Bu gün Atatürk Mərkəzində yazıçı-publisist Yunus Oğuza TÜRKSOY-un Onur nişanı təqdim olunub. Tədbirdə çıxış edən Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov bildirib ki, Yunus Oğuz təkcə yazıçı deyil, həm də şair, filosof, publisist və jurnalist kimi Azərbaycan ədəbi mühitində özünəməxsus yerə malik şəxsiyyətdir: “Yunus Oğuz ümumtürk təfəkkürünə sahib nadir yazıçılardandır. O, əsərlərində yalnız Azərbaycanı deyil, bütün türk dünyasını düşündürən mövzuları qələmə alır. Onun hər yeni kitabı məsuliyyət və vicdanla yazılmış bir əsərdir, hər cür mükafata və təqdirə layiqdir”
TÜRKSOY-un Baş katibi Sultan Raev Yunus Oğuzun yaradıcılığının türk mədəniyyətinə verdiyi töhfəni yüksək qiymətləndirib:
“Əziz dostlar, bu gün Atatürk Mərkəzində toplaşmaqdan qürur duyuram. Atatürk türk dünyası üçün simvoldur. TÜRKSOY olaraq iqtisadiyyatdan tutmuş dil, mədəniyyət və incəsənətə qədər bütün sahələrdə türk xalqlarının birliyinə çalışırıq. UNESCO ilə birgə iclaslarda da 300 milyonluq türk dünyasının dilinin beynəlxalq səviyyədə tanıdılması üçün fəaliyyət göstəririk.”
Sultan Raev əlavə edib ki, Yunus Oğuzun “Nadir Şah” və “Əmir Teymur” kimi tarixi əsərləri türk tarixinin yaşadılması, bu birliyin gücləndirilməsində mühüm rol oynayır:
“Yunus Oğuz bizim tariximizi, dəyərlərimizi yaşadan, keçmişi gələcəklə birləşdirən altun bir yazardır.”
Tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyinin katibi, əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli tədbir iştirakçılarını və qonaqları salamlayaraq, xüsusilə TÜRKSOY-un Baş katibi Sultan Raevin iştirakını yüksək dəyərləndirib:
“Hamınızı salamlayıram, Sultan bəy xoş gəlib. Bu gün münasibətilə Yunus bəyi ürəkdən təbrik edirəm. Onun TÜRKSOY-un “Onur nişanı” ilə təltif olunması böyük qürur hissidir.”
Yazıçı çıxışında həmçinin qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə təbriklərini çatdırıb və bu günün yalnız Azərbaycanın deyil, bütün türk dünyasının qələbə rəmzinə çevrildiyini vurğulayıb:
“Qarşıdan Zəfər Günü gəlir. 8 Noyabr təkcə Azərbaycanın deyil, bütün türk dünyasının bayramıdır. Bu gün türk birliyinin, qardaşlığının, həmrəyliyinin təntənəsidir.”
Elçin Hüseynbəyli çıxışını Yunus Oğuzun yaradıcılığının türk mədəniyyəti və ədəbiyyatı üçün əhəmiyyətini qeyd etməklə tamamlayıb, yazıçını təbrik edib və ona yeni yaradıcılıq uğurları arzulayıb.
Yunus Oğuzun TÜRKSOY-un “Onur nişanı” ilə təltif olunması Azərbaycan ədəbiyyatının, eləcə də ümumtürk mədəniyyətinin növbəti böyük uğuru kimi qiymətləndirilib.
Publisist, filologiya üzrə elmlər doktoru Abid Tahirli tədbirdə çıxış edərək, yazıçını səmimi təbrik edib. Abid Tahirli Yunus Oğuzun müasir Azərbaycan ədəbiyyatında və mətbuatında fəal mövqeyindən danışaraq onun yaradıcılığını yüksək qiymətləndirib: “Yunus Oğuz haqqında çox danışmaq olar. Çünki o, hər gün mətbuatda görünür, daim ictimai fikir məkanındadır. Onun romanlarının adlarını sadalamaq üçün bir neçə dəqiqə kifayət etməz. Bu, onun nə qədər məhsuldar və dinamik yaradıcılığa malik olduğunun göstəricisidir.” Filoloq qeyd edib ki, Yunus Oğuzun “Cığır” romanı ədəbi mühitdə geniş maraq doğurub və əsərin mövzu seçimi, bədii dili, təsvir və ifadə vasitələri ilə oxucular arasında xüsusi populyarlıq qazanıb: “Biz “Cığır” romanı ilə bağlı çoxlu müzakirələr aparmışıq. Yunus Oğuz tarixi faktları necə topladığını, onları necə bədii şəkildə təqdim etdiyini ustalıqla göstərir. Bu kitab həm ədəbi, həm də mənəvi baxımdan dəyərli əsərdir.”
Abid Tahirli həmçinin qarşıdan gələn Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib və TÜRKSOY-un Baş katibi Sultan Raevə də təşəkkürünü bildirib. O, təşkilatın türk xalqları arasında mədəni və ədəbi əlaqələrin inkişafına böyük töhfələr verdiyini vurğulayıb: “Bu 32 il ərzində TÜRKSOY-un çoxsaylı möhtəşəm tədbirləri keçirilib. Amma biz arzu edərdik ki, türk xalqlarının, o cümlədən Azərbaycan mühacirətinin ədəbi irsi, coğrafi və tarixi izləri bu istiqamətdə daha geniş şəkildə təqdim olunsun.”
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsin (keçmiş “Azərsu” ASC) mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu (Musayev) yazıçı Yunus Oğuzun fəaliyyətini yüksək qiymətləndirib. Ceyhun Musaoğlu bildirib ki, yaxşı jurnalist ilk növbədə “pozmağı” bacaran, nəyi yazmamağı dəqiq müəyyən edən peşəkardır. Onun sözlərinə görə, yazıçı isə yaratdığı cümlələrlə oxucunu öz tərəfinə çəkməyi bacarmalıdır. “Yazıçılıq həm pul qazanmaq, kapital toplamaq, həm də ədəbiyyata xidmət etməkdir. Elə yazıçılar var ki, sırf ədəbiyyata görə yazır. Yunus bəy də onlardan biridir. Yazdığı kitablarla milyonlarla gəlir əldə etmək olar, amma o, bunu ədəbiyyata, amala xidmət üçün edir”, – deyə Musaoğlu qeyd edib. O, Yunus Oğuzun xarakterinin və yaradıcılığa yanaşmasının onu digərlərindən fərqləndirdiyini vurğulayıb: “Yazıçılar həm də qeyri-adi insanlardır. İnsan xarakterinə uyğun yaşayır. Mən öz vətənimə minnətdaram ki, sizi yetişdirib.”
Sonda Sultan Raev mükafatı Yunus Oğuza təqdim edib. Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
UNESCO-dan TÜRKÇÜLÜKLƏ BAĞLI MÜHÜM QƏRAR 3 noyabr 2025-ci il tarixində Səmərqəndə UNESCO Baş Konfransının 43-cü sessiyasının qətnaməsi ilə qəbul edilmiş “15 dekabr – Türk Dili Ailəsi Gününün (World Turkic Language Family Day)” qeyd olunması ilə bağlı tədbir keçirilib.
5 noyabr tarixində Milli Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. Qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən bu tədbir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə baş tutan yubiley mərasiminin məntiqi davamıdır. Professor Kərim Tahirov Azərbaycan Milli Elmlər Akademiyası ilə Milli Kitabxana arasında çox sıx elmi və mədəni əlaqələrin mövcud olduğunu söyləyib.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın 80 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasında yüksək səviyyədə təşkil olunan kitab sərgisinə görə AMEA-nın oxucuları və kollektivi adından Milli Kitabxananın direktoru, professor Kərim Tahirova təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Muzaffer Şeker və Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti, akademik Roin Metreveli Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylini təbrik edərək, Akademiyanın gələcək fəaliyyətində yeni uğurlar arzulayıblar.
Tədbir çərçivəsində Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazılanan “Azərbaycan Milli Elmlər Akademiyası- 80” adlı Elektron məlumat bazasının və virtual sərginin təqdimatı olub.
Sonda qonaqlar bu tarixi və əlamətdar gün ilə əlaqədar açılan “Azərbaycan Milli Elmlər Akademiyası- 80” adlı ənənəvi kitab sərgisi ilə tanış olublar.
Mənbə və ətraflı: https://www.millikitabxana.az/news/milli-kitabxanada-amea-nin–80-illik-yubileyi
Şanlı Zəfərin beş illiyinə QƏLƏBƏ DASTANI (esse) Qələbə təkcə savaş meydanında qazanılan üstünlük deyil. Qələbə bir xalqın ruhunun ayaqda qalması, tarixinin unudulmaması, keçmişindən aldığı güclə gələcəyini qurmasıdır. Qələbə şəhid qanı ilə yoğrulan torpağın yenidən nəfəs alması, əsrlərlə sinəsində köz kimi qoruduğu haqqın gün işığına çıxmasıdır. Azərbaycan xalqı tarix boyu yalnız torpaq uğrunda deyil, haqq uğrunda savaşmış xalqdır. Bu torpağın daşında Babəkin üsyankar ruhu, Nəsiminin həqiqət sevgisi, Xətainin dövlət ağlı, Koroğlunun mərdliyi yaşayır. Zaman dəyişib, əsrlər ötüb, amma xalqın ruhu dəyişməyib. Çünki millətin gücü silahında yox, mənəviyyatında olur. Bu xalq heç zaman zülmə baş əymədi. Babəklər yurdunun hürr övladları əsarətə boyun əyə bilməzdi və əymədi. Nəsimi həqiqəti canından üstün tutdu. Xətai dövlət qurdu, söz yaratdı, kimlik yaratdı. O böyük ruhlar bir millətin qan yaddaşına çevrildi. Hər yeni doğulan övlad özündən əvvəlkilərin irsini daşıdı. Elə buna görə Azərbaycan əsgəri savaş meydanında heç zaman tək olmayıb. Ulu əcdadın müdrik və döyüşkən ruhu daim bu müqəddəs yolda onunla qoşa addımlayıb. Qələbə dastanını birlikdə yazıb. Qələbəyə gedən yol asan olmadı. Hər qələbənin arxasında göz yaşı var, səbir var, inam var. Vətən sevgisi yalnız dildə deyil, əməldə sınanır. Hər əsgər bir ailənin ümidi, bir ananın duası, bir xalqın güvən yeri idi. Onlar Vətən deyəndə sadəcə xəritədə görünən sərhədləri düşünmürdülər. Onlar uşaqlıq xatirələrini, ata ocağını, ana laylasını, baba məzarını, gələcək nəsillərin azad nəfəsini qoruyurdular. Müzəffər ordunun hər bir əsgəri böyük dastanın qəhrəmanına çevrildi. Çünki onlar yalnız silahla yox, inamla döyüşdülər. Onların ürəyində dövlətə sədaqət, millətə bağlılıq, torpağa sevgi vardı. Elə buna görə keçilməz görünən sədlər keçildi, əlçatmaz görünən zirvələr fəth edildi. Bu torpaq igidlər yurdudur. Burada ər sözü qiymətlidir. Burada vətən anlayışı müqəddəsdir. Bu xalqın övladı bilir ki, torpaq uğrunda ölən varsa, Vətəndir. Burada ocaq müqəddəs sayılır. Burada alov yalnız od deyil, həm də ruhun rəmzidir. Azərbaycanın odlar diyarı adlanması təsadüf deyil. Bu xalqın daxilində əsrlərdən gələn bir işıq yaşayır. Azərbaycanın gücü yalnız ordusunda deyil. Onun gücü müəllimində, şairində, alimində, kəndlisində, əsgərində, gəncində, ağsaqqalındadır. Bir xalq birlik göstərdiyi zaman qarşısında heç bir maneə dayana bilmir. Çünki birlik böyük qüvvədir. Şanlı Zəfərin beş illiyini qeyd etdiyimiz bu günlərdə qələbədən danışmaq yalnız keçmişi xatırlamaq deyil. Bu gün qələbədən danışmaq gələcəyə məsuliyyətlə baxmaqdır. Şəhidlərin əmanətini qorumaqdır. Tarixi yaddaşı yaşatmaqdır. Gənc nəslə kim olduğunu anlatmaqdır. Azərbaycanın tarixində çox igidlər olub. Dünən Babək vardı, Koroğlu vardı, Xətai vardı. Bu gün də onların yolunu davam etdirən qəhrəmanlar var. Çünki zaman dəyişsə də, Vətən sevgisinin mahiyyəti dəyişmir. Bu torpaq ozanlar yurdudur. Bu torpaq aqillər yurdudur. Bu torpaq qəhrəmanlar yurdudur. Bu torpaq zəfəri təkcə qılıncla deyil, ruhla qazananların yurdudur. Qələbə bir son deyil. Qələbə başlanğıcdır. Qələbə xalqın özünə qayıdışıdır. Qələbə Azərbaycanın adını tarixə yenidən qızıl hərflərlə yazan milli iradənin dastanıdır. Bu dastanın adı isə birdir: QƏLƏBƏ DASTANI. 05.11.2025. Bakı.
Kitab seçərkən hər şeydən öncə diqqət yetirdiyim əsas nüanslardan biri müəllifin kimliyidir. XI Beynəlxalq Kitab Sərgisi də bu baxımdan istisna olmadı. “Altun Kitab” nəşriyyatının stendi önündən keçərkən, qaçaraq da olsa, kitablara, müəllif adlarına nəzər yetirdim. Arif Əliyevin imzası, onun “Sənət əbədidir, ömür amanat…” kitabı, təbii ki, dərhal diqqətimi cəkdi. Elə stendin önündə təsadüfən qarşılaşdığım professor Qulu Məhərrəmlidən soruşdum ki, Arif Əliyevin kitabı çıxıb? O da təsdiqlədi və dedi ki, pandemiyadan əvvəl çıxmışdı, qısa zamanda ardıcıl baş verən mürəkkəb hadisələr fonunda diqqətdən kənarda qaldı. Nəşriyyatın əməkdaşına yaxşı fəaliyyətlərinə görə tərif-təşəkkürümü çatdırıb kitabı aldım… Arif Əliyevin Azərbaycan müstəqil mətbuatının təşkilatlanmasında, formalaşmasında böyük xidmətləri var. O, uzun illər bir neçə mətbu orqana, jurnalist təşkilatına rəhbərlik edib. Amma eyni zamanda fürsət taparaq, vaxt və zəhmət sərf edərək sanballı bədii-sənədli əsərlər yazıb. Onun “Yalama” sənədli povesti Azərbaycanın müstəqilliyiu ğrunda canlarından keçmiş 350 qəhrəman əsgər haqqında dəyərli yaradıcılıq işidir. Müəllif bu əsərdə tarixi faktlarla bədiiliyi qovuşdurub, bir çox toxunulmamış məqamları ustalıqla qələmə alıb. Zamanında çox böyük müsbət reaksiya doğuran bu əsərlə bağlı mən də öz xoş fikirlərimi bildirmişdim. Kitab, həqiqətən də, tariximizin qaranlıq bir səhifəsini aydınlatmaq baxımından çox maraq doğurmuşdu. Arif Əliyevin hər adi mövzunu qələmə almayacağını bildiyim üçün “Sənət əbədidir, ömür amanat…” kitabının da mövzusunu, məzmununu tez öyrənmək arzusundaydım. Ona görə ilk fürsətdəcə oxumağa başladım. Bu bədii-sənədli povestdə ictimai-mədəni tariximizin maraqlı bir hadisəsi işıqlandırılıb: 1938-ci ilin 28 sentyabrında “Vaqif” pyesinin ictimai baxışı keçirilir və o baxışda respublika rəhbəri Mircəfər Bağırov da iştirak edir. Tamaşanın hazırlanması prosesi, bu ərəfədə gəzən şayiələr, müəllifin tarixi faktlardan istifadə edərək bədii təxəyyülün gücüylə yaratdığı həyəcan, hətta məhəbbət hekayəsi ustalıqla qələmə alınıb. Həmin məqamda ehtimallar dolaşır ki, baş rejissor Ədil İskəndərovla müəllif Səməd Vurğunun bu pyesdən sonra taleyi necə olacaq… Respublika rəhbərininbir qərarı ilə onların taleyi həll oluna bilərdi. Məhz bu tamaşanın ictimai baxışı ətrafında Arif Əliyev bədii təxəyyül vasitəsilə əsərin qəhrəmanlarının həyatı ilə bağlı maraqlı sujetlər qurur. Təbii ki, həmin dövrü nəzərə alsaq, respublika rəhbərinin tamaşaya olan reaksiyası çox həyəcanlı bir məqamdır. Bunu müəllif ustalıqla təsvir edir: “Nəhayət, Bağırov əvvəlcə başını, sonra yavaş-yavaş əllərini qaldırdı. Yerindən durmadan ovuclarını səssizcə bir-birinə vurmağa başladı. Onun sağ və sol tərəfindən, ardınca balkondan alqışlar yüksəldi. Səhnədə Sidqi