Mahirə Nağıqızı – Gəlibdir

Gəlibdir

Gözün aydın, qəddi uca millətim,
Böyük oğlun əl sıxmağa gəlibdir.
Yuxu oldu zülümlərin, illətin,
Toy-düyündür, el baxmağa gəlibdir.

Ağdam yolu tikan idi, kol idi,
Xalqımızın ümidləri bol idi.
Heydər baba, sən saldığın yol idi,
Yadigarın dağ çıxmağa gəlibdir.

Quruyacaq axan qanın, şəhidim,
Sənə qurban olsun canım, şəhidim!
Yaşayacaq adın-sanın, şəhidim,
Komandanın daş qoymağa gəlibdir.

Yüz-yüz ildir hanı sənin itənin,
Kədər olub, qəm olubdur bitənin.
Millət, özü gəldi haya yetənin,
Yazdığına qol qoymağa gəlibdir.

Əsrlərdir bura ərlər yaylağı,
Olacaqdır ləvin-ləvin növrağı.
Baş Komandan o bəxtəvər bayrağı,
Xankəndində ucaltmağa gəlibdir.

15.10.2023.

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ DİGƏR YAZILARI

Roman Andreyeviç Rudenkonun “Vətəndaş Bağırov, niyə Səməd Vurğunu, həbs etmək, güllələmək istəmisz?” sualına Mircəfər Bağırovun cavabı

SƏMƏD VURĞUN

1956-ci ildə Bakıda Mircəfər Bağırovun məhkəməsini aparan 1953-1981-ci ilərdə SSRİ baş prokuroru olmuş Roman Andreyeviç Rudenkonun “Vətəndaş Bağırov, niyə Səməd Vurğunu, həbs etmək, güllələmək istəmisz?” sualına Mircəfər Bağırovun cavabı…
“Möhtərəm hakim, mənə Səməd Vurğunun günahkar olması barədə çoxlu arayışlar gətirirdilər. 1937-ci ildə “xalq düşmənləri”nin kütləvi ifşası zamanı Səməd Vurğunun da əleyhinə əlimdə çoxsaylı yazılı ifadələr vardı. Əsərlərində böyük səhvlərin və nöqsanların olmasına baxmayaraq, gənc və istedadlı şair olduğuna görə yoldaş Stalinin qoyduğu veto Səməd Vurğunu cəza orqanlarından xilas etdi… Repressiya ilərindən bir neçə il ötdükdən sonra Səməd Vurğun mənə belə bir xahişlə müraciət elədi. “Yoldaş Bağırov, Hüseyn Cavidi və Abbas Mirzə Şərifzadəni həbsdən azad edib, onların geri dönməsinin bir yolunu tapmaq olmazmı?” Millətçilik ruhunda yazdığı şeirlərinə görə mən Səməd Vurğunu dəfələrlə tənqid etmişəm. Görünür o, qatı milətçi kimi elə də qalıb…” Mircəfər Bağırovun məhkəmə istintaq materiallarından.
p.s. 1937-ci ildə Səməd Vurğun kimi digər qələm sahibləri haqqında gecə gündüz donos yazanların nəvələri elə günü bu gün də babalarının “şanlı yolunu” davam etdirirlər. Amma unudurlar ki, Vəkilovlar ailəsi Azərbaycan ədəbiyyatı tarixinə üç nəhəng Xalq şairi bəxş edib…
©Qabil Əkbərov

Zaur Ustacın “Can ay ana…” şeirində şəhidlik kultu və ana obrazı

Zaur Ustacın “Can ay ana…” şeirində şəhidlik kultu və ana obrazı

Azərbaycanın müasir ədəbi düşüncəsində milli duyğuların, şəhidlik məfkurəsinin və ana-vətən sevgisinin poetik şəkildə ifadəsi xüsusi yer tutur. Bu dəyərlərin bədii təcəssümünü öz yaradıcılığında qabarıq şəkildə əks etdirən sənətkarlardan biri də Zaur Ustacdır. Onun “Can ay ana…” adlı şeiri təkcə bir şəhid anasına ünvanlanmış poetik müraciət deyil, həm də bütövlükdə Azərbaycan xalqının yaddaşına həkk olunmuş şəhidlik kultunun və ana obrazının vəhdətini ifadə edən bir mənəvi dastandır.

