Azərbaycan nəsrində povest janrının parlaq örnəkləri var. Çox da keçmişə varmadan ötən əsrin altmışıncı illərindən üzübəri yola çıxsaq, İsa Hüseynovun “Teleqram”, Sabir Əhmədovun “Yamacda nişanə”, Çingiz Hüseynovun “Məhəmməd, Məmməd, Məmiş”, Əkrəm Əylislinin “Kür qırağının meşələri”, Anarın “Ağ liman”, Elçinin “Toyuğun diri qalması”, Yusif Səmədoğlunun “Astana”, İsi Məlikzadənin “Quyu”, Maqsud İbrahimbəyovun “Ondan yaxşı qardaş yox idi”, Rüstəm İbrahimbəyovun “Anın hökmü”, Sabir Azərinin “Ölə bilməyən adam”, Mövlud Süleymanlının “Şeytan”, Ramiz Rövşənin “Daş”, Seyran Səxavətin “Qapıların o üzündə qalan dünya”, Vaqif Nəsibin “Ceyrançöldə qara bayram”, Eldar Baxışın “Qaravun dərənin adamları”, Məmməd Orucun “Leylək körfəzi”, Dilsuzun “Yol”, Aqil Abbasın “Saçın ucun hörməzlər”, Afaq Məsudun “İzdiham”, Səfər Alışarlının “Gavur”, Əlabbasın “Köhnə kişi”, Nəriman Əbdülrəhmanlının “Dönəlgə”, Orxan Fikrətoğlunun “Şəkillər”, Murad Köhnəqalanın “Bulud pinəçisi”, Mübariz Örənin “Ağ buludlar”, Şərif Ağayarın “Kərpickəsən kişinin dastanı” povesti belə seçilən nümunələrdəndir. Şübhəsiz, bu cərgədə adı çəkilməyə layiq xeyli başqa əsər də var, mən sadəcə ilk yadıma düşənləri sadaladım. Üstəlik, hər yazıçıdan yalnız bir povest adı çəkdim, halbuki elə həmin müəlliflərdən bir qisminin barmaqla göstəriləsi povestləri burada sadalananlardan qat-qat çoxdur. Ümumiyyətlə, hesaba vursaq, nəsrimizdə yaxşı povestlərin sayı yaxşı hekayələrin də, yaxşı romanların da sayından xeyli artıqdır.
Yazar Etibar Həsənzadə Beynəlxalq Mükafata layiq görüldü
Prezident təqaüdçüsü Yazar Etibar Həsənzadə Caspian Events Groupun keçirdiyi Best of City layihəsi çərçivəsində Best of City Awards 2025 mükafatına layiq görülmüşdür. Layihənin iştirakçılarının mükafatlandırılma mərasimində Türk dünyasından Nüfuzlu iş adamları və müxtəlif sahələr üzrə peşəkarlar iştirak etdilər. Tədbirin məqsədi müxtəlif sahələrdə uğur qazanmış insanlar arasında yeni əlaqələr qurmaq və onları geniş ictimaiyyətə təqdim etməkdir. Bu platforma insanlara həm tanınmaq həm də yeni əlaqələr qurmaq imkanı yaradır.
Qeyd edək ki bundan daha öncə də Yazar Etibar Həsənzadə Caspian Events Groupun keçirdiyi İNTERNATİONAL STAR AWARDS mükafatlandırılma mərasimində İNTERNATİONAL STAR AWARDS mükafatına layiq görülmüşdür.Tədbirdə Etibar Həsənzadəni dəyərli dostu Ganjavi Holdingin Prezidenti Elşən Gəncəvi təmsil etmişdir. Etibar Həsənzadəyə Yeni yeni yaradıcılıq uğurları arzulayırıq.
Mirzə İbrahimov 1941-1946-cı illərdə Cənubi Azərbaycanda baş vermiş Milli hərəkatda iki statusda iştirak edirdi. Birinci, cənublu yazıçı və ziyalı, kommunist kimi, ikinci isə stalinçi bolşevik, beynəlxalq Kommunist hərəkatının əqidəli məxfi döyüşçüsü kimi. 1941-ci ildə onun cəmi 30 yaşı vardı, Bakıda Azərbaycanın Maarif komissarı vəzifəsini tuturdu. Onun bu fəaliyyətinin leqal tərəfləri öz publisistikasında, xüsusilə, 1946-1956-cı illərdə yazdıqlarında öz əksini tapmışdı. Lakin Mirzə İbrahimovun beynəlxalq Kommunist hərəkatının məxfi döyüşçüsü, İran Kommunist hərəkatının təəssübkeşi kimi fəaliyyəti hələ kifayət qədər işıqlanmayıb. Ədib özü ciddi konspirasiyaçı idi, öz siyasi fəaliyyətinin məxfi tərəflərini gizli saxlamağa çalışırdı.
Salam olsun, çox dəyərli oxucum! 25 noyabr 2025-ci il – təqvimdə bu günü özüm üçün “qızıl payız” günü kimi qeyd etmək istəyirəm. Köməyimə filologiya elmləri doktoru, professor, tanınmış şair Rafiq Yusifoğlunun şeirləri gəlir (oxuyun >>> Meşə ilə üz-üzəyəm və Payız). Bu mövzuda düşüncələrimi sizinlə bölüşürəm. Azərbaycan poeziyasında təbiət mövzuları özünəməxsus, xüsusi bir yer tutur. Poeziyamızın zəngin palitrasında payız ən çox müraciət edilən fəsillərdən biridir. Lakin hər bir şair payıza öz eşqi, öz nəfəsi, öz iç dünyasının yükü, daxili aləminin zənginliyilə baxır. Professor, filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Rafiq Yusifoğlunun payız lirikasında isə bu fəslin təkcə rəngləri deyil, həm də fəlsəfəsi, insan taleyi ilə bağlı dərin assosiasiyaları önə çıxır. Onun yaradıcılığında payız sadəcə “sarı yarpaq”, “kövrək külək” deyil — həyatın özüdür, taleyin ələyindən keçən ömrün anlarıdır, insanı öz iç dünyası ilə üz-üzə qoyan böyük bir sükut və səssiz ağrıdır. Bu baxımdan Rafiq Yusifoğlu payızı qızıl rənglərin zənginliyi ilə deyil, təsəvvür və duyğuların qızıl ağırlığı ilə təqdim edir. “Meşə ilə üz-üzəyəm” (oxu >>> Meşə ilə üz-üzəyəm) şeirində şair payız mənzərəsini xarici müşahidə kimi yox, daxili mənzərə kimi təqdim edir. Meşə onun üçün bir meditasiya məkanı, insanın öz vicdanı ilə üz-üzə qaldığı bir aynadır. “Ağac yanır diri-diri, Göz yaşları sarı, iri…” Bu misralar payızın vizual təsvirindən çox, ovqatın parçasıdır. Yarpaqların saralması şair üçün ağacın çəkdiyi ağrı kimidir — hər ayrılığın, hər dəyişimin bir iç yanğısı var. Zamanın “dəlik xəlbiri” isə həm payızı, həm də insan həyatını ələyir, seçir, saflaşdırır. Burada payız həm yol göstəricidir, həm də keçid nöqtəsi: “Üzü qışa gedən yolum Payızın içindən keçir…” Sanki insanın taleyi də belədir: hər ömür öz qışına — təcrübəyə, müdrikliyə, sükuta gedir və bu yol heç vaxt yazdan birbaşa keçmir. Mütləq bir payız yaşanmalıdır. “Payız” (oxu >>> Payız ) şeiri isə Rafiq Yusifoğlunun təbiətə olan poetik baxışının daha geniş, daha panoramik tablosunu verir: “Meşələr bir nəhəng aynaya dönər, Özündə əks edər payızı, yazı.” Təbiət aynadır — insan da özünü orada görür. Payız isə bu aynanın üzərinə bir az kədər, bir az müdriklik, bir az da keçicilik çəkir. Şairin “yarpaq əlləri” ifadəsi payıza insan toxunuşu gətirir:
“Yarpaq əllərini çiynimə qoyub, Elə bil sinəmə yeriyir payız.”
Yarpaq sanki şairin çiyninə əl qoyur, payız onu özününküləşdirir. Təbiətin şair övladı ana təbiətlə bir bütün halına gəlir. Bütövləşir. Payız insan ömrünün bir mərhələsinə, insan isə təbiətin bir parçasına çevrilir. Şairin obrazlı şəkildə təqdim etdiyi bu proses təbii olduğu qədər də ibrətamizdir. Bu, həm təsəlli, həm də xəbərdarlıqdır: hər dəyişimin nəfəsi soyuq olsa da, insanı yenidən düşünməyə vadar edir. Payız onun şeirində həm də səxavət fəsli kimi görünür: “Acgöz dələlərin yuxularına Gecələr sübhəcən qoz-fındıq yağar.” Şair meşəni bol nemətli, səxavətli təsvir edir. Təbiət bol bar verərkən başını aşağı salır, nemətlərini sağa-sola səxavətlə paylayarkən isə susur… Bu, Rafiq Yusifoğlunun payız lirikasını digər təbiət şairlərindən fərqləndirən mühüm cəhətdir. O, payızın bolluğunu da, kasadlığını (qıtlığını) da təntənəsiz, hay-küysüz, olduğu kimi göstərir. Həm birinci, həm də ikinci şeirdə payız insan varlığının rəmzidir. Bu fəsildə həyatın sirləri bir qədər daha aydın görünür. Yarpaqlar necə solursa, insan da zamanın ələyindən keçib saralır, lakin bütün bu dəyişikliklərin arxasında dərin bir hikmət dayanır. “Kim nə əkib, onu biçir…” — şair payızı taleyin güzgüsü kimi görür. Bu, həm Allahın ədalətinə inamdır, həm də həyat təcrübəsinin yekunudur. Payızın meşəyə düşən səsi isə həm musiqidir, həm də sükut: “Tazanə küləklər budaq simlərə Toxunar, kövrəlib oxuyar meşə…” Bu misralarda təbiətin öz orkestri var. Meşə sanki tar kimi çalınır, küləyin nəfəsi isə musiqinin gizli notudur. Beləliklə, payız təbiəti susdurmur, əksinə, onu başqa bir ahəngdə danışdırır. Rafiq Yusifoğlu yaradıcılığında payız — qocalmanın, tənəzzülün deyil, müdrikləşmənin, dərinləşmənin fəslidir. Onun şeirlərində payız həm iç dünyaya işıq salır, həm də ağlın, vicdanın yolunu işıqlandırır. Şair payızın qızılı rənglərinə qızıldan qiymətli məna çalarları yükləməyi bacarır. Bu məna yükü isə onun poeziyasını oxucu üçün həm doğma, həm də düşündürücü edir. Şair sənətkarlığı, poeziyanın gücü, sözün qüdrəti məhz belə məqamlarda ortaya çıxır. Rafiq Yusifoğlunun “qızıl payızı” həm ruhun sakitliyidir, həm də həyatın necə gözəl, eyni zamanda necə keçici və necə dəyərli olduğunu xatırladan poetik bir nəfəsdir (mücərrəd reallıqdır). Bir sözlə ibrətamizdir.
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Rafiq Yusifoğlu yaradıcılığında bütün mövzulara yanaşma özünəməxsusluğu ilə seçilir. Ustada can sağlığı və uzun ömür arzulayıram! Hələlik, dəyərli oxucular.
I Gün doğarkən səmanın çəkildi göy pərdəsi, Açıldı boz dumandan uca Kirsin zirvəsi. Sıldırım qayaların qoynunda sübh oyandı, Şuşa bir çələng kimi rəngdən-rəngə boyandı. Hava bir az mülayim gül ətirli yaz kimi, Ötdü gur şəlalələr hərəsi bir saz kimi. Köhnə qala divarı don vurmuş bir ürəklə, Baxdı Cıdır düzünə gümüşü bir küləklə. Ətdən divar hörülüb düşmən gələn tərəfə, Qaranquş qanadı tək əsgərlər durub səfə. Köhnə evlərin üstə gülümsəyir daş izlər, Nəfəsimizdən duyur bizi meşələr, düzlər. Qızılı səhər şehi, dağdan axan işıqlar, Bir vaxt dastan deyərdi bu yerlərdə aşıqlar… Bu torpaq yuxu kimi illərlə əsir qalmış, Həsrətin dərinliyi indi tamam azalmış. Oldu, bəli, otuz il yurdum düşdü dumana, Kölgəsiz günəş yoxdur gecəni tanıyana… Şuşanın qəlbi atır indi şəfəq qatında, Xarıbülbül titrəyir təzə qarın altında.
II Noyabrın nəfəsi, azadlığın havası, Şuşa susqun dayanıb, ürəyində yarası. Hər ev bir yuxu kimi, hər pəncərə hikmətli, Hər daşında tarix var, hər sükutu xəlvətli. Düşmən qorxu içində, yuxusunda sayıqlar, Qarabağ oğulları yuxu bilməz – ayıqlar. Səngərlərdə pıçıltı: “Bu gün çətindən çətin!” “– Türk gəlir… bu sükut da gələn o fəlakətin!” Bütün Qarabağ boyu dalğalanır bir nəfəs, Qan rəngi alıb torpaq, təravətli bir həvəs… Sıldırım qayalarda əsgər hazır dayanmış, Şuşa azad olacaq – xalq zəfərə oyanmış!
III Yurdu cəngə səsləyir atların kişnəməsi, İgid döşü titrəyir, dağlara dəyir səsi! Dumanları yararaq şimşək kimi axanlar, Bayrağı qucaqlamış zirvəyə şığıyanlar! Köpüklü nəfəs kimi qarışır torpaq daşa, Addım-addım qayıdır azadlığına Şuşa. Güllə səsi, atəş var, tüstü, odlar-alovlar, Hər addımda bir tarix ölər, biri doğular. Hər qayada iz açır mərdlərin polad əli, Xocalının alınır on qatdan çox bədəli… Şuşa özü vuruşur elə bil igidlərlə, Əl-ələ verib qalxır min illik təpə, dərə. Düşmənin son ümidi son dəfə dəyir daşa, “Duma”nın binasından asır bayrağı Yaşar! Bayraqım dalğalanır, zirvələrdə ucalır… Mavi, qırmızı, yaşıl… – Vətən burdan güc alr. Dağlara düşür nida: “Şuşa azaddır!”- deyir, Bu çığlıqla oyanır yuxusundan Üzeyir… Gurlar səs: “Qarabağ Azərbaycandır, nida!”, Ali Baş Komandanın səsi verir əks-səda…
IV Ey zirvəsi buludla baş-başa duran şəhər, Sənə doğur bu günəş, sənə açılır səhər! Ey igidlər, Şəhidlər, Qarabağ ulduzları, Şəhidliyizdən keçdi bu xalqın arzuları. Düşmənin qabağında dayandınız mərd, mətin, Möhtəşəm dastanını siz yazdız ədalətin. Ey Şuşa, ərənlərin alınmaz qalan olsun! Səni qoruyan ruha əbədi salam olsun! Hər qarış torpağında Xarıbülbül boy atsın! Qəhrəmanlar adıyla nəsil artsın, soy artsın! Qarabağın incisi, nurdan taclı sirdaşı, Türkün gözəl Şuşası – qız-gəlinin göz yaşı. Artıq səni islatmaz – yağmaz üstünə tamah, Səni sevir azadlıq, səni qoruyur sabah!
25.11.2025
Müəllif: Ailə NƏZƏR Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru
2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən üç il ötür. Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Beləliklə, Kəlbəcər və Laçın rayonları, Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan mərhələli şəkildə Azərbaycana təhvil verildi. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.
Kəlbəcərdə erməni vəhşiliyinin izləri
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunmuşdu. İşğal nəticəsində 511 dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və itkin düşmüşdü.
İşğalçılar onlarla tarixi-mədəniyyət abidəsini, 97 məktəbi, 9 uşaq bağçasını, 116 kitabxananı, 43 klubu, 42 mədəniyyət evini, tarix-diyarşünaslıq muzeyini, 9 xəstəxananı, 75 tibb məntəqəsini, 23 ambulatoriyanı, 9 apteki, yüzlərlə inzibati binanı, minlərlə evi, çoxlu sayda texnikanı talan edib, dağıdıb və rayonun milyardlarla manatlıq sərvətini Ermənistana daşıyıblar.
Kəlbəcərdə erməni vəhşiliyinin izləri hər addımda görünür. Dağıntı və talanlar həm işğal dövründə, həm də 2020-ci ildə ermənilər rayondan çıxarkən davam etdirilib. İşğaldan azad olunan Kəlbəcərə səfər edən Prezident İlham Əliyev bu barədə danışarkən deyib: “Baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar”.
Kəlbəcərdə üçrəngli bayrağımızın ucaldığı tarixi gün
İkinci Qarabağ müharibəsinin ilk günlərində Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunmuşdu. Murov dağının ərazisində və ətraf yerlərdə şiddətli döyüşlər nəticəsində strateji yüksəkliklərin götürülməsi həmin istiqamətdə erməni silahlı qüvvələrinin hərəkətlərini böyük dərəcədə məhdudlaşdırmağa imkan yaratdı. Əks-hücum əməliyyatının tərkib hissəsi olan bu əməliyyatların gedişində Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edildi, amma əksər hissəsi Ermənistan kapitulyasiya aktına imza atandan sonra azadlığına qovuşdu.
2021-ci il avqustun 16-da Prezident İlham Əliyev Kəlbəcər şəhərində Dövlət Bayrağını ucaltdı və çıxışında bu tarixi hadisənin əhəmiyyətindən bəhs edərək dedi: “Ermənilər 30 il ərzində bizim torpaqlarımızı ancaq istismar edirdi, təbii sərvətləri talayırdı, evləri dağıdırdı, sökürdü. Sonra da deyirdi ki, bura erməni torpağıdır. Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar – bu torpaqların sahibləri qayıtmışıq. Düşməni torpağımızdan qovaraq, düşmən ordusunu məhv edərək, qəhrəmanlıq, fədakarlıq göstərərək qayıtmışıq”.
Kəlbəcər zəngin təbii sərvətləri və gözəl təbiəti olan diyardır. Rayonun əlverişli relyefi, saf dağ iqlimi, mineral suları, o cümlədən Yuxarı İstisu, Aşağı İstisu kimi müalicəvi təsirə malik mineral su yataqları burada turizmin inkişafı üçün geniş imkanlar yaradır.
Kəlbəcər həm də turistlərdə maraq yarada biləcək bir çox tarixi abidələrlə zəngindir. Burada 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərin yadigarlarıdır.
Kəlbəcərə yenidən həyat qayıdır
Otuz il əvvəl məcburi köçkünə çevrilərək respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmış kəlbəcərlilər doğma yurda qayıdacaqları günü gözləyirlər. Bu məqsədlə işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də geniş miqyaslı bərpa-quruculuq işləri aparılır. Həmin layihələr sırasında Toğanalı-Kəlbəcər avtomobil yolunun inşası xüsusi əhəmiyyət kəsb edir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən bu yolunun layihə uzunluğu 80,7 kilometrdir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın 2021-ci ilin avqustun 16-da Kəlbəcər rayonuna səfəri zamanı Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində – Murovdağda inşa olunacaq tunelin təməli qoyulub. Səfər çərçivəsində 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı olub. Həmçinin Kəlbəcər-Laçın avtomobil yolu üzərində 3,4 kilometr uzunluğundakı tunelin tikintisinə start verilib.
Ötən il iyunun 26-da Azərbaycan Prezidenti Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak edib, Kəlbəcər şəhərinin Baş planı ilə tanış olub.
Həmin gün Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, rayondakı su istehsalı zavodunun, İstisu sanatoriyasının təməli qoyulub.
Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxış edən Müzəffər Ali Baş Komandan İlham Əliyev bu tədbirin xüsusi məna daşıdığını vurğulayıb: “Bu gün bu hərbi hissənin açılması bir daha göstərir ki, biz istədiyimizə nail olacağıq – Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik. Artıq bu proses başlamışdır və ilk növbədə, bu bölgədə – Qarabağda və Şərqi Zəngəzurda bizim hərbi gücümüz daim möhkəm olmalıdır. Ona görə bugünkü mərasim xüsusi məna daşıyır, rəmzi məna daşıyır”.
Kəlbəcər rayonunda tikintisi gedən mühüm infrastruktur obyektlərindən biri də “İstisu” sanatoriyasıdır. Təməlqoyma mərasimində Azərbaycan Prezidentinin də iştirak etdiyi İstisu qəsəbəsində yeni gözəl mehmanxana və müalicə mərkəzi yaradılır.
Azərbaycan Prezidenti İlham Əliyev bu il mayın 27-də Kəlbəcər rayonuna səfəri çərçivəsində hərbi hospitalın, “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyalarının açılışlarında, yaşayış məhəlləsinin və 960 şagird yerlik məktəbin, həmçinin Yanşaq və Zallar kəndlərinin təməlqoyma mərasimlərində iştirak edib.
Bu il avqustun 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna daha bir səfər ediblər. Səfər çərçivəsində bir neçə kiçik su elektrik stansiyasının açılışı olub, Zar kəndinin təməli qoyulub.
Göründüyü kimi, Kəlbəcər rayonunda aparılan nəhəng quruculuq işləri bu diyarın gözəl gələcəyindən, azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın uğurlu perspektivindən xəbər verir.
Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərlə ərazi bütövlüyümüzün bərpa olunması, işğaldan azad edilmişdir.