Zaur Ustacın yazılarında sözün məsuliyyəti və gücü
(“Qələmdar – 3 kitabına ön söz)
Azərbaycan ədəbi mühitində öz imzası və öz nəfəsi olan Zaur Ustac təkcə şair, yazıçı, nasir kimi deyil, həm də publisist kimi diqqəti cəlb edən qələm sahiblərindəndir. Onun publisistik məqalələri müasir dövrün ağrılarına, ictimai həyatın ritminə, milli kimlik və vətəndaşlıq duyğusuna xüsusi bir həssaslıqla toxunur. O, eyni zamanda klassiklərin və öz müasirlərinin yaradıcılıqları barədə də məqalələrlə tez-tez mətbuatda çıxış edir. Zaur Ustac yazının enerjisini yalnız poetik duyğulardan deyil, həyatın gerçək nəbzindən alır. Bu səbəbdən onun publisistik yazıları həm sənəd, həm düşüncə, həm də çağırış xarakteri daşıyır.
Zaur Ustacın məqalələrinin başlıca özəlliyi – həyatla birbaşa təmasdır. O, hadisələri uzaqdan müşahidə edən publisist deyil; əksinə, gördüyünü, yaşadığını, duyduğunu dərhal sözün içində əridir. Cəmiyyətin sosial problemlərindən tutmuş milli-mənəvi dəyərlərin qorunmasına, Qarabağ həqiqətlərindən tutmuş müasir insanın psixoloji durumuna qədər geniş bir sahəni əhatə edir. Onun məqalələrində oxucu daim “hərarət” hiss edir – sanki yazı bu gün yazılıb, bu gün yaşanır və bu gün də oxucuya təsir edir.
Zaur Ustacın publisistik üslubunun özünəməxsus tərəflərindən biri də dilinin aydınlığı və əlçatanlığıdır. O, mürəkkəb ictimai-siyasi məsələləri belə sadə və konkret şəkildə ifadə edir. Bəzi məqalələrində poeziya nəfəsi, digərlərində hekayə üslubu, üçüncüsündə isə sanki tribunadan səslənən nitq tərzi duyulur. Bu üslub müxtəlifliyi müəllifin həm sözə hakimliyindən, həm də oxucu ilə yaxın olmaq niyyətindən doğur.
Zaur Ustacın məqalələrində əsas xətt – milli mövqedir. O, Azərbaycan tarixinin ağır dönəmlərini, Qarabağ savaşının dərdlərini, şəhidlik zirvəsinin müqəddəsliyini, Vətən sevgisinin gücünü ardıcıl şəkildə qabardır. Yazılarında milli kimliyi yalnız bir anlayış kimi deyil, gündəlik həyatın formalaşdırıcı elementi kimi təqdim edir. Bu səbəbdən Zaur Ustac publisistikası həm maarifləndirici, həm ruhlandırıcı, həm də vətəndaş mövqeyi ortaya qoyan bir publisistikadır.
Zaur Ustacın 50-69-cu yazılarının toplandığı “Qələmdar – 3” (sizə bir sirr açım ki, müəllifin “Qələmdar -4” məqalələr toplusu da artıq çapa hazırdır) adlı kitabına ön söz kimi yazdığım bu yazımda adı çəkilən kitabda 51-ci yazı kimi yer almış İmadəddin Nəsimi haqqında olan yazısını və 69-cu yazı kimi yer alan gənc bəstəkar Vəfa Bağırzadə haqqında olan yazını qeyd etmək istəyirəm. Zaur Ustacın bu kitabda da hərb mövzulu yazılara aid bir yazısı yer alıb.
Məqalələrdə tez-tez müəllifin öz müşahidələri, şəxsi həyat təəssüratları yer alır. Amma Zaur Ustac bu müşahidələri yalnız şəxsi təcrübə kimi vermir – onları ümumi fikrə, geniş nəticələrə çevirir. Bir insanın yaşadığı bir məqamdan bütöv bir xalqın obrazını yaratmaq bacarığı Zaur Ustac publisistikasının əsas cazibə nöqtələrindən biridir.
Zaur Ustac yalnız hadisələri təsvir etmir, həm də oxucuya bir mesaj, bir düşüncə, bir istiqamət verir. Bu çağırış bəzən açıq şəkildə – “bunu etməliyik”, “vətənə xidmət hər kəsin borcudur”, “milli dəyərlər unudulmamalıdır” formasında olur. Bəzən isə daha yumşaq, bədii və simvolik şəkildə verilir. Elə məhz bu iki yanaşmanın harmoniyası onun publisistikasını həm effektli, həm də oxunaqlı edir.
Zaur Ustacın publisistik məqalələri Azərbaycan publisistikasının müasir xəttində özünəməxsus bir cığır açır. Bu məqalələr həm dövrün aynasıdır, həm xalqın düşüncəsinin ifadəsi, həm də bir qələm sahibinin öz xalqına, Vətəninə sevgisinin yazılı izləridir. O, sözün məsuliyyətini dərk edən, yazını cəmiyyətə xidmət vasitəsi kimi görən publisistdir.
Onun məqalələrini oxuyan hər kəs həm məlumatlanır, həm düşünür, həm də ruhlanır. Bu isə həqiqi publisistikanın başlıca məqsədidir.
İnanırıq ki, “Qələmdar -3” də bu silsilədən olan əvvəlki kitablar kimi geniş oxucu kütləsinin rəğbətini qazanacaq. Təbrik edirik, Zaur Ustac!
İnsanın həyatında elə bir həqiqət var ki, onu hamı hiss edir, amma hamı dərk etmir: İnsan kitabla insan olur. Çünki kitab sadəcə kağız yığını deyil insanlığın yaddaşı, bəşəriyyətin şüuru, bir millətin ruhu, bir fərdin gerçək kimliyidir. Kitabsız yaşamaq isə, əslində, “yaşamaq” deyil var olmağın ən xam, ən natamam formasıdır. Fəlsəfə deyir ki, insanın içində iki dünya var: gördüyü dünya və anladığı dünya. Kitab birincini ikincisinə çevirən alətdir. Platon “mağara” alleqoriyasında insanları divara düşən kölgələrlə aldadılan məxluqlar kimi təsvir edirdi. Onların həqiqəti görməsi üçün ilk şərt oxumaq, öyrənmək, təfəkkür etməkdir. Kitab insanı mağaradan çıxaran işıqdır.Kitabsız insan dünya hadisələrini görür, amma ərinə bilmir.
Görür ki, cəmiyyət çalxalanır – səbəbini anlamır. Görür ki, insanlar dəyişir – kökünü anlamır. Görür ki, həyat çətindir – məntiqini anlamır. Yəni görüntü var, amma təfəkkür yoxdur.
Filosofların dediyi kimi: Oxumayan beynin gözü açıq, amma şüuru qaranlıqdır. Kitab insana “Niyə?” sualını verir. Bu sual isə insanı yuxudan oyadır. Oxumayan adam sualsız yaşadığı üçün, əslində, başqasının həyatını yaşayır öz həyatını yox. Psixologiyada bir qanun var: “İnsanın şəxsiyyəti onun oxuduqlarının toplamıdır.” Kitab oxumaq beynin strukturunu dəyişdirir. Bu sadəcə metafora deyil neyroelm bunu sübut edib: Oxu zamanı beynin 7 əsas neyron mərkəzi eyni anda aktivləşir. Bu aktivləşmə insanın qərarvermə, yaddaş, empatiya və emosional dayanıqlıq funksiyalarını gücləndirir. Müntəzəm oxuyan insanların streslə mübarizə qabiliyyəti 68% daha yüksəkdir. Yəni kitab ruhu sakitləşdirir deyəndə bu yalnız ədəbi söz deyil elmi faktdır. Kitabsız insanın psixologiyası çox vaxt: dar olur, çünki yeni perspektiv görmür; qırılgan olur, çünki daxili dayağı yoxdur; emosional olur, çünki analitik düşüncə inkişaf etmir; aqressiv olur, çünki empatiya zəifdir; manevr qabiliyyəti aşağı olur, çünki müəyyən situasiyalar üçün təcrübə bazası yox dərəcəsindədir. Kitab oxuyan insan isə sən demə, təkcə başqalarının taleyini oxumur özünün potensial versiyalarını oxuyur. Hər roman, hər qəhrəman, hər faciə ona: “Bu vəziyyətdə sən nə edərdin?” deyə sual verir. Bu isə xarakteri formalaşdırır. Tarix bir həqiqəti dəfələrlə sübut edib: Millətləri güclü edən ordu deyil, iqtisadiyyat deyil, torpaq deyil. Millətlərin gücü kitabdan başlayır.
8-10 əsrlərdə müsəlman alimlərinin yaratdığı sivilizasiya məhz kitab mədəniyyəti üzərində quruldu. Bagdadda “Beytül-Hikmə” ildə minlərlə kitab tərcümə edirdi. İbn Sina 450-dən çox kitab yazdı. Bəlxililər, Əl-Biruni, Əl-Xarəzmi hamısı kitab insanıdır. Həmin dövrdə Avropa qaranlıqda idi. Baxın sivilizasiyanı kim idar edirdi? kitabı olan tərəf. Avropa Renessansı da kitabın kütləvi çapı ilə başladı. Gutenberqin çap maşını Avropanı “karanlıqdan” çıxardı. 800 illik kilsə senzurasını kitab sındırdı. 1868-ci ildən sonra Yaponiya 30 ildə imperiya oldu. Necə? Çünki hökumət ölkəyə 2,5 milyon kitab gətirdi və bütün əhali oxumağı öyrəndi. Mirzə Fətəli, Zərdabi, Cəlil Məmmədquluzadə, Sabir hamısının mübarizəsi nə idi? “Oxu! Söz işıqdır!” Çünki maarifçilər bilirdilər ki, kitabı olmayan millət kor bir gəmi kimidir ümidlərlə üzür, amma istiqaməti yoxdur. Səmavi dinlərin hamısında bir həqiqət var: Allah sözlə danışır, kitabla tanıdır, hikmətlə yönləndirir. İlk əmri xatırla: “İqra!” – “Oxu!”. Deməli dinin də başlanğıcı kitabdır. Niyə? Çünki kitab yalnız məlumat vermir insanı dəyişdirir. Peyğəmbərlərin işi nə idi?, Milləti dəyişdirmək?, Dünyanı islah etmək?, Əxlaqı möhkəmləndirmək?, Bütün bunların aləti nə idi? KİTAB. Deməli kitabı olmayan insan təkcə dünyasını yox, axirətini də qaranlıqda qoyur.
Kitabsız insan: Gözü var amma görünəni görür, görünməyəni yox. Qulağı var amma səsi eşidir, hikməti yox. Dili var amma danışır, dərk etmir. Beyni var amma düşünmür, reaksiya verir. Ruhu var amma susuz bir çiçək kimidir
Kitab insana: Düşünmə gücü verir fəlsəfi qat. Daxili güc və empatiya verir psixoloji qat. Mədəniyyətin yaddaşını verir tarixi qat. Mənanın özünü verir dini qat
Kitabsız yaşamaq kor olmaqdır, çünki həyatın işığını görməyəcəksən. Kitabsız yaşamaq kar olmaqdır, çünki min illərin səsini eşitməyəcəksən. Kitabsız yaşamaq dilsiz olmaqdır, çünki dünyaya deyəcək sözün olmayacaq. Kitab oxumaq isə insanın özünü yenidən yaratmasıdır.
Barışmıram. Barışa bilmirəm. O bizi tərk etməməliydi; işığını bizdən, daimi oxucularından əsirgəməməliydi. Özü boyda nəhəng bir boşluqla üz-üzə qoymamalıydı bizi; ki, hər dəfə Ədəbiyyat meydanına girəndə, arın-arxayın olaydıq: burda Rafiq Tağı var… İmzasını görüb oxumamaq mümkünsüzdü Rafiqi; çün bilirdin, qaranlıqları çalıb-çapıb, necəsə-hardansa bir işıq effekti yapacaq, işıq qoyub-gedəcək özündən sonra. Heyf, heyf, heyf…
Özü özünü yandırıb, həyatına son qoydu Rafiq Tağı; bizi, dostlarını, yaxınlarını, Rafiqsevərləri də yandırıb-yaxdı. Videoda həyatsevər səsini, nurlu sifətini görüb, hədsiz sevinmiş: nadanlığa qarşı bu şəkildə candan keçməyə dəyərmi? – deyə, hələ onu qınamışdım da. Zənn edirdim, şəfa tapıb durandan sonra bu şərhə də baxıb, adəti ürək genişliyi ilə mənimlə sanki razılaşacaq: təbii ki, dəyməz!; amma “əmma”sını qoyub, gedib yenə də öz bildiyini edəcəkdi; yəni düşündüyünü yazacaq, yazdığına da qane olacaqdı. Hələ bir az da özümə, yazıçı Rafiq Tağını qaragüruhdan qorumağa çalışan dostlara acıqlanmışdım; düşünürdüm ki: daha bəsdir, biz Rafiqin yanlış radikal çıxışlarına qarşı sərt olmalı; nə olsun ki, onu anlayırdıq, kəskin tənqidini verməliyik ki, bəlkə ayıla və qaragüruha bir daha yaxa verməyə… Heyhat, sonrası yoxmuş, olmayacaqmış…
Ağlım kəsəli, Ruhların diriliyinə inanmışam; O indi bizi görür və nə qədər doğru-yanlış olduğumuzun hesabını aparır, özünəxas rişxəndləmi, ya nə bilim necəsə… Düşünürəm, bəlkə də böyük Sabirin ruhu narahat oldu və onu çəkib-apardı; yazığı gəldi hər dəfə, hər dəfə qaragüruha bihudə güc-enerji-ürək xərcləyən Rafiq Tağıya; qınamağa nə var, – dedi, – bax budur: işıqlı-sivil, neqativini udub da pozitiv bildiyin sevgili millətin!; can əritməyinə heç dəyməz, ona olsa-olsa bax burdan, uzaqdan, Əbədiyyət yüksəkliyindən baxmaq gərəkdir…
Çox ağrılıdır, Mirzə Fətəlidən beləsinə yüz əlli ildən də artıqdır biz nadanlığın əlində əsir-yesirik, amma maarifçilikdən də heç əl çəkmək istəmirik; guya qələm işlədisə, problemi qaldırdısa, həlli də buyur, hazır-nazır peyda olasıdır… Hanı?, “həlli” əvəzinə nadanlıqdan amansız zərbələr yeyirik həmişə; hadisəni ilk oxuyanda içim göynəmişdi; vay-vay-vay, bu da biz, günün günorta çağı nadan bir cinayətin qurbanı olan canımız; millətə-cəmiyyətə-demokratiyaya-mədəniyyətə utanc gətirən bir durum… Yəni doğrudan da mı, üstündən yüz il keçir, biz yenə də haman-haman, müsibəti-müsəlmanan deyilənlər olaraq qalırıq… Məgər bu nadanlıq elə o nadanlıqdırmı?; bəlkə də daha artıq; Rafiq Tağı bizi qlobal sivilizəyə çağırırdı; məgər görmürükmü, bəşəriyyət artdıqca nadanlıq da heç əskilmir… Qlobal nadanlığa qarşı bəs bu tərzdə can sipər etməyə dəyərdimi, əziz dost? Bir yazıçının edə biləcəyi nə çox ki; məgər o qiymətsiz hekayələrinin dadı-duzu-acısı-zəhəri azmı gəlirdi Sənə?!
Bütün bu müşküllər barəsində biz yol boyu, bir avtomobilə sığışmış dörd ədəbiyyat həmkarı yana-yana həsb-hal edir, öcəşir; qarlı-tufanlı gündə, irəlidə, son mənzilə ağır-ağır yol açan dostumuzun cənazəsi ardınca çatmağa, itməməyə çalışırdıq. Rafiq son müsahibələrindən birində demişdi ki, Allaha ayətollalardan da yaxındır; bilmirəm, kimdən-necə, amma bu dəm əmin idik ki: o indi, həqiqətən də, Allahına ən yaxın yerdə, onun himayəsindəydi, biz isə başımızı itirmişdik; bilmirdik, haçan-necə ona çatacaqdıq… Mənimcə: o qəfil qarlı-qışlı gün də bir nişanəydi; Allahın göndərdiyiydi, Yasamal təpələrini tutmuşdu; qəbrin nurla dolsun, Rafiq Tağı, son mənzilə yolda belə bizi sınağa çəkdin; hər kəs sən gedən yolları gedə bilərmi-ya?!
Ölümündən dərhal sonra, bir neçə sayt Rafiq Tağının “Qatilə didaktika dərsləri” hekayəsini dərc etdi; hətta Kultaz üç il əvvəl yazılmış hekayədə Rafiqin ölümünə necə diqqət yetirdiyini də qabartdı. Halbuki son onilin hekayələrinə də həssas olsaq, qatil obrazının yazıçı üçün ən maraqlı tədqiq predmeti olduğunu görərik (hələ 2005-də çıxmış “Gənc qraf Kenterberiyski” kitabına baxmaq da bəs elər). Heç nədən nəsə olmur ki; ölüm var, ölüm haqdır; hər kəs ölümünü nədəsə görür, necəsə təsəvvür, ya fəhm edir, o da ola Rafiq Tağı kimi intuisiya sahibi… Görünür, o ölümü onu ən çox hədələyən qatil obrazında görürmüş; bir diqqət etsəniz, ona qarşı necə həssasdır, onu anlamağa, qınamamağa çalışır… Rafiq həyatı tamlıqda, bütünlüyü ilə, az qala sadistcəsinə sevdiyi üçün, görünür, bunu onun əlindən alanın başqa bir mücəssəmini görmürdü; kimdir axı qatil? – ölümü diktə edən, həyata son qoyan; axx, Rafiq Tağı, həyata qarşı maksimalist olduğu kimi, ölümünü də sevə bilirmiş…
Gerçəklərdən yazsa da, modern olmağı, növbənöv üsullarla oxucunu maraqlandırmağı sevirdi; son hekayələrində qrotesk, təxəyyül oyunu, fikir yükü getdikcə artırdı, posmodern texnikaya meyl duyulurdu… Bütün bunlar barədə hələ yazmağa hazırlaşırdım; Oxu zalı üçün qələmə aldığım hekayə icmalının modern hissəsini Rafiq Tağının hekayələrindən başlayasıydım… Vaxtilə üç yaradıcılıq oçerki yazmışdım barəsində; üstəlik, elə nəsr icmalı olmazdı ki, Rafiqsiz ötüşsün. Hər dəfə də zəng edib, sadə bir səmimiyyətlə, hələ bir az da üstünə qoya-qoya minnətdarlıq etməyi borc bilirdi; Rafiq ədəbiyyat adamı idi, bilirdi ki, ədəbiyyatda iki fikir hesabdakı qədər üst-üstə düşə bilməz, bir az o istəyən kimi, bir az mən deyən kimi, yazdıqlarının tam adekvat anlaşılmasını gözləmirdi də… Suçla deyirdim: sənin hekayələrin haqqında hələ yazılmalıdır; doğrudan da, nə yazılıb axı Rafiq Tağı imzasının bədii dəyəri haqqında?; razılığını duysam da, üstündən çox tez keçir, söhbəti ümumi Ədəbiyyat məsələlərinə çəkirdi…
Düşünürəm, həyatda nə az görüşmüşdük belə; vaxtilə yolüstü, sözləşib bir-birimizə qəzet-kitab ötürmək üçün, daha sonra ara-sıra ədəbiyyat dostlarının tədbir və məclislərində, vəssalam. Amma həmişə yaxında, yaxın idik elə bil axı. Demə, bizi bir an belə səngimək bilməyən Ədəbiyyat sevgisi birləşdirirmiş; və bir də telefon bağlantıları… Həmişə də o zəng edərdi; dərin emosionallıqla salamlaşar, “nə var, nə yox”a keçərdik, dərhal beynimizdə ötən söhbətimizdə qaldığımız ədəbi proses nöqtəsi canlanar, dəxli yoxdur: günlərmi-həftəmi-aymı ötsün, beləsinə çözə-çözə gələrdik… Xəbəri aldığım andan heç cür xatırlaya bilmirəm, son dəfə nə vaxt, hansı tədbirdə görüşdüyümüzü; aymı, iki aymı əvvəl idi: son bir neçə, vacib bildiyi kitab təqdimatında məni görməyib, narahat olmuşdu: dedim, bəlkə bir şey olub… – qulağımda o səsdir, hələ də durur… Elə bilmişəm və xoşbəxliyimdi ki: indi də elə bilirəm Rafiq Tağı həmişə baqidir, var olandır; bax indi qəfil uşaqlar deyəcək: ata, Rafiq Tağıdır; və məmnun-məmnun durub gedəcəyəm telefona, son Ədəbiyyatın hesabatını verməyə…
Eheyy, Rafiq Tağı, hardasan? Görürsənmi, hələ də polemikamız bitməyib, hələ də barışmıram səninlə; sən ölümə yaxa verməməliydin, sən burda olmalıydın; həyat dolu idi sənin içində: istədiyim qədər yaşayacağam, – demişdin bir söhbətində. Yəni istədiyin bu idimi; yəni doğrudan da mı vədə yetişmiş, sadəcə biz duymamışdıq… Əcəb, olduğun yerlərdən necəsə, hansı üsullasa bizə səslənəsən!; bir az da acı-şirin ironiya qatıb, səninlə xoş ünsiyyətdən doğmuş bu növ onlarla yazılara nöqtə qoyasan: məgər mən yoxammı?, məgər hər gün- hər gün ürcah olduğunuz həyat və ədəbiyyat fənalıqları içrə mənim yerimi-izimi-payımı görmürsüzmü; məgər bu, bitən sevdadırmı? – və heç nə olmayıbmış kimi, başlayasan durduğun yerdən polemikanı davam etdirməyi…
61 yaşın tamamında qısa təbrik göndərmişdim ünvanına; Rafiq Tağının Ədəbiyyatımızda təkrarsız yeri var: həm hekayələri ilə, həm də bilavasitə Yazıçı şəxsiyyəti, fiquru ilə… – təxminən belə. Hekayələrin bəlli, qadir və ölümsüzdürlər; mən son günlər böyük bir ordu qələm sahiblərinin, xüsusən də gənclərin həyəcanı-sevgisi- aram bilməyən yazılarının fonunda canlı Səni gördüm; bilavasitə ünsiyyət və rəftarınla, Yazıçı adına fədakarlığınla, həqiqət aşiqliyinlə Ədəbiyyatın sanki ayaqlar altda qaldığı, sayılmadığı, məhəl qoyulmadığı bir mühitdə Örnək yarada bilmişdin Sən! Canlı Ədəbiyyat mücəssəmi…
Azərbaycan xalqının bu yurda bəxş etdiyi saysız -hesabsız qəhrəmanları var. Bu qəhrəmanlar hər zaman tarixin vərəqlərindən boylanıb, könüllərdə yer alıb. Ürəklərdə öz xüsusi yeri olan igidlərimizdən biri də Təhmasib Mehdiyevdir .O, 1969-cu il oktyabr ayının 4-də Füzuli rayonunun Yuxarı Yağlıvənd kəndində dünyaya göz açmışdır. Sadə, zəhmətkeş bir ailənin övladı da uşaq yaşlarından zəhmətə qatılaşmışdır . Təhmasib ilk orta təhsilini öz kəndlərində alır və məktəbi bitirdikdən sonra Füzuli rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə yola salınır. Hərbi xidmətdə olduğu müddətdə əsgər yoldaşları ilə birgə hərbi sirlərə dərindən yiyələnir . Hərbi xidmətini başa vurduqdan sonra Təhmasib kəndlərinə geri dönür və burada öz zəhməti ilə hamının hörmətini qazanır. Onun mərdliyi, dürüstlüyü, səmimiyyəti xalq arasında onu sevdirir. Qarabağ torpağı üzərindən qara buludlar keçməyə başlayanda Təhmasib də düşmənə qarşı yeni yaradılan batalyon dəstələrindən birinə könüllü olaraq qatılır. Cəbhədə özünə məxsus tüfəngi ilə döyüşməyə başlayır. Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edir. Onun ilk döyüş yolu Veysəlli kəndində “Çartaz çaxır” zavodu deyilən ərazidə keçirilən döyüş əməliyyatları olur. Daha sonralar isə Qaradağlı, Köşbək əməliyyatlarında fəal iştirak edir. Divanalılar, Haça Gədik uğrunda gedən qızğın döyüşlərdə ağır yaralanan Təhmasib Bakı şəhərində yerləşən Papanin hospitalına yerləşdirilir . Daha sonra isə Sabunçu xəstəxanasında müalicəsi davam etdirilir. Müalicə aldığı müddətdə Vətəni öz canından çox sevən igidimiz qolu sarıqlı halda yenidən cəbhə xəttinə döyüşməyə yollanır. Onu bu yoldan heç kim saxlaya bilməzdi. Çünki 1992-ci il 15 avqust 814 saylı batalyon dəstəsinin ən çətin günləri idi. Ölümün gözünə dik baxaraq mübarizə aparan igidlərimiz Təhmasibin gözləri önündə şəhid, qazi olurdular.
Onun son döyüş yolu 1994-cü ildə başda Horadiz olmaqla 22 kəndin azadlığı uğrunda gedən döyüşlər oldu. O,1994-cü ildə Atəşkəs sülh müqaviləsi bağlandıqdan sonra ordudan təxris olunur. Təhmasib Mehdiyev otuz ildən çox vətən həsrəti ilə yaşayır . O, vətəni hər şeydən öndə tuturdu, çox sevirdi. İkinci Qarabağ döyüşləri başlayır və Təhmasib Mehdiyev də səngərdə döyüşən oğullarımızın yanında olur. Onlara hər zaman yardımlar edir, dəstək olur. Düşmənə bir an da əyilməyən igidimiz amansız xərçəng xəstəliyinə tutulur və ona yenik düşərək 2 oktyabr 2025-ci ildə dünyasını dəyişir . Otuz ildən sonra işğaldan azad olunmuş, üzərində döyüşdüyü, böyüyüb boya -başa çatdığı doğma Yağlıvənd kəndində dəfn olunub. Allah rəhmət eləsin.
Bütün ömrü boyu mükəmməllik axtarışında olub və detallara olan diqqəti ilə seçilib. Fitrətdən gələn təbii analitik bacarıqlara malik idi.
Hər bir vəziyyəti dərinliklə təhlil edir, ən yaxşı qərarı qəbul etməyi bacarırdı. Həm də çalışqan və məsuliyyətli adamdı. Hər zaman öz üzərlərinə düşən vəzifələri yerinə yetirmək üçün səy göstərirdi. O, eyni zmanda təşkilatçılıq qabiliyyəti ilə tanınırdı. Həyatda nizam-intizamı sevir və hər şeyi müəyyən bir qayda ilə etməyə səy göstərirdi. Ətraflarında baş verən hadisələrin fərqinə varır və bunları diqqətlə nəzərdən keçirirdi. Bu da onun həm işdə, həm də şəxsi həyatda uğurlu edirdi…
Müsahibələrinin birində deyirdi ki:- “Bir dəfə rəhmətlik Vaqif İbrahimoğlu tamaşadan sonra fikrimizi soruşdu. Dedim, Vaqif müəllim, bir gün siz dünyada olmayanda yolunuzu davam etdirən, anladığınızı, həyata keçirmək istədiyinizi bilməyəcək. Və siz əcaib bir teatrın əsasını qoymuş olacaqsız. Çox bəsit dünya görüşünə malik insanlar da o yoldan istifadə edib özlərini rejissor, aktyor kimi qələmə verəcəklər. Siz bunu bilib edirsiz, onlar bilmədən edəcəklər. Alim Qasımovu misal çəkə bilərəm. O, əlnən-qolnan oxuyur, ürəkdən oxuyur, halda oxuyur, başqası da Alimə baxıb onu təqlid edir, amma əslində o deyil. Qərb ədəbiyyatına münasibət də elədir. Məsələn, Rəsul Rza sərbəst şeir yazırdı. Oxuyanda görürsən ki, şeirdə hər şey qaydasındadır, şeir onda belə gəlir, quraşdırmır. Başqa misallar da var. Amma ondan sonra yazan bir çox şair qurub-düzəldib. Yəni, yaradıcılıq adamın içindən gəlməlidir…”
O, problemləri tez bir zamanda müəyyənləşdirə və bu problemləri həll etmək üçün effektiv yollar tapa bilirdi. Həmçinin, səmimi və etibarlı dost idi. Başqalarına kömək etməkdən xoşlanır və bu səbəbdən də etibarlı məsləhətçi kimi tanınırdı. Onun özünütəkmilləşdirmə və öyrənmə arzusu böyükdü. Yeni biliklər əldə etmək və öz bacarıqlarını inkişaf etdirmək üçün daim çalışırdı. Onun özünəməxsus dünyagörüşü vardı…
“Günlərin bir günü müştərilərin arasına çıxdım, bəyəndilər. Mənə təklif elədilər ki, meyxana yarışında münsif olum, amma razılaşmadım, dedim meyxanaçılarla bacarmaram. Bir müddət sonra Xırdalan məscidinin axundu Azər Sami yenidən zəng vurdu, dedi, əruzu bu xalqa yenidən çatdırmaq üçün sən lazımsan. Beləliklə, mən razılaşdım. Fikirləşdim ki, gənclərə qəzəli yenidən təqdim edim. Və mən efirdə qəzəl deyəndən sonra, sevilməyə başladım…”- söyləyirdi.
Ciddi və ləyaqətli adam idi. Təvazökarlıq onun xarakterinin ən gözəl xüsusiyyətiydi. Çox gözəl davranış qaydaları vardı. Özünü məclislərdə və cəmiyyət qarşısında alicənab kimi aparırdı.
Onu aldatmaq mümkün deyildi. Yalanı, qeyri-səmimiliyi sevmirdi. Onun xoşuna gəlmək üçün hisslərlə yox, ağılla hərəkət etmək lazım gəlirdi…
…Ədəbi fəaliyyətə erkən yaşlarından başlayıb. İlk şeiri 1987-ci ildə 1991-ci ildə, on doqquz yaşında ikən “Azərbaycan Gəncləri” qəzetində çap olunub. Bakıda və Abşeron yarmadasında fəaliyyət göstərən müxtəlif ədəbi məclislərin, o cümlədən “Füzuli” və “Məcməüş-şüəra” məclislərinin üzvü olub. Mütəmadi olaraq dövrü mətbuatda- “Azərbaycan Gəncləri”, “Kaspi”, “İki sahil”, “Yol”, “Olaylar”, “Ədəbiyyat qəzeti”, “Tək səbir”, “Nəbz”, “Şəhriyar” və başqa qəzetlərdə, o cümlədən “Hikmət”, “Kəlam”, “Ulduz”, “Karvan”, “Azərbaycan” jurnallarında bədii əsərləri və müxtəlif mövzulu məqalələri ilə çıxış edib. 2003-cü ildə Təbrizdə keçirilən “Şeri-tənz” beynəlxalq şeir müsabiqəsinin qalibi olub. 2010-cu ildə Urmiyyədə keçirilən “Rəzəvi” beynəlxalq şeir festivalının qalibi seçilib, 2011-ci ildən 2016-cı ilə qədər həmin festivalın türkdilli şeir üzrə münsifi, 2018–2019-cu illərdə isə 1-ci və 2-ci “Nəsimi- Şeir, incəsənət, mənəviyyat” festivalı çərçivəsində “Nəsimi məclisi” və “Bir qəzəlin şərhi” proyektlərinin müəllifi və aparıcısı olub. Şeirləri xarici dillərə tərcümə edilib və müxtəlif ölkələrin mətbuatında çap olunub. Yeddi kitab müəllifidir və bir sıra tərcümələri var…
Deyirdi ki:- “Əruz da muğam kimi şah sarayından gəlmədir. Həmişə yüksək yerdə olub, xalqın yanında olmayıb. Füzuli xalqın yanında oldu nə gün gördü, amma Bahar Şirvanini Nəsrəddin Şah ailəsi ilə birgə saraya dəvət etdi, onun üçün maaş kəsdi. Əruz elitar şeirdir. Mənə elə gəlir, müasir gənclər iki qola bölünüb. Bir tərəf ifrat dərəcədə Qərbə meyllidir, digər tərəf də Şərqə meyllidir, amma utanır, özünü göstərmək istəmir, gizlənir. Sanki “Bizə ikinci dərəcəli şair kimi baxırsız” deyə onlar da görünmürlər. Sizə deyim ki, eyni şeyi mən də öz üzərimdə hiss eləmişəm, mənə də nə vaxtsa ikinci dərəcəli şair kimi baxıblar. Bu gün artıq diqqət var, dünənə qədər yox idi. Mən düşünürəm ki, əruza münasibət dəyişəcək…”
Onun mükəmməllik axtarışı, bəzən həddindən artıq sərt olmasına səbəb olurdu. Qüsurlara çox diqqət yetirirdi. Bundan əlavə, o, həyatdakı cılız insanlarla barışa bilmirdi. Bu da onda narahatlıq və stres yaradırdı. Riski xoşlamırdı və həmişə çalışırdı ki, riskli məsələlərdən uzaq olsun…
“İrfani məclislər Azərbaycanda həmişə olub. Bu məclisləri adətən dünya ilə əlaqəsi olan tacirlər, imkanlı adamlar keçiriblər. Çünki həm məclis təşkil etməlidir, həm gələn şairlərə, müğənnilərə müəyyən məbləğ ödəməlidir. Sovet dövründə qarşısı alındığı üçün Qumri məclisləri keçirilirdi. Camaat evlərə yığılıb Qumrinin şeirlərini oxuyurdu. Onun İmam Hüseyn haqqında iki külliyyatı var. Bakıda, Lənkəranda möminlər bu məclisləri təşkil edib Qumrinin mərsiyələrini oxuyurdular. Bu məclislər irfani məclisin oxşarı idi. İndi bəzi yerlərdə irfani məclislər bərpa olunub. Məqsəd nədir? Bir neçə saatlıq dünya və dünyada olanlardan azad olub dincəlməkdir.”- söyləyirdi.
Xülasə, ARİF BUZOVNALI dərin adam idi. Ariflik, müdriklik, məzmun, ağayanəlik onun alın yazısıydı. Bəli, təfəkkürün inkişafında təhsilin rolu olsa da, kökü İlahidən gəlir. Hətta alimin də təfəkkürü zəifdirsə Allahı, dünyanı dərk edə bilməz. Nəsimi deyirdi ki:
“Ey könül, həqq səndədir, həqq səndədir,
Söylə həqqi kim, ənəlhəq səndədir,
Nuri-mütləq, zati-mütləq səndədir.
Müshəfin hərfi mühəqqəq səndədir…”
Allah öz rəhmətini ondan əsirgəməsin! Yeri cənnət olsun!