Şəhid Murad Musayevin xatirəsinə həsr olunur

Zirvəyə ucalan ömür
(Şəhid Murad Musayevin xatirəsinə həsr olunur)
Anamgilin ailəsi, yəni nənə-babam 1948-ci ildə deportasiya edilərək Qərbi Azərbaycan torpaqlarından Bərdənin İmirli kəndinə köçürülüblər. Bulaq suyutək saf ürəkli, qohumcanlı, qonaqpərvər, həlim xasiyyətli anam bu yaxınlarda böyüyüb boya-başa çatdığı doğma ata ocağına – Bərdə şəhəri İmirli kəndinə səfər edib. Hal-əhval tutmaq üçün tez-tez  telefonla zəngləşirik. Növbəti danışıqlardan birində səsindən hiss etdim ki, kövrəlib. Səbəbini soruşmayıb mövzunu dərhal dəyişdim ki, özünü toparlasın. Amma başa düşdüm ki, danışa bilməyəcək, qəhər onu boğur. Zəngi sonlandırıb tez sağollaşmaq istəyir. Sözü uzatmağın mənası yox idi, uyğun vaxtda zəng etmədiyimin fərqində idim. Sonradan öyrəndim ki, anamın duyğulanıb kövrəkləşməsinin səbəbi, dünyasını dəyişən valideynlərinin – nənə-babamın, Qarabağ savaşı şəhidləri, qohum-əqrəbalarının məzarını ziyarətdən gəlməsi imiş. Hər birinə Allah rəhmət eləsin!
İmirli kəndindən I və II Qarabağ müharibəsində iştirak edən xeyli sayda şəhid olan igidlər var: Abbasov Rəhman İsmi oğlu, Məmmədov Əsgər İsmayıl oğlu, Calalov İlqar Salman oğlu, Musayev Murad Polad oğlu.
Bu şəhidlərə məxsus məzar daş-torpağı kənd camaatının daimi ziyarətgahına çevrilib, həmin şəhidlər kəndin VƏTƏN məbədgahı simvolu hesab olunaraq mütəmadi yad edilirlər.
Biz bu məqalədə İmirli kəndindən II Qarabağ savaşında haqq dünyasına qovuşan şəhid Musayev Murad Polad oğlunun ömür yoluna işıq salacağıq.
Belə bir deyim var: Süleymana qalmayan dünya heç kəsə qalmayacaq. Ölümü hər kəs dadacaqdır. Amma şəhidlərin məzarı nisbi anlayışdır, çünki onlar Murad Musayev kimi xalqın ölümsüzləşən qəhrəmanına çevrilirlər!

Hər şey bu dünyada gəldi–gedərdir,
Yalnız igidlikdir əbədi qalan.
Yalnız qəhrəmanlar, yalnız mərdlərdir,
Zamanın fövqünə qalxıb ucalan (X.R.Ulutürk).

27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən İkinci Qarabağ savaşında Murad Polad oğlu Musayev Füzulinin azad edilməsi uğrunda döyüşlərdə iştirak edib, müharibənin ilk şəhidlərindən olub, 19 yaşında şəhidlik zirvəsinə yüksəlib. Qanında, ruh dünyasında mərdlik, qorxmazlıq, cəsarət, vətənpərvərlik hissi olan şəhid Murad Musayev Azərbaycana sevgisini, torpaq uğrunda can vermək amalını gənclik illərinin başlanğıcında əzmlə yerinə yetirdi, dillərdə dastan oldu.
“Ohanyan səddi”nin yarılması uğrunda gərgin döyüş əməliyyatı zamanı qəhrəmanlıq göstərən Murad Musayev şəhidliyindən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Şəhidin I Qarabağ savaşında döyüşlərdə iştirak etmiş atası, qazi Polad Musayev oğlunun Vətən uğrunda göstərdiyi şücaətini həmişə qürurla dilə gətirir.