Şeir, general Polad Həşimovun müqəddəs şəhidliyinə və onun anasının baxışlarında cəmlənmiş kədər və qürura ithaf olunub. “Can ay ana…” misrası hər bənddə təkrar olunur, bir tərəfdən anamızın adını çağıran xalqın səsi kimi, digər tərəfdən isə şairin şəhidin anası qarşısında baş əyməsi kimi səslənir. Bu təkrir motivi şeirə həm ritmik bütövlük, həm də emosionallıq gətirir — oxucu sanki hər dəfə “Can ay ana” sözlərini eşidəndə içindən gələn bir ahla, bir dua ilə birləşir.

Zaur Ustac bu şeir vasitəsilə şəhid anasının baxışlarını poetik simvola çevirir. Baxış — burada həm xatirələrin güzgüsü, həm qürurun aynası, həm də səssiz fəryadın ifadəsidir. “Bu baxışda Poladının ilk dişi, ilk addımı, gülüşü var” misralarında anasının baxışında oğulun bütün ömrü cəmlənib. Uşaq gülüşündən döyüş meydanına qədər uzanan bir həyat baxışların dərinliyində yaşayır.

Şair hər bənddə “Bu baxışda nələr var…” və “Bu baxışda nələr yox…” sualını qoyur. Bu bədii qarşıdurma həyatla ölümün, varlıqla yoxluğun, sevinc və kədərin sərhədini müəyyənləşdirir.
Bir bənddə ana baxışında Poladın ilk addımı, ilk beşi, şux duruşu var, növbəti bənddə isə “Polad adlı oğul yox…” misrası ilə ölümün acı gerçəyi vurğulanır. Bu antitezalar vasitəsilə müəllif anasının baxışında həm həyatın bütöv panoramasını, həm də ölümün susqunluğunu göstərir.

Burada baxış həm fiziki, həm də metafizik anlam daşıyır. Zaman və məkan anlayışlarının “itdiyi”, “mizanların pozulduğu” bu baxış, əslində, dünyəvi ölçülərin fövqünə qalxan bir mənəvi halı təsvir edir. Ananın gözlərində artıq nə “yelkən” var, nə də “sükan” — yəni istiqamətini itirmiş bir dünya… Amma eyni zamanda bu baxışda qürur, ərənlik, cəsurluq, onur da var. Bu, Azərbaycan anasının təkcə kədərdə deyil, həm də qürurda böyük olduğunun poetik ifadəsidir.

Zaur Ustacın poetik dünyasında şəhidlik, Vətən qarşısında uca bir məqam kimi, həm milli kimliyimizin, həm də mənəvi dirənişimizin simvoludur. “Can ay ana…” şeirində Polad Həşimovun obrazı sadəcə bir şəxsiyyət kimi deyil, bir epoxanın siması, millətin qeyrət və mərdlik aynası kimi təqdim olunur. Şair onun adını çəkərkən əslində Vətən oğullarının ümumiləşmiş qəhrəman surətini yaradır.

“Bu baxışda Poladının mərdliyi,
Ərənliyi, cəsurluğu, qürur var…” –
bu misralar qəhrəmanlıq salnaməsi kimi səslənir. Burada həm də müəllifin dərin inamı duyulur: şəhidlər ölmür, onlar analarının baxışlarında, xalqın yaddaşında yaşayırlar.

Şeirin son bəndində şair Ananı tək bir qadın kimi yox, bir simvol kimi təqdim edir.
“Bu baxışda xanım, xatın bir Ana,
Sinəsində bağrı çat-çat olan var…” –
misraları ilə Azərbaycan qadınının qəhrəmanlıq və dözüm siması canlanır. Müəllif bu obrazı NüşabəTomris kimi qədim türk qəhrəman analarla birləşdirərək, şəhid anasının qəlbindəki ağrını millətin tarixi yaddaşına bağlayır.
Beləcə, “Can ay ana” şeiri fərdi bir dərdin ümumxalq simvoluna çevrilməsi baxımından həm bədii, həm də ideoloji cəhətdən dərin əsərdir.

Zaur Ustacın “Can ay ana…” şeiri sadə sözlərlə böyük bir həqiqəti ifadə edir: Vətən uğrunda can verən övladların anaları – millətin mənəvi sütunlarıdır. Şair, Polad Həşimovun anası timsalında bütün şəhid analarına ehtiramını bildirir.

Bu şeir həm şəhidin ölməzliyini, həm də ananın müqəddəsliyini bədii dillə ölümsüzləşdirən bir ədəbi abidədir. Onun poetik gücü, emosional səmimiyyəti və milli ruhu oxucunu dərin düşüncələrə qərq edir.

Beləcə, “Can ay ana…” — Azərbaycan analarına yazılmış ağı, Vətənə yazılmış and, Polada həsr olunmuş əbədi dualar toplusudur.

Müəllif: Günnur Ağayeva

ZAUR USTACIN YAZILARI

ZAUR USTAC – CAN AY ANA (Video)

ZAUR USTAC – CAN AY ANA (Mətn)

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

Şəhərin bü günkü görkəmi, əhvalı

****

Siz heç gülüşlərinizin arxasında gizlətdinizmi göz yaşlarınızı,
Hıçqırıqlarınızı təbəssümünüzdə boğdunuzmu heç?
Dəli kimi hönkürdünüzmü qəh-qəhələrinizin ardınca,
Bağrınıza basdınızmı xəyallarınızı gecə boyunca?
Ağrılarınızı küçələrə, nisgilinizi dənizə tökdünüzmü,
Gedənlərin xiffətini dalğa-dalğa, sahil-sahil çəkdinizmi?
Şəkil-şəkil dolandınızmı gecənin başına,
Bir telefon zəngiylə ovutdunuzmu həsrətinizi,
ulduz-ulduz xatirələrərin başı üstə sabahladızmı?
Divar-divar dinşədizmi sükutu,
Səssizliyi qapı-qapı puzdunuzmu?
Diksindinizmi hər külək uğultusuna, yağış səsinə,
Bir də..
Bir də bulud-bulud yığışdınızmı payızın kölgəsinə,
Xəzəl-xəzəl susdunuzmu?

****

Harda qaldı ətəyi yer süpürən, başı çalmalı analar,
Cibləri noğullu, şirnili, qucağı ərikli, almalı analar?
Yığışıb ocaq başında yuxa yayardılar,
İnək sağar, yun əyirər, nehrə çalxayardılar.
Bişirdikləri yeməkdən özlərinə pay düşməzdi,
ətrindən doyardılar.
Saçlarımız əllərində,
Adımız dillərində sığallanardı,
Nağıllanardıq.
Gecələr xalça toxuyar, corab yamayar, paltar tikərdilər,
Zərif çiyinlərində dünyanın yükünü çəkərdilər.
Utanardılar, böyüklərin yanında qucağa uşaq götürməzdilər,
İnanclıydılar, Tanrıya, imama, övliyaya şəkk gətirməzdilər.
Özlərinin hesab-kitabı vardı,
Ruziləri bu qışdan o qışacan çatardı.
Yer belləyər, əkin əkərdilər,
Hər işdə pərgardılar, zərgərdilər.
Gec yatıb tez oyanardılar,
Hər kəsin nazıyla oynayardılar.
Şükürlü, dualıydılar,
Ayağı sayalıydılar.
Harda qaldı əli xınalı, başı örpəkli analar,
Süfrəsi bərəkətli, üzü çörəkli analar.

****


“Min notda ağlatdı duyğular məni,
Ovundum bir misra baxışın altda”
Günəşdən gizləndim, sazağa qaçdım,
Qaldım bir didərgin yağışın altda,
Dumana aldandım, çənə aldandım.

Aldandım cığıra, yola, ləpirə,
Azdırdı ümidlər, gümanlar məni.
Hasarlar, divarlar, sədlər, çəpərlər,
Dənizlər, sahillər, limanlar məni,
Şeytana aldandım, cinə aldandım.

Savaşda, qovğada, dərddə böyüdüm,
Halaldan dolandım, haramdan keçdim.
Bircə həqiqətin eşqinə min yol
İncildən,Tövratdan, Qurandan keçdim,
Məzhəbə aldandım, dinə aldandım.

Kənd-kənd aldatdılar, şəhərbəşəhər,
Küsdürdü yalançı sevgilər məni.
Törələr, qanunlar, haqlar, hesablar,
Sabahlar, kaşkilər, bəlkələr məni,
Buğdaya aldandım, dənə aldandım.

Düşdüm addım-addım vaxtın dalınca,
Həftəyə aldandım, günə aldandım.
Neyləyim, bu gün də səni tapmadım,
İlahi, bu gün də sənə aldandım.

****
Şəhərin bü günkü görkəmi, əhvalı..

Qoca şəhər,
Payız,
Xəzəllər külək-külək uçuşur havada,
Budaqlar əl sallayır uçan xəzəllərə,
Üstündən, başından utanır yarıçılpaq ağaclar.
Qeybət dodaqlardan asılıb siqaret tüstüsündə boğulan küçələr.
Dalğa-dalğa sahilə yüyürür dəniz,
Ordan qayalara, ordan göy üzünə dırmaşır.
Zamanın dalınca sürünür yorğun adamlar,
Fikirli adamlar, dalğın adamlar.
Bir gənc əlləriylə keçir yolu,
Divar-divar köçürür şəhəri yaddaşına.
Bir qızın saçlarında rüzgar oynayır,
Yanaqlarında sevişir qum dənələri,
Bəxtəvər payızın başına.
Xəzan rəngindədi yenə hər yan, hər şey–
Arzular, ümidlər, görüşlər, vidalar,
Nöqtələr, suallar, nidalar!

Müəllif: Təranə DƏMİR,

AYB -nin və AJB-nin üzvü, şair -publisist.

I>>TƏRANƏ DƏMİRİN DİGƏR YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Norveçin paytaxtı Osloda “Şanlı Zəfər” adlı təntənəli konsert proqramı keçirilib

Norveçin paytaxtı Osloda “Şanlı Zəfər” adlı təntənəli konsert proqramı keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin və Oslo Azərbaycan Evinin dəstəyi və təşkilatçılığı ilə Norveçin paytaxtı Osloda “Şanlı Zəfər” adlı təntənəli konsert proqramı keçirilib. Tədbirdə həm həmyerlilərimiz, həm də çeçen, türk diaspor nümayəndələri, eləcə də türk, rus, ukraynalı və norveçli qonaqlar iştirak ediblər.
Konsertin açılışında Azərbaycan Dövlət Himni səsləndirilib və 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə həmçinin Şanlı Zəfərimizə həsr edilmiş qısametrajlı video nümayiş etdirilib.

Daha sonra “Azərbaycan Evi”nin rəhbəri Ramil Əliyev çıxış edərək 8 Noyabr – Zəfər Gününün əhəmiyyətindən danışıb və bu tarixin xalqımız və Vətənimiz üçün xüsusi önəm daşıdığını qeyd edib. O bildirib ki, bu gün xalqımız üçün tarixi bir gündür və əldə edilən zəfər milli birliyimizin, gücümüzün və həmrəyliyimizin əsas göstəricisidir.

Ramil Əliyev həmçinin bu cür tarixi günlərə həsr olunmuş milli ruhlu tədbirlərin müxtəlif xarici ölkələrdə keçirilməsinin vacibliyindən danışıb. O vurğulayıb ki, belə tədbirlər xaricdə doğulub böyüyən gənclərimizdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır.

Zəfərimizin 5 illiyinə həsr olunmuş konsert proqramında əməkdar artistlər Elçin Abbasov (tar) və Toğrul Əsədullayev (kamança), operanın solisti Orxan Cəlilov, “7-ci TV” muğam müsabiqəsinin laureatı Rəvan Qaçayev, eləcə də rəqqas Firuz Əliyev və rəqqasə Cəmilə Listkova çıxış ediblər.

Orxan Cəlilovun ifasında səslənən xalq, türk və estrada musiqiləri, həmçinin Rəvan Qaçayevin muğam, aşıq və estrada janrlarını birləşdirən ifası tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılanıb. İfaçıların zəfər ruhunu əks etdirən çıxışları konsert zalında coşqu dolu ab-hava yaradıb. Milli musiqilərimizin sədaları altında iştirakçıların rəqsləri tədbirə daha da xoş ovqat bəxş edib.

Norveç Azərbaycanlıları Gənclər Təşkilatının fəal üzvlərindən biri Arvin Balanjinin pianoda ifa etdiyi musiqi də Zəfər konsertinə xüsusi bir ruh və xoş əhval-ruhiyyə qatıb.
Teleaparıcı, əməkdar artist Dilarə Əliyevanın Zəfərimizə həsr etdiyi monoloq da tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Milli geyimdə səhnəyə çıxan rəqqaslarımızın çıxışı, eləcə də geyimlərimizin gözəlliyi, zərifliyi və rəngarəngliyi konsert iştirakçılarında böyük maraq doğurub.

İstedadlı rəssam Nərminə Vəliyevanın Qarabağ mövzusuna həsr etdiyi, Qarabağın ictimai və mədəniyyət xadimlərinin təsvir olunduğu “Güclü ruhlara ithaf – Qarabağ kolleksiyası” adlı əsərləri konsert zalını bəzəyib. N. Vəliyevanın vətənpərvərlik ruhunda çəkdiyi rəsmlərdə xalqımızın qəhrəmanlıq tarixi rənglərin dili ilə ifadə olunub.

Tədbirin sonunda iştirakçılar milli şirniyyatlarımızdan – paxlava və şəkərburanın da dadına baxıblar.

Məlumatı hazıladı: Günay ƏLİYEVA

GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana