Təvəkkül Goruslu – Payız yağışı

PAYIZ YAĞIŞI

Dumanla yolları bağlama payız,
Səkini, doqqazı zığlama payız,
Sil gözün yaşını, ağlama payız,
Yağma üzərimə payız yağışı.

Özümə bəs edir özcə payızım,
Açdırmır butasın nəzir- niyazım,
Yağış islanmışın nəyinə lazım,
Yağma üzərimə payız yağışı.

Sisinlə göylərdən qopan kimisən,
Yurd- yuvan üstümdə tapan kimisən,
Guya ki, yerinə hopan kimisən,
Yağma üzərimə payız yağışı.

Bilirəm ömrümə yüz payız sığar,
Biçdiyin biçdirər, yığdığın yığar,
Demə ki, payızda yağış da yağar,
Yağma üzərimə payız yağışı.

Payız məhsul fəsli, evlər tikəndi,
Varını, barını önə tökəndi,
Yerdən qaldırmamış nə tez tükəndin…
Yağma üzərimə payız yağışı.

Noyabr 2025

Müəllif: Təvəkkül GORUSLU

TƏVƏKKÜL GORUSLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

Nigar Rəfibəylinin şeirləri


ANARA


Hicranın ağırdır, dözə bilmirəm,
O uca dağlardan en gəl, Anarım!
Körpə ayaqların yaman yorulub,
Sinəmin üstündə dincəl, Anarım.

Sənsiz nə gecəm var, nə də gündüzüm,
Sən gedəndən bəri gülməyib üzüm,
Gəl uzun kiprikli körpəcə quzum,
Anarım, Anarım, gözəl Anarım!

Sən ceyran gözlüsən, çatmaqaşlısan,
Tayın-tuşun yoxdur, yar-yoldaşlısan,
Bəlkə məndən ayrı gözü yaşlısan,
Olmuş bu ayrılıq əngəl, Anarım!

Dağların sinəsi lalə, bənövşə,
Yaylaqlar qonağı ol sən həmişə,
Qoyma bu daqlara bir xəzan düşə,
Tökülə yollara xəzəl, Anarım!


DURNA

Mən
yuxuda durna oluram
gecələr,
Çırpıb qanadlarımı
yerdən üzülürəm.
Geniş-geniş havalarda səf çəkən
Durnaların qatarında düzülürəm.
Uçuruq uça bildikcə,
Uçuruq diyar-diyar…
Uçuruq – qəlbimizdə
Torpaqdan aldığımız
Ən şirin,
Ən incə,
Ən sevimli arzular.

Uçuruq uça bildikcə…
Bizə həsrət qalan ellərə
Qanad salırıq,
Uca-uca dağların başında
Əylənib qonaq qalırıq.
Torpağın ətrini aparırıq
Ulduzların aləminə.
Həyat səsi qatırıq
Göydə soyuq-soyuq işıqlanan
ayın yalqızlıq qəminə.
Səhər
şəfəqlər oyadır məni.
Sevinə-sevinə durub
Qalxıram ayağa:
Sonra bütün günü
Nə həvəsim olur,
Nə macalım,
Bir də yerdən üzülüb
durna olmağa.


HƏBİBƏYƏ

Gənclik şəklimə baxdın
– Nə gözəldin, nə incəydin, – dedin.
Fikrə daldın. Gözlərin doldu.
– Niyə ağlayırsan, – dedim.
Şükür Allaha, ölməmişəm ki…
Dinmədin. Gözlərinin inci yaşı
Damla-damla töküldü
yanağından…
Anlayırdım, sən
gözəlliyin, incəliyin,
bir də əbədi olaraq
ötüb-keçən gəncliyin
ölümünə ağlayırdın…
13 aprel, 1963


DÜŞÜNCƏLƏR

Ağır düşüncələr içindəyəm
bu axşam,
Bilmirəm,
ömrümü düzmü,
əyrimi yaşamışam.
Ömür keçdi
axıb gedən sular kimi.
Əsib keçdi sevinclərim
bir qanadsız rüzgar kimi.
İndi ağır düşüncələr içindəyəm,
Bilmirəm
kiməm
nəyəm?
Ey mənim gəncliyimi xatırladan, təzə qız,
bu sözləri səninçün
yazır titrəyir əlim,
Yazır ki, sən heç zaman,
ey ağıllı gözəlim,
Olmayasan mənimtək
dünyada yapyalqız.
Saçına dən düşəndə
ömrünün budağından
bir yarpaq salmayasan.
Belə həzin axşamlar
ağır-ağır fikirlər
bəhrinə dalmayasan.


BAHAR NƏĞMƏSİ

Yaşıllanır çöllər, oyanır torpaq,
Bəzənir gəlintək hər dərə, hər dağ,
Ruhuma bir adət olur çırpınmaq.
Məhəbbətim səndə, könlüm səndədir,
Bahar nə nazəndə, nə nəzandədir.

Gah yoluna çıxdım, gah yola saldım,
Gah intizar çəkdim, həsrətdə qaldım.
Qışda sorağını uzaqdan aldım,
Dedim əmanətim, eşqim səndədir,
Bahar nə nazəndə, nə nəzandədir.

Xoş nəğmələr qoşdum sənin adına,
Saf bir nəfəs kimi çatdın dadıma.
Bir həzin axşamda düşsəm yadına
Bil ki, məhəbbətim, könlüm səndədir,
Bahar nə nazəndə, nə nəzandədir.

AYRILIQ

Mən ki, doymamışdım heç vüsalından,
Mənə zülm elədi yaman ayrılıq.
Nə olardı bir gün durub yuxudan
Görəydim ki, olub yalan ayrılıq…

Biz ki, bir ruh idik iki bədəndə,
O gülüb-sevinsə gülərdim mən də,
Vüsalın bülbülü uçub gedəndə,
Daş kimi gəlbimdə qalan ayrılıq.

Kim qıydı dostların bahar elinə?
Mehriban sözünə, şirin dilinə,
Cananın sazını alıb əlinə
Əğyar mizrabıyla çalan ayrılıq.

Mən görəndə orda yaz səhəriydi,
Xoş nəfəs baharın küləkləriydi,
Açılan ağ badam çiçəkləriydi,
İndi onlardımı solan, ayrılıq!

Gün çıxar, dağların əriyər qarı,
Pozulmaz dostların əhdi, ilqarı,
Keçər ürək dərdi, könül qubarı,
Gəl etmə meydanda cövlan, ayrılıq!


İSMAYIL ƏFƏNDIYEVIN XATIRƏSINƏ

Hərdən gülüşün düşür yadımaə
Hərdən gəmin, məlalın,
Hər şeyi sezə bilən,
Hər şeyə dözə bilən
Qəlbin, pərişan halın.
Sakit axan sular kimi
axıb getdin.
Dostlarının ürəyində ağrı buraxıb getdin.
Yenə gələcək bahar,
Yenə çiçək açacaq çəmən.
Budaqlardan sallanacaq
salxım-salxım yasəmən.
Quşlar
qatar-qatar
qürbətdən vətənə dönəcək.
Günəş yenə dənizdən doğacaq,
dağların dalında sönəcək.
Ağ göyərçin balası kimi
çırpınan kiçik qizin
sevgilisinin sinəsinə yaslanıb
isti göz yaşları
tökəcək səninçün.
Yanıb ağlayacaq
için-için.
Sonra həzin bir təbəssümlə
Qaldıracaq başını,
siləcək göz yaşını.
Yenə dünyada vüsal olacaq,
Olacaq acı hıcran.
Bircə sən dönməyəcəksən.
Dönməyəcəksən getdiyin əbədi yoldan…


QƏZƏL

Könlün yenə min dərdinə bir çarə tapılmaz,
Bir dərdimi ərz eyləyən ol yarə tapılmaz.

Axşam qızaran göylərə endikdə qaranlıq,
Könlüm evini yandıran odlarə tapılmaz.

Bir incə gülün, bir çiçəyin aşigiyəm mən,
Şərh eyləyən ol sirrimi dildarə tapılmaz.

Çıxdım gecələr seyrinə ahəstə o mahin,
Gördüm ürəyimtək alışan narə tapılmaz.

Aşiqlərə sordum, dedilər: ey qəmi-pünhan,
Gizlin yaradan ağrısı çox yarə tapılmaz.

Min tən eyləyib eşqinə öldürdü Nigarı,
Bilmirəm necə oldu, o gözü qarə, tapılmaz.


DƏNİZİN SƏSİ GƏLİR

Unutmaq istəyirəm xatirələri,
Dənizin səsi gəlir…
Unutmaq istəyirəm
Qəlbimin sınıq məhəbbətini,
İztirablı bir eşqin hekayətini.
Unutmaq istəyirəm
Acı-şirin xatirələri,
Dənizin səsi gəlir.
Dəniz, sevdalı dəniz,
Əfsanələr kimi şirin, xəyali dəniz,
Sevmişəm dalğalarında,
Günəşində yanmışam.
Qumlu sahillərini
Yalınayaq gəzib dolanmışam.
Məhəbbətim sənə bağlı, dəniz.
Sinəsi sinəm kimi
Hicran dağlı dəniz.
Unutmaq istəyirəm
Sahilində şirin yuxular kii keçən
Həzin axşamları,
Günəşli səhəri,
Unutmaq istəyirəm
Yandırıb-yaxan xatirələri,
Dənizin səsi gəlir…


DAĞLAR

Mən sizi bir daha görə bilməsəm,
Xatirəmi əziz saxlayın, dağlar,
Döşünüzdən lalə dərə bilməsəm,
Siz məni aranda yoxlayın, dağlar…
Uca başınızdan külək göndərin,
Məxmər döşünüzdən çiçək göndərin,
Buluddan bir bəyaz örpək göndərin,
Matəm yaylığını bağlayın, dağlar…
Mən ki, çox sevərdim dağ havasını,
Sevən ürəklərin xoş sevdasını,
Bir qərib gəlinin tutub yasını,
Dost üçün doyunca ağlayın, dağlar.


NEYLƏYİM

Ala gözlüm, səndən ayrı gecələr
Bir il kimi uzun olur neyləyim?
Bağçamızda qızılgüllər hər səhər
Tezdən açır, vaxtsız solur, neyləyim?

Nərgizlərin gözü yaşla dolanda,
Bənövşələr baxıb qəmgin olanda,
Gərənfilin gözü yolda qalanda
Yasəmən saçını yolur, neyləyim?

Əsən ruzgarın da yoxdur vəfası,
Düşmüşdür başına özgə sevdası.
Lalənin çırılıb qəmdən yaxası,
Saçları pərişan olur, neyləyim?

Bəlkə tez gələsən əlac verəsən,
Sünbülün saçını yığıb hörəsən,
Əlvan çiçəkləri özün dərəsən,
Gözləri yollarda qalır, neyləyim?

Çəkir çiçəklərin gözü intizar,
Ayrılıqdan betər dünyada nə var,
Bu bahar axşamı səni bax, Nigar
Həzin-həzin yada salır, neyləyim?

YAXŞI YOL

Yerdən gurultuyla qopub qalxan
Təyyarələrin dalınca
Baxa-baxa qaldım.
Uzaq dənizlərdə
Böyük gəmilərlə səni yola saldım.
Stansiyalardan ayrılıb gedən
Qatarların arxasınca
Kövrəlib ağladım.
Həmişə sabaha, vüsala
Ümid bağladım.
Havalar geniş,
Dəryalar dərin,
Nələr görür sənin işıqlı gözlərin…
Sən gəzməyi sevirsən,
Otu, çiçəyi sevirsən.
Şimşəkli, ildırımlı
Tufanları sevirsən;
Namuslu, mərd,
Alnıaçıq
İnsanları sevirsən;
Cənubda yaz yağışını sevirsən,
Şimalın garlı qışını sevirsən.
Küləyi, tufanları sevirsən;
Yaşıl budaqlı, ağ çiçəkli
Baharı sevirsən.
Yaxşı yol sənə,
Uğurlar olsun,
Hara gedirsən get,
Mənim dərya səbrimi qurtarma.
Hara gedirsən get,
Mənim Vətənə bağlı ürəyimi
Getdiyin uzaq yollara
Aparma, əzizim, aparma…


SƏNSİZ

Bir son bahar da düşdü
ömrümün təqvimindən,
Nə sənə məhəbbətim,
nə həsrətim azaldı.
Özüm də heç bilmirəm
niyə bir ömür boyu
Gözüm uzaq yollarda –
sənin yolunda qaldı.
Bir qocaman dağ olsan
səni vurub yıxardım.
Ürəyimdən ən incə
teli necə qopardım?
Dünyada gözəl də çox,
gözəl ürəklər də çox.
Şirin-şirin arzular,
incə diləklər də çox.
Bir sən oldun könlümün
yaxın dostu, həmdəmi.
Sən olmazsan tutmazdı
bəlkə əlim qələmi.
Sən olmazsan baharın
yazın ətri olmazdı.
Sən olmazsan bir dünya
sevinc belə çox azdı.
Baharın çiçəkləri
açıb solmasın sənsiz.
Ömrüm sənsiz olmasın,
şerim olmasın sənsiz.


