
POLKOVNİK ŞAİQ ABDULLAYEVİN ƏZİZ XATİRƏSİNƏ
….Ucar batalyonu da köməyə gəlmişdi. Bir neçə gün idi ki, onlar Ortakəndin hündürlüyündə idilər. Növbə ilə əsgərlər hündürlüyə qalxırdılar. Sahib Məmmədov üzünü Şaiq Abdullayevə tutaraq:
-Sən öl, komandir, bu it uşağı nəsə plan cızırlar. Gəlin bura, – deyərək onu çağırdı. Şaiq Abdullayev ağacın dibində çöməlib əlindəki uzun ağac çubuğunu torpağa çırpırdı. Sahib onu bir də çağırdı. Şaiq ayağa qalxıb onun yanına getdi.
-Ora bax Şaiq, Dəmirli kəndi tərəfə.
Şaiq əlini gözünün üstünə qoyub Dəmirli kəndi tərəfə baxdı.
-Görürsən, it uşaqları qəbiristanlıqda nəsə iş qarışdırırlar.
Şaiq əhvalını dəyişmədən sakitcə “gördüm” deyib öz yerinə qayıtdı və çubuğunu yenə çırpmağa başladı. Sahib ona yaxınlaşıb dedi:
-Onların kəşfiyyatı güclü işləyir. Biz onların qarşısını almalıyıq. Səncə ermənilər nə plan cızırlar?
-Bilmirəm. Bir yerə yığılın, məsləhət edək, görək biz nə edirik.
Hamı Şaiq Abdullayevin ətrafında yerdən oturaraq məs¬ləhətə yığıldılar. Uzun məsləhət-məşvərətdən sonra qərara gəldilər ki, onlar da kəşfiyyata getsinlər.
Başda Sahib Məmmədov olmaqla bir qrup döyüşçü kəş¬fiyyata getdilər. Artıq axşam düşürdü, lakin kəşfiyyata ge¬dənlərdən bir xəbər yox idi. Hamı həyəcanla onların yolunu gözləyirdi. Axır ki, kəşfiyyatçılar geri döndülər. Susuz¬luqdan dilləri ağızlarında kömür olmuşdu. Çox halsız idilər. Tərslikdən saat beş olmasına baxmayaraq əsgərlərə yemək də gəlməmişdi. Sahib dayanmadan su içirdi. Zöhrabbəyov ona yaxınlaşaraq “suyu bir qədər az iç, yoxsa yemək yeyə bilməyəcəksən,” – dedi.
-Yanıram. Həyatda hər şeyə dözmək olarmış, təkcə susuzluğa yox.
Zöhrabbəyov ağrılı-ağrılı:
-Gör indi o alçaqlar bizim əsirlərə nə divan tuturlar. İnanma ki, o vicdansızlar onlara su verə, – dedi.
Su qabı Sahibin əlində qaldı. Sanki içdiyi suyu haram bildi. Sakitcə qabı yerə atdı. Elə bu an onlar üçün yemək gətirdilər. Hərəsinə iki yumurta, bir stəkan da çay verdilər….
***
…Yavaş-yavaş kəndə girdilər. İnamla irəlilə¬yirdilər. Yolun sağ tərəfi sıldırım dağ idi, sol tərəfi isə dərəyə gedirdi və ora meşəlik idi. Qalın, sıx meşədə heç nəyi seçə bilmirdilər. Buna baxmayaraq xeyli irəliləmişdilər. Artıq Kasapet kəndi arxada qalmışdı. Ermənilərin atdığı top mərmisi onların yanlarında dərəyə düşdü. Mərmidən qopan qəlpələr hər tərəfə səpələndi. Düşmən psixoloji olaraq onları qorxutmaq istəyirdi ki, geri çəkilsinlər. Ancaq bu mərmilərdən qorxan kim idi. Onlar inamla irəli gedirdilər. Bir-birlərindən aralı getsələr də diqqətli idilər.
Ermənilər meşədən onları seyr edirdilər. Döyüşçülərin daha da yaxınlaşmalarını gözləyirdilər ki, hamısını məhv etsinlər. O üzdən də atəş açmırdılar. Qəflətdən “atəş” deyə erməni zabiti əmr verdi. Minamyot atəşi başladı. Güllələr yağış kimi yağırdı. Ermənilər hər şeyi qabaqcadan planlaşdırmışdılar. Qəlpələr asfalt yolu deşik-deşik etmişdi. Gizlənmiş düşmən onları əllərinin içi kimi görürdülər. Düşməni görmədən atəş açan azərbaycan əsgəri ağır itkiyə yol verməmək üçün geri çəkilməyi üstün tutdu. Əmr verildi ki, geri kəndə çəkilin. Şaiq Abdullayev QAZ-66-ya minib geri qayıtmaq istərkən bir anlığına yerində donub qaldı. Onun gözləri böyüdü. Gördükləri onu heç də sevindirmədi…..
P.S. Yuxarıda verilmiş yazı Bərdə ərazi özünümüadfiə Batalyonunun [733 nömrəli hərbi hissə] yaradıcısı, keçmiş komandiri Polkovnik-leytenant Elçin Əliyevin və batalyonun Şəhidlərinin əziz xatirəsinə ithaf etdiyim “Məni də apar komandir” sənədli romanımdan qısa bir hissədir. Bu romanı yazanda təxminən 5-6 il ərzində Bərdə özünümüdafiə Batalyonunun komandiri Polkovnik-leytenant Elçin Əliyev və batalyonun bir çox keçmiş əsgərləri ilə əlaqə saxlamışdım.
Hər kəsin qürurla və ağızdolusu danışdığı bir komandir müavini baş Leytenant də vardı-komandir Şaiq Abdullayev. Hər kəs onu belə təqdim edirdi. Onun Qazaxlı olduğunu və I Qarabağ savaşında göstərdiyi şücaətləri dinlədikcə qürur duyurdum. Amma nədənsə heç onunla əlaqə saxlamağı, görüşməyi düşünməmişdim. Elə oldu ki, Batalyonun əsgərləri görüş keçirdi. O görüşdə mənim onlar haqqında yazmış olduğum sənədli romandan söhbət açıb, Şaiq Abdullayevə mənim haqqımda danışmışdılar. Zəng edərək komandirin mənimlə danışmaq istədiyini söylədilər. Səsindən çox ağır, ciddi, zəhimli bir insan olduğunu hiss etdim. Çox şad olduğunu, roman üçün təşəkkür etdiyini söyləyərək, Qazağa gedirəm, qayıdım sizinlə əlaqə saxlayacam dedi. Çox qısa 45-50 saniyəlik bir söhbət oldu. Sağollaşdıq..inanırdım ki, ən gec bir ay çəkər görüşərik və onunla bağlı daha ətraflı yazı hazırlayaram. Çox keçmədi ki, qara xəbər ildırım surəti ilə yayıldı. “Polkovnik Şaiq Abdullayev və qardaşı koronovirusdan dünyasını dəyişiblər”. Çox təəssüf etdim. Görüşmədiyim üçün deyil, bir Vətən oğlunun belə amansız virusun qurbanı olmasına təəssüf etdim. Polkovnik Şaiq Abdullayev Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin polkovniki, şərəfli zabit, vətənə sədaqətli insan ömrünü dövlətə, xalqa və sərhədlərimizin keşiyinə həsr etmiş oğullarımızdan idi. Uzun illər ərzində Dövlət Sərhəd Xidmətində məsul vəzifələrdə çalışan Şaiq Abdullayev xidməti borcuna vicdanla yanaşması, prinsipial mövqeyi və yüksək zabit mədəniyyəti ilə seçilmişdir. O, hərbi intizamı, məsuliyyəti və insanlara münasibətdə ədaləti ilə həm silahdaşlarının, həm də onu tanıyanların hörmətini qazanmışdı. Göstərdiyi səmərəli və fədakar xidmətinə görə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunması onun dövlət qarşısında xidmətlərinin rəsmi təsdiqi idi. Bu təltif, əslində, onun keçdiyi şərəfli ömür yolunun simvolu idi.
2020-ci ilin dekabrında polkovnik Şaiq Abdullayevin vəfatı ailəsi, yaxınları və silahdaşları üçün böyük itki oldu. Onun doğulduğu Qazax torpağına tapşırılması ilə bir zabit ömrü başa çatsa da, xatirəsi yaddaşlarda əbədi yaşamaqdadır.
Şaiq Abdullayev təkcə hərbi qulluqçu deyil, həm də ləyaqətli insan, dövlətinə sədaqətli bir şəxsiyyət idi. Onun həyat yolu gənc nəsil üçün vətənpərvərlik, məsuliyyət və şərəf nümunəsidir.
Əziz xatirəniz daim qəlblərdə yaşayacaq. Ruhunuz şad olsun, Polkovnik Şaiq Abdullayev.
Hörmətlə: İlhamə Qəsəbova
Oxuyun >> Gözündə tük var