Ruhulla sevincindən ağlayırdı. Aktyorlar – Ələsgər Ələkbərov, Fatma Qədri, Möhsün Sənani, Sona Hacıyeva, Mustafa Mərdanov, Əli Qurbanov, İsmayıl Dağıstanlı, Əzizə Məmmədova, dublyorlar Kazım Ziya, Rza Əfqanlı uşaq kimi atılıb-düşür, müəlliflə rejissoru qucaqlayırdılar. Səməd Vurğunla Ədil İskəndərov onların qolları arasından qurtarıb pərdənin önünə çıxdılar”. Povest Ədil İskəndərovun tələbəsi, teatr və kino rejissoru Rövşən Almuradlının 1975-76-cı illərdə “Sənətkar və zaman” mövzusunda düşüncələr əsasında danışdığı xatirələrə nəzərən yazılıb. Eyni zamanda müəllif, Mehdixan Vəkilovun, İsmayıl Şıxlının, Süleyman Rüstəmin və Vidadi Babanlının da xatirələrindən istifadə edib. Kitabda çox nadir fotoşəkillərdən istifadə olunub və müəllif bunun üçün də Teatr Muzeyinin, Milli Kitabxananın kollektivinə minnətdarlığını bildirib. Əsər 2019-cu ildə nəşr olunsa da, yetərincə təbliğ edilməyib, diqqətdən kənarda qalıb. Amma hesab edirəm ki, Arif Əliyev çox yaxşı iş görüb, vaxtını lazımlı bir mövzuya həsr edib, maraqlı əsər yaradıb. Rövşən Almuradlını da bu xatirələrinə görə minnətdarlıq və hörmətlə yad etməliyik. Arif Əliyev Azərbaycanın teatr tarixinin mühüm bir hadisəsini qələmə almaqla yanaşı, eyni zamanda həmin ictimai baxışdan sonra kommunist dövrünün və respublika rəhbərinin tələbinə uyğun olaraq məşhur əsərin finalının xoşbəxt sonluqla dəyişdirilməsini də qeyd edir, tamaşa ilə bağlı o vaxt “Kommunist” qəzetində çıxan resenziyalardan da sitatlar gətirir. Arzu edirəm ki, Arif Əliyev yenə bu cür mövzulara vaxt ayıra bilsin, belə qeyri-adi əsərlərlə oxucuları, dostları daha tez-tez sevindirsin. “Sənət əbədidir, ömür amanat…” kitabı diqqətəlayiq ictimai-mədəni hadisədir və bu əsər münasibətilə Arif Əliyevi bir daha ürəkdən təbrik edirəm!
BABA PÜNHAN – 77 5 noyabr – el yaddaşında abidəyə dönmüş Baba Pünhanın (Atababa Seyidəli oğlu Mədətzadə) mövlud günüdür. Unudulmaz şairimizi ehtiramla, rəhmətlə anır və sağlığında özünün poetik ovqatında – satirik ruhda yazdığım, yaddaşımda yarpaqlayan “Söz qamçınla neçə nadan döyürsən” şeirimi işıqlı xatirəsinə salam olaraq dilə gətirirəm:
Şallaq vurur Hacı Əbdül, ay Baba, Səcdə eylə millətdəki bu taba! Səmt götürüb işlərimiz xaraba… Söz deməyə “Qulp”a doğru yüyür sən!
Müxalifət-iqtidara bölündük, Qarada ağ, ağda qara göründük. Axtarırıq qarşılıqlı xor, dönük… Yavanlığa yalan vədlər yeyirsən.
Partiyalar baş sındırır baş olsun, Fəqət bircə lider halı xoş olsun. Nicat yolun bilən varsa, kaş olsun… “Borc içində” güzəranı öyürsən.
Məmur var ki, hələ bilmir işini, Gələn gündən itiləyib dişini. Qara basır məyusluqdan kişini… “Ölü lütdü, diri lütdü”- deyirsən.
Qəzetçilər çəkilirlər divana, Yazdıqları yetişəndə ünvana. Haqq gəzənə desələr də divanə, Söz qamçınla neçə nadan döyürsən… Müəllif: Tapdıq ƏLİBƏYLİ