MƏTBƏX ŞERLƏRİ

Qadın olmasaydım əgər,
Qazanların, qabların,
Nimçələrin, çömçələrin
aləmindən qaçardım,
Səhəri dəniz qırağında
qayaların üstündə açardım…
Ciyərlərim dolusu
nəfəs alardım dəniz havasıyla,
Baş-başa qalardım
Sahillərinin gözə görünməyən
səfasıyla.
Sinəmi açardım
səhər rüzgarına…
Həzin-həzin,
gilə-gilə
nəğmələr qoşardım
Abşeron dağlarına…
Ürəyim bu mətbəx aləmində
yaman darıxır,
Mən
Bir azca da şairəm axı.

II

Şeri gözələ yazarar,
Baharda yaz çiçəklərinə,
Payızda xəzələ yazarlar…
Hicran ağrısına,
Şirin vüsala yazarlar,
hüsn ­camala yazarlar…
Qazandan qalxan buxar,
Dızıldayan samovar,
Nədən şer olmasın?!
Nədən şer olmasın
Tərtəmiz su altında
Yuyulub
Ağapaq olan qablar?!
Biri şit sevir,
biri şor sevir,
Biri bişmiş,
biri çiy pomidor sevir…
Birinin yeməyi yağsız gərək,
Birinin xörəyi soğansız,
sarımsaqsız gərək…
Bütün günü yu, sil,
bişir, düşür,
Birinı qismətinə
yüksək masa arxasında oturmaq,
Birinin qismətinə
qab-qacaq yumaq düşür…
Nə zərər,
Bəzən yüksək məclislərdən
daha parlaq,
daha təmiz olur
Adi mətbəxlər…
Ocaqda soğan qovrulanda
göz qoymasam,
yanıb kül olar…
Xörəklərin də işi müşkül olar…
Ocaq qabağında
yanıb, yanıb
kül olan,
Könül aləmində
İşləri müşkül olan
aşpaza göz qoyan hanı?
Göz qoyun, göz qoyun –
Yanmasın
xörəklərə ləzzət berən soğanı…

III

Güllü bir bağça da şer ola bilər,
Adi bir mətbəx də…
Bir çiçək,
bir ocaq,
bir hisli qazan,
qalxıb çıxa bilər
Sənətin oturduğu taxta…
Şerin mövzuları
gəlməz saya –
Yalnız şair gözlərilə
Baxılarsa bu dünyaya…

IV

Bir kiçik mətbəx pəncərəsindən
İlin dörd fəslini görürəm…
Yayın, qışın
yazın, payızın əslini görürəm.
Baharda
Pəncərəm önündəki boylu-buxunlu
Qovaq ağacı
yavaş-yavaş puçurlayır,
yarpaqlayır,
yaşıl don geyinir.
Meh əsir, budaqlar
yavaşdan-yavaşdan deyinir…
Yay olanda yırğalanır
bütün cah-cəlalıyla,
Payız küləkləri girənda qoynuna
Saralır dərin gəmi, məlalıyla.
Sonra qış gəlir,
Ağac soyunur tamam…
Elə bil çılpaq qalır
Bərli-bəzəkli bir ilham…
Ağac, bu çılpaq halıyla,
Qəmi, məlalıyla
Sinə gərir ayazlara,
şaxtalara,
Sağ-salamat çıxmaq üçün
Əzablarla qözlədiyi
bir bahara…
Ürək geniş olarsa,
xəyal dərin olarsa,
Nə arzular ölər,
nə fikir sönər…
Könüldə bir işıq,
bir atəş varsa,
Balaca bir mətbəxdən də
böyük bir dünya
görünər…
1964


DAĞLARI DUMAN ALANDA

Dağları duman alanda,
Gözüm yollarda qalanda,
Yadıma sən düşəndə,
Gül yanağım solmasınmı?

Əsən yellər, əsən yellər
Sevgilimdən mənə xəbər.
Solanda narın çiçəklər
Gözüm yaşl dolmasınmı?

Bu yerlərdən keçməz oldum,
Dost, düşməni seçməz oldum,
Eşqimə and içməz oldum,
Könlüm xarab olmasınmı?

ƏLVİDA

Əlvida, otağım, mavi dənizim,
Əlvida, qumlarda görünən izim.
Yollara tökülən xəzəl, əlvida,
Soyuq təbiətli gözəl, əlvida.
Dənizdən xoş əsən həzin rüzgarım,
Sahilə düzülən qağayılarım,
Suda qanad açan yelkən, əlvida…
Sabah ayrılıram sizdən, əlvida…
Görüşə gələndə hər yay, hər payız
Sizi yenə belə xoşhal görəydim.
Dünya sevınc ilə dolaydı yalnız.
Hicran görməyəydim, vüsal görəydim.
Baltik dənizinın qumlu sahili,
Əlvida, xoş keçdi sizdə günlərim…
Bir başqa sahilə gedirəm indi,
Gözləyir həsrətlə məni Xəzərim.
Salamlayır səni, Baltik dənizi,
Dostluq salamıyla göygözlü Xəzər.
Dəniz də dostlaşar, çay da dostlaşar,
İnsanlar dünyada dost olsa əgər.

Müəllif: Nigar Rəfibəyi

Nigar Rəfibəylinin şeirləri

İlkin mənbə: Nigar Rəfibəyli

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu ənənəvi müsabiqəsinə başlayıb

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu ənənəvi müsabiqəsinə başlayıb Mir Cəlal adına V hekayə müsabiqəsi qələm sahiblərindən yeni işlər gözləyir.

Daha.az xəbər verir ki, 2026-cı il fevralın 1-dək davam edəcək müsabiqə həm peşəkar, həm də həvəskar yazarlara açıqdır. Hekayə müsabiqəsinin şərtləri bu dəfə də dəyişməz qalır.
Təqdim edilən işlər:

-Azərbaycan dilində yazılmalı,

-həcmi 1500 sözdən çox olmamalı,

-yeni olmalı, əvvəllər çap və ya elektron şəkildə yayılmamalı,

-müəlliflərin adı, soyadı, əlaqə məlumatı ilə birgə növbəti il fevralın 1-dək elektron şəkildə edibinevi@gmail.com ünvanına göndərilməlidir.

-hekayə mövzusu sərbəstdir.

Müsabiqəyə 2026-cü il aprelin sonunda yekun vurulacaq.

Mükafat fondu:

I yer üçün 3000 manat,

II yer üçün 2000 manat,

III yer üçün 1000 manat nəzərdə tutulub.

Qeyd edək ki, ilk dəfə 2017-ci ildə elan edilən Mir Cəlal adına hekayə müsabiqəsinə bu günə qədər iki mindən çox hekayə təqdim olunub.

Müsabiqə Azərbaycan ədəbi irsinin tədqiq və təbliği ilə məşğul olan “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu tərəfindən keçirilir.

Mənbə: Daha.az

Mir Cəlal adına V hekayə müsabiqəsi başladı

Sona Abbasəliqızı – İsmayılova – Atam


Atamı yuxuda gördüm bu gecə

Atam bir dağ idi gözümdə hər an,
Əlimi çiyninə qoyardım hərdən.
O, mənim ömrümün işığı idi,
İçində sızıltı duyardım hərdən.

Atamı ağlayan görmədim heç vaxt,
Bir dəfə demədi get dərdi oyat…
Qəm onu sıxdıqca, o, qəmi sıxdı,
İlahi, necə də çətindi həyat!

Başım ağrıyanda tez sığal çəkdi,
Qoymadı bir kərə ümidsiz qalım.
Ata olmayan ev soyuq bir çöldür,
Atamın iyini mən kimdən alım?

Atamı yuxuda gördüm bu gecə,
Gileyli-gileyli baxırdı mənə.
Elə bil yox imiş bu boyda adam,
Ey həyat, ey həyat, nə deyim sənə?

Yəqin məndən küsüb, yəqin inciyib,
Qəbrinin üstünə getmirəm deyə.
Neynim, vaxt tapmıram iş-güc əlindən,
Eləcə, əlimi açıram göyə.

Bir tikə çörəkçün əlləşir bu can,
Mümkünsə qızını bağışla, ata.
Sən mənim əbədi qaraçuxamsan,
Qoyma bu qəm gəlib sinəmdə yata.

Hər dua edəndə kədərlə dedim:
İlahi, sən mənim boynumu əymə!
Əzrayıl gələndə dilim tutuldu,
Deyə bilmədim ki, atama dəymə.

İndi nə atam var, nə də ki, anam,
İçimdə yüz arzum butasız qalıb.
Əcəl çox tez qıydı, köçüb getdilər,
Sona gör nə vaxtdı anasız qalıb.
Sona gör nə vaxtdı atasız qalıb…

Müəllif: SONA ABBASƏLİQIZI

SONA ABBASƏLİQIZININ YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsi təbrik edir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsinin təbriki

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Filologiya elmləri və pedaqogika üzrə Ekspert şurasının sədri, filologiya elmləri doktoru, professor, Əməkdar müəllim, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış alim və şair Mahirə Nağıqızı Hüseynovanın doğum günü qeyd olunur.

Professor Mahirə Hüseynova Azərbaycan dilçiliyi, pedaqogika və ədəbiyyat sahəsində apardığı dəyərli elmi tədqiqatları, çoxillik pedaqoji fəaliyyəti və zəngin ədəbi yaradıcılığı ilə tanınır. O, 40-dan artıq elmi əsərin – monoqrafiya, dərs vəsaiti, metodik göstəriş və proqramların, həmçinin 16 bədii kitabın müəllifidir. Onun 400-ə yaxın elmi və publisistik məqaləsi, haqqında yazılmış 300-dən çox məqalə ölkənin elmi və ədəbi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir.

Elm və təhsilin inkişafındakı xidmətlərinə görə professor Mahirə Hüseynova “Qızıl qələm”, “İlin alimi” media mükafatları ilə, eləcə də “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilmişdir. O həmçinin Dünya Söz Akademiyasının Rəyasət Heyətinin, Maxpirat adına Turan Elmlər Akademiyasının və Beynəlxalq Elmlər Akademiyasının Fəxri akademiki, Mamun Universitetinin, Özbəkistan Respublikası Daşkənd İqtisadiyyat və Pedaqogika Universitetinin və Cizzax Dövlət Pedaqoji Universitetinin, AMEA Dilçilik İnstitutunun Fəxri professorudur.

ADPU-nun Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova və professor-müəllim heyəti professor Mahirə Hüseynovanı doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və elmi-bədii yaradıcılığında yeni uğurlar arzulayır!

ADPU-nin Filologiya Fakültəsi

Dədə Ələsgər Ocağı İctimai Birliyi təbrik edir

Dədə Ələsgər Ocağı İctimai Birliyinin təbriki

Filologiya elmləri doktoru, professor Mahirə Nağıqızını 65 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirik!

Uzun illər elmin, təhsilin və milli-mənəvi dəyərlərin inkişafına verdiyiniz töhfələr, yetişdirdiyiniz tələbələr, yüksək ziyalılığınız və Azərbaycan qadınına xas zərifliyiniz Sizi həm elmi, həm də mənəvi cəhətdən örnək bir şəxsiyyətə çevirmişdir.

Dədə Ələsgər Ocağı İctimai Birliyi adından Sizə möhkəm can sağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları və elmi fəaliyyətinizdə daim uğurlar arzulayırıq.

Hörmətlə,
Dədə Ələsgər Ocağı İctimai Birliyi

Mahirə Nağıqızının doğum günüdür! – Təbrik edirik!

MAHİRƏ NAĞIQIZI – 65

Yazarlar cameəsi adından Prezident təqaüdçüsü, Əməkdar müəllim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, şair, ictimai xadim, filologiya elmləri doktoru, professor Mahirə Nağıqızı (Hüseynova)nı doğum günü, anadan olmasının 65 illik yubileyi münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Hörmətlə, Zaur Ustac,

Yazarlar jurnalının baş redaktoru,

MYK-nın icraçı katibi,

AYB və AJB-nin üzvü.

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru