
QAÇAQ GÜLSÜM (SÜLEYMAN)
Altı qardaşın bir bacısı Gülsümün həyatı bir olay nəticəsində dəyişir və o, qaçaq hərəkatına qoşulur. Atası kasıb və xəstə olduğundan vergi verə bilmirdi, pristav öz adamları və kəndxuda ilə onun həyətinə gəlir, ailə başçısını təhqir edir, qaynar samovarı kişinin belinə bağlatdırırlar. Sonra özü və kəndxuda evə girib axtarış edirlər. Evdə heç kim olmadığını zənn edərək silahlarını qapının ağzında qoyurlar. Qapının arxasında gizlənən Gülsüm silahın birini götürüb pristavı və kəndxudanı öldürür, onlarla gələnlər aradan çıxırlar. Gülsüm qardaşlarından birinin paltarını geyinib evdən qaçır, meşədə ağacın başında özünə yer düzəldib gizlənir. Xəbər göndərir ki, pristavı və kəndxudanı o vurub. Bununla da qardaşlarını ölümdən xilas edir.
O zamanlar qaçaqlıq edən Kərbalayı Əsgər, Məşədi Yolçu və Bayramqulu hadisəni eşidib qızın ardınca meşəyə gedirlər. Meşədə kişi paltarında birini görüb adını soruşurlar. “Adım Süleymandı” deyib onları inandıran Gülsüm yalandan and içir ki, onların axtardıqları Gülsüm onun bacısıdır.
Gülsüm Şəmkir ərazisində Çaqqal Səlimin başçılıq etdiyi dəstəyə qoşulur. Səlim çox tamahkar idi, kasıbları da soyur, mal-mülkünü talan edirdi. Hətta dostunu öldürüb qızıl-gümüşünü ələ keçirmişdi, bir çobanın sürüsünü aparıb Göyçədə satmışdı. Gülsüm bunlara dözmür, Səlimin yeməyinə bihuşdarı qatıb başını kəsir. Sonra Qaçaq Kərəmin dəstəsinə qoşulur. Qaçaq Kərəm də ilk vaxtlar onun qadın olduğunu bilmir. Sonralar Gülsüm Qaçaq Kərəmə “Qaçaq Süleyman” adından istifadə etdiyini etiraf edir.
1902-ci ildə Qaçaq Kərəm Stalinin Gəncəyə yatab olunacağı xəbərini alır. Tiflisdən Gəncəyə bir vaqon dustaq gələcəyini Qaçaq Süleymana (Gülsümə) bildirir. Qaçaq Gülsümün Gəncə yaxınlığındakı kimsəsiz yerdə qatarı dayandırıb Soso Cuqaşvilini – Kobanı ( İ. V. Stalin)xilas etməsi və yeddi ay yanında saxlaması barədə maraqlı faktlar çoxdur. Qatar Gəncə yolunda olanda Qaçaq Süleyman Qaçaq Kərəmin ona başa saldığı plan üzrə hərəkət edərək, qatara öz adamlarını yerləşdirir, qaçaqlar maşinisti öldürüb, qatarı dayandırır, qaçaqları azad edirlər. Hətta Stalin həmin vaxt Qaçaq Gülsümün dəstəsinə qoşulub, Qaçaq Kərəmlə yaxın dost olub.
Rus proletar yazıçısı Maksim Qorki Qaçaq Kərəmi “Qafqaz qaçaqları içərisində ən rəşadətlisi, əfsanə və nağıllar qəhrəmanı, ədalət mücəssəməsi” adlandırırdı.
Qaçaq Gülsümün mübarizəsi bolşeviklər Azərbaycanı istila edəndən sonra da davam etmişdir. Bolşeviklər ilk zamanlar Stalinlə tanışlığına görə ona toxunmurdular. Lakin ermənilər Gülsümə göz verib işıq vermirdilər. Dörd erməni milisi onun hamilə gəlinini zorla aparmaq istəyəndə əlinə silah almağa məcbur olan Gülsüm milislərin dördünü də yerindəcə güllələyir. Onu həbs edirlər. Məhkəmə zamanı Stalinə xəbər göndərilməsini tələb edir. Bu xəbər Mircəfər Bağırova çatanda Stalinə məlumat göndərir ki, bir qadın qətl törədib, milisləri öldürüb. Lakin rəhbərə xəbər çatdırmasını istəyir, hətta vurğulayır ki, şəxsən onu, yəni Stalini tanıyır. Bunu eşidən Stalin dərhal Bağırova zəng vurub əmr edir ki, təcili Gülsümü azad etsinlər, oğlunu da kolxoz sədri qoysunlar. Bildirir ki, o qadın onun ən yaxın dostudur. Bu zaman Stalinin yanında olan Mikoyan onu məlumatlandırır ki, bu qadın qatildir, 300 yüzdən çox erməni öldürüb. Stalin Mikoyana hirslənir ki, çətin günlərdə yeddi ay bu qadının çörəyini yeyib, himayəsində olub. Belə dost hər şeydən dəyərlidir.
Sonralar Qaçaq Kərəm Gülsümə qaçaqlığı qadağan edir, ailə-uşaq sahibi olmasını istəyir, öz kəndinə qayıdan Gülsüm dul kişi İsmayılla ailə qurur, altı oğlu, iki qızı doğulur. Gülsüm 99 yaşında vəfat edib.
Müəllif: VAQİF OSMANLI
araşdırmaçı yazar, ədəbi təhlilçi, publisist
Oxuyun >> Gözündə tük var