz hissəsinə çevrildi. Fortepiano mənim üçün sadəcə bir musiqi aləti deyil, həm də duyğularımı ifadə etməyin, iç dünyamı musiqi vasitəsilə çatdırmağın ən yaxın yoludur. Bu sevgi məni təbii olaraq zamanla bəstəkarlığa yönəltdi, fortepianoda hiss etdiyim hər ritm və melodiyalar məni öz əsərlərimi yaratmağa, musiqi vasitəsilə duyğularımı ifadə etməyə sövq etdi.
– Sizin üçün musiqi nə deməkdir? Həyatınızı musiqisiz təsəvvür edirsinizmi?
Musiqi mənim üçün zaman və məkan sərhədlərini aşan, insanın daxili aləmini və hisslərini ifadə edən bir dildir. O, yalnız eşitdiyimiz səs deyil, eyni zamanda düşüncələrimizi və emosiyalarımızı formalaşdıran bir vasitədir.. Musiqisiz həyatı təsəvvür etmək mənim üçün qeyri-mümkündür. Çünki o, həyatın özüdür, düşüncələrimin və hisslərimin təzahürüdür. Musiqi yoxdursa, zaman dayanır, duyğular susur, dünya öz harmoniyasını itirir. Ona görə də musiqi mənim həyatımın təməl daşıdır, onsuz yaşamaq, nəfəs almaq qədər çətin olardı.
– Vəfa Bağırzadənin sevdiyi bəstəkar və əsərlərini daha çox dinlədiyi bəstəkarlar kimlərdir? Daha çox hansı musiqi janrını sevirsiniz?
Mən çox vaxt klassik musiqi dinləyirəm. Bach, Çaykovski, Raxmaninov, Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev və Elza İbrahimovanın əsərlərini xüsusilə sevirəm. Sevdiyim janr isə əsasən klassik musiqidir, amma caz, rok və estrada musiqisinə də marağım var.
– Bu gün təəssüflər olsun ki, cəmiyyətin əksər hissəsi keyfiyyətli musiqilər əvəzinə adətən bayağı musiqilər dinləyir. Sizə görə bunun başlıca səbəbi nədir?
Məncə, bu problemin bir neçə əsas səbəbi var və bunlar bir-biri ilə sıx şəkildə bağlıdır. İlk növbədə, insanların musiqi zövqünün formalaşmasında maarifləndirmə kifayət qədər güclü deyil. Musiqi mədəniyyəti uşaqlıqdan formalaşır, lakin bu gün təəssüf ki, həm ailədə, həm də təhsil mühitində keyfiyyətli musiqiyə maraq oyadan imkanlar əvvəlki kimi güclü deyil. İnsan nə ilə böyüyürsə, zövqü də onun üzərində qurulur. Digər mühüm səbəb isə kütləvi informasiya vasitələrinin və sosial şəbəkələrin təsiridir. Sosial platformalarda daha çox gündəmdə qalmaq, trend olmaq üçün sadə, tez yadda qalan və ritmik musiqilər çoxlu dinləyici toplayır. Keyfiyyətli musiqi isə adətən dərinlik, intellekt, diqqət və musiqi savadı tələb etdiyi üçün geniş kütlə tərəfindən çətin qavranılır. Bayağı musiqi isə həm daha çox təbliğ olunur, həm də sürətlə yayılır, çünki istənilən məzmunsuz kontent kimi, istehlakı asandır. Üçüncü səbəb insanların gündəlik həyat tempidir. Bugünkü sürətli ritm içində insanlar çox vaxt düşünmək, analiz etmək, musiqini hiss etmək kimi proseslərdən uzaqlaşırlar. Bu da onların daha çox “fon musiqisi” kimi qəbul edilə bilən, sadə və emosional dərinliyi olmayan mahnılara yönəlməsinə səbəb olur. Bundan əlavə, kommersiya maraqları da böyük rol oynayır. Bayağı musiqi həm ucuz başa gəlir, həm də geniş auditoriyaya sürətlə satılır. Prodüserlər və musiqi bazarı isə təəssüf ki, keyfiyyət yox, gəlir yönümlü çalışdığı üçün bu tip mahnılar çoxaldıqca çoxalır. Nəticədə həm təbliğatın gücü, həm musiqi tərbiyəsinin zəifliyi, həm də insanların gündəlik həyat ritmi cəm şəkildə keyfiyyətli musiqinin arxa plana keçməsinə gətirib çıxarır. Bu isə cəmiyyətdə musiqi zövqünün tədricən sadələşməsinə və səviyyənin aşağı düşməsinə səbəb olur.
– Professional musiqi adamı olaraq ümumən insanlara və xüsusilə də gələcəkdə musiqi ilə məşğul olmaq istəyən gənclərə nə kimi tövsiyələriniz var ?
Gənclərə tövsiyəm budur: musiqi ilə məşğul olmaq istəyirsinizsə, daima araşdırın, fərqli musiqi janrlarını dinləyin və bədii ədəbiyyat oxuyun. Bu, həm zövqünüzü, həm də yaradıcılıq qabiliyyətinizi zənginləşdirəcək. Musiqiyə sadiq olun və sevgi ilə yanaşın . Musiqi yalnız texniki bacarıq deyil, eyni zamanda hiss və ruh tələb edən bir sənətdir. Onu sevərək və daxildən gələn ehtirasla öyrənmək uğurun əsas şərtidir.
“1-ci Uşaq Rəqs Festivalı” uğurla başa çatdı Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Azərbaycan Respublikası Elm Təhsil Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin dəstəyi ilə təşkil olunan “1-ci Uşaq Rəqs Festivalı” böyük maraqla qarşılanaraq uğurla yekunlaşıb. Festival uşaqların yaradıcılığını, rəqs mədəniyyətinə marağını və kollektiv iş bacarıqlarını təşviq etmək məqsədi daşıyırdı.
Bu il festivala 28 komanda qeydiyyatdan keçib, onlardan 23 komanda aktiv iştirakçı, 5 komanda isə qonaq kimi səhnəyə çıxıb. Uşaqlar milli və müasir rəqslərdən ibarət rəngarəng proqram təqdim edərək tamaşaçılara unudulmaz anlar yaşadıblar. Festivalın sonunda iştirakçı komandalar arasında müxtəlif nominasiyalar üzrə qaliblər müəyyən edilib. Qaliblərə sertifikatlar, diplomlar, mükafatlar və xüsusi hədiyyələr təqdim olunub. 6–9 yaş qrupu üzrə qaliblər: • I yer – 3 nömrəli Gənclər Uşaq İnkişaf Mərkəzi • II yer – İnci Sənət Akademiyası • III yer – İnci Sənət Akademiyası 10–14 yaş qrupu üzrə qaliblər: • I yer – 3 nömrəli Gənclər Uşaq İnkişaf Mərkəzi • II yer – 4 nömrəli Gənclər Uşaq İnkişaf Mərkəzi • III yer – Nərgiz Rəqs Qrupu Tədbirin təşkilatçıları bildiriblər ki, festival gələcək illərdə daha geniş miqyasda keçirilməsi planlaşdırılan ənənəvi bir tədbirə çevriləcək. 1-ci Uşaq Rəqs Festivalında iştirak edən bütün komandalar, müəllimlər və valideynlərə təşəkkür edirik!
ADPU-da I Türkoloji Qurultayın 100 illiyi qeyd edilib Noyabrın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsi, Müasir Azərbaycan dili kafedrası və Türkoloji mərkəzin birgə təşkilatçılığı ilə “Birinci Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri” adlı simpoizum keçirilib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixində imzaladığı “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” sərəncam çərçivəsində təşkil edilən simpoziumda ADPU-nun professor-müəllim heyəti, tələbələr, eləcə də Türkiyənin Azərbaycandakı səfirliyi, Türk Mədəniyyəti və İrsi Fondu, AMEA-nın Dilçilik İnstitutu, Bakı Dövlət Universiteti, Bakı Avrasiya Universiteti, “Xalq” qəzeti ilə “Ədəbiyyat” qəzetindən qonaqlar iştirak ediblər.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Azərbaycan Fotoqrafları Birliyinin yaranmasına gedən yol
Azərbaycan Fotoqrafları Birliyinin rəsmi yaranma tarixindən 27 il keçir. Lakin bu yol əslində daha əvvəl – 1993-cü ildən başlanır. Həmin vaxt Rəfael Qəmbərov fotoqrafları və fotosevərləri öz emalatxanasına toplayır, birlik yaratmaq ideyası ətrafında bir araya gətirirdi. Kimlərsə böyük həvəslə qatılırdı, kimlərsə isə sadəcə münasibət pozulmasın deyə gəlirdi.
1990-cı illərə qədər Bakıda fəaliyyət göstərən bir fotoklub var idi və onun son sədri Sənan Ələsgərov olmuşdu. “Yenidənqurma” adı ilə başlayan proseslər əslində çox sahədə dağılma ilə nəticələnmiş, bir çox sovet qurumları yalnız kağız üzərində mövcudluğunu davam etdirirdi. “Sovet mədəniyyəti” anlayışı artıq aradan qalxır, “Azərbaycan incəsənəti” ifadəsi daha tez-tez işlədilməyə başlayırdı.
Fotoqraflar Zərgərpalan küçəsindəki kiçik bir zirzəmidə toplaşır, müzakirələr aparırdılar. İnternetsiz dövrdə canlı ünsiyyət, tanışlıq və fikir mübadiləsi üçün bu toplantılar əvəzsiz idi. Azərbaycan fotoqrafiyasının gənc və yaşlı nəsli bir masa arxasında oturur, təcrübə mübadiləsi aparırdı. Bir tərəfdən sovet məktəbinin çoxlu fotoqrafları ölkədən köçüb gedir, digər tərəfdən Azərbaycan fotoqrafiyası getdikcə daha çox milli xarakter qazanırdı.
Əslində foto birliyinin yaradılması arzusu Bakıda hələ 1890-cı ildə ortaya çıxmış, dörd ildən sonra – 1894-cü ildə Rusiya imperiyasının Daxili İşlər Nazirliyi tərəfindən rəsmən qeydiyyata alınmışdı. Bu işin ağırlığını Aleksandr Mişon öz üzərinə götürmüşdü.
1994-cü ildə yenidən təşəbbüs irəli sürən Rəfael Qəmbərov Fransada foto sərgi keçirmək ideyası ilə fotoqrafları bir araya topladı. Fikir ayrılıqları olsa da, proses davam etdi. Fransadan kurator dəvət olundu, 100 fotodan ibarət sərgi üçün seçmələr aparıldı. Türkiyədən 50×60 sm ölçüdə İlford multigrade fotokağızları gətirildi (bu işi Fərid Əşrəfoğlu təşkil etmişdi), maliyyə məsələsini isə Rəfael Qəmbərov öz qohumunun dəstəyi ilə həll etmişdi. Çap işləri həmin dövrdə Azərtacda laboratorant çalışan Məhbubə xanım tərəfindən həyata keçirildi.
Nəhayət, 1995-ci ilin 24 noyabrında Nant kino festivalında “Azərbaycan fotoqrafları” adlı sərgi baş tutdu. Sərgidə Səmayə Axundzadə (Mircavadın qızı), Sənan Ələsgərov, Xalid Əsgərov, Əli Seyran Babayev, Kamal Babayev, Fərman Bağırov, İlqar Cəfərov, Mirnaib Həsənoğlu, Rəfael Qəmbərov, Rəfael Hüseynov, Cahangir İbadov, Tofiq Kərimov, Anatoli Xmelnitski, Fərid Əşrəfoğlu, Namiq Məmmədov, Şahin Sərkərov, Asim Talıb və Rauf Umudun fotoları nümayiş olundu.