Dağlardan tökülür köhlən şəlalə,
Şəlalə – dağların mərd övladıdır.
İldırım – buludun, tufan – dənizin,
Cəsarət – kişinin istedadır! (X.R.Ulutürk)

Bilirik ki, dünya fanidir! Bir bayatıda deyildiyi kimi;

Əzizim axar gedər,
Şimşəklər çaxar gedər,
Dünya bir pəncərədir,
Hər gələn baxar gedər.

Şəhid Murad Musayev bu pəncərədən sıradan biri kimi baxıb keçməklə kifayətlənmədi, o xalqı üçün dünyaya gəldi, adını qəhrəmanlıq dastanının səhifəsində igid oğul kimi ölümsüzlüyə, unudulmazlığa  yazdırdı!

Anadan bir kərə doğulmaq azdır,
Yetişib xalq üçün doğulmaq gərək.
Təpələr yanında dağ olmaq azdır,
Dağlar cərgəsində dağ olmaq gərək (X.R.Ulutürk).

Yollar çoxdur: ömür yolu, yaradıcılıq yolu, həyat yolu, şərəf yolu və s. Murad Musayevin tutduğu yol şərəfli oldu – ŞƏHİDLİK! O, vətənin müqəddəsliyini izah etmək üçün elə yol seçdi, şəhadətə elə şücaətlə yüksəldi ki, İmirli kənd camaatı, qohumları, qonşuları, bir sözlə – hamı onu uca, ali qəbul edir. 
Muradın ulu babaları Qərbi Azərbaycan torpaqlarının Dərələyəz mahalından Bərdə şəhəri İmirli kəndinə deportasiya olunublar. Şəhidin ulu babaları Şərur-Dərələyəz qəzasında Andranikin qoşunları ilə qəhrəmancasına vuruşan Çivə taborunun iştirakçılarından olub. Şəhidin atası Polad Musayev I Qarabağ müharibəsində iştirak edib, yaralanıb, qazidir. Onun anası isə Kəlbəcərdən məcburi köçkün düşüb. Murad həmişə ailəsində böyüklərindən Vətən mövzusunda söhbətlər eşidib, vətənpərvər ruhda tərbiyə alıb, ermənilərin tarixi torpaqlarımız olan Qərbi Azərbaycanı, Qarabağı işğal etməsini qəbul edə bilməyib, erməni qəsbkarlarına uşaqlıqdan qisas, nifrət hissi ilə böyümüşdü. Muradtək qeyrətli oğul təkcə valideynlərinin itkisi sayılmaz, bütöv elin dərdi hesab olunur. Xalq onun kimi cəsur igidləri ilə fəxr edir. Vətənimizin hər daşı, hər qayasının məhz onun kimi qeyrətli oğullara ehtiyacı var. Bir şeirdə yazıldığı kimi: “Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim” (M.Araz). Doğrudur ki, Vətən üçün mərd oğul kimi seçilmişlərdən olmaq asan deyil! Şəhid Murad Musayev də bu yurdun müqəddəsliyini yaşının az vaxtında dərk etməyi bacaran böyük ürək sahibi imiş. Hələ azyaşlı şagird ikən, Rəhman Abbasov adına İmirli kənd orta məktəbində oxuduğu ibtidai sinif illərində müəlliminin ona ünvanladığı “Sən böyüyəndə kim olmaq istəyirsən?” sualına – “Mən şəhid olmaq istəyirəm” – deyərək Murad cavab vermiş, bəxtini, tale yolunu bu sözlərlə yazmışdı əvvəldən sanki.
Şəhidin öz əsgər kitabçasında yazdığı şeir parçasını təqdim edir və şəhidin qarlı günlərdə cəsur döyüşçü yolu keçməsini öz dəsti-xətti ilə izah edirik:

Nə qar bitər, nə boran
Nə döşək var, nə yorğan
Əldə silah postda duran
Əsgərlərin sağlığına!

Uşaqlıqdan Vətənə, Bayrağa xüsusi sevgisi vardı. Hələ 9 yaşı olanda Murad Musayev Milli qəhrəman Mübariz İbrahimovun şəhid olma xəbərinə sarsılmış, bu xəbər ona çox pis təsir etmişdi. Onun videolarına baxıb “Mübarizin qisasını mən alacağam, mən də onun kimi qəhrəman şəhid olacağam!” – deyə cavab vermişdi. Bu cür cəsur ürək sahibi olduğu üçün Muradın ruhuna, o cümlədən onu dünyaya gətirən cəsarətli, fədakar anaya ayaq üstündə alqış düşür!
Sən bu dünyanı cismən tərk edə bildin, lakin sən əbədisən, sən bütün nəslin, təhsil aldığın məktəbin, el-obanın, böyüdüyün İmirli kəndinin – bir sözlə, bütün Azərbaycanın fəxrisən! Səni dünyaya gətirən, sənə əxlaq, tərbiyə, vətən təəssübkeşliyi öyrədən ata və anan üçün qürur ünvanı oldun və bunu şəhadətin və şarafətinlə, qəhrəmanlıq və cəsurluğunla hamıya sübut etdin! Sən valideynlərinə, ailənə başıucalıq rəmzi oldun, hamı Səninlə qürur duyur! Sənin haqqında yazmaq, bir şəhidi qələmə almaq olduqca məsuliyyətlidir. Çünki sənin vətənpərvərliyini təhlil etmək üçün sözlər də, qələmin gücü də acizdir.
Həm bu ona görə çətindir ki, məqaləni oxuyan əzizlərinin yaralarını qanatmaq istəməzdik. Amma bir şəhidi yad etmək vacibdir və bu, hər birimizin mənəvi borcudur. Qoy səni böyüdən valideynlər bilsinlər ki, onların şücaətli oğlu Muradın qəhrəmanlığı təkcə doğma bir kəndin əhatəsində deyil, Azərbaycanın hər qarışında danışılır və danışılacaq! Başını dik tut, Arzu ana! Səhərini aydınlığa aç Polad ata! Qarabağ torpaqlarının azadlığı uğrunda yazılan qəhrəmanlıq salnaməsinin bir hissəsində Murad Musayevin imzası var! O, daim fəxr ünvanı kimi yad ediləcək, o, daim qürur yeri kimi anılacaq və ona daim rəhmətlər oxunacaq. O, dünya durduqca qəlblərdə və tarixin yaddaşında yaşayacaq! 

Müəllif: Yeganə QURBANOVA-XANLAROVA
Filologiya üzrə fəlsəfə doktoru, 
BDU-nun əməkdaşı

YEGANƏ QURBANOVA-XANLAROVANIN YAZILARI

Qibləyə dayanıb Şuşa qalası

Qibləyə dayanıb Şuşa qalası

Orduda bir istək, bir arzu vardı
Şuşa azad ola, özünə dönə.
Şəhidlər torpağı qanla suvardı,
Ruhunu əmanət etdilər sənə.

Səndə ocaqlar var, səndə pirlər var,
Kəramət üstündə bitmisən Şuşa.
Qoynunda o qədər gözəl yerlər var
Gözəllik içində itmisən Şuşa.

Həsrətin bir igid ömrü yaşadı,
Qaldıq torpağına, suyuna həsrət.
Düşmən talan etdi, səni daşıdı
İndi sevincini vətənə həsr et.

Qulaqlar məst olur Xanın səsindən,
Önündə baş əyir uca dağların.
Cümə məscidinin minarəsindən
Azan səsi gəlir namaz vaxtları.

Qədim türbələrin girib qol-qola
İsa bulağına dikib gözünü.
Mir Möhsün Nəvvabın ruhu şad olar
Gəzər başı üstdə Cıdır düzünün.

Çatdı muradına möhtəşəm arzu,
Natəvan bulağın könül açası.
Tökür dirsəyinə ovuc-ovuc su*
Qibləyə dayanıb Şuşa qalası.

  • Dəstəmaz almağı nəzərdə tutmuşam

Müəllif: Şahin Həmidi

Şahin Həmidinin yazıları

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Zəfərin mübarək, Azərbaycan əsgəri!

Zəfərin mübarək, Azərbaycan əsgəri!
Zəfərin mübarək, şəhid anası!
Zəfərin mübarək, ulu xalqım!
Zəfərin mübarək, Türk dünyası!
Qarşıda çox zəfərlər var hələ–
Həqiqətin zəfəri,
Ədalətin zəfəri,
Ləyaqətin, heysiyyətin zəfəri!
Darıxma, ürəyi min yerdən qırılan Vətən,
Şəhid-şəhid bütövlənən, sərhəd-sərhəd qurulan Vətən,
Sən nələr görmədin,
Nələr eşitmədin sən,
Zaman-zaman ümidindən asılan insanların göz yaşında boğulan Vətən,
Milyon kərə tikələnən,
Milyon kərə bütövlənən,
Dərdində, sərində yanıb kül olan,
sonra külündən bir də,bir də doğulan Vətən!
Darıxma, səbr elə,
Qarşıda çox zəfərlər var hələ!

Müəllif: Təranə DƏMİR,

AYB -nin və AJB-nin üzvü, şair -publisist.

I>>TƏRANƏ DƏMİRİN DİGƏR YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

ZƏFƏR NƏĞMƏSİ

ZƏFƏR NƏĞMƏSİ

8 noyabr Zəfər günü

Əzizdir Vətənin hər bir obası,
Düzləri, çölləri, hündür qayası.
Torpağın üstündə kəndlər, şəhərlər,
Yurdu qorumağa vardır ərənlər.

Torpaqlar neçə il əsirtək qaldı,
Köçkünlər hər yerdə məskənlər saldı.
İllərlə pozuldu kef-əhvalımız,
Ağrı-acılara dözdü xalqımız.

Şükr Azərbaycan qalxdı ayağa,
Yerini göstərdi yersiz qonağa.
Qovdu düşmənləri, səs-səda saldı,
Zəfər nəğməsini ürəklə çaldı.

Əsir torpaqları geriyə aldıq,
Düşmən üzərində qələbə çaldıq.
Şəhid ruhları da rahat dolaşır,
Bu oğuz yurduna zəfər yaraşır.

Dünya özü mat qalıbdır bu işə,
Sıldırım qayadan alınıb Şuşa.
Oğuz kökündəndir onların qanı,
Vətənçün verərlər hər biri canı.

,,YAŞMA”-nın sorağı yayılıb elə,
Hər cəsur oğulu düşübdür dilə.
Onlar bu zəfəri qanla aldılar,
Şəhid anaları göynəyir hələ.

Cəngi sədaları yayılsın elə,
Gözəl Şuşamızda himn çalınsın.
Daha göz yaşları bir də axmasın,
Doğmaların ürəyini yaxmasın.

Tarix yazan oğulları var olsun,
Şəhidləri Cənnətində uyusun.
Çiçəklənsin gündən-günə bu Vətən,
Xain əllər qoy dibindən qurusun.

Qorqud nəsihəti gəlir yaddaşa,
İndi torpaqları əkək, becərək.
Vətəni qoruyaq xain gözlərdən,
Heç zaman düşmənə aman verməyək.

Şərqin günəşisən can Azərbaycan,
Türk -türkə can deyib qoy eşitsin can.
Dağ kimi söykənin biri-birinizə,
İndi də güclənsin o Böyük Turan.

Müəllif: Həqiqət ŞAMİLLİ

HƏQİQƏT ŞAMİLLİNİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

DUYĞULARIN YÜRÜŞÜ – VƏFA BAĞIRZADƏ YARADICILIĞINDA EMOSİYANIN MUSİQİYƏ ÇEVRİLİŞİ

DUYĞULARIN YÜRÜŞÜ – VƏFA BAĞIRZADƏ YARADICILIĞINDA EMOSİYANIN MUSİQİYƏ ÇEVRİLİŞİ

ALTMIŞ DOQQUZUNCU YAZI

(Vəfa Bağırzadənin “Duyğuların yürüşükonsert pyesini fleyta və orkestrin ifasında dinləyərkən)

Musiqi, insan qəlbinin sükut içində danışan dilidir. Mən bu qənaətə ilk dəfə illər öncə Elza İbrahimovanın qəlbi riqqətə gətirən həzin melodiyalarını dinlədikdən sonra gəlmişdim. Elza xanımın yanıqlı bəstələri məni həmişə (bu gün də) düşünməyə vadar edib: insan qəlbini belə riqqətə gətirən, ruhunu coşduran, duyğularını oyadan hansı səbəblərdir (mühitdir)? Bəzən bir səs, bir titrək not, bir nəfəs qədər incə harmoniya bütün bir duyğular selini ifadə edə bilir. Tanınmış gənc Azərbaycan bəstəkarı Vəfa Bağırzadənin “Duyğuların yürüşü” əsəri də məhz bu sükutun içində danışan, dinləyicini düşüncə və hiss dünyasında səyahətə aparan bir musiqi tablosudur.

Haşiyə:

Bəstəkar: Vəfa Bağırzadə
Çıxış edir: Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri.
Bədii rəhbər və baş dirijor: Azərbaycan Respublikasının xalq artisti Teymur Göyçayev
Solist: Nəzrin Əmirli (fleyta)

Bu əsər Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında səslənərkən, hər bir səs milli musiqi düşüncəsinin incəliyini, eyni zamanda müasir bədii təfəkkürün dinamikasını özündə birləşdirir. Orkestrin bədii rəhbəri və baş dirijoru, Azərbaycan Respublikasının xalq artisti Teymur Göyçayev, əsərin ruhunu dərinliklə duyaraq, onu həm texniki, həm də emosional baxımdan kamil səviyyəyə çatdırır. Solist Nəzrin Əmirlinin fleyta ifası isə bu kompozisiyaya incə bir nəfəs, şəffaf bir işıq qatır. Fleytanın tənha, bəzən titrək, bəzən ümidli səsi – sanki duyğuların öz yürüşünü, hisslərin insan ruhunda keçdiyi yolları səsləndirir.

“Duyğuların yürüşü” – sadəcə musiqi parçası deyil, həyatın emosional ritmlərindən yoğrulmuş poetik bir etirafdır. Vəfa Bağırzadə bu əsərdə insanın daxili aləmini notlara köçürərək, sevinc, kədər, təlatüm, arzu və sükunət kimi halları bir-birinə bağlayır. Bəstəkarın melodik dili həm klassik ənənələrdən qaynaqlanır, həm də çağdaş musiqi düşüncəsinə açıqdır. Bu sintez onun yaradıcılığında milli və bəşəri ruhun vəhdətini nümayiş etdirir. Vəfa xanım özü “525-ci qəzet “ə verdiyi müsahibədə bu çuğlaşmanı belə dəyərləndirir: “Çalışıram Qərb və Şərq musiqi elementlərini bir araya gətirim…” (yaşıl rəngli yazılarıın üzərinə toxunub müsahibəni tam oxumaq olar) Əslində isə o, təkcə Şərq və Qərbi deyil, eləcə də keçmişlə gələcəyi məcmu halında müasir dinləyicilərə təqdim edir. Onun yaratdığı həzin melodiyalar eyni ilə Elza İbrahimovanın yanıqlı bəstələri kimi insanın ruh halının portretini, duyğularının rəsmini gözlər önündə canlandırır. Düşüncənin ən dərin qatlarına sirayət edir. Qəlblərimizi riqqətə gətirir. Düşündürür.

Əsərin strukturunda dramatik inkişaf xətti aydın hiss olunur – musiqi əvvəlcə sakit bir axınla başlayır, tədricən güclənir, duyğuların toqquşduğu, emosiyaların bir-birinə qarışdığı zirvəyə yüksəlir və sonra yenidən sakitlik – daxili barış halına qayıdır. Bu dramaturji gedişat, sanki insan ruhunun gündəlik həyatdakı eniş-yoxuşlarının musiqi təcəssümüdür.

Vəfa Bağırzadə musiqisində qadın duyğusallığı, incə estetik baxış və intellektual dərinlik bir araya gəlir. Onun əsərlərində sanki musiqi – danışan, düşünən və hiss edən canlı varlığa çevrilir. “Duyğuların yürüşü” də məhz bu baxımdan müasir Azərbaycan bəstəkarlığının zərif və mənəvi dərinliyə malik nümunələrindən biridir.

Bu musiqi əsəri dinləyiciyə təkcə zövq yox, həm də düşüncə verir. O, ruhun “sözsüz monoloqu”dur. Hər kəs bu əsəri dinləyərkən öz iç dünyasında bir səfərə çıxır – kimisi keçmiş xatirələrinə dönür, kimisi gələcək arzularını düşünür, kimisi isə sadəcə musiqinin sehrinə qapılıb sükutun dincliyinə dalır.

Qısa arayış:

Vəfa Bağırzadə 1990-cı ilin 29 oktyabr tarixində Lənkəran şəhərində anadan olub. İlk musiqi təhsilini Fikrət Əmirov adına 6 saylı Uşaq İncəsənət məktəbi və Xan Şuşinski adına Ağdam Muğam musiqi məktəbində alıb. 2007-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin fortepiano şöbəsinə daxil olub. Kolleci bitirdikdən sonra 2012-ci ildə Azərbaycan Milli Konservatoriyasının bəstəkarlıq ixtisası üzrə bakalavr pilləsinə, 2017-ci ildə isə həmin ixtisas üzrə magistr pilləsinə qəbul olub.

2020-ci ildə musiqi sahəsindəki uğurlu fəaliyyətinə görə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin fəal gənci” mükafatına layiq görülüb.

2022-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul olunub.

Beynəlxalq və respublika müsabiqələri laureatı, “Gənclər mükafatı” laureatıdır.
Üzeyir Hacıbəylinin ev-muzeyinin ekspozisiya və kütləvi işlər şöbəsinin müdiri vəzifəsində çalışıb.

Vəfa Bağırzadə – müasir Azərbaycan musiqisində fərdi üslubu, səmimi ifadə dili və estetik baxışları ilə seçilən bəstəkardır. Onun “Duyğuların yürüşü” əsəri, həm musiqi sənətimizin bugünkü inkişaf mərhələsini, həm də qadın bəstəkar duyarlığının dərinliyini nümayiş etdirir.

Bu əsər, həm professional musiqi mühitində, həm də geniş dinləyici kütləsi arasında böyük maraq doğurur. O, sübut edir ki, Azərbaycan musiqisi bu gün də öz ruhunu, dəyərlərini və bədii enerjisini qorumaqla yanaşı, dünya səviyyəli bədii ifadə formalarına sahibdir.

Xüsusi qeyd:

Sadəcə dinləmək lazımdır ki, mənim qeydlərimin Vəfa Bağırzadənin duyğularının kölgəsində itib-batdığına şahid olasınız. Dinləyin:

Vəfa xanıma yeni-yeni nailiyyətlər arzulayır, bir-birindən gözəl yeni bəstələr gözləyirik. Yolunuz açıq, uğurlarınız bol olsun, Vəfa xanım!

Müəllif: Zaur USTAC

“Yazarlar” jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü

ZAUR USTACIN DİGƏR YAZILARI

VƏFA BAĞIRZADƏ HAQQINDA