1899-cu ildə Bakıda Aleksandr Mişonun “Qafqaz və Orta Asiya fotolarda və xülasələrdə” adlı fotojurnalını çap etməsi ilə foto dərnəyinin fəaliyyəti davam etmişdi. 1908-ci ilə qədər Bakı Fotoqrafiya Dərnəyi mövcud olmuş, lakin Mişonun siyasi təqiblər səbəbindən Bakıdan köçməsi ilə dərnək bağlanmışdı.
1990-cı illərin ortalarında fotoqrafların sayının artması ilə toplantılar hər bazar günü davamlı şəkildə keçirilməyə başladı. Fotolent almaq çətin olsa da, fotoqraflar öz aparatlarını götürüb zirzəmədəki bu görüşlərə qatılırdılar. Birlik yaratmaq məsələsi gündəmə gəldikdə müzakirələr və fikir ayrılıqları yenə oldu — kimisi “ittifaq” sözünü sovet qalığı sayırdı, kimisi ümumiyyətlə belə bir quruma ehtiyac görmürdü.
Nəhayət, təsisçi kimi Rəfael Qəmbərov, Asim Talıb, Namiq Məmmədov və Mirnaib Həsənoğlu bu işə başladı. Rəfael Qəmbərovun Milli Məclisdə fotoqraf kimi fəaliyyət göstərməsi hüquqi məsələlərin həllində də böyük rol oynadı.
Və nəhayət — 1998-ci il 20 noyabr tarixində Azərbaycan Fotoqrafları Birliyi rəsmi olaraq qeydiyyatdan keçdi. Bu tarix ölkəmizdə fotoqrafiya sənətinin yeni bir mərhələsinin başlanğıcı oldu.
İşıq yolumuzu seçənlər çox oldu, amma yalnız işığın sahibidir görünən. Biz yolumuzu davam edirik — daha aydın, daha parlaq.
Azərbaycan Fotoqrafları Birliyinin bütün üzvlərini təbrik edir, yaradıcılıq yolunda yeni uğurlar, yeni ilhamlar və unudulmaz kadrlar arzulayırıq. Birliyimizin gücü sizin peşəkarlığınız, fədakarlığınız və foto mədəniyyətinə verdiyiniz dəyərdən gəlir.”
Yazarlar cameəsi adından dəyərli dostlarımızı təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayırıq!
Əslən Qazağın Dəmirçilər kəndindən olan “Nəsibli” nəslindən üç qardaş (Nəsibin nəvələri) – Nəsib, İsgəndər və Mustafa Göyçə mahalının Daşkənd kəndində yaşayıblar. Nəsibin Əfruz adlı bir qızı, Mustafanın Abdulhüseyn (Molla Abdulhüseyn), Reyhan və Sehran adlı üç övladı; İsgəndərin isə Qəmbərəli, Fatma və Əmrəli adlı üç övladı olub. Bu yazıda söhbət açacağımız aşığımız Nuriddin adı çəkilən Əmrəli kişinin nəvəsidir. Əmrəli kişi Molla Şabanın qızı Kəklik ilə evlənmiş, iki oğlu, iki qızı – Abid, Zabid, Xanımzər və Məhtəvan dünyaya gəlmişdir. Bütün Göyçəlilər, eləcə də Daşkəndlilər kimi sazın-sözün vurğunu olan Əmrəli kişi oğlu Abidi mahir saz ifaçısı, telli sazının sədaları hələ də uzaq keçmişimizdən bu günə qədər qulaqlardan getməyən Hidayət kişinin yanına şəyirdliyə verir. Abid sazın sirli-sehirli aləminə baş vurduğu vaxtlarda könlündə ustadının qızı Röyzə xanıma aşiq olur. Şəyird saza, sözə bələd olduqdan sonra bir gün çoxdandı qəlbən sevdiyi Hidayət kişinin qızını götürüb qaçır. Bu yerdə müharibədən əvvəl olmuş, ağsaqqallardan eşitdiyim, bu hadisəyə oxşar bir başqa əhvalatı burada qeyd etmək yerinə düşər: – Daşkəndli Aşıq Ziyad Məmmədov Aşıq Ələsgərin məşhur şəyirdlərindən olan Aşıq Əsədin yanında aşıq sənətini öyrənirmiş. Aşıqlığı demək olar ki, tam mənimsəyəndən sonra ustadı Aşıq Əsədin qızı Sürayəni götürüb Daşkəndə qaçıraraq onunla evlənir. Onu da deyim ki, Aşıq Ziyad İkinci dünya müharibəsində həlak olmuşdur. Zəhra və Turac adlı iki qızı olan Aşıq Ziyadın nəvə-nəticələri hal-hazırda Tovuz rayonunda yaşayırlar. Abid ilə Röyzə xanımın evliliyindən beş oğlan, dörd qız övladı dünyaya gəlir. Bu uşaqlardan biri – Əsədulla 7 yaşında vəfat edib. O da atasından və babasından saz çalmağı öyrənmişdir. Xatırlayanların söyləmələrinə görə, uşaq olmasına baxmayaraq sazda özünəməxsus güllər vururmuş. Haqqında məlumat vermək istədiyim Aşıq Nuriddin də bu doqquz uşaqdan biridir. İsgəndərov Nuriddin Abid oğlu 20 noyabr 1956-cı ildə Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. Orta təhsilini Daşkənd kənd məktəbində almışdır. Tibbə böyük marağı olduğundan sənədlərini Azərbaycan Dövlət Tibb İnstitutuna verir. Lakin sonuncu imtahandan məqbul qiymət ala bilmir. Tibbi təhsilə olan həvəsini sonralar oğlu Afiyəddin davam etdirəcəkdi… Nuriddin İsgəndərov 1975-1977-ci illərdə Çexoslovakiyada hərbi xidmətdə olduqdan sonra, təhsilini Moskva Kooperasiya İnstitutunun Bakı filialında davam etdirmişdir. Hələ erkən yaşlarından aşıqlıq sənətinə meyl göstərmiş, ustad aşıqların məclislərində olmuş və bu sənətin sirlərinə dərindən yiyələnməyə çalışmışdır. Buna səbəb kimi ana babası Hidayət kişinin və atası Abid Əmrəli oğlunun da təsiri az olmamışdır. Nuriddin həm də vallarda, audio kasetlərdə, eləcə də radioda aşıq havalarına qulaq asmış, özü üçün sənəti mənimsəmişdir. Özünün də dəfələrlə dediyi kimi, o, daha çox Aşıq Kamandar Əfəndiyevin və Aşıq Əmrah Gülməmmədovun ifalarına qulaq asırmış. Beləcə aşıq sənətini lazımınca mənimsəyən Nuriddin artıq Daşkəndlə bərabər Göyçənin başqa kəndlərinə də toylara dəvət almağa başlayır. Onu qonşu kəndlərdəki toylara daha çox həmkəndliləri Əli və Məsim Xəlilov qardaşları aparar, Göyçəlilərə belə bir püxtə, cavan aşığın da olmasını söyləyər, onu tanıdardılar. 1979-cu ilin bir günü Aşıq Hacı Bayramov həmkəndlisi Abid kişidən oğlu Nuriddinin onunla aşıqlıq etməsinə icazə istəyir. Beləliklə, Aşıq Hacı ilə Aşıq Nuriddin cütlüyü aşıqlığa başlayır. Cütlük həm Göyçə mahalının, həm də Azərbaycanın digər bölgələrinin el məclislərində iştirak edir və tez bir zamanda elin-obanın rəğbətini qazanırlar. 1981-ci ildə Aşıq Hacı Bayramovla Aşıq Nuriddin birlikdə televiziyada “Aşıq Alının Türkiyə səfəri” dastanını söyləmiş və dastanın lеnt yazısı televiziyanın “Qızıl fond”una daxil edilmişdir. Bundan sonra Aşıq Hacı ilə Aşıq Nuriddinin ifasında “Əmrah” dastanı da dinləyicilərin yaddaşında xoş bir iz buraxmışdır. Bu gün də Youtube kanalında 100 minlərlə baxış sayı olan hər iki dastan populyarlığını saxlamaqdadır. Aşıq Nuriddin el şairlərindən Sərraf Şiruyə, Əli Qurban Dastançı, Alqayıt, İsmixan, Aqil İman ilə, aşıqlardan Hacı, Fətulla, Murad Niyazlı, İdris, İslam, İsrayıl, İsgəndər Ağbabalı ilə, balabançılardan Əli, Salman, Əmir ilə, zurnaçılardan Dünyamalı, Zamaxan, Əjdər, Xasay və b. ilə toylarda, el şənliklərində, dövlət tədbirlərində çıxışlar etməklə daha da məhşurlaşdı. Məhz belə də olmalı idi. Axı, Aşıq Ələsgərin sevimli şəyirdi Aşıq Nəcəfin kəndində doğulub aşıq olmamaq, XIX əsrin tanınmış şairi Məmmədhüseynin su içdiyi bulaqlardan su içib şair kimi yetişməmək mümkün deyildi. Məhz Nuriddin bu mühitin yetişdirməsi kimi ulu aşıq sənətinin davamçısı olmalı idi. Dediklərimizə Aşıq Hacı Bayramovun da ona ustadlığını və sənət yoldaşlığını əlavə etsək, Nuriddinin sözün həqiqi mənasında əvəzsiz bir aşıq olduğunun şahidi oluruq. Keçirdiyi toyların arealı çox böyük idi. Gah səsi Göyçədən, gah Kəlbəcərdən, gah Gəncəbasardan, gah da Bərdədən – Qarabağdan gələrdi. Onun keçirdiyi ən izdihamlı toylar Kəlbəcərin “Sarı yer” yaylağında və Bərdədə olardı. Elat camaatı həmişə toylarını “Sarı yer” yaylağında edərdi. Yay aylarında Aşıq Nuriddin, Aşıq Hacı və Balabançı Əli həftələrlə kəndə qayıtmaz, elə “Sarı yer” yaylağında toyu-toya calayardılar. Bir dəfə doğulduğum Bərdə rayonunun Yeni Daşkənd kəndində şahidi olduğum bir toyda baş verən nüansı deməsəm olmaz: Aşıq Nuriddin qohumu Əyyub kişinin qızının toyunu idarə edirdi. Kənd camaatının xahişi ilə o sazı kənara qoymaqla “Qarabağ şikəstəsi”ni oxudu. O qədər gözəl ifa, o qədər gözəl boğazlar etdi ki, sanki bu sənətkar elə xanəndə imiş. Onun ifasında “Kəsmə şikəstə”nin də öz yeri vardı. Onu da deyim ki, şikəstə janrı məhz əvvəl aşıq musiqisi yaradıcılığında əmələ gəlmişdir. Aşıq Nuriddinin həmkəndlisi, nakam taleli Aşıq Nəcəf də muğamları aşıq havaları qədər gözəl ifa edirmiş. Aşıq Nuriddinin ifa etdiyi 60-dan çox saz havasının – “Dilqəmi”, “Qaytarma”, “Cəlili”, “Göyçə qaragözü”, “Yanıq Kərəmi”, “Kərəm gözəlləməsi”, “Göyçə gülü”, “İrəvançuxuru”, “Dübeyti”, “Nəcəfi”, “Məmmədhüseyni”, “Ağır şərili”, “Şahsevəni”, “Qəhrəmanı”, “Duraxanı”, “Sarıtorpaq” və başqaları onun repertuarında ən gözəl ifalar kimi yaddaşlarda qalıb. Bu ifalar həm də aşıq musiqisi xəzinəmizə əvəzsiz töhvələrdir. Onun özündən ən çox hansı havaları sevdiyini soruşduqda belə cavab verərdi: “Aşıq havalarının hamsı gözəldi. Bir-birindən ayırmaq doğru deyil. Lakin “Ağır şərili”, “Nəcəfi”, “Dilqəmi”, “Göyçə qaragözü”, “Göyçə gülü” daha çox sevilən havalardandır.” Aşıq Nuriddin saz-söz sənətinin, soy kökümüzə söykənən milli dəyərlərin qorunub yaşadılmasında da danılmaz rola malik olmuşdur. Onun cavanlar arasında apardığı maarifçi təbliğatı gənclərin bu sənətə olan marağını daha da artırmış, bu sənəti ucuzlaşdıranlara qarşı mübarizədə öz misilsiz töhfələrini vermişdir. 1990-cı illərdən aşıq sənəti tənəzzül dövrünü yaşayanda Aşıq Nuriddin bu hallara dözmür, daxilən sarsılırdı. Bunu həmin illərdə özü də dəfələrlə söyləyər, aşıq sənətinin tarixi və milli mədəniyyətimiz olduğunu vurğulayardı. Ustad dərsi almayan, 2-3 hava çalmağı bacarmaqla özlərini “aşıq” elan edənlər, harda gəldi (xüsusən çayxanalarda) aşıqlıq edənlər onun mənəviyyatını büsbütün alt-üst edirdi. Məhz, bu hallar getdikcə daha da geniş vüsət aldı və o daha bu sənəti davam etdirməyin mənasızlığını anladı. Demək olar ki, Aşıq Nuriddin 1998-1999-cu illərdən aşıqlığa son verdi. 2 dekabr 2018-ci ildə İctimai Televiziyanın “Ozan məclisi” verilişi aşığın həyat və fəaliyyətinə həsr olunmuşdur. Verilişin aparıcısı, aşıq sənətinin bilicisi, jurnalist Qorxmaz Tofiqoğlu, bu sətirlərin müəllifi Araz Yaquboğlu, Aşıq Firudin, və Aşıq Mehdi ustadla bağlı xatirələrini televiziya tamaşaçıları ilə bölüşmüşdür. Aşıq Nuriddin ifaçı aşıq olmaqla yanaşı, həm də yaradıcı aşıq idi. Onun yaradıcılığı haqda daha geniş 2008-ci ildə çap olunan “Daşkənd aşıqları və şairləri” kitabında məlumat verilmişdir. Belə ki, kitabda onun tərcümeyi-halı, şəkili və beş şeiri – “Küsər”, “Gül yarım”, “Eyləmə”, “Düşərsən”, “Var” çap edilmişdir. Aşıq Nuriddin 25 may 1980-ci ildə həmkəndlisi Sənubər Aslan qızı ilə ailə qurmuşdur. Afiyəddin və Nərminə adlı iki övladı, dörd nəvəsi var. Evləndikdən bir neçə ay sonra, – 1981-ci ildən Şəmkir şəhərində yaşamışdır. O, bir neçə il davam edən müalicələrdən sonra, 22 dekabr 2017-ci ildə 61 yaşında Şəmkir şəhərində vəfat etmiş, şəhər qəbiristanlığında dəfn olunmuşdur. Aşıq Nuriddinin özü cismən ölsə də, sözü heç vaxt ölməyəcək, sazı heç zaman susmayacaq. Çünki, ustadın qardaşları Aşıq Firudin, Viləddin, qardaşı oğlu Şöhrəddin onun sənətinin davamçılarıdır. Bu soylu sənətin soylu davamçıları ocaqda hər zaman olub və olacaq. Biz buna inanırıq.
Araz Yaquboğlu, tədqiqatçı-